Etiket arxivi: Salim Babullaoglu

“ADA” Universitetinə Kolumbiya ədibləri ilə görüş keçirilib

“ADA” Universitetinə Kolumbiya ədibləri ilə görüş keçirilib

Dekabrın 10-da “ADA” Universtetində Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Quartas Ayalanın iştirakı ilə tanınmış Kolumbiyalı ədiblər- Lauren Mendinueta, Martin Gomez, Carlos Alfredo Betancourtla görüş, “Kolumbiya ədəbiyyatı dünya ilə dialoqda” adlı ədəbi tədbir keçirilib. Görüşdə Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu da iştirak edib.

Tədbiri giriş sözü açan Milli Məclisinin deputatı, “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə qonaqları salamlayıb, keçirilən tədbirin vacibliyini dilə gətirib, Kolumbiya ədəbiyyatının həm Latın Amerikası, həm də ispandilli ədəbi arealda xüsusi və vacib çəkisindən danışıb. Daha sonra isə səfir Luis Fernando Quartasa söz verilib. Cənab səfir ADA Universitetinə minnətdarlığımı ifadə edib, belə bir tədbirin ölkələrimizin mədəni əlaqələrində mühüm rol oynayacağına inamını ifadə edib.
Sonra Fariz İsmayılzadənin moderatorlığı ilə tədbir öz işinə başlayıb.
Səlim Babullaoğlu “Kolumbiya-Azərbaycan ədəbi əlaqələri: Markesdən başlayan yol, tərcümə məsələləri, perspektivlər” mövzusunda çıxış edib, Markesin Azərbaycan dilinə tərcüməsinin tarixindən, Xose Asunsiyon Silva, Pyedad Bonet kimi Kolumbiya şairlərin yaradıcılığından, ümumiyyətlə Borxes, Lorka, Ximenes, Pas, Xuarros, Vila-Matas, Lyosa və başqa görkəmli ispandilli ədiblərə Azərbaycanda maraqdan söz açıb.
Tanınmış şair, esseist və tərcüməçi Lauren Mendinueta Milli və mədəni kimlik haqqında düşüncə vasitəsi olaraq poeziyanın əhəmiyyəti, kolumbiyalı qadın kimliyini müəyyən edən mədəni kontekst, yazıçı və şairlərin ictimai rolu ilə bağlı fikirlərini bölüşüb. Eyni zamanda xanım Lauren görüş iştirakçılarının maraqla qarşıladığı şeirləri oxuyub.

Kolumbiyalı naşir, mədəni işlər üzrə təşkilatçı Martín Gómez İspan-Amerika ədəbiyyatının beynəlxalq bazarlarda təbliği, kolumbiyalı yazıçıların dünya səhnəsində tanıdılması ilə bağlı təcrübələrini bölüşüb. O, yazıçıları yeni regionlara tanıtmaq üçün istifadə olunan mexanizmləri, həmçinin İspan-Amerika ədəbiyyatının qlobal kontekstdə qarşılaşdığı imkanlar və çətinlikləri dilə gətirib.

Kolumbiyalı tanınmış tarixçi və yazıçı Carlos Alfredo Betancourt Valle del Cauca bölgəsinin tarixi qorunması sahəsində fəaliyyətində, tarix və ədəbiyyat mövzusundan danışıb, tarix və yerli biliklərin mədəni kimliyin qorunmasında və gücləndirilməsində oynadığı rolu, yerli hekayələrin kollektiv yaddaşın mühüm tərkib hissəsi olaraq necə xidmət etməsi, bu hekayələrin beynəlxalq səviyyədə tanıdılması yolları problemi ilə bağlı fikirlərini səsləndirib.

Tədbirin sonunda “ADA” Universteti tələbə xidmətləri şöbəsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Günel Əsgərovanın moderatorluğu ilə qonaqlar tələbə və müəllim heyətinin çoxsaylı suallarını cavablandırıblar.

Mənbə: SƏLİM BABULLAOĞLU

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səlim Babullaoğlu ədəbiyyatımızın sərvətidir

SƏLİM BABULLAOĞLU Azərbaycan ədəbiyyatının sərvətidir. Ədəbi mühitdə onun qədər vicdanlı, dürüst, ədalətli, punktual olan çox az sayda qələm adamı tapa bilərsiniz. Səlim bəy o təklərdəndir. Çox sevdiyim şairlərdəndir. Novator şairdir. Ədəbiyyatımızın təbliğində xidmətləri ölçüyəgəlməzdir. Bu gün əziz dostumun, qardaşımın dünyaya gəldiyi gündür. Səmimi-qəlbdən təbrik edir, uzun ömür, can sağlığı, yaradıcılıq sevincləri arzulayıram!

Hörmətlə: KƏNAN HACI

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

KƏNAN HACININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səlim Babullaoğlunun doğum günüdür – Təbrik

Şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, Leopold Sedar Senghor Beynəlxalq Akademiyasının həqiqi üzvü cənab SƏLİM BABULLAOĞLUNU doğum günü münasibətilə Yazarlar cameəsi adından təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Hörmətlə: ZAUR USTAC

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şahin Həmidi – Səlim Babullaoğluna

Azərbaycan yazıçılar birliyinln beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, dəyərli şair dostum Səlim Babullaoğlunun doğum günüdür. Bu münasibətlə şair dostimu təbrik edirəm. Ona uzun ömür, can sağlığı, ailə səadəti və yeni yaradıcılıq uğurları arzulayıram.

Səlim Babullaoğluna

Bulid-bulud badəsini qaldırıb
Acqarına çəkdi başına payız.
Şimşək çaxdı, guruldadı ildırım,
Ələndi üstünə, başına payız.

Çox yazdın olar-olmaza dair,
Gözünə yaşamaq şətin göründü.
Ürəyini yeyib qurtaran şair,
Yaşaya-yaşaya mətin göründün.

Süzüldü qələmin alnının təri,
Şeirə qəlbini açan dil oldun.
Ömür dəftərinin səhifələri
Yazıla-yazıla miləmil oldu.

İşığı şam kimi titrək istədin,
Düşsün şölələri ağ saçlarına.
Sevgidən bir yeni ürək istədin,
Son qoysun arzunun tıxaclarına.

Sözə məhəbbətin birə min artıb,
Şükürlər edirsən Rəbbinə çoxlu.
Səbrin tükənməzdir, ümidin artıb
Yaşa, var ol, Səlim Babullaoğlu.

Müəllif: Şahin Həmidi

Şahin Həmidinin yazıları

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səlim Babullaoğlunun “Cənub küləyi” adlı seçilmiş şeirlər toplusu ingilis dilində çap olunub

Müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, istedadlı şair Səlim Babullaoğlunun “Cənub küləyi” adlı seçilmiş şeirlər toplusu ingilis dilində çap olunub.

Şeir mətnlərinin tərcüməçisi və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirlidir. Kitab tərcüməçinin “Müasir Azərbaycan poeziyası ingilis dilində” layihəsi çərçivəsində işıq üzü görüb.

“Bizim məqsədimiz müasir Azərbaycan və türk ədəbiyyatının tanınmış nümayəndələrini, onların yaradıcılığından seçdiyimiz poetik nümunələri beynəlxalq aləmdə təbliğ etmək, poetik düşüncə tərzimizi dünyanın yarıdan çoxunun danışa bildiyi dilə – ingilis dilinə çevirməklə daha geniş auditoriyaya tanıtmaqdır”, – deyə yazıçı-tərcüməçi Kamran Nəzirli bildirib.

Son 15 ildə onun tərcümə və tərtib etdiyi, “Ön söz” yazdığı bu seriyadan iyirmidən çox kitabın işıq üzü gördüyünü söyləyən K.Nəzirli, həmçinin əllidən çox türk şairinin şeirlər toplusu və ya yaradıcılığından nümunələrin müxtəlif ölkələrdə dərc olunduğunu diqqətə çatdırıb: “Bundan başqa, Azərbaycan Yazıçılar Birliyi və Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi və təqdimatı ilə 50 Azərbaycan və 50 türk şairinin şeirləri mənim tərcüməmdə antologiya formatında Ankarada nəşr olunub. Ədəbiyyata, mədəniyyətə, bütövlükdə Türk dünyasına gücümüz çatan şəkildə xidmət edirik. Bu istiqamətdə görüləcək işlərimiz çoxdur, növbəti kitablar da artıq hazırdır. “Müasir Azərbaycan nəsri ingilis dilində” layihəsi çərçivəsində də işlər gedir. Son illər bu silsilədən olan kitablar da az olmayıb. Hazırda Azərbaycan yazıçılarının 3 romanı tərcümə olunub və çapa hazırdır”.

Topluda “Ön söz”lə yanaşı, şairin qısa bioqrafiyası da verilib.

K.Nəzirlinin sözlərinə görə, Səlim Babullaoğlunun bu kitabına daxil edilən 32 şeir əsasən sərbəst vəzndə yazılıb. Bu nümunələrin diqqətçəkən cəhətlərindən biri onların bədii-fəlsəfi fikir ifadə etməsi, süjetli və obrazlı olmasıdır, onları tərcümə etmək çətin olmur. Şeirlərdəki səmimiyyət və orijinallıq bugünkü əcnəbi oxucu üçün maraqlı ola bilər.

azertag.az

Məlumatı hazırladı: Günnur Ağayeva

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nicat Məmmədov – Səlim Babullaoğlunun “İyul”u

Səlim Babullaoğlunun “İyul”u

Səlim Babullaoğlunun “İyul” şeiri onun 13 şeirlik “İlk hərfi itmiş cümlə” kitabında xüsusi imtiyazlı, 7-ci yer tutur; bu anlamda simmetrikdir. Elə indi bir neçə vacib qeyd də eləmək lazımdır: əvvəla kitab həm də “poetik təqvim”dir, ikinci başlıqları miladi kalendardakı ayların adını daşıyan 12 şeirdən başqa hicri təqvimin xüsusi ayının – “11 ayın sultanı” Ramazanın adıyla da bir şeir var ki, həmin şeirin əsas adı, başılığı belədir: “Əvvəlinci ayın şeiri”. Nəzərə alsaq ki, hicri təqvimdəki hər bir ay bizim işlək, cari miladi kalendarda hər il 10 gün yer dəyişdirir, onda bu dediklərimiz, yalnız bir şeirindən bəhs edəcəyimiz kitabın orijinal strukturu ilə bağlı ilk və bəlkə də ən vacib qeyd olacaq.

Şeirin süjeti ilk oxuda çox adi görünür, sadədir: şair kafedə əyləşib və dostuna məktub yazır, bir az özündən, bir az onu və bizi əhatə edən məişətdən yazır, dostunun işləriylə, sağlamlığı, qayğılarıyla maraqlanır, hansısa tövsiyyələr verir, nəsihət edir. Amma 190 misralıq bu uzun şeirin son sətirləri qəfil üzə çıxarır ki, şair güzgü qarşısında əyləşib özünə məktub yazırmış:

“Mənsə həmin kafedə,
Qarşıda kirli güzgü,
Sənə yazırdım, dostum…”

Beləliklə biz dərin refleksiv mətnlə (qədim latınca “reflexio” – “geriyə, keçmişə ismarış”dir) üz-üzə qalırıq ki, burdakı refleksiya yalnız şüurun öz-özünə müraciəti, qayıdışı deyil, həm də şeirin oxucunu təkrar, ikinci, bu dəfə isə final puantı – tapmacanın mabədini ağlında tutaraq oxuya sövq etməsi(ndə)dir.
Yaxşı şeir (“İyul” isə məhz belədir) həm də həmişə ötürülən informasiyanın vacibliyini nişan verən təkrarlar sistemi kimi təşkil olunan şeirdir. Struktur səviyyəsində ritmik payların təkrarı— ölçü, fonemin təkrarı — alliterasiya, misranın sonunda səsləşmənin təkrarı— qafiyə, qafiyə sxeminin təkrarı— bənd, “yad sözlər”— intertekstuallıq yaradır. Hər şeyi bir qədər sadələşdirsək belə demək olar ki, yaxşı mətn təkrar oxumaq istədiyin mətndir. “İyul” yeddiliklə yazılıb, Azərbaycan şeirinin ən nəğməli, xəlqi, “uşaq” ölçüsüylə. “Ölçüylə hüdudlanmış, ram edilmiş kədər barışqanlıq və təvazönün, hətta bəlkə də bütün şeir sənətinin cari təyini, adı deməkdir”. Oden haqqında Brodskinin bu sözlərini Səlim Babullaoğluya, xüsusən də “İyul” şeirinə aid eləmək olar.


Yeri gəlmişkən, “İyul”un strukturu, bəlkə bir az da arxitektonikası ilə bağlı daha bir neçə qeydi də yazının elə bu yerindəcə qeyd eləmək yerinə düşər. Artıq deyildiyi kimi bu uzun şeir “ənənəvi yeddilik”lə yazılıb; amma məsələ budur ki, Babullaoğlu həm də ənənəni pozub, adətən çarpaz və ya paralell qafiyə sxemi ilə yazılan yeddilik və 4 misralıq bəndlərə 5-ci misranı əlavə edib. Yox, bunun Azərbaycan şeirində, ədəbiyyat tarixində rast gəlinən “beşliklə” əlaqəsi yoxdur. Bu sonuncu, beşinci misra ilə 4 misranın (vərdiş edilmiş bəndin) arasında birsətirlik ara, interval var. Məhz o “təklənmiş” beşinci mirsa çox vaxt (demək olar həmişə) əvvəlki dörd misralıq bəndin əsas əqlinəticəsini ya ifadə edir; ya da əgər etmirsə, demək bir sətir əvvəl söylənmiş bəzən sual, bəzən qətiyyətli nida kimi əvvəlki mətləbləri mütləq hədsiz gücləndirir; yaxud ona xəfif ironiya dolu kədər gətirməklə hissi mənada bitkinləşdirir. Hərçənd maraqlıdır ki, “İyul” həmin o tək misralar da olmadan oxuna bilir, amma oxunarsa şeirin ovqatı, hissi çaları mütləq dəyişmiş olur. Sanki müəllif özü o tək misradadır, bütün şeirin canına hopmuş tənhalıq o tək misrada həm də vizual olaraq görünür. Elə bil, dünya o dörd misra, təklənmiş, tənha adam— müəllif isə o tək misradır, dünyadan bir sətirlik ara ilə uzaqda dayanıb.
Məqamıdır deyim: Səlim Babullaoğlu əvvəlki poetik təcrübələrində bəzən 21-lik, 25-lik, 27-lik və daha artıq hecalarla qafiyəli şeirlər və verlibrlər yazıb (4 versiyada qələmə alınmış uzun “IX hissə”də olduğu kimi) ki, bu da Azərbaycan şeirində ona qədər rastlanmayan hadisədir. Elə həmin “IX hissə”də Səlim Babullaoğlu ənənəvi yeddilikdə yazılmış formalarla, konkret desək, onların ən bilinən növlərindən olan bayatıyla eksperiment edib, uzun misraların xeyli “yorucu” oxusundan sonra oxucu üçün balaca, fərqli nəfəslik açıb:

“Dağlarda duman var,
Bir özgə güman var.
Yun kimi didilər,
Hələki aman var”.

Sanki bayatıdır, amma 7-lik yox, 6-lıqdır.
Deyilənləri belə ümumiləşdirmək olar: Babullaoğlunun poetik kredosu həm də milli şeir vərdişlərini, klişe halını almış ölçü və sxemlərini inkarla yox, onlara əlavələr etməklə pərvəriş tapır ki, “İyul” da bütünlüklə belədir.


Və biz “İyul”u ikinci, bu dəfə isə ismarış kimi yox, özünəismarış, özünün özünə məktubu kimi oxuyuruq. “Polkovnikə heç kim yazmır”da (təkcə Markesin povesti yox, Səlim Babullaoğlunun şeir toplularından biri və o topludakı bir şeir də belə adlanır) o özü özünə yazır. Özün üçün gələcəyə məktub – psixoterapevrik metodlardan biridir. Amma şairçün gələcək – bu daim(i)dir, “çünki şeir heç vaxt köhnəlməyən xəbərdir” (deyəsən Ezra Paunddandır). Xəbərlə bağlı bu sitatın “İyul”un ilk bəndində bəraəti də var:

“Bu adi sətirləri
Sənə həmin kafedən
Qəzet üstdə yazıram…”

Bu sətrlər həm də eyham edir ki, qarşımızdakı palimpsestdir – qədimdə daha əvvəl bir dəfə eyni məqsədlə istifadə edilmiş perqamentdəki yazı, əlyazma məhz belə adlanırdı. Postmodern çağda isə palimpsest ümumiyyətlə mədəniyyətin sinoniminə çevrilib. “İyul”un birinci və sonuncu bəndləri, sətirləri məna qafiyələri təşkil edir: daha əvvəl ağ, təmiz kağız olmuş qəzet səhifəsi “kirli güzgü” ilə qafiyələnir.
Özünəisamrış janrı avtoepitafiya (=özünə ağı) ilə qohumdur. “Avtoepitafiya daha çox səyyaha, yolçuya, yoldan ötənə müraciətdir ki, yaxınlıqdan ötənlərə xitablarla bəzənən məzar daşları hələ antik dövrdə dəbdəydi…” .
“İyul” da belədir, həm müəllifin öz-özünə, həm də kitabı tən ortadan açan təsadüfi oxucuya müraciətdir.
Refleksiflik/reflektivlik , keçmişə ismarış, güzgülülük “İyul”un bütün quruluşuna sirayət edib.
İkinci bənddə oxuyuruq:

Beş milyonluq bir şəhər:
Yəni çoxalmışıq biz.
Sayımızla sərasər
Artıbdı təkliyimiz.

“Güzgülər və cinsi əlaqə iyrəncdir, çünki adamları çoxaldır” deyə Borxes yazırdı.
Oxuya davam edirik:

“Efirdə nə ikona,
Nə Quran yazısı var.
Reklam olunur kola,
Mavilər, narıncılar,

Okey, mersi mikonəm…”

Televiziya, televizor peyda olandan sonra güzgünün daha bir görünən metaforası aşkarlandı. Fars dilindəki “mikonəm”, Quranın və kolanın xatırlanması, on-on beş ilə əvvəl yayılmış bir “memi” yada salır: İranda bir konspiraloji nəzəriyyə, fikir meydana atılmışdı ki, guya “geriyə, yəni güzgüvari oxunan “Coca cola” yazısı, “Məhəmməd yoxdur, Məkkə yoxdur” sözlərini əmələ gətirir.

Bir bənd sonra oxuyuruq:

“Otuz gümüşə satdı,
Eh, Məsihi İuda”.

Bu sətirlər “İyul”un “güzgülüyü” anlamında “Varnava İncili”ni xatırladır. Bu apokrifə görə İsa çarmıxa çəkilməmiş, onun yerinə həbs zamanı özünün də xəbəri olmadan İsanın görkəmini almış , hətta onun səsiylə danışan İuda (İskariotlu Yahuda) edam edilmişdi ; İsanın özünü isə dörd mələk diri, sapsağlam üçüncü göyə (göyün üçüncü qatına) götürmüş, qaldırmışdılar (215 fəsil).

İki bənd sonra oxuyuruq:

“Dost dostun güzgüsüdür”.

Dərin inanca sahib şairin şəxsiyyəti, kimliyi bu sətirləri sufiyanə yozuma yol açır: Allah və ona iman edən – bir-birini əks edən güzgülərdir. Üstəgəl Rumi və Şəmsin də dostluğu yada düşür. Bu alluziya bir neçə bənd sonra rast gəlinən “aşıq” və “məşuq” sözləri ilə təsdiq olunur.
Növbəti bənd xüsusən diqqət çəkir:

“Yazma, qonşu otaqda
Həmkarların… hər nəysə…
Təki onlar yarısın:
Hətta yanlış xəbərlər

Ünvanına düz çatsın…”

Semiotik nöqteyi nəzərdən əlaqə kanalından keçərkən “səs-küy basqısı”na məruz qalmaqla təhrif olunan istənilən informasiyanı “göndərən” və “qəbul edən” vardır. Göndərilən sözlə qəbul edilən söz prinsipial olaraq bərabər deyillər. Amma yalan, yalnış informasiyaya tuşlanmış əyri güzgü metaforası parodoksal şəkildə bu yalanı həqiqətə çevirir.

Növbəti bənddə şair yazır:

“Yaz ki, qadının susur,
Deməli sevir hələ.
İkiməchullu düstur
Pozulmayıb məhlədə,

yaz ki, səndə sevirsən”.

Qadın və kişi fiqurundan ibarət tənlik: x=y. Yenə də bərabərlik işarəsinin yaratdığı güzgü effekti. Başqa tərəfdən, gənc, yeniyetmə sevgililərin öz adlarının baş hərflərinin yazıqları, bərəbarəlik işarəsindən sonra ürək şəkli cızılan divar yazılarına az rast gəlməmişik…
Allah və insan arasındakı sevginin güzgü əksi ər-arvad arasındakı sevgidir həm də.

Bir bənd sonra oxuyuruq:

“Söylə, yenə xəritədə
Öz ölkəni görürsən”.

Çoğrafi xəritə – müəllifin çox sevdiyi vətəninin kiçildilmiş miqyasda əks olunan daha bir güzgüsüdür.

Çoxşəkilli güzgü simvolikası “İyul”da özünü bütünlüklə faş edir. Bu simvolu, bu rəmzi həm müsbət, həm də mənfi tərəfdən yozmaq olar. Məhz bu çoxşəkillilik, hətta bəzən təzadlılıq yaxşı şeiri yalnız biryozumlu olan pis şeirdən fərqləndirən cəhətdi və öz növbəsində şeiri poeziya məkanından alıb birgünlük qəzet yazısı (informasiyası) olmaqdan qoruyur da.
Bəzən güzgü “İyul”da bəd, öz sonunu tanımayan məchul sonsuzluq kimi də çıxış edir. Ancaq Babullaoğlu inanclı adamdır, Başlanğıca və Sona inanır.
Bu bəd sonda və sonsuzluqdan qaçışın yerüstü imkanlarından biri də imtinadır:

“Eləcə gözünü yum…”

Ya da:

“Suyu bağla və yetər…”

Sona doğru güzgülülk yeni yarımçalarlar qazanır. Bir ailənin üç nəsli— şairin atası, anası, özü və xanımı, oğlu və qızı birini əks edirlər.
Güzgü arxasında saflıq boylanan açıq qapılara dönür:

“Yaz ki, hələ qapılar
Açılır və örtülür.
Qapıların dalında
Totuq körpələr gülür,

Yatır yumaq qarılar…”

Bu uzun şeirin bütününə sakit bir alicənablıq, vasitəli nitqlə ifadə olunan ritorika xasdır: şair özü haqqında “mən”siz danışır, sayıqlıqla məsafə saxlayır, xoşagəlməzliklərdən “yazma ki” deyərək bəhs edir.
“İyul”da sualla bitən bir neçə poetik fraza var ki, onlardanən vacibi budur:

“Bəlkə, qaçaq günahdan?”

Bu sual daha əvvəl rast gəlinən, yerüstü, məişət zəminində – borcların yazıldığı dəftəri nəzərdə tutaraq xatırlanan “qara dəftər”lə möhkəmlənir. Amma şairin böyüklüyü ondadır ki, o adi, yerüstü detallar və ifadələrlə daha böyük ideyalara, şəraitə işarə edir. Və belədə “qara dəftər” mələklərin sol çiyinlər üzərində qeydə aldığı günah siyahısına allüziya kimi görünür.
Beləliklə, əsas sual səslənib, verilib. Amma ona cavab da verilib. Dostluq, Allaha, yaxınlara, vətənə və sözə sevgi şairin qəlbini kamillik dərəcəsində işıldadır, dünyanı eybsiz göstərən, görən ilahi güzgüyə çevirir.
Bunun sonuncu əlaməti isə haqqında geniş bəhs etdiyim “İyul” şeirinin şairin 38 yaşında 38 (4+1 misralıq) bənddə yazmasıdır. Yəni, sonuncu güzgü: ya ömrün mətndə inikası; ya da Mətnin ömürdə əksi.

İYUL
Səlim Babullaoğlu
Adətən şeirləri
yazırlar ağ səhifədə.
Bu adi sətirləri
sənə həmin kafedən

qəzet üstdə yazıram.

Beş milyonluq bir şəhər:
yəni çoxalmışıq biz.
Sayımızla sərasər
artıbdı təkliyimiz –

xüsusən də gecələr,

adamlar köç edəndə
yerin həndəvərindən
vəhşi yuxularına,
anlayırsan dərindən

onların xorultusu sözütək mənasızdır.

Yalquzaqtək bir ağız
ulamaq keçir onda
könlündən, amma kağız
yazıqdır və dilsizdir.

Və beləcə batırıb səsini öz içində –

o böyük, qərib Çində
söz edirsən söyüşü.
Bilirsən ki, çoxunun
öz-özüylə döyüşü

bitibdi başlamadan, indi isə bax budur

efirdə nə ikona,
nə Quran yazısı var.
Reklam olunur kola,
mavilər, narıncılar,

okey, mersi mikonəm.

Məddahlar bağ evində,
Nəsimi Hələbdədir.
Həyatda və “fm”də
yalnız səs-küy dəbdədir,

ucuz rep və meyxana.

Otuz gümüşə satdı,
eh, Məsihi İuda.
Maliyyə böhranıdı
ölkədə və dünyada –

şərhə varmı ehtiyac?

Düzü, kefim və halım,
Əslində, belədir, bax.
Şükür ki, sağdır hamı.
Qalanı hamam və tas,

şəhər…tünlük…basabas…

Odur ki yazma sən də
dünyadan və ölkədən.
Kefim bir az düzələr
belə olsa, bəlkə də:

dost dostun güzgüsüdür.

Söhbətə başqa söhbət
dostum, qatıb da yazma.
Yaz: uşaqlar necədir,
keçib getdimi astma?

Dərmanların bitdimi?

Yaz ən adi şeylərdən,
qızılgül gərdisindən.
Nəbadə yazmayasan
fələyin gərdişindən,

bunu nənəm də bilir.

Yaz ki, saçın uzanıb,
tüklənib arıq üzün.
Tükənibsə də pulun,
qara dəftər ki durur,

hər gün bərbər günüdür.

Yazma, açıq krandan
gecə su damcılayır;
tappatuplar, qorxular
içini qamçılayır –

suyu bağla və yetər.

Bəlli ki, hər saz çalan
Ələsgər, Cünun deyil.
Yediyimiz çörəkdə
hər şey su və un deyil,

od, zəhmət, Yaradan var.

Sanma, səni bir kimsə
nə anlayır, nə duyur.
Hər bir bilməyin altda
bir az günah uyuyur;

bəlkə, qaçaq günahdan?

Onsuz da döyənəklər
iş nədir – yaxşı bilir.
Ürək – döyünməkdirsə,
yalnız saatdır demək –

olmasaydı ağrılar.

Yaz ki, uşaq paltarı,
bax, hələki ipdədir,
guya qara sancaqlar
paltarları dişlədi

və sən də ufuldadın.

Yazma, qonşu otaqda
həmkarların… hər nəysə…
Təki onlar yarısın:
hətta yalan xəbərlər

ünvanına düz çatsın.

Sorma insan haqları,
terror, rejim və sair.
Nolar, yaz Müşfiq kimi
bir az aşiqə dair,

bir az məşuqa dair.

Yaz ki, qadının susur,
Deməli, sevir hələ.
İkiməchullu düstur
pozulmayıb məhlədə,

yaz ki, sən də sevirsən.

Yazma ki, qan axıtdıq,
demə buymuş istiqlal.
Yaz ki, göydə hilal var,
var yerdə isti qumsal.

dərin bir ayaq izi yazma ki, yoxdu dostum.

Söylə, yenə xəritədə
öz ölkəni görürsən.
Sən də Sərhəd kişitək
bundan qürrələnirsən.

Bundan yaxşı nə var ki…

Yazma, qonşu hasardan
görünən kənd evləri
kasıb, nimdaş, uçuqdur,
dərdlidir sakinləri.

Yaz ki, xoşbəxtdir onlar.

Yazma, mavi Mərmərə
dönüb qan çanağına.
Ay, qumsallıq, mənzərə
insan qanacağına

hələ çox umudludur.

Yaz ki, günəbaxanlar
sarıdır, qürurludur.
Yaşıl boranı tağda
dünya kimi yumrudur,

həm də sülh içindədi.

Yaz, dostlar qocalmayıb,
qamətləri dimdikdir.
Yerişləri yorğadır,
burunları dimdikdir,

şığıyırlar qırğıtək.

Yazma, isti bezdirib,
göz deşir yenə xəzri –
unutma, yaydır, dostum,
eləcə gözünü yum,

düşün ki, əsməlidir.

Yaz ki, qayınatanın
çayında yarpız da var,
bostanında qarpızlar.
Üstündəki zolaqlar

görüşür saplağında.

Nolar, danadişilər
qoy gəmirsin ləkləri.
Axı çağdır damağı
arıyla böcəklərin,

oxuyurlar sevgiylə.
Yazma, artıb qayğılar,
demə: dünya fanidir.
Mənası başqalaşar,
sözləri tək-tək dindir:

dünya…fani…qayğı…çox…!

Yaz ki, aslan oğluna
öyrətmisən üzməyi.
Yaz, öyrədib anası
qıza naz eləməyi

köynəyi tikə tikə.

İş görür uslu-uslu,
yaz ki, ayüzlü anan.
Yaz, zəhmkar duruşlu
atan gizləmir artıq

yuxa qəlbini səndən.

Yaz ki, hələ qapılar
açılır və örtülür.
Qapıların dalında
totuq körpələr gülür,

yatır yumaq qarılar.
Nə qədər bir kimsə var
yaz ki, yada salmağa
tənha deyil adamlar,
heç kim unudulmayır:

sən də, mən də, onlar da.

Yaz, samovar istidir,
dikdir şamtək ağ tüstü.
Meynəlik divar dibi
bu sərin axşamüstü

gözləyir qonşuları.

Dolu yaşandı iyul,
yaz: yazı tək sətriylə.
Qönçələr də duyulur
çəməndə gül ətriylə

hətta gendən, uzaqdan.

Adətən ağ səhifədən
yazırlar…eh, nə fərqi…
Mənsə həmin kafedə,
qarşıda kirli güzgü,

sənə yazırdım, dostum.

Mənbə: “Ədəbiyyat qəzeti”

Müəllif: Nicat Məmmədov

Nicat Məmmədovun yazıları

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səlim Babullaoğlu – Mütaliə, yazar, istedad…

Mütaliə, yazar, istedad…

Soruşursuz ki, mütaliəmi vacibdir, istedadmı? Bir digərinə köməkmi edir, manemi olur?
Sualınız gözəl bir esse üçün əsas veirir. Kim yazacaqsa ona əhsən.
Mütaliənin yazıçıya xeyri və ziyanı sualında yəqin, siz bədii mətnin mütaliəsini nəzərdə tutursuz. Hər halda mənə elə gəlir. Gəlin şərti olaraq ilk yazıçını təsəvvür etməyə çalışaq. Dünyadakı ilk yazıçını, romançını…
Əlbəttə ki, o mütaliə eləməmişdi, çünki ilk yazıçıydı. Bu mümkündürmü. Əlbəttə. Dünya nəsri (=romançılığı) tarixinin ilk romançısını tanımasam da, hərdən mənə gəlir ki, bu Daniel Defo da ola bilərdi, Servantes də. Robinzon Kruzo da, Don Kixot da ilk roman qəhrəmanları kimi olduqca maraqlı görünürlər. Razılaşın, bu romanları yazmaq üçün əvvəlki bədii irsi bilmək o qədər də vacib görünmür. Amma tutalım biz Coysun “Uliss”i haqqında eyni şeyi deyə bilmərik.
Daniel Defonun variantında ”mütaliəsizlik”, Coysun variantında “mütaliəlilik” eyni qədər vacib, çəkici, inandırıcı görünür.


Ədəbiyyat tarixində çoxlu yazıçılar var ki, keçmiş tarixlə öz yaradıcı bioqrafiyaları üçün dərin təəssüf hissi keçiriblər. Tolstoy məsələn. Yaxud yazıçılar olub ki, bir və ya bir neçə əsərdən sonra susublar. Özlərini müəyyən mənada sükuta ithaf ediblər. Selincer, tutalım. Bu və ya bunabənzər misalllarda sizin suallar üçün o qədər əhəmiyyətli cavablar gizlənib ki. Düzü, indi mən düşüncəmi işğal edən bütün cavabları yığıb-yığışdıra bilmirəm. Bir az da həvəssizəm.


Çağdaş dünyamızda məqsədi ədəbiyyat olanlar üçün daimi mütaliə qaçılmazdır, həyatları boyu davam edən proses olmalıdır. Məqsədi həqiqət olan adamlar üçün kəmiyyət vacib deyil. Bütün dövrlər üçün də, indi də. Bir böyük kitabı oxuyub bütün ədəbiyyatları hiss etmək qabiliyyətini formalaşdıra bilərsən, on minlərlə kitab oxuyub “quru yurdda”da qala bilərsən.


İnam məsələsində qoca qarı istənilən filosofdan çox bilir. Ədəbiyyat həm də inam və iman işidir.


Uilyam Batler Yeyts “Anima Mundi”də Hötenin bir məktubunu sitat edərək yazır: “Bir gənc dostum hədsiz intellektualizmdən və “yaradıcı sonsuzluq”dan əziyyət çəkirdi. Halbuki obrazlara doğuracağı müxtəlif assosiasiyalarla birgə formalaşmaq imkanı vermək lazımdır, yalnız bundan sonra intellektualizmin doğurduğu tənqidi yanaşma bacarığı işə salına bilər. Əgər sonuncu qabağa düşsə obrazlar ümumiyyətlə doğulmayacaq. Amma tənqidi yanaşma bacarığı vaxtında boğularsa (ola bilsin dualar, meditasiyalar vasitəsi ilə), obrazlar sel kimi axmağa başlayacaq, hətta təkcə o bacarıq deyil, üstəlik həmin obrazlara münasibətdə şəxsi arzular da boğula bilsə, obrazlar mütləq azadlıq və bütünlük, parlaqlıq qazanmış olacaqlar…” Düşünürəm Yeytsin Höte təcrübəsindən gətirdiyi nümunədə də sizin sualınıza cavabın bir hissəsi gizlənib.


Oktavio Pas yazır ki, şeir sözün gücsüzlüyü, acizliyi qarşısındakı təşvişdən yaranır ki, axırda sükutun hakimi-mütləq olduğu qarşısında baş əysin.


Mütaliə- unikal sükut prosesidir, biz sükut edərək gözlə dadır, eşidir, ağrıyır, danışır, həmdərd olmağı öyrənirik. Onun vasitəsilə biz sanki ”Ümümdünya sükutu” içində öz sükut ərazimizi yaradır, oranı mütaliə vasitəsilə o vaxta qədər bizə çox da tanış olmayan sözlərlə, mənalarla doldururuq. Amma həmin sözlər o əraziyə yazıldığı kimi düşmür, bizim hisslərimizin, qavrayışımızın süzgəcindən keçərək düşür. Bir gün biz öz mətnimizi yazanda ola bilsin ki, mütaliə vaxtı əxz elədiyimiz sözlər-amma dəyişmiş, başqalaşmış sözlər, bizimki olmuş sözlər ordan yavaş-yavaş qələmin ucu ilə vərəqlərə axır. Əlbəttə, bizim hamımızı əlifba kitabından və şifahi nitqdən plagiatda ittiham eləsələr yanılmazlar…


Şəksiz ki, mütaliə təsir altına salır. Amma havaya çıxıb da həmin havanı udmamaq öldürücü bir şeydir, bunu iddia etmək isə gülüncdür. Məqsədi ədəbiyyat yazmaq olanlar bundan qorxurlar, məqsədi həqiqət olanlar bilir ki, bu qızılca kimi şeydir, peyvənd yoxdur, qəbirdə də olsa yaşayacaqsan bu mərəzi. Yaxşı olar tez keçsin.


İstedad verilir. Bu mənada hamı seçilmiş, hamı istedadlıdır. Bütün körpələr gözəl olan kimi. Amma istedad cilalanır. Əlbəttə ki, zəhmətlə. İstedad hamıda cilalanmır.


Yazarın ən böyük işi sükutdur- mütaliə ilə sükut, düşüncə ilə sükut. Yalnız bundan sonra yazmaq kimi başqa bir sükut gəlir (yazmaq da sükutdur).
Yaxşı olar ki, biz düzgün kitabları düzgün oxuyaq. Düzgün sükut edək. Bilirsiz, bir var pəhriz, bir də var oruc…. Ikisi də xeyirlidir, amma başqa-başqa şeylərdir. Məsələn, mənə hərdən elə gəlir ki, Borxes oruc tuturdu, Koelyo isə pəhriz saxlamağa cəhd edir.

04 oktyabr, 2015-ci il

Bu yazı “sim-sim.az”/ Ömər Xəyyamın sorğusuna cavab kimi yazılıb.

Müəllif: Səlim BABULLAOĞLU

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səlim Babullaoğlu – Sentyabr. Eylül. Veresen. September.

Sentyabr. Eylül. Veresen. September

1.

Sentyabr. Eylül. Veresen. September.
Sarı rəng və kədər. Qüssəli tembr.
Uzaqda batıq səs: halsız və yorğundu.
Diş yoxdu, deməli, işlər də yoğundu:
nədən ki, adamın tamahı itidir;
hər adam bir az da tamahın itidi.

Eylül, veresen, september, sentyabr
işğal eləyir bütün diyarı
köndələn yağışla, gözdeşən küləklə.
Sonrası rəsmdi: nə toxun, nə rənglə!
Payızdı. Sonbahar. Osen. Autumn.
Sarımtıl inqilab. Sarışın təlatüm.

Veresen. September. Sentyabr. Eylül.
Yarpaqlar qəpiktək elə hey tökülür.
Elə bil kim isə anladır könülsüz:
Bax, budur, dünyanın dəyəri, görürsüz.
Pəncərə önündə tozlu əlcək
sözsüz bir yazıdır: dünyadan əl çək!

September. Sentyabr. Eylül. Veresen.
Ad üçün hansı söz doğrudur, görəsən?
Sözdən yükünü boşaldıb kağıza
mənalar ehtiyac duymur ağıza.
Otaqda bürküsə kim deyir bu pisdi?!
Bürkünü hiss edən bədən var ipisti.

2.

Sentyabr. Eylül. Veresen. September.
Lüğətlərarası ən adi tender
qalib edərdi yəqin ki, sükutu.
Sonrası nöqtədi: qələmin ucu;
o isə lap çoxdan yazıbdı: şimşək
çaxanda açacaq çətirlər çiçəktək.

Eylül. Veresen. September. Sentyabr.
Təqvimlər özünü eləyir biabır.
Onlara baxmadan bilirsən hətta
qiyabi tanışdı təqvimlər həyatla.
Açıqdı pəncərə, uçuşur bir arı.
Onun da rəngi sənintək sapsarı.

Veresen. September. Sentyabr. Eylül.
Qızılı alovdan doğulur qara kül.
Hirsinə nidatək siqaret kötüyü
küldanda dik durub. Ağzının köpüyü,
hirsin yatır. Elə öz qanında boğulur ürəyin,
gizlənib altında ağappaq köynəyin.

September. Sentyabr. Eylül. Veresen.
Sədəqə istəyir birisi, verirsən:
bir ovuc xırda pul, bir ilıq təbəssüm.
“Qoy, arzun çin olsun, qoy, üzün gülsün!” –
qapının dalından sezilən sözlərin
ünvanı göylərdi. Yaşarır gözlərin.

3.

Sentyabr. Eylül. Veresen. September.
Göy üzü ağarır tənbəl-tənbəl.
Baxışın səmada marafon yürüşü
geridə buraxır uçağı və quşu.
Miskindi bu yerdə hər hansı məğrurluq.
Biz ki göylərə əvvəldən məğlubuq.

Eylül. Veresen. September. Sentyabr.
Gecələr mavrdı, səhərlər kentavr
gödəni, bədəni, rəngi ilə hər kəs.
Divanda açıqdı İmre Kertes.
Vərəqi geriyə çevirir sərinkeş.
Ömürsə yenidən yaşanmır… eh… kaş…

Veresen. September. Sentyabr. Eylül.
Miçəkdən bir öpüş qazanır süni gül.
Yalanlar daha çox çəkici, güvənli.
Saxta bir avazla oxuyur müğənni:
“Dərdimi göylərə danışsam alışar…”
Eybi yox, qulaqlar buna da alışar…

September. Sentyabr. Eylül. Veresen.
Frigid qadıntək qələmdən bezirsən.
Üfüqü qızardan qürubun şəfəqi
güldanda bərq vurub anladır fərqi.
İşıqla kölgənin sevgi oyunu
qurtarır divarda. Filmin sonu.

Müəllifin öz ifasında:


Müəllif: Səlim BABULLAOĞLU

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dumas, Natavan, le poignard, l’arkhalig et le jeu…

Dumas, Natavan, le poignard, l’arkhalig et le jeu…
La « postface » à la déclaration

Aujourd’hui, en présence des représentants des médias, l’Union des écrivains azerbaïdjanais, a diffusé une déclaration fondamentale, condamnant l’attitude humiliante et le traitement, sur commande du Palais de l’Elysée, envers la statue de Khourshidbanou Natavan, le « Jardin azerbaïdjanais », situés dans la ville française d’Évian-les-Bains. Je pense qu’il est juste de partager ici, par écrit, une déclaration que j’ai faite aux chaînes de télévision.

Vous savez que l’écrivain français Alexandre Dumas (1802-1870 ; un éminent écrivain français a visité le Caucase, l’Azerbaïdjan, le Karabagh en 1858-1859) a rencontré Khasay bey Utsmiyev (1823-1866 ; le major général de l’armée tsariste, l’époux de Khourchidbanou Natavan) dans la maison du chef de la police de Bakou Pigulevski, avait ensuite écrit dans son œuvre « Voyage au Caucase » sur sa connaissance avec Khan kizi Natavan (1832-1897; une éminente poétesse azerbaïdjanaise du XIXe siècle, la fille du dernier khan du Karabagh Mehdigulu Khan Javanshir, la petite-fille d’Ibrahim Khalil Khan), connue comme une éminente poétesse, peintre, éducatrice et philanthrope dans tout l’Orient et le monde musulman, dont les œuvres ont été déclarées propriétés de l’État en Azerbaïdjan et d’autres membres de la famille,
Trois points concernant cette rencontre dans le « Voyage au Caucase » de Dumas ont retenu mon attention dès la première lecture, et durant la relecture, certains points m’ont semblé être des symboles plus clairs qui résonnent avec aujourd’hui.
En parlant de Khasay bey, de Natavan khanum, de leurs enfants, Dumas écrit qu’un garçon de cinq ou six ans dans les bras de sa grand-mère (il s’agit de la mère de Khasay bey, de Mehdigulu khan, le petit fils de Khasay bey et de Natavan, qui étaient présent à cette rencontre) tenait dans la main un poignard, dont deux côtés étaient tranchants comme un rasoir. Une vraie femme française ne donnerait jamais un vrai poignard à son enfant, mais c’était un jouet qu’une femme azerbaïdjanaise offrait à son enfant.
Le deuxième point est lié à la lettre de Khasay bey à Dumas dans un français parfait, une heure après la rencontre, Khasay bey écrivait que vous aviez de très belles armes, donc je n’ajoute rien à votre collection, mais je vous demande d’accepter le porte-monnaie fait à la main (Khan kizi était également une graveuse et couturière qualifiée) et deux arkhaligs.
Le troisième point était qu’en échange des cadeaux, Dumas avait offert à Khasay bey et Natavan des pièces d’échecs en ivoire.
Ce sont d’étranges symboles : même un Européen, s’il était écrivain (en fait, un écrivain qui avait des épées et des poignards dans les mains de la plupart de ses personnages, des enfants aux adultes), s’inquiétait de l’arme entre nos mains ; sentant cela, Khasay bey présente à l’écrivain et à l’Européen un sac à dos et un portefeuille (en fait, une bénédiction et un paix), en disant que vous avez de très belles armes, et en même temps, il dit qu’on ne peut pas vous surprendre avec des armes ; en échange, l’écrivain et l’Européen, même s’il était intelligent, nous proposaient un jeu comme les échecs – les pièces étaient probablement fabriquées à partir d’os d’animaux tués dans les régions sauvages d’Afrique, dans les colonies de France.
C’est étrange, comme si c’était notre rendez-vous le plus proche. Il s’agit d’un résumé préparé à l’avance de ce qui s’est passé au cours des 30 à 35 dernières années. En d’autres termes, nous bénissons encore une fois l’Europe, ils nous mettent en jeu et veulent que nous n’ayons pas les armes nécessaires pour défendre nos droits.

Salim Babullaoglu,
poète, secrétaire de l’Union des écrivains azerbaïdjanais

Dumas, Natavan, le poignard, l’arkhalig et le jeu…

Düma, Natəvan, xəncər, arxalıq və oyun…

Дюма, Натаван, кинжал, архалук и игра…