
Bu foto çox kövrək bir yaddaşdır gəncliyin, ümidin, təmiz baxışların donub qaldığı bir an… Qardaş itkisi insanın içində heç zaman tam sağalmayan bir boşluq qoyur. Yazdığım bu bayatılar da həmin boşluğun ahı, sevginin izidir.
Bu şəkil illərin arxasından baxan bir nurdu…
Bu baxışlarda gəncliyin təravəti, qəlbin təmizliyi, həyat arzuları var. Amma üç il əvvəl qardaşımın ürəyi dayandı… bizim ürəyimizdə isə o, hələ də yaşayır.
Ölümün əlindən almaq olmur, amma qardaş xatirəsi ölmür.
Hər şəkil bir nəfəs, hər bayatı bir ahdır. Mən də bu acını sözə çevirdim…
Qardaşım…
Sənin gedişin həyatımızda dərin iz qoydu. Amma xatirən, gülüşün, sənin adamlığın, mərdliyın hamısı bizimlədir.
Məkanın nur,
Ruhun şad olsun…
Adın isə heç vaxt unudulmasın Ziyad!
Bayatılar
Dərd əlindən yol gedək,
Bu yerlərdən piyada,
Rəhmətləri daşıyaq,
Qardaşımız Ziyada.
Piyada gedəcəyik,
Heç bilirsənmi hara?
Dərd, qəm-qüssə belədir,
Qəlbimiz olub yara.
Qardaşımızın ruhu,
Göyçəmizi dolanır,
Vətən həsrətli ruhu,
Atəşlərə qalanır.
Biz də yanaq onunla,
Ələnsin göydən külüm,
Sonaya səbr versin,
Allah solmasın Gülüm…
İçimin dağı qardaş.
Yel vurdu bağı, qardaş.
Ölüm mələyi gəlib,
Gəl olma yağı, qardaş.
Nə pis zamandı, Allah?
Ahdı, amandı, Allah.
Biz qardaş itirmişik,
Canımız yandı, Allah.
Qovdu bizi qüzeylər,
Bu ağrı-acı neylər.
Bacısız qardaş olmaz,
Qardaşsız bacı neylər?
Əl açmışıq vərdişə,
Necə düşüb mərd işə?
Köz etdin məni, qardaş,
Od düşsün bu gərdişə.
Ürək, day çağlamırsan,
Hissimi bağlamırsan.
Burda bir igid ölüb,
Sən niyə ağlamırsan?
Ey fələk, daşın hanı?
Dostun-sirdaşın hanı?
Niyə gözlərin gülmür,
Sona, qardaşın hanı?
RUHUN ŞAD OLSUN QARDAŞ!
Müəllif: SONA ABBASƏLİQIZI
