ATALAR Atalar Yer üzündə Allahın kölgəsidir, Haqdır, ədalətdi bu, Allahın bəlgəsidir. Həm arxa, həm dayaqdı övlada varlı ata, Uşaq var ata istər, uşaq da varlı ata… İstəyirəm gorəsən, mümkün deyil danışmaq, Belə olur atanın ətəyindən yapışmaq… Allah ətəyi kimi, bərk sarılıb, tutuşmaq, Balaca yumruqlarla, allahlarla vuruşmaq … Həm arxa, həm dayaqdı övlada varlı ata, Uşaq var ata istər, uşaq da varlı ata… 13.06.2021.- Bakı.
Bu gün gözəl insan, əsl ziyalı, tanınmış şair Xaliq Rəhimlinin doğum günüdür. Bu münasibətlə sevimli şairimizi təbrik edir, Uca Yaradandan can sağlığı, uzun ömür, bütün işlərində müvəffəqiyyətlər arzu edirik… Ad gününüz mübarək, Xaliq müəllim!!! Uğurlarınız bol olsun!!!
Xaliq müəllimin özünün bu gün münasibəti ilə dilinə gələnlər:
Ömrün də yazı olurmuş Amma mən qış görə bildim Ürəyim istəyən kimi Nə də bir iş görə bildim Mən yaşımnan utanıram
Taleyim bir şum misallı Ömrümü ot ,alaq basdı Çox şeyi bilmirsən dostum Tərifləmə məni, bəsdi Mən yaşımnan utanıram
Deyirlər su gələn arxa Bir də gələr əvvəl axır Yarımçıq qalan arzular Üzümə həsrətlə baxır Mən yaşımnan utanıram
Nə qədər bəd günüm olub Nə qədər şad günüm olub Yelə verdiyim illərdi Yığılıb ad günüm olub Mən yaşımnan utanıram…
Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…
CAN AY ANA…
(Polad Həşimovun Anasına)
Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular… Bu baxışda min vaizin xütbəsi, Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox…
* * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. – Bakı.
Böyük Zərdabi yazırdı ki: “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur. Qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki, kağızın üstünə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə yetişə bilsin…”
Həmin tarixdən əsr yarım bir zaman keçib… Böyük Zərdabinin bina etdiyi, başladığı qutlu yolda, şükürlər olsun ki, Həqiqətə səcdə etdiyi kimi qələminə sarılan işıqlı insanlar yürüməkdədir. Və bu gün onların daxili dünyasının ziyası hesabınadır ki, qaranlıqlarımız aydınlanır…
Qələm Vicdandır!
Qələm ədəbi və mənəvi məsuliyyətdir!
Qələm milli özünüdərkin və mənlik şüurunun ifadəsidir!
Bu gün bizim vicdanlı, məsuliyyətli, özünü və milli mənliyini dərk etmək iqtidarında bir gənclik kimi yetişməyimizdə kitabından dərs aldığımız, qələmindən ruhumuzu aydınlatdığımız, sözündən, hətta sərgilədiyi duruşundan belə xanımlıq, xatunluq, əzəmət öyrəndiyimiz Mahirə xanıma və onun timsalında zəkasından pay aldığımız müəllimlərimizə borcluyuq!
“Əkinçi”nin amalını, işığını günümüzə daşıyan aydın zəkalı, milli düşüncəli, cəsarətli, aydın mövqeli ziyalı ordusunun ən ön sırada dayananı, fədakar bir qələm sahibidir Mahirə xanım Nağıqızı…
Mahirə xanım – təqdimata və izahata ehtiyacı olmayan Adam!
Özü ən ləyaqətli örnək olmaqla mənəviyyatımızı, daxili dünyamızı, düşüncələrimizi formalaşdıran, Ruhumuzun, mənəvi dünyamızın Memarı olan – Uca ürəkli Adam…
Səmimiyyətin və Sadəliyin böyüklüyünü öz şəxsində bütövləşdirən Adam…
Ülfət zamanı böyüklə böyük olan, uşaqla uşaqlaşan, hamıya yanan Qayğıkeş Adam…
Təkcə özünün, sözünün üzağlığını deyil, əmək kitabçasının belə ləyaqətini qorumağı bacaran məsuliyyət nümunəsi olan Adam…
Çiynini cəmiyyətimiz üçün mənəvi sütun, ömrünü çıraq edən fədakar Adam!
*****
Hüseyn Cavid “Naxçıvana nə lazımdır?” məqaləsində yazırdı ki: “Bir millətin tərəqqi və tədənnisini bilmək üçün millətin məktəblərini görmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın, qoca Rusiyanı həyəcana salan Yaponiyanın bütün tərəqqiyati – ciddiyyətləri həp məktəblər sayəsindədir. Məktəbi bir millətin hər halını tədqiq edib öyrənmək üçün “ən doğru meyar, ən kəsdirmə yol” kimi qiymətləndirən Cavid rus – yapon müharibəsində yaponların ruslar üzərində qələbəsinin səbəbini yapon müəllimlərinin yapon vətənpərvərpərləri yetişdirmə bacarığında görürdü. Bu müəllimlərin tərbiyə işini yüksək səviyyədə, gözəl nəticələr əldə edə bilmək istiqamətində aparmaq məharəti, öz işlərinə böyük məhəbbət və millət naminə məsuliyyətlə yanaşma bacarığı ilə əlaqələndirirdi. Cavid filosof – şair, dramaturq olmaqla yanaşı, həm də böyük müəllim idi, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuşdu və məktəbə, müəllimə millətin əhval – ruhiyyəsinin inikası kimi baxırdı.
“Həsb – hal” məqaləsində yazırdı ki, “bu gün məktəbimiz və ədəbiyyatımız necədirsə, gələcəyimiz də elə olacaqdır”. Bu günün məktəbi və ədəbiyyatı mütləq gələcək həyatın, nəsillərin necə yetişməsinə öz təsirini göstərəcəkdir.
Bunları yazmaqda bir məqsədim var: bu gün biz qalib bir ölkənin vətəndaşı kimi, demokratik bir cəmiyyətin azad düşüncəli yazarı kimi “Milli Mətbuat Günümüzü” qeyd edirik. Amma zənnimcə, təqvimin Mətbuat günü də, Ordu günü də, Zəfər günü… bizi yetişdirən, düşüncəmizi formalaşdıran Müəllimlərimizin bayramıdır.
Öyrətmən sadəcə elm öyrədən deyil, xarakterimizdəki naqislikləri tərbiyə edə – edə bizi formalaşdıran, rəndə kimi cəmiyyətin kələ – kötürlüklərini hamarlayandır. Öyrətmən Aydındır – Günəş kimi yetirmələrinin yolunu və düşüncəsini aydınladandır…
Bu gün Qələmimizi Vicdanımız kimi qoruya biliriksə, Həqiqətə Tanrıya sığındığımız kimi sığına biliriksə, bu Mahirə xanım və onun timsalında dəyərli ziyalılarımızın sayəsindədir.
Bu cəmiyyətin ən işıqlı qələmi də, yazı əhli də Sizin zəka işığınızdan pay alıb yetişən nəsildir, əziz Mahirə xanım!
Siz Bizim Ruhumuzun Memarı – Mənəvi Anamızsınız! İnsan yetişdirməkdən, şəxsiyyət formalaşdırmaqdan daha çətin və şərəfli peşə yoxdur. Var olun! Gününüz Mübarək! Qələminiz və Yolunuz həmişə qutlu olsun! Tanrı Sizin ziyanızı – Qələminizin işığını bizə, millətimizə çox görməsin!
“Azərkitab” kitab təbliğatı mərkəzində tanınmış yazıçı-şair, AYB-nin üzvü, “Azad Qələm” qəzetinin və jurnalının təsisçisi Nəcibə İlkinin sayca 12-ci – “Gədəbəy Qartalı”, “Yarımçıq toy” adlı kitablarının təqdimatı və 60 illik yubileyi keçirilib .
YAZARLAR.AZ xəbər verir ki, tədbirdə şairin qələm dostları, müxtəlif sənət və peşə sahibləri, o cümlədən çox sayda ədəbiyyatsevər qonaqlar iştirak edib . Tədbiri tanınmış şair Yusif Nəğməkar açaraq gələn qonaqları salamladı və müasir ədəbi yaradıcılıqda xüsusi rolu olan Nəcibə İlkini təbrik etdi. Öncə monitorda Nəcibə İlkin yaradıcılığından bəhs edən rolik nümayiş olundu. Daha sonra tədbir iştirakçılarına söz verildi. Tanınmış şair Musa Ələkbərli Nəcibə İlkinin yaradıcılığından geniş bəhs etdi. Sonra Rəfiqə Qasımqızı, Əli bəy Azəri, Məlahət Hümmətqızı, Zaur Ustac və başqaları Nəcibə İlkinin özünə məxsus yaradıcılıq dəsti-xəttindən geniş bəhs edərək şairə yaradıcılığında uğurlar arzuladılar. Tədbirin gedişində tanınmış şair-publisist “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac Nəcibə İlkinə “Ziyadar” Mükafatını təqdim etdi. Sonda Nəcibə İlkin hər kəsə öz təşəkkürünü bildirərək, qonaqlara öz imzası ilə kitablarını təqdim etdi. Xatirə fotoları çəkildi.