Etiket arxivi: YAZAR

Pərviz Yəhyalı – Bağışla

PƏRVİZ YƏHYALININ YAZILARI

Bağışla
Çox tərddüd etdim. Nəhayət qərara gəldim ki, bu məktubu yazım. Bilirəm, heç vaxt bağışlamayacaqsan. Ancaq öz iradəmdən asılı olmayaraq olan bir şeyə görə məni qınamamanı arzu edirəm. Az qala hər gün eləcə təkrar edirdin. Nə vaxtsa olacaq. Haçansa kimsə gəlib girəcək ürəyinə. Mənsə nə qədər and-aman edirdim ki, qəlb evimin tək sakinisən. Sən yenə dediyini deyirdin. Küçədə kimə isə baxdım, hansısa xanım mənə baxmaq istədi deyib elə dava edirdin. Nə and içməyimə, nə də söz verməyimə məhəl qoyurdun. Zaman keçəcək və biri çıxıb qəlbini fəth edəcək deyirdin.
Hə bağışla! Düz deyirmişsən. Bəli o vədə yetişdi ki, səndən başqa da ürəyimdə gəzdirməli olduğum oldu. Bütün varlığımla hiss edirəm ki, heç vaxt qəbul etməyəcək, barışmayacaqsan. Sənə yaxşı bələdəm. Bölüşmək ruhuna yaddır. Bir ürəkdə ikinci biri varsa sən orda qərar tutub qalmazsan. Təkçə olduğun vaxtlarda belə boşuna xoflanıb, dünyamı alt-üst edirdin. İndi səni necə ovuda bilərəm, necə təsəlli verərəm. Onu da bilmirəm. Bildiyim təkcə odur ki, sən yaranışın ən qeyri-adi məsumusan. Nə qədər istəsən də acı bir həqiqəti qəbul etməzsən. O ürəkdə ki, səndən başqa olan olacaq, sən o darısqallığa sığmazsan.
Mənə də çox ağırdı. Sənlə bərabər ürəyimdə başqasına yer ayırmaq. Amma neyləyim, həyatdır. Ağlımın ucudan keçmədiyi halda həyat öz sürprizini etdi. Ağırdır, amma daha yalvarmayacam. Bilirsən niyə? Elə darısqallıqda inciyərsən deyə. Bir də ki, sıxılarsan, əziyyət olar sənə. Bölüşə bilmədiyin ürəyimdən getsən yeni gələn qalib-qalib məni yaşatdığına gülmsəyəcək. Hətta bəlkə qürurlandı da. Zarafat deyil bağlı qalanı bir andaca açıb, keçib otur üst başda. Hər anı döyüntülərlə yaşaya, ritmlərə ahəng tuta-tuta.
Nə isə, uzun-uzadı yazıb yormaq istəmirəm. Ürəyimə təzəcə daxil olan deyir ki, mənə sakitlik lazımdı. Deyəsən bunun da qısqanclığı var. Nə bilim vallah, həkim də israrla deyir ki, anju guya məni heç vaxt incitməyəcək. Nə qədər ömrüm var stend elə ürəyimdə qalıb, yaşamama stimul verəcək.
Bu borucuq sənin yerini narahat etməyindən çox üzülürəm!
Bacarsan bağışla!

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NURANƏ RAFAİLQIZI YENİ KİTABINI TƏQDİM EDƏCƏK

NURANƏ RAFAİLQIZI

Nuranə Rafailqızı “Həkimlər depressiya deyir…” adlı kitabı ilə oxucuların görüşünə gələcək. Təqdimat İçərişəhər Bookhouse & Cafe də baş tutacaq.

Tarix:21.08.2022.

Vaxt:12:00

Məkan-marşrut >>>> Bookhouse

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şəfaqət Cavanşirin doğum günüdür!

Şəfaqət Cavanşirin povesti burada >>>


Bu gün istedadlı yazar Şəfaqət Cavanşirin doğum günüdür! Şad günü münasibəti ilə onu təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!

ŞƏFAQƏT CAVANŞİRİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GÜLÜ – GÜLÜZƏ MUSTAFAYEVA TARİX DƏRSİNDƏ – MƏZUN -1

GÜLÜ – GÜLÜZƏ MUSTAFAYEVA
GÜLÜ – GÜLÜZƏ MUSTAFAYEVA

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

PƏRVANƏ SALMANQIZI. ŞEİRLƏR.

PƏRVANƏ SALMANQIZI – Yazar, ictimai xadim.

Dünyanı sevmişəm gözündə sənin

Bəzən sonu kədər olur?
Amma ömür qədər olur eşq.
Dünyanı sevmişəm gözündə sənin.
Bəzən hər yerdəyəm – 
Dilindəki nəğməyəm,
Qəlbindəki sevgiyəm,
Hər sözündə, “öz”ündə,
Canında, qanındayam.
Hər nəfəs alışında
Səndəyəm, səninləyəm.
Bəzən üzünə tökülən telində,
O telinə toxunan əlindəyəm.
Gözlərinin nəmində,
Yağışın damlasında,
Doğan günəşdəyəm mən.
Dünyanı sevmişəm
Gözündə sənin.

Dönüb baxım bu dünyaya

Axıb gedən bu ömür də
Geri dönməz, axıb gedər,
Ömür keçər, dünya dönər,
Dönüb baxım bu dünyaya.

Mən doymadım baharından,
Payız, adlı xəzanından,
Qismət ola, ya olmaya,
Dönüb baxım bu dünyaya.

Sevgi dolu öz dünyamda
O gözlərə bir yol baxım…
Birdən dönüb baxmaz bir də,
Dönüm baxım bu dünyaya.

Baxım doğan günəşə,
Baxım çağlayan suya,
Baxım ötən illərə…
Dönüb baxım bu dünyaya.

İlkin mənbə: 525.az

Müəllif: Pərvanə SALMANQIZI 

PƏRVANƏ SALMANQIZININ YAZILARI


“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN YENİ ŞEİRLƏR KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

ZAUR USTACIN YAZILARI

Zaur Ustacın “Çiçəklər, dağlar … və Xudayar dastanı”  (şeirlər) adl yeni kitabı işıq üzü görüb. Yaxın günlərdə kitab “Mustafa Müseyiboğlu – 70” yubiley tədbirləri çərçivəsində nəşr olunub.

Ön sözün müəlifi filologiya elmləri doktoru, professor Vaqif Yusiflidir.

Bu münasibətlə dəyərli ziyalımız Zaur müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BİZİM RƏŞAD MƏCİD

RƏŞAD MƏCİDİN YAZILARI

Onu çoxdan tanıyıram. Dost deyilik, amma aramızda səmimi ünsiyyət var ki, bəlkə elə bu da dostluq deməkdir.
Bu gün ədəbi aləmdə Rəşad Məcidin öz yeri var və o yer Rəşad Məcidə göydən verilməyib, hansı bir simsar havadarınsa ona bu yeri bəxş elədiyi də yanlış fikir olardı.
Rəşad Məcid öz ağlı, istedadı və bir az da cəsarətiylə, ən əsası işgüzarlığıyla o yerə sahib çıxıb.
Azərbaycanın üzdə olan bir ziyalısıdır. Tutduğu Yerin adı elə Rəşad Məciddir.Qarabağlı, Ağcabədili, Bakılı, Azərbaycanlı Rəşad Məcid.
Avqustun 21-də Rəşad Məcidin 50 yaşı tamam olur. Cümə axşamı. Həftənin müqəddəs günündə. Deyəsən seyidliyi də var. Olsun! Üzündən-gözündən həmişə nur və təbəssüm əskik olmayan bu adamın bir kimsəyə pisliyinin keçdiyini eşitməmiş, görməmişəm. Dostluqda sabit adamdır. Kiminlə dostluq edirsə, sonadək varır. İki yaxın dostunu tanıyıram – Aqil Abbası, Zakir Fəxrini. Bir yerdə Quzanlıya getmişik və onların dostluğuna həsəd aparmışam. O səyahətdə Rəşadın bizim müasir şairlərdən necə gözəl şeirlər əzbər söylədiyinin şahidi oldum.

Rəşad Məcid şairdir. Ədəbiyyata da şeirlə gəlib.
Rəşad Məcid nasirdir. “10 sentyabr” adlı maraqlı bir hekayəsi var.
Rəşad Məcid publisistdir. Yaxşı yazıları var. Bu yazılarda maksimum həqiqətə can atır.
Rəşad Məcid neçə illərdir “525-ci qəzet”in baş redaktorudur. Azərbaycanda nəşr edilən iki-üç oxunaqlı, maraqlı qəzetlərdən birinin baş redaktoru.
Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyin katibidir. İşinə söz ola bilməz. Son on ildə ədəbi gəncliyin formalaşmasında doğrudan da onun qayğısını, təşkilatçılığını, ədəbi hamiliyini hamı təsdiq edə bilər.
Və Rəşad Məcid gözəl atadır.

ŞAİR

Öncə tanıdığım ŞAİR Rəşad Məcid olub. Hətta onun şeirləri barədə bir məqalə də yazmışam.

Babalar yaşıdı ağacım,
Çiçəyin, gülün yadıma gəlməz.
Sən ki, əsrlər görmüsən.
Torpaq yaşıdı dağım,
Dünya yaşıdı Gün işığım,
Bir silkələyin yaddaşınızı,
Mən sizi tanıdım,
Siz məni tanımadınızmı?
Tanıdılar, sevdilər.

1993-cü ildə çapdan çıxan “Hələ ki vaxt var” şeirlər kitabıyla gəldi ədəbiyyata. Əslində, gəlmişdi. Amma kitab artıq ədəbi ictimaiyyətin diqqət mərkəzinə çevrilir və içindəkilər əsl poeziya nümunələri kimi təqdir edilirsə, gənc şairin gəlişi fərəh doğurur. Həm özü, həm də oxucular üçün.
Rəşad Məcidin o kitabda toplanan şeirləri öz poetik saflığı, təmizliyi və əlbəttə, ifadə səlisliyilə dərhal diqqəti cəlb edirdi. Ay işığı süzülürdü şeirlərindən.

Bu dağlarda ay işığı-
Çəməni bürüyən şehdir,
Bir ahıl saçında zehdir.

Bu dağlar ay işığında
Nəsildən-nəsilə saflıq aparan
Yelkənli gəmidir.

Bu dağlar ay işığında
Üz-gözü südə bulaşmış
Körpə kimidir.
Bəli, onun şeirlərinin əksəriyyəti sanki Ay işığına tamaşa edərkən yazılmışdı və Rəşad Məcid təbiətin romantikasını şeirə gətirirdi. Bu şeirlərdəki təşbeh zənginliyi heyrət doğururdu. Oxucu təbiətin gözəlliklərini bu təşbehlərlə bir daha duyurdu. Necə yəni “çəmən zirvənin çiynində bəzəkli şaldı”, “zirvədə dumandı yollar”, “öləndə çəməndi yollar”. Hələ metaforalar silsiləsi. Necə yəni “Çiçəklər can atar ay işığına”, “Dağlar çiçək boyu kiçilib, enib”. Elədir:

Dağlar çiçək boyu kiçilib, enib,
Yaylaqlar təkliyi dərd eləyəndə,
Hüznlü ah kimi payız mehini,
Çaylar dərələrə səpələyəndə,
Bir oğlan gəzəcək yurd yerlərini-
Qəlbində, könlündə, gözündə bahar.

Axacaq günəşin nuru torpağa,
Budaqlar titrəyib pıçıldaşacaq.
Bir oğlan gəzəcək-qəlbində bahar,
Saralan çəmənlər yaşıllaşacaq.

Bunlar – bu mənzərələr romantik duyğulu bir gəncin təbiət məcnunluğu idi. O, təbiətin şeiriyyətini Poeziyaya gətirmək istəyirdi və deyim ki, “Təbiəti şeirə gətir” deyən ustadı Məmməd Arazın poetik yolunun yolçusu oldu.
Yağış yağır. Bəs sonra? Sonrası şeirin işidir:

Buludlar dağılar,
Səmada haçan,
Çəmənin çiçəyi
Ağıl çaşdırar.
Günü demirəm heç
Torpağa baxsan,
Yamyaşıl otlar da
Göz qamaşdırar.

Bu şeirlərin ilk kitabının çapından xeyli əvvəl yazıldığını güman edirəm. O, təbiətdə insanı, insanda təbiəti görən bir şair kimi diqqəti cəlb edirdi. Amma illər keçdi…g Rəşad Məcid o gözəlliklərə hüznlü bir gözlə boylandı: bu da dağılmış yurd yerləri…

Həsrət axıb sinəsindən,
Şimşək çaxıb sinəsində.
Bu yaylağın sinəsində
Yurd yerləri yara kimi.
Və bir də Rəşadın sevgi şeirləri. Onlarda sevinc də vardı, qəm də. Qəmli şeirləri sevdiyimdən Rəşadın o ruhda yazdığı gözəl bir şeirindən o zaman olduğu kimi indi də təsirlənirəm:

Aldın gecələri, əlimdən aldın,
Altun gecələri əlimdən aldın.
Mən günün, gündüzün heyrət yükünü,
Bir gözəl misranın böyüklüyünü,

Sevda alovunu, nifrət odunu,
Kədərin, sevincin tanış dadını,
Çəkib ürəyimə, yığıb qəlbimə
Gecələr sıxardım ağ varaqlara.

Rəşad Məcid daha şeir yazmır, – iddiasında deyiləm. Bəlkə də yazır. Amma bu cür gözəl şeirlərin müəllifinin bir şair kimi susması onun birinci “günahıdır”…

NASİR

Mən bilən Rəşad Məcidin indiyə kimi iki hekayəsi – “Cənnət dərəsi” (1987), “10 sentyabr” (2003) çap edilib. İkinci hekayə çap edilən kimi haqqında bir sıra yazılar dərc edildi. Mən də yazdım. “10 sentyabr” doğrudan maraqlı hekayə idi. Uğurlu başlanğıc kimi qiymətləndirildi. Siyasi reallığı bədii reallığa çevirən bu hekayədə Rəşid əsl azərbaycanlı xarakteri yaratmışdı. Təfsilata varmaq istəmirəm. Ancaq qeyd edim ki, hekayədə reallıq hissi çox güclü idi və bu hekayənin əsasında gözəl bir bədii film də yarana bilərdi.
Rəşad Məcid daha hekayə yazmır, nəinki povest, roman. Bəlkə də yazır. Onun nəsrdə də susmasını şəxsən bir oxucu kimi anlamıram. Bu da onun ikinci “günahı”.

PUBLİSİST

Bax, buna söz yox. Bir neçə kitabı çıxıb. Hərdən öz baş redaktor olduğu qəzetdə publisistik məqalələri də dərc edilir. Şeir, nəsr yazmamağının “günahlarını” bu yazılara görə bağışlamaq olar.
Publisistikasında həddən artıq səliqəlidir. Fakt həqiqətini bədii həqiqətə çevirə bilir. Sadə, təmkinli təhkiyə tərzi var. Hansı məsələdən, problemdən söz açırsa, “dəlicəsinə” müdaxiləsiz də keçinə bilmir. Həyat hadisələrinin huşyar gözü ilə mənalandırılması, ictimai-siyasi olaylara həqiqət prizmasından qiymət verilməsi o məqalələrin təqdir olunmasına səbəbdir.
Misallar gətirməyəcəyəm. Lazım da deyil.

BAŞ REDAKTOR

Azərbaycanda çox qəzet çıxır. Bu balaca ölkədə (ərazisinə görə deyirəm) bu qədər qəzetin çıxmağı və əksəriyyətinin də ayda, ildə bir dəfə “işıq” üzü görməsi dəhşətdir. Bu, hamımızın problemidir, amma heç kim bunu yoluna qoya bilmir ki, bu salfetkalardan xilas olaq.
Azərbaycanda oxunan, sevilən qəzetlərin sayı isə çox deyil, bəlkə barmaqla sayılacaq qədərdir. “525-ci qəzet” də onlardan biridir. Onun baş redaktoru Rəşad Məciddir.
Mən də bu qəzetin daimi oxucusu, hərdən daimi, hərdən də təkəmseyrək müəlliflərindən biriyəm. Özüm xoşladığım, başqalarının da bəyəndiyi bir çox məqalələrim bu qəzetdə çıxıb. Üstümə qaytarılan yazılarım da olub və gizlətmirəm ki, Rəşad Məciddən incimişəm də. Mənim kimi daimi müəllifləri az deyil qəzetin.
Hər şənbə “525-ci” qəzeti kioskdan alıram. O biri günləri də hərdən. Bu qəzet həqiqətin güzgüsüdür. Həqiqət isə bundan ibarətdir ki, qəzet milli ideologiyanı təmsil edir. Azərbaycançılıq ruhundadır. Amma hər şənbə “Ədəbiyyat səhifəsi”ni daha çox bəyənirəm. Hərdən ortabab yazılar olsa da, deyərdim ki, “Şənbə səhifəsi” əsl ədəbiyyat güzgüsüdür. O qəzetdə Yaşar Əliyev, Yusif Rzayev kimi canfədailər var.

KATİB

Rəşad Məcid Yazıçılar Birliyinin katibidir. Gənclər üzrə iş aparmaq ona həvalə edilib. O da bu vəzifəni ləyaqətlə yerinə yetirir. “Gənc ədiblər məktəbi” (1 və 2) onun təşəbbüsü ilə yaradılıb. O “məktəb” həm pedaqoji xarakter daşıyır, həm də ədəbi. Gənclər bu məktəbdən çox şey əxz edir, hətta mənfəət götürürlər. O mənfəət də bundan ibarətdir ki, hər il Rəşad Məcidin təqdimatı ilə iyirmi cavan ədib təqaüd alır, Rəşad Məcidin canına dua eləyirlər. Onların əksəriyyəti artıq Yazıçılar Birliyinin üzvüdür. Burda bir az ifratçılıq da olsa, varlığa nə darlıq, səxavət kanı olmaq da pis deyil.
Rəşad Məcidin qapısı həmişə açıq olur. Qəbul günləri-filan yoxdur. Müsafirləri də elə cavanlardır.
Rəşad Məcidi sevməyən cavanlar da var və bəzən mətbuatda onun üstünə alov püskürürlər. Bir az əsəbiləşir, sonra təmkini, səbri onu idarə edir. Cavanları bağışlamaq lazımdır belə yerdə və o da bağışlayır.
Daha nə deyim? Rəşad Məcid necədirsə, qoy elə Rəşad Məcid olaraq qalsın, üzündən təbəssümü heç vaxt əskik olmasın.
Ona uğurlar arzulayıram.

İlkin mənbə: adalet.az

Müəllif: Vaqif YUSİFLİ

VAQİF YUSİFLİNİN YAZILARI

RƏŞAD MƏCİDİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ernest   HEMİNQUEY – HİNDU QƏSƏBƏSİ

AKİF ABBASOVUN YAZILARI

İNGİLİS DİLİNDƏN TƏRCÜMƏ

AKİF ABBASOVUN TƏRCÜMƏSİNDƏ

Ernest   HEMİNQUEY (Amerika)

HİNDU QƏSƏBƏSİ

(hekayə)

Gölün  sahilində başqa bir qayıq da bağlanmışdı. İki hindu dayanıb gözləyirdi. Niklə atası arxa tərəfindən atılıb qayığa mindilər. Hindular qayığı itələdilər. Onlardan biri avar çəkməyə başladı. Corc dayı da o biri qayığın  arxa hissəsində oturdu. Cavan hindu qayığı itələdi. Özü də atılıb mindi və avarları  götürdü.

Hindular eyni ahənglə cəld avar çəkirdilər. İki qayıq qaranlığı yarıb yola düşdü. Nik o biri qayığın onlardan xeyli uzaqlaşdığını gördü. Duman qoynunda suyun şappıltısı eşidilirdi. O, arxaya söykənmişdi, atasının qolları ona sarılmışdı. Avarçəkən hindu səy göstərsə də, o biri qayıq qaranlıqlara daha tez soxulur, hər dəfə onu izləyən qayığı xeyli arxada buraxırdı. Nik:

– Hara gedirik, atacan?

– Hindu qəsəbəsinə. Qadınlardan biri ağır xəstədir.

– Belə de, – Nik təəccübünü gizlətmədi.

Kiçik körfəzi keçəndən sonra o biri qayıq sahilə yan aldı. Corc dayı qaranlıqda siqar  çəkir, cavan hindu qayığı sahilə  dartırdı. Corc dayı hindulara siqar verdi. Onlar əllərində fənər tutmuş hindunu izləyərək sahildən uzaqlaşdılar.

Şehdən tamam islanmış çəmənliklə yeriyirdilər. Sonra meşənin içərisi ilə uzanıb gedən cığıra düşdülər. Cığır onları hindu daxmalarının yerləşdiyi təpəliklərə doğru aparırdı. Hər iki tərəfdən ağaclar kəsildiyindən yol çox işıqlı idi.

Cavan hindu ayaq saxlayıb fənəri söndürdü. Yollarına davam etdilər. Döngəyə çataçatda bir it hürə-hürə onlara  yaxınlaşdı. Qarşıda hindu ağacyonanlarının yaşadıqları daxmalardan işıq  gəldi.

İtlər gələnlərin üstünə tökülüşdü. İki hindu onları geriyə qaytardı. Yola yaxın daxmanın pəncərəsindən işıq gəlirdi. Qoca qadın əlində lampa astanada dayanmışdı. İçəridə – taxtın üstündə gənc hindu qadın uzanmışdı. İki gün idi ki, o, ağrı çəkirdi. Qəsəbədəki qadınların hamısı onun qulluğunda durmuşdu. Kişilər yol qırağına çəkilib qaranlıqda oturmuş, qadının qışqırtısı eşidilən yerdən xeyli kənarda siqaret çəkirdilər.

Qadın başını yana çevirmiş halda aşağı taxtda uzanmışdı. Büründüyü adyalın altından iri qarnı bilinirdi. Həkimlə Corc dayını izləyən Nik və iki hindu komaya girəndə qadın ağrının təsirindən ucadan bağırdı.

Onun əri yuxarı taxtda uzanıb çubuq çəkirdi. O, üç gün əvvəl ayağını balta ilə kəsmişdi.

Otaq dözülməz dərəcədə pis iylənirdi.

Nikin atası ocağın üstünə su qoymağı tapşırdı. Su qızına qədər Niklə söhbət etdi:

– Bu xanımın uşağı olacaq.

– Bilirəm.

Atası:

– Bilmirsən, – dedi, – mənə qulaq as. Onu sancı tutub. Uşaq istəyir doğulsun, qadın da bunu istəyir. Ananın bütün əzələləri onun azad olmasına çalışır. Ona görə belə bərkdən çığırır.

– Görürəm.

Qadın təzədən qışqırdı.

– Atacan, ağrını kəsmək üçün ona dərman verə bilməzsən?

– Yox, ağrıkəsən dərman yoxumdur. Onun çığırtısına fikir vermə. Mən heç onu eşitmirəm, belə ağrıların qorxusu yoxdur.

Yuxarı taxtdakı kişi üzünü divara sarı çevirdi. Mətbəxdəki qadın xəbər verdi ki, su qızıb. Nikin atası oraya getdi və böyük qəhvədandakı suyun yarısını ləyənə töküb, bükülü cib dəsmalını açdı, bəzi tibb alətlərini qəhvədanda qalan suya boşaltdı.

– Qoy qaynasın, – dedi və qəsəbədən gətirdiyi bir parça sabunla əllərini ləyənin içərisində – isti su ilə yumağa başladı. Nik atasının sabun tutan əllərini bir-birinə sürtüşdürməsinə tamaşa edirdi. Həkim çox diqqətlə və səliqə ilə yuyunur, eyni zamanda söhbətindən qalmırdı:

– Bilirsən, Nik, qadın doğanda, adətən birinci uşağın başı gəlir, bəzən isə bunun əksi olur. Belə olan halda hamı təlaşa düşür. Qadın isə o dünyaya gedib qayıdır. Deyəsən, operasiya etməli olacağam. Başqa əlac yoxdur…

Əllərini yuyub razılıq etdi və içəri keçib, işə başladı.

– Corc, adyalı aşağı çək, – dedi. – Mən toxunmaq istəmirəm.

Bir azdan o, əməliyyata  başlayanda Corc dayı və üç hindu kişi qadının əl-ayağını tutdu. Qadın Corc dayının qolunu dişlədi. Dayı “Lənətə gəlmiş hindu qancıq”, –  deyə söydü.

Corc dayını qayıqla gətirən cavan hindu bunu eşidib gülməkdən uğundu.

Nik də atasına kömək edirdi. O, ləyəni tutmuşdu. Cərrahiyyə əməliyyatı uzun çəkdi. Həkim körpəni qucağına götürüb yanına şappıldatdı ki, nəfəs alsın. Sonra onu qoca qadına uzatdı:

– Bax, Nik, oğlandır… Mənim assistentim olmaq istərsən?

Nik çiyinlərini çəkdi:

– Nə bilim…

O, atasının hərəkətlərini görməməkçin yana baxırdı. Ata:

– Allahın köməkliyi ilə qurtararıq, – deyə nəyisə ləyənə tulladı. Nik baxmadı.

– İndi isə… yarığı tikmək lazımdır. Nik, öz işindir, baxa da bilərsən, baxmaya da. Bayaq kəsdiyim yeri indi tikəcəyəm.

Nik baxmadı. Onun marağı çoxdan sönmüşdü. Atası işini qurtarıb başını qaldırdı. Corc dayı və üç hindu kişi bellərini dikəltdilər. Nik ləyəni mətbəxə apardı. Corc dayı qoluna baxdı. Cavan hindu xatırlayaraq güldü. Həkim:

– Darıxma, Corc, yaranın üstünə peroksid tökərəm, – dedi. – Sonra o,  hindu qadına sarı əyildi. O artıq sakitləşmişdi. Gözləri qapanmış, sifətinin qanı qaçmışdı. Körpədən, ümumiyyətlə, ətraf aləmdən xəbərsizdi. Həkim ayağa qalxaraq:

-Mən sabah səhər qayıdacağam, – dedi. – Günorta Seyni-İqnasdan şəfqət bacısı gələcək, özü ilə lazım olan bütün dərmanları gətirəcək.

O, oyundan sonra geyinmə otağına toplaşmış futbolçular sayağı həyəcanlı və çoxdanışan olmuşdu.

– Bunu tibb jurnalına yazmağa dəyər, Corc. İri qatlama bıçaqla qeysər əməliyyatı aparmaq, sonra yarığı nazik bağırsaqdan düzəldilmiş doqquz futluq sapla tikmək.

Corc dayı divara söykənib qoluna baxırdı:

– Siz əvəzedilməz adamsınız. Doğru sözümdür.

–        Xoşbəxt ataya baxmaq lazımdır. Adətən belə xırda-xuruş hadisələrdə atalar çox əzabçəkən olurlar. Öz aramızdır, o bunları çox sakit qarşıladı. Soyuqqanlı adama oxşayır.

O, hindu kişinin öz başına bürüdüyü adyalı çəkdi. Əli islandı. Tez aşağı taxtın qırağına çıxıb bir əlində lampa tutaraq onun sifətinə baxdı. Hindu yönü divara uzanmış, boğazı bir qulağından digər qulağına kimi kəsilmişdi. Bədəninin ağırlığı altında əyilmiş taxtın çökək yerinə qan yığılmışdı. Başı qolunun üstünə düşmüşdü. İti tərəfi yuxarıya çevrilmiş ağzı açıq ülgüc adyalın altında qalmışdı. Bunu görən həkim çığırdı:

– Niki komadan çıxart, Corc!

Buna ehtiyac yox idi. Mətbəxin qapısı ağzında dayanmış Nik atasının bir əlində lampa yuxarı taxta çıxdığını, ehmalca hindunun başını yana çevirdiyini açıq-aydın görmüşdü.

…Onlar daxmalardan uzaqlaşan yolla gölə tərəf enəndə dan yerinə qan sızırdı. Nikin atası:

– Səni nahaq gətirdim, – deyə dilləndi. Onda əvvəlki şən əhval-ruhiyyədən əsər-əlamət qalmamışdı. – Sənin orda iştirakın ağılsızlıq idi. Mən buna nahaqdan yol  verdim.

Nik soruşdu:

– Doğanda qadınlar həmişə belə əzab çəkir?

– Yox, bu, bir təsadüfdür. 

– Atacan, o kişi özünü niyə öldürdü?

– Bilmirəm, Nik, bilmirəm. Yəqin dözmədi.

– Atacan, kişilərin çoxu özünü öldürür?

– Yox, Nik.

– Bəs qadınlar necə?

– Nadir hallarda.

– Yəni heç öldürmürlər?

– Hərdənbir.

– Atacan?

– Hə…

– Corc dayı hara getdi?

– Harada olsa bu saat qayıdar.

– Atacan, ölmək çətindir?

– Yox, lap asan. Şəraitdən asılıdır.

Onlar qayığa mindilər. Nik arxaya keçdi. Atası avarları götürdü. Günəş dağların dalından boylanırdı. Cökə ağacından hazırlanmış avarlar suya baş vurub çıxır, dairə cızırdı. Nik əlini suya saldı. Su səhərin sazağında ilıq idi.

Səhər erkən göldə atasının avar çəkdiyi qayığın arxasında oturan Nikə birdən-birə elə gəldi ki, o heç vaxt ölməyəcək.

İngilis dilindən tərcümə edən:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Azərbaycan və Azərbaycanlı anlayışı

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

Azərbaycan və Azərbaycanlı anlayışı

  Tarixi mənbələrdə “Azərbaycan” adı kifayət qədər nəql edilmişdir. Əfsuslar olsun ki, cəmiyyətimizin bəzi nümayəndələri iddia edir ki, Azərbaycan 1918-ci ildə yaranmış dövlətdir. Məhz bu adı guya Məhəmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski yaratmışdır. Halbuki, bu çox absurd iddiadır. Azərbaycan adının mənşəyi qədim fars dilində od(alov) yurdu mənasına gəlir. Biz bu adla ilk dəfə Atropatena dövləti  zamanı tanış olmuşuq. Belə ki, Atropatena dövlətinin digər adı Adərbayqan olmuşdur. Qeyd etdiyimiz kimi bu adın mənası alov yurdu deməkdir. Çünki, sözügedən illərdə Zərdüştlüyün yəni atəşpərəstliyin qibləsi Qazaka(indiki Təkab) şəhərində idi. Ərəblərin yaxın şərqi işğalından sonra xəlifələr işğal etdikləri ərazilərə valilər təyin etmişdir. Azərbaycan ərazisinə də I Müaviyə tərəfindən canişin Ubeydullah təyin olunmuşdur. Qeyd etmək lazımdır ki, əməvi- ərəb mənbələrində Azərbaycan ərazisi Dərbəndən-Zəncana qədər sərhədlənmişdir. Yaqub Həmədani Möcəmul-buldan kitabında Ərdəbilin də Azərbaycana aid olduğunu yazır. “… O cümlədən Ərdəbil barəsində soruşulduqda (ora)Azərbaycan məntəqələrindəndir, deyilənlərə əsasən Ərdəbil Azərbaycanın ən məşhur şəhərlərindəndir  və islamdan əvvəl oranın mərkəzi olmuşdu.”

  İslam mənbələrində isə Azərbaycan adı Savalan dağı ətrafındakı ərazi olaraq qeyd edilir. Belə ki, əl-Qeybət kitabında qeyd olunur ki, Məhəmməd peyğəmbər (s) buyurmuşdur ki, Hər kəs «فَسُبْحانَ اللَّهِ‏ حِینَ تُمْسُونَ…»- ayəsindən «…وَ کَذلِکَ تُخْرَجُونَ»- ə kimi(Rum surəsi 17-19) oxusa Savalan dağına yağan qarın dənələri qədər savab əldə edər. Deyildi, ey Allahın rəsulu, Savalan nədir? Buyurdu: «Azərbaycan  torpaqlarından bir məntəqədir ki, behiştin bir çeşməsi və peyğəmbərlərin birinin qəbri ordadır.Fikrimizcə, sözügedən peyğəmbər Cərcis peyğəmbərdir. Ümumilikdə qeyd edək ki, VII və VIII əsrlərdə ərəb-islam qaynaqlarında Azərbaycanın adı və sərhədləri qeyd edilir.

  Qədim Azərbaycan şairi Qətran Təbrizi də öz Divanında Azərbaycan adına toxunur. O, 1020-1060 cı illərdə hakimiyyətdə olmuş Rəvvadi hökmdarı I Vəhsudana “Şahi Azərbaycan” yəni Azərbaycanın şahı olaraq xitab edir.

Qətranın əlyazmasından nümunə:

بزم از این تازه چو ازماه دو هفته آسمان چون ستاند جام میرا زوخداوند جهان جعفر آنکو کرد زر جعفری را ، امکان عیب دانم خواندن اور شاہ [آذربایگان] کوهمه دیتى بگيردگیشودهمداستان؟ بسندی گیتی همه چون خسروان باستان زوزدندی گاه بخشیدن بمردی داستان وزتن شيران برون آرد بضربت ارغوان از خدنگ او تن حاسد بچفندچون(۱)کمان

  Azərbaycanın görkəmli hökmdarı olmuş Şah İsmayıl Səfəvi şimal-şərqi Azərbaycanı fəth edərkən müridləri Gülüstan qalası ətrafında dayanmış və Şah onlara Azərbaycan taxtına sahib olmaq istəyini sətiraltı ifadə ilə söyləmişdir. “İsgəndər bəy Münşi Səfəvi dövlətinin qurulması ərəfəsini belə təsvir edir: “Şirvan vilayətinin uca və məşhur qalalarından olan bu qala (Gülüstan qalası) mühasirəyə alındı. Mühasirə vaxtı qeyb aləmindən xəbər gətirən mələk o həzrətə (Şah İsmayıla) Azərbaycanın səltənət taxtına və padşahlığına yetişmək müjdəsi verdi… O həzrət əzəmətli əmirləri çağırıb onlara dedi: “Sizə Gülüstan qalası lazımdır, ya Azərbaycan taxtı?”

Azərbaycanlı anlayışı nədir?!

  Azərbaycan adı qədim olduğu kimi Azərbaycanlı adının da qədimliyinə dair dəlillər vardır. İlk öncə qeyd edək ki, “Azərbaycanlı” anlayışı İ.V.Ç Stalin tərəfindən türklüyə damğa vurmaq məqsədi ilə yaradılmamışdır. Düzdür, AXC dövründə əhalinin milliyyəti siyahılara türk olaraq qeyd olunurdu, lakin bu azərbaycanlı məsələsini sarsıtmır. Türk xalqın adıdır, Azərbaycanlı isə milliyyətin kimliyidir. Çünki, Azərbaycan ərazisində türk olmayan(tatlar, talışlar, çeçenlər, ləzgilər, udinlər, avarlar, saxurlar, tatarlar, yahudilər və.s) xalqlar vardır ki,bu xalqların əksəriyyətinin tarixi-ana vətəni məhz Azərbaycandır. Azərbaycanlı dedikdə yəni Azərbaycan ərazisində yaşayan xalqların ümumi ismi nəzərdə tutulur. “Mən Azərbaycanlıyam” deməklə biz dolayı yol ilə mən e.ə IV əsrdə Adərbayqan(Azərbaycan) torpaqlarında yaşayan xalqın övladıyam ifadəsini diqqətə çatdırırıq.İddia olunduğu kimi XX əsrdə yaranan “anlayışın” yox. Biz bu fikri ifadə etməklə, Türklükdən uzaqlaşmır, əksinə tariximizdə daha da bağlı oluruq. Dolayı dəlil verək:

  Nizami Gəncəvi ədəbiyyatşünaslıqda türk olaraq qeyd olunur, həqiqətə o türkdür. Lakin, nisbəsi Gəncəvi(Gəncəlidir). Yəni, tarixi Gəncə şəhərinin övladıdır. Nizaminin Gəncəvi olması türklükdən uzaqlaşdırırmı?! Xeyr, hətta biz Nizaminin məhz Gəncəvi olması ilə onun türk olduğunu sübut edirik. O cümlədən, Azərbaycanlı deməklə biz tarixi Azərbaycan torpağında yaşadığımızı qeyd edirik. Habelə, türk olmayan millətləri də ümumiləşdiririk. Milliyyət və xalq məsələsi fərqli anlayışlardır. Məsələn :türk, talış, ləzgi fərqli – fərqli xalqlardır . Danışdıqları dil,genetika,eyni zamanda adət-ənənə arasında müəyyən fərqlər var, lakin, biz ümumi Azərbaycanlı ifadəsini işlətdikdə dilindən, millətindən,dinindən və irqindən  aslı olmayaraq hər kəsi tarixi Azərbaycan torpağının övladı olaraq təqdim edirik. Bizi 10 milyon əhali edən də məhz Azərbaycanlı anlayışıdır.

  Azərbaycanlı anlayışının tarixiliyinə dair bir başqa dəlil isə qədmi fəlsəfə alimlərimizin nisbəsinin əl-Azərbaycani (Azərbaycanlı) olmasıdır. Bunlara misal olaraq 993-1067- ci illərdə yaşamış filosof alim Əbülhəsən Bəhmənyar Əl-Azərbaycanini nümunə çəkmək olar.

 Ondan əlavə 1115-ci ildə vəfat etmiş nasir və şairimiz Əbu Yə’la Muhəmməd əl-Azərbaycani, habelə, islam filosofu 1010-cu ildə vəfat etmiş Əbu Abdullah Nafi’ ibn Əli ibn Yəhya əs-Səravi əl-Azərbaycani ni misal vermək olar.

Mənbələr :

Əl-Qeybət kitabı səhifə 194

Закир Мамедов. Азербайджанские философы и мыслители средневековья. Баку, 1993

Qətran Təbrizinin divanı

İsgəndər bəy Münşi tarixe-aləmaraye Abbasi

İnternet resursları:

İslamquest.net

Millikimlik.az

Müəllif : Tanrıverdi ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ANAR TURAN – SƏMA AYDIN, YER ÜZÜ İSƏ QARANLIQDIR…

ANAR TURANIN YAZILARI

SƏMA AYDIN, YER ÜZÜ İSƏ QARANLIQDIR…

UMBERTO EKODAN QEYDLƏR

            İnsan daim axtarışdadır. O, rahat və sakit həyat axtarır. Bəs bunu necə və hansı yolla əldə etmək mümkündür? “Mən sakitliyi hər yerdə axtardım və onu yalnız bir yerdə – küncdə kitabla birlikdə tapdım”.

            Hamı yazır. Hər kəsin əlində qələm var. Tarix boyu heç bu qədər yazan olmamışdı. Bəs nə üçün yazmaq gərək? Eko: “Dünyanı dəyişmək niyyəti ilə yazmaq lazımdır”.

            Həqiqət günəş kimidir, yalansa bulud. Bulud günəşin qarşısını bir anlığa, müəyyən bir müddətədək tuta biləcək, əbədiyən yox. Buna görə də həqiqətin yanında ol! Zaman gələr, hər şey dəyişər, amma dəyişməyən bir şey var, o da həqiqətdir.

            Bəzən sıxılırıq, nə iləsə təsəlli axtarırıq. İnsan nə ilə təsəlli tapa bilər? Maddiyyatla yox, əlbəttə. Təsəlli mənəviyyatda tapılar. Bəzən oxuduğun bir kitabda, hər hansı bir sətrdə, bir sözdə də gizlidir.

            İnsan fani olan nəsnələr dalısınca qaçmasