Etiket arxivi: SƏFİLLƏR

EMİN PİRİNİN “SƏFİLLƏRİ” və ya EMİN PİRİ YARADICILIĞINDA UŞAQ OBRAZLARI.

EMİN PİRİNİN YAZILARI

EMİN PİRİNİN “SƏFİLLƏRİ” və ya EMİN PİRİ YARADICILIĞINDA UŞAQ OBRAZLARI.

” Tanrı heç bir uşağı pis olsun deyə yaratmaz. Onu pis edən pis təhsildir. Pis ata-ana, pis ətraf, pis idarə palçıq kimidir, yazıq balaları da çəkib udar.” 
(Viktor Hüqo)
  Tarix müəllimi, jurnalist, Vətən müharibəsi iştirakçısı (baş leytenant), şair – Emin Pirinin
haqqında  oxuduğum ilk yazı qələmyoldaşı Taleh Mənsurun imzasından olmuşdu.  Həmin məqalədən bu cümlələr yaddaşıma hopmuşdu :
” Mənim tanıdığım Emin Piri uşaqlar olan yerdə nəfəs almır. Uşaqların ciyərlərinə çatacaq havanı öz ciyərlərinə çəkməyi özünə haram bilir. Ən böyük arzusu-günahsız uşaqlara tuşlanmış güllələri bir badə şərab kimi başına çəkməkdi.”
Vətən müharibəsindən öncə cəbhəyə könüllü yollanan tarix müəllimi müsahibələrindən birində müharibə zamanı ona gələn məktəbli məktublarından birini müharibənin sonuna kimi ürəyinin üstündə gəzdirdiyi deyir və əlavə edir : “Tarix dərsini keçərkən Vətənin bütövlüyü, azadlığı uğrunda döyüşməyi, Vətəni qorumağı aşılayırsansa və bunları tövsiyyə etdikdən sonra sən yenə də sinif otağında qalırsansa buna dözmək çətin bir məsələ olardı. Təbii ki, sən bu dediklərinə özün öz əməlinlə nümunə olmalısan ki, sabah o şagirdə etdiyin tövsiyyəyə o şagird inana bilsin. “
Ucqar kəndlərdən birindəki orta məktəbdə uşaqlara tarix dərsini tədris edən müəllimin tariximizin şanlı səhifələrində birinin yazılacağı bir vaxtda qələmi partada qoyub əlinə silah alıb bu səfər tarix yazmağa getməsi təkcə Vətənə yox, həm də uşaqlara olan sevgisinin bariz nümunəsi idi. Bu cümlələri yazarkən çox sevdiyim Atamın (M. K. Atatürk) uşaqlar haqqında dediyi bu sözləri unuda bilməzdim :
“Uşaqlarımızı artıq düşüncələrini çəkinmədən açıq ifadə etməyə, daxilən inandıqlarını müdafiə etməyə, buna qarşılıq da başqalarının səmimi düşüncələrinə hörmət etməyə alışdırmalıyıq. Eyni zamanda onların təmiz ürəklərində; vətən, yurd, ailə və vətəndaş sevgisi ilə bərabər doğrunu, yaxşını və gözəl şeyləri təbliğ etməliyik. Vətəni qorumaq uşaqları qorumaqla başlayar”. Deməli, yaşadıqları zamandan və məkandan asılı olmayaraq bütün aydınlar eyni cür düşünürlər.
    Emin Pirinin yaradıcılığına nəzər salarkən ayrı – ayrı vaxtlarda və mövzularda yazılmış şeirlərdə ecazkar bir bağlılıq gördüm, sanki o obrazlar hansısa romanın hissələrindəndirlər, həm bir- birlərinə yaxın olduğu qədər uzaq, həm də yad olduqları qədər doğma idilər. Şairin şeirləri arasındakı görünməz bağlar mənə V. Hüqonun “Səfillər” romanını xatırlatdı. Emin Pirinin də şeirlərinin öz Qavroşu, Fantinası, Kozettası var idi.
Amma bir məqam da var ki, E. Pirinin səfilləri, yəni şərqin səfilləri V. Hüqonun səfillərindən yəni, qərbin səfillərindən daha şanslı idilər, çünki E. Pirinin səfillərinin anaları qavroşların (qomenlərin) anasından fərqli olaraq nə olursa olsun övladını tək qoymaz, onlara sahib çıxardı. Qavroş hərdən evlərinə gedərdi və orda qarşılaşdığı mənzərə bu cür olardı :
“Qavroşun nə sığınacaq yeri, nə yeməyi, nə də əzizləyib, himayə edəcək bir adamı var. Amma qüssələnmir, çünki sərbəst idi. Lakin atılmış olsa da, bəzən ağlına gəlirdi: “Gedim anamı görüm”. O, vərdiş etdiyi yerləri, səsli-küylü meydanları, bulvarı tərk edər, sahil küçəsinə enər, körpülərdən keçər və sonda kasıblığın, yoxsulluğun məskunlaşdığı şəhər kənarındakı daxmaların birinə gələrdi.
  Bu kasıb daxmada həmin şən uşağın ailəsi yaşayırdı. O gəlirdi və burda yoxsulluq və qəm-qüssədən başqa heç nə görmürdü.  O, burada heç bir mehriban təbəssüm görməmişdi – ən kədərlisi də məhz bu idi. Boş ocaqlar kimi, ürəklər də soyuq idi. 
  O buralarda görünəndə ondan soruşurdular: “Haradan gəlirsən?”. O cavab verirdi: “Küçədən”.
O gedən zaman isə, soruşurdular: “Haraya gedirsən?” . “Küçəyə” – deyərək o cavab verirdi.
Anası isə onun arxasınca qışqırırdı: “ Sənə burada nə lazım idi?”
   Oğlan, zirzəmidə bitən solğun, xırdaca bir ot kimi, sevgi və nəvazişdən məhrum yaşayırdı. O, bundan nə əziyyət çəkir, nədəki kimisə  günahlandırırdı. O heç lazımınca bilmirdi ki, ata-ana necə olmalıdır.”
  Emin Pirinin şeirlərində isə Ana obrazı hər zaman övladının yanındadır, müharibənin ən qızğın, amansız səhnələrində belə duasıyla, sevgisiylə, fədakarlığı ilə balasının yanındadır. E. Pirinin şeirlərindəki qavroşun anası birdən uşaqlarının ürəyi alma istəyər deyə danışdığı nağılların sonunda “göydən üç alma düşdü” demir:
”  Kişilər ağlamaz deyən anam
yerimə özü ağlayardı.
Nağıl söyləyərdi,
göydən üç alma düşməzdi nağıllarında,
deməzdi bunu anam-
birdən ürəyimiz alma istəyər…”
Emin Pirinin qavroşunun anası oğlu müharibəyə gedəndə qədim türk inancına əsasən oğlunun saçına xına yaxır, sağ – salamat qayıtsın deyə:
” Saçımda Anamın xınası
Yolların ayaqlarımçün duası… “
Bəlkə də Hüqonun qavroşunun Paris üsyanında bir gülləyə qurban olub dünyasını dəyişməsinin bir səbəbi də anasızlığı idi.
Şairin başqa bir ana obrazı müharibədə öz qolu ilə birlikdə itirdiyi körpəsinə görə özünü qınayır, balasını özündən ayrı düşən qoluna tapşırır ki, ondan muğayat olsun :
“şəhər bombalanarkən
itirmişdi
altıaylıq körpəsini
qoparmışdı
əllərindən mərmilər
bir qolu balasında
biri özündə qalmışdı ananın…

itgin qoluna yalvarıb,
itgin balasını tapşırırdı, ana:
” yaxşı bax balama… “
V. Hüqonun Qavroşu məktəbə getməyi arzulasa da heç vaxt məktəbə getməmişdi. Emin Pirinin Qavroşu məktəbə gedir, amma sosial bərabərsizliyə, kasıblığa görə məktəbin bufetinə yaxın düşə bilmir :
“Sərhəddin
tikanlı məftilləri kimi görünərdi
kasıb uşaqlarının gözündə
məktəb bufetinin qapısı.
…Hindus olmasaq da,
atamızın cibinə görə
bölmüşdülər bizi
sinif otaqlarında
Kastalara.”
Hüqonun Qavroşu bərbərin qovduğu iki oğlan uşağına çörək alır, onların qarınlarını doyurduqdan sonra köhnə fil heykəlinin içində uşaqlara yatmağa yer düzəldir. Emin Pirinin qavroşu da “Dərdin əlindən gedək kimisə sevindirək” deyib uşaqlarla qar adam düzəldir, qar adamın burnunu – yerkökünü nəvəsinə aparmaq istəyən yaşlı nənəyə verir:
” Geyimi kimi
yaşlı bir qadın
yaxınlaşıb fağır-fağır :
-olar,
bu yerkökünü
nəvəmə aparım…”

V. Hüqonun Fantinası (Kozetta nigahdankənar dünyaya gəlmiş uşaq idi) Kozettanı dünyaya gətirib qayğısına qala bilmir, müvəqqəti olaraq meyxanaçı ailəyə  əmanət edir, Kozetta orda hədsiz iztirablar çəkir, zülmlərə məruz qalır. Emin Pirinin “fantinası” isə bətnindəki balası ilə abort masasında vidalaşır :
“… qadın dözür ancaq
Və baxır…
… Alın yazısında həyat
ana bətnindən
abort stoluna kimi
uzanan yolmuş.”
Və yaxud adama elə gəlir ki, bəlkə də Emin Pirinin “kozettası”  “Boşanmış qadın” şeirindəki uşaqdır, şair misralarında boşanmış qadının vəziyyətini bu cür təsvir edir :
“Snayper kimi atar sözlərini
ac pişik kişilər.
sürüdən ayrı düşmüş ceyrandı indi,
axşam yeməyidir gözlərində.
… Sıxılarlar bir-birinə
Qadın
Körpəsi

A… yı oyuncağı… “
Bəlkə də bu həmin o  qızcığazdır ki, uşaq vaxtı ata-anası onun gözünün önündə dalaşanda bu davanı görməmək üçün oyuncağını gözünə tutur, böyüyəndə abort masasında “can qurtarır”.
Bu haqqında yazdığım obrazlar ayrı-ayrı şeirlərdəndir, amma adama elə gəlir ki, bir qızcığazın uşaqlığı bir şeirdə, sonrakı həyatı digər şeirdə təsvir olunub:

Xatırladınmı,

ata-anası savaşarkən

oyuncağının gözlərini tutan

qızcığaz

bu gün “xilaskar” kimi

“Can qurtarırdı” abort masasında.”
     Bəli, Emin Piri yaradıcılığının prioritet mövzusu humanizmdir, insan, ailə və cəmiyyətdir, o uşaqların xoşbəxt, firavan yaşayacağı bir dünya istəyir, müharibələri lənətləyir, savaşlarda körpələrin, qadınların da səngərdəki döyüşçü qədər əzab-əziyyət çəkdiklərini göz önünə gətirir.
Şairin şeirlərinin, “Müharibə gündəliyi” nin orta məktəb dərsliklərinə salınması arzusu ilə Şairə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

MÜƏLLİF: TURAN NOVRUZLU

EMİN PİRİNİN YAZILARI

GÜLNARƏ İSRAFİLİN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


VAQİF OSMANOV. KİŞİLƏRƏ “DƏRS”.

TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru