Etiket arxivi: NƏSR

İLAHƏ İMANOVA – İNADKAR

İLAHƏ İMANOVA

İNADKAR

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının geniş salonunda 44 günlük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə həsr edilən bir-birindən fərqli, bir-birindən maraqlı yaradıcılıq işləri münsiflər tərəfindən dəyərləndirilirdi. Ən gözəl rəsmlər, abidələr, heykəllər, büstlər, barelyeflər nümayiş olunurdu bu gün. Buraxılış imtahan nəticələri də məhz bu yaradıcılıq nümunələrinə baxış əsasında müəyyən olunacaqdı.

Adının, xatirəsinin heç vaxt unudulmayacağı, sevə-sevə anılacağı məkanda hələ də kompozisiyaları qorunub saxlanılan Aprel döyüşləri qəhrəmanı, şəhid Samir Kaçayevin yarımçıq qalan arzularını, ideyalarını həyata keçirməyi üzərinə götürən onlarla gənc diplom işi kimi öz yaradıcılıq nümunələrini təqdim etmişdilər. Təqdim olunan bütün işlər vətənpərvərlik ruhunda idi. Vətən Müharibəsi qəhrəmanlarının əziz xatirəsinə həsr etdikləri nümunələrin şəhid ailələrinə təqdim ediləcəyi nəzərdə tutulmuşdu.

Akademiyanın bu ilki məzunları arasında Vətən müharibəsi iştirakçıları da vardı. Təhsilini yarıımçıq qoyub Vətənə borcunu ödəyən bu gənclər təkcə qəhrəmanlıqları ilə deyil, həm də öz bacarıqları ilə seçilirdi. Bu günün məzunları sabahın tanınmış rəssamları, heykəltaraşları olacaqdı.

Heykəltaraşlıq Fakultəsinin məzunu, Vətən müharibəsi qəhrəmanı Hüseynovun təqdim etdiyi iş daha çox bəyənilmişdi.

Xüsusi naxışlarla işlənmiş taxta əsanın köməkliyi ilə irəli addımlayan Qazini hər kəs alqışladı. O, əlini sinəsinə qoyub mehriban siması ilə hər kəsə təşəkkür etdi. Ünvanına söylənən xoş sözlərin demək olar ki, heç birini eşitmirdi. Uşaqlıq arzusu bu gün həyata keçən gənc qəhrəmanın sevincdən gözləri dolmuşdu. Kirpiklərində donub qalan göz yaşını kimsə görməsin deyə, tez üzünü pəncərəyə tərəf çevirdi. Gözləri yol çəkirdi. Beş il əvvəl ona xəyal kimi görünən arzuları, nəhayət, gerçəkləşmişdi.

**********

–Sənan hanı? İşə gəlməyib? Təcili ofisə gəlsin. Mehman müəllim onu çağırır. – Müdirin köməkçisi sözünü deyib, tələsik uzaqlaşdı.

–Sənan, burdadı? Təcili ofisə çağırırlar onu. – Ustalardan birinin səsi eşidildi.

Qapının açılması ilə yeni işçinin əlindəki stəkanı mizin üstünə qoyub ayağa qalxması bir oldu.

–Mehman müəllim səni yanına çağırır. Özü də təcilidir, dedilər.- Usta birnəfəsə dedi.

–Yaxşı, indi gəlirəm, -dedi.

–Görəsən, nolub ki səhər-səhər, özü də təcili səni axtarır? – ustalardan kimsə dilləndi.

Sənan üst-başının tozunu çırpıb pəncərədən görünən ofis binasına nəzər saldı bir anlıq. Gözləri yol çəkdi. Üzünün ifadəsindən narahatlıq keçirdiyi hiss olunurdu.

–Bəlkə yeni sifariş var… –Bir az əvvəl onunla bir süfrə arxasında çay içən yaşı qırxı keçmiş usta yoldaşı əlini onun çiyninə qoyub dedi.

Gənc usta ona dəstək olmağa çalışan dostunun əlinin üstünə əlini qoyub gülümsədi:

–Gedək, görək də!

Sənan bu emalatxanaya yeni işə düzəlmişdi, heç iki ay olmazdı. Bir az əvvəl söhbət etdiyi iş yoldaşı həm də məhəllə qonşusu idi. Bura da onun təşəbbüsü və köməkliyi ilə düzəlmişdi.

Şəhərdən bir xeyli kənarda, müxtəlif növ daş və tikinti materiallarının hazırlandığı bu böyük ərazidə yerləşən daş karxanasında qazancı, sözün əsl mənasında, daşdan çıxan onlarla fəhlə və usta çalışırdı.

Ofis binası yolun kənarında, toz-torpaqdan uzaq bir yerdə idi. Günün istisində, şaxtanın soyuğunda işləməyə məcburiyyətdən vərdiş edən insanlar təmiz və səliqəli ofis binasında çalışanlara uzaqdan qibtə ilə baxırdılar.

Ərazidə bir neçə emalatxana da fəaliyyət göstərirdi. Burada işləyənlərin işi digərlərinə nisbətən yüngül idi. Emalatxanada bağ evləri, istirahət mərkəzləri üçün nəzərdə tutulan hər cür  abidə, mələk fiqurları, heyvan heykəlləri, sürahilər sifariş əsasında hazırlanırdı. Nümunə üçün tikililərin qarşısına düzülmüş gözəl mələklər, yoldan keçənlərin içinə vahimə salan ayı, şir, pələng heykəlləri sanki canlı idilər.

Hər gün sübh tezdəndən axşam düşənə kimi daşyonan alətlərin, müxtəlif avadanlıqların səsi usta və fəhlələrin səsinə qarışaraq ətrafın sükutunu pozardı. Yalnız nahar saatlarında tıqqıltı, xışıltı səsləri kəsilər, istirahət edən ustaların şirin söhbəti eşidilərdi.

Üzərlərinə götürdükləri sifarişləri vaxtında çatdırmaq üçün ustalar səhər obaşdandan işə gələr, axşamlar gec olduğu üçün bəzən evə getməyib elə gecəni də burada qalardılar. Usta və fəhlələrdən fərqli olaraq, ofis işçiləri günün istənilən saatında işə gələr, istədikləri vaxt da gedərdilər. Yalnız müdir köməkçisi tez-tez bütün əraziyə baş çəkər, görülən işlərinin hesabatını rəhbərinə çatdırardı.

Günün erkən saatlarında adətən müştərilər gözə dəyməzdi. Müdir köməkçisi ərazidə görünəndə kimisi tez ayağa qalxıb işinə davam edər, kimisi isə əlindəki işi yarımçıq qoyub yeni sifariş aldıqlarına ümid edərdi. Hər yeni sifariş əlavə qazanc demək idi onlar üçün.

Sənan ofisin binasına daxil oldu. İçəridən müdirin səsi eşidilirdi. Tək deyildi. Söhbətlərinə müdaxilə etməmək üçün içəri girmədi. Müdir qapı arasından onu görüb içəri çağırana qədər gözlədi. Sənan kandarda dayanıb müdir və qonağına ədəb-ərkanla salam verdi.

Müdir qarşısında dayanmış boy-buxunlu, arıq, ucaboy yaraşıqlı gəncə nəzər salıb əli ilə onu öz yanına, masa arxasına dəvət etdi.

–Gəl! Gəl, otur.

Soyuqqanlılığı, bir qədər də utancaqlığı ilə fərqlənən Sənan burada işləyən fəhlə və ustaların hamısından yaşca kiçik idi, 24 yaşı hələ bir neçə ay sonra tamam olacaqdı. Bura işə düzələnə qədər müxtəlif tikintilərdə günəmuzd işləmiş, az qazancla ailəsinə kömək olmağa çalışmışdı. Keçən yay atası qəfil ürək tutmasından vəfat etdikdən sonra evin bütün qayğılarını öz üzərinə götürmüş, anasının və özündən kiçik bacısının heç nədən korluq çəkməyəcəyini özünə söz vermişdi.

Uşaqlıqdan bəri Rəssamlıq Akademiyasına qəbul olmaq arzusu vardı. Ali məktəbə qəbul ola bilməyəndə xeyli pərişan olmuş, hirsindən çəkdiyi rəsmləri də cırıb atmışdı. Əsgərliyə gedənə qədər əlinə bir daha qələm almayacağını da demişdi. Əsgərlikdə boş vaxtlarında darıxanda çarpayısının altında gizlətdiyi dəftərinə ara-sıra şəkillər çəkərdi. Bölük komandiri onun rəssamlığından təsadüfən xəbər tutduqdan sonra yoldaşları və komandirləri ona əsgərlikdən sonra həvəsdən düşməməyi, yenidən ali məktəbə hazırlaşmağı tövsiyə etmişdilər. Qabiliyyət imtahanlarını versə də, testdən tələb olunan balı toplaya bilmədiyi üçün yenidən həvəsdən düşmüş, arzularının üstündən xətt çəkmişdi. Görünür, ali məktəb tələbəsi olmaq ona qismət deyilmiş.

Sənan Bakı kəndlərində böyümüşdü. Uşaqlığı dəniz kənarında keçmişdi. Qızmar yayın istisində də, küləkli havalarda da dənizin sahilinə gələr, saatlarla dənizlə baş-başa qalardı. Dənizin səsini dinləyib ləpələrini seyr etməkdən zövq alar, rahatlıq tapardı ruhu. Cizgi və uşaq filmlərində, şəkilli nağıl kitablarında gördüyü saray tikililərinə olan marağı onu sahil qumundan müxtəlif fiqurlar, qəsrlər düzəltməyə həvəsləndirirdi. Xüsusilə çimərlik mövsümündə daha çox seyrçisi olardı yeniyetmənin. Daim əlləri, üst-başı palçıq olan oğlanın anası ona hirslənə bilmirdi, tez üzündən öpüb düzəltdiklərini göstərər, “Dünyanın ən yaxşı anası üçün” hazırladığını deyərdi.

Uşaqlıqdan inadkar idi Sənan. Evdə adi plastilindən düzəltdiyi cəngavər heykəlciklərini azyaşlı bacısı balaca əlləri ilə ovcunda sıxıb korlardı. Sahil qumundan yaratdıqlarını isə dənizin ləpələri yuyub aparardı. Bacısına və dalğalara qəzəblənərdi həmişə. Hirsi yatanda isə əvvəlkindən daha gözəl qəsrlər yaradardı. Xəyalında özünü at belində əlində qılınc düşmənlərlə döyüşən, qəsrdə gizlədilən gözəl qızı xilas edən cəngavər kimi təsəvvür edərdi. Anasının danışdığı bütün nağıllarda gözəl qızlar qəhrəmanları sevirdi, axı!

Ali təhsili olmamasına baxmayaraq, o, fitri istedadı ilə universitet tələbələrindən heç də geri qalmırdı. Burada işlədiyi bu 2 ay ərzində artıq bağ evləri üçün daşdan bir neçə fiqur yonub hazırlamışdı. Onun hazırladıqları burada illərlə işləyən digər təcrübəli ustaların hazırladıqlarından öz zərifliyi, möhtəşəmliyi ilə seçilirdi. Ofis müdiri elə ilk gündən onun istedadını görmüş, bacarığını dəyərləndirmişdi. İş yoldaşı isə dönə-dönə ona “Sənan, bura sənin yerin deyil! Sən öz üzərində çalış, ali məktəbə daxil ol. Sən anadangəlmə istedadsan. Nə vaxta kimi tikintilərdə günəmuzd işləyəcəksən? Emalatxanalarda sifarişlər götürməklə kifayətlənmə! Ali təhsil al, rəssamlığın, heykəltaraşlığın sirlərini öyrən. Gəncsən! Öz bacarığını dəyərləndir, gələcəyini qur!” deyərdi.

Sənan məhv olmuş xəyallarına üzülsə də, xəfifcə gülümsərdi. İş yoldaşının sözləri, düzü, onu həvəsləndirərdi, qəlbinin  dərinliklərində yenidən heykəltaraş olmaq arzusu baş qaldırardı. Uşaqlıqdan inadkar olan Sənan bilirdi ki, inadkar insanlar gec, ya tez öz istəklərinə nail olur.

Uzaqdan seyr etdiyi, yaxınlaşmağa cəsarət etmədiyi, Tibb Universitetində təhsil alan qızı düşündükcə, onunla eyni səviyyədə ola bilmədiyindən xəcalət çəkirdi bəzən. O cür qız heç vaxt onun kimisinə gözünün ucu ilə də baxmazdı. Sənan onu düşündükcə köksünü ötürər, özünü ona layiq bilməzdi. Güzgünün qarşısına keçincə isə tamam ayrı düşüncələrə qapılardı. Orada öz əksinə baxar, uzun qızılı saçlarını külək dalğalandıran mavi gözlu qızla özünü yanaşı görər, güzgüdən ona gülümsəyən iri qara gözləri olan yaraşıqlı oğlanı ağ xalatlı qıza yaraşdırardı. Boş vaxtlarında kitab oxumaq, testlərlə maraqlanmaq, ali məktəb tələbəsi olmaq istəyi, həm də özünü qızın qarşısında doğrulda bilmək cəhdi idi.

Müdir Sənanı ayaqda qarşılayıb işçisini qonağına təqdim etdi:

–Sizə bəhs etdiyim işçim, Sənan. -Qonağın təəccüblü baxışları müdirin nəzərindən yayınmadı.-Gənc olmasına baxmayın, çox istedadlı, bacarıqlı oğlandır. Əminəm ki, onun işindən çox məmnun qalacaqsız.

Başdan-ayağa onu süzən qonağın baxışlarından sıxılan Sənan müdirin onu yanına hansı səbəbə çağırdığını anlayıb bir qədər rahat nəfəs aldı. Həyəcanına, narahatlığına baxmayaraq, soyuqqanlılığını, təmkinini qoruyub saxlaya bilmişdi. Gəncliyinə görə bacarığına inamsızlıqla yanaşan qonağın nə sifariş edə biləcəyini özlüyündə təxmin etdi. Xarici görünüşündən, bahalı geyimindən yaxşı vəzifə sahibi, imkanlı biri olduğu bəlli olan müştəri çox güman ki, digər sifarişçilər kimi bağ evi, villası üçün heykəl və ya fiqur sifariş edəcəkdi.

Müdir qonağına gülümsəyib üzünü Sənana tutub dedi:

–Sənan, bu qardaşımızın bir sifarişi var. Şəkildə gördüyün,-qarşısındakı fotonu Sənana uzatdı, – bu qadının büstünü istəyirəm ki, sən hazırlayasan.

Sənan öz bacarıq və istedadına əmin olsa da, müdirin sözlərindən duruxdu. Üzərinə böyük məsuliyyət götürə biləcəyindən əmin deyildi. İstədi xahiş etsin ki, belə bir məsuliyyətdən onu azad etsin. Amma bir az əvvəl onu təəccüblə süzən, bacarığına şübhə ilə yanaşan bu imkanlı müştərinin önündə bu sözləri dilinə gətirməyi özünə yaraşdırmadı. O, bu cür kəslərin qarşısında özünü səriştəsiz biri kimi təqdim edə bilməzdi. Əlbəttə, rəsm olsaydı, ən qısa zamanda sifarişi hazır edə bilərdi. Büst hazırlamaq isə daha çox zaman və əmək, həmçinin məsuliyyət, peşəkarlıq, diqqət tələb edirdi.

–Büst hazırlamaq zaman tələb edir. Eskiz və model hazır olanda Mehman müəllim Sizə xəbər edər. Əgər bəyənmiş olsaz, sifarişinizi üzərimə götürərəm.

Sənanın özünə əminliklə dediyi bu sözlər müştərinin xoşuna gəldi. Gülümsədi. Bir az əvvəlkindən fərqli olaraq, indi baxışlarında məmnunluq hiss olunurdu.

Mehman müəllimin də işçisinin sözlərindən razı qaldığı görünürdü. Gənc sənətkarın sözləri, ustasının ünvanına dediyi təriflərdən sonra onun sifarişçinin qarşısında başucalığı, hörməti demək idi.

