Etiket arxivi: POEZİYA

ZAUR USTAC – NÖVBƏTÇİ XƏSTƏ

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

NÖVBƏTÇİ XƏSTƏ
(hekayə)
Uzun müddətli bayram tətili, yağlı yeməklər, qoz-fındıq, şəkərbura, paxlava üstəgəl olduqca müxtəlif çeşidli şirniyyatlar öz işini görmüşdü.
Artıq aram-aram üzü 70-ə doğru gedirəm. Necə deyərlər, yaş o yaş deyil…
2018 – ci il mart ayının sonları, daha dəqiq desək, martın 28-i idi.
Adətim üzrə səhər saat 10:00 atıq iş başındayam. Təzəcə kabinetə keçib, öz yerimdə oturmuşdum ki, bu gün telefonlara cavab verəcək qızlardan biri qapını döydü:
– Buyurun! Gəlin!
– Olar, Kərim müəllim?
– Ta gəlmisən də.
Gələn təzə işə götürdüyüm Aydan idi. Universitetlərin birində rus dili müəllimi ixtisasına yiyələnirdi. Ailə vəziyyətləri elə də yaxşı deyildi. Gündəlik yemək və geyim ala bilmək üçün işləməyə məcbur idi. Bu qız elə ilk gündən diqqətimi cəlb eləmişdi. Açıq fikirli, diribaş qız idi. Bu adam “yox” deməyi sevmirdi. Qəbul otağındakı telefonlara cavab verən qızlar hər gün dəyişir və hamısı bilirdi ki, mən gəlib kabinetə keçən kimi təzə dəm, qaynar, pürrəngi çay masamın üstünə gəlməlidir. Aydan da yeni olmasına rəğmən səliqəli şəkildə ustalıqla masanın başına dolanıb, çayı qoyduqdan sonra qarşımda 2-3 dəqiqə ərzində əl çatan məsafədə dayanıb qəndqabını və masadakı müxtəlif əşyaları yerbəyer edib, bir az da tərəddüd içərisində çıxıb getdi. Qapını örtüb çıxanda qızın üzündəki ifadə mənə qəribə gəldi. Özümü bir az günahkar kimi hiss elədim. Qız gedəndən sonra anladım ki, nəsə məndə dəyişiklik baş verib. Vəziyyətim yaxşı deyil. Elə bil bədənim tamam ağırlaşmışdı. Bədəncə dolu adam olsam da, yaşıma görə qıvraq idim. Bu gün nəsə heç həmin adama oxşamırdım. Çox sıxılırdım. Sanki indicə nəfəsim dayanacaq. Aydanı yenidən çağırdım. Gün üçün vacib tapşırıqları verib, ofisdən çıxdım. Ailə həkimimizə zəng vurub, vəziyyəti dedim. Məsləhət gördü ki, vaxt itirmədən “Respublikaniski”də Məmməd həkimin yanına gedim, o baxsın. Mən də elə işdən maşına minib birbaşa gəldim Məmməd həkimin yanına. Məmməd həkim ora baxdı, bura baxdı. O tərəfə çevirdi, bu tərəfə çevirdi. Kürəyimi yumruqladı. Qarnımı kəsmələdi və dedi:
– Müəllim, kalan su yığılıb. Yüngül dava-dərmanla, evdə müalicə ilə keçən şey deyil. Mütləq “Semaşko”da müalicə almalısınız.
Mən razılaşmayıb deyəndə ki, a kişi, mənim işim-gücüm var, gedib xəstəxanada yata bilmərəm… Həkim, -“özünüz bilərsiniz, vəziyyət belədir,”- deyib durdu.
Mən dedikcə ki, su nədir? Bu su hara yağılıb? Mən elə anadangəlmə belə doluyam. O, “xeyr, elə deyil! Bax bura, – qarnımın üstünə kəsmə vura-vura, – 5-6 litr su yığılıb”,- deyir.
Qaldım məətəl… Çar-naçar Məmməd həkimdən göndəriş alıb getdim “Semaşko”ya. Maşını xəstəxananın həyətində saxlayıb qalxdım qəbul şöbəsinə. Göndərişi alıb qeyd etdikdən sonra ora göndərdilər, bura göndərdilər. Hamısı da pul. Günün axırında məlum oldu ki, həqiqətən bədənimə 5 litrdən artıq su yığılıb. Mütləq xəstəxanada yatıb müalicə olunmaq lazımdır. Ancaq xəstəxanada boş yer yoxdur.
Əvvəlcə elə bildim nəyisə düz eşitmirəm. Həkim “ən azı 10 gün” deyəndə bütün ağrılarım keçib getdi və mən:
-Həkim, mənim işim-gücüm var,- dedim
Həkim isə gözlərimin içinə baxaraq:
-Siz mütləq stasionar qaydada müalicə olunmalı, xəstəxanada ən azı 10 gün qalmalısınız. Vəziyyətiniz çox ağırdır. Başa düşürsünüz bütün bunları?
– Xeyr, başa düşə bilmirəm. Siz deyirsiniz ki, burada qalıb müalicə olunmalıyam. Bunlar deyir ki, boş yerimiz yoxdur. İndi mən necə edim, kimə inanım?
– Yer məsələsini onlarla həll edin. Mən yer işinə baxmıram. Mənim işim növbəti 10 gündə sizi müalicə etmək olacaq, – dedi və qapının ağzında duran iki nəfər qəssaba oxşayan, qırmızı sifət, boynu yoğun ağ xalatlı kişini göstərdi:
– Onlar deyirlər, boş yer yoxdur. Görün digər xəstələr necə yer tapırlar, siz də elə edin.
– Ay həkim, işim-gücüm tökülüb, qalıb. Buraxın gedim. Gündə neçə dəfə desəniz gələrəm müalicə edərsiniz.
– Elə olmaz, – dedi və kiməsə daxili telefonla zəng etdi. Mənim də eşidə biləcəyim tonda xəttin o başında kobud qadın səsi: – Qoy “səkkiz”ə yazsınlar, “səkkiz”ə, – deyirdi.
Nəsə, məni bir az da sorğu-sual etdikdən sonra yazdılar 8-ci otağa. Özüm öz ayağımla, ağlım başımda gəldim 8-ci otağa. Otaq, nə otaq. “Bindujnik”. Qapı-pəncərə yox kimi. İçəridə yel vurur, yengələr oynayır. İki çarpayılı dar-düdtək bir otaq. Çarpayının birində arıq, qoca bir kişi sakitcə uzanmışdı. Elə mən içəri girən kimi kişinin ah-naləsi başladı, nə başladı… Kişi bir zarıyır, bir zarıyır. Üzü də hardansa mənə tanış gəlir. Amma heç cür yadıma sala bilmirım ki, onu harada görmüşəm. Nəsə, yenidən 1 manat ona, 5 manat buna, döşək pulu, mələfə pulu, paltar pulu, sanitar pulu, qapıçı pulu, zir pulu, zibil pulu, “qa” deyənə dən, “qu” deyənə su verdikdən sonra zəng edib oğluma vəziyyəti bildirdim. Dedim ki, axşam gedib ofisi bağlayandan sonra yanıma gəlsin.
Xəstəxana paltarını geyinib yerimə təzəcə uzanmışdım ki, digər çarpayıda uzanmış qoca kişi zarımağa başladı. 5-10 dəqiqə keçdikdən sonra hiss etdim ki, mən bunun zarımağına fikir vermədikcə bu daha ucadan, ah-vayla qışqırmağa başladı. Kişi bir qışqırır, bir qışqırır, gəl görəsən. Görməyən də deyər bəs ətindən ət kəsirlər. Elə bu hayhahayda oğlum gəlib çıxdı. Mən ondan işi-gücü soruşub arxayın olduqdan sonra, o da məndən vəziyyətin nə yerdə olduğunu soruşdu. Başıma gələnlərin hamısını bir-bir danışdım. Qoca kişinin ah-vayından yarısını eşitdi, yarısını eşitmədi. Otağın şəraitinə, kişinin vay-şivəninə baxıb məndən soruşdu:
– Pa, indi sən burada qalacaqsan?
– Nə edim, ay bala? Hələ buranı da yüz minnətlə tapıblar. Deyirlər ki, boş otaq yoxdur.
– Əşi necə yoxdur? İndi mən baxaram, – dedi və oğlum “palata”dan çıxdı. Uşaq çıxan kimi,
elə bil kişinin yarasına duz basdılar. Allah, Allah bu kişi necə cikə çəkib qışqırırsa, az qalır bina uçub tökülsün. Mən də öz-özümə deyirəm: -“bu nə konsertdir düşdüm”… Elə bu vaxt oğlum gəldi çıxdı:
– Pa, dur gedək, bu gecə də evdə yat səhər tezdən səni gətirib, başqa otağa yerləşdirəcəm.
– Ay bala, olmaz. Həkim dedi ki, burada qalmalıyam.
– Əşi, rəhmətliyin oğlu, indi həkim var? Dur gedək. Həm maşını apar qoy qaraja, həm də
bu gecə evdə rahat isti yerdə yat, sabah tezdən səni özüm gətirib, lüks bir palataya yerləşdirəcəm.
– A bala, kimdi bizi bu gecə vaxtı buradan buraxan?
– Buraxarlar, buraxarlar. Sən dur hazırlaş gedək, – dedi və xəstəxananın dəhlizinə çıxdı, tez
də qayıtdı.
– Əynini dəyişmə. Elə bu paltarda gəl.
Nəsə, oğlum deyən kimi elədik. Gecəni öz evimizdə keçirib, sübh tezdən getdik xəstəxanaya. Həkimlər və digər işçilər gələnə qədər bir az da arıq, qoca kişinin ah-naləsini dinlədim. Bu arada oğlum nə etdi, nə etmədi, məni keçirtdilər başqa palataya. Adamın üstə Allah var. Bax bura palata, xəstəxana otağı demək olardı. Otaq normal, yataq normal, sanitar qovşağı normal. Əvvəlcə iki gün otaqda tək qaldım. Sonra palatadakı boş çarpayıya elə mən yaşda, mənim kimi bir kişi gətirdilər. Məndə birinci dəfə olsa da o, artıq 10 gün-10 gün dəfələrlə burada olmuşdu. Bu sahədə daha təcrübəli idi. Çox məsələlərdən xəbəri var idi. Məndən də “kefqom” adam idi. Onun da bir oğlu gəlib gedirdi. Ancaq mənim oğlum daha diribaş idi. Birdən elə olurdu ki, dördümüz də bir-birimizə qoşulub adi bir şeyə elə gülürdük ki, xəstəxanada başını bizim palataya soxmayan adam qalmırdı. “Kefqom” qonşum məni xəbərdar etdi ki, bədənindən suyu çəkdirməyə razı olma. Denən ki, müalicə olunmaq istəyirəm, sudur də özü çəkiləcək. Elə də oldu. Müalicə həkimim bir iki dəfə israr etdi ki, bu çox təhlükəlidir. Ən asan yolu suyu şəkməkdir. Razı olmadım. 5-6 gündən sonra buraya nə üçün gəldiyimi unutmuşdum. Həkimin müalicəsindən əlavə gündə bir dəfə tələbələr də gəlir, qoca professorlar, əlləri, dilləri əsə-əsə bizi göstərib nəsə danışıb gedirdilər. Bir gün özümü saxlaya bilməyib qoca professora bir-iki sual verdim. Arif adam imiş. Duydu ki, bunlar elə belə, məzəyə verilən suallardır. O məndən ciddi-ciddi soruşdu:
– De görüm işini-gücünü atıb, ilin-günün bu vaxtı burada nə gəzirsən? – mən də ona eynən belə cavab verdim:
– Həkim sağ olsun. Bəs bayaqdan bu tələbələrə nə danışırsınız?
– Onu boş ver. De görüm bu qədər suyu haradan yığmısan bura? Həm də hara yığmısan? Mədə sağlam, ağ ciyar sağlam, qara ciyar sağlam. Bir dənə öddə bir balaca daş var, o da “lal daş”dır. Ona toxunmasan yaxşıdır, – bu arada başını qapıdan içəri salıb qoca professoru diqqətlə dinləyən mənim gənc müalicə həkimimə tərəf çevrilərək əli elə qarnımın üstündə, – öd daşı üçün yazdığınız dərmanlırın istemalını dayandırn, – dedi və yenidən mənimlə söhbətinə davam etdi. Hə, de görüm bir gündə nə qədər su içirsən, ay igid oğlan?
– 2 litir, 3 litir. Bəlkə də çox.
– Niyə? Səbəb nədir? Bəs, sən eşitməmisən dahi Azərbaycan şairi Nizami bu barədə nə deyib?
– Nə deyib?
– Düzdür, bu ana dilimizə tərcümə olunub ancaq mənası belədir. Dahi Azərbaycan şairi Nizami bu barədə belə deyib: “Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verir o da.” Bəs bu qədər su içmək nə vərdişi hardandı belə? Bu nə təlabatdır? Bu nə ehtiyacdır?
– Vallah, həkim sağ olsun, bir – iki il bundan qabaq internetdə gördüm hamı paylaşır ki, su içmək belə xeyirdi, elə faydalıdır. Mən də başladım hər gün su içməyə. Düzdür, əvvəlcə elə çox içmək də olmurdu. Sağ olsun, bir müəllim dostum da dedi ki, siftə-siftə adamın ürəyi istəmir, sonra yavaş-yavaş öyrəşirsən. Elə də oldu. Bir-iki həftə zorla içəndən sonra sonra öyrəşdim. Buraya gələnə qədər birdən elə olurdu bir üç litirlik balon su içirdim.
– Sənin heç nəyin yoxdur. O su içməyi tərgit. Sənin kimi adama gündə bir fincan, yarım stəkan yaxşı çay içsə bəsidir. Bir də həkim məsləhəti olmadan “o belə xeyirlidir”, “bu belə dərmandır” kimi ağızdan-ağıza gəzən sözlərə inanma. İnternetə də heç inanma. Kim nəyi satmaq istəyir orada dolayı yollarla reklam edir. Məsələn sənə su içirdir ki, sonra gedib aptekdən dərman alasan. Özü də necə dərman. Biri sənin bir aylıq məvacibinə bərabər. Bax belə, ağıllı ol, igid oğlan! Qocaya ilişmə. Bu da məndən sənə tövsiyə…
Sağ olsun, professor məni bir balaca utandırsa da məsləhəti xeyirli oldu. Xəstəxanada qaldığım müddət ərzində arada-bərədə çığır-bağır səsləri gəlsə də fərqinə varmazdım. Arıq qoca, arıq kişini elə həmin gecədən unutmuşdum. Beləcə birinci 10 günü başa vurub evə gedirdim. Xəstəxanadan çıxanda təsadüfən həmən qoca, arıq kişini xəstəxananın həyətində siqaret çəkən gördüm və o an onu haradan tanıdığımı xatırladım. Lap çoxdan bir dəfə də bu xəstəxanaya kiminsə bir tanışın yanına gəlmişdim. Həmin vaxt da bax belə bu vaxtlar xəstəyə baş çəkib çıxanda həyətdə məndən siqaret istəmişdi bu adam. Hələ o vaxt da bu adam nəsə diqqətimi cəlb edib, yadımda qalmışdı…
Bir ay ötdü. İkinci 10 gün müalicə üçün yenidən qayıtdım xəstəxanaya. Oğlum əvvəlcədən hər şeyi həll etmişdi. Birbaşa elə əvvəlki palataya getdim. Yerləşib öz yerimə uzandım. O biri çarpayı da tutulmuşdu. Ancaq kim olduğundan hələ xəbərim yox idi. Bir xeyli keçəndən sonra otaq yoldaşım da gəlib çıxdı. Onu görəndə gözlərimə inanmadım. Bu mənim əsgərlik yoldaşım idi. Arada–sırada şəhərdə görüşürdük. Onun artıq 3-cü günü idi. Neçənci dəfə olduğunu xatırlamırdı. Nəsə ordan-burdan söhbət edirdik ki, qulağıma tanış səs gəldi. Bu o arıq, qoca, siqaretçəkən kişinin səsi idi. Ərinmədim düz gəldim “səkkizinci otağa”. Bəli, bu o idi. Öz yerində uzanmışdı. Yanındakı çarpayıya isə təzə xəstə uzatmışdılar. O da arıq, yaşlı kişi idi. Xəstə özündə deyildi. Görünür vəziyyəti çox ağır idi ki, başı üstdə dayanmış yaşlı qadın için-için, əlacsız görkəmdə ağlayırdı. Arıq kişiyə tərs-tərs baxdım. O da məni tanıdı. Səsini bir az da ucaltdı. Daha orada dayana bilməyib öz palatamıza qayıtdım. Vəziyyəti əsgər yoldaşıma danışdım. Sən demə, onun hər şeydən xəbəri var imiş. Arıq, qoca zəvzəkdən danışan kimi dedi ki, onun burada öz adı var. Buraya daimi müalicəyə gələn xəstələr ona “növbətçi xəstə” deyirlər. Bunun nə demək olduğunu soruşduqda dedi:
– Boş otaqları pulla satmaq üçün bütün gələn yeni xəstələri birinci onun yanına – “səkkizinci palata”ya yazırlar. Orada heç kim bir gündən artıq qala bilmir. Oradan ya morqa, ya da pulunu verib başqa palataya köçürlər. Yalan olmasın bəlkə 10 ildir onu tanıyıram. Burada yeyib-içir. Gəlib-gedənlərdən siqaret alıb çəkir. Orada da yatır. Onun işi hər təzə xəstə gələndə zarıyıb, pullu palataya köçməyə məcbur etməkdən ibarətdir.
– İndi sən bu otağa pul vermisən?
– Əlbəttə.
– Nə qədər?
– Guya sən verməmisən?
– Yox.
– Elə şey olmaz.
– Pul verməsən heç kim səni bu otağa buraxmaz.
– Sən nə qədər pul vermisən bu otağa?
– 300 manat.
– Oğlum gəlsin, ondan soruşarıq. Yəqin məndən xəbərsiz onlar nəsə verib. Yəni belə çıxır.
Axşam saat 7 – ni zorla dözüb gözlədim. Hər axşam 19:00 – 21:00 aralığı görüşə icazə verilirdi. Oğlum gələn kimi ona birinci sualım bu barədə oldu. Əsgər yoldaşımla qaş-gözlə, him-cim etdikdən sonra məlum oldu ki, gizlətməyin yeri yoxdur. Mən bildim ki, birinci dəfə 10 gün müalicə alanda bu otağa 200 manat, indi isə oğlum kiməsə zəng elətdirəndən sonra 150 manat pul verib. Düzü, “növbətçi xəstə” məsələsini biləndən və özüm üçün tam dəqiqləşdirəndən sonra otaq pulunun heç bir anlamı qalmamışdı. Oğlumu diqqətlə dinləyib, başımı bulamaqdan başqa heç bir reaksiya verə bilmədim.
İkinci 10 günü ancaq əsgər yoldaşımla heç olmasa 5-6 gün bir yerdə olub, dərdləşməyə görə xəstəxanada qalmağa qərar verdim. Çarpayılarımız da elə əsgərlikdəki kimi yanaşı idi. Dolablarımız da elə bil həmin dolablara oxşayırdı. Bir yerdə olanda ruhumuz da elə həmin ruh olurdu. Burada nə üçün olduğumuzu unudurduq. Keyfimiz lap kök olanda təşəkkür əlaməti olaraq “növbətçi xəstəyə” siqaret pulu da verirdik…
Son.
15-16.01.2022. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YADİGAR TƏVƏKGÜL-MƏHƏBBƏT

Yadigar TƏVƏKGÜL

MƏHƏBBƏT
Məhəbbət başdan başa,
Dəli olmaq deyilmi?
Bütün eşq adamları,
Dəliliyə meyilli.
* * *
Salıb sevgi oduna,
Dəli etdin bəs deyil?
Küşdürüb incidirsən,
Bəs bu mənə qəsd deyil?
* * *
Qeys Məcnun olanda,
Sevgi dəli doludur.
Eşqin keçdiyi hər yol,
Dəliliyin yoludur.
* * *
Axmaqlıq deyilki bu,
Dəlilər çox mərd olar.
Sevməyi bilməyənə,
Eşqin özü dərd olar.
* * *
Dəliyə oxşayıram?
Bu bənzətmən nə gözəl .
Sevdiyim məndən dəli ,
Mənim üçün çox özəl.

Müəllif: Yadigar TƏVƏKGÜL
YADİGAR TƏVƏKGÜLÜN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

HİKMƏT MƏLİKZADƏNİN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

“ZİYADAR” MÜKAFATINI DOĞRULAMA LİNGİ >>>>>LAUREATLAR

Müstəqillik dövrü Azərbaycan mətbuatının və ədəbiyyatının tanınmış simalarından biri olan dəyərli qələm adamı Hikmət Məlikzadənin “Quru yarpaqların görüş yeridir nəm oturacaqlar” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Müəllifi bu münasibətlə təbrik edir və “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə təqdim olunan “Ziyadar” Mükafatı ilə təltif edirik. Uğurlarınız bol olsun, Hikmət müəllim!!!

HİKMƏT MƏLİKZADƏNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Məlahət Hümmətqızı – Gözlə məni, Şuşa!

MƏLAHƏT HÜMMƏTQIZI

Yadımdadır, 1988-ci ildə ermənilər Şuşada Topxana meşəsini məhv edəndə 9-cu sinfində oxuyurdum. Bu hadisə insanlarımızda böyük hiddət doğurmuşdu. Camaat ayağa qalxıb meydanlara axışmışdı. Topxana hadisəsi o dövrdə Azərbaycanda  meydan hərəkatının başlanmasına,  ictimai-siyasi gərginliyin dərinləşməsinə səbəb olmuşdu. O vaxtlar biz məktəb yoldaşlarımızla dərsdən qaçıb, meydandakı mitinqlərə  baxmağa gedərdik. Sovet dövrünün uşaqları, yeniyetmələri üçün bu, yeni bir mənzərə idi. Maraq naminə qoşulduğumuz mitinqlərdə torpağa, Vətənə sevginin ifadəsini hiss edirdik, sanki insanlar da dəyişmişdilər, buradakı coşğunluq 7 noyabr, 1 may nümayişlərindəki coşğunluğa bənzəmirdi. O vaxtadək sadəcə adlarını eşitdiyim şairlərin bir çoxunu – Xəlil Rza Ulutürkü, Sabir Rüstəmxanlını meydanlarda tanıdım, sevdim, odlu-alovlu çıxışlarını, şeirlərini dinlədim. O şeirləri  dinlədikcə Vətən sevgisinin qəlbimdəki rüşeyimləri cücərməyə başladı, hər şeyə baxışım dəyişirdi. Topxanada kəsilən hər bir ağac üçün döyüşməyə hazır idim. Vətənə məhəbbət, düşmənə nifrət yan-yana gedirdi… Mən Şuşanı görməsəm də, qəlbimdə bir Şuşa abidəsi ucalırdı, uğrunda xalqın ayağa qalxdığı o yerləri görmək istəyi mitinqdən-mitinqə daha da dərinləşirdi…

1992-ci ildə Şuşa işğal olunanda mən  Azərbaycan Tibb Universitetinin 2-ci kursunda oxuyurdum. Torpaqlarımız parça-parça erməni qəsbkarları  tərəfindən işğal olunurdu. Təcrübə üçün getdiyimiz xəstəxanalar yaralılarla dolu idi. Həkimlər  əsgərlərin bədənlərində açılan güllə yaralarını yuyub tikirdilər. Ağrıkəsicilərin vurulmasına baxmayaraq, dözülməz ağrılardan zarıyan əsgərlər də var idi. Yaxına gəlirdik, əllərindən tutub təsəlli  verirdik. “Tezliklə sağalacaqsınız, biz sizinlə fəxr edirik, siz qəhrəmansınız”, deyirdik. Gülümsəməyə çalışırdılar. Bir anlıq ağrılarını unudurdular. O vaxtlar tez-tez işıqlar sönürdü. Həkimlərimiz ağır və gərgin vəziyyətdə gecəyə kimi işləyirdilər, qəhrəman, fədakar əsgərlərimiz üçün əllərindən gələni əsirgəmirdilər, peşə borclarını yerinə yetirməyə  çalışırdılar. Xəstəxanada həkim çatışmazlığı var idi. Biz tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin (keçmiş Semaşko adına xəstəxana) cərrahlarına və tibb bacılarına əsgərlərin yaralarının yuyulub sarınmasında, iynələrin vurulmasında yaxından  köməklik göstərirdik. Evdən yemək, meyvə və şirniyyat gətirir, əllərimizlə əsgərləri  yedirirdik. Axşama kimi  şəfqətli tibb bacıları ilə bərabər, yaralı əsgərlərə tibbi yardımlar göstərir, qayğılarına qalırdıq. Dəfələrlə ET Hematologiya və Transfuziologiya İinstitutuna gedib, səhhətimizin pisləşməsindən qorxmadan əsgərlər  üçün qan verirdik. Bundan başqa əlimizdən bir şey gəlmirdi.

Ömrümün ən yaxşı çağları – məktəb və universitet illərim o gərgin dövrə, Birinci Qarabağ müharibəsinə təsadüf edib. O illərin xatirələri yaddaşımda çox ağır izlər qoyub. Biz torpaqlarımızın böyük bir hissəsini – Xankəndi, Şuşa, Ağdam, Xocalı, Xocavənd, Cəbrayıl, Laçın, Kəlbəcər, Füzuli, Qubadlı və Zəngilanı ard-arda beləcə itirdik. Yüz minlərlə azərbaycanlı yurd-yuvasından didərgin düşdü, evlərini-ocaqlarını tərk etməyə məcbur oldu. Hələ nə  qədər itkin düşənlərimiz, əsir götürülən, qətl edilən insanlarımız oldu.

Torpaq, Vətən nisgili ilə 28 il alovlandıq, yandıq. Bir çox qeyrətli oğullar kimi, Tibb Universitetində oxuyan qardaşımın qrup yoldaşı, əslən Şuşadan olan Asif 1992-ci ildə Şuşaya vuruşmağa, həm də yaralı əsgərlərə tibbi yardım göstərməyə getmişdi, amma sonradan itkin düşməsi xəbəri çıxdı. Aman Allah, anasına təsəlli vermək mümkün deyildi. “Balamın cəsədini verin, oxşayıb ağlayım”, -deyirdi… Bu dərdə necə dözmək olar? Hələ qonşum Fərhad… 18 yaşı vardı, boy-buxunlu, yaraşıqlı oğlan idi. Şuşada dostları ilə bərabər  mühasirəyə düşmüşdü. Ermənilər “Qarabağ ermənilərindir” deməsini tələb etmişdilər. O isə “Qarabağ bizimdir, Azərbaycanındır” deyib, düşmənə əyilməkdənsə, ölümü seçmişdi. Bu hadisənin şahidləri danışananda elə sarsılmışdım ki, indi də xatırlayanda göz yaşlarımı saxlaya bilmirəm.

Birinci və İkinci Qarabağ müharibəsində minlərlə əsgərimiz qəhrəmanlıq göstərdi, Vətən uğrunda canından keçdi. Hər birinin qanı tökülüb o torpaqlara. Hər birini göz yaşları ilə, eyni zamanda fəxrlə, qürurla xatırlayırıq bu gün. Allah şəhidlərimizə rəhmət eləsin. Qəbirləri nurla dolsun. Nə qədər əsgərimiz  müharibədə sağlamlığını itirdi, nə qədər gəlinlərimiz ərsiz, nə qədər qızlarımız  qardaşsız, atasız  qaldı… Lənət olsun düşmənimizə.

Vətən müharibəsində 3 min əsgər və zabitini şəhid verən Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan ərazilərimizi düşməndən geri aldı, Azərbaycan bayrağını Şuşaya sancdı. 

Şuşa Dağlıq Qarabağın döyünən ürəyidir. Möhtərəm Prezidentimizin dediyi kimi, Qarabağsız Azərbaycan, Şuşasız Qarabağ yoxdur. Hər bir vətəndaşımız, hər bir azərbaycanlı kimi mən də 30 ilə yaxındır bu günü səbirsizliklə gözləyirdim. Ərazimdə məskunlaşan köçkünlərə sahə həkimi kimi tez-tez baş çəkirdim, müayinə və müalicələri iə məşğul olurdum. Onları hər gedişimdə ruhlandırırdım. “Siz torpaqlarınıza qayıdacaqsınız, Prezidentimiz də çalışır siyasi yolla məsələni həll etsin, olmasa, hərb yolu ilə torpaqlarımız geri qaytarılacaq”, deyirdim. Allahdan dilək diləyir, heç vaxt ümidimi itirmirdim, dua edirdim.

44 günlük Vətən müharibəsi otuz illik həsrətimizə son qoydu. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin başçılığı altında şanlı ordumuz, qəhrəman əsgər və zabitlərimiz torpaqlarımızı işğaldan azad etdilər. Sevincimizin həddi-hüdudu yox idi. Göz yaşlarımızı saxlaya bilmirdik. Torpaqlarımızı rahatca gedib ziyarət edə biləcəkdik. Şəhidlərimizin ruhu qarşısında utanmayacaqdıq. “Allahım, sənə sığınıram, sənə yalvarıram, torpaqlarımızı ziyarət etməyi, Şuşanı görməyimənə nəsib elə! Qarabağda şəhidlərimizin qanı bahasına işğaldan azad olmuş torpaqlarda onların əziz xatirəsi qarşısında baş əyməyi mənə də qismət elə. Müqəddəs Şuşamızı,  azad edilmiş torpaqlarımızı ziyarət etmək arzusunu ürəyimdə qoyma…” Dilimin əzbəri olmuşdu bu diləklər.

Vətən müharibəsi günlərində mən xəstəxanada pandemiya ilə mübarizə aparırdım. Ürəyim ön cəbhədə olsa da,  buranın da ön cəbhə olduğunu, insanlara burada lazım olduğumu anlayırdım.

Virusa yoluxmuş xəstələrimiz arasında döyüşçü əsgərlərimiz də var  idi. Onların sağlamlığı keşiyində durmağı ən ümdə borcum bilirdim. Hər gün ürəyimdə əsgərlərimizin sağ-salamat evlərinə  qayıtması üçün dua edirdim. Ruhdan düşmürdüm. Bura da bir cəbhədir, düşünürdüm. İnsanlara yardım etmək üçün cəbhənin önü, arxası olmaz. Cəbhə-cəbhədir. Və mən o cəbhənin  ən təhlükəli, görünməyən düşməni ilə vuruşurdum. Özümün yox, insanların sağlamlığını düşünürdüm. Sonacan virusla mübaizə aparacağıma, qalib gələcəyimə özümə söz vermişdim. Elə də oldu. İki ilə yaxın mübarizədə mən və həkim həmkarlarım virusa qalib gəldik. Yüzlərlə insanı sağaldıb evlərinə yola saldıq. Həkimlik, vətəndaşlıq, insanlıq borcumuzu yerinə yetirdik. Amma itkilərimiz də oldu. 40 nəfərə yaxın həkim yoldaşımızı virusla mübarizə zamanı itirdik. 

44 günlük Vətən müharibəsində isə cəbhədə 42 nəfər həkim şəhidlik zirvəsinə yüksəldi. Tibb işçilərindən yeganə xanım şəhid Arəstə Baxışova  feldşer idi və Qubadlı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına həlak olub. Rasim Abdullayev, Adil Əfəndiyev, Anar Məmmədov və adlarını çəkmədiyim digər zabit həkimlərimiz Şuşa istiqamətində gedən döyüşlərdə 100 nəfərdən artıq ağır yaralı əsgər və zabitə yerindəcə tibbi yardım göstərib hərbçilərimizi döyüş bölgəsindən çıxararkən qəhrəmancasına həlak oldular. Vahimələnirəm və ermənilərə qarşı qəddarlaşıram. Unutmayaq, deyirəm. Heç vaxt erməni vəhşiliyini unutmayacağıq, düşünürəm və gələcəyə ümidlə baxıb özümü ələ alıram. Əlimə qələm alıb 2 il xəstəxanada çalışdığım dövrdə yaşadıqlarımı, gördüklərimi göz yaşları ilə qələmə alıram. Beləcə, “Ağ libaslı mələk” kitabı yaranır. Arzum Şuşaya getmək, orada kitab sərgisində nümayiş etdirməkdir.

İki gün əvvəl, Qurban bayramında Heydər Əliyev Fondundan gələn zəng məni çox sevindirdi. Arzum çin çıxdı.  Şuşaya gedirəm… Böyük Allahım məni eşitdi. Günorta saatlarında avtobusumuz Heydər Əliyev Mərkəzinin qarşısından  yola düşəcək. İyul ayının 14-15-də Şuşada Vaqif Poeziya Günlərində iştirak edəcəyik. Şəhidlərimizin qanı, canı bahasına alınan müqəddəs torpaqları ziyarət etmək mənə də qismət olacaq. Vaqifin məqbərəsini, Bülbülün ev-muzeyini  ziyarət edəcəyik, Natəvan bulağından, İsa bulağından su içəcəyik. Cıdır düzündə gəzib, Şuşadan yadigar olaraq gül-çiçək toplayacağıq, şəkil çəkdirəcəyik… Bütün bunlar məni sevindirsə də, ürəyimdə sevinc hissi olsa da, kədər də vardı qəlbimdə, tez-tez qəhərlənirdim. Uşaq kimi hər an ağlaya bilərdim. Gözümü uzanan yola diksəm də, şəhidlərimizin ruhu,  xəstəxanada çalışarkən əsgərlərimizin ağrıdan çəkdiyi əzabları, ah-naləsi, şəhid analarımızın göz yaşları gözümün qarşısından getmirdi. İtkin düşən əsgərlərimizi düşünürdüm. Asif gözümün önündən çəkilmirdi. Həkim kimi əsgərlərə yardım etməyə getmişdi. Gözlərimdən yaş axır. Bəs  Fərhadın ermənilər tərəfindən qolları, ayaqları vəhşicəsinə sındırılarkən  çıxardığı tükürpədici səsi, əsir düşən qız-gəlinlərimizin ah-naləsi qulaqlarımda eşidilməyəcək ki?
Bu gün biz işğaldan azad olmuş mübarək, müqəddəs torpağımıza -Şuşaya yol alırıq. Avtobus irəlilədikcə pəncərəsindən təbiətin gözəl mənzərələrini seyr edirik. Qəhrəman döyüşçülərimizin qanı bahasına alınan torpaqlara çatanda kövrəlirik. Füzulidən keçirik. Sevinirik, qürur duyuruq, şəhidlərimizə hər an rəhmət oxuyuruq. Yüksəkliyə qalxdıqca şair və yazıçı yoldaşlarımın səhhətində təzyiq problemləri yaranır. Tibbi yardımlar etdikcə, eşitdiyim ən xoş sözlər qəlbimi fərəhləndirir: “Həkim, sağ ol, əlin-qolun var olsun”. Həkimlik peşəm burada da karıma çatır. Sevimli şairimiz Firuzə xanım yoda qəza keçirir. Sabahkı çıxışa qədər ağrıkəsicilərlə ağrısını götürməyə çalışıram. “Bircə ağrımasın, çıxışdan imtina etməsin”, -ürəyimdə Allaha yalvarıram. Ağrılardan qovrulan sevimli şairimiz çıxışdan imtina etmək istəyir. Onun tribunaya tam ağrısız çıxacağına söz verirəm. Gülümsəyən gözlərimə baxır, inanmağa çalışır… Sağ olsun, Arifə xanım, sonacan Firuzə xanımın yanında oldu, qayğısına qaldı. 

Avtobusumuz dağların qoynuna doğru ilan kimi qıvrılan yolları aram-aram qalxır. Füzulini keçib, Zəfər yolu ilə  üzü yuxarıya – Şuşuya qalxırıq. Pəncərədən Şuşanın dağları, meşələri görünür. Nəhayət, dağın döşündə “Şuşa” sözü yazılan lövhə görünür.  Dağlara əl edib, gülümsəyərək,“Xoş gördük, Şuşa”, pıçıldayıram. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, dəyərli şairimiz Rəşad Məcid yolboyu bizə bələdçilik edir. Sol tərəfdəki uçurumun Daşaltı olduğunu söyləyir. Ətrafdakı dağıdılmış evlər, məktəblər, məscidlər. bulaqlar haqqında məlumat verir.
Avtobusumuz Şuşaya daxil olanda gurultulu alqış qopur. Qəlbimdə fərəh və qürur hissi keçirirəm. Bir neçə dəqiqədən sonra “Qarabağ” otelinin qarşısında dayanırq. Hər kəs doğma torpağa ayaq basmaq üçün səbirsizlənir.

Axşam düşüb, hava qaralıb. Yazıçı həmkarım Xatirə Fərəcli ilə bir otağa düşmüşük. Liftlə otelin 6-cı mərtəbəsinə, otağımıza qalxırıq. Qapını açıb otağa yerləşirik. Əşyalarımı yerləşdirib, eyvana çıxıram. Şuşanın xoş ətirli havasını ciyərlərimə çəkirəm. Uzaqdan görünən mənzərə – dağlar, meşələr gözəllik yaratsa da, yaxındakı mənzərə  ürək dağlayır. Bir dənə salamat ev yoxdur. Bütün tikili evlər, memarlıq abidələrimiz erməni vəhşiləri  tərəfindən uçurulub, dağıdılıb, tavansız, pəncərəsiz viranə qalıb. Otelin sol tərəfində 1874-cü ildə inşa olunmuş, ermənilər tərəfindən uçulub dağıdılmış Aşağı Gövhər ağa məscidi görünür. Hazırda təmir olunur. Ürəyim ağrıyır. Ermənilər mədəniyyət beşiyimiz olan Şuşamızı məhv ediblər. Burada necə dəhşətli döyüşlər getdiyini anlayıram və vahimələnirəm. Bu döyüşlərin yeganə şahidi indi tək qalmış Şuşa özüdür. 
Mən Şuşanı gözü yaşlı gördüm. Sanki  balalarını şəhid vermiş əli qoynunda,  saçları ağarmış dərdli-kədərli bir  ananı gördüm. Başını dik tut, ana. Biz səninləyik. Bir an mənə elə gəldi ki, Şuşa bizi yox, öz  qəhrəmanlarını, qaziləri, uğrunda ölən şəhid balalarını, şəhid analarını gözləyir. Onları bağrına basmaq, qarşılamaq istəyir. Mən Şuşanı gözləri kədərli və nisgilli gördüm. Quruculuq, bərpa işləri getsə belə, Şuşa hələ kədərlidir. Ürəyimdə “sağalacaqsan, Şuşa, hökmən  sağalacaqsan. Uğrunda ölən varsa, vətəndir, deyiblər. Uğrunda minlərlə əsgərimiz şəhid oldu. Sil göz yaşlarını, bütün gözlədiklərin ziyarətinə gələcək. Hökmən gələcək. Qucaq açıb bağrına basacaqsan. Hökmən, o xoş günləri görəcəksən, Şuşa”, deyirdim. Dərindən nəfəsimi dərib, başımı aşağı əyirəm, qəhərlənirəm. Ətraf mənzərə  ürək açan olmasa da, otelin gül-çiçəkli və sıx ağaclar arasında yerləşən  fəvvarəli həyəti yerə bərkidilən lampa işığında səhradakı oazis təsiri bağışlayır. Sanki burada heç müharibə olmayıb. 
Şam yeməyinin vaxtıdır. Aşağı düşürük. 

Hər kəs otelin qarşısındadır. Axşam yeməyindən sonra söhbət edir, gəzişir, şəkil çəkdirir, şəhər haqqında ilk təəssüratlarımıızı bölüşürük. 
Səhər “Qarabağ” otelinin qarşısındakı həyətdə Vaqif Poeziya Günlərinin ilk tədbiri – Qarabağ döyüşlərinə və zəfərimizə həsr olunmuş kitab sərgisi ilə başladı. Tədbiri açan Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi iştirakçıları salamlayıb sözü AYB sədri, Xalq yazıçısı Anara verdi. Bir çox yazıçı və şairlər çıxış etdilər, əziz  Şuşa haqqında şeirlər səsləndirdilər. Gətirdiyim “Ağ libaslı mələk” adlı kitabım da digər kitablar kimi sərgidə nümayiş olundu. Mən pandemiya dövründə yazdığım kitabı Şuşa kitabxanasına hədiyyə etdim. Sonra yazıçı və şairlərlə birgə Molla Pənah Vaqifin məqbərəsinə yol aldıq. Daşlı-kəsəkli, qumlu yollarda hərəkət etmək çətin olsa da, Vətən eşqi hər şeyi üstələyirdi. Yolboyu gördüyümüz dağıdılmış, xarabaya çevrilmiş evlər  ürəyimizi ağrıdırdı. Düşmənə qarşı nifrətimiz daha da alovlanırdı. 

Bir neçə dəqiqədən sonra Vaqifin muzey-məqbərə kompleksinin önündə  yığışmışdıq. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Anar Kərimov, Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər də iştirak edirdilər.
İlk söz döyüşçü şairlərə verildi. Tədbir iştirakçıları onları gurultulu alqışlarla qarşıladılar. Döyüş meydanında şücaət göstərmiş igidlərimiz söz meydanında da mahirdilər. Muğam sədaları altında söylənən şeirlər bizi duyğulandırır

, göz yaşları gözlərdən daşırdı. Balaca xanəndənin “Qarabağ şikəstəsi”  hamını ayağa qaldırdı. Hərbçi şairlərimizi ayaq üstə alqışladıq. Sonra Xalq yazıçısı Anar, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Vahid Əziz, şairlərdən Rəşad Məcid, İlqar Fəhmi, Səlim Babullaoğlu, Firuzə Məmmədli, Güləmail Murad, Xəyal Rza, Sayman Aruz və başqaları söz aldılar, Şuşaya həsr olunmuş şeirlərini səsləndirdilər. Firuzə xanımın kürsüyə qalxıb şeir söyləməsi məni çox sevindirdi. Axı söz vermişdim, ağrılarını az da olsa azaldacağımı, onun çıxış edəcəyini demişdim.

Vaqif Poeziya Günlərinə həsr olunmuş video-çarx bizi 40 il əvvələ – Vaqif Poeziya Günlərinin ilk tədbirinə apardı.
Tədbirin sonunda tanınmış yazıçı və şairlərlə əvvəlcə Vaqifin məqbərəsi  önündə, sonra məqbərəyə daxil olub şairin ruhuna dualar oxuyub,  məzarının önündə xatirə olaraq şəkil çəkdirdik. 

Yolumuz Cıdır düzünədir. Dağların qoynunda bəslənən, yamyaşıl sıx meşələri ilə, rəngarəng gül-çiçəyi, xarıbülbülü ilə adamı ovsunlayan, daşı, qayası ilə məftun edən və xoş ətirli havası ilə qəlbə məlhəm olan Cıdır düzü. Havası dərmandır. Nə qədər istəyirsən ciyərinə çək. Mən Cıdır düzünü sanki rəssamın fırçasından çıxan, möcüzəli, gözəl bir tabloya  bənzədirəm. Adam bu al-əlvan rəsmə baxdıqca doymur, elə hey  rəssam təbiətin əl işinə baxmaq istəyirsən. Yazıçı həmkarlarımla bir xeyli otların arasında gəzib, dolaşdıq. Gül-çiçək dərirdik. Cıdır düzündən doymaq mümkün deyil. Güllərin, çiçəklərin ətri indiyə qədər dərdiyim heç bir gül-çiçəyin qoxusuna bənzəmir.

Vaqif Poeziya Günləri münasibətilə Cıdır düzündə konsert təşkil olunub. Yerimizə əyləşirik. Respublikanın Əməkdar artisti, rejissor Nicat Kazımovun hazırladığı konsert-kompozisiya hər kəsin ürəyinə  sərinlik gətirir. Aktyorlarımız klassik şairlərimiz – Vaqif, Vidadi, Nizami, Xaqani, Füzuli, Nəsimi, Xətai, Məhsəti, Natəvanın simasında səhnəyə çıxırlar. Xitab edirlər, dərdləşirlər. Sanki hamısı eyni dövrdə, eyni məkanda yaşayıb. Dillərindən biri-birindən gözəl qoşma, qəzəllər səslənir. Xanəndələrin ifasında mahnılar, muğamlar, xüsusilə “Qarabağ şikəstəsi” dağların zirvəsinə kimi yayılır. Hər kəsin nə yaşadığını  gözlərindən görmək mümkündür. Alqış sədaları ilə bitən konsertin səs-sədası göylərə ucalır. Bu alqışlar istedadlı aktyorlara və aktrisalarımıza, eyni zamanda bu gözəl məkanı bizə bağışlayan, belə bir gözəl gecəni bizə yaşadanlara ünvanlanırdı. 
Tədbirin ikinci günü yenidən Vaqif məqbərəsinin önünə yığışırıq. “Nəfəs” layihəsi çərçivəsində  tanınmış şairlərin “Odlar yurdum Azərbaycan” mövzusunda şeirlərini dinləyirik. Muğam sədaları altında səsləndirilən şeirlər dünənki duyğuları bizə yenidən yaşadır. Böyük şairimiz Vaqifin ruhu da şad idi yəqin ki.

Vaxtımız məhdud olsa da, böyük sənətkar Bülbülün ev-muzeyinə baş çəkiməyi unutmuruq. Ev-muzeydə olan

qiymətli eksponatlar ermənilər tərəfindən talan olunmuş, ev dağıdılmışdı. Ev-muzey yenidən bərpa olunub. Ev-muzeydə və Bülbülün həyətdəki heykəli önündə xatirə şəkili çəkdirib, yolumuza davam edirik.

Gəldiyimiz maşına minib yolumuzu İsa bulağına salırıq. İsa bulağı və ətraf mənzərəsinin gözəlliyi qəlbimizə məlhəm olur. Əl-üzümüzü yuyub, bulağın büllur kimi şəffaf suyundan içirik. Dualar edirik. Şüşələrə doldurub şəfalı suyu özümüzlə yola götürürük. Bu arada şəkil çəkdirməyi də unutmuruq. Gəldiyimiz yolu geri qayıdırıq. 

Natəvan bulağına getməyə də vaxt tapırıq. Bu gözəl bulaq Xan qızı  Natəvanın evinin qarşısında inşa olunub. Əl-üzümüzü yuyub, mehmanxanaya qayıdırıq. Yolumuzun üstündə Üzeyir Hacıbəyovun, Bülbülün və Natəvanın heykəlləri qarşısında xatirə şəkilləri çəkdiririk.
Saat 16.00-da Bakıya yola düşürük. Yolboyu düşüncələrimdə Şuşanı  günü-gündən abadlaşan, gözəlləşən şəhər kimi canlandırmağa çalışırdım. Dağıdılmış məscidlər, tarixi abidələr   bərpa olunur, yollar çəkilir, xəstəxanalar tikilir. Şuşada fəaliyyət göstərən modul xəstəxanaya baş çəkmək arzusunda olsam da, vaxt məhdudluğundan oraya gedib çıxa bilmədim. İnşallah, modul xəstəxanaya işləməyə gəlmək ümidilə Şuşadan ayrılarkən “Görüşənədək, Şuşa”, deyirəm. Hökmən gələcəyəm, bu dəfə həkim kimi gələcəyəm. Hələ sağalmayan, qaysaq bağlamış yaralarına məlhəm çəkmək üçün gələcəyəm. Gözlə məni, Şuşa!


Bizi Facebookda izləyin>>>> Mənbə: 525.az (525-ci qəzet).

MÜƏLLİF: MƏLAHƏT HÜMMƏTQIZI

MƏLAHƏT HÜMMƏTQIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – CÜCƏ OĞRUSU

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

CÜCƏ OĞRUSU
(hekayə)
Mayın son günləri, yazın ən yaxşı vaxtı idi. Kəndimizdə demək olar ki, bütün həyətlərin mənzərəsi eynidir. Yamyaşıl, güllü-çiçəkli həyətlər bol bəhərli gilas ağacları və bəzi həyətlərdə artıq sulanmış yaylıq armudlar. Məktəblərin də bağlanmağına az qaldığına görə son günlər işimiz lap çox olur. Bilən bilir. Müəllimin yazı-pozu işi həmişə çox olub. Bu kurikulum çıxandan bəri də, and olsun Allaha ki, ta dərs keçmək, filan yoxdur. İşimiz-peşəmiz ancaq kağız doldurmaqdır. Bütün ili məktəbdə də, evdə də nə qədər yazırsan bitmir ki, bitmir. İlahi, boş-boşuna nə qədər kağız-kuğuz qaralamaq olar!? Səhər-səhər elə darvazanı açıb həyətdən çıxmaq istəyirdim ki, qonşu Məcid dayının məni hayladığını eşitdim:
– Ay Cəfər, ay Cəfər, a bala evdəsənmi?
– Sabahın xeyir, ay Məcid dayı! Elə indi çıxırdım.
– A bala, ta keçib bir bu tərəfə zəhmət çək, – deyə, – məni çəpərin başına çağırdı. Darvazanı elə açıq qoyub, çəpərin başına getməli oldum:
– Buyur, ay Məcid dayı, nə məsələdir?
– Sən Allah bağışla, ay oğul. Bilirəm, sən də iş adamısan. İndi də işinizin ən çox olan vaxtıdır. Amma bizim səndən başqa kimimiz var?, – deyə, – həyətin o başında toyuq hininin açıq qalmış qapısının ağzında dayanmış Güllü nənəni göstərərək davam etdi.
– Buyurun, buyurun.
– Vallah heç bilmirəm necə deyim…
– Sənin ürəyin necə istəyir elə de, Məcid dayı. Heç çək-çevir eləmə.
– Ən yaxşısı budur. Səni indi yoldan eləməyim. Get işinə inşəAllah gələndə birbaş bizə gəl. Güllü nənən də ona qədər sac asıb, yaxşı lala kətəsi bişirəcək, dünən bağdan bir az məröçə yığmışam, onu da yaxşıca soğança yumurta ilə çığırtma eləsə, olacaq lap dəsgah. Sən indi ləngimə get işinə. Amma gələndə mütləq bizə gəlirsən. Səninlə ciddi söhbətim var.
– Oldu, – deyib, – məktəbin yolunu tutmaqdan başqa çarəm qalmadı.
Həmin günün hardan gəlib, hara getdiyini bilmədim. Bir də onda ayıldım ki, gəlib öz darvazamızın qarşısında dayanmışam. Məcid dayı ilə olan söhbətimizi xatırlayıb, onlara getdim. Kənddə heç kim darvazasını, qapısını bağlamaz. Məcid dayı həyətdə olduğuna görə haylamağa da gərək qalmadı. Birbaşa onun yanına getdim:
– Hərvaxtın xeyir, ay Məcid dayı! Vəziyyət necədir?
– Aqibətin xeyir, ay bala! Xoş gəldin, ay oğul! Şükür Allahın kəramətinə! Min şükür!
– Min şükür!
– Gəl, gəl otur. İşdən gəlmisən. Bir çay iç, Güllü nənənin bişirdiklərindən bir loxma ye, sonra səninlə işimiz var.
Sağ olsun Güllü nənə. Məcid dayı səhər-səhər sadaladığı, sadalamadığı nemətlərin hamısını artıqlaması ilə düzdü süfrəyə. Yaxşı yeyib, içdikdən sonra Məcid dayı dedi:
– Hə, toqqanın altın bərkitdik. İndi keçək əsas məsələyə. Görürsən? Həyətdə it-pişik də yoxdur.
– Hə, doğurdan! Hanı bəs Əlləşlə Vuruş? – Əlləş Məcid dayıgilin itinin, Vuruş isə pişiyinin adı idi.
– Vuruşu Güllü nənən verdi bacısı qızına. İndi aparıb şəhərdə evdə saxlayır. Əlləşi də mən verdim qardaşoğluna. Çobandır qoy aparıb, çöldə heyvanların yanında saxlasın. Yazıqdır, onu azdırmağa əlim gəlmədi.
– Bəs səbəbi nə idi, Məcid dayı?
– Səni elə o səbəbə görə çağırmışam, oğlum. Darıxma, hamısını bir-bir sənə deyəcəm. Deməli, keçən il bu vaxtdan bizim cücələr lap balaca olanda, sarı, lümək vaxtlarında bir-bir yoxa çıxır. Elə ki, bir az yekəldi, ta heç nə olmur. Yəni, nə başını ağrıdım, yumurtadan çıxandan bir az bablıxlayana qədər gündə biri, ikisi yoxa çıxır. Əvvəl elə bildik, həyətə has, zad dadanıb. Sonra gördük yox, belə bir haldan iz-toz yoxdur. Cücələr balaca vaxtı yoxa çıxdığına görə Vuruşdan şübhələndik. Çünki, cücələr həmişə onun yanında olduğuna görə toyuqlar da öyrəşib. O yesə də səslərini çıxartmazlar. Vuruşu şəhərə yola saldıq. Cücələr yenə izsiz-tozsuz itməkdə davam edir. Əlləşi də yola saldıq, yenə davam edir. Burada nəsə başqa iş var, amma bilmirəm. Düzdü, indi hələ tezdir. Amma sən mənə de görüm, keçən ili, inişil öz həyətində, bu həyətdə, yaxın həndəvərdə heç ilan-çayın gözünə dəyibmi?
– Xeyr, xeyr. Heç vaxt. Neçə ildir artıq bu kənddəyəm, başqa yerdə də, məktəbin həyətində də heç vaxt belə bir şey görməmişəm. Gözümə dəyməyib. Heç hərdən uşaqlarla bağa, meşəyə gedəndə də görməmişəm.
– Hə, bala mən doğub-bitmə bu kənddənəm. 80-i haqlamışım. 5-6 yaşımdan at belində bu çöllərdəyəm. Mən də heç vaxt nə kəndimizdə, nə yaxın ətrafda görməmişəm. Olanda da kənddən çox uzaqda örüş yerində, qobularda, sel gələndən sonra çay qırağında belə yerlərdə əvvəllər tək-tək gözə dəyərdi. Ancaq son illər ta heç belə yerlərdə də görməzsən. Elə bil yoxa çıxıblar. Ya gərək həyətə dələ-filan dadana? Ya da nə bilim nə? Nəsə, başağrısı olmasın, qadan alım, görəcək işə düşmüşük. Cücələr çıxmağa başlayandan yenə gündə biri, ikisi yoxa çıxır.
– Bala, bala sən də məni qınama, elə bil cücə qeybə çəkilir, – bayaqdan kənarda oturub maraqla bizi dinləyən Güllü nənə də söhbətə qoşuldu, – adam heç bilmir nəyə ehtimal versin. Həyətdə də bir at, bir inək, bir dənə də danadan başqa heç nə qalmayıb. Əvvəl it-pişik var idi. Adam onlardan şübhələnirdi… İndi qalmışıq belə. Görürsən toyuq yanında 5 cücə girdi dalanın altına, bu yandan çıxır cücənin biri yox. Cikkilti yox, qaqqıltı yox. Heç nə.
– Nə deyirsən arvad? İndi deyirsən 5-6 cücədən ötrü atı, inəyi də tələf eləyək? Yoxsa, indi də Alapaçadan şübhələnirsən? – Məcid dayı özünü saxlaya bilmədi. Alapaça onun atının adı idi. İnəyə də Ceyran deyirdilər. Güllü nənə həyətdə “Ceyran, Ceyran”,- deyə danışanda nabələd adam elə bilərdi ki, başqa bir qadınla söhbət edirlər. Vəziyyətin ciddiləşdiyini görüb söhbətə müdaxilə etdim:
– Məcid dayı, atalar yaxşı deyib, – “cücəni payızda sayarlar”, bəlkə, sən cücələri tez saymağa başlamısan? – öz aləmimdə vəziyyəti düzəltməyə çalışdım.
– Ay bala, ay oğul, özün də oxumuş adamsan, birincisi o “payız” deyil, “güz”dür. İkincisi də biz yaxşı bilirik cücənin indi sayılmaq vaxtı deyil. Bunun azarı-bezarı, qurdu-quşu var. Ancaq görürsən ki, vəziyyət başqa cürdür. Məsələ yavaş-yavaş Alapaçanın, Ceyranın üstünə qalmağa doğru gedir.
– Nə məsləhət görürüsən, Məcid dayı? Bu oxumuş adam sizə necə kömək edə bilər?
– Hə, bax indi səndən xoşum gəldi. İndi oldun arif adam. Yadındadır? İnişil məktəbdən nəsə oğurlamışdılar. Məktəbin öz “televizor”una baxıb, oğrunu tapdılar. O məsələ yadındadır? Bax bizə elə bir şey lazımdır. Baxaq görək gecə, gündüz, biz olmayanda tövlədə, hində, dalanda nə baş verir? Oğru kimdir? Cücələr hara yoxa çıxır?
– Hə, yadıma düşdü, Məcid dayı. Məktəbdən kompüter oğurlamışdılar. O “televizor” dediyin təhlükəsizlik kameralarıdır. Onu bura necə gətirmək olar? Bir də onlar çox bahalıdır. Lap bura gətirdik onları kim quraşdıracaq? Birdən xarab olar. Ya da onları söküb buraya gətirəndə məktəbdə nəsə bir hadisə baş verər. Bilirsən ki, təzə məktəbdir. Çoxlu təzə, bahalı avadanlıqlar var.
– Sən onları gətir burada qur. Mən məktəbə keşik çəkərəm. Bir quş da ora səkə bilməz.
– Yaxşı, Məcid dayı. Mən soraqlayım görüm, quraşdımağa adam tapa bilsəm, direktorla danışıb, kameralardan bir-ikisini gətirib burada quraşdırarıq….

Ertəsi gün kamera quraşdıran usta ilə maraqlanırdım. Məktəbin direktoru rayon mərkəzində yaşayan bir ustanın nömrəsini verdi. Telefonla danışanda belə məlum oldu ki, məktəbin kameralarını sökməyə ehtiyac yoxdur. Razılaşdıq ki, usta həm özünə də maraqlı olduğuna, həm də qocalara görə ucuz qiymətə bir həftəlik öz kameralarını gətirib 3-4 nöqtədə fasiləsiz müşahidə üçün yerləşdirə bilər. Hər şeyi telefonla danışıb həll etdikdən sonra ustaya bir yaxşı nahar və 50 manat pul verəcəyimi dedim. Usta məndən tövlədə, dalanda, hində və digər lazım olan yerlərdə elektirik enerjisi, kənddə internet olub-olmadığını soruşdu. Bildirdim ki, hər yanda elektirik enerjisi də, internet də var. Razılaşdığımız gün usta gəlib 5 yerdə kameraları qurub getdi. Bildirdi ki, özü kameralara nəzarət edəcək. Əgər maraqlı bir görüntü olsa mənə xəbər edəcək. Heç bir gün keçməmiş usta mənə zəng etdi:
– Salam, müəllim! Necəsiniz?
– Salam. Çox sağ olun. Siz necəsiniz, nəsə bir yenilik var?
– Müəllim, görməsəniz inanmazsınız. İnanın, mən də görməsəm, kim deyir, desin inanmazdım.
– Onda sabah gəlin, həm biz də görək, həm də oğru bilindiyinə görə kameralarınıza ziyanlıq dəyməmiş aparın.
– Oldu, müəllim. Sabah günortadan sonra görüntüləri gətirəcəm. Baxarıq. Kameralardan da narahat olmayın. Onlara heç nə olmaz.
Danışdığımız kimi günortadan sonra usta gəldi. Məcid dayıgildə Məcid dayı, Güllü nənə, vəziyyətdən xəbərdar olan məktəbin direktoru, mən və bir də usta həyətin ortasında qoyulmuş masanın başına toplanıb, ustanın noutbukunun açılmağını gözləyəndə usta gözaltı arada gah Ceyrana, gah da Alapaçaya baxıb başını bulayırdı. Nəhayət noutbuk tam işə hazır olduqdan sonra usta dedi:
– Möhkəm olun, inansanız da, inanmasanız da indi görəcəkləriniz həqiqətdir.
Elə bu vaxt noutbukun monitorunda həyətin müxtəlif guşələrini seyr etməyə başladıq. Günün günorta çağı çil toyuq yanında cücələri Ceyranın qarnının altından, ayaqlarının arasından keçib gedirlər. Bu vaxt Alapaça ani bir hərəkətlə boynunu azca aşağı əyib, yana doğru uzadaraq əvvəl elə havadaca sarı, lümək cücələrdən birini iri açılmış dodaqlarının arasına alır, sonra da yüngülcə çənəsini əsnədərək, ağzını yumub, bir dəfə başını sağa-sola silkələyərək, qulaqlarını şappıldadır vəssalam…
Hamımız heyrət içində donub qalmışdıq… Ani olaraq ağlıma ilk gələn Əlləş və Vuruşun məsum, yazıq simaları oldu. Halbuki, bəlkə də onların yeri indi daha yaxşı idi. Ancaq buna baxmayaraq, haqsızlığa uğradıqlarına görə onların halına acıyırdım…
Məcid dayı isə elə hey təkrar edirdi:
– Dağıl, a belə dünya, dağıl… At izi it izinə qarışıb….
Son.

15.01.2022. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QIRĞIZSTANDAN GƏLƏN XOŞ SORAQ

İBADULLA ƏSƏDOV

QIRĞIZSTANDAN GƏLƏN XOŞ SORAQ

    Cəmisi bir həftə qabaq “Facebook”da dostluq təklifini qəbul elədiyim Əsədov İlham İbadulla oğlu heç demə mənə doğma olan keçmiş iş yoldaşım, mərhum İbadulla Əsədovun oğlu imiş. Əslən Füzuli rayonunun Bala Bəhmənli kəndindən olan İlham müəllim özünün dediyinə görə sovetlər dönəmində əsgəri xidmətini başa vurandan sonra Bişkekdə məskən salıb. Qırğızstanda çox məşhur hərbi jurnalist- foto müxbirdir. Ömür-gün yoldaşı doğulduğu kənddən olub və altı il qabaq vəfat edib. (Allah rəhmət eləsin!) Fəridə, Fatimə adında 2 qız övladı və Fərid adlı oğlu var. Fəridlə Fəridə ali təhsilli halal sənət sahibləri, Fatimə isə hələ məktəblidir.

  İlham müəllimin atası İbadulla müəllim sağlığında Füzuli rayonunun sayılıb-seçilən ziyalılarından biri kimi böyük nüfuz qazanıb. İxtisasca ədəbiyat müəllimi idi. Uzun illər boyu dərs hissə müdiri, məktəb direktoru vəzifələrində çalışıb. (Mən institutu bitirib təyinatla Bala Bəhmənli kəndində müəllim işlədiyim illərdə rayonun Babı kəndindən olan Zakir xanlarovdan sonra məktəbə rəhbərlik edib. 1922-ci ildə doğulub, 1993-cü ildə rəhmətə gedən bu müdrik insan, doxsanıncı illərin əvvəllərindən Bala Bəhmənli kənd orta məktəbində fəaliyyət göstərən muzeyin təşəbbüskarı və yaradıcısı olub. Aşağıda onun 1980-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən çap olunan ilk şeirlər kitabım haqda yazdığı məqalə də muzeydəki eksponatlar arasındadır. İlham müəllimin mənə göndərdiyi və 42 il qabaq yazılan bu məqalədən indiyə qədər xəbərsiz olmuşam. Sonda məqalə müəllifinə Allahdan rəhmət diləməklə, Qırğızstanda yaşasa da, ana vətənimizə, doğma el-obasına qırılmaz tellərlə bağlı olan soydaşımıza bu yazını üzə çıxardığına görə təşəkkürümü bildirirəm.

                       İSMAYIL MƏRCANLI İMANZADƏ

   Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri

                               26.07.2022

                 ŞAİR-MÜƏLLİMİN İLK KİTABI

     İsmayıl İmanovCəbrayıllı olsa da, onun imzası Füzuli oxucularına da tanışdır. Çünki o, 1965-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunu bitirib, rayonumuzun Bala Bəhmənli kənd orta məktəbində 1970-ci ilə kimi müəllimlik etmişdir.

    İsmayıl müəllim 1965-ci ildən respublika mətbuatı və yerli mətbuatda ara-sıra öz şeirləri ilə çıxış edir. Doğrudur, o az yazır, ancaq səmimi yazır. Onu düşündürən, həyəcanlandıran məsələlərdən söhbət açır. “Gənclik” nəşriyyatı bu yaxınlarda İsmayıl İmanovun ilk kitabını-“Səni soraqlaram” adı ilə çap etmişdir.

   Vətən sevgisi, doğma yurdun tərənnümü, sevgi duyğuları müəllifin bu ilk kitabının əsas motivləridir. “Azərbaycan torpağıyam”,  “Ata ocağı”, “Salam çinar”, “El-obanı alqışladım” kimi şeirlərdə Vətən sevgisi, doğma yurda məhəbbət tərənnüm edilmişdir:

…Xəritədə bir nöqtəyə

bənzəsəm də,

Ürəklərdə gur nəğməyəm,

solmaz duyğu yarpağıyam,

Ölkə-ölkə, qitə-qitə

sözü gəzən

Azərbaycan torpağıyam…

  Şair göstərir ki, bəzi gənclər öz elindən, ata ocağından çıxıb başqa şəhərlərdə oxuyub boya-başa çatandan, sənət-peşə sahibi olandan sonra öz doğma yurdunu bəyənmir, ona arxa çevirir, onun yüksəlməsinə əlindən gələn köməyi əsirgəyir.

“Ata ocağı” şeirində isə şair lirik qəhrəmanının dili ilə belə adamlara yaxşı cavab verir:

Burda isindikcə eşqim dən tutub,

Burda sünbül-sünbül saçaqlamışam.

Doğma şəhərləri “atıb”, “unudub”

Ata ocağımı qucaqlamışam.

Bu yerdə gül açıb, ağac göyərib,-

Babamın ruhudur bitən, demişəm.

Burdakı torpağa, burdakı ota,

Burdakı çöpə də vətən demişəm…

      Məlumdur ki, müharibə mövzusunda çox şeir yazılıbdır. İsmayıl İmanuv da “Biz 45-də doğulmuşuq”, “Əsgər məzarları” şeirlərində bu mövzuya toxunmuş və ona yeni məna vermişdir. Şair göstərir ki, əsgər məzarları sadəcə məzar deyildir, onlar sülh, əmin-amanlıq olması üçün məzarları özünə səngər edib döyüşən əsgərlərdir:

Ümidlər, baxışlar yarı yuxulu,

Soraqlar yerini dəyişir hələ.

Əsgər məzarları barıt qoxulu,

Əsgər məzarları döyüşür hələ.

Bir vaxt sipər olub təpə, dağ üçün,

Odların içində diniblər onlar.

Bəlkə də dünyanı qorumaq üçün,

Məzar səngərlərə eniblər onlar…

   “İlk ünvanım”, “Əllərim”, Anamın əlləri”, “Çörək ətri”, “İş günüm” və s. şeirlərində əməyin tərənnümü əks etdirilmişdir.

     Müəllif şeirlərinin demək olar ki, qoşma formasında yazır və müvəffəq də olur. Onun “Gözəllik”, “Qızlar bəzəyidir toyxanaların”, “Səni soraqlaram”, “Qalar”, “Bilmirəm”, “Qurban olum” kimi lirik şeirləri buna misal ola bilər.

    Şair “Arazla görtüşəndə”, “Durnalar köç edir”, “İstisuda”, Bu axşam”, “Yaxşı saxla”, “Meşə notları” kimi şeirlərində təbiət gözəlliklərini ilhamla qələmə almışdır. O, şeirlərində yeni bənzətmələrdən istifadə etməklə öz fikirlərinin obrazlılığına çalışır:

“Burda meşə sal-sal daşı

Taxıb ağac şişə dedim.”

      (“İstisuda”)

“Budaq saçlarını üzünə töküb

Maral buynuzuyla daranır meşə,”

               (“Meşə notları”)

“Billur kəhriz

bir gözəlin yaddan çıxıb,

burda qalan güzgüsümü?!”

                (“Salam, çinar”)

 “Yağış damcıları notlara dönər,

Durna həsrətini çalar havada.”

        (“Durnalar köç edir”) 

     Gənc şairin şeirlərinin qüsurları da yox deyildir. Hər şeydən əvvəl onun mövzu məhdudluğunu göstərmək istərdik. Müəllif ən çox sevgi duyöuları və təbiəti tərənnüm edən şeirlərə meyl edir. O, qurub-yaradan əmək adamlarından, xariqələr göstərən adamlardan hələlik yazmır.  Bunu özü də hiss etdiyindən, “Öyrənəm gərək” şeirində etiraf edir:

“Bəlkə də hardasa yenə çaşmışam,

Yaxşı ki, hamar yol aramır ürək.

İndiki sahildən uzaqlaşmışam,

Dərində üzməyi öyrənəm gərək…”

Biz inanırıq ki,şair “dərində üzməyi öyrənəcək və öz oxucularını yeni kitabı ilə sevindirəcəkdir.

                                            İBADULLA ƏSƏDOV ,

                  Bala Bəmənli kənd orta məktəbinin ədəbiyyat müəllimi

                                                                    dekabr, 1980

İBADULLA ƏSƏDOVUN YAZILARI

İSMAYIL İMANZADƏNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – “MİQ – 17”

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“MİQ – 17”
(hekayə)
Sanki süd gölünə düşmüşdüm. Gözlərimin önündə dümağappaq buludlar uçuşurdu. Mavi səmadan əsər-əlamət qalmamışdı. Pambıq kimi ağ, yumşaq, sonsuz ənginliklər məni qəfil öz qoynuna almışdı. Ucu-bucağı görünməyən bu “ağ dəniz”in dərinliklərinə doğru yuvarlanaraq boğulurdum. Ancaq heç nə edə bilmirdim. Gücüm sadəcə bir təhər insan selini yarıb, yaxınlıqdakı divara söykənməyə çatdı. Maraqlıdır, həmişə eşitmişdim ki, insan müəyyən bir səbəbdən özündən gedəndə “gözü qaralar”. Məndə isə tam əksinə olmuşdu, “gözüm ağarırdı”. Dünya gözümdə “ağ cənnətə” dönmüşdü. Ətrafa boylandım. Əvvəlcə harada olduğumu heç cür kəsdirə bilmədim. Bu insanların buraya nə üçün toplaşdığını da unutmuşdum. Xeyli vaxt keçdi. Bir az toxdayandan sonra xatırladım ki, 14 avqust 2017 – ci ildir və mən səhər evdən çıxıb müəllimlərin işə qəbul imtahanına gəlmişəm. İmtahan saat 11:00 – da başlamalı idi. Artıq saat 11-ə işləyəndən insanlar, – bir namizəd, beş nəfər də onun qohumu – toplaşıb buraya. Kölgəlik bir yer olmadığına görə qocalı-cavanlı, uşaqlı-böyüklü hamı günün altında gözləyir. Bu an hardansa alnıma bir damcı su düşdü. Elə bil yuxudan oyandım. Yuxarı baxdım. Kondisionerdən su damcılayırdı. Divardan əlimi çəkib bir az aralandım ki, üstümə su düşüb, ağ köynəyimi ləkələməsin. Ancaq elə o an anladım ki, hələ tam özümə gəlməmişəm. Müvazinətimi saxlaya bilmirəm. İmtahana tək gəlmişdim. Özümlə telefon da götürməmişdim. Üstümdə evin açarından, cib dəsmalından və 5-10 qəpik yol pulundan başqa heç nə yox idi. “İndi mən neyləyim?” – sualı altında sıxılırdım. Yavaş-yavaş sərin, yumşaq, ağ buludlardan isti, bərk, qara asfalt-betonun üstünə enməyə başlamışdım. Elə özümü tam burada hiss edirdim ki, rəngarəng insan seli hərəkətə gəlib, ləngər verməyə başladı. Bu minvalla yavaş-yavaş giriş qapısına çatdım və bütün vacib yoxlamalardan keçib içəri daxil oldum. Bələdçilərin müşayəti ilə, – “ora keç”, “bura keç”, – axır ki, gəlib imtahan verəcəyimiz zala çatdım. Bura üzərində müxtəlif rəngli kağızlar və kompüterlər sıra ilə səliqəli şəkildə düzülmüş masalar olan universitetlərdən birinin idman zalı idi. Son illər vacib imtahanlar adətən bu böyük idman zalında keçirilir. Bütün sıraların arasında namizədlər və nəzarətçilər qaynaşırdı. Sıraların arasında gəzən gənc nəzarətçilər zala yeni daxil olan namizədləri üzərində müxtəlif rəngli kağızlar olan masaların arxasında bir-bir oturdur, hələlik kompüterə toxunmamağı tapşırırdı. Xatırladığım odur ki, sarı, yaşıl, rəngli kağızlar qoyulmuş masaların yanından keçərək üzərində ağ kağızlar olan bir masaya yaxınlaşdıq və nəzarətçi mənə burada oturmalı olduğumu söylədi. Dinməz-söyləməz mənə göstərilmiş yerdə əyləşib, növbəti elan olunacaq göstərişləri gözləməyə başladım. Bu vaxt mənim qarşımda sol tərəfdə üzərində sarı rəngli vərəqlər olan boş yerə bir xanım namizəd əyləşdi. Bunu görən gənc nəzarətçi xanım cəld ona yaxınlaşaraq:
– Zəhmət olmasa, qalxıb o yerdə əyləşin, – deyə, – mənim tuşumdakı paralel,
üzərində ağ kağzlar olan boş yeri göstərdi. Xanım namizəd isə qəti etiraz edərək, bunun səbəbini soruşdu:
– Niyə qalxmalıyam? Boş yerdir, mən də oturmuşam!
– Sizə deyirəm, qalxın! Yoxsa, başınız ağrıyacaq!
– Başım onsuzda ağrıyır… Səhərdən gün təpəmə o qədər döşəyib ki…
– Bu dəfə başınız başqa cür ağrıyacaq…
– Baş ağrısının təhir-töhrü də olur?! Ağrıyır də, başım ağrıyır…
Vəziyyətin ciddiləşdiyini görən başqa bir oğlan nəzarətçi yer üstündə mübahisə edən xanımlara yaxınlaşdı. Bu zaman xanım nəzarətçi oradan uzaqlaşaraq, digər yeni gələn namizədləri qarşılamağa getdi. Oğlan nəzarətçi yer üstə mübahisə edən xanım namizədə tərəf əyilib astadan bir neçə kəlmə nəsə dedi. Xanım sakitcə qalxıb göstərilən yerdə oturdu. Elə bu zaman bayaqkı nəzarətçi xanım yanında yeni bir namizəd xanımla boşalmış “sarı kağızlı yerə” yaxınlaşdı və həmin yerdə oturmalı olduğunu bildirdi. Xanım da sanki tamaşaya baxmağa gəlibmiş kimi xüsusi bir əda ilə əyləşdi və həmən sarı vərəqlərdən birini götürüb özünü küləkləməyə başladı. Bu sarı vərəqlər yelləndikcə onu sərinlədib-sərinlətmədiyini deyə bilmərəm. Ancaq bir yer arxada sanki təndirdəymiş kimi “ağ vərəqli yer”də oturdulmuş xanımın ocağını necə körükləyirdisə, fısıltısı qulaqlarımda cingildəyirdi… Elə bu vaxt səs ucaldıcıdan eşidilən: “Diqqət! Diqqət! Hamının fikri burada olsun…” kəlməsi bütün məsələləri arxa plana atdı…
Vacib göstərişlər elan olundu. Nəzarətçilər bir-bir hamıya yaxınlaşıb giriş kodlarını daxil etdilər. İmtahan başladı. Arada gözlərimi monitor yoranda başımı qaldırıb, gözucu “tamaşaya gələn” xanıma da diqqət yetirirdim. Bütün imtahan boyu əhvalını pozmadan, sarı vərəqləri haldan salana qədər özünü küləklədi və namizədlərə imtahan zalını tərk etməyə icazə verilən kimi qalxıb getdi. O qalxıb gedəndə mənim tuşumda əyləşmiş “ağ vərəqli“ xanıma da nəzər saldım. O da ağ vərəqlərlə bir-bir tərini silərək, bükələyib masanın üzərinə göz dağı kimi düzmüşdü. Bir əli alnında, gözlərini monitora zilləmiş nə barədəsə dərindən düşünürdü. O artıq çoxdan buralarda deyildi…
Nəsə, imtahan bitdi. Mən də bu imtahandan sonra öz gündəlik qayğılarımla yaşamağa davam etdim. Ancaq hələ heç müəllimlərin işə qəbul imtahanları bitməmiş rəngli kağızlar barədə müxtəlif söz-söhbətlər dolaşmağa başladı. Düzü, bu barədə dost-tanış məndən də bir-iki dəfə soruşub. Hərdən elə olub ki, istər-istəməz bu mövzuda söhbətə qulaq müsafiri olmuşam. Ancaq hər dəfə özümdən asılı olmayaraq demişəm:
– Yalan söhbətdi! Belə boş-boş sözlərə inanmayın! Bizi gözü götürməyənlərin
yaydığı şayələrdir! Heç elə də iş olar?!
Son.
15.01.2022. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şəlalə Camal – Bu gün yenə bəzənmişəm

ŞƏLALƏ CAMALIN YAZILARI

Bu gün yenə bəzənmişəm,
Ən bahalı ətirləri üzərimə səpmişəm.
Gül çiçəkər içində mən
Görüşünə gəlmişəm.
Görüş yerimiz həminki
Dəyişən təkcə yoxluğun…
O görüşə tək gəlmişəm.
İçimdəki məhəbbəti, səadəti
Sənin üçün gətirmişəm.
Niyə yoxsan?
Yoxsa sən də itib batdın tənhalığın arasında?
Yoxsa sən də çəkib getdin, qoydun yolun ortasında?
Yoxsa sən də boğazımda düyünlənən kəlmələrin sahibisən?
Yoxsa sən də uzun – uzun dərələrdən ayrılığı gətirmisən?
Məhəbbətdən üz döndərib,
Ayrılığa hə demisən…
Olsun…. Neynək…
Bu bəzəyi, bu düzəyi silim gərək.
Belə betər ayrılığa dözüm gərək…
Betərin də betəri var…
Ömür qısa, ömür gödək.
Vədə yetməz görüşməyə
Çalış ki, sözündə düz ol
Özünə yaxşı bax bir də…

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer, AYB-nin üzvü.

ŞƏLALƏ CAMALIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şəlalə Camal – Eşitdim ki, darıxmısan…

ŞƏLALƏ CAMALIN YAZILARI

Eşitdim ki, darıxmısan,
Haqqımda danışırsan…
Mən bilirəm, hiss edirəm…
Qulaqlarım cingildəyir…
Orda – burda danışınca
Zəng etsəydin…
Ondan – bundan soruşunca
Kaş gəlsəydin…
Söz göndərən yaşını da keçmisən….
Sən ki, uşaq deyilsən.
Mən ki, oyuncaq oynayan yaşda belə deyiləm.
Amma dayan,
Yoxdu indi saçlarıma sığal çəkib oxşayan…
Ağlamıram, tozmu qaçdı gözlərimə bilmirəm….
Narahat olma, yaxşıyam.
Gözlərimdə kədər deyil,
Bu ki tale, qədər deyil.
Özün seçdin ayrılmağı….
Məndən ayrılmaq olardı?
Mən ki, sənə can deyirdim…
Canına qurban deyirdim…
Qollarımın arasında itib batdın….
Dişlərimin arasında dodağımı sıxa – sıxa ağlayırdım…
Hə, yoluna gözlərimi dikib baxdım….
Bəlkə gələrsən deyə
Qapını açıq buraxdım.
Toz – tozanaq oldu evim,
Daxmalığa döndü yuvam.
Sənin mənimlədir bilirəm,
Mənim özümlədi davam.
O möhtəşəm gedişinə
Səbəb məndim…
İndi dinlə,
Mən xoşbəxt idim səninlə
Geri dönsən
Xəbər etmə
Qapım açıq
Çay istəsən
Qalan qablarım bulaşıq,
Sən gedəndən yumamışam…
Uzanmışam.
Saçlarıma sığal çəkmək istəsəsən bil
O vaxtdan dolam dolaşıq.
Sən gedəndən hal olmayıb daramağa
Yorulmuşam.
Külək darayıb saçımı,
Yağış yuyub üz – gözümü…
Çox başını ağrıtmayım,
Gəlsən dinməz – söyləməz gəl…

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer, AYB-nin üzvü.

ŞƏLALƏ CAMALIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sevindik Nəsiboğlunun doğum günüdür!

SEVİNDİK NƏSİBOĞLU

Bu gün gənc yazar dostumuz Sevindik Nəsiboğlunun doğum günüdür. Şad günü münasibətilə onu təbrik edir, həyatda, təhsildə və yaradıcılıq fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!!

SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru