Etiket arxivi: ŞƏHİDLƏR

Zaur Ustac – “Şəhidlər ölməz”

Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Ağayev Vüqarın əziz xatirəsinə ithaf olunur
ŞƏHİDLƏR ÖLMƏZ
(esse)
     Vətən təkcə xəritədə görünən sərhədlər deyil. Vətən ana laylasıdır, ata öyüdüdür, uşağın ilk addımıdır, şəhid məzarının üstündə dalğalanan bayraqdır. Vətən insanın nəfəsi, kimliyi, ruhu, yaddaşıdır. Elə torpaqlar var ki, onun uğrunda yaşamaq böyük şərəfdirsə, onun uğrunda can vermək müqəddəsliyin ən uca zirvəsidir. Çünki bəzi torpaqlar sadəcə torpaq olmur – tarix olur, tale olur, and yeri olur.
    Qarabağ belə torpaqdır.
    O torpaq ki, illərlə həsrət çəkdi. O torpaq ki, dağları ah çəkdi, daşları nisgil saxladı, yolları şəhid ayağı gözlədi. Hər qarışı min illərin yaddaşını daşıyan yurd yerləri bir xalqın qürurunu, bir millətin ağrısını sinəsində yaşatdı. Amma Vətən heç zaman sahibsiz qalmadı. Çünki bu torpağın mərd oğulları vardı. Elə oğullar ki, ölümdən qorxmadılar. Elə oğullar ki, torpağın səssiz fəryadını eşitdilər.
    Son gücünü toplayıb bir addım da atan qəhrəman yalnız bir insan deyildi. O, bütöv bir xalqın iradəsi idi. Ayaqları büdrəsə də ruhu büdrəmirdi. Bədəni yorulsa da inamı yorulmurdu. Çünki onun qarşısında müqəddəs bir məqsəd vardı – Vətən torpağı.
     Bəzən insan son nəfəsində özünü tanıyır. Bəzən insan ölümün gözünün içinə baxarkən əsl ölümsüzlüyə çevrilir.
     Torpağa uzanan əl sadəcə bir əlin hərəkəti deyildi. O əl Vətənə uzanan sevginin özü idi. Burnunun ucundakı torpağa həsrətlə baxan gözlər sadəcə bir əsgərin baxışları deyildi. O baxışlarda bir millətin ağrısı, bir xalqın nisgili, bir ömrün həsrəti vardı.
    “İlahi, hələ çoxmu öz torpağımızda həsrətlə baxacağıq  torpağımıza?”
Bu sual tək bir insanın sualı deyildi. Bu, illərlə yurd həsrəti çəkən insanların sualı idi. Bu, dağıdılmış evlərin, viran qoyulmuş kəndlərin, məzarı ziyarətsiz qalan ata-babaların sualı idi.
     Amma Vətənin tarixi göstərdi ki, haqq gecikə bilər, amma itib getməz.
     Şəhidlik anlayışı təkcə ölüm deyil. Şəhidlik zirvədir. Şəhidlik Vətənin bütövlüyü üçün öz varlığından keçməkdir. Şəhid olmaq insanın torpağa düşməsi deyil – xalqın yaddaşında dirilməsidir.
    Şəhidlər torpağa əmanət edilirlər, amma unudulmurlar. Çünki şəhidlər zamanın içindən keçib əbədiyyətə çevrilirlər.
     Göyə baxa-baxa kəlmeyi-şəhadət gətirən qəhrəman artıq bədənin ağrısından ayrılmışdı. O artıq sərhəd tanımırdı. Quş kimi azad idi. Ruhun qanadları vardı. Gedirdi… Üzü Günbatanda doğan Günəşə tərəf gedirdi.
     Bəzən Günəş doğduğu yerdə yox, uğrunda can verilən torpaqda doğur.
     Qarabağ sadəcə bir coğrafiya deyil. Qarabağ yaddaşdır. Qarabağ sədaqətdir. Qarabağ şəhid qanı ilə müqəddəsləşən Vətən torpağıdır. O torpağın hər qarışında bir igidin nəfəsi yaşayır. Hər daşında bir qəhrəmanın izi qalır.
     Şəhidlər ölmür.
     Çünki ölən bədən olur. Ruh yox.
     Ölən insan olur. Amal yox.
     Ölən ömür olur. Vətən sevgisi yox.
     Bu xalq tarix boyu böyük sınaqlardan keçib. Ağrı görüb. İtki yaşayıb. Amma sınmayıb. Çünki bu xalqı ayaqda saxlayan müqəddəs dəyərlər var – birlik, inam, Vətən sevgisi.
     Xalq bir olanda dağ aşır.
     Xalq birlikdə olanda tarix yazır.
     Qəhrəmanlıq fərdin cəsarətindən başlayır, xalqın birliyində böyüyür.
      “Şəhidlər ölməz” düşüncəsi də məhz buradan doğur. Çünki şəhid yalnız keçmişin qəhrəmanı deyil. O, gələcəyin müəllimidir. O, gənc nəslə sədaqət öyrədən məktəbdir. O, Vətənin qiymətini anlatan müqəddəs örnəkdir.
      Bu gün azad səmalara baxa biliriksə, bu gün bayrağımız öz torpağında dalğalanırsa, bu gün Vətənin yolları azad nəfəs alırsa – bunun arxasında adsız qəhrəmanlar, yarımçıq qalan arzular, son nəfəsində belə Vətəni düşünən oğullar dayanır.
     İndi Günbatanda bir ulduz parlayır.
     Elə parlayır…
     Elə parlayır ki…
     Sanki göylərdən səslənir:
     — Ey Vətən oğlu, unutma! Bu torpaq sənə əmanətdir…
       Çünki şəhidlər ölmür.
       Onlar torpaqda cücərirlər.
       Şəhidlər hər il may ayının sonuncu on günlüyündə yaşıl çəmənlərin qoynunda doğulan bağrı qara xallı al qırmızı lalələrin, Ulu Babəkin, Şah İsmayıl Xətainin, qoca Şərqin ilk respublikası Azərbaycanın al qırmızı bayrağının qırmızısında yaşayır.
      Bayraqda dalğalanırlar.
      Xatirələrdə yaşayırlar.
      Millətin ruhuna çevrilirlər.
      Şəhidlər ölməz.
      Vətən bölünməz.
      Şəhid olmaq – yaşayan vüqar, ölməzlik qazanan qürur, daim ucalan fəxarət hissidir!
       Şəhidlər ölməzlər! Onlar vətənin bir parçasına çevrilərlər! Yazıda düzlərdə al lalə, qışda dağlarda ağ qar olarlar.
      Şəhid olmaq, elə Vətən olmaq deməkdir!
      Vətən sevilər.
      Vətən yaşadılar… Vətən yaşadar… Vətən yaşayacaq…

04.03.2021. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Yol qeydləriZəfər yolu

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

VÜQAR AĞAYEV HAQQINDA

Vətən Müharibəsi Qəhrəmanı – şəhid Vüqar Əhməd oğlu Ağayev

Ağayev Vüqar Əhməd oğlu haqqında

Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Ağayev Vüqar Əhməd oğludur. Vüqar Ağayev 04 mart 1973-cü il tarixində Qubadlı rayon Xanlıq kəndində anadan olmuşdur. 1980-cı ildə Qubadlı rayon Xanlıq kənd tam orta məktəbinin 1-ci sinfinə getmişdir. 1990-cı ildə Qubadlı rayon Xanlıq kənd tam orta məktəbini bitirmişdir. 1991-ci ildə Azərbaycan Respublikasının ordu sıralarına hərbi xidmətə çağırılmış, 1992-ci ildə təxris olunmuşdur. 1992-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuş,1994- cü ildə hərbi təhsilini başa vuraraq leytenant hərbi rütbəsi almışdır. Qusar rayonu N saylı hərbi hissədə təlimdə olmuş, təlimi başa vurduqdan sonra Naxçıvan şəhəri Naxçıvan qarnizonunda N saylı hərbi hissədə bölük komandiri olaraq hərbi xidmətə başlamışdır. 2016-cı ildə Hərbi xidmətini başa vuraraq təqaüdə çıxmışdır. 2020-ci ilin Oktyabr ayında könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı bölməsinə müraciət edərək II Qarabağ müharibəsində iştirak etmişdir. 01 noyabr 2020-ci il tarixində Qubadlı rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ailəlidir iki övladı var.
Bakı şəhəri 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ağayev Vüqar Əhməd oğlu-mayor (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı”adı verilmişdir. Şəhadətin mübarək! Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik, nur içində yatın.

Müəllif: Ceyhun MƏMMƏDOV

VÜQAR ƏHMƏD OĞLU AĞAYEV HAQQINDA DİGƏR YAZILAR

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru