TƏKLƏNMİŞ QƏHRƏMANLIQ (Aprel şəhidlərinə ithaf olunmuş “APREL DÖYÜŞLƏRİ” yazımın ikinci hissəsi) Mənim ölkəm informasiya silahı ilə soyuq davranmağın ən dəhşətli nəticələrini özündə əks etdirən ideal poliqondu. Reallıqdan kənar müstəvidə müharibə həqiqətlərinin bu sayaq aldadıcı manevrlərlə ciddi çaşqınlıq yaradacağını, hücum edən tərəflə müdafiə olunan tərəf arasındakı fərqi istədiyi kimi cızmaqla mükəmməl təsir vasitəsinə çevirəcəyini axı kim ağlına gətirərdi!.. Qəribədi, artıq uzun müddətdi eyni səhnədə oynanılan bu tamaşa nə süjet xəttində, nə də aparıcı obrazlarının taleyində önəmli rol oynayacaq yerdəyişmələrə məkan vermir; həm həqiqi qəhrəmanlarını bir ovuc təlxəyin ayağına gətirməklə alçaldır, təhqir edir, həm də öz elektoratını qoruyur, populyarlığını itirmir. Hər anı ürəyimizdə ildırım kimi çaxan bu tamaşada yaddaşımıza, yaddaşımızla birgə mənəviyyatımıza təcavüz edəcək kifayət qədər ağır səhnələr yer alıb. Baxın, vaxtilə bir qoçaq ağdamlı balasının on qorxaq erməni dığasını şillə-təpiyinin altına salıb təkbaşına əzişdirdiyi yerdə indi fərqli hadisələr cərəyan edir: indi on erməni dığası illərin ağrısını on minlərlə qəhrəman ağdamlı balasının yurdunu xəritədən silməklə canından çıxarır… Daha dayandığımız yerdə hər şeyi teleyin üstünə atmaq, Allahın ayağına yazmaq, bununla, ənənəvi güvənc mərkəzlərini, istinad nöqtələrini nüfuzdan salmaq da özünütəhqir kimi anlaşılır: Öz dərdimiz özümüzə bəsdisə, ilahidən gələn gücü bu sayaq ucuz tutmağın nə mənası!?. Onsuz da Kəlbəcərə görə bir maşın qulaq gətirmək, Şuşaya görə gicgahına güllə sıxmaq… sevdasına düşənlərin günahı bu zavallı xalqın çiynində əbədi yükdü. Mən hələ qisas məqsədilə öz dədə-babalarının görunu belə erməni tanklarının ağzına verməkdən çəkinməyənləri vəznə gətirmirəm; bu izahı mümkünsüz ifrat radikallığa, rədif tanımayan insansızlığa qafiyə tutmuram. Çünki tarixin yaddaşı bizim yaddaşımızdan itidi!.. Budur, çarpaz bucaqların diqtəsi əksər məqamlarda öldürücü xarakterilə meydan sulayır, hökmranlıq edir. O üzdən indiki məqamda özümüzü qəhrəman obrazında təqdim etmək niyyətimiz də müəyyən mənada utopiya adlı təhlükəli xəyal xəstəliyinin real nümunəsi kimi qarşılana bilər. Çünki müharibə mühafizəkar təbiətilə öz rasional qəlibində ağılın və məntiqin nişanələrindən kənarda olanlara status vermir, reallıq hissini itirənləri tanımır. Deməli, yağmalanmış bir yurdun əli silah tutan övladı üçün göstərə biləcəyi bütün qəhrəmanlıqlar ən yaxşı halda gələcək zamandan keçir. Təəssüf, biz vaxtı qabaqlaya bilmədik. Bu, bizim ən böyük səhvimiz idi… Yəni bütün bunları gələcək nəsillərin genetikasına ötürmək istəyim, əslində, vətəndaşlıq yanğısından qaynaqlanır. Ən böyük düşmənimiz vaxtdısa, ən böyük faciəmiz də ən böyük ideyalarımızın mifikləşdirdiyimiz ayrı-ayrı adamlara etibar edildiyi zamanlarda yaşandı. Ancaq nə qələbəmizin, nə də məğlubiyyətimizin hüdudları bu adamların məhdud auditoriyası çərçivəsində ifadə olunmadı. Bayraqdarların irili-xırdalı bütün günahları təməl prinsiplərinə görə sinəsini güllə qabağına verən bütöv bir nəslin ayağına yazıldı. Bu həm də mənim nəslimin faciəsi idi. Çünki o vaxtdan başqasının pal-paltarını, çəkməsini geyinmiş adam kimi yaşamağa məcbur olduq. Çünki biz öz ömrümüzü yaşamadıq! Üstəlik, hər dəfə məmur kabinetlərində “mən səni cəbhəyə göndərmişdim!!!” “mənə görə döyüşmüsən!!!” kimi axmaq iddialarla döyüldükcə, təhqir olunduqca, əzildikcə, dolaşıq düşmüş ümidlərimizin, ideallarımızın, mücadilə tariximizin düyünü də bərkidi!!! O üzdən Birinci Qarabağ savaşının canlı iştirakçıları üçün səngərə gedən yolu yenidən açdığına görə şəxsən müdafiə naziri cənab Zakir Həsənova öz dərin minnətdarlığımı bildirirəm. Çünki bu, Azərbaycan unsanının qürurla, ləyaqətlə addımlaya biləcəyi yeganə baş yoldu. Və ən əsası, itirilmiş bir nəslin özünütəsdiqi üçün sonuncu şansdı… (Bu gün adımı o veteranların siyahısında görmədiyimə görə məndən qisas aldıqlarını düşünənlər kökündən yanılırlar. Açığı, ömrügödək makakalar kimi ortalıqda meymunluq edənləri heç vaxt məhşər ayağına çəkmək fikrinə düşməmişəm. Bu makakaların süni maneələrlə aramızda çəkdikləri dekarativ Çin səddi heç bir-iki kəlməlik qısır çümləmə də tab gətirməz. Çünki bəzilərinin indi-indi ayaq açdığı səngərləri, daddığı barıt qoxusunu vaxtilə mən öz doğma oğlumla bölüşmüşəm. Həm də mənim səngərim mənim yazı masamdı, həm də mənim silahım mənim yazımdı…) Öz içinə qısıla-qısıla kiçilən bu yaralı Vətən mənim səngərimdən daha böyük, daha qüdrətli, daha bütöv görünür həm də… Buyurun, baxın! Mənim gördüklərimlə mənim görməli olduqlarım arasındakı fərqi sıfıra endirmək niyyətim bu gün ideoloji baxımdan qan düşmənçiliyinə qədər böyüyüb. Hətta doxsanıncı illərin əvvəllərində, birinci Qarabağ savaşının ilkin aktiv fazasında daha tez-tez üz tutduğum Ağdam elə ilk görüşümüzdəncə məni uşaqlıq xatirələrimin möcüzəli şəhəri kimi qarşılamadı. Bir vaxtlar xidməti işlərilə bağlı tez-tez bu bölgəyə yollanan atam hər fürsət düşdükcə məni də tərkinə almaqla balaca oğlunun özündən yüz milyon dəfə böyük fantaziyası üçün ideal ünvan seçmişdi. Mənim atam uşaqların ürəyini oxumağı bacaran dahi idi. Bilirdi ki, böyüdüyü aran zonasını zəhərli ilanlarla bölüşən çarəsiz oğlundan ötrü bu yerlər unudulması mümkünsüz, sirli-sehrli bir məkana çevriləcək. Ancaq amansız illərin üstündən xətt çəkdiyi həqiqətlər mənə öz yoxluğunu çox-çox sonralar daddırdı. Nə Ağdam o uşağın tükənməz fantaziyasının vətəni statusunu qoruyub saxlaya bilmişdi, nə də mən o uşağın genetik kodunu. Aramızdakı ögeyliyə dünya sığardı: hətta ilk baxışdan özünü gözə soxan görüntülər – əynimdəki zabit mundiri, çiynimdəki leytenant ulduzu da bu ögeyliyi xarakterizə edə biləcək cəhətlərin sonuncuları sırasında boynunu büküb qalmışdı… Mənim kimi birisinin genotipində qəflətən, ani sıçrayışla meydana gələn bu dəyişiklik xarici təsirlərin adi mutasiyası ola bilməzdi. Düzdü, atam məni yanına salıb tez-tez Qarabaga, hətta Qarabağdan da o yana aparmaqla çox böyük iş görmüşdü. Vətənimi tanımışdım. Ancaq bu tanışlıqda yurdumun qaysaqlanmayan yaralarını xatırladacaq heç ölüvay bir nişanə də yox idi. Xankəndində, Ağdamda, Basarkeçərdə, Cermukda, Göyçə gölündə… ermənilərlə birgə qurulan duz-çörək məclisləri bir qayda olaraq atamı İbadcan, qarşı tərəfi isə “axbercan” kimi yaddaşıma ötürürdü… Mən öz valideynimin peşəkar ideoloq olmadığını gözəl bilirdim. Ancaq o da erməni xəyanətini özündə əks etdirən faciələrimiz haqqında nəsə bilməmiş deyildi. Di gəl, nədənsə atam bu xatirələrə iş-işdən keçəndən çox-çox sonra, Göyçədə, Zəngəzurda, Qarabağda… faciələrimiz yaşananda qapı açdı. Ancaq gec idi, çox gec!!! Elə buna görə də onun oğlu birinci Qarabağ savaşının ilkin aktiv fazasında Ağdama hər şeydən əvvəl öz uşaqlıq xatirələrinin vətəni kimi, öz uşaqlıq xatirələrinin arxasınca yollanmışdı. Onu bu romantik görkəmdə kimə desən oxşatmaq olardı: məcara axtarışına çıxmış səyyaha da, bir əlində çiçək, bir əlində qələm tutmuş şairə də. Nə əynindəki zabit mundiri, nə də çiynindəki leytenant ulduzu o gənci uğrunda döyüşməli olduğu idealların müsəlləh əsgərinə çevirə bilməmişdi. O günlərdə Ağdam Vəngi, Xankəndini… öz qəhrəman oğullarının qapazaltısına çevirməklə, bizi gələcəyin lənətindən qorumaqdan ötrü əlindən gələn hər şeyi etdi! Sinəsini güllə qabağına verdi! Aramızdakı uçurumu yaralı köksündən qaynayan laxta-laxta qanla doldurdu!!! Bizdən əvvəl necə idisə, bizdən sonra da elə qaldı, balalarının gözü qarşısında bütün əzablara sinə gərdi, ağrılarını yıxdı, amma özü yıxılmadı. O torpaqda Ağdam boyda ümid, Ağdam boyda inam, Ağdam boyda qəhrəmanlıq qaldı. Ayaq üstə… Çünki atalarımız informasiya məkanımızı bugünümüzün mücadiləsinə dəxli olmayan ötəri məişət söhbətlərilə doldurmaqla bizi cəbhəyə yalın əllə göndərmişdi. Biz silahsız döyüşürdük çünki. Bu, dövlətçilik tarixinin ən qatı cinayəti, insanlıq tarixinin ən böyük faciəsi, müharibə tarixinin ən şanlı səhifəsi idi… Müəllif: İbrahim RÜSTƏMLİ
MÜBARİZ (Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunur) Əlində ucalan qeyrət bayrağı, Çəkdi düşmənlərə dağ üstə dağı. Adınla öyündü vətən torpağı, Böyük hünərinə alqış, Mübariz ! * * * Qılınca döndərdin dəyanətini, Qırdın ümidsizlik əsarətini, Göstərdin cahana cəsarətini, Böyük hünərinə alqış, Mübariz ! * * * Keçdin yurd uğrunda öz həyatından , Şəhidlər vətənin çıxmaz yadından Zəfər ətri gəldi sənin adından, Böyük hünərinə alqış , Mübariz!
QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada, “Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna… * * * Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı.
İllər öncə mətbuatda qarşılaşdığım bir fotonu uzun zamandır qəlpə kimi ruhumda, ağrı kimi yaddaşımda daşıyıram: Yəməndə bir müxbir məlum hadisələrdən sonra körpə bir qızcığazın rəsmini çəkmək amacıyla fotoaparatın obyektivini dağıntıların üstündə oynayan həmin uşağa sarı tuşlayır. Əlində yavan çörək yeyən, nimdaş əyin-başından, baxışlarında düyünlənən bir gilə göz yaşı qarışıq intizardan, balaca varlığından kədər yağan 4 yaşlı Hayde adlı bu məsum yavru fotoaparatı silah zənn etdiyindən hər iki əlini havaya qaldırıb təslim olduğunu göstərir. İllər ötüb o şəklin üstündən… Amma bu gün də Haydeni xatırlayanda həyat onun balaca əlindəki yavan çörək kimi boğazımda düyünlənir, udquna bilmirəm…
Müharibə dünyanın ən böyük ədalətsizliyidi… Orda uşaqlar ölürlər… Məsələ fiziki ölüm deyil.. Uşaqların əllərindən alınan, öldürülən uşaqlığıdır müharibə…
Şəhid Yusifli Azərin məzarı.
Ömrün ən qayğısız illərini yaşaya bilməyənlərik biz… müharibə dövrünün uşaqlarıyıq. Mən uşaqlığımı heç xatırlaya bilmirəm, daha doğrusu, xatırlamağa ürəyimin gücü yetmir. Anamın nə zamansa həyatda var olduğuna inanmaq istəyirəm hərdən. Və bu düşüncəylə hafizəmdə canlandırdığım bir-iki epizodda da müharibə anamdan qabaq gəlib dayanır gözlərimin qabağında.
3 yaşım vardı… Gecə idi… Asfaltı döyəcləyən tankların tırtıllarının səsi hələ də beynimin içində uğuldayır. Bu dünyada səssiz yaşayan, elə səssiz də köçən Anam sanki oyun oynayırmış kimi qab-qaşıqla hay-küy salıb dışarıdakı vahiməni içəridə yaratdığı şənliklə ört-basdır eləmək istəyirdi. Oyuncaqlarımla yetinməyib, rəfdən kitablarını, süfrənin üstündən qozu, badamı qabağıma tökmüşdü ki, başım qarışsın… Özü isə atamla ikilikdə nigaran-nigaran nəyisə müzakirə edirdilər, anlamırdım… O gecəyə qədər dünyam çəhrayı rəngdəydi… Baxdığım hər şey gözəl görünürdü. Həmin o rəngini bilmədiyim vahiməli səs çəhrayı dünyamın hüzurunu pozmuşdu… Həmin gün uşaqlığımın qorxudan öldüyü gün idi…
İllər sonra polyak əsilli tarixçi professor Tadeuş Svyatoçovskinin “Rus ordusunun hər hansı bir ölkəyə xoş məramla girdiyi olmayıbdır. Bu ordu üçün zorakılıq, qəddarlıq və işğal ədalət anlamı daşıyır. Onlar insanlığa sülh adı ilə əsarəti və istidadı sırıyan adamlardır” cümlələrini oxuyanda heç unutmadığım həmin bədheybət səsi – 1992-ci ilin o vahiməli gecəsini xatırladım… sovet ordusunun Azərbaycandan çıxarıldığı gecəni… mənim bu qədər dəhşətlə xatırladığım həmin gecə hələ müharibə səhnəsi deyildi… Bəs o odun içini gözləriylə görənlər, “Ata”, “əmi”, “dayı” deyə gözləri yollara dikilən balalar neyləsin?!
Müharibənin ən böyük qurbanları xəyal dünyası yıxılan uşaqlardır…
Heç bir boya ilə şəkli çəkilməyəcək, lüğətdəki heç bir sözlə ifadə olunmayacaq ən böyük ədalətsizliyin adıdır müharibə…
Bu, bir həqiqətdir ki, Qarabağ Haqq savaşı idi… Amma Haqq olanın mahiyyətini hələ bu yaşda bizim zehniyyətimiz həzm edə bilmir, körpə balalar necə anlasın?! Yollarda əl-ələ bir düzüm çiçək kimi səf bağlayıb “Bənövşə – bəndə düşə” deyən çağıdır onların. Bənövşə kimi boyun büküb yol gözləyən çağı deyil…
Özümüzün yüz çirkaba bulaşdığımız yetmirdimi? indi sizin pak ruhunuzu, gözəlliklər üçün döyünən balaca ürəyinizin aynası olan dumduru gözlərinizi, pəmbə dünyanızı ədalətsizlik toxumu ilə kirlətdiyimiz üçün bizi heç zaman bağışlamayın, yavrular… Yollara dikilən nəmli gözlərinizə qurban, Allahın savabımızı artırmaq üçün çiynimizə qondurduğu Mələklər, qaranlığımızı aydınlatan Nur parçaları…
… O Nur parçalarından biridir İlknur… Hələ ilk çiçəklərinin sevincini doya-doya yaşamağa macal tapmamış o sevincin səbəbkarını alıb əllərindən acımasız dünya… Əmisinə sarılmaq üçün açılan balaca əllərinin boş qalmağına, əl boyda məsum yavrunun xəyal dünyasının yıxılmağına, “Azər əmi, Səninçün çox darıxıram” çağırışlarını cavabsız, gözlərini yollarda qoymağa necə qıyıb ədalətsiz dünya…?!
Bizim Vətən müharibəsi Qəhrəmanı kimi qürur duyduğumuz Azər Yusifli İlknurun ilk qəhrəmanıdır… Onun körpə dünyasını çiçəklə bəzəyən, balaca ürəyini bəxtiyar edən ilk Qəhrəman… İlknura ilk dəfə qızılgül bağışlayan Qəhrəman…
Gözəl bir bahar səhəri imiş… Baharın – çiçəklərin rəmzi olan xanımların bayramı olan gün… Qapının zəngi çalınır və Azər əmi əllərində üç dəstə çiçəklə İlknurgilə gəlir. Çiçəklərin birini İlknurun nənəsi Nailə xanıma, birini İlknurun anası Aysel xanıma, birini isə balaca şahzadəyə təqdim edir… Beləcə İlknur balaca ömründə ilk dəfə çiçək almağın xoşbəxtliyini yaşayır.
İlklər heç zaman unudulmur axı… innən belə İlknur lap çiçək yağışına da qərq olsa, heç nə ona ilk çiçək bağışlayan qəhrəmanını əvəz edə bilmir…
İlknur yol gözləyir… Şəkillərdən ona gülümsəyən Azər əminin telefonuna yenicə öyrəndiyi hərflərlə məktub yazır, səsli ismarıc göndərir: “Gəl, – deyir. Sənin üçün darıxmışam, Azər əmi. Çox darıxmışam. Hamı Səndən danışır, amma özün gəlmirsən. Sən gəlmədin deyə yeni ildə yolkamı da bəzəmədim. Gəlsən ən böyük bayramım olacaq. Çiçəklərini də istəmirəm, sadəcə özün gəl. Səni çox istəyirəm! Gəl ki, baharımız olsun…”
İlknur Atasından xahiş edib ki, “gül alarsan, Ata, Qarabağa Azər əmimə hədiyyə göndərmək, əmimi sevindirmək istəyirəm, üstünə də yazacağam ki, “İlknurdan Əmisinə” …Nuran bəy qızının arzusunu yerinə yetirib… Çiçəklərdən böyük bir çələng hörüb, üstünə də körpənin arzuladığı kimi “İlknurdan Əmisinə” yazdırıb və İlknurun dediyi ünvana – Qarabağa – kəndimizin Qarabağ böyüklükdə müqəddəs məbədgahına – Azərin uyuduğu şəhid məzarlığına aparıb… İlknurun bu arzusu – Nuran bəyin bu addımı mütləqdir ki, Azəri sevindirib. Nə böyüklükdə sevgiylə anıldığını, ürəklərdə yuva saldığını duyub Azər… Buna ürəkdən inanıram…
İlknurün əmisinə aldığı güllər.
Beləcə… sözün bitdiyi yer… Adam danışmağa, yazmağa söz tapmayanda gözlərindən axıdır ruhundakı ağrıları…
İlknura gerçəyi deməyin, lütfən… Heç zaman bilməsin Azər əminin vurulduğunu… Pəmbə dünyası uçmasın, xəyalları qırılmasın… Bahar gəlsin körpə ömrünə…
Hər “Qarabağ Azərbaycandır!” – nidası ucalanda televiziyada gözü o zabit əmilərin arasında Azəri axtarsın, Qarabağı Azərbaycan edən Azər əmisiylə qürur duysun, düşünsün ki, bir bahar Qarabağdan qayıdacaq Azər əmi, ona xarıbülbül gətirəcək, ümidlə yolunu gözləsin…
Ümidini qırmayın uşağın… Gözləmək gerçəyi bilməkdən, həqiqətlə üzləşməkdən daha az ağrıdır adamı… Gerçəyi bilmək akvariumun sınmağı, susuz qalan balaca rəngli balıqların döşəmənin üstündə çabalamasıdır… Gerçəyi bilmək göyqurşağıya bənzəyən rəngarəng dünyanın bütün çalarlarını itirməsi, bəxtiyar uşaqlığın rəngsiz göz yaşına dönüşməyidir…
Təki bilməsin… Zamansız böyüməsin… acıların içindən boylanmasın dünyaya… İlknurun boyu çox balacadır, dünyanı görməyə boyu çatmır axı hələ…
Dünya onun düşündüyü qədər də ədalətli yer deyil…
Körpə quzum! Yavrum! Heyif ki, öyrəndiyin hərflər, balaca əllərinlə yazdığın məktublar ünvanına yetişmir… Çünki dünyanın əlifbası sənin əlifba kitabındakı qədər – siz balaların məsum dünyasını xoşbəxt edə biləcək qədər rəngli hərflərdən ibarət deyil…
Bax, uşaqlar belə düşünür…
Bircə onu bil ki, Sənin nağıl dünyanın qəhrəmanı indi milyonların qəhrəmanıdır. Sənin balaca dünyanı çiçəklə süsləyən Azər əminin şəkli indi Sənin kimi körpə fidanların köynəyinin yaxasını çiçək kimi süsləyir…
Şəhid Yusifli Azər.
Azər əmi özü isə Qarabağı gülüstana – Vətəni Cənnətə döndərdiyi üçün ucaldığı göylərdən baxıb təbəssümlə gülümsəyir…
Ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşan, qanıyla Tarix yazan, adını tarixə çevirən 26 yaşlı Vətən müharibəsi qəhrəmanı şəhid Azər Nazim oğlu Yusiflinin yarımçıq ömrünün yarısını həsr etdiyi dillərə dastan olan sevgisinə Elegiya…
“Bir gün Süleyman peyğəmbər yol gedərkən belində torpaq daşıyan bir qarışqaya rast gəlir. Torpağı hara daşıdığını soruşur qarışqadan… Qarışqa cavab verir: mən birinin eşqinə tutulmuşam. O mənə deyir ki, əgər sevgində doğrusansa, onda bu təpənin torpağını qarşıdakı təpəyə daşı. Süleyman peyğəmbər gülür: Axı, sənin ömrün yetməz bir təpənin torpağını o birinə daşıyasan. Təpəni yerindən eləməyə bir qarışqa ömrü bəs eləməz. Qarışqa cavab verir: Bilirəm, ömrüm yetməz. Amma onu da bilirəm ki, ömrüm bir eşqin cəfasını çəkməkdə keçəcək.”