Sənan şəkil əlində otaqdan çıxanda əmin idi ki, müdiri sifarişçini onların şirkətinə müraciət etməklə çox düzgün qərar verdiyinə inandırmaq üçün əlindən gələni edəcək.

Sənan emalatxanaya qayıtdı. Dostu bayaqdan həyəcanla onun yolunu gözləyirdi. Dəfələrlə açıq pəncərədən ofisin binasına nəzər salmışdı, Sənanın hansı əhval-ruhiyyə ilə oradan çıxacağını görmək istəyirdi. İlk sözü:

–Noldu? Nə dedi? – oldu.

Sənan əlindəki şəkli dostuna göstərdi:

–Büst hazırlamaq sifariş edilib. Heç bilmirəm…

Digər ustalar onların başına toplaşıb gah Sənana, gah da əlindəki şəklə nəzər yetirdilər.

–Bu ki əla xəbərdir! –ustalar öz işlərinin başına qayıdanda dostu sevincək əlini Sənanın kürəyinə vurdu. Burada hər sifariş həm müdir, həm də ustalar üçün qazanc demək idi.

–Bir bilsən, bu sifarişlə Mehman müəllim üzərimə nə boyda məsuliyyət qoyub. Çətindir! Zaman, peşəkarlıq, bacarıq, diqqət tələb edir, Arif. –Sənanın səsində narahatlıq duyulurdu.

–Maşallah, bacarıq səndə, istedad səndə! Sən bu işin öhdəsindən gələcəksən, əminəm.

Sənan pəncərə qarşısında özü üçün masa hazırladı. Gərgin işin yorğunluğunu səmadakı şəklini dəyişən buludlara, uzaqdan görünən ağaclara baxmaqla canından çıxarardı. Rəssam ruhu təbiətdən zövq alırdı.

Sənan beton döşəmənin üstündə oturub gözlərini belə qırpmadan əlində tutduğu şəkilə baxırdı. Bu baxışlar istər-istəməz dostu Arifin diqqətini çəkdi:

–Gələndən fikrin şəkildədir…

Sənan nəzərlərini sanki ona gülümsəyən gözəl, gənc qadının şəklindən ayırdı, sakit səslə dedi:

–Necə də gözəldir! Heyf bu gözəllikdən!

–Ölüm cavana, qocaya baxmır ki! -Arifində səsində təəssüf hiss olunurdu.

–Düzdür, -Sənan əlindəki rəsmi divara yapışdıraraq dedi.

Qısa zaman ərzində artıq hazırlayacağı büstün eskizini kağızda sadə karandaşla çəkib hazır etmişdi. Ağ-qara rəsm çox gözəl alınmışdı. İndi eskiz əsasında sifarişin gildən modelini hazırlamalı idi. Əvvəllər də bu işlə məşğul olduğu üçün model hazırlamağa o qədər çox zamanı getməyəcəkdi. Çətin işlər isə qarşıda idi.

Nahar fasiləsindən sonra müdir emalatxanaya Sənanın yanına gəldi.

–Sənan, necə gedir işlər? -soruşdu.

Sənan eskizi müdirə göstərib dedi:

–Görəcəyim işin eskizi hazırdır. Gildən model hazırlayacam.

–Nə vaxta hazır edərsən? -müdir əlindəki eskizi nəzərdən keçirərək maraqlandı.

–Modeli hazırlamaq bir neçə gün çəkəcək. Ən geci üç günə hazır edərəm.

–Hiss etdim ki, tərəddüdlə yanaşdın bu sifarişə. Bilirəm, gəncsən, tərəddüd etməyin, narahat olmağın təbiidir. Sifariş üçün yaxşı məbləğ təklif olunub. Baxmayaraq ki, burada səndən daha təcrübəli, illərin işçiləri, sənətkarları var, amma mən düşündüm bu sifarişi sənə tapşırım. Bundan əvvəlki işlərin diqqətimi çəkib, çox bəyənmişəm. Sənin gördüyün işlər incəliyi, zərifliyi ilə fərqlənir. Sən işinə ciddi, məsuliyyətlə, həm də peşəkarcasına yanaşırsan. Bil ki, bu diqqətimdən yayınmır.

Sənan ətrafdan ona zillənən baxışların altında sıxıldı. Kaş ki hər kəsin qarşısında müdir onu tərif etməsəydi! Bacarığını, istedadını dəyərləndirməsi kifayət idi. Sənan utana-utana sadəcə təşəkkür edə bildi.

–Yaxşı, oğlum, vaxt itirmə. Səni işindən etməyim. Hazır olanda mənə xəbər et. Nə qədər tez sifarişi təhvil versək, özümüzə xeyirdir.

Sənanın dodaqlarında təbəssüm göründü. Müdir bu sifarişin əziyyətindən xəbərsiz idi. Yalnız sənətkarlar bilirdi nə qədər zaman və gərgin əmək bahasına gözəl sənət əsəri ərsəyə gəlir.

Sənan əynini dəyişib dostu Arifə bəzi şeylər almalı olduğunu deyib emalatxanadan çıxdı.

Çay süfrəsi ətrafında toplanan ustalar müdirin Sənanı fərqləndirməsini, ona dəyər verməsini qəbul edə bilmirdilər.

–İki ay deyil gəldiyi, artıq üçüncü sifarişidir, -ustalardan biri həsədlə dedi.

–Təzədir də! Müdirin gözünə girmək üçün həvəslə çalışır, -başqa usta iş yoldaşının fikrini dəstəklədi.

–Düz deyirsən. Görmədin bayaq Mehman müəllim onu tərifləyəndə necə özündən razı, yekəxana görünürdü. Müdirin necə qılığına giribsə, biz illərin işçisi qala-qala,  dünən gələn işçiyə o cür sifarişi verib.

–Bir-iki sadə iş görüb, elə bilir ki, bu işin də öhdəsindən gələ biləcək. Bu daşdan ceyran, maral, mələk hazırlamaq deyil e! Ona asan gəlir e!

–Düz deyirsən, büst hazırlamaq asan iş deyil! -bayaqkı usta yenə dedi.

–Ona nə var e! Bir özüdür, bir anası; subay adamdır. Bizim kimi ailə saxlamır ki! – fəhlələrdən biri də söhbətə qoşuldu.

–Mehman müəllim arxayındır ki, dünənin işçisi o cür sifarişin öhdəsindən gələ biləcək. Mənim heç ağlım kəsmir ki, o, bu işi bacara. Görərsiz, yenə bizə tapşıracaq axırda o işi! -gün altında işləməkdən rəngi qaralmış bəstəboy usta yenidən narazılığını bildirdi. Gözlərində gəncə qarşı kin, nifrət aşkar hiss olunurdu.

Ustaların səsini hələ küçədən eşidən Arif onların söhbətlərinə müdaxilə etməyə məcbur oldu:

–Utanmırsız? Oğlunuz yerində olan birinin arxasınca nə gəldi danışırsız! Gənc və yeni işçi olanda nolar ki?! Mehman müəllimin qohumu deyil, yerlisi deyil. Adamın Allahı var, gəlin etiraf edək ki, gənc və aramızda yeni olmasına baxmayaraq, bizdən heç də pis işləmir! Gördüyü işlər də ki göz qabağında! Bu günə kimi hansı işi tapşırıblar, öhdəsindən gələ bilməyib?! O ki qaldı müdirin rəğbətini qazanmağa, yaltaqlıq və qılığa girməklə deyil, əlinin zəhməti, işinə məsuliyyəti, öz bacarığı ilə qazanıb! -dedi. Onların cavabını gözləmədən başını bulayıb uzaqlaşdı.

Sənan işə hamıdan tez gəlmişdi. Vaxt itirmədən işə başlamaq istəyirdi. Masanı pəncərənin qarşısına çəkdi. İşlərkən pəncərədən günəş işığının içəri düşməsini xoşlardı. Qaranlıq və yarımqaranlıq məkanları heç sevməzdi. Divarın dibindən qoyduğu sərt plitələri qaldırıb masanın üzərinə qoydu. Dünən axşam evə gedərkən nəm əskinin arasına qoyduğu gil parçaları artıq yumşalmışdı. İşə başlaya bilərdi. Ovucları arasında əzib yumşaltdığı gili alüminium məftilin üzərinə yapışdırdı. Lazım gəldikcə əlinin altında hazır qoyduğu gil parçalarından əlavələr edirdi. Artıq müəyyən bir forma alındıqdan sonra onu işləmək, incə üz cizgiləri yaratmaq qalırdı. Gildən ilk dəfə deyildi heykəllər yaratdığı. Dəfələrlə müxtəlif ölçülü fiqurlar, heykəlciklər yaratmışdı. Rəssamlıq akademiyasında qabiliyyət imtahanı zamanı  hazırladığı etüdlər münsiflər tərəfindən çox bəyənilsə də, testdən bal toplaya bilmədiyi üçün imtahandan kəsilmişdi. Fakultəyə qəbul üçün tələb olunan balı toplaya bilsəydi, indi akademiyanın məzunu, ali təhsilli biri idi. Sevdiyi qızın qarşısına çıxıb cəsarətlə ona hisslərini etiraf edə bilərdi. Daha təhsilsiz olduğuna görə xəcalət hissi ilə gözlərini gizlətməzdi.

Fotodan ona gülümsəyən qadını sevdiyi qıza bənzədirdi. Həmin baxışlar, həmin gözlər…  Sənan saatlarla bu saçlara, bu gözlərə, bu dodaqlara baxa bilərdi. Ona elə gəldi ki, indi rəsm canlanacaq, sevdiyi qız elə bu şəkildən ona gülümsəyib dillənəcək, ona biganə olmadığını, hətta onu sevdiyini dilə gətirəcək.

Sənan həvəslə işləyirdi. Onun üçün həvəs olan bu iş həm səbr, həm də peşəkarlıq tələb edirdi. Üz cizgiləri kifayət qədər incə və zərif olmalı idi ki, hazırlanan heykəl gözəl görüntüsü ilə diqqət çəkə bilsin.

Əlinin altına yığdığı alətləri tez-tez dəyişir, gil parçalarının üzərinə toxundurmaqla forma verirdi.  Plastilindən fərqli olaraq, gil tez quruduğu üçün onu tez-tez islatmağı da unutmurdu. Gil bərkiyəndən sonra ona forma vermək, dəyişiklik etmək çətin olduğu üçün üz cizgilərini tez bir zamanda işləmək lazım idi.  Gil parçası indi gözəl gözləri, zərif dodaqları, dalğalı saçları olan bir qadına çevrilməkdə idi.

Sənan öz işinə necə aludə olmuşdusa, Arifin gəlməyini də hiss etmədi.

–Sənan, səhər gələndən işləyirsən. Nahar vaxtıdır, gəl, bir az dincəl. Bir stəkan çay iç, bir loxma çörək yeyək.

Sənan qonşusunun səsini eşidib əlini saxladı.

–Nahar vaxtıdır ki? -təəccüblə soruşdu.

Arif hələ tam hazır olmamış gil heykələ nəzər saldı:

–Çox iş qalıb?

–Yox, demək olar bitirmişəm. Çalışacam bu gün axşama kimi tamamlayım.

–Qəşəng alınıb. Bax, əvvəl tərəddüd edirdin, indi gördün ki mən haqlı idim?! Sənin yerin bura deyil, Sənan! Bir dəfə alınmayıb deyə, həvəsdən düşmə. Yenidən Akademiyaya imtahan ver. İnanıram ki, bu dəfə qəbul olacaqsan. Nə vaxta kimi bağ evləri üçün daşdan ceyran, mələk yonacaqsan? Sən ölkənin ən yaxşı heykəltaraşı ola bilərsən! Kim bilir, bir neçə ildən sonra şəhərin mərkəzində ucaldılan məşhur abidənin müəllifi bəlkə elə sən oldun! Mən sənin gələcəyinə inanıram!

–Çox sağ ol dəyər verdiyin üçün… Amma mən bu qədərinə də layiq deyiləm, -Sənan ünvanına deyilmiş sözlərdən qızardı.

–İş həmişə var. Gəl, qardaş! Gəl, gedək yeməyimizi yeyək.

Sənan üst-başının tozunu çırpıb qonşusu ilə bərabər emalatxananı tərk etdi. Əl-üzlərini yuyub süfrə arxasına keçdilər. Sənan anasının, qonşusu isə həyat yoldaşının nahar üçün hazırladığı yeməkləri süfrəyə qoydular.

Sənan bu gün həmişəkindən fərqli olaraq, naharını daha tez bitirib işinin başına dönməyə səbirsizlənirdi. İndi, o, əvvəlki sifarişlərindən daha böyük həvəslə işləyirdi. Qarşısına məqsəd qoymuşdu, günün sonuna kimi gil modeli bitirməli idi.

Bu sifariş onun üçün özəl idi. Ona münasibəti də əvvəlki işlərindən fərqli idi. Gənc oğlan yorğunluq hiss etmədən bütün istedadını, bacarığını, peşəkarlığını ortaya qoymağa qərarlı idi.

İş saatı çoxdan bitmişdi. Qonşusundan və bir neçə fəhlədən başqa bütün ustalar evə getmişdilər. Arif təkid etməsəydi, Sənan bəlkə elə gecəni də burada qalmaq fikrində idi.

Səhər ustalar işə gələndə Sənan yenə də iş başında idi. Dünən axşam hazırladığı gil modelin qəlibini çıxartmaqla məşğul idi.

–Yorulmayasan! Bu işə yaman həvəslisən ha! –Arif gülə-gülə dedi. Sənanın gözlərindəki parıltı özü də bir cavab idi. –Yoxsa aşiq olmusan, xəbərim yoxdur?

Sənan özündən on altı yaş böyük dostunun sözündən qızardı. Cavab vermədi. Arif, elə adı kimi də arif adam idi. – Deyirəm, axı, bu oğlanda bu eşq, bu həvəs hardandır! “Məhəbbət xariqələr yaratmağa qadirdir!” dedikləri bu imiş demək!

Sənan heç bir söz demədi, sadəcə gülümsədi. Arifin sözləri ona bir az da artıq ruh yüksəkliyi bəxş etmişdi. Fərhad kimi sevdiyi uğruna külüng vurmağa da hazır olan gəncin xəyalları indi çox uzaqlarda, gözləri dənizin suları kimi mavi, saçları dalğalarına bənzəyən həmin qızın yanında idi. Kaş ki bircə dəfə qarşısına çıxıb gözünün içinə baxa, rədd cavabı alsa belə, sevgisini etiraf edə biləydi!

Müdirin səsi eşidildi. Az sonra isə özü emalatxananın qapısında göründü. Ustalarla salamlaşıb Sənana yaxınlaşdı.

–İşlər necə gedir? –deyə maraqlandı.

Sənan masanın üstündəki,  qurumağa qoyduğu qəlibi göstərib:

–Qəlib hazır olsun, gips tökəcəm, -dedi.

Bu cür işlərin dərinliyi ilə maraqlanmayan müdir sanki hər şeyi anlayırmış kimi başını tərpətdi.

–Yaxşı, bəs onda bu nə vaxta hazır olar? Sifarişçi gəlib baxmaq istəyirdi. Bilirsən də, bu cür sifarişlərə görə yaxşı məbləğ təklif olunur. Ona görə də işi nə qədər tez təhvil versək…

Sənan onun sözünü ağzında qoydu:

–Sabah gəlib modelə baxa bilər.

Müdirin üzündə təbəssüm yarandı. Beləcə, məmnun halda, bu yaxşı xəbəri sifarişçiyə çatdırmaq niyyəti ilə emalatxananı tərk etdi.

Nahar və çay fasiləsində bir yerə toplaşan ustalara qaynayıb-qarışmazdı Sənan. Qonşusu və dostu Arifdən başqa burada, demək olar ki, heç kəslə yaxınlıq etməyən gəncə kimsənin fikri də önəmli deyildi. Ara-sıra qulağına dəyən pıçıltıları da görməzdən, eşitməzdən gələrdi. Sanki onun arxasıyca danışdıqlarından xəbərsizmiş kimi ədəb-ərkanla hər biri ilə salamlaşar, bəzən hətta hal-əhval da tutardı. Bütün fikirləri, xəyalları mavi gözlüsünün yanında, diqqəti isə işində olardı.

Gəncin peşəkarlığına, bacarığına, işinə məsuliyyətinə isə hər kəs öz düşüncəsi, öz ürəyi ilə fikir bildirməkdə idi.

Günortadan sonra müdir o gün ofisdə görüb danışdığı həmin kişi ilə emalatxanaya gəldi. Gəncliyinə baxıb, bacarığına şübhə ilə yanaşan birinin gözlərinin içinə meydan oxuyurmuşcasına gülümsəyən Sənan masanın üzərindəki heykəlin üstündən ağ örtüyü çəkdi. Ağ gipsdən tökülmüş büst sifarişçinin düşündüyündən də gözəl alınmışdı. Hələ də gəncin bacarığına şübhə ilə yanaşan müştəri sonradan peşman olacağı sualını verdi:

–Bunu siz hazırlamısız? Yəqin ki, sizə kömək edən kimsə də olub?

Sənan mənalı gülümsəyib başını buladı. Müdir onun əvəzinə cavab verdi:

–Axı, sizə demişdim ki, gənc olmasına baxmayın, əlləri qızıldır. O, əsl sənətkardır!

Müştəri heykəlin ətrafında gəzişdi, hər tərəfdən nəzərdən keçirdi. Baxışlarından, üzünün ifadəsindən razı qaldığı hiss olunurdu. Bir anlıq ayaq saxladı, qəfil nə isə xatırlayıbmış kimi təkrar heykəlin qarşısına keçdi. Üzünü gəncə tutub dedi:

–Dodağın üstündə kiçik xal olmalıdır, bax burada, sol tərəfdə. Bir də, boyunbağı  olsun boynunda.

–Siz keçən dəfə büstün boynunda boyunbağı olacağını deməmişdiz, axı! -Sənan etiraz etdi. Təmkinini qorumağa çalışsa da, səsindən dilxorluğu hiss olundu.

–Keçən dəfə deməyi unutdum. -Sifarişçi sakitcə dedi.

 –Siz narahat olmayın, necə istəyirsiniz elə də olar.-Mehman müəllim Sənanın əlavə söz deməsinə imkan vermədi.

Müştəri həmişə haqlıdır, prinsipi ilə bazar iqtisadiyyatı idarə olunsa da,  gənc heykəltaraş üçün sifarişçinin hər yeni dəyişikliyi əlavə əziyyət demək idi.

Sənan müdirlə sifarişçini baş-başa buraxıb gipsin üstünə yenidən ağ örtük atdı. Onlar arasındakı razılaşmanın nəticəsi tezliklə Sənana məlum olacaqdı. İndi isə onun bir az istirahətə ehtiyacı vardı.

Sənan dənizkənarı parkda ağacların altındakı skamyalardan birində əyləşdi. Nəzərləri uzağa yönəldi. Diqqəti dənizin sularında rəqs edən Günəş şəfəqlərində idi. Arifin səhər dediyi sözlərini düşündü. Dostu haqlı idi, o, aşiq olmuşdu. Həyatında ilk dəfə aşiq olmuşdu. Özü də onun sevgisindən xəbərsiz, işvəli-nazlı bir gözələ aşiq olmuşdu. Çox düşündü. İçindən keçən sevgisini etiraf etmək  coşğusu, rədd cavabı ala bilmək qorxusuna məğlub olub susurdu. Bir anlıq fikrindən keçdi ki, bu sifarişdən yaxşı pul əldə etsə, o da digər gənclər kimi özünə daha gözəl geyimlər alıb qızın qarşısına çıxa bilər. İnsafən, axı, o, heç də eybəcər biri deyildi. Əksinə, hələ məktəbdə oxuyanda sinfin, elə məktəbin də ən yaraşıqlı gənclərindən biri hesab olunurdu.

Nargin adasına yola düşən gəminin fiti onu arzu və xəyallar aləmindən qoparıb real həyata qaytardı. Emalatxanaya qayıtmalı idi. Yəqin ki, indi Mehman müəllim onu axtarır hər yerdə.

Onu uzaqdan görən fəhlə yüksək səslə çağırdı:

–Sənan, Mehman müəllim səni soruşurdu. Ofisə get.

Bu qısa müddət ərzində Sənan buradakı insanların xasiyyətinə artıq bələd olmuşdu. Ona elə gəlirdi ki, bəzən onların düşüncələrindən də xəbərdardır. Kimin harada və nə deyəcəyini də əvvəlcədən özü üçün təxmin edə bilirdi.

Müdir Sənanı qapı ağzında görüb sevincək ayağa qalxdı. Onu öz yanına çağırdı.

–Sifarişçi sənin işindən çox razı qalıb.

–Keçən dəfə büstün yanağında xal, boynunda boyunbağı olacağı barədə kəlmə də deyilməmişdi. -Sənan narazılığını bildirdi.

–Əşşi, nolacaq ki, kiçik bir xaldı da! Boyunbağı düzəltmək də sənin əlində iki vur iki! -Müdir əlini Sənanın çiyninə qoyub gülə-gülə dedi.

–Bu əlavə iş, əlavə əziyyət deməkdir. -Sənan etiraz etdi.

–Sən vaxt itirmədən işə başla, əziyyətini də necə lazımdır qiymətləndirəcəm. –Müdir masanın siyirməsindən bir xeyli pul çıxarıb Sənanın qarşısına qoydu.– Götür bu pulu, evə bazarlıq edərsən. Behdir, inşallah sifarişi təhvil verəndə yaxşı məbləğ alacağıq.

Sənan gözünün qarşısındakı pullara biganə nəzər saldı:

–Mən pula görə demədim ki! Sifarişçi üçün adi bir şey ola bilər, amma sənətkar üçün əziyyətdir.

Müdir masanın üzərindəki pulları qatlayıb məcbur Sənanın cibinə basdı. Qarşısındakı qürurlu gəncin xasiyyətinə, tərsliyinə qısa müddət ərzində bələd olmuşdu.

Dünən axşam evə gedəndə bir qədər bazarlıq edib, əlindəki pulun qalanını da anasına verən Sənan üçün qadın gecəni yatmayıb oğlunun sevdiyi yarpaq dolmasını büküb bişirmişdi. Qadının arzusu yeganə oğlunu evləndirmək idi. Gənc dəliqanlının qayğısına qalan başqa bir xanımın olması,onu oğlu sarıdan arxayın edərdi. Tərs oğlu isə evlənmək barəsində hələ ki, düşünmürdü.

Sənan üçün modelin üzərində dəyişiklik etmək, əlbəttə, çətin deyildi. O, bu işin də öhdəsindən ən qısa zamanda gələcəkdi. Onsuz da bu günədək həyatda heç nəyi asanlıqla əldə etməmişdi. Həyat onu mükafatlandırmazdan əvvəl həmişə çətinliklərlə sınayardı. Bütün problemləri zamana buraxan gənc getdiyi çətin yolun sonunda uğurlar qazanacağına ümidini heç vaxt itirmirdi.

Sənanı qarşıda çətin günlər gözləyirdi. İş yoldaşlarının dediyi kimi, mərmərlə işləmək gil və plastilinlə, adi daşla işləmək kimi asan deyildi. Tunc və qranitdən fərqli olaraq, mərmər daha yumşaq materialdır, hər an qırılma, çatlama ehtimalı var. Gənc ondan  daha çox diqqət və peşəkarlıq tələb edən işin məsuliyyətini artıq öz üzərinə götürmüşdü. Geriyə yol yox idi.  Bu məqamda etiraz etmək öz bacarıqsızlığını, qeyri-peşəkarlığını etiraf etmək, arxasınca danışılanları təsdiq etmək demək idi. Sənan buna yol verə bilməzdi.

Müdir:

–Bax, oğlum, peşəkarlığına, bacarığına şübhəm yoxdur, əlbəttə. Amma bunu deməliyəm: nəzərə al ki, bu dəfə adi deyil, qiymətli daşla işləyirsən. Mərmərlə son dərəcə ehtiyatla davranmalısan, -deyərkən Sənan bir daha üzərindəki məsuliyyətin böyüklüyünü dərk etdi. Korlanan hər daşın dəyəri ustanın maaşından tutulurdu. Aylarla işsiz qalan bir gənc üçün hər hansı səhv, ehtiyatsız davranış yolverilməz idi. Anlayırdı ki, bacarıq və peşəkarlıqdan savayı, xüsusi diqqət tələb edirdi bu iş.  Özünü təsdiqdən əlavə, ona olan etibarı, güvəni doğrultmaq məsuliyyəti idi bu həm də.

Büst üçün seçilən ağ mərməri pəncərənin qarşısındakı masanın üzərinə yerləşdirdikdən sonra ona lazım olan bütün alətləri -müxtəlif növ tişə, iskənələri, çəkic və bıçaqları, fırçaları əlinin altına yığdı. İşə başlaya bilərdi. Gips modelin ölçülərini pərgarla mərmərin üzərinə köçürmək xeyli zaman və səbr tələb edirdi. Baxmayaraq ki, Sənan həyatda çox hövsəliz idi, amma işinə səbrlə yanaşardı. Xırdalıqlarına kimi diqqət edərdi. Çalışırdı ki, heç nəyi nəzərdən qaçırtmasın. Ən adi bir səhv, ehtiyatsızlıq bütün işini korlaya bilərdi.

Sənan üçün həyatda maddiyyatdan daha önəmli gördüyü işindən zövq almağı idi. Ona sevdiyi qızı xatırladan bu sifarişə fərqli yanaşırdı. Qarşısındakı daşa can verərkən qəlbinə hakim olan qızın surəti idi xəyallarında. Ağır işin sonunda xəyalındakı birinin gözlərinə, saçlarına, dodaqlarına xəyalən də olsa,  toxuna bilmək istəyi onu daha böyük həvəslə işləməyə sövq edirdi.

Hamı çay və nahar fasiləsində olduğu müddətdə belə, Sənanın tişəsinin səsi eşidilirdi. Gips modeldən hazırladığı büstün gözlərinə baxmaq kifayət idi, bütün yorğunluğu canından çıxırdı. Qolunun, əllərinin ağrılarını unudurdu. İş görərkən musiqi dinləməyi sevirdi. Buradakı usta və fəhlələrdən fərqli olaraq, klassik musiqilərə üstünlük verirdi. İş yoldaşlarının yüksək səslə qoyduqları bayağı mahnıları nəinki bəyənməzdi, hətta qıcıqlanardı.

Günlər sonra adi daş parçası dalğalanan saçları çiyninə tökülmüş, incə üz cizgiləri olan zərif qadın büstünə çevrilmişdi. Sifariş hələ tam hazır olmasa da, rəsmdəki qadına çox bənzəyirdi. Ali təhsili olmayan, heykəltaraşlıq, tişə sənətinin sirlərindən xəbərsiz olan Sənanın bu günlər ərzində gecə-gündüz rahatlıq bilmədən yonub hazırladığı büstə baxmağa gələn hər kəs təəccübünü, heyranlığını gizlədə bilmir, onun bacarığına “əhsən” deyirdilər. Baxan hər kəsə elə gəlirdi ki, sanki heykəl elə indicə canlanacaq, dil açıb danışacaq.

Sənan işinin peşəkarı olmaqdan əlavə, həm də vurğunu idi. Hələ indiyə kimi heç vaxt gördüyü işdən bu qədər zövq almamışdı, bu qədər həvəslə çalışmamışdı. Yorulanda büstün qarşısında dayanar, bir az əvvəl yonduğu saçlara, gözlərə, dodaqlara barmaqları ilə toxunar, arada onunla pıçıltı ilə danışardı da hətta.

Sənanla bu cansız daş parçasının arasında qəribə bir bağlılıq yaranmışdı. Sevdiyi qıza bənzətdiyi üçün idi bəlkə, hər gün bir az daha hazır olunca büstün  üstünü ağ örtüklə örtər, yad nəzərlərdən onu gizlətməyə çalışardı. Kənardan baxanlar onun bu hərəkətini adi qəbul etsələr də, yalnız, o, özü içindəki qısqanclığın səbəbini bilirdi.

Müdir son günlər Sənana tez-tez baş çəkirdi. Onun işinə nəzər yetirmədiyi gün olmurdu. Bu gün də ofisə gələn kimi ilk işi emalatxanaya onun yanına gəlmək oldu.

–Sənan, necə gedir işlər? Sabah günortadan sonra sifarişçi gələcək.

–Hələ hazır deyil.–Sənan sanki son günlər müddəti uzatmaq niyyətində idi.

–Eybi yox, hələ sifarişi təhvil vermirik ki! Sadəcə baxmağa gələcək, -deyib müdir emalatxananı tərk etdi.

İlk günlər necə böyük həvəslə işə başlamışdısa, indi işi bilərəkdən ləngitməyə çalışırdı Sənan. Ona doğma olan bu büstdən ayrılmaq istəmirdi. Bəzən saatlarla büstün qarşısında dayanıb öz işinə tamaşa edirdi. Axı, bu sifariş onun bu günədək gördüyü işlərdən ən gözəli, ən mükəmməli idi.

Günün sonunda emalatxanada daşdan yonulmuş qadın büstü ilə tək qalan Sənan öz əlləri ilə oyduğu gözlərin düz içinə baxırdı. Hər saat daha da canlı görünən qadının necə biri olduğunu, həyatda xoşbəxt olub, olmadığını düşündü. Görəsən, heykəl bir anlıq canlansa, danışa bilsəydi, ona ilk sözü nə olardı.

Sənan əlini başının altına dayaq verib gözlərini yummuşdu. Xəyalında sevdiyi qızın əllərindən tutur, saçlarına toxunur, düz gözlərinin içinə baxaraq sevgisini etiraf edirdi. Sevdiyi qızın surəti rəssam yaddaşına yazılmışdı.

–Bacıoğlu, sən deyəsən gecəni də burada keçirmisən e!

Sənan dik atıldı. Başı üstündə yaşı əllini keçmiş bəstəboy, kök ustanı görüb tez ayağa qalxdı.

–Gec oldu, gedə bilmədim.

Gah Sənanı, gah da büstü diqqətlə nəzərdən keçirən usta əlini gəncin çiyninə vurdu:

–Canıvun qədrini bil, bala!  Neçə vaxtdu Fərhad kimi külüng vurursan! Çox özüvü yorma ye! Onsuz da qədir-qiymətivü bilən döyüllər. Heş kim sənə “sağol” diyən döyül. Əsas odu, işüvə görə yaxşı pul versünnər. Çox da can yandırmaginən!

–Mən pul üçün işləmirəm ki, Süleyman dayı! Pul bu gün var, sabah yox. Allah kimsəni ruzisiz buraxmaz! Məncə, əsas olan gördüyün işə vicdanla, peşəkarcasına  yanaşmaqdır.

Süleyman kişi Sənanın sözlərini dinləyib onu başdan-ayağa süzdü. Qarşısındakı büstə təkrar nəzər salıb əlini havada yelləyib uzaqlaşdı.

Öz işindən zövq almaq qədər gözəl bir hiss ola bilməzdi sənətkar üçün. Əlindəki yun parça ilə mərmər büstü silib təmizlədi. Öz əlləri ilə yaratdığı heykələ xüsusi qayğı, sevgi ilə yanaşan gənc, bu aylar ərzində doğmalaşdığı sifarişini yaxın günlərdə təhvil verməli idi.

Bu gün işə bir az gec gəlmişdi. Əynini dəyişib emalatxanaya işinin başına qayıtdı. Dodaqlarında təbəssüm əlini büstə uzatdı, üstündən  ağ örtüyü çəkdi. Gözlərinə inanmadı. Üzündəki mehribanlıq sərt ifadə ilə əvəz olundu.

–Kim edib bunu? Necə əliniz gəldi?!– Qəzəblə qışqırdı.

Burada işlədiyi bu müddət ərzində bircə dəfə də səsini yüksəltməyən gəncin bağırtısı hər kəsin diqqətini çəkdi.

Nə baş verdiyini anlamayan Arif əlindəki işi yarımçıq qoyub Sənana yaxınlaşdı. Təəccübdən yerindəcə donub qaldı.

–Aaaa…

Yaxınlaşan hər kəs heyrətlə ağ mərmər büstün üzərindəki qara ləkəyə baxırdı.

Sənan başını əlləri arasına aldı. Özünü ələ ala bilmirdi. Aylarla çəkdiyi əziyyət boşuna getmişdi. Səsi titrəyirdi.

–Bunu etməyə necə əliniz gəldi?! Necə qıya bildiz? Gözünüzün qarşısında nə qədər əziyyət çəkmişəm, gündüzlərimi, gecələrimi bu işə həsr etmişəm! Axı, siz də ustasız! Nə boyda əziyyət  bahasına başa gəldiyini məndən də yaxşı bilirsiz! Necə edə bildiz bunu?!

Hər kəs bir-birinə baxıb çiyinlərini çəkir, özünü məsələdən xəbərsiz göstərirdi.

Sənan divarın dibinə çökdü. Özünü ələ almağa çalışırdı. Arif yanında oturub əlini oğlanın çiyninə qoydu. Hönkürüb ağlamağı özünə yaraşdırmayan gəncin gözünün yaşı kirpiklərində donub qalmışdı.

–Kim edib bunu, Arif? -Sənanı qəhər boğurdu. -Niyə ediblər? Niyə də? Niyə?

Arif təəssüf hissi ilə başını yellədi. Nə deyəcəyini bilmədi.

Ustalar büstün ətrafında dolanır, öz aralarında pıçıldaşır, mülahizələr yürüdürdülər.

–Mazut ləkəsinə bənzəyir.

–Görən kimin işi olar?

–Yazığ uşağ! Neçə vaxtdu can qoyurdu bu işə! Heyf elədülər uşağın əziyyətini…

–Yalnız paxıllıq hissi hər cür pisliklərə sövq edə bilər.

Xəbər qısa müddətdə ofisə qədər çatdı. Müdir qaranəfəs içəri girdi:

–Sənan hanı?

Sənan ayağa qalxdı. Nə deyəcəkdi? Necə izah edəcəkdi baş verənləri?

Büstün üzərindəki ləkəni gözdən keçirin müdirin gözləri hədəqəsindən çıxdı. Sərt baxışları Sənana yönəldi. Boğuq səsi ətrafa yayıldı:

–Sənan! Bu nə deməkdir? Nə baş verib? Mən izahat tələb edirəm!

Müdirin sərt baxışlarından özünü itirməyən gənc təmkinini qorumağa çalışdı. Qürurlu görünüşü ilə hər kəsə meydan oxuyurdu:

–Qəzəbinizdən çəkinməyib  mənim işimi məhv edən birinin aşkarlanmasını xahiş edirəm! Gecə-gündüz rahatlıq bilmədən bu işə canımı qoymuşam. Başqasının zəhmətinə, əziyyətinə bu cür münasibət göstərilməsinə laqeyd qalmayacağınıza ümid edirəm.

Müdir gəncin sözlərindən bir anlıq duruxdu. O, haqlı idi. İzahat tələb ediləcək kəs Sənan deyildi. Ustalara tərəf boylandı. Hər kəsin eşidə biləcəyi qədər səsini yüksəltdi:

– Qulaqlarınızı açıb yaxşı-yaxşı eşidin! Mən bu işi belə qoymayacam! Gec-tez aşkarlanacaq. Odur ki, ən yaxşısı bu işi kim edibsə, gəlib özü etiraf etsin. Mən həmin adamı tapsam, halı çox pis olacaq!

Heç kəsdən səs çıxmadı. Müdir Sənana üzünü tutub soruşdu:

–Sənan, olan olub day. Sifarişçi bu gün baxmağa gələcəkdi. Mən onunla danışıb bir neçə gün sonra yaxınlaşmasını xahiş edərəm. Büstü bu halda görməməlidir! Adımıza xələl gəlməsinə yol verə bilmərik! Sifarişi təhvil verə bilmərik bu vəziyyətdə. Nəsə etmək lazımdır. Bu ləkəni silib təmizləmək olmaz ki?

Sənan büstün yanağından boynuna doğru uzanan ləkələrə ürək ağrısıyla təkrar nəzər saldı.

–Bu bir qədər zaman və böyük əziyyət tələb edir. Yoxsa ki, mümkün olmayan heç nə yoxdur.

Müdirin gözləri sevinclə parıldadı:

–Elə isə vaxt itirmə. Mən bir neçə gün sifarişçini yubadaram.

–Kiminsə qərəzinin təkrar qurbanı olmamaq üçün sizdən bir xahişim olacaq…

–Buyur, eşidirəm.

–İşi təhvil verəcəyim günə kimi bu otağın açarının yalnız məndə olmasını, kimsənin içəri daxil olmamasını istəyirəm! -Sənan öz şərtini bildirdi.

–Yaxşı. Sən necə istəyirsən, elə də olsun! -Müdir razılaşdı. Digər işçilər sözünü  eşitsin deyə, ucadan səsləndi. –Sənan işini təhvil verənə qədər kimsə bu otağa daxil olmayacaq.

–Mən niyə bu qədər bəxtsizəm, Arif? -Sənan gileyləndi.

–Bəxtin bura nə aiddiyyatı? -Arif əlindəki siqaret kötüyünü yerə atıb ayağı ilə tapdaladı.

–O boyda əziyyətimi heç etdilər. Necə əlləri gəldi? Bir bilsəm kim edib!

–Bilsəm kim edib, səndən əvvəl mən onun boğazından iki əlimlə yapışaram!-Arif əsəblə dedi.

Sənan köksünü ötürdü:

–Eh… Guya bundan sonra bilsək nə dəyişəcək ki?! Olan olub da day…

–Ən azından sözümüzü deyib ürəyimizi boşaldardıq! -Arif Sənan qədər dilxor idi.

–Mənim bəxtim belədir e! Ömür boyu hər işim çətin düzəlir, ikiqat əziyyət çəkməli oluram. -Sənanın səsində inciklik, kədər duyuldu.

–Təki axırı yaxşı olsun! -Arif tez dedi. -Gör nə vaxtdır, səni tanıyıram. Amma heç soruşmamışam, bu sənəti harda, necə öyrənmisən?

Sənan adətən özü haqqında danışmağı sevməzdi. Ariflə uzun zamandır qonşu olmasına baxmayaraq, bu gün ilk dəfə onunla uşaqlıq xatirəsini bölüşdü:

–Mənim atam rəssam idi. Rəssamlıq bacarığı da ondan keçib mənə. Atam kəndimizdə xəttat-oymaçı kimi tanınırdı. Taxta və daş üzərində oyma işləri görər, müxtəlif fiqurlar, şəbəkələr hazırlayardı. Gününün  çox hissəsini emalatxanasında keçirərdi. Atamın işindən zövq alırdım. Diqqətlə əlinə baxardım, taxta parçası üzərində yaratdığı şəbəkələri yadımda saxlamağa çalışardım. O, emalatxanada olmayanda icazəsiz onun bıçaqlarını, tişələrini götürərdim, divarın dibində yığılıb qalmış lazımsız taxta parçalarından birinin üzərinə naxışlar oymağa çalışardım. Əvvəllər elə də yaxşı alınmazdı. Atam həyətimizdə, sahildə qumların üzərində çəkdiyim şəkilləri gördükdən sonra, (o vaxt-atam sağ olanda Buzovnada qalırdıq),  mənə oyma sənətini izah etməyə başladı. Taxta üzərində sadə naxışlardan insan heykəli yonmağa qədər öyrəndim. Mən yaxşı şagird olmasam da, yaxşı usta köməkçisi olmağı bacardım.

–Gəncsən! Həyatın qarşıdadır! Öz arzularının arxasınca get! Bu istedadla, bu bacarıqla sənin şəhərin sayılıb seçilən heykəltaraşlarından biri olacağına inanıram! -Arif dəfələrlə dediyi sözü yenə təkrar etdi.

Heç bir kəs, heç bir qüvvə Sənanı yolundan, işindən çəkindirə bilməzdi. O, uşaqlıqdan inadçı idi. Qarşısına çıxan maneələri, çətinlikləri dəf etməkdən usanmayacaqdı. Bu, onun həyat prinsipi idi. Həyat onun qarşısına nə qədər çox sınaq çıxarırdısa, işini nə qədər çətinə salırdısa, o, səbrlə, təmkinlə problemlərin öhdəsindən gəlirdi.

Sənan barmaqlarını büstün saçlarında, gözlərində, dodaqlarında gəzdirib ləkələnmiş yanağına, boynuna toxundurdu. Görünür, kimsə tələsdiyi üçün işini axıra çatdıra bilməmişdi. Məqsəd büstün yanaq və boynunu deyil, üzünü ləkələmək idi. Gənc sığal çəkirmiş kimi büstü əzizlədi.

–Mən sənin gözəlliyini bu ləkədən xilas edəcəm. Nə sənin üzündə, nə də mənim işimdə heç bir qüsur qalmayacaq!

Sənan alətləri əlinin altına yığdı. Cilalamaqdan savayı əlacı qalmamışdı. Bu dəfə daha diqqətli olmalı, mərmərlə daha incə davranmalı idi. Hazır olan üz cizgiləri zərif toxunuş tələb edirdi.

Hava qaralıncaya qədər yorulmadan işlədi Sənan. Büstün üzündəki, boynundakı ləkəni təmizləməyə müvəffəq oldu.

Öz işinə kənardan baxarkən kiçik bir çat diqqətini çəkdi. İlahi! Sənan hirslə əlini alnına çırpdı. Bu nə tərslik idi, axı! Sanki hansısa qüvvə qəsdən onun işini çətinləşdirirdi. Fiziki işdən yorulmayan gənci həyat, problemlər mənən yorurdu. Dərindən nəfəs aldı. Ləkəni təmizləyərkən, görünür, ehtiyatsızlıq edib, nəticədə mərmər çatlayıb.

Dostuna çay gətirən Arif Sənanı dilxor görüb soruşdu:

–Nolub? Nöş dilxorsan?

Sənan başını yelləyib dedi:

–Mənimki nəsə düz gətirmir!

–Təmizlənmir ki? Təmiz olub, axı!

–Mərməri çatlatdım.

Arif nə qədər diqqətlə baxsa da, heç nə görə bilmədi:

–Çat yoxdur, axı..

Sənan əli ilə çiyinə tökülən saçların kənarında, boyun hissəsindəki çatı göstərdi.

–Burda çat var ki? -Arif bir daha diqqətlə baxdı. -Sən deməsən, heç mən fikir verməmişdim. Buna görə kefin pozulub? Əşşi, ürəyini sıxma! İnan ki, sən deməsən, göstərməsən müdir, elə sifarişçinin özü də fikir verən deyil. Ən yaxşısı, sən səsini çıxartma. Özləri də diqqət edən deyil! İnan ki, doğru sözümdür!

–Deyirsən, indi bilə-bilə səhvimi gizlədim? Olmaz belə şey! Mən olanı deyəcəm. Nə olur, olsun… İstəyirlər, heç haqqımı da verməsinlər. -Sənan kefsiz dedi.

Arif Sənanı heç kəsə bir kəlmə də deməməyə razı salmışdı. Gənc dedi ki, özləri diqqət etmiş olsa, məcbur səhvini etiraf etməli olacaq.

–Bağışlayın ki, sizi bir qədər yubandırmalı olduq. Bir az işlərim vardı. Sifarişiniz hazırdır. Buyurun gedək, baxaq. -Müdir müştərisinin könlünü almağa çalışırdı. Hər kəsi razı salmaq, gülə-gülə qarşılayıb, yola salmaq onun işi idi.

Sənan müdirin və sifarişçinin qarşısında dayanmışdı. Müdirin işarəsindən sonra büstün üstündən ağ örtüyü çəkdi. Bir neçə gün əvvəl ləkələnmiş heykəl zərif görünüşü, ağ mərmər parıltısı ilə göz oxşayırdı.

–Möhtəşəm! Bu qədər gözəl alınacağını heç təsəvvür də etmirdim! İstedadınıza heyran oldum! Etiraf edim ki, ilk gündən bacarığınıza şübhə edirdim. Bu sizin neçənci işinizdir, bilmirəm, amma bu gün etiraf etmək məcburiyyətindəyəm ki, siz əsl heykəltaraş, gözəl sənətkarsız!

Sənan sifarişçinin sözlərinə təbəssümü ilə cavab verdi. Ürəyində sevindi ki, mərmərin üzərindəki çat heç birinin diqqətini cəlb etmədi. Sevinci uzun sürmədi. Müştəri barmağını çat hissəyə toxundurub heyrətlə gəncin üzünə baxdı. Sənan udqundu. Gizlətmək istədiyi sirr indicə açılacaqdı.

–Bəs bu…

Müdirin üzünün ifadəsi dərhal dəyişdi. Sınayıcı nəzərlərlə Sənanı süzdü. Baxışlarından gənc onun indi nə deyəcəyini təxmin etdi. Sənan gözlərini gizlətməyə çalışırdı. Özünü günahkar hiss edirdi. Ona görə yox ki, ehtiyatsız davranmışdı. Ona görə ki, susub gizlətmişdi həqiqəti.

–Siz bunu necə bildiz? -Müştəri təəccüblə gəncin üzünə baxdı.

–Heç bilmirəm necə deyim…-Sənan günahkarcasına dilləndi.

–Yeni evlənmişdik. Rayondan Bakıya qayıdanda avtomobilimiz qəzaya uğradı. Çox şükr ki, mən də, yoldaşım da yüngül xəsarət ilə həmin qəzadan xilas ola bildik. Amma həmin qəzanın izləri ömürlük qaldı. Qəzadan sonra yoldaşım kompleksli olmuşdu. Xüsusilə yay aylarında, ziyafət və yaxası açıq geyimlər geydiyi zaman həmişə saçını çiyninə tökər, çapığın izini saçı ilə örtərdi. Çox zaman da boyunbağı taxmaqla gizlətməyə çalışardı. Bir neçə dəfə çapığın izini yox etmək üçün plastik əməliyyat təklif etdim. Onun kompleksli olmasından narahatlıq keçirirdim. Düşünürdüm ki, əməliyyat olarsa, çapıq izindən birdəfəlik qurtararsa, kompleksdən də xilas olar. Hətta bir əməliyyatla üzündəki xalı da götüzdürək demişdim. Küsüb inciyirdi məndən. Üzündəki xalın ona gözəllik verdiyini, ona uğur gətirdiyini də söyləyirdi. Çox çalışdım. Qorxurdu, razılaşmırdı… -Sifarişçi danışdıqca qəhər onu boğurdu. –Bu qəzanın travması ilə yaşadı ömrünün sonuna kimi. O vaxt qəzadan sağ çıxanda sevinirdim ki, Tanrı onu mənə bağışladı. Xoşbəxt həyatım, sevimli həyat yoldaşım, dəcəl oğlum vardı. Sən saydığını say, gör fələk nə sayır, deyirlər. Bir neçə ay əvvəl anası, bacısı, oğlumla bərabər yenidən avtomobil qəzasına uğradılar. Bu qəzadan yalnız oğlum sağ çıxdı. Hər üçünü itirdik. 

–Allah rəhmət eləsin. -Sənan sakit səslə dedi.

–Üzrlü bilin, bir qədər kövrəldim. Düzü, keçən dəfə sizə bu haqda danışıb-danışmadığımı xatırlamıram. Siz böyük ustalıqla həmin çapığı həm yaratmısız, həm də boyunbağının altında gizlətməyə müvəffəq olmusuz. -Müştəri gənc heykəltaraşın əlini sıxdı. Təşəkkür etdi.

Söhbətin nədən getdiyini anlamayan müdir sadəcə gülümsəyirdi. Müştərisinin razılığı onun üçün hər şeydən vacib idi.

Söhbətin bu şəkildə dəyişilməsi Sənanın ürəyincə oldu. Onun səhvini müştəri incəliklə işlənmiş xırda detal kimi qəbul etmişdi.

Ehtiyatsız davranışı ucbatından təhvil verəcəyi sifarişə görə son günlər narahatlıq keçirən Sənan, nəhayət ki, rahat nəfəs ala bildi. Üzərindən sanki ağır yük götürülmüşdü. Büstün bundan sonrakı aqibətini sifarişçi özü müəyyən edəcəkdi. Ailə məzarlığında dəfn edilmiş qadının abidəsinə son dəfə nəzər saldı. Günlərini, bütün sevgisini həsr etdiyi, onunla doğmalaşan işi ilə vidalaşdı. Ona təşəkkür edən müştəriyə və məmnun müdirinə gülümsəyib emalatxananı tərk etdi.

Bir işin sonu başqa bir işin başlanğıcı idi.  Qarşıda onu nə gözləyəcəyindən xəbərsiz idi. Amma nə edəcəyinə artıq qərar vermişdi. Bu andan sonra heç kim və heç nə qərarına təsir edə bilməzdi.

–Niyə belə tələsik qərar verdin? Heç olmasa, məsləhət edərdin! –Arif narazılığını bildirdi.

Sənan əşyalarını əlindəki torbaya yığa-yığa:

–Məsləhət etsəm, nə dəyişəcəkdi ki? Qərarım qətidir. Bir də, sən özün həmişə demirdin ki,bura sənin yerin deyil?-dedi.

–Düzdür, deyirdim. Amma belə tələsik çıxıb getməyin…

–Bütün olanlardan sonra mən bu insanlarla bir yerdə necə davam edim?-Sənan narazı halda başını yellədi. –Gözlərinin içinə sakit baxa bilmirəm. Alınmır.

Arif başını tərpətdi.

–Səni anlayıram. Nə deyim… Əslində, ən düzü budur.

Süleyman kişi emalatxananın qarşısında onlara yaxınlaşdı.

–İndicə eşitdim… Doğru sözdü? –Sənan başı ilə təsdiq etdi.–Nöş işdən çıxdun? –Sənan çiynini çəkdi. –Nahax! Bir alçağın əməlinə görə işinnən-gücünnən olursan. Əslində, biz bu işi kimin törətdiyinnən şübhəliyiy, amma çifayda, sübutumuz  yoxdu, boynuna qoya da bilmiriy.

Sənanın dodaqlarında kinayəli gülüş oynadı:

–Vicdanı və Allahı ilə tək buraxıb gedirəm, Süleyman dayı. Təki bu həyatda itirdiyim elə iş yeri olsun. Nə qədər canım sağdı, əlim-ayağım tutur, ac qalmaram, bir yolunu mütləq tapacam.

Süleyman kişi Sənanı qucaqladı:

–Allah yolunu açıq, işlərini avand etsin, oğlum.

Sənan təşəkkür edib ağsaqqalın əlini sıxdı.

Sənan bir anlıq ayaq saxladı. Həmişə içəridən çölə baxdığı pəncərəyə indi uzaqdan nəzər yetirdi. Yox, o, bura üçün heç vaxt darıxmayacaqdı. Yaddaşında qalan yeganə xatirə pəncərə ilə üzbəüz masada işlədiyi büstlə bağlı olacaqdı. Başqa heç nə!

Qonşusu olmasına baxmayaraq, burada işlədiyi bir neçə ay ərzində daha yaxından tanıdığı bu tərs, qürurlu, amma eyni zamanda saf ruhlu gəncə çox bağlanmışdı Arif. Aralarındakı yaş fərqinə rəğmən, yaxın dost ola bilmişdilər. Onu danlamağa ərki çatırdı:

–Aylarla əziyyət çək, canını qoy, axırda da öz haqqından imtina et… Niyə götürmədin pulları? O pulları qara qaşına, qara gözünə aşiq olub verməmişdilər!  Öz əlinin halal qazancı idi!

Sənan çiyinlərini çəkdi:

–Əvvəlcə mənim bacarığıma şübhə etdilər. Sonra gördüyüm işə xələl gətirdilər. Hamısı o pullara görə deyildi? Puldan daha yüksəkdə duran dəyərlər var, məsələn, vicdan kimi, mənəviyyat kimi!

Tərs və inadkar gənci heç cür yola gətirə bilməyən Arif dostunu avtobusa kimi ötürüb işinin başına döndü. Onun getdiyinə üzülsə də, qarşıda daha böyük işlərə imza atacağına ümid və dua etdi.

–Gəl, oturaq bir az. Sənə ayaq üstə çox qalmaq olmaz! –Mavi gözləri, qızılı dalğalı saçları olan qız əlindən tutub onu skamyaya tərəf çəkdi.

–Bu qədər çox qayğıma qalmağını istəmirəm! –Gənc əsasını skamyanın kənarına qoyub rahatlandı.

–Hələ bu harasıdır?! Bir ömür mənə dözməli olacaqsan! –Qız güldü. Uzaqdan görünən mavi dənizin fonunda gözəl mavi gözləri parıldayırdı. Əsən xəfif külək Xəzərin suları kimi, qızılı saçlarını dalğalandırmaqda idi.

–Mənə yazığın gəldiyi üçün yanımdasan!

Qız hirslə ayağa qalxdı:

–Min dəfə demişəm: bir də bu sözü dilinə gətirmə! Mən səni sevdiyim üçün yanındayam, Sənan! Eşidirsən? Səni sevdiyim üçün!

Sənan illər əvvəl bu sözləri eşitmək xəyalı ilə yaşayardı, gecə-gündüz yuxularında sevdiyi qızın etirafını görərdi. Bu gün eşitdiyi etiraflar onun qəlbini sevindirə bilmirdi amma. İçindəki şübhələr, narahatlıqlar onu rahat buraxmırdı.

–Gənc, gözəl qızsan! Yaxşı işin var, qarşıda gözəl həyatın olacaq. –Sənan dərindən köks ötürdü. –Mənim kimi birinə layiq deyilsən!

Qız inciyib skamyanın kənarına çəkildi. Üzünü yana tutdu:

–Mənim əvəzimə danışma! Qəhrəman birinin sevgilisi, xanımı olmağa layiq bilmirsən məni, yoxsa?!

Sənan qızı özündən küsdürdüyünə peşman oldu:

–Sən başa düşmürsən…

–Xeyr, sən başa düşmürsən! Elə bilirsən, neçə il arxamca kölgə kimi məni izlədiyindən xəbərim olmayıb? Yoxsa yaxınlaşmağa cəsarət etməyib saatlarla universitetin qapısında gözləməyindən, eyni avtobusda mənimlə evə qədər getdiyindən, binamızın blokuna kimi ötürməyindən xəbərim olmayıb? Baxışlarınla uzaqdan məni izləyib evə sağ-salamat çatdığıma əmin olandan sonra geri qayıtmağından da xəbərsizəm, düşünürsən? Özünə o qədər öyrəşdirmişdin ki məni, bircə həftə yoxluğunu hiss edəndə narahat olurdum. Min fikir keçirdi ağlımdan. Məndən bezib başqa birinə aşiq ola biləcəyini də güman etmişdim hətta. Sonra yoxa çıxdın. Müharibə başlayanda səni düşünmədiyim gün yox idi. Bəlkə könüllülər arasındadır, deyə dualarımda sənin adını çəkib sonra yuxuya gedərdim hər gecə. Allaha yalvarırdım ki, harada olmağından asılı olmayaraq, Səni müharibənin dəhşətlərindən, düşmən gülləsindən, mərmi yağışından qorusun… Və heç olmasa, bircə dəfə də səni görməyi mənə nəsib etsin.

Qızın səsindəki inciklik kövrəkliklə əvəz olundu. Gözlərindəki yaş yanaqlarına süzüldü. Sənan qızın çiyinlərini qucaqladı. Qız başını onun çiyninə qoydu.

–Günel, əminsən ki, heç vaxt məndən bezməyəcəksən?

–Səni xəstəxana dəhlizində qan içində yaralı gördüyüm gün əl açıb Tanrıya dua etdim ki, sənə yenidən həyat bəxş etsin. Söz verdim ki, bir ömür qayğına qalacam. Heç vaxt səndən üz çevirməyəcəm.

–Gözlərimi açmağa, cavab verməyə taqətim yox idi. Amma səsini eşidirdim. Sənin səsin, hıçqırıqların, duaların idi məni həyata qaytaran.

–Ilk günlər yaşayacağına belə həkimlərin ümidi yox idi. Çox qan itirmişdin. Amma mən inanırdım… İnanırdım ki, geri dönəcəksən! Yaşayacaqsan! Ayağa qalxacaqsan! Saf məhəbbətlə sevən birinin ömürlük məni tərk edə biləcəyinə inanmaq istəmirdim. Sağ qalmağın özü bir möcüzə idi.

–Mənə deyirlər ki, tərssən, inadkarsan. Etiraf edim ki, sənin inadkarlığın, hökmün, mərhəmətin, bəzən də acımasızlığın olmasaydı, mən bəlkə də heç vaxt bir daha ayağa qalxıb gəzə bilməyəcəkdim.

–Mən inanırdım ki, sən bacaracaqsan.

–Sənə qəzəbləndiyim həmin gün acıq edib getdin. Axşama tərəf palataya gəldin. Yatdığımı zənn edirdin. Əlini ayaqlarıma toxundurub ağladın. Günlərlə hönkürüb ağlamağın, hıçqırıqların qulaqlarımdan çəkilmədi. Sənin ayaq qoyduğun yerə baş qoymağa hazır ikən, sən palatadan çıxanda əyilib ayağımdan öpdün. Bu dözülməz idi. Sən ürəyini boşaldıb getdin. Səhərə kimi yatmadım. Bütün gecəni adyalın altında hönkürüb ağlamaq növbəsi mənim idi. O gün özümə söz verdim ki, nəyin bahasına olursa olsun, ayağa qalxacam!

Qız gözlərinin yaşını sildi. Gülümsədi:

–İnadkarlığına heyran olmuşdum. Sən hər kəsin gözündə qəhrəman idin! Gənc həkim və tibb bacıları mərtəbənin ən yaraşıqlı xəstəsindən söhbət edəndə əsəbləşirdim. Sən demə, onlar sənə biganə olmadığımı hiss edib bilərəkdən məni qıcıqlandırırmışlar.

Sənan güldü:

–Mənim də sənə biganə olmadığımı yastığımın altında gizlətməyə çalışdığım dəftərdə çəkdiyim rəsmlərini görüb anlamışdılar.

Qız gülümsədi:

–Həəə…

Sənan qızın əlini tutdu. Gözlərinin içinə baxıb soruşdu:

–Əsəbləri korlanmış, əsanın köməkliyi olmadan keçinə bilməyən birinə bir ömür dözə biləcəksən?

Dalğalı qızılı saçlarını külək qızın üzünə dağıdırdı. Əli ilə üzündən saçlarını yığıb mavi gözləri ilə ona baxdı, başını tərpətdi:

–Dadsız, duzsuz, bəzən şor, üstəlik də yanmış yeməklər yeməyə razısansa, mən bir ömür sənə dözməyə hazıram.

Sənan qəhqəhə çəkib güldü:

–Evlilik təklifinə hələ bu cür razılıq verən qız olmamışdı!

Hər ikisi güldü. Telefon zənginə cavab verən Sənan qıza göz vurdu.

–Nikah şahidimiz zəng edir. Hə, Arif…

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakultəsinin məzunu ilə Hərbi Hospitalın gənc həkiminin nikahında şahidlik edən Arif ən ağır günlərdə Sənanı və ailəsini tək buraxmamışdı. Sənanın imtina edib götürmədiyi pulları həmin hadisədən bir müddət sonra sifarişçi şirkətin müdiri ilə bərabər ananın qarşısına masanın üstünə qoymuşdu.

Xəstəxananın Baş cərrahı -həmin qadın büstünün sifarişçisi yaralını xəstəxanaya qəbul etdikləri gün Sənanı tanıya bilməmişdi. Yalnız əməliyyatın səhəri gün onu tanıyıb tibb personalından ona xüsusi qayğı ilə yanaşmağı xahiş etmişdi. İstedadlı olmaqdan əlavə, həm də vətənpərvər olan bu gənc hər cür qayğıya, diqqətə, hörmətə layiq idi. Boş vaxtlarında ona baş çəkməyə gələn Baş həkim kolleqalarına onun barəsində, bacarıqlarından həvəslə danışardı. Xəstəxanada, sonralar isə reabilitasiya mərkəzində məşhurlaşan gənc heykəltaraş öz xoşxasiyyəti ilə də hər kəsin hörmət və rəğbəti qazanmağı bacarmışdı.

Toydan sonra üçotaqlı yeni mənzilə köçən gənc ailənin xanımının arada səsi eşidilməkdə idi:

–Min dəfə demişəm, eskizlərini, rəsmlərini pəncərənin qarşısına qoyma. Külək vurub dağıdır, axı!

24-27.06.2022.

Müəllif: İlahə İMANOVA

İLAHƏ İMANOVANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur USTAC – NƏ GÖZƏL, NƏ GÖZƏL… şeiri

ZAUR USTACIN YAZILARI

NƏ GÖZƏL, NƏ GÖZƏL….

            (Fəridə xanıma)

Dünyamızı çiçək görən,

Gözlər nə gözəl, nə gözəl…

Ruhumuza şəfa verən,

Sözlər nə gözəl, nə gözəl….

* * *

Gül əkənlər, gül dərəcək,

Qəlb deyəni, dil deyəcək,

Düz əyrini, düz görəcək,

Düzlər nə gözəl, nə gözəl….

* * *

Ustac olub sözə məftun,

Daim gülən üzə məftun,

Qəlbdə qalan izə məftun,

İzlər nə gözəl, nə gözəl….

27.09.2016. Bakı.

Müəllif:  Zaur Ustac


YAZARLAR

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

KƏNDDƏKİ EVİMİZİN UĞURSUZLUĞU

ŞƏFAQƏT CAVANŞİRİN YAZILARI

KƏNDDƏKI EVIMIZIN UĞURSUZLUĞU
(povest)

Güc-bəlayla, boğazımızdan kəsə-kəsə, hər fəslə bir paltar ala-ala özümüzə rayonların birində ev aldıq ki, yaydan-yaya gedib istirahət edək, on iki ayın heç olmasa bir ayında təmiz hava udaq, gözümüz canlı-canlı meşə görsün, dağ görsün, yağış yağanda torpaq qoxusu burnumuzdan beynimizə tüğyan eləsin, alınmadı. İlk gündən burnumuzdan gəldi. Hündür binaların möhtəşəmliyindən oksigen verən ağaclar insanların nəzərində dəyərsiz varlıqlara çevrilmişdi. Süni ağaclar daha çox diqqət çəkir, çəkilən hər şəkildə də arxa fonda süni əkilmiş ağaclar olurdu. Etiraf edirəm, mən də oksigen verməyən süni ağaclarla şəkil çəkdirməyə meyilliydim. Meyilliydim yazıram,çünki təbii şam ağacları hündürdü. Süni-təbii ağacın yazacağım hadisəyə nə aidiyyatı var, onu anlamadım, keçirəm mətləbə…
Əslində həqiqət başımıza gələn arzuolunmaz hadisəylə bağlıdır. Dədəm evi ucuz alanda gərək şübhələnərdik. Ondan əvvəl gərək ev haqqında məlumat toplayardıq. Toplamadıq, çünki sevincəyə düşmüşdük. Ucuz qiymətə; on beş min manata üç otaqlı, mətbəxi, geniş həyəti, kiçik olmayan çoxlu meyvə ağacları olan bağı, üstəlik, rayona yaxın olan kənddən ev almaq hər ailəyə qismət olmur ki, bizə qismət olubdu. Elə bilin loteriyada cekpotu biz udmuşuq. Evi ilk dəfə dədəmin telefonunda şəkillərdə görmüşdüm. Sizi inandırım, o cür qiymətə eşidib təəccüblənmək başqadı, şəkildə görmək bir başqadır. Üçüncü təəccübüm gördükdən sonra olmuşdu. Əslində təbiətcə şübhəli xarakterə malik insanam. Xarakterimə yaxşı bələd olduğumdan dədəmdən şübhəli-şübhəli soruşmuşdum.
─Ay başına dönüm, dədə, dörd sot torpağın içində üç otaqlı ev niyə ucuz satılır, maraqlanmısan? O boyda rayonda nə əcəb bir nəfər qabağa düşüb almayıb? Evin köhnə sahibləri keçən il alıbsa, bu il niyə satışa çıxardılar? Nəysə… Gözüm su içmədi bu evdən.
Allah var göydə, anam da elə mən deyəni dedi. Məlum məsələdir, bizdə kişilər nə qədər arvadı eşitsələr də, dediklərindən dönmürlər ki, dönmürlər. Hər şey bir yana, ilk gündən bizə yaxın qonşularımızın olmadığı diqqətimdən yayınmamışdı. Meşə bizə yaxın, o biri evlər bizdən xeyli uzaq, bir-birilərinə bir o qədər yaxınıydı. Vallah, gecəylə biri gəlib bizi öldürsə, yaşı yetmişi haqlamış nənəm demişkən, bir köpəkoğlunun xəbəri olmayacaq.
Hər axşam qatıq içməmiş yata bilmirəm. Mədəm vərdiş eləyib, gündüzlər sodalı su içməli, axşamlar sarımsaqlı qatıq yeməliyəm. İkisinin hesabına arıqlamaqla bağlı problemim olmur. Bir saat olardı kənddəki təzə evimizə çatmışdıq. Nənəmin qoluna girib evimizdən xeyli uzaqlaşdıq. Nənəm köhnə arvadlardandır, mən bir saat piyada gəzib yoruluram, nənəm kinayəylə mənə gülür.
─Bizim yerimizdə olsaydız neyliyərdiz?
─Allah gördü ki, bizdə sizdəki dözüm yoxdu, neyləsin, texnikanı yaratdırdı. Bekarçılıqdan tez yorulanlardanıq.
Nənəm: – Bu evdən xoşum gəlmədi ─deyəndə elə sevindim, burda yaza bilməyəcəm.
─Allah sənə şükür, evdə mən ağılda adam çıxdı.
─Səyləmə az, kopaq qızı.
Nənəm əsəbləşəndə söyüşün biri bir qəpik olur. Qınamayın, babam öləndə nənəmin dulluğunun heç qırx yaşı yoxuydu.Yarım saat da getdikdən sonra uzaq qonşu qapısının ağzına gələ bilmişdik. Nənəm əllərini belində çarpazlayıb, qapını döyməyimi əmr elədi. Baxıram arvada, qınamıram e, kişisiz cavan gəlinlər, namuslarını ikinci kişi nəfəsindən uzaq tutmaq üçün, təmiz adlarını qorumaq üçün özləri də bilmədən kişiləşirlər. Nənəmi çoxdandır müşahidə edirəm, davranışları kişi davranışıdır. Baxmayaraq ki, yazıq arvad neçə dəfə kişisi üçün ağlayanda görmüşdüm.

Uzaq qonşu qapını açdı. Mənə, nənəmə maraqla baxdı. Daha doğrusu, rəhmətliyin nəvəsi elə baxdı, elə bil illərdən sonra qapılarını ilk dəfə döyən biz olmuşuq. Yaşı otuz beşi keçməyən orta boy, uzun saçlarıyla diqqətimi çəkən gözəl gəliniydi.
Mən salam verdim, salamımı aldı. Nənəm:
─ Qızım, biz o evə təzə köçmüşük, –deyə əliylə evimizin səmtini göstərdi, –burda qatığı hardan ala bilərik?
Gəlin evimizə tərəfə baxdı, nənəmin sualına cavab verməmiş öz sualını verdi:
─Meşəyə yaxın olan evi deyirsiniz?
Verilən sualda qeyri-adi heç nə yox idi, hərçənd əcaib sualı məni təəccübləndirmişdi… Necə izah edim, cavan gəlinin sual verəndə üz ifadəsi qəribəydi, “O evdə heç kim yaşaya bilməz” fason…
Sual nənəmə də qəribə gəlmişdi, yenə cavab verdi:
─Hə qızım, o evi almışıq. Bir-iki aylıq köçmüşük.
Nənəmdən olsa ömrünü bu kənddə başa vurardı. Mən yaşaya bilməzdim. Kökü kəndə bağlı şəhərli qızam, şəhər mühitinə öyrəşmişəm. Hələ sizə bir həftədən sonra alacağımız iki keçidən yazmıram. Dədəmin şəhər mühitindən iyrəndiyini bilirdim, əməlli-başlı plan cızmağından bixəbəriydim. Eybi yox, onsuzda ailəlikcə bizə plan qurmaq düşmür. Həyatımızda hər şey qəflətən olur. Adətən də uğurlu olur.
Gəlin:
─Hmm, xeyirli olsun! –desə də, amma ürəksiz dediyi hiss olunurdu.
Nənəm köhnə arvadlardandır e! Dərhal gəlinin səsindəki ifadəni hiss eləmişdi. Anam həmişə ona qırmızısifət deyirdi, arvadın üzünə deməsə də.
─Nəysə ürəksiz dedin e qızım.
─Yox xala, o evə kim köçürsə çox yaşaya bilmir.
Baxdığım qorxu filmlər yadıma düşdü, istər-istəməz ətim ürpəşdi.
─Niyə ki? – sualı özüm verdim.
─Nə bilim, -deyib çiyinlərini atdı.
─Əşşi, boş şeylərdi. Sən de görüm qatığı hardan ala bilərik?
─Qatığı biz satırıq. Üç kiloluq qatığı yeddi manata veririk.
─Day sizin şəhərdən nə fərqiniz oldu?! Şəhərə kənddən gətirib sizdən ucuz verirlər ki!
Nənəmim hirsinə rəğmən gəlin gülümsədi.
─Nə deyim xala, qaynanamın qoyduğu qiymətdi.
─Qaynanan evdədi?
─Rayona gedib, axşama qayıdar.
─Day əlacımız nədi? Ordan ver üç kiloluq… Axşamlar içməyəndə pis oluram.
Eh, kimin nənəsidir? Nənəm əlini atdı ipək donunun altından geyindiyi güllü alt köynəyinə, sancaqlamış bükülü dəsmalını çıxartdı. Yeri gəlmişkən, mən nənəsinin təqaüdüylə kef edən nəvələrdən deyiləm. Biz tərəfdə oğlan nəvələrinin bu barədə bəxti gətirir. Mənim nənəmin qardaşıma pul barədə əli açıqdı. Növbə mənə çatanda, özünü kəfən pulunu oğurlatmış nənə kimi hiss edir.
Nənəm təkcə qatıq almadı, deyinə-deyinə kənd toyuğu da aldı. Hamısını mənə daşıtdırdı.
Deyirəm:
─Nənə, zəhmət haqqı on manatdır.
─Yox bir! Səni mən saxlamışam e! İndi pul istəyirsən?
─Axı nənə, rəhmətlik qudan saxlayıb. Sən hazıra nazir olmusan.
Nənəm bilir ki, sözün düzünü dediyim üçün həyatımın uğursuz günlərini az yaşamamışam, yenə alışa bilmirdi xasiyyətimə. Çox qəribədir, həyatımda etdiyim risklərdən sonra valideyinlərim, nənəm qarışıq digər qohumlar məni ciddi adam kimi qəbul eləməyə məcbur qalmışdılar. Əvvəllər arzularımı, istəklərimi dilə gətirirdim, elə də fikir verən yoxuydu. Məntiqlə idarə edə bilmədiyim hisslərimin zərbələrindən sonra ağzımı açmamış fikrimi soruşmağa başladılar. Qan qohumlarım tərəfindən kənardan bu vəziyyət necə görünürdü, bilmirəm, mən tərəfindən adiləşmişdi. Hiss edirdim, qorxurdular. Yenidən ağılsızlıq edərəm, yenidən pərişan edərəm deyə. Ölkəmin yazılmayan qanunların gücü altında əzilən bir çox gənc kimi əlbəttə, bu dəfə sevgi xətrinə yox, gələcəyim naminə bir çox addımlar atardım. Bu dəfə könüllü razılıq və xeyir-duayla. Bu gələcəyin işidir. Bir gün yaxınlarım haqqımda oxuyacaq, bir səhvi ikinci dəfə təkrarlamayacaq qədər ağıllı olduğumu onsuz da dərk edəcəklər. Onlara, lap elə olsun nənəm, özümü sübut etməyə nə həvəsim var, nə də vaxtım. Bəyaqdan on manat qoparda bilmədiyim nənəmin nəyinə sübut edim özümü? Arvadın fikri-zikri məndən nəticə görməkdir. Tez-tez nəticələrinin atasını söyür ki, çərxi-fələyin işini bilmək olmaz, söyürəm ki, köpəkoğlu tez gəlsin.
Gecəyə iki saat qalmış mənə iki diş sarımsağı xırda-xırda doğratdırdı, yarım saat kənarda saxlatdırdı ki, qatığa qatıb yeyəndə ağzından sarımsağın iyi gəlməsin. Həm də dişlərinin arasında qalmasın. Zəhləm sarımsaq iyindən gedir…
─Ay nənə, dişin protezdi. Maşallah, muncuq kimi düzülüb, sarımsaq harasında qalacaq. İstirahətə gəlmişəm guya, sarımsaq iyindən yediklərimi qaytaracam e!…
─Heş nə olmaz. Limonlu suyla yuyarsan keçər.
Çox kitab oxuyuram, di gəl, arvada söz çatdıra bilmirəm. Tərs kimi burda da bir otaqda yatırdıq. İnsafən, nənəm təkcə yatanda otaqda olmadığını hiss edərdim. Yatanacan ürəyindəki sözləri mənə deyərdi.
İki tualetimiz vardı. Biri evin içindəydi. Bizdən əvvəl evi alan ailə evə əməllicə əl gəzdirmişdi. Hamam-tualet də tikmişdi. Həyətdəki tualetdə tualetlik qalmamışdı, daha çox xarabaya bənzəyirdi. Nənəmlə mənim yatdığım otaqla üzbəüzüydü. Pəncərədən baxanda rahat görmək olurdu.
İsmayıl Şıxlının ” Ölülərinizi qəbirstanlıqda basdırın ” əsərini bitirdikdən sonra otağın işığını söndürdüm. Bəzi işlərdə solaxay olduğumdan yatanda da sol tərəfə yatıram. Kürəyimi nənəm tərəfə çevirdim. Təzəcə yuxuya getmişdim, nənəmdən indiyəcən eşitmədiyim səsi eşitdim. Arvad elə bil boğulurdu. Pişik cəldliyi ilə üzümü nənəmə tərəf çevirdim. Nənəmin gözləri bərələ qalmışdı, nəfəs ala bilmirdi.
Özümü itirsəydim, qışqırmasaydım, qaranlıq otaqda nənəmin bərələn gözləri birdəfəlik ölmüş adamın gözü kimi açıq qalacaqdı. Həyətin işığı yaxşı ki yanılı qalmışdı. Dədəmlə anam otağa necə girdilər, özləri də bilmədi. Otağın işığını atam yandıranda nənəm ” Bismillah ” qışqırıb başını yastıqdan qaldırdı. Belə başa düşdüm ki, yazıq nənəm qaranlıqdan xoflanıb. Nənəm bir-neçə dəfə dərindən nəfəs almağa çalışdı. Anam otaqdan çıxdı, çox keçməmiş bir stəkan suyla qayıtdı. Dədəm anasının qarşısında dizlərini yerə qoymuşdu, az qala uşaq kimi ağlayacaqdı. Zarafat deyil, qohumlarımızda nənəmin taylarından üç-dörd nənə ya vardı, ya yoxdu.
Dədəm suyu nənəmə öz əliylə qurtum-qurtum içizdirdi. Belə vəziyyətdə anamla mən olsaydıq, qorxumdan suyla anamı boğmuşdum. Atamdakı təmkinlilik məndə yoxdu.
─Mama, niyə boğulurdun? Nə oldu birdən-birə?
Nənəm əlini mənə uzatdı:
─Məni niyə boğurdun?
Nitqim qurudu. Nə vaxtsa uşaqlara və qadınlara təcavüz edən nanəciblərin qatili olmaq ürəyimdən dəfələrlə keçib. Danmıram, nənəsiylə yola gedən nəvələrin sırasına məni çətin qoymaq olardı. Yenə bu nənəmi öldürməyi düşünməyim, ya da öldürəcəyim mənasına gəlmirdi.
Dədəm yazıq-yazıq mənə baxdı. Mən bilmirdim ağlayım,ya gülüm.
─Nənə, səni niyə boğum ki? –deyə bildim.
Dədəm qarışdı söhbətə:
─Kənd yeridir, bəlkə toxunublar sənə? Qız səni niyə boğsun?
─Ay tövbə, məni boğurdu.
Dədəm təbii anasına inanmadı.
─Mama, sənə toxunublar. Şəfi səni niyə boğsun?
Adım Şəfadır, bilmirəm niyə, evdəkilər də, yaxın rəfiqələr də mənə Şəfi deyirdi.
Dədəm deyəndən sonra nənəm dərk eləmişdi ki, onu boğmağım üçün ortada səbəb yoxdur. Heç olmasın da! Ağlabatan variant odur ki, hirsli başla kimsə damarını basa, təmkinli və səbrli deyilsənsə, qatil olmağın qaçılmazdır.
Valideyinlərim nənəmi sakitləşdirəndən sonra təzədən otaqdan çıxdılar, nənə-nəvə yerimizə girdik. Bizim yerimizi anam yerdə salmışdı. İşığın yanılı qalması ikimizin də istəyiydi.
Ulduzlu gecənin işıqlı otağında nə vaxt şirin yatdığımızı bilməmişik.
Bu dəfə boğulduğumu mən hiss elədim. İki əl boğazımdan yapışmışdı. Gözümü açdım. Otaq zil qaranlıq, pəncərəsi açıq, məni həqiqətən kimsə boğurdu. Əllərim məni boğan əllərdən yapışmışdı, özümü ölümün bir addımlığında ölümdən xilas etmək istəyirdim. Boğmağı bir dərd, qarnımda oturub ağırlığıyla məni gücdən salmağı bir dərdiydi. Nənəmin məni öldürəcək dərəcədə nifrət etməyi ağlıma gəlməzdi. Çünki on səkkiz nəvənin arasında yeganə nəvəydim, onunla yola getmirdim. Digərləri necə deyərlər, nənəlik xətrinə, ya da çox istədiyindən yola verirdilər.
─Sən adımızı batırmısan! Sən adımızı batırmısan! Ölməlisən!…

ardı var…

ARDI BURADA >>>>

Müəllif: Şəfaqət CAVANŞİR

ŞƏFAQƏT CAVANŞİRİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC HAQQINDA

ZAUR USTAC


YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RƏŞAD MƏCİD ŞUŞADA – VAQİF POEZİYA GÜNLƏRİ – 2022 – FOTOLAR

VAQİF POEZİYA GÜNLƏRİ

İyulun 14- ü və 15-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri baş tutub.

40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq 2-ci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunur. Tanınmış qələm adamı Rəşad Məcidin Şuşadan paylaşdığı fotoları təqdim edirik:

Mənbə: Rəşad Məcid


YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA YAŞAR HAQQINDA

LEYLA YAŞAR

Leylanın adını xalası Şəhla xanım qoyub. Məktəbə gedənə qədər yazıb-oxumağı iki yaş böyük qardaşı Orxandan öyrənib.

Leyla Yaşar qızı İsgəndərova 1984-cü il dekabrın 14-də Zərdab rayonunda anadan olub. 1991-ci ildə Zərdab rayon H. Zərdabi adına 1 saylı orta məktəbinin I sinfinə getmiş, 2001-ci ildə XI sinfi bitirmişdir. 2002-ci ildə BDU-nun kitabxanaçılıq və informasiya fakültəsinə qəbul olmuşdur. 2006-cı ildə ali məktəbi bitirmişdir.

Bu ixtisası atasının istəyi ilə seşib. Leyla orta məktəbdə əla qiymətlərlə oxumuş, riyaziyyat, ədəbiyyat, Azərbaycan dili, tarix, coğrafiya sevimli fənləri olub.

Məktəb, istərsə də rayon səviyyəsində keçirilən ictimai tədbirlərdə fəal bir şagird olaraq iştirak etmişdir. XI sinifdə oxuyarkən məktəblər arasında keçirilən bilik yarışında komandanın üzvü olmuş, komandaları I yerə, tarix fənni üzrə keçirilən məktəblərarası yarışda komandanın kapitanı olmuş, komanda II yerə layiq görülmüşdür.

VIII sinifdə oxuyarkən riyaziyyat fənnindən, IX sinifdə isə biologiya fənnindən olimpiadada iştirak edərək respublika turuna çıxmışdır. X sinifdə oxuyarkən Azərbaycan tarixi fənni üzrə olimpiadada bütün turları uğurla keçərək respublika turunda IV yerə, XI sinifdə oxuyarkən yenə də Azərbaycan tarixi fənni üzrə keçirilən respublika olimpiadasında II yerə layiq görülüb. Həmçinin XI sinifdə oxuyarkən Azərbaycan Respublikasının müstəqillik qazanmasının X il dönümü ilə əlaqədar respublika üzrə keşirilən “Azərbaycanın dünəni, bu günü, gələcəyi” adlı inşa müsabiqəsində yaşadığı rayonu təmsil edərək, həvəsləndirici yerə layiq görülmüşdür.

Ali məktəbdə dərslərini yaxşı oxuyub. Sevdiyi fənlər Azərbaycan tarixi, müasir Azərbaycan ədəbiyyatı, dünya kitabxanalarının tarixi, iqtisadiyyat, qədim Azərbaycan ədəbiyyatı və. s olub.

Leylanın dediklərindən: “ – Həyatımda maraqlı, uğurlu günlər çox olub. X sinifdə oxuyarkən Azərbaycan tarixi fənni üzrə keçirilən olimpiadada respublika turunda qazandığım uğurdan sonra başa düşdüm ki, artıq cəmiyyətin bir üzvü kimi mən də vətənimə, xalqıma xidmət etməyi bacaran layiqli bir şəxsiyyət ola biləcəm.

Qəbul imtahanlarında göstərdiyim nəticələrə görə ilk növbədə Allaha, I sinifdən XI sinfə qədər bilik verən müəllimlərimə, onun savadlı bir gənc kimi yetişməsində köməyi olan valideynlərimə minnətdaram.

Ali məktəbə qəbul olacağıma inanırdım. 11 il orta məktəbdə aldığım yüksək təhsil buna imkan verirdi”.

Qəbul olduğunu öyrənincə Leyla heç sevinməmişdi. Sevdiyi ixtisas olmadığından yenidən öz üzərində daha yaxşı çalışıb yüksək nəticə göstərmək istəyirdi. Yenə də atasının sevdiyi peşə olduğunu nəzərə alıb, fikrindən vaz keçdi.

Ali məktəbi bitirdikdən sonra jurnalist kimi fəaliyyət göstərmək istədi. Ancaq həyat onu tam başqa sahəyə apardı.

Xoşbəxtliyi can sağlığında, insanlarla mehriban ünsiyyətdə, güclü həyat eşqi ilə yaşayıb-yaratmaqda, işlədiyi sahəni sevərək xalqına yüksək xidmət etməkdə görür.

Sevdiyi ixtisasla bağlı yüksək zirvəyə güclü mütəxəssis kimi öz üzərində gecə-gündüz işləyib çalışmaqla qalxa bilər.

Asudə vaxtları çox az olur. Çalışır ki, asudə vaxtlarından səmərəli istifadə etsin. Daha çox işlərinə vaxt ayırır. Musiqi dinləyir, mütaliə edir. Bir də şəhərdə ən çox sevdiyi yer olan Dağüstü parka gerir.

İlk uğuru X sinifdə oxuyarkən qazanıb. Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin bilavasitə təşəbbüsü ilə keçirilən tədbirdə hədiyyələrlə təltif olunub.

Fəaliyyəti ilə bağlı “Azərbaycan müəllimi” jurnalında və Zərdab rayonunuda çıxan “Əkinçi” qəzetində məlumat verilib.


YAZARLAR

LEYLA YAŞARIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZƏMANƏSİNİN QABAQCIL ZİYALISI VƏ XEYRİYYƏÇİSİ XURŞİDBANU NATƏVAN

Kamal Həsən oğlu Camalov

ZƏMANƏSİNİN QABAQCIL ZİYALISI VƏ XEYRİYYƏÇİSİ XURŞİDBANU NATƏVAN

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağ xanlığının sonuncu varisi sayılan, zərif lirizmin yaradıcısı, xalqa məhəbbət ruhunu xeyriyyəçilik fəaliyyəti ilə uzlaşdıran, Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün əvəzolunmaz işlər görən Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinin keçirilməsi ilə bağlı 14 mart 2022-ci ildə Sərəncam imzalamışdır.

Xarakter dərketmə nöqteyi-nəzərindən bədənin və üzün quruluşu, dərinin və tükün rəngi, geyim və s. kimi xarici-fiziki əlamətlər, həmçinin adamın ifa etdiyi vəzifə özü haqqındakı rəyi əsas ola bilməz. Bunun üçün daxili-mənəvi əlamətləri diqqətlə öyrənib nəzərə almaq vacibdir. Xurşidbanu Natəvan – Vətən aşiqi, Xurşidbanu Natəvan – şair, Xurşidbanu Natəvan – fədakar, qayğıkeş ana, Xurşidbanu Natəvan – sənətkar, Xurşidbanu Natəvan – rəssam, Xurşidbanu Natəvan – xeyriyyəçi və s. Bu mənada, Xurşidbanu Natəvan Şərq aləmində ilk qadın şairədir ki, 1960-cı ildə Bakıda heykəli, 1982-ci ildə isə ulu öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır.

Zəmanəsinin qabaqcıl ziyalısı, maarifçisi sayılan Xurşidbanu Natəvan XIX əsrdə nəinki Qarabağda və ya Azərbaycanda, onun hüdudlarından kənarda da sadə və səmimi lirik şeirləri ilə pedaqoji fikrin inkişafı tarixini zənginləşdirmiş, həmçinin biri-birindən gözəl rəsm və qiymətli sənət nümunələri ilə, xeyriyyəçi işləri ilə özünə ölməz abidə ucaltmışdır. Xurşidbanu Natəvanın lirik şeirlərində elə bir xüsusiyyətlər vardır ki, bu xüsusiyyətlər onun yaradıcılığını başqalarının şeirlərindən fərqləndirir, özünü tanıtdırır. Bu kimi xüsusiyyətə xüsusi obrazla ifadə vermək istəsək onu, ancaq sadəlik adlandıra bilərik.

Xurşidbanu Natəvan öz hiss və fikirlərini, şeirlərinin leytmotivini təşkil edən ictimai mənanı anlaşıqlı, sadə şəkildə ifadə etməyi bacardığı üçün onun şeirlərindəki forma sadəliyi mənanın gözəlliyini qüvvətləndirir. Bu gözəllikdən də şeirin yalnız forması deyil, həmçinin ideya məzmununa aid olan ümumi xüsusiyyət öz əksini tapmış olur.

Xurşidbanu Natəvanın şeirlərinə hopan bu gözəllik xalq pedaqogikasından, islami dəyər və prinsiplərindən, Nizami, Füzuli, Cami, Vaqif kimi və digər klassik poeziya nümunələrindən gəlmişdir desək heç də yanılmarıq. Xurşidbanu Natəvan bu kimi böyük korifeylərin incə lirik şeirləri ilə öz bədii zövqünü təkmilləşdirmişdir.

Həyatı, insanların daxili aləmini, fəaliyyət və mübarizəsinin bütün mürəkkəbliyi ilə düzgün, dolğun əks etdirən realist yaradıcılıq şəxsiyyətin psixologiyası üçün zəngin mənbədir. Bu baxımdan Xurşidbanu Natəvanın yaradıcılığı xüsusilə əhəmiyyətlidir. Əlbətdə, belə bir fikir səhv olardı ki, sənətkar psixologiyanı, onun əsas müddəalarını öyrənmiş və onları yeri gəldikcə öz yaradıcılığında tətbiq etmişdir. Pedaqoji-psixoloji bilik şairin insanları dərindən və dəqiq müşahidə edib topladığı faktları təfəkkür süzgəcindən keçirməklə, ümumiləşdirmələr vasitəsilə unudulmaz xarakterlər yaratmasına müsbət təsir göstərsə də, heç vaxt yaradıcılıq istedadını əvəz edə bilməz. Yüksək istedad və gərgin yaradıcı əmək məhsulu olan realist əsər pedaqojipsixologiyanın müddəalarına uyğun gəlir, onları təsdiq və təsbib edir. Xurşidbanu Natəvanın zəngin irsini bu cəhətdən öyrəndikdə orada ciddi elmi əhəmiyyətə malik material tapırıq. Bu böyük şairimizi, həm də sözün geniş mənasında, psixoloq adlandırmaq üçün əsas verir.

XIX-XX əsrin əvvəllərinin ictimai-siyasi baxışlarına nəzər salan zaman görürük ki, nəinki qadının hüquq, qadının yazıb-oxuması, qadın adının dilə gətirilməsi böyük fəlakətlərə səbəb ola bilərdi. Böyük demokrat Cəlil Məmmədquluzadə dövrün acı həqiqətlərinin təsvirini sadə və anlaşıqlı dillə belə ifadə edir: “Qadın ləfzi islam aləmində indiyədək bir “od” olubdur ki, ona əl vurmaq, barıta əl vurmaq kimi xətalı hesab olunubdur. İslamın şəriəti, necə ki, məlumdur, qadını kişilərə naməhrəm tutubdur və bu qanunu pozmaq günahi-kəbirə (böyük günah – K.C.) qəbilindən sayılıbdır. Mürur ilə məsələ daha da bərkiyibdir, ta o yerə kimi ki, qadın sözünü ağıza alıb danışmaq bilmərrə qədəğən olunubdur… Bu qanunu pozanlar müsəlman içində “yoldan azmış”, “biqeyrət” adı ilə şöhrət tapmışlar və həmin “qeyrət” üstə müsəlman qardaşlar o qədər “qeyrət” göstəriblər ki, bir-birinin qanını içməyə hazır olublar və içiblər də… Onun üçün də cahil islam şairləri dünyanın cəmi bədbəxtliklərini qadınların üstünə yıxıblar: “Viran şüdən mülki-Süleyman əz zən”.

El arasında “Xan qızı”, sarayda isə “Dürrü yekta” (tək inci) kimi tanınan Xurşidbanu Natəvan “islam carçıları” sayılan klerikallar və ya yalançı din adamlarının təsir imkanlarına məhəl qoymayaraq aşiqanə hisslərdə ictimai məna daşıyan şeirlər yazmış, rəsm çəkmiş və musiqidən həzz almışdır. Naqis baxışlara baxmayaraq “Məclisi-üns” adlı şeir məclisində öz şeirlərini, qəzəllərini uca səslə, avazla oxumuşdur.

Şuri-eşqin başıma axırı sövda gətirir,

Bu müşəxxəsdi ki, eşq aşiqə qovğa gətirir.

…Gül üzün görmək əgər mümkün olaydı bir dəm,

Hər zaman görmək onu nuri-mücəlla gətirir.

…Sidqi-qəlb ilə nisar etmiş idin can nəqdin,

Natəvan, müjdə bu gün, qətlinə fərma gətirir.

Yaxud:

Hicran ilə kim, dəməni-qəm dəstrəsimdir,

Şadəm ki, xəyalın, gözəlim, həmnəfəsimdir.

…Görmək üzünü qayəti-hər fikrü xəyalım,

Öpmək ayağın, mayeyi-şövqü həvəsimdir.

Xurşidə yetər başım əgər, çakərin olsam,

Bu rütbə ilə aləm əra fəxr bəsimdir.

Yaxud da:

Eşq sultanı mənim qətlimə fərman gətirib,

Etmədim tərki-vəfa, taəti-fərman etdim.

…Ya təbib, adını tərk eylə, təbabət etmə!

Ya mənim dərdimi tap, gör niyə tüğyan etdim?!

Yoxdu bir kimsə məgər dərdimi bilsin, Ya Rəb!

Ki, mən öz qanım ilə dərdimə dərman etdim.

Natəvanşünas Bəylər Məmmədovun sözləri ilə desək Xurşidbanu Natəvan bu kimi qəzəllər yazarkən “o zamankı şəraitdə qadının öz məhəbbətini izhar etməsinin necə qarşılanacağını yaxşı bilirdi”. “Desəm öldürərlər, deməsəm ölləm” aforizm deyişindən baxsaq, əgər “zəmanəsinin möhnətü-məlalından sinədağlı lalə” olmuş Natəvana yazmaq nə qədər çətin idisə, yazmamaq da bir o qədər qeyri-mümkün idi. Qeyd etdiyimiz kimi dilinin sadəliyi, qəzəllərinin orijinallığı ilə öz müasirlərindən fərqlənən Natəvanın hər bir şeiri Qarabağ, Şirvan, Bakı, Şəki, Naxçıvan (Ordubad) şairlərinin qəlbini dilləndirmiş, onların məhəbbət tellərini ehtizasa gətirmişdir.

Xurşidbanu Natəvanın poetik misralar və ya söhbət arasında dediyi hikmətli kəlamlar, müdrik sözlər vardır ki, bunlardan bəziləri bu gün də xalq arasında aforizm kimi səslənməkdədir. Oğlu Mehdiqulu xan məzuniyyətə Şuşaya gələrkən, anası boynuna sarılıb, qədd-qamətini oxşayaraq kontrastlı ifadələrlə oğlunu aşağıdakı kimi vəsf etmişdir:

Fəda o qamətinə kim, qəza nə xoş çəkmiş,

Qədər büküb belimi, eyləyib kəman, ölürəm!

Məzuniyyəti bitdiyi zaman Şuşadan qayıdanda isə:

Nə böylə vəslin olaydı, nə də öylə hicranın – demişdir.

Xalq arasında belə bir məsəl var: “Olan oldu, torba da doldu”. Xurşidbanu Natəvan oğlu Mir Abbasın ölümü münasibəti ilə başsağlığı, təsəlli verənlərə “Öldü bülbül, soldu gül – istər ağla, istər gül!” sözləri deyilən məsəlin ən gözəl poetik variantı səviyyəsinə qaldırmışdır.

Xurşidbanu Natəvanın şeirlərindəki dərin məna, təravət, üslub aydınlığı və səmimilik o qədər güclü olmuşdur ki, şeirləri el arasında əldən-ələ ötürülərək yayılmış, mağarlarda keçirilən toy şənliklərində, məclislərdə xanəndələr qəzəllərini mahur, şur, təsnif muğamları üzərində oxumuş, həmçinin şeir və qəzəllərinə çoxlu nəzirələr yazılmışdır.

Nə mən olaydım, İlahi, nə də bu aləm olaydı!

Nə də bu aləm əra dil müqəyyədi-qəm olaydı!

Həmçinin,

Varımdı sinəmdə dərdü qəmi-nəhan, ölürəm,

Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.

– misrası ilə başlanan qəzəllər bizə onu deməyə əsas verir ki, bu qəzəllərdən

görkəmli pedaqoq-alim Hüseyn Cavid və həmçinin pedaqoq-alim, musiqişünas Üzeyir Hacıbəyov da çox təsirlənmişlər. Hüseyn Cavidin “Şeyx Sənan” faciəsindəki ikinci kor ərəbin:

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,

Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı

– sözləri arasındakı məna oxşarlığı və ya məna yaxınlığı hər bir oxucunun nəzər diqqətini cəlb edir. Üzeyir Hacıbəyov da “Leyli və Məcnun” adlı operasında Leylinin ölüm anında dediyi “Ölürəm” qəzəlini Məhəmməd Füzulinin qəzəli ilə deyil, Natəvanın qəzəlinin dili ilə verməsi fikirlərimizə əyani sübutdur. Təbii ki, operada Füzuli əsərinin ruhu ilə Natəvan qəzəllərinin ruhundakı, ahəngindəki xallar biri-birini tamamlayır. Yeri gəlmişkən, buradan bir haşiyə də çıxaraq qeyd edək ki, Üzeyir Hacıbəyov 1896-cı ildə Qori Seminariyasında təhsil almağa gedərkən Xan qızından xeyir-dua almağa gəlmiş, Xan qızı da müqəddəs Quran kitabından ayələr oxuyaraq Üzeyir bəyə xeyir-dua vermişdir. Bu da onu deməyə əsas verir ki, Üzeyir Hacıbəyov sonralar Xurşidbanu Natəvanın yaradıcılığına dərindən bələd olmuşdur. Xalq rəssamı Mikayıl Abdullayevin “Xeyir-dua” adlı gözəl sənət əsərinin repreduksiyası bu gün də Üzeyir Hacıbəyovun ev muzeyində qorunub saxlanılmaqdadır.

Xurşidbanu Natəvanın xeyriyyə dolu işlərindən “Tərcüman”, “Qafqaz”, “Kaspi” və s. kimi qəzetlər də geniş bəhs etmişlər. Hələ 1856-cı ildə “Qafqaz” qəzeti 44-cü nömrəsində Xurşidbanu Natəvanın anası Bədircahan Bəyimin xeyriyyəçi bir qadın olmasından yazır. Oxuyuruq ki, Bədircahan Bəyim Şamaxıda açılan “Müqəddəs Nina” qız məktəbinə 1.000 manat ianə vermişdir. Bu da ümumilikdə bu ailənin mədəni həyatdakı maarifçi xidmətindən xəbər verir.

1897-ci ilin 42-44-cü nömrələrində “Tərcüman” qəzeti Xurşidbanu Natəvanın şəxsiyyəti və xidmətləri ilə bağlı geniş bəhs etmişdir: “Xurşid banu xanım xan zamanında doğulub Rusiya zamanında yaşamış bir vücud idi. İki zamanın ara yerində qalmış xanım əhvalə görə bir tərz məişət qurub etiqadad və adati-milliyəsini mühafizə etməklə bərabər zəmani-cədidin iqtizasına görə hərəkət edərdi… Müsəlmanların maarifinə dəxi həmiyyəti və müavinəti az deyil idi. Qarabağın rus və milli məktəblərinə və şagirdlərə ianəsi çox idi”. Krımda çıxan “Tərcüman” qəzetinin yazdıqlarından məlum olur ki, “elmü mərifət sahibəsi” Xurşidbanu Natəvan müasir mədəniyyətə yiyələnmiş, zəmanəsinin dünyagörüşlü qabaqcıl adamları ilə bir sırada getmişdir. Bir daha göründüyü kimi, Natəvan təkcə incə təbli şeirləri ilə deyil, həm də dövrünün qabaqcıl meylləri ilə bağlı olması, maarifpərvərliyi, xeyirxahlığı, səxavətliyi, açıq qapısı və qüvvətli nüfuzu sayəsində şöhrət qazanmışdır. 1872-ci ildə altı kilometrlik məsafədən Şuşaya ilk su kəməri çəkdirmişdir. Həmin su kəməri indi də “Xan qızı bulağı” adlanır. Araz çayından Ağcabədiyə qədər su arxı, Bakıdan Şıx kəndinə yol çəkdirmişdir.

Xurşidbanu Natəvan onlarla gəncin mədəni şəhərlərdə təhsilini davam etdirməsinə maddi yardım göstərməklə yanaşı, Qarabağın bir çox tanınmış bəy və şairlərinin də o cümlədən Qasım Bəy Zakirin, Molla İbrahim Qarabağinin, Mirzə Ələsgər Növrəsin və digərlərinin maddi ehtiyac keçirdiyi vaxtlarda onlara kömək əlini uzatmış, maddi yardım göstərmişdir. Qasım Bəy Zakir Xurşidbanu Natəvanın insaniyyət və insansevərliyini yüksək dəyərləndirərək Natəvanın təmənnasız etdiyi yaxşılıqları başa düşməyəni verdiyi çörək kor edər, zəlil edər deyir.

Şikəstə Zakirə veribsiz əmək,

Əmək bilməyəni kor etsin nəmək,

Necə ki, baqidir həyatı, gərək

Unutmaya xeyir-duadan səni.

Xurşidbanu Natəvan Qarabağda atçılığın inkişafı üçün də çox mühüm işlər görmüşdür. Məşhur cins atları ilə tanınmış ilxısı nəinki Azərbaycanda, 1867-ci ildə Parisdə açılmış ümumdünya sərgisində, 1869-cu ildə Moskvada kənd təsərrüfatı sərgisində, 1882-ci ildə isə Tiflisdə nümayiş etdirilmiş və hər bir yarışmada da birinci yeri tutaraq qızıl medallar, fəxri fərmanlar qazanmışdır. Qarabağda yaranan at zavoduna iyirmiyə yaxın gözəl madyan atı və həm də dillərdə gəzən “Ceyran” adlı ayğırını zavoda bağışlamışdır.

Qeyd etdik ki, Xurşidbanu Natəvan bir rəssam kimi təsviri və tətbiqi sənətə də dərindən yiyələnmişdir. Yazdığı şeirlərin çoxu itib-batdığı kimi, çəkdiyi şəkillərin, əl işlərinin də əksəriyyəti təəssüf ki, çağdaş dövrümüzə qədər gəlib çatmamışdır. Xan qızı Natəvanın məlum olan “Gül dəftəri” adlı bir albomu var ki, o albom da hazırda Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar fondunda saxlanılır. Xan qızının yüksək estetik zövqünü göstərən rəsmlər – qərənfil, süsən, bənövşə, yasəmən, qızılgül etüdlərindən, Bakı, Şuşa, Tiflis peysajlarından Kür qırağının, Metex qalasının, “Narınqala”nın və çay körpülərinin mənzərələri və təbiət lövhələrindən ibarətdir. Qara karandaşla işlənmiş bu şəkillər incəliyi və bədiiliyi ilə adamı valeh edir. Albomun cildində rəngli saplarla toxuduğu qızılgül və qovaq ağacı, habelə sürahiyyə müxtəlif muncuqlarla tikdiyi örtük incəsənət xəzinəmizə qiymətli hədiyyədir. Əşyaları təbii, inandırıcı lövhələrlə əks etdirən, heç vaxt xarici effektə uymayan Natəvanın incə əl işləri fransız səyyah və yazıçı Aleksandr Dümanın da diqqətini çəkmiş, “Qafqaz” adlı əsərində Xurşidbanu Natəvandan və birinci həyat yoldaşı Xasay xan Usmiyevdən hörmət və ehtiramla yad etmişdir (Bax: Aleksandr Düma. Qafqaz, 2010, səh.186-187).

Xurşidbanu Natəvanın milli heysiyyatı, incə lirizm yaradıcılığı, xeyriyyəçi görüşləri sağlığında və ölümündən sonra da qədirbilən xalqın görkəmli tənqidçi, şair, mütəfəkkir, musiqiçi, rəssam, ictimai-siyasi xadimləri tərəfindən (Firidun Bəy Köçərli, Salman Mümtaz, Hənəfi Zeynallı, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Məmməd Rahim, Əliağa Kürçaylı, Əzizə Cəfərzadə, İlyas Əfəndiyev, Hökumə Billuri, Hüseyn Arif, Əkbər Məftun, Şövkət Məmmədova, Bəylər Məmmədov, bəstəkar Vasif Adıgözəlov, Rauf Adıgözəlov, heykəltaraş Eldar Ömərov, Elcan Şamilov, rəssam Altay Hacıyev, Mikayıl Abdullayev, Oqtay Sadıqzadə və b.) dərin elmi araşdırmalar aparılmış, şeirlər, poemalar yazılmış, romanslar, operalar yazılmış, büstlər, heykəllər ucaldılmış, rəsm əsərləri və filmoqrafiyalar çəkilmişdir.

Sonda belə nəticəyə gəlirik:

  • Qarabağ üçün əziz və qiymətli sima olan Xurşidbanu Natəvan hələ balaca yaşlarından ana dili ilə yanaşı, ərəb və fars dillərini mükəmməl bilmişdir;
  • Xan qızı Natəvan xalq pedaqogikasını, islami dəyərləri və klassik Şərq ədəbiyyatına dərindən bələd olmuşdur;
  • Xurşidbanu Natəvan yaradıcılığında milli adət və ənənələri, mənəvi-əxlaqi, psixoloji xüsusiyyətləri ictimai-mədəni şəraitlə düzgün səciyyələndirmişdir;
  • Mənəvi-əxlaqi kamilliyə və insani davranışa çağırış, mədəni vərdişlər, müsbət əxlaqi normalar aşılamaq yollarının üsul, vasitə və tərzləri Xurşidbanu Natəvan yaradıcılığının əsas leytmotivini təşkil etmişdir;
  • Xurşidbanu Natəvanın şeirlərinin leytmotivini təşkil edən ictimai məna öz anlaşıqlığı, forma sadəliyi ilə mənanın gözəlliyini qüvvətləndirmişdir;
  • Xurşidbanu Natəvanın poetik misraları və ya söhbətləri hikmətli kəlam, müdrik söz kimi bu gün də xalq arasında aforizm kimi səslənməkdədir;
  • Xurşidbanu Natəvanın milli heysiyyatı, incə lirizm yaradıcılığı, xeyriyyəçi görüşləri “Tərcüman”, “Qafqaz”, “Kaspi”, “Nor-dar” və s. kimi qəzetlərdə geniş təhlil obyektinə çevrilmişdir;
  • Xurşibanunun qəzəllərini el şənliklərində və məclislərdə Şuşa xanəndələri Seyid Şuşinski, Hacı Hüsü, Məşədi İsi, Məşədi Dadaş, Cabbar Qaryağdıoğlu və başqaları öz məlahətli səsləri ilə oxumuşlar;
  • Xurşidbanu Natəvan milli təfəkkürün inkişafında yorulmadan çalışmış, milli oyanışın təbliğatçısı olmuşdur;
  • Azərbaycan məktəb və pedaqoji fikrinin inkişafı tarixində Xurşidbanu Natəvanın maarifçilik ideyalarının öyrənilməsi və təbliğ edilməsi qarşıda dayanan əsas prioritetdir.

Müəllif:Kamal CAMALOV

Naxçıvan Müəllimlər İnstitutu,

Pedaqogika elmləri doktoru,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

KAMAL CAMALOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAİRLƏR İSA BULAĞINDA – VAQİF POEZİYA GÜNLƏRİ – 2022 – FOTOLAR

VAQİF POEZİYA GÜNLƏRİ

İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.

40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq 2-ci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunur.

Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya günləri iyulun 14-də “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb, sonra M.P. Vaqifin məqbərəsinin qarşısında və Cıdır düzündə davam edib.  15-də şairlər şəhərin gəzməli yerlərində və İsa bulağında olublar. FOTOLAR:

Mənbə: Nazim Əhmədli


YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XUDAYAR YUSİFZADƏ – XUDU

XUDAYAR YUSİFZADƏ

XUDAYAR YUSİFZADƏ
Bu gün onun doğum günüdür!
QISA ARAYIŞ:
Ləqəbi: Xudu
Doğum tarixi: 15 iyul 1998
Doğum yeri: Bərdə, Azərbaycan
Vəfat tarixi: 22 oktyabr 2020 (22 yaşında)
Vəfat yeri: Ağbənd, Zəngilan, Azərbaycan
Dəfn yeri: Bərdə Şəhidlər Xiyabanı
Vətəndaşlığı: Azərbaycan
Mənsubiyyəti: Azərbaycan Silahlı Qüvvələri
Qoşun növü: Sərhəd Qoşunları
Xidmət illəri : 2016—2018 / 2020
Rütbə: Kiçik gizir
Döyüşlər: Vətən müharibəsi
• Murovdağ döyüşləri
• Füzuli döyüşləri
• Cəbrayıl döyüşləri
• Zəngilan döyüşləri
Təltifləri “Azərbaycan Bayrağı” ordeni — 2020 “Vətən uğrunda” medalı — 2020 “Zəngilanın azad olunmasına görə” medalı — 2020
Xudayar Müslüm oğlu Yusifzadə (15 iyul 1998, Bərdə – 22 oktyabr 2020, Ağbənd, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, Vətən müharibəsi şəhidi.
HƏYATI
Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olmuşdur. Atası — Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası — Radə Qurbanova isə evdar xanım idi. Onların ailədə dörd uşağı olmuşdur — üç oğlan və bir qız. Müslüm Yusifoğlu Xudayar Yusifzadənin doğumundan 24 gün sonra vəfat etmişdir.
Xudayar Yusifzadə 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil almışdır. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmiş, marketlərin birində mühafizəçi olaraq çalışmışdır. Subay idi.
HƏRBİ XİDMƏTİ
Xudayar Yusifzadə 2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir. Kursdan keçdikdən sonra “kiçik gizir” hərbi rütbəsi almışdır.
2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət etmişdir.
İkinci Qarabağ müharibəsində iştirakı
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Əvvəlcə, Füzuli rayonunda sərhəd məntəqəsində xidmət etmişdir. Daha sonra isə müharibədə döyüşərək xidmətinə davam etmişdir. Murovdağın, Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi.
TƏLTİFLƏRİ:
“Azərbaycan Bayrağı” ordeni (ölümündən sonra) 15.12.2020.
“Vətən uğrunda” medalı (ölümündən sonra) 15.12.2020.
“Zəngilanın azad olunmasına görə” medalı (ölümündən sonra) 15.12.2020.
İrsi və xatirəsi
Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl, 20 oktyabr tarixində döyüş zamanı Əliağa Vahidin “Vətən yaxşıdır” şeirinə yazılan eynidlı mahnını ifa etmiş və bunu telefon vasitəsilə lentə almışdır. Həmin video qısa müddət ərzində sosial medialarda paylaşılaraq trendə çevrilmişdir. Onun şəhid olmasından sonra isə həmin video daha geniş vüsət aldı və Xudayar Yusifzadə qısa müddət ərzində həmin mahnı ilə daha çox tanındı.
Xudayarın ifasında məşhurlaşan təsnif daha sonra xalq arasında “Xudayar təsnifi” olaraq məşhurlaşmış və daha sonra təsnifin bəstəkarı xanəndə Əlibaba Məmmədovun təsdiqi ilə “Xudayar təsnifi” adlandırılıb.
2020-ci ildə Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır” təsnifi yeni aranjemandan təqdim olundu. Abbas Bağırov mahnını Xudayar Yusifzadənin ifası ilə duet formasında oxuyub.
2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi oldu.
Xudayar Yusifzadənin şəxsi əşyaları muzeyin Vətən müharibəsi fonduna şəhidin anası Qurbanova Radə Şümşad qızı tərəfindən təhvil verilib.

TƏRTİBATÇI: TUNCAY ŞƏHRİLİ

XUDAYAR YUSİFZADƏ HAQQINDA

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC HAQQINDA

ZAUR USTAC


YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru