HEYDƏR BABA (Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə) Vətən üçün gecə — gündüz çalışdın, Heydər baba, əbədisən, əbədi. Günəş kimi şölə saçdın, alışdın, Heydər baba, əbədisən, əbədi. * * * Ömrün boyu hey düşmüsən oda sən, Arxalandın qeyrətə sən, ada sən. Zaman — zaman düşəcəksən yada sən, Heydər baba, əbədisən, əbədi. * * * Səni Babək, Şah İsmayıl sanmışam, Vəfat günü ağlamışam, yanmışam. Xatirəni ehtiramla anmışam, Heydər baba, əbədisən, əbədi. * * * Qəlbimizdə qalacaqsan əbədi, Şölə saçan bir ocaqsan əbədi. Sənin qəbrin qibləgahdı, Kəbədi, Heydər baba, əbədisən, əbədi!
Azərbaycanda Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunmuş internet saytı yaradılıb. Bu barədə layihənin rəhbəri, jurnalist Fərid Azəri məlumat verib. Onun sözlərinə görə, 10 illik araşdırmanın nəticəsi olan sayt Azərbaycan, İngilis və Fars dillərində fəaliyyət göstərəcək. İnternet resursunda dahi şairin fotoşəkilləri, əlyazmaları, kitablarının elektron versiyaları, söylədiyi şeirlərin, o cümlədən müsahibələrinin səs yazıları, eləcə də İran və Türk əsilli alimlərin Şəhriyar yaradıcılığına həsr olunan elmi əsərləri toplanacaq. Saytın videomaterialları arasında həmçinin Türkiyə və İran televiziyalarında vaxtaşırı şairin xatirəsinə ithaf edilən verilişlər də yer alıb. Layihə rəhbəri əlavə edib ki, yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək saytdan Şəhriyarsevərlərlə yanaşı, həm də onun həyat və yaradıcılığını araşdıran elm adamları da faydalana biləcək. Qeyd edək ki, “NEYMAN ENTERPRISE TECHNOLOGIES” şirkəti tərəfindən hazırlanan saytın maliyyə dəstəyini “PALMALI” şirkətlər qrupu üzərinə götürüb. Layihənin koordinatoru isə jurnalist Teymur Bayramovdur.
Fədakar alim, vətənpərvər ziyalı – Rasim Nəbioğlu-70
Filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, tənqidçi, şair-nasir, tərcüməçi, maraqlı bədii əsərlər müəllifi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, dosent, fəxri professor, Azərbaycan Yazıçılar Birliyinin, Respublika Jurnalistlər Birliyinin, Respublika Aşıqlar Birliyinin üzvü Rasim Nəbioğlu 70 illik yubileyi ərəfəsindədir. O, qədim Xızı-Bərmək mahalının övladıdır, Azərbaycanımızın şimal zonasında tanınmış səcərəyə- nəslə mənsubdur.
Ziyalılar hər zaman ölkənin inkişafına, dövlətin qüdrətinin artmasına, gənc nəslin milli ideya və vətənpərvərlik ruhunda yetişməsinə xidmət edən fəaliyyətləri ilə fərqlənirlər. Xüsusilə də, həm cəmiyyətin tərəqqisinə, həm də elmin inkişafına dəyərli töhfələr verən insanların fəaliyyəti nümunə təşkil edir. Onlardan biri də bütün ədəbi yaradıcılığı və fəaliyyəti bu parametrlərə tam uyğun gələn bu il, 2023-cü il martın 13-də 70 yaşını tamamlayan, ədəbi mühitdə Rasim Nəbioğlu imzası ilə tanınan Rasim Nəbi oğlu Qurbanovdur.
Rasim Nəbi oğlu Qurbanov 10 mart 1953-cü ildə Xaçmaz şəhərində anadan olmuşdur. O, 1969-cu ildə Siyəzən şəhərində orta məktəbi bitirmiş, 1972-1977-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis-Azərbaycan dilləri şöbəsində təhsil almışdır. Onun “Mahiyyət, təzahür” adlı ilk məqaləsi də 1972-ci ildə ADU-nun çoxtirajlı “Bilik” qəzetində çap edilmişdir.
Lakin Rasim Nəbioğlu peşəkarcasına 1978-ci ildən ədəbi-elmi, tənqidi fəaliyyətə başlayıb. Maraqlı budur ki, o özünü bu istiqamətdə dönməz fəaliyyətinə müsabiqə yolu ilə yarışın qalibi kimi yol vərəqəsi alıb. Azərbaycan Yazıçılar Birliyinin (Azərbaycan Yazıçılar İttifaqı) və bu birliyin ədəbi orqanı olan “Azərbaycan” jurnalında yaradılmış “Gənc tənqidçilər” studiyasının təşkil etdiyi müsabiqədə qalib olaraq özünü təsdiqləmiş, studiyanın üzvü kimi sürəkli ədəbi fəaliyyətə başlamış, irəlilədikcə ədəbi mühitdə ədəbiyyatşünas, tənqidçi, publisist, şair, esseist, tərcüməçi kimi çıxış edərək tanınmışdır…
Onun qələm məhsulları, yazdığı elmi, nəzəri-estetik, ədəbi-tənqidi məqalələri, tərcümələri, fəlsəfi, sosioloji və psixoloji məzmunlu ədəbi-bədii yaradıcılıq nümunələri APXDİ-nin (indiki ADU) çoxtirajlı “Bilik”, həmçinin, “Qurucu” (Dəvəçi rayonu – indiki Şabran), “Şəfəq” (Quba rayonu) qəzetlərində, “Azərbaycan”, “Литературный Азербайджан”, “Müasir mədəniyyətşünaslıq” jurnallarında və respublikanın digər elmi nəşrlərində, “Ədəbiyyat qəzeti”ndə, “Azərbaycan müəllimi”, “Respublika”, “Millət”, “Şəhriyar”, “Oğuz eli”, “Xalq qəzeti”, “Vətəndaş həmrəyliyi”, “Versiya”, “525-ci qəzet”, “Mədəniyyət” və s. mətbuat orqanlarında, habelə Ədəbiyyat İnstitutunun elmi nəşrlərində, Respublikanın elmi məcmuələrində, ABŞ-da, Rusiyada, İran və Türkiyədə, Orta Asiya respublikalarında çap edilmişdir…
Rasim Nəbioğlu ardıcıl olaraq respublika mətbuatında elmi, tənqidi, publisistik məqalə, tərcümə, esse, hekayə və s. janrlarda çıxış edir. Rasim Nəbioğlu mükəmməl təhsil görmüş, səmərəli fəaliyyət göstərmişdir. O, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına (qiyabi) daxil olmuş (1982), iki illik rejissorluq kursunu bitirmiş (1988-1990), Siyəzən Mədəniyyət Sarayında və məktəblərdə dram, bədii özfəaliyyət, qiraət, “Gənc qələmlər” dərnəklərinə və “Xəzər” ədəbi birliyinə rəhbərlik etmiş, Səməd Vurğun adına Rus Dövlət Dram Teatrında işləmişdir (1992). Rasim Nəbioğlu, həmçinin, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi işləməklə bərabər, 2007-2015-ci illərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində (indiki Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi) elmi katib, şöbə müdiri, habelə kulturologiya və sənətşünaslıq indeksləri üzrə Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının siyahısındakı “Müasir Mədəniyyətşünaslıq” elmi, metodiki, publisistik jurnalının elmi redaktoru kimi çalışmışdır. Onun bu fəaliyyəti həm də, Rasim Nəbioğlunu bir pedaqoq, mədəniyyət və mətbuat adamı kimi tanıtmışdır…
“Hüseyn Cavidin estetik idealı” mövzusunda (Elmi rəhbəri akademik Məmməd Cəfər) dissertasiya müdafiə etmişdir (1991), 1994-1997-ci illərdə doktoranturaya çıxmışdır. Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialında direktor müavini vəzifəsini daşımışdır (1995). Bəzi mətbuat orqanlarında və nəşriyyatlarda korrektor, müxbir, şöbə müdiri, elmi redaktor və baş redaktor olmuşdur.
Rasim Nəbioğlu 19 ədəbi-tənqidi, publisistik və tərcümə kitabının, həmçinin, 200-dən çox məqalənin müəllifidir. Qələm məhsullarında daha çox bədii-fəlsəfi ümumiləşdirmələrə meyl edən Rasim Nəbioğlu çox vaxt özünün sosial-etik və kulturoloji-estetik platformasından çıxış edir.
Onun “Hüseyn Cavidin estetik idealı”, “Vüqar Əhmədin yaradıcılıq yolu” monoqrafiyasının, bədii yaradıcılığını əhatə edən, “Dərəzarat” və “Xatəmül-Ənbiya” poemaları, şeirləri, esseləri, hekayələri və ingilis dilindən tərcümələri daxil edilmiş “Dərəzarat”, iki cildlik “Mədəniyyət. İncəsənət. Ədəbiyyat” adlandırdığı məqalələr toplusunun (2017,2021), “Aforizmlər və hikmətli sözlər”, “Bürclər taleyimizdən xəbər verir”, “İngiliscə-rusca-azərbaycanca danışıq kitabçası” kitablarının müəllifi, tərtibçisi və mütərcimidir…
Bu əsərlər sübut edir ki, Rasim Nəbioğlunun yaradıcılığını, ədəbi-elmi fəaliyyətini həmişə dinamik, axtarışda olan universal, çoxşaxəli, çoxspektrli, yaradıcılıq təsnifatına daxil edək… Onun yaradıcılığına nəzər salanda görürük ki, onun zəngin yaradıcılığı tarix, pedaqogika, mədəniyyətşünaslıq, həmçinin, estetika, etika, sosiologiya, psixologiya və s. bu kimi fəlsəfi elm sahələri ilə sıx bağlıdır. Başqa sözlə, Rasim Nəbioğlu müasir humanitar təfəkkürlü qələm sahibidir.
Rasim Nəbioğlu ingilis dilinin sirlərini yaxşı bildiyindən onun həm bu dildən tərcümələri, həm də Azərbaycan dilindən ingiliscəyə tərcümələri eləcə qənaətbəxş deyil, mükəmməldir və bu dili bildiyindən onu nəzəri görüşləri də, elmi-nəzəri mətnlərin ifadə texnologiyası da qərb nəzəri texnologiyasının səviyyəsi uyarındadır, stereotip deyil, tamamilə özününküdür…
Rasim Nəbioğlu ingilisdilli müəlliflərin şeir, hekayə və kitablarını Azərbaycan dilinə, Anar, Yusif Səmədoğlu, Əmir Pəhləvan, Ağarəhim Rəhimov və digərlərinin əsərlərini ingilis dilinə tərcümə etmişdir. Onun yaradıcılığında maraqlı hadisələrin biri də budur ki, «Ağ gün» adlanan hekayəsi Azərbaycan yazıçılarının Amerika Birləşmiş Ştatlarında ingilis dilində nəşr olunmuş hekayələrindən ibarət topluya (2013) da daxil edilmişdir. Qeyd edək ki, görkəmli Azərbaycan yazıçılarının həmin topluda verilmiş hekayələrinin bir qismini ingilis dilinə məhz Rasim Nəbioğlu çevirmişdir.
Onun ingiliscədən dilimizə etdiyi əsərlər də təqdirəlayiqdir… Dünyacan şöhrətli olan Uilyam Şekspirdən, Çarlz Makeydən, Lonqston Hyuzdan, Ceymz Törberdən, Corc Bernard Şoudan, Uilyam Həzlitdən və ingilis, ABŞ yumorundan elədiyi tərcümələr bu qəbildəndir. Onun tərcümələrin təqdimat mədəniyyəti və üsulu da xoşuma gəldi. Rasim Nəbioğlu lazım olan cəhətləri, mənbələri ətək yazısında şərh eləməklə bərabər, tərcümə etdiyi şeirlərin orijinaldakı mətnini də verir, müəlliflər barədə oxucularını məlumatlandırır… Bu, Azərbaycan tərcümə mədəniyyətinə gətirilən yenilikdir, örnək olası məsələdir…
Ümumiyyətlə, müstəqillik dövrü Azərbaycan tərcüməşünaslığında ciddi və səmərəli fəaliyyət göstərmiş, bacarıqlı mütəxəssis olaraq bu sahədə yetişən gənclərin elmi işlərinə elmi rəhbər, opponent, rəyçi, redaktor olmuş, habelə ingilis dili üzrə “Dərs vəsaiti”, “Testlər”, “Danışıq kitabçası, “İzahlı lüğət” yazıb çap etdirmiş, Azərbaycanın müxtəlif ali məktəblərində, universitet və institutlarında (Xəzər Universiteti, Pedaqoji Universitet, Tibb Universiteti, Lənkəran Dövlət Universiteti, Qərb Universiteti, Ali Qızlar Məktəbi, Fövqəladə Hallar Akademiyası, Milli Konservatoriya) filoloji-linqvistik və pedaqoji-metodiki fənlərdən, eləcə də etika, estetika, fəlsəfə, sosiologiya, kulturologiya və s. predmetlərdən mühazirələr oxumuş, dərs demiş, Cənubi Rusiya Humanitar Universitetinin (Rostov-Don) Bakı filialında “Dillər və ədəbiyyat” kafedrasının müdiri və dekan vəzifəsində işləmiş (1999-2006), həmin universitetin fəxri professoru seçilmiş və Avra-Asiya İnzibati Elmlər Akademiyasının (Moskva şəhəri) müxbir üzvüdür…
Yeri gəlmişkən, onu da qeyd edək ki, Rasim Nəbioğlunun elmi, nəzəri, ədəbi, tənqidi, pedaqoji fəaliyyəti həmişə diqqət mərkəzində olmuş, onun yaradıcılığı barəsində akademik İsa Həbibbəyli, Xalq şairi Sabir Rüstəmxanlı, professor Məmməd Əliyev, professor Məhərrəm Qasımlı, professor Adilxan Bayramov, Məmmədəli Mustafayev, tanınmış tənqidçi-ədəbiyyatşünaslardan Rəhim Əliyev, Vaqif Yusifli, Əli Rza Xələfli, Cingiz Qurbanoğlu, Qurban Bayramov, Qorxmaz Vəliyev, Fəttah Xalıqzadə, Şakir Əlifoğlu və digərləri maraqlı fikir və mülahizələr söyləmişlər…
Onu da xatırladaq ki, Rasim Nəbioğlunun və onun bir neçə həmkarlarının, qələm dostlarının elmi-nəzəri tədqiqlərində, tənqidi məqalələrində postsovet mərhələsinin ədəbi hadisəsi olan qərb nəzəri fikrinin axarına yaradıcı istinadlar müstəqillik dövrü ədəbiyyatında postmodernizm cərəyanının yaranan ünsürlərinin aşkarlanmasına kömək etmiş oldu.
Psixoanalitik təhlillə bağlı Ziqmund Freydə, arxetiplər nəzəriyyəsinə görə Yunqa, struktur-semiotik araşdırmalarda Klod-Levi Strossa, R.Brata, J.Jenetə, A.Qreymasa, T.Monroya, M.Fukoya, ədəbiyyat və ideologiya problemlərində T.Eqlitona, feminist ədəbiyyat məsələlərində Meggi Hummana, M.Eqlitona, bədii mətnin koqnitiv öyrənilməsində D.Axapkina, M.Bruna, A.Riçardsona, B.Boyda, postmodern ədəbiyyatla əlaqəli J.Lyotarda, G.Delezə, J.Deridaya, D.Kamperə və başqalarına istinad bu baxımdan diqqəti cəlb edir və Azərbaycan filologiyasına yeniliklə bərabər təzə nəfəs gəlir, yeni filoloji fikir istiqamətinin yaranmasına vəsilə olur, yeni yetişən filoloqlara istiqamət verir.
Rasim Nəbioğlunun elmi müşahidələri və tədqiqadları göstərir ki, Qərbin ədəbiyyat nəzəriyyəsi dərslikləri də istinad edilən mənbələr sırasındadır. R.Vellek-A.Varrenin, J.Kullerin, V.Qrassin, D.Karterin, P.Berrinin və s. ədəbiyyat nəzəriyyələri artıq tədqiqatlarda istifadə edilməkdədir. Bu isə nəzəriyyədə plüralizmi artırır və sovet ədəbiyyatı standartlarını dağıdır. Bu artıq ədəbiyyat nəzəriyyəsinə, filoloji fikrə müasir, aktual, inkişaf etmiş Qərb meyarları ilə yanaşmaq prinsipidir ki, bu prinsipin yaranmasında, inkişafında Rasim Nəbioğlunun dəyərli fəal, ardıcıl fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu həmdə çağdaş tənqid və ədəbiyyatşünaslığımızın yeni, modernist metedoloji əsaslarının yaranmasına xidmət edən bir ədəbi-nəzəri prinsipdir…
Mühüm və təqdirəlayiq cəhətlərdən biri də budur ki, Rasim Nəbioğlu özünü oxuculara şair və nasir kimi də təqdim etmişdir. Onun «Dərəzarat» (Bakı, 2013, 127 səh.) kitabına müxtəlif vaxtlarda qələmə aldığı yaradıcılıq nümunələri – «Xatəmül-ənbiya» və «Dərəzarat» poemaları, şeir və hekayələri, etüd və esseləri, habelə ingilis dilindən bədii tərcümələri daxil edilmişdir.
Rasim Nəbioğlu Hüseyn Cavid irsinin tədqiqatçısı kimi gözəllik və məhəbbətin yaradıcı qüvvə, bəşəriyyətin xoşbəxt gələcəyini təmin edəcək ali keyfiyyət olduğunu bildiyindən tədqiqatlarında olduğu kimi, hekayə və esselərində də, bu cəhəti xüsusi şəkildə qabarda bilir. Nəbioğlu əsərlərinin əksəriyyətində, əsasən də, esselərində idealı və antiidealı qarşılaşdırır və bu qarşılaşdırma effekti ona məzmunlu nəticə əldə etməyə kömək edir, sosial-etik və əxlaqi dəyərlər istiqamətində axara düşür.
Onun klassik ədəbiyyat, nəzəriyyə, bədii yaradıcılıq, gözəllik fəlsəfəsi və mədəniyyətşünaslıq məsələlərindən, həmçinin ictimai həyat, zaman, din, insan və cəmiyyət qayğılarından yazdığı “Hüseyn Cavid və “Topal Teymur” dramı”, “Cəfər Cabbarlının yaradıcılıq və həyat salnaməsi”, “Mikayıl Müşfiq: “Kainat olduqca”, “Səməd Vurğun: “Bizdə şeir də var, sənət də vardır…”, “2018-ci ilin ədəbi yekunu – nəzəriyyə”, “Zamanla üz-üzə”, “Ədəbiyyatda gözəllik aləmi”, “Akademik Məmməd Cəfər Cəfərov bir filosof, estetik kimi”, “Əmanətdar şəxsiyyət, söz-qələm sahibi (Əl Rza Xələfli – 65)”, “Epos və estetik ideal”, “Görkəmli alim, aşıqşünas və xəlqi şair – professor Məhərrəm Qasımlı”, “Xalq şairinin qələmli oğlu – Müşfiq Cabiroğlu” məqalələri bu qəbildəndir.
Bu cəhətdən biz onun elmi yaradıcılığı ilə bədii qələm məhsullarının ayrı-ayrı komponentləri arasında estetik ideal aurasında üzvi əlaqə olduğunu aşkar sezmək mümkündür. Ümumiyyətlə götürəndə, Rasim Nəbioğlunun yaradıcılığında, istedadında bir çoxşaxəlilik, polifonizm, universallıq özünü bariz şəkildə göstərir. Bu cəhəti onun qələm dostu, həmkarı, Əməkdar Mədəniyyət işçisi, tanınmış tənqidçi-ədəbiyyatşünas, professor Vaqif Yusifli belə təqdim edir: “Rasim Nəbioğlu üçün mövzu məhdudluğu yoxdur. O, klassik ədəbiyyatdan da yazır, müasir ədəbiyyatdan da, folklordan da, estetikadan da, mədəniyyət və incəsənətin müxtəlif problemlərindən ayrı-ayrı sənətkarların həyat və yaradıcılığından, teatr tamaşalarından da qələm çalır. Bu onu göstərir ki, Rasim Nəbioğlu hərtərəfli tənqidçi-ədəbiyyatşünasdır”.
Bir daha, xüsusi olaraq, türk qardaşlarımız demiş, “altını çizərək” qeyd edim ki, Rasim Nəbioğlu zəhmətkeş, istedadlı tənqidçi, ədəbiyyatşünasdır.
Alimin şəxsiyyət, cəmiyyət, idrak, təsəvvür, təxəyyül, ruh, vicdan, gözəllik, fəcilik, ülvilik, qəhrəmanlıq və s. bu kimi sosial-psixoloji və etik-estetik kateqoriyaları, anlayışları həm ədəbi-tənqidi, həm də bədii yaradıcılığa uğurla tətbiq etməsi onun elmi təfəkkürünün, təhlil mədəniyyətinin və tədqiqatçılıq vərdişinin mükəməlliyindən xəbər verir.
Əziz qələm dostumuz, həmkarımız Rasim Nəbioğluna bu 70 illik yubileyində ona hər şey üçün – onun insanlığı – ziyalılığı üçün, məhsuldar istedadı üçün, ölkəsinə məhəbbəti üçün, xalqının səadətinə bəslədiyi inam üçün və nəhayət, ədəbiyyatımızın, tənqidimizin, ədəbi fikrimizin bir məhsuldar nümayəndəsi kimi uzun ömür və uğurlar arzulayırıq.
30 mart 2023-cü il tarixində Azər Qaziyevin rəhbərlik etdiyi Mingəçevir şəhər 4 saylı məktəbin 2-ci sinifində şair-publisist Məmməd Mərzilinin iştiraklı ilə Ağdam rayonuna həsr edilmiş tədbir keçirilib. Sinif müəlliməsi Aygün Ağaquluyeva “müsahibə” formatında hazırladığı tədbir maraqlı və yaddaqalan olub.
Şagirdlərlə salamlaşandan sonra tədbiri açan Aygün müəllimə Ağdamın tarixi yerləri; imarət, Çörək muzeyi, teatr binası, Çay evi və sənaye müəsisələri haqqında məlumatlar verib. Sonra tədbirin əsas hissəsi-müsahibə başlayıb, uşaqlar hazırladıqları sualları M.Mərziliyə ünvanlayıblar. Şagirdlərdən; Fatimə Qafarlı, Nazim Qurbanlı, Zivər Şeyxova, Vilayət Həsənov, Zəhra Qədirova, Cahandar Abdullazadə, Zülfü Rzayev, Ruqiyyə İbrahimli və başqaları həm də əzbərlədikləri şeirləri söyləyiblər. Hüseyn Sadıqov sazda “Dilqəmi”ni ifa edib.
Sonda Məmməd Mərzili belə görüşlərin şagirdlərin dünyagörüşlərini artırmaq baxımından faydalı olduğunu, bütün məktəblərdə tez-tez keçirilməsinin vacibliyini vurğulayaraq, görüşü təşkil edən Aygün müəlliməyə və məktəbin direktoru Azər müəllimə təşəkkür edib.
Tədbirdən sonra uşaqlarla xatirə şəkilləri çəkdirilib. Fotolar:
AQİL ABBAS – 70 Qarabağın başqa adı… Aqil Abbası Google-də axtarışa versən, min yerdə rastına çıxar. Gerçək həyatda onu hər yerdə görməyimiz azmış kimi, heç demə,virtual aləm də bu qarabağlı balasıyla doluymuş. Aqil Abbasın janrını tapmaq müşkül məsələdi, sözün açığı. Tragikomediya… hə, bir az bu uyğun gəlir. İşğal günləri, bir də 1 aprel – Gülüş bayramı gözüm onu axtarır. Bu adam bir gözüylə ağlamağı, o biri ilə gülməyi bacarandı. Milli Məclis rəhbərliyi əgər onu oturan yerdə görübsə, xoşbəxt adamlardı. Aqil Abbas dizini qatlaya bilmir. Bu yaşa qaçaqovla gəlib çatıb. İstəsə, geri dönüb təzədən uşaq olar. Özü də yüyürə-yüyürə. Kolanı Məhəmməd kişinin oğlu. Ağdam cayıllarının dostu. Universitet tələbəsi. Məmməd Arazın kürəkəni. Bir neçə kitab müəllifi. “Ədalət”in sahibi. Yox, Ədalətin sahibi o deyil. Aqil Abbasınkı: qəzetdi, dəftərdi, qələmdi, davadı, torpaqdı, yazıdı, man…dat deyil. Ondan məmur olmaz. Heç hakim də! Məhkəmədə hamını götürüb yeyib-içməyə aparar, zərərçəkəni də müttəhimin sağlığına içməyə vadar edərdi. “Zakuska”sız-zadsız. Amma futbol məşqçisi olar. Rəqib komandaya elə söz deyər ki, topu buraxıb qaçarlar. Aqil Abbas lap cavan olanda qardaşını itirib. Evlərində onu ən çox Aqil Abbas ağlayıb, məncə. Bu günəcən də ağlayır. Bir yol nəşriyyat işçiləriylə dava eləyirdi. Onu sakitləşdirə bilmirdilər. Camaatın anasını ağladırdı: – Aqil müəl… – Mən müəlliməm, ə? – Aqil bəy… – Bəyin də … sənin də! – Aqil qardaş… – Adın nədi, başına dönüm? Aldığı cavabdan sonra öz anası ağladı… İçində dəyərləri olan və onu hamıdan xəlvət qoruyan oğuldu Aqil Abbas. Əsərləri də özü kimi bədahətdi, bakılılar demiş. O yazmır, deyir. Yazan operatordu. Aqil Abbas çox adamın xətrinə dəyib bu illərdə. Elə mənim də. Milli Qəhrəman Eldar Bağırovdan xüsusi buraxılış hazırlayanda çağırdı yanına. Mənə 6-7 işçi verdi. Dedi, başda özüm olmaqla hamı sənə tabedi. Tövbə, heç yazımı yığan olmadı. Bir gün, iki gün… axırda Aqil Abbasa dedim. Qoluma girib apardı operator otağına, dedi, niyə məni dostumun yanında biabır eləyirsiz, ay bu sizin… Dedi və getdi… Baxdım, “aboy” cırılıb, istədim xəcalətdən dalında gizlənəm. Otaqdakıların tükü də tərpənmədi. Mən o gündən bu adamla qurtardım. Rastlaşanda özünə dedim ki, bəs belə. Gülməkdən ürəyi getdi. Zəng vurub hamıya danışdı. Beləcə… barışdıq. Onu deyirdim axı, Aqil Abbas çoxunun xətrinə dəyib bu illərdə, ola bilsin. Küsən küsüb, amma heç kim nifrət eləməyib. Eləyən varsa, e-mail ünvanıma yazsın… …Hərdən dünyanın üzündən öpmək istəyirəm. Görürəm, basırıqdı – dünyanın üzünə tüpürürlər. Mənsə növbəyə girmək istəmirəm. Hərdən də dünyanın üzünə tüpürmək istəyirəm. Görürəm, qırğındı – dünyanın üzündən öpürlər. Dedim axı, növbədən zəhləm gedir. Gərək dünyanın: üzündən öpməyi də, üzünə tüpürməyi də bacarasan! Aqil Abbas kimi…
AQİL ABBAS – 70 Günəşə at çapan oğlan… Balacalar mətbəxdə qurdalanırlar yanımda. Qurdalanmaq həm də onları maraqlandıran suallar yaranıb deməkdir… Hər şey haqqında – atasının, əmisinin uşaqlığından, özlərinin evə gətirilməyindən, bizim onları nə qədər sevməyimizdən və… Birdən soruşurlar ki, babaları mənə evlənməyi necə təklif edib… Və harda? Niyə belə təfərrüatlar maraqlandırır onları? Mən də xatırlaya-xatırlaya danışıram… *** Universitetin uzun dəhlizi gəlir gözlərim önünə – pəncərəyə söykənib söhbətləşirik tələbə yoldaşlarımla… Boylanıb bizə baxan oğlan çəkir diqqətimi. İri gözlü, uzun qara kirpikli və bir az da yekəxana görkəmli… İlıq oktyabr ayıdır… 1979-cu ilin oktyabrı… Evimiz o zaman Lenin prospekti adlanan yerdə idi – indi o bina yoxdu. Söküblər… Axşam çağı ev telefonuna zəng gəlir (Zatən, o vaxtlar mobil rabitə mövcud deyildi). Tələbə yoldaşımdı – Mənsur Vəliyev – deyir ki, mümkündüsə yarım saatlıq aşağı, həyətə düşüm. Deyir ki, işi var mənimlə, söhbəti var… Atam rayona gedib, problem olmaz aşağı düşmək. İzah edim ki, mənim gənclik və yeniyetməlik dövrüm ağır məhbusluq zamanı idi. Əlbəttə, zarafatdı – amma hər zarafatın həm də bir həqiqət payı da var… Yəni, atam evdə olsaydı, mənim axşam vaxtı evdən aralanıb kiminləsə söhbət eləmək imkanım olmazdı, yəni, icazə verməzdilər. Anama deyirəm ki, tələbə yoldaşım gəlib, həyətdə gözləyir, işi var mənimlə. Enirəm həyətə və görürəm ki, həmin o iri gözlü, yekəxana görkəmli oğlan da Mənsurun yanında durub. Çox mütaliə etdiyimiz vaxtlar idi – Mənsur “Ədəbiyyat və incəsənət” qəzetində bir hekayə də göstərmişdi mənə “Şirinlik” adında. Müəllifi də Aqil Abbas idi. Belə tanımışdım iri gözlü oğlanı… İndi də bir anlıq tutuldum və baxışdıq. Yenə yekəxana ədayla Mənsura “Sən get” – dedi. “Bizim söhbətimiz var…” Həəə, o söhbətə başlayan davam edirik indiyə qədər… Noyabr ayında, ad günümdə (20 yaşım olurdu) qapının zəngini çalıb bir dəstə gül yapışdırıb qaçmışdı qapının dəstəyinə… Gülü götürdüm, anam tərs-tərs baxdı üzümə, qorxudan atdım balkona… Neçə gün qaldı orda… Aqilin də 26 yaşı vardı… Və gizli-aşkar görüşlərimiz də başladı o gündən sonra. Aqil də Kommunist küçəsinin o biri tərəfində “Elm və həyat” jurnalında işləyirdi. Mən dərsdən çıxanda baxırdım ki, hardadı? Bir də görürdüm özünü çatdırdı. Kommunist (indiki İstiqlaliyyət) küçəsində dərsdən çıxıb Lenin prospektinə evə gedirdik, pay-piyada… Yəni, birlikdə olmağa çox vaxtımız olsun deyə. Vaxt ən qiymətli anlam imiş. O vaxt anlamırdıq… *** İndi balacalar bəzi xatirələri canlandırdılar. Yadıma düşdükcə çoxunun da canlı olmadığını düşünürəm… Daha doğrusu, xatirələr canlıdı. İnsanlar sağ deyil, diri deyil. Elçilik, nişanımız, toyumuz… Evimiz olmasa da, evləndik. Ritualları yada saldıqca cəmiyyətin qiymətli, dəyərli insanları gəlir gözümün qabağına… Şair Şahmar Əkbərzadə, professor Firidun Hüseynov, yazıçı Faiq Dərgahov, Vaqif Bayatlı, Akif İslamzadə… İnqilab havası gəldi məmləkətə… Elçibəyi tanıdıq, İskəndər Həmidovla rastlaşdığım günü xatırlayıram… Aqillə İskəndər lap gənc yaşlarından dost idilər… İllər uçdu və vaxtı yeyilən ailələrdən biri də Rəna-İskəndər cütlüyü idi… Kitablar gəlməyə başladı evə – əvvəlcə jurnallarda çap olundu… “Ulduz”, “Azərbaycan”… Hə, bir də heç unutmuram, yeni romanını, “Ən xoşbəxt adamı” lap mətbəədən çıxardı çapdan baş redaktor… Xoşbəxtliyi çöndü elə bil. Sındı… Belə pərt görməmişdim. Zamanla çox oldu əlbəttə. Bilirsiz kim idi baş redaktor??? Əkrəm Əylisli! Həmin əsər bir neçə ildən sonra Respublika Komsomol mükafatına təqdim olundu və aldı da. Amma qəribədir, hamı hücum çəkəndə başını sığalladıqları susub dayandılar… Sınmağını da biz unutmuruq!!! Bir ömrü bir yazıya sığdırmaq nə çətin imiş… Fraqmentlər gəlir göz önünə… *** Sonra, sonra, sonra müharibə başladı və vaxt ora xərcləndi… 79-dan 89-a qədər nisbətən rahat yaşaya bildik. Nisbətən… Ev yox, pul-para yox, amma müharibə də yox idi… Qucağımda körpələrlə Ağdama gedişimizi xatırladım və Rəşad Məcidlə ilk tanışlığımı. Və o vaxtdan indiyə kimi bütün ağrılı və xoş günlərimizdə birlikdə oldular… Müharibənin acılarını da yanaşı yaşadılar… Müharibə isə vaxtımızı yedi, həm də Qarabağı – yerini-yurdunu bu qədər sevən biri üçün böyük yara idi. Az qala hər həftə Ağdama gedən bir insan, hər addımın, daşın-qayasın tanıyan bir insan 93-cü ildən ta İkinci Qarabağ savaşına qədər oraları görmədi… *** …Deyir, xəbər gəldi Ağdam işğal olunub, çıxıram rayona, zəng vurdular. Dedilər ki, camaat yollarda acından, susuzluqdan mələyir… Getdim çörək işinə baxan böyüklərin yanına, dedilər ki, ora yaxın zavodlara göstəriş verək, ordan götür… Getdim deyir həmin rayona, indi heç kim Ağdama getmək istəmir. Qorxurlar. Böyük pul təklif elədim, razılaşdı şofer. Evinə getdi, gəldi… Mənim də deyir dişim bağırsağımı kəsir… Nəysə getdik, bu şofer də nə tanıyır Qarabağı, aldatdım apardım ki, hələ Ağdam deyil… Çoxlu peçenye, su və çörək… Çatdıq Qərvəndə, gördük ki, Qərvənd-Bərdə yolu adamlar çılpaq, ayaqyalın, ac-susuz… Dünyanın ən Varlı Şəhərinin adamları mələşir… Gördük bir-bir paylaya bilməyəcəyik, başladıq maşından atmağa… Adamlar da havada tutur nə atırıqsa… Bunları hər xatırlayanda ağlayır… Uzaqlaşaq ağlamaqdan – məzəli söhbətlərimiz də çox olur… Deməli, bir hadisəni nəql eləyəndə o qədər təfərrüat qatır ki, söhbətə… Mənim iki dəqiqəyə anladacağım nəyisə o iyirmi dəqiqəyə danışır. Bayaqdan yol gedirik – qatarda unutduğu pencəyin xatirəsin danışır. Deməli, provodnik kupenin qapısını neçə dəfə döyüb, çayı nəynən gətirib, hansı stansiyada neçə dəfə dayanıb… Mən onun kimi danışa bilmərəm eeee… Hövsələm daraldı dedim – sonun danış görüm axırda nooldu??? Küsdü, susdu bir xeyli… Sonra yadından çıxdı ki, küsüb, yenə xatirə danışmağa başladı… Yol gedirdik… “Yoldu dana, uzanıf gedir…” Ələt postuna yaxınlaşanda uzaqdan gördüm ki, yəni, hiss elədim ki, bu serjant bizi saxlayacaq… Yoxsul göründük gözünə. Saxladı… Başladı əlindəki o nə deyirlər ona – orda qurdalanmağa. Biz də sakit baxırıq. Məşədi danışdı axır ki: – Ay oğul, nə axtarırsan? – Adın niyə burda yoxdu? – Maşın İradə İbrahimovanındı. – Həə? Sənin familiyan İbrahimovdu? Paaa, Məşədiyə belə söz haa? Sürdü getdi. Serjant da, qışqırır arxadan – əmi, dayan!!! Nəysə getdik, getdik, çatdıq Yevlax postuna. Təbii ki, saxladılar. Bir göyçək, tombuş, qırmızıyanaq serjant idi bu da. Məşədi soruşdu ki: – Nə qüsurum var, niyə saxladın? – Dayı, sənədləri yoxlayıram. Bu moment arxadan biri özünü hövlnak çatdırdı. – Aqil müəllim, fəxrimizsiz, bir qulluq, sağ-salamat, yaxşı yol… Bir xeyli iltifatlar… (Qanun pozmamışdıq haa, elə kefi istəyib saxlamışdı…) Yəqin, yuxarı heyətdən idi, ola bilər leytenant-filan… Yuxarı heyət adamları tanıyır adətən… Bəzən serjantlar da tanıyır, amma paxıllıqdan tanımayanlara yardım etmirlər… Deyirlər, qoy problem yaşasın… Hə, bir də əyalət serjantları “əmi, dayı, ağsaqqal” müraciətlərindən qurtula bilmirlər… Və əhalinin hamısı deputat deyil… Məşədi müraciəti təəccüb yaratmasın – sosial şəbəkələrdə Aqil Abbasa Məşədi deyirəm. Yəni, obrazın ismi Məşədidir… Məşədi danışıb mənə – deyir, Ağdamda “Qaz-51” şoferi vardı, axşam işdən sonra arvadını oturdurdu yanında, rayonda gəzdirirdi (Yəqin, qaranlıqda gəzdirirmiş). Bir gün də pambıq vaxtıymış, iclas gedirmiş, görüblər bir maşın siqnal verə-verə mədəniyyət evinin qabağından o baş-bu başa gedir. Soruşublar kimdi? Deyiblər filankəsin qardaşı (böyük vəzifədə işləyirmiş qardaş). İndi Məşədiynən Badamdardan Vergilər Nazirliyinə qədər gedib-gəlmişik. Sadəcə, siqnal vermədən. Ağdama kənddən ilk gəlişin danışıb – atam xalamgilə apardı, o da uşaqlarıyla birgə göndərdi uşaq bağçasına… Sən demə, orda da uşaqları zorla yatırtmaq kimi bir qayda varmış. Atam dalımca gələnə kimi ağladım deyir… Məzəli xatirələrə də ağlamaq qarışır, deyəsən… *** Yaralı xatirələr. Sevmirəm… Kütləvi olanda heç yox, ayrı-ayrılıqda… Ağaclar, kollar, duman basmış dağlar… Arada gözə dəyən əsgər, polis nəfəri… Tam şəkil yaranmır… Hava da sərindi – gəndalaş, itburnu, böyürtkən… Təbiət də vəhşiləşib… Və bizim doğma hesab etməyimiz üçün, xatirələrə qucaq açmağımız üçün orda, o xatirələrin içində doğma adamlar boy göstərməlidir… Gülablıya yol aldım – xaraba qalmış təbiət. Axmayan su… Dərilməyən meyvələr… Etiraz edir hər şey… Və bu etiraz diskomfort yaradır… Doğmalıq yaranmır… Ekskursiya yaxşıdı, amma yaralıdır… Kütləvi yaralı… Sınıqdı… Və həddindən artıq çoxdu… Hər gedib əl uzadanda yad görünür… Fikirlərim də dolaşıqdı…Uzun illər gərəkəcək bu dolaşığı çözmək… Evlərin tikilməyindən çox, minaların təmizlənməyindən çox… Məzarlıqda nə anasının, nə də qardaşının qəbrin tapa bilmədi… Müharibə onun xarakterində də başqa keyfiyyətlər yaratdı – elə bil, unutmaq istəyindən doğan və məni çox tədirgin edən. Fərqinə varmadan qadınlara və içkiyə meyil. Hərə bir yolla unutmağa çalışır… Qəribədi, heç getmək istəmədiyim bir yer idi ora… Amma ağrısını çox çəkdiyim. Yəqin ağrıdan bezmişəm. Ağrıdan qorxuram – başlayan kimi ağrıkəsici dərmanla qorunuram. Səhər ayıldım, hazırlaşmağa başladım. Evliliyimizin 40 ilin qeyd etmək, 40 ilin sərgərdanlığın silmək, 40 ilin olan-keçənlərin, ya da keçməyənlərin xatırlamaq… Ordan keçib harasa getdiyimi yadıma salıram. Sonra beynim imtina edir xatirələrdən. Körpənin birini qucağıma götürüb, o birini arabaya otuzdurub dalan uzunu getdiyim də gəlir gözümün qabağına, qonşunun qapını açıb mənə baxdığı da. Bayaq bu dağılmış küçənin, dağılmış dalanın, dağılmış barının, divarların yaxınlığında yol boyu gördüyüm şəhid şəkillərin də göz önünə gətirirəm. Üşəndirir bu mənzərə… Olmayan küçələr, olmayan evlər, olmayan şəhər. Adı qalıb ancaq… Bir də 40 illik ömür, toy günümüzdən bu günə qədər yaşatdığım, ya da içimdə dəfn etdiyim. Əslində, bu təsvirləri çox gördük, çox oxuduq. Olmayan olanlar… Olanı sevməyə nə var ki? Olmayanı nə edək? Yenidən yaranacaq, amma bu yeni şəhər olacaq. Yeni insan nəslinin yeni şəhəri. Hələlik isə dünyanın hər yerindən gələn qonaqlara köhnədən qalan türbələri, məbədləri göstərə bilirik. Deməli, tarix vacibdi. Tarixdə boşluq yarananda elə viranə evlərin boşluğundan bir fərqi yoxdu. Ağrı verir bu boşluq. Tarixin ağrısın kəsmək üçün qanın torpağa qarışmağı gərəkir… Ağ damır gözlərə ağrı çoxalanda… ***
Səyahətlərimiz çox olub… Bircə gəmiylə gəzməmişik… Avropanın, Asiyanın görməli yerlərində… İsveçrədə dağlarda şəlalələrə baxanda dedi ki: – Kəlbəcərə oxşayır… Mızıldandım, dilimi sürüyüb – həəə, – dedim… Yəni, Aqil üçün hər yer öz yurduna-yuvasına bənzəyişlə gözəldir… Mənimçün isə yaxın adamlarımla həmin yerlərdə keçirdiyim günlərlə… Sinqapurda onların yeməklərin yeyə bilmirdi – arıqladı bir xeyli qayıdanacan… Dedim bəlkə tısbağa yeyəsən??? İndi bu tısbağa sözü zarafat olub aramızda… Monteneqroda, əksinə, xoşuna gəlmişdi yeməklər – yəqin, türk nişanəsi çox idi, ondan… …İndi qeyd etməyə hazırlaşdığım 70 illikdə düşünürəm ki, vaxtımızı yeyən bu ağır dövrlərdə qarşımıza çıxan yaxşı insanlar da çox olub… Yollarımız çox olub… Gözəl yollarımız… Arzum budur – yollarımız bitməsin, yaxşı insanlar tükənməsin… Hər zamanın yeni insanları çıxır qarşımıza. Zarafatla deyirlər ki, Məşədi patronu (yəni, məni) yanıbalalı alıb, bizi də yük edib özünə… Yazının adın qoymağa da onlar kömək etdilər. Dedilər, onun obrazıdır…
Ad gününü qeyd etdiyimiz günlərdən biri idi – bacım zəng elədi, dedi ver telefonu Aqili təbrik edim… Telefonu götürən kimi – Şəlalə, bax, yaxşı ki, doğulmuşam. Yoxsa bacın qalardı evdə – dedi… Əlbəttə, yaxşı ki, doğulmusan… Böyük bir ailənin, tayfanın, yurdun ağsaqqalı… İri gözlü, uzun kirpikli oğlan… Allah möhlət versin – Ağdamda qəhərlə yox, ürəyi şad rəqs edəsən… Balacalar böyüsün!!! Günəşə at çapan oğlan!!!
Sual : “Biz özümüzün kim olduğunu özümüzə belə etiraf etmək istəmirik”,- deyir Kənan Hacı. Eyni zamanda mənimlə səmimi söhbətə razılıq verir. Sizcə səmimi söhbətimiz alınacaqmı? Cavab: Mən bütün həyatım boyu dəfələrlə səmimiyyətimin cəzasını çəkmişəm. Amma düşünürəm ki, səmimiyyət insan üçün rahatlıqdır və əlbəttə, səmimiyyət sadəlik kimi gözəl və ali xüsusiyyətdir. Sual:Kənan Hacı kimdir? Bu “Səmimi söhbətin” ənənəvi sualıdır. Cavab: Mən bu suala yazdığım mətnlərdə cavab verməyə çalışmışam. Nə dərəcədə nail olmuşam, bilmirəm. Əslində, bu, “həyat nədir” sualı qədər mürəkkəb bir sualdır. Ağacdan soruşursan ki, yarpaq nədir, havadan soruşursan ki, külək nədir. Qazandıqlarım (əgər varsa) Allahın lütfüdür. Bundan artıq özüm haqqında nə deyə bilərəm? Başqalarının gözündə mən kiməm? Bu, mənim üçün daha maraqlıdır. Sual: Yaradıcılıq həyatınızı üstələmir ki? Yaşamağa vaxtınız qalırmı? Cavab: Yaradıcılıq elə yaşamaq deməkdir. Yaradıcılığa hobbi kimi baxan adamların sənət anlayışı kökündən səhvdir. Sual: “Yaradıcı olmaq üçün Bir az mutsuzluk da önşərtdir”- deyir Serdar Turqut. Siz də belə hesab edirsiz? Bütün yaradıcılar mutsuzlarmı? Cavab:Sizin nəyi nəzərdə tutduğunuzu anlayıram. Bəlkə əksinədir? Bütün yaradıcılar elə yer üzünün ən xoşbəxt insanlarıdır? İnsan xoşbəxt və ya bədbəxt olduğunu müəyyən edə bilməz. Bu, insanın həmin anlayışlara baxışından asılı olan bir məsələdir. Şair demiş, bəlkə də xoşbəxtik, xəbərimiz yox… Sual: Həyatınızda və yaradıcılığınızda bir maraqlı şəxsin iştirakı olub. Bu haqda nə deyə bilərsiz? Cavab:Həyatımda həlledici rol oynayan insanlar olub. Mən həmişə o insanları minnətdarlıq hissiylə xatırlayıram. Mənim ədəbiyyata sevgim anamdan gəlir. O, ədəbiyyat müəlliməsi idi və uşaqlıqdan mənə kitaba, mütaliəyə sevgi hissi aşılamışdı. Mən kitablar aləmində böyümüşəm. Kənd yerində oğlan uşaqlarının tərbiyəsiylə məşğul olmaq çox çətindir. Məhəllə mühiti qeyri-sağlam olanda uşaq təsir altına tez düşür və əksər hallarda valideynin uşağı o mühitdən ayırmağa gücü çatmır. Mən kənddə oğrusundan, əyyaşından, avarasından tutmuş hər cür insanlar gördüm, valideynlərimin tərbiyəsi ətrafımda bir çəpər yaratmışdı və məni zərərli vərdişlərdən, pis əməllərdən qoruyurdu. Anam müəllim karyerasının üstündən xətt çəkib bütün həyatını mənə sərf etdi. Oxuduğum kitablar da məni müəyyən mənada xilas etdi. Heyif ki, valideynlərim sonrakı uğurlarımı görə bilmədilər. Jurnalistikaya gəlməyimdə rəhmətlik ensiklopedist alim Rəhimağa İmaməliyevin böyük rolu olub. Mətbuatda ilk yazılarım onun xeyir-duasıyla çap olunub. Sual: Çox məlumatlısınız. Dünya ədəbiyyatı, dünya incəsənəti ilə tanışsınız və sanki sizi bu qədər məlumat da qane etmir. Nə axtarırsınız? Cavab: Axtarış ehtirası insanı həyata bağlayan ən vacib məqamdır. Mən sadəcə, öz işimlə məşğulam. Bu işin adı axtarış da ola bilər. Bu axtarış insanın ömrünə məna qatır. Yoxsa yaşamaq çox çətin olar. Sual: Maler o qədər də çox dinlənilən bəstəkar deyil. Yəni Şopen, Bethoven, Vaqner deyil. “Onu dinlədikdə sanki tanrı yorğun düşmüş ürəyinə əbədiyyət laylası çalır,”- deyirsiniz. Sizin musiqi duyumunuz bu qədərmi fərqlidir? Musiqi sizin üçün nədir? Cavab:Bizim ailəmiz musiqiyə çox bağlı olub. Dayım oğlanları da musiqiçidir, anam da muğamı mükəmməl bilirdi. Yeri gəlmişkən, deyim ki, mənim musiqi təhsilim də var. 19 saylı Musiqi Məktəbinin qarmon sinfini əla qiymətlərlə bitirmişəm. Hər gün evimizdə muğamat səslənib və bütün bunlar mənim ruhuma hopub. İndi də saatlarla muğam dinləyirəm. Amma Şopen və Maler düşüncənin fərqli qatıdır. Mən zehni yorğunluq zamanı o musiqini dinləyirəm və sanki yer üzündən tədricən qopub mistik bir məkana düşürəm. Ordakı dinclikdə Allaha nəfəs qədər yaxın olursan. Hər halda belə bir hislər keçirirəm. Sual: Tarkovski adi deyil, fərqlidir və düşündürəndir. Sizin “Tarkovskinin bütün filmlərinin mənbəyi yaddaşdır” sözlərinizlə tam razıyam. Yaddaşınızdakıları silmək istəyərdiz yoxsa qoruyub saxlamaq? Cavab: Yaşadığımız ömür sonda yaddaşdan ibarət olur. O yoxdursa, sən də yoxsan. Bəzən ondan xilas olmağa çalışırsan, bəzən naməlum gələcəyin qorxularından qaçıb ona sığınırsan. Bu haqda geniş bir essem də var. Yaddaş əslində sürüşkən, ələgəlməz bir məfhumdur. Biz yaddaşımızı itirəndə ölürük. İnsan yaşadığı ömürdən heç nəyi silə bilməz, o, buna qadir deyil. Bütün yaşananlar bizim taleyimizdir. Bir sözlə, yaddaş relikviyası son nəfəsimizəcən bizimlədir. Sual: Van Qoqu mən də çox bəyənirəm. Rəsmləri ilə yanaşı həyatı da maraqlı və adi deyil. Niyə məhz o? Nədir sizi Van Qoqa bağlayan? Onun işlətdiyi rəngləri sevirsinizmi? Cavab: Məni Van Qoqa bağlayan onun yaşadığı həyatın faciəviliyidir. Və bir də rəsmlərindəki bolluca işıq. Həyatındakı tünd boyalara rəğmən rəsmlərindən həyat eşqi fışqırır. Bax, bu təzad məni Van Qoqla doğmalaşdırır. Sual:İnsanı həyatdan kitaba gətirmək asandır,- deyirsiniz Qəhrəmanlarınız həyatdan gəlib kitablarınıza? Cavab: Bütün kitablar həyatın köçürülmüş üzüdür. Həyat olmasaydı, kitablar necə yazılardı? Bu gün həddən artıq çoxlu kitablar yazılır. Qədim Misir apokriflərində belə bir fikir var, insanlar həqiqətdən uzaqlaşdıqca kitabların (kitab yazanların) sayı artacaq. Bu fikir son zamanlar məni həddən artıq məşğul edir. Söz Allahın əmanətidir, onu yalanla kirləndirmək olmaz. Baxın, kitablar çoxalır, oxucular azalır. Bu paradoksu nəylə izah etmək olar?! Sual: Yazıçı özünü bədii əsərlərindən daha çox xatirələrində gizlədir. Bu da sizin sözlərdir. Sizcə niyə? Cavab: Ola bilsin nə vaxtsa belə yazmışam. Amma yazıçının gizlənməyinə ehtiyac yoxdur. Çünki hər söz, hər cümlə onun beynində yaranıb, sonra kağıza köçürülür. Yazan adam hansısa obrazı yaradanda da əslində özünü ifadə edir. Başqa cür mümkün deyil. Mən əksinə, bəzi hallarda hekayələrimdə acı həqiqətləri çılpaq formada yazmışam. Buna görə bəzən qınaq obyektinə də çevrilmişəm. Mətndə mənim üçün heç bir qadağa yoxdur. Çox insanlar var, özlərinə uydurma tərcümeyi-hal düzəldirlər. Bəli, məhz düzəldirlər. Mənim həyatımda həddən artıq ağır məqamlar olub, mən bunları da çılpaq formada yazmışam və qətiyyən utanmamışam. “Sonuncu dərviş” romanında mən həyatımın bütün gizlinlərini açmışam. Bu, mənim taleyimdir və Allahın yazısına müdaxilə etmək olmaz. Sual: Sizin “Ədəbiyyat” qəzetində çap edilmiş bir yazınız məni yaxşı mənada heyrətləndirdi. Rus ədəbiyyatının müxtəlif dövrlərini ustalıqla qələmə almısınız. Hardandır bu sevgi? Yoxsa sadəcə, müşahidədir? Cavab: Məndə rus ədəbiyyatına marağı gümüş dövr şairləri yaratdı. Mandelştam, Anna Axmatova, Marina Svetayeva, Pasternak və sair. Onlar həm də faciəvi taleləri ilə böyükdürlər. Poeziya ilə həyatın sərhədində yaşamış bu fikir zadəganları mütəmadi olaraq mənim ədəbi düşüncələrimi qidalandırıb. Əslində orta məktəbdə Lermontovu, Puşkini o qədər də sevməmişəm. Açıq deyirəm. Amma Yeseninin şeirləri məni həmişə cəlb edib. Xüsusən, “Qara adam”ı. Zaman-zaman bu poemanı dəfələrlə oxumuşam və uzun müddət məni öz cazibəsində saxlayıb. Mayakovskinin “Şalvarlı bulud”u da həmçinin. Ara-sıra tərcümələr də edirəm. Rus yazıçısı Andrey Platonovun hekayələrindən ibarət bir kitab hazırlamışam, yaxın günlərdə “Qanun” nəşriyyatında çıxacaq. O yazı isə spontan şəkildə alındı. Brodskinin şeirlər kitabını oxuyurdum, qəfildən belə bir yazı yazmaq istəyi yarandı və oturub yazdım. Sual: Günəşə qar topası atmısınız.Sonra da Bəlkə məni bu qışdan Sən özün çıxarasan Üstünə günəş düşən Qar kimi yumşalasan…- demisiniz. Məncə, burda bir təzad var. Deyilmi? Cavab: Ola bilər. Həyat necədirsə, hiss, duyğu da elədir. Təzad bizim mahiyyətimizdə var. Sual: Arzularının qurbanı olan qadınlar var… Xəyallarının qurbanı olan qadınlar var… Ağ atlı oğlanın qurbanı olan qadınlar var.. Və… unudulan qadınlar var. Bu sizin sözlərdir. Bütün bunlara səbəb kişilər deyilmi? Cavab: Tez-tez qurbanların yeri dəyişir. Qadınla kişi bir-birini tamamlamayanda hər iki tərəf qurbana çevrilir. Səbəbi təkcə kişilərdə axtarmaq məsələyə birtərəfli yanaşmaqdır. Ən asan iş kimisə günahlandırmaqdır. Məsuliyyət və sevgi olmayanda qadın da, kişi də qurbana çevrilirlər. Sual: “Tale elə qadın sözünün sinonimidir”- deyirsiniz. Maraqlı fikirdir. Bir az açıqlasaq? Cavab: Bu fikir də hansısa kontekstdə yazılıb. Əslində həyat da qadın sözünün sinonimi kimi işlənə bilər. Həyat və tale bir medalın iki üzüdür. Hər ikisində qadının imzası var. Belə… Sual: Azadlığını itirmək istəməyən bütün qadınları sonunda dəhşətli peşmançılıq gözləyir. Cəmiyyət də qadın kimidirmi? Cavab: Cəmiyyət tamamilə başqa kateqoriyadır. Bir toplum azad deyilsə, məhvə məhkumdur. Qadın azadlığı isə başqa meyarlarla ölçülür. Bəzən bu ifadə təhrif olunur və əxlaqsızlıq kimi başa düşülür. Bu mövzu üzrə mütəxəssis olmadığım üçün geniş fikir bildirmək həddində deyiləm. Sual: “Hiyləylə, kələklə dolu dünyanın içindən sakit bir çay kimi axıb gedə” bilirsizmi? Cavab: Dünya ilə çoxdan barışmışam. Sual: Ən çox nədən qorxursuz? Cavab: Doğmaları itirməkdən. Sual: Əgər siz mənə sual verəsi olsaydınız, məndən nə soruşardınız? Tam səmimi. Cavab: Rus poeziyası haqqında yazdığım yazıya reaksiyanız məni sevindirdi. Qoy elə sual da bu mövzuda olsun. Rus poeziyasında ən çox sevdiyiniz şair kimdir? Sual: Rusiya poeziyası fərqlidir. Bunu dünya poeziyası, xüsusilə şərq poeziyası ilə tanış olanlar yaxşı bilir. Bəlkə bir qədər qəribə səslənəcək, amma mən o qədər də çox şeir yazamayan bir şairin adını çəkəcəm. Çox sevirəm onun şeirlərini. Hətta cürət edib Azərbaycan dilinə də tərcümə etmişəm bir neçəsini. Bu Leonid Filatovdur. Kənan bəy, dəvətimi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm və yeni yaradıcılıq uğurları arzsu edirəm. Cavab: Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Əziz dostlar, hörmətli oxucular, bizimlə bir yerdə olduğunuza görə hər birinizə təşəkkür edirəm. Güman edirəm ki, söhbətimiz səmimi alındı.
…Əsgər haqqında ballada… Nədir yenə, ümman kimi, çalxalanıb, coşdun, ürək? İçindəki bu təlatüm, bu oyanış de nə demək? Həsrətdənmi, nisgildənmi, Ürək, yenə çağlayırsan? Anasına həsrət qalmış, Körpə kimi, ağlayırsan… İçindədir; ümid adlı, qığılcımın od-alvu, tərslik etmə, dəli könül,
intizara alış, yovu!!! Həqiqətlər qarşısında, Biz gücsüzük, biz heç nəyik, Dinlə məni deyim, ürək, Biz nəçiyik; şan-şöhrətli,
– “hüququndan keçmiş əsgər”, həmdəminə həsrət canıq, bəzən canlı, bəzən cansız, biz “robotuq”, biz “əşyayıq”… Bu torpaqdan yoğrulmuşuq, Bu torpaqdan doğulmuşuq, Yardan əfsəl, anamızın Qulluğuna buyrulmuşuq!!! 15.04.1995. Marağa.
QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna… * * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı.
“DÜNYA BİR PƏNCƏRƏDİR…” (Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)
“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş… De, heç vaxtın oldumu, pəncərədən baxmağa, Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq… Yuxunu görmək üçün vaxt lazımdı yatmağa, O da, Sən də yox idi, işin-gücün çox idi… Çoxunun gözü ackən, Sənin gözün tox idi… * * * Yuxusuz gözündəki bu hüzn nədi, qardaş??? Yeddi ürək lazımdı, baxışına baxmağa, Qəlb adlı əzamızı, qan vurmağı saymasaq… Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa, O ürək Səndə idi, baxışların ox idi… Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi… * * * “Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş…. Yaradan yaratmışdı, Səni oyaq qalmağa, Ayaqüstü, sırada, göz qırpmağı saymasaq… Yaranmışdın süzməyə, yaranmışdın dalmağa, Düşüncə, dərin ümman, zehin, iti ox idi… Çoxunda beş-beş olan, Səndə biri yox idi…. * * * Damarda coşdu qanın, ürək dözmədi, qardaş… Dizindəki təpərin bəs eylədi qalxmağa, Dostlarının toyunda oynamağı saymasaq, Toy-düyün də görmədin, oturmağa-qalxmağa, Ərgənlənmiş ər idin, bəy otağın yox idi… Çoxu sayın bilmirdi, Sənin biri yox idi… * * * İgid oğlu, ər idin, bilənlər bilir, qardaş… Sənin etdiklərini ehtiyac yox saymağa, Arada qəmli-qəmli bu baxmağı samasaq, Eyibin də yox idi, barmaq ilə saymağa, Yan-yörədə bildiyin, nacis, naqis çox idi… Bilən bilir qardaşım, Sənin mislin yox idi…. 21.01.2018. Bakı.
ŞƏHİD HAQQI (Mübarizlərin ruhu qarşısında borcluyuq…) Hər bir gedən şəhidin haqqı var boynumuzda, Onlara borclu olan bir can var qoynumuzda, Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə, Əgər biz unutsaq da, dövran bunu unutmaz… Bu yara hey su verər, zaman onu qurutmaz… * * * Bu bizim şakərimiz, həp şikarı unutmaq, Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq, Cismimiz oyansa da, layla deyib uyutmaq, Bir gün biz istəsək də, dövran bizi oyatmaz… Biz yatmaq istədikdə, zaman bizi uyutmaz… * * * Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz, İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz, Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”, Bu qədər bivec ata, yada ki, qardaş olmaz… Vallah, atam-qardaşım bundan vacib iş olmaz… * * * Hər şeyi yükləmişik, Lazım bəyin belinə, Zalım oğlu zalım da qüvvət verib dilinə, Heç kimsə razı olmaz, bir quş səkə gülünə, Bəs bu dağlarda yatan gül balalar kimindi?! Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?! * * * Dəstəklərə yazılı, neçə-neçə adımız, Qundaqlara qazılı, sezilməyən ay-ulduz, Nişan durub, gözləyir; birdən düşər yolumuz, Gəlin, o nişanların gözün yolda qoymayaq… Bu işi, bu gün görək, sabaha saxlamayaq… * * * Bu işin bir yolu var, göstəribdi Mübariz! Torpaq bizim Vətənsə, düşməlidi izimiz. Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz. Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!! Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!! * * * Dəli bilirlər bizi, doğruldaq adımızı, Dost özün göstərəcək, tanıyaq yadımızı, İllərdir su vermişik, püskürək odumuzu, Belə yaşamaq olmaz, bilməliyik hamımız!!! Mübariz gedən yolu, getməliyik hamımız!!! 03.08.2019 – 19.06.2020. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
CAN AY ANA… (Milli Qəhrəman Polad Həşimovun anasına) Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular, Bu baxışda min vaizin xütbəsi… Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. Bakı.
DAĞLAR (Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar! * * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar! * * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar! * * * Xətai qırmadı könül bağını, Nadir unutmadı hicran dağını, İlhamın silahı əzdi yağını, Dəmirdən yumruğun mübarək, dağlar! * * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar! * * *
Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar! * * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! 22.01.2021. Bakı.
O GÜN (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * *
Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin “Zəfər yolçuları” kitabı İslambulda Türk Ədəbiyyatı Vəqfinin “Turay” kitab yayın evində nəşr edilib.
Adı çəkilən əsər taleyimizə yazılan qanlı-qadalı Qarabağ savaşının başlanğıcından 44 günlük Vətən müharibəmizədək olan bir dövrü əhatə edir. Zemfira Məhərrəmlinin sayca 17-ci kitabında işğal illərində yaşadığımız iztirab və kədərdən, uzunillik mücadiləmizdən, intizarında olduğumuz böyük Qələbəyə yetmək üçün çarpışan, canından keçən oğul və qızlarımızın hünərindən, hər birimizə böyük coşqu və sevinc bəxş edən möhtəşəm Zəfərimizdən bəhs edən bədii və sənədli hekayələri toplanıb. Baş verən olaylar bu ədəbi örnəklərdə təkcə bədii boyalarla təsvir edilmir, həm də ağrılı və qürur doğuran tariximiz oxucu yaddaşına ötürülür.
“Zəfər yolçuları” kitabında Birinci Qarabağ savaşı dönəminə məxsus olan nəslə vurulmuş psixoloji zərbələr, erməni işğalçılarının törətdikləri ağlasığmaz vəhşiliklər, Vətən, hərb tariximizin sinəsində açılmış çalın-çarpaz şırımlar, həmçinin millətimizə xas olan yurd sevgisi, müdrik Sərkərdəmizin, Ali Baş Komandanın rəhbərliyi ilə əsgər və zabitlərimizin bir yumruq tək birləşərək göstərdiyi qəhrəmanlıq, hünərvər qazilərimizin, al qanı əzəli torpaqlarımıza səpələnmiş şəhidlərimizin, rəşadəti dolğun və əhatəli əks etdirilib.
Kitabı Türkiyə türkcəsinə tanınmış türk yazarı, şair-publisist İmdat Avşar çevirib.