Nə qutsal bir eşq… Nə fədakar bir ömür, İlahi… Bütün ömrünü bir eşqin cəfasına həsr etmək… Bunun adı nə sevgi, nə də fədakarlıq deyil. Bu duyğuların adı yoxdu dilimizdə… Bir ömrün buna yetməyəcəyini bilə – bilə ağır olduğu qədər də müqəddəs yükü daşımaq… və sevgisinə, sevdiyinə ilahi sədaqət… İzaholunmaz bağlılıqdı… Mənim qəhrəmanlarım – Azərlə Songülün yaşadığı ilahi məhəbbət, bağlılıq kimi…
Azər… Yusifli Azər Nazim oğlu… Vətən Müharibəsi Qəhrəmanı…
Azər – ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşan, son damla qanına kimi düşmən hücumuna mərdliklə sinə gərən, qanıyla tarix yazan, adını tarixə yazan, azad etdiyi 26 ərazidə şanlı Azərbaycan bayrağını ucaldan 26 yaşlı Cəsur Qəhrəman…
Azər – Songülün Qəhrəmanı… Ona həyatının bütün ilklərini yaşadan Böyük Sevginin Adı…
Azər – toy mağarı qurulmamış, xonçası bəzənməmiş, şaxı qalxmamış, xınası islanmamış, sevdalısı gözü yaşlı, arzuları yarı yolda, taleyi yarımçıq qalmış, Vətənin azadlığını bütün arzularından uca tutan, şəhadətiylə ürəklərdə Ucalan Qəhrəman…
Azər – yarımçıq ömrünün tən yarısını həsr etdiyi böyük sevgisini Vətən boyda ürəyində özüylə əbədiyyətə aparan Azadlıq sevdalı Şəhid…
Bu dünyaya gələn hər bir insanın son mənzili olur. İnsanların yaşamına, ömür yoluna nəzər saldıqca bəzən adama elə gəlir ki, sanki hamı bir-birinin yaşamını təkrarlayır… Amma Azər Yusifli gənc yaşında bənzərsiz bir ömür yaşadı və mən düşünürəm ki, onun ömrü bu məmləkətdə nəsil-nəsil insanlardan ötrü bir örnək, əvəzsiz bir nümunə olacaq – namus, qeyrət, şərəf, ləyaqət, kişilik, mərdlik və fədakarlıq nümunəsi…
Bu dünyada insanlar bir-birinə oxşadığı kimi talelər, sevgilər də bəzən bir – birinə bənzəyir. Amma Azərlə Songülün bağlılığı heç kimi təkrarlamayan bir bərabərlik, bir ilahi sevgiydi, ki, elə sonu da bənzərsiz oldu…
Nakam ömrü bənzərsiz olan Azərin taleyi, o böyük ürəyində daşıdığı ülvi sevgisi də bənzərsizliyi ilə ürəklərdə iz saldı, ürəklərə Azərin yoxluğu böyüklükdə dağ oldu… Nişanlısı – ömrün gənc çağında gül kimi açılmaq yerinə bənövşətək boynunu bükən Songül xanım Azərin yoxluğuna hələ də heç cür inana bilmir. Yazır ki: “Azər! Sən “istiqamət Zəngilan, istiqamət Zəngilan” – deyərək gülə – gülə getdiyin Zəngilanın mən adını belə çəkə bilmirəm. Bilmirəm ki, gedə bilərəmmi o torpaqlara nə vaxtsa? Nə üçün gedərəm… Bəlkə də bir ümid aparar – Səni taparam deyə… Son nəfəsini verdiyin yerdə qoxlayam torpağı, arayam, axtaram Səni gözüm qanlı yaşlarla…” Songül xanımın Azərli xatirələrini hönkürtüsüz dinləmək, yazdığı gündəliyini sakit tonla oxumaq olmur. Qəhər bir tikə yavan çörək kimi boğazımda düyünləyir, udquna bilmirəm.
Vətən savaşının bitdiyi, Ermənistan tərəfin kapitulyasiyaya – təslimolma aktına əyilməyə məcbur olduğu gün, müzəffər ordumuzun rəşadətlə, üzüağ, alnıaçıq qələbə çaldığı gün, Azərin – Azərlərin müqəddəs ruhunun rahatlıq tapdığı gün – 10 noyabr tarixdə Songül xanım Azərə yazır: “Bu gün Sənin qanınla yazdığın tarixdir, Azərim! Zəfərin mübarək! Sənin bəylik paltarın ucaltdığın bayrağın oldu… mənim borcum isə son nəfəsiməcən Sənin adına, sevginə – Sənin ucalığına layiq yaşamaq… Əgər bunun adı yaşamaqdırsa… Mən Sənin qəlbində getdim, Sən mənim qəlbimdə yaşayırsan. İndi ölən kimdi, yaşayan kimdi, Sevdiyim?! Əbədi həyatda qovuşacağıq, Azərim!”
Songülü dinlədikcə, gündəliyini oxuduqca bir daha ürəkdən inanıram ki, bu Vətənin bayrağını ucaldan Azər Yusifli kimi mərd, qeyrətli oğullardırsa, bu xalqın başını ucaldan İlhamın Fərizəsi, Mehdinin Mələyi, Azərin Songülü kimi qar kimi tərtəmiz, namuslu, ləyaqətli, şərəf mücəssəməsi olan, sevgisinə, Sevdiyinə son nəfəsinəcən sadiq qalan sədaqətli qızlarımızdır… Və bu xalqın hərb meydanında dünyaya meydan oxuyan Azərləri cəsarət, qeyrət məktəbidirsə, Songülləri əhdinə vəfa örnəyi, ülviyyət rəmzi, sədaqət simvoludur. Belə övladlar yetirən xalqı heç nə məğlub edə bilməz…
Nakam eşqi, ayrılığı, lap elə bədbəxtliyin özünü də ünvanladığın Eşqin – aşiqinin xatirinə əzizləyib oxşamaq, Dərdi Alın yazısı kimi sinəyə çəkməyi bacarmaq da bir cür böyüklükdü.
Mən Səni Sənin özün qədər duyuram, hiss edirəm, anlayıram, Songülüm… Heç kəsi nigaran qoymamaq üçün o məsum çöhrənə qondurduğun təbəssümün altındakı üzündə özünə “qum şırımı” kimi iz açan kədəri, gözlərində gizlətdiyin nisgili, başını hər qaldırıb işıqlı dünyaya baxanda göylərə bülənd olan ahını… hamısını duyuram.
Əzabdı bu dünya başdan, binadan,
Yalandı baharın çiçəyi, gülü.
Sənin məzarının üstə gəlirəm,
Ürəyi qubarlı, boynu bükülü.
Qaldıra bilmirəm kirpiklərimi,
Durub göy üzünə boylanım, baxım.
Bir zaman qartal tək uçardın orda,
İndi o səmaya ucalır ahım…
Mən Sənin təkcə Azərli xatirələrini, danışdıqlarını, gündəliyinə yazdıqlarını yox, yazmadıqlarını da “oxuyuram” – hiss edirəm… Və hərdən mənə elə gəlirdi ki, bu cümlələrin arxasında “Ürəyimin içində diş ağrısı kimisən, Azər” deyə pıçıldayırsan…
Gedənlər özləri ilə bərabər hər şeyimizi apardı, Songül! – ruhumuzu, üzümüzün gülüşünü, ağzımızın dadını… hər şeyimizi…
Ruhumuzu apardılar – hər şeyə dözən, səbir eliyən quruca canımız qaldı… Canımızı dişimizə tutub yaşamağı öyrəndik…
Üzümüzün gülüşünü apardılar – Guya ki güldük… yıxılmadığımızı, ayaqda olduğumuzu göstərmək üçün güldük… İçimiz ağlayırdı əslində…
Gözümüzün işığını apardılar – İşıqsız qaldıq. Qaranlıqda qoydular bizi, qaramatdan xilas olmağa səndələyə – səndələyə yol axtardıq…
Dilimizin sözünü apardılar – Bu boyda insan dənizinin içində ruhumuz tənhalaşdı, bir kəlmə kəsə bilmədik bir Allah bəndəsiylə…
Hənirtimizi apardılar – canımıza titrətmə düşdü. Ağrı içimizdə ocaq qaladı, yandıq, külümüz çıxdı. Amma o ocağın isinmədik istisinə, kor olduq tüstüsünə…
Ağzımızın dadını apardılar – bu dünyanın aşını, daşını, şəkərini, zəhərini yedik, şirinin – acının, heç nəyin fərqini, dadını bilmədik.
Biz səninlə hələ görüşməmişik. Səni görməmişəm, əllərinə toxunmamışam, Songül bacım! Amma o pak ruhunu, nisgilli ürəyinin içindəkiləri vərəq – vərəq oxumuşam. Və elə bir ilahi doğmalıq hiss etmişəm ki, görmədiyim gözlərindəki həsrəti, buz bağlamış əllərindəki həniri duymuşam. Elə məhrəm olmusan ki, içimə.
Bu dünyada tək canına bütöv bir sevgi yükünün altına çiyinlərini təslim etmək, bu yüklə sevməyi bacarmaq bütün varlığıyla, ruhuyla özünü fəda edə bilməkdi…
Bu dünyada təkbaşına Biz olmağı bacarmaq və o “Biz”i qorumaq – Tanrının ən müqəddəs yükünü çiyinlərinə almaq, Azəri ürəyində, ruhunda, sevgində yaşatmaq deməkdi…
Mən Sənin bu müqəddəsliyin, təmizliyin, paklığın, sədaqətin, nurlu üzün və böyük ürəyin qarşısında baş əyirəm,Songülüm!
Doğum günündü bu gün Sənin… Gündəliyində yazırsan ki, “Hər il 00:01-də aldığım təbriki bu il ala bilmədim. Mən Sənsiz qeyd etdiyim ad günlərimi xatırlamıram ki, Azər… Bu ad günün tam fərqli olacaq, – demişdin. Bu qədər fərqli olacağını düşünmürdüm. Şahdağa gedəcəyik, demişdin… Ordakı bütün qarlar, buzlar mənim ürəyimə doldu, sevdiyim… Telefon alacam sənə, demişdin… Telefon nəyimə lazım, mən bir ömür Sənin səsinə həsrət qaldım… Mən səndən sonra heç böyümədim… Mən də oktyabrın 21-də Səninlə getdim bu dünyadan, Sən cismən, mən isə ruhən yoxam bu həyatda… Səndən sonra nə yaşaya bildim, nə də ki ölə… Qaldığım arafın adını belə bilmirəm, Sevdiyim…” – Doğum günündə Sənin Azərə yazdığın bu cümlələr sətir-sətir iliklərimə qədər üşütdü ruhumu… Dünyam dağıldı… parça-parça oldum, Songülüm… Doğum günündə adamı təbrik etmək üçün nəsə arzular deyərlər… Mən ömrü boyu sözlə işləyən adam Sənə demək üçün bir kəlmə söz tapa bilmədim, Songülüm… Bütün günü bir yanıqlı nəğməm içimdə qovruldu:
Tutalım ki, mən aşığam…
Axı necə saz çalım…
Mizrab qırıq, tellər sınıq…
Barmaqlar qan içində…
Qarşınızda danışmağa sözlərimiz də acizdir… Bu gün bütün qəlbimlə anlayıram ki, şəhid olan təkcə bayrağa büküb torpağa əmanət etdiyimiz Azər deyil, o Azərin bizə əmanət etdiyi sevdalısı da şəhiddi… Şəhidlik məqamı təkcə Vətən yolunda canından keçmək deyil… Şəhidlik həm də torpağa əmanət etdiyin yarınla bərabər, xoşbəxtliyini, arzularını, bütün işıqlı gələcəyini Vətənin qaranlıqdan xilas olması üçün fəda edə bilməkdi… Vətəni Məcnuntək sevən Oğulların Leylalarının qarşısında son nəfəsimizədək minnətdarıq… Udduğumuz hava üçün, gəzdiyimiz torpaq üçün, başını sığalladığımız körpələrimiz üçün Sizə minnətdarıq… Haqqınızı halal edin, məmləkəti işığa çıxarmaq üçün ömrünü qaranlığa qərq edən Leylalar… Haqqınızı heç zaman ödəyə bilməyəcəyik, Azərin Songülü… Azərin qoxusuna doya bilmədiyi Gülü!…
4 yanvar 2021-ci il…
*****
*****
Bildim qəmini sənin ki, çoxdu,
Qəm çəkməyə bir hərif yoxdu…
Gəldim olam qəmin hərifi
Gəl təcrübə eylə mən zəifi…
“Leyli və Məcnun” poemasındakı bu misralar həm o talehsiz Məcnuna, həm ömrü külə dönmüş Leyliyə, həm də elə Füzulinin özünə aiddi. Füzuli bu dünyanın yiyəsiz qəminə yiyə durmağa, öz xoşuna “qəmin hərifi” olmağa gəlmişdi…
Bu qəmlər ki, mənim vardır, bəyirin başına qoysan,
Keçər kafər cəhənnəmdən, gülər əhli – əzab oynar…
-yazır Füzuli. “Bəyir” – dəvəyə deyirlər. “İncil”də də, “Tövrat”da da belə bir məqam var: “Dəvə iynənin gözündən keçərsə əgər, günah əhli, kafirlər yalnız o zaman bağışlanar.” Uşaq vaxtı Füzulini oxuyanda o böyüklükdə beytin mahiyyətini anlamamışdım. Sonra təsadüfən İncildə qarşılaşanda elə bil məni ildırım vurdu: Füzulinin Qəm yükü nə qədər böyükmüş, İlahi, deyə pıçıldadım öz – özümə. O qədər böyük ki, onu bəyirin – dəvənin belinə qoyanda bəyiri iynənin gözündən keçirəcək, kafiri cəhənnəmdən çıxaracaq…
Qəm yükü bu dünyanın ən ağır, həm də ən müqəddəs yüküdü…
Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir… Heç görmüsünüzmü qanmazın, hissizin, duyğusuz – duyarsızın birinə Allah dərd verə? Görə bilməzsiniz… Çünki Dərd o qədər müqəddəs şeydir ki, Allah onu da qanana – seçdiyi bəndəsinə – dərd qədri bilənə verir. Verir, sonra o dərdin Adamın üzündə necə şəkilləndiyinə, bəndəsinin o Dərdi sevdiyi yar təkin əzizlədiyinə – canının parçası kimi sahib çıxdığına Allah özü də məəttəl qalır…
… Mənim kəşf elədiyim, ruhunu oxuduğum, kədərini sətir-sətir içimə çəkdiyim, acısını bütün varlığımla hiss elədiyim, öz dünyamda müqəddəsləşdirdiyim Songül xanım məhz Allahın belə seçdiyi bəndəsidi – Seçilmişlərdəndi, zərif çiyinlərini səssiz-səmirsiz qəm yükünə təslim edənlərdəndi…
Hamı kimi yaşamağa, hamı kimi olmağa nə var ki?! Hamının görmədiyini görməkdi Songül olmaq…Yaşadığın, nəfəs aldığın halda əslində yaşamamaqdı, sevdalısının bayraq örpənmiş torpağına hopmaq, ruhən köçməkdi bu həyatdan Songül olmaq… Adamların var olanları sevməyə təpəri yox ikən, bəxtinə yazılan yazını – Azərini yoxluğunda belə sayğıyla yaşatmağı bacarmaqdı Songül olmaq… Bütün ömrünü Azərin anası Yeganə xanımın çöhrəsində bircə kərə də olsa təbəssüm yaratmağa həsr eləməkdi, ömrünü Şəhid yarına fəda eləməkdi Songül olmaq…
Bu ömrü yaşamaq həm də əzabdır və Songül bu taledən qaçmağa çalışır, əslində. Amma nə qədər qaçırsa, yenə də Ona doğru gedir. Qaça bilmədiyi tale o böyük ürək, mənəviyyat sahibini ömrünü həsr elədiyi ən böyük Həqiqətlə üzləşdiyi yerə gətirib çıxarır. Ölüm bu dünyanın ən böyük həqiqətidi… Songülün nakam ömrü beləcə başlayır. Bu ömür ona dünyanı hamının gördüyü kimi görməyə imkan vermir. Daha duyarlı olmaq daha çox əzabla yaşamaq deməkdir.
Barışmaq nə qədər çətin olsa da, bu, Songülün taleyidi. Bu ömrün səfası, rahatlığı, dincliyi yoxdu, bu ömür başdan başa cəfadı, hər anı, hər dəqiqəsi dərddi, əzabdı, taleylə vuruşdu, döyüşdü, uzun bir yolda ağır-ağır addımlayan qəm karvanıdı…
“Mən bütün həyatımı, xəyallarımı Səninlə və Sənə görə qurmuşdum, Azər… Gedişinlə hər şeyimi apardın. Bir saat sonra, bir gün sonra nə edəcəyimi bilməyəcək qədər çarəsizəm. Kaş məni Allaha tapşırdığın kimi, özümə də nə edəcəyimi tapşırıb gedərdin. Sözündən çıxmazdım ki… Sənsiz hər şeyimi itirmiş limansız gəmi kimi dənizin ortasında qalmışam…
Həyatım dediyin insanı itirəndə… itirdiyin təkcə O olmur… Bütün ümidlərini, arzularını, xəyallarını, gələcəyini itirir insan… Əlində yerlə bir olmuş, çiliklənmiş dünya, sıfırlanmış həyat qalır… Sonra uzun-uzun düşünürsən, heç bir çarə və ümid işartısı tapa bilmirsən yenidən qurmağa o dünyanı… Bir gün başqa bir aləmdə qaldığımız yerdən davam edəcəyimiz ümidiylə… həyata tutunmağa çalışırsan…
Azər… sirdaşım, can yoldaşım… Üzümü güldürən, acımı dindirən İnsan… Səadəti yarım qalan yarım…Qəhrəmanım… İnsan ən sevdiyi ilə imtahan olunarmış… Səninlə dünya bir nağıl, yuxu idi… Amma biz yuxuda olsaq da, dünya nağıl dünyası deyil ki… imtahan dünyasıdı və sən mənim ən ağır imtahanım oldun…
Həyatımda olduğun hər gün mənim üçün bayram idi… Mən bayramları yox, səni görəcəyim günü həvəslə gözləyirdim. Zaman keçdikcə içimdəki yara daha da dərinləşir…
Sən Vətəni həyatındakı hər şeydən uca tutdun… Təsəllim odur ki, Xocalıdakı körpələrin qisasını aldığın üçün ruhun rahatdır, Qəhrəman Şəhidim… Yarım qalan ömrünüz, canınız, qanınız bahasına da olsa, Vətənimizin ərazi bütövlüyünü bərpa etdiniz… Şükürlər olsun ki, Azərbaycanın qan yaddaşı silindi… amma mənim, minlərlə məni kimi taleyi yarım qalan insanın qan yaddaşı yazıldı…
İndi mənim həyata tutunacaq ən böyük səbəbim bütün acılarımla sığındığım Rəbbim və Sənin ürəklərdə, könüllərdə ən böyük ucalıqda, zirvədə olmağındır…
Bundan sonra mənim yaşayacağım (?!) ömrüm Sənin yolun qədər çətin olsa da, Sənin adını daşıyacağı üçün şərəflidir…”
Bu sətirlər Vətənə Məcnuntək sevdalanan Azərin Songülünün gündəliyindən idi… Özümü qanandan əli kitablı olsam da, indi anlayıram ki, biz bugünəcən bütün duyğuların sadəcə təsvirini oxumuşuq… Songülün yazısında mən yaşanılan duyğuların ağrısı və yaşanılmamış ömrün acısını duydum. Sadəcə kədəri içində çəkən yox, bütün varlığıyla kədəri içinə çəkəndi Songül…
Bu qədər dərdin qabağında İnsan nə qədər böyük ürəyə sahib olar ki, hər gələn bəlanı sinəyə çəkib Tanrıya şükür etməyi bacara!
Oxuduqca Songülün hər sətrində Rəbbinə sığındığını, Allahın hər kəramətinə şükranlıq etdiyini gördüm, onu bir daha ürəkdən alqışladım.
Azərin adına, ucalığına layiq olan bu dəyanətli xanımın, mətin olduğu qədər də şükür eləməyi bacarmaq kimi ilahi bir keyfiyyətə sahib olduğunu gördüm. Şükrə yüksələn insan ilahi firavanlıq qazanır, elə Tanrı qatında sevgili yarının ucaldığı şəhidlik məqamı qədər ali mərtəbəyə ucalır.
Ruhundakı dinmək bilməyən ağrılarını kağıza köçürür Songül… İstisinə isinə bilmədiyi, tüstüsünə kor olduğu, ruhunu darmadağın edən nakam sevgisindən, o sevgini doya – doya yaşamağa qoymayıb araya qəfil hicran salan zamansız ölümdən… yazır. Yazır ki, bəlkə ürəyi boşala… Yazır ki, bir az səbbi alına… Yazır ki, unuda yaşadıqlarını… Amma “unutmağı öyrənmək” istədiyi halda əksinə yazdıqca bütün yaşananları daha da unudulmaz edir, əbədiləşdirir, xatirəyə – Sözə çevirir.
Songülün elə sevgilisi Azər kimi bənzərsizliyi ondadır ki, o, cavan ömrünü gültək solduran, onu bənövşətək boynubükük qoyan vaxtsız Ölümü “qarğımır, daş-qalaq eləmir”, onu alnına yazılan yazı kimi qarşılayır… Sadəcə bir gün əbədiyyətdə qovuşacağı ümidilə təqvimdəki günləri yarpaq-yarpaq ömründən qoparır…
Baharı xəzan olan Gəlin… Arzuları üşüyən Gəlin… Nəfəsi buz bağlayan Gəlin… Bəyaz Gəlinlik paltarı qırmızı bel bağına həsrət qalan Gəlin… Xınası islanmamış Gəlin… Xonçası açılmamış Gəlin… Hələ cehiziylə evini bəzəməyə, yuvasını yapmağa macal tapmayan Gəlin…
Qara paltarlı Gəlin… Yollara dikilən gözləri nəmli, hicran yükü daşıyan yorğun çiyinli, köksü param-parça, ürəyi qəmli Gəlin… Gözlərinə baxa bilmədiyim Gəlin… Adını çəkməyə nitqimin lal olduğu Gəlin…
Nə qutsal bir eşq…
Sevdiyinin adı, əmanəti kimi qoruduğun o uca alnından öpürəm! Bacarsan, bizi bağışla… Beşik yırğalaya bilmədiyin üçün bizi bağışla, sevginizin meyvəsi kimi pöhrələyəcək Sevgi adlı bir Nur parçasına Ana ola bilmədiyin üçün bizi bağışla! Bayramlarını qızıl gülə qərq edən oğlanın gənc ömrünü xarıbülbülün ömrünə fəda etdiyi üçün bizi bağışla! Üşüyən əllərin, heç gəlməyəcək baharın üçün bizi bağışla! Biz özümüzü bağışlaya bilməyəcəyik amma…
Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…
CAN AY ANA…
(Polad Həşimovun Anasına)
Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular… Bu baxışda min vaizin xütbəsi, Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox…
* * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. – Bakı.
Gültəkin Əsgərovanın heykəli – Ünvan:Atatürk, Bakı, Nərimanov, AZ1110.
QISA ARAYIŞ:
Gültəkin Əsgərova 1992-ci ilin aprelindən konüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə 19 iyun 1992-ci ildə qəhrəmancasına həlak olub. Gültəkin Əsgərova ailəl i idi və bir qız övladı qalıb. Azərbaycan Respublikası prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Bakının Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulub.
GÜLTƏKİN ƏSGƏROVA HAQQINDA
Əsgərova Gültəkin Məlik qızı20 noyabr 1960-cı ildə Bakı şəhərində dünyaya göz açıb. 1978-ci ildə Nərimanov rayonundakı 200 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Gültəkin fizika, kimya, riyaziyyat fənləri üzrə məktəbdə keçirilən olimpiyadalarda daim iştirak edərək həmişə qalib adını qazanıb. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub və təhsilini 1989-cu ildə başa vurub. Təhsil illərində Daxili İşlər Nazirliyinin Hərbi hospitalında əvvəlcə kiçik tibb bacısı, sonra isə böyük tibb bacısı işləyib. Ali məktəbi bitirdikdən sonra isə 8-ci Təcili Yardım Stansiyasında çalışıb. Daha sonra isə Uroloji xəstəxanada…
Gültəkin həkim…
O, burada anestezioloq-reanimatoloq vəzifəsində işləyir, həkimlərin dərin hörmətini qazanır. Dağlıq Qarabağ hadisələri başlayanda qəlbi qəzəb alovuna bürünür. 4 aprel 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanır. Əvvəlcə Turşsuda, sonra isə Şuşada neçə-neçə yaralı əsgərə tibbi yardım göstərir. Güllə yağışları altında o, yaralı döyüşçüləri təhlükəsiz yerlərə aparır, onlara ilk tibbi yardım göstərir. Şuşa alındıqdan sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak edir.
Döyüşçü, bacı, qadın, həkim, şəhid, Qəhrəman Gültəkin…
Uzun döyüş yolu keçən Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən həlak olur. Ailəli idi. Bir qızı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdur.
Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə onun adı verilib və büstü qoyulub. Eyni zamanda Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə də büstü var. Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulub. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin Tibbi biologiya kafedrası onun adını daşıyır. Bundan əlavə, Xəzərdə üzən gəmilərdən biri də onun adını daşıyır və muzeyi təşkil edilib. 20 iyun 2014-cü ildə Nizami Kino Mərkəzində Gültəkin Əsgərovaya həsr olunan “Gültəkin” filminin təqdimat mərasimi keçirilib və ona həsr olunan “Gültəkin zirvəsi” kitabı təqdim olunub.
Bu dünyaya gələn hər bir insanın son mənzili olur. Ancaq elə insanlar var ki, onun ölümü millətin yaddaşına həmişəlik həkk olunur. Hər bir ölkədə azadlıq uğrunda mübarizə aparan insanlar yüksək dəyərləndirilir. O da ola ki, həmin insan bütün ömrünü o azadlığa sərf edə. Polad Həşimov məhz belə insan idi. O böyüklükdə insanların son mənzili məzarlıq deyil, o böyüklükdə ürəklər məzarlığa sığmaz, ölümüylə millətin qəlbinə köçdü Polad Həşimov. Ölümüylə xalqın qəlbində ölümsüzləşən Milli Qəhrəman…
Hələ 1992-ci ildə Əbülfəz Elçibəylə Turqut Ozal arasında gəlinən razılığa əsasən Elçibəy Azərbaycanın bir neçə say-seçmə gəncini hərbi təhsil almaq üçün Türkiyəyə göndərir. O zaman 18 yaşını yenicə tamamlayan Polad Həşimov və aprel döyüşlərində şəhadətə ucalan polkovnik- leytenant Raquf Orucov həmin göndərilən gənclərin içində olur. Təsadüfi deyil ki, Elçibəy Polad Həşimovun içindəki işığı hələ 18 yaşında ikən duymuş, onun böyük gələcəyinə ürəkdən inanmışdı.
Vətən savaşının bitdiyi, Ermənistan tərəfin kapitulyasiyaya – təslimolma aktına əyilməyə məcbur olduğu gün, müzəffər ordumuzun rəşadətlə, üzüağ, alnıaçıq qələbə çaldığı, Poladların, Azərlərin, İlqarların, Mübarizlərin… müqəddəs ruhunun rahatlıq tapdığı gün – 10 noyabr tarixdə Şəhidlər xiyabanını ziyarət edərkən kimdənsə belə bir təəssüf eşitdim: Heyif ki, bu günü görmədi Polad…
Mən əsla belə düşünmürəm. Belə məqamlara bir az ucadan yanaşanda tamam başqa mətləblər açılır adamın beynində… Polad Həşimov bugünkü zəfərin təməl daşını qoydu, bütövlüyümüzün memarı oldu. Mən bu dünyaya müəyyən bir missiya üçün gələn insanların ilahi tərəfindən Seçilmiş olduğuna ürəkdən inanıram. Polad Həşimov o seçkin insanların, seçilmişlərin öndə gedəniydi. Polad Həşimov ucaldığı şəhadəti ilə 30 il əsarət yükünü çiynində, qeyrət ləkəsini damğa kimi alnında daşıyan bir millətin dirilişinə səbəbkar oldu, yatmış bir milləti silkələdi, qəflət yuxusundan oyatdı, ayağa qaldırdı, bir yumruğa çevirdi. Bugün Zəfər yürüşünə çıxan millətin mübarizə yolu Polad Həşimovun şəhadətindən başladı… Polad o yolun başında Haqq savaşçısı kimi dayandı və bütöv bir məmləkəti bir bayraq altında cəm elədi…
Bəli, təkcə Varlığıyla deyil, yoxluğuyla Qalib olanlar Böyük İnsanlardır… Polad Həşimov yoxluğuyla Tarix yazdı… Qarabağı azad etdi, qələbə qazandı, Şuşaya üçrəngli hilalımızı sancdı…
“Mən kabinet generalı yox, səngər generalı yetişdirmişəm!” – deyə böyütdüyü oğlu ilə qürur duyur Səmayə Ana…
«Həmişə istəyirdim ki, Polad hüquqşünas olsun. Onuncu sinfi bitirməyə az qalmışdı. 1992-ci il idi. Bir gün dərsdən gələndə mənə dedi ki, ana, incimə, mən sənədlərimi Ali Hərbi Məktəbə verəcəm. Doğrusu, pis oldum. Dedim yox, hərbçilik çox çətindir, ailə də, uşaqlar da əziyyət çəkir, mən razı deyiləm. Danışdı ki, bu gün tarix müəllimimiz Ramin müəllim dedi ki, Vətənimiz dardadır, bizə güclü hərbçilər lazımdır. Mən də uşaqların içində söz verdim ki, hərbçi olacağam. Belə də oldu. Sənədlərini Ali Hərbi Məktəbə verdi, qəbul oldu. Çox böyük həvəslə təhsil alırdı. Evə gəlmək istəmirdi. İkinci kursda oxuyurdu. Türkiyəyə hərbi kursa göndərildi. Çox sevincək olmuşdu. Sonralar, kursant ola-ola Murova getdi. Orda çox əziyyət çəkdi. Çox çətin vaxtlar idi. Mən də burda çox əziyyət çəkirdim. Demək olar ki, gecəm-gündüzüm yox idi. Yarıcanım üzülüb, onun yanında qalmışdı. Çox darıxırdıq onsuz… Ancaq, o, öz işinə o qədər bağlanmışdı ki, evə gəlmək istəmirdi. Gücüm ancaq yalvarmağa çatırdı ki, bala, özünü qoru . Demək olar ki, oxuyanda da, işləyəndə də evə çox az-az gəlirdi. Gedəndə, həmişə arxasınca su atırdım. Bir-iki pilləkən düşürdü getsin, sonradan qayıdıb, məni bərk-bərk qucaqlayıb öpürdü. Deyirdi ki darıxma, hər şey yaxşı olacaq. Bilirəm, sən məni çox istəyirsən, mən də səni çox istəyirəm. Ancaq, mən getməliyəm Ana… Oğlum çox vətənpərvər idi. Vətənimizi, əsgərlərini, dövlətimizi çox sevirdi.
Orta məktəbdə oxuyanda, hər yay məktəb bağlanan kimi doğulduğu kəndə – Vəndama, babasıgilə gedirdi. Rəhmətlik qaynatam, babası Mikayıl kişi Böyük Vətən Müharibəsi iştirakçısı idi. O da güclü hərbçi olmuşdu. Çoxlu orden və medalları var idi. Polad həmişə babasına müharibədən suallar verərdi. Hər bir orden və medalı nə zaman, nəyə görə aldığını öyrənərdi. Babası da onun suallarından yorulmazdı, bircə-bircə hamısına cavab verərdi. Hətta, bir neçə dəfə görürdük ki, bu yaşda kişi yıxılıb yerə, sürünür ki, bax, belə sürünə-sürünə keçirdik müharibədə. Sonra həmin hərəkəti Polad da təkrar edərdi. Mənə elə gəlir ki, babasının da təsiri oldu ona, o, belə güclü bir hərbçi oldu. Allah hər ikisinə rəhmət eləsin! Polad oxudu. Ali Hərbi Məktəbi bitirdikdən sonra müxtəlif bölgələrdə – Bərdədə, Murovda, Tovuzda, Hacı Zeynalabdin qəsəbəsində, Daşkəsəndə, Şəmkirdə yerləşən Hərbi hissələrdə komandir işləyirdi. Bu illər ərzində üç dəfə Türkiyəyə hərbi kursa göndərildi. Başı hərbi işə o qədər qarışmışdı ki, ailə qurmaq yadından çıxmışdı. Dostları, özümüz bir təhər onu dilə tutmaqla razılaşdırdıq. Bütün analar kimi mən də elçi getdim, öz kəndimizdən Ofelya adlı bir gözəl qızı Polad üçün nişanladıq. Çox ağıllı və tərbiyəli, savadlı bir qızdır. Riyaziyyat müəllimidir.
2003-cü ilin sentyabr ayının 5-də Poladın toyu oldu. Polad uşaq olanda Gürcüstandan iki ədəd qırmızı şərf almışdım. Toy günü birini Poladın, birini isə Poladın sağdışı Vüqarın qoluna bağladıq. Getdik qız evinə, gəlini gətirməyə. Polad içəri daxil oldu, gülü gəlinə hərbçi kimi təqdim elədi, hərbi salam verdi. O cür ciddi adamın bu baməzəliyi hamıya xoş gəldi, qohum-əqrəba güldü, alqışladı, hamının ürəyi açıldı.
Amma Poladın toyunun sevincini çox da yaşamadıq. Qəflətən atası xəstələndi. Çox müalicələr olundu, xeyri olmadı. 2005-ci il oktyabr ayının16-da vəfat etdi. Atasının ölümü Poladı çox sarsıtdı. Günlərlə özünə gələ bilmirdi. Allah rəhmət eləsin, çox gözəl ata idi… Hamımız çox üzüldük. Neyləmək olar… Birtəhər dözdük… Polad hansı hərbi hissədə çalışırdısa, həmişə ailəsini də ora aparırdı. Polad əsgərlərini çox sevirdi. İşində çox ciddi və tələbkar idi. Əsgərlərinə “balam” – deyirdi. Harda olsa, hansı əsgərin hansı ehtiyacı olsa, ona qayğı göstərirdi. Bütün şəhidlər mənim balalarımdır. Onlar Vətəni bizdən üstün tutdular. Mənə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev özü şəxsən başsağlığı verdi. Mənim üçün böyük dəstək oldu. Ancaq, qızım, mənim də bütün analar kimi arzularım var idi. Bala böyütdüm, barını görmədim, balaları atasız qaldı… Polad özü də atasız qalmışdı, indi isə onun balaları… Polad həmişə rəşadət göstərib, qəhrəmanlıqla vuruşub. 2016-cı il Aprel döyüşlərində iştirak edib. Döyüşə gedəndə bizə bildirməyib. Dörd gün döyüş olub. Döyüş qutardıqdan sonra həyat yoldaşı Ofelya xanıma zəng edərək deyib ki, qətiyyən narahat olmayın, hər şey yaxşıdır. Düşməni kilometrlərlə geri oturtmuşuq. Ancaq, zəngdən 20 gün sonra evə gəldi. Evdə gördük ki, Poladın ayağında, yerişində problem var. Demə, yaralanıbmış. 20 gün də xəstəxanada müalicə alıb. Aprel döyüşlərində göstərdiyi igidliklərə görə dövlətimiz tərəfindən mükafatlandırıldı. Hətta, Prezidentimiz ona ev bağışladı. Polad isə ona verilən evi Aprel döyüşlərində həlak olan bir şəhid ailəsinə bağışladı. Poladın bir başqa ürəyi, qəlbi vardı… Heç zaman əlindən gələni kimsəyə əsirgəməzdi. İmkansızların, dara düşənlərin əlindən tutardı. Xeyirxah, mərd, cəsarətli bir insan idi. O, insani əməli, şəxsi ləyaqətilə özünü təsdiqləmiş cəsur bir General idi.
Çox heyif ki, Poladın illər boyu ürəyində bəslədiyi arzuları param-parça oldu. İstəyirdi ki, tezliklə Qarabağ torpağı o mənfur düşmənlərdən azad olsun. Köckün, qaçqın adlandırılan soydaşlarımız öz əzəli dədə-baba yurdlarımıza qayıtsınlar. Lakin, 12 iyulda Tovuz istiqamətində düşmənin təxribatı nəticəsində 11 nəfər əsgərimizlə birlikdə qəhrəmanlıqla həlak oldu. Hamısının da bir həsrəti, bir amalı var idi – Qarabağ həsrəti… Neyləmək olar… Müharibənin belə sərt qanunları var…
Tovuzda vəziyyət pisləşən andan Poladın özünə, dostlarına, qohum-əqrəbalara zəng eləyirdim. Heç kim telefonu açmırdı. Dəhşətə gəlmişdim. Ayın 14-ü idi. Axşamüstü, səs-küyə balkona çıxmışdım. Gözlərimə inana bilmədim. Baxdım ki, həyət, binaların araları millətlə doludur. Hamının da əllərində bayraqlar evimizin üstünə gəlir. Dəhşətli mənzərə idi. Hər tərəfdə, “İgidlər ölməz, Vətən bölünməz!” – deyə, qışqırırdılar. O dəqiqə anladım ki, Poladım şəhid olub. Hamı bilirmiş, bizə deməyiblər, ay qızım… Polad Vətəni ailəsindən, bizdən üstün tutdu. Vətən yolunda da şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Mənim oğlum fərqli bir oğul idi. Elə bil Vətəni üçün dünyaya gəlmişdi. Çox tez itirdik onu… Polad yaşasaydı, çox işlər görəcəkdi…
Səmayə Ana.
… Səmayə ananın sözlərində o qədər böyük həqiqətlər vardı ki…
Doğulduğu doğma yurdunda – Qəbələdə Polad Həşimovun iştirak etdiyi bir məclisdə onunla görüşən yoldaşım danışır ki, “Polad Həşimov toy mağarına yaxınlaşdı, göz aydınlığı verdi, təbrik elədi və getməyə tələsdi. Toy sahibi “Heç olmasa, bir qismət çörək yeyin, sonra gedin! – xahişinə isə “Əsgəri səngərdə olan komandir necə isti kabab, yağlı fətir yesin”, – dedi. Bu dəmdə ev adamları bir himə bənd imiş kimi ocağın – manqalın üstündən gətirdikləri kabab şişlərini təndir çörəklərinin arasına yığıb əsgərlər üçün böyük bağlamalar düzəldib maşının yük yerinə səliqə ilə yığdılar. Bax, bu oldu əsl toy!” – deyə cənab general məmnunluqla gülümsədi, hamı ilə mehribanlıqla sağollaşıb əsgərlərinin yanına yola düşdü… Məclis əhli hamı onun bu fədakar ürəyinə heyran qalmışdı…
Əsgərlərinin isə onunla bağlı xatirələri cənab generalın sözün həqiqi mənasında necə böyük insan olduğunu bir daha sübuta yetirmiş olur. Əsgərlərindən biri deyir ki, “Bir gün məni yanına çağırıb dedi ki: Əsgər, hazırlaş, sabah evə yola salırıq səni. Mən isə mat-məəttəl “axı mən yeni gəlmişəm məzuniyyətdən” dedim.
Bilirəm, məzuniyyətdən yeni gəldiyini, evinə bir də get ki, yenilənib gələsən. Komandirlərin səndən razılıq edir, qüsursuz xidmətə görə növbədənkənar 10 günlük məzuniyyət verilir sənə… Səhər hərbi hissənin xidməti maşını ilə yola salacağıq, gedərsən”- dedi. Məəttəl qalmışdım. Səhər hərbi hissənin qarşısından hərbi hissənin maşını ilə məni evimə yola saldı və bir zərf verdi. Bu zərfi evə çatanda açmağı tapşırdı. Evə çatanda açdım ki: “Təbrik edirəm, əsgər, Ata olmusan!” yazıb. Zərfin içində 170 manat da pul vardı. Yeni dünyaya gəlmiş körpə üçün pay da göndərmişdi. Bu, əsgərini balası kimi sevən, əməlləriylə sadəliyin böyüklüyünü yaradan Polad Həşimov idi…
Əsgərlərindən Nicat Həşimzadə danışır ki: “Yatmağa yerimiz yox idi. Daha doğrusu, bərbad halda idi. Göy palatkaları birləşdirib özümüzə yer düzəltmişdik. Bir dəfə dəhşətli küləkdən dam başımıza uçdu. Sonra gözlənilmədən dağda kazarma tikintisi başladı. Elə bildik ki, nazirlik bizim üçün kazarma tikir. Ancaq kazarmanı hərbi hissə komandiri Polad Həşimov öz hesabına tikdirdi. Öz evi olmayan komandirimiz bizim üçün ev düzəldirdi…”
Ömür-gün yoldaşı Ofelya xanım isə Polad Həşimovu göz yaşları içində, qəhərdən boğula-boğula belə anır: “Mən Polad kimi insanlar haqqında həmişə bədii əsərlərdə oxuyardım, inana bilməzdim ki, real həyatda belə ürəkdə insanlar həqiqətən olur. Poladla biz 17 il bir yerdə yaşadıq. O, həqiqətən, bütün canı-qanı ilə Vətənə bağlı insan idi və bunu dildə yox, əməllərində göstərirdi. Övladlarımızı da bu ruhda böyüdürdü. Əsgərlərini çox sevirdi. Hər zaman əsgərləri ilə birgə, onların yanında olurdu. Əsgərləri deyir ki, O heç vaxt “İrəli!” deməzdi, öndə Özü gedər, “Arxamca!” deyərdi…
Bizim evdəki şəkillərə baxsanız, ad günlərində, bayramlarda – heç birində Polad yoxdur. Hamısında biz təkik. Çünki, ancaq o, səngərlərdə, əsgərlərinin yanında olardı. Aprel döyüşlərində yaralandığını bizdən gizlətmişdi.
Ofelya xanım 12 iyul hadisələrini belə xatırlayır:
– Bir neçə dəfə telefonla danışmışdıq. Ancaq, 12 iyuldan sonra onunla danışa bilmədik. Çünki o, telefon işlətmirdi. Dostları, tanışları da danışırdılar ki, heç vaxt telefon götürməzdi. Xoşu gəlmirdi telefondan, ancaq öz işi-gücü ilə məşğul olardı. Doğrudan da, adam fikirləşəndə, dəhşətə gəlir. Elə bil, ancaq Vətən üçün, cəbhə üçün doğulmuşdu Polad…”
***
Bu xatirələri qələmə aldıqca Seyid Cəfər Krımərin Məhəmməd Əmin Rəsulzadəyə ünvanladığı sözlər gəlir ağlıma: Bir gün həyatınızı canlandıracaq baxtlı bir türk gənci yetişəcək və ömür yolunuzu qələmə aldıqca “Nə xoşbəxtəm ki, bu yaşamağa dəyər səhifələri yazıram” – deyə Sizinlə qürur duyacaq…
Ruhun şad olsun, Şəhid General!
Nə xoşbəxtəm ki, Sizin o yaşamağa dəyər şərəfli ömür yolunuzu işıqlandırıram… Könüllərdə taxt quran, ürəklərdə heykəlləşən Əbədi Qəhrəman!
Tanrı qatında yeriniz uca, şəhadətiniz qutlu olsun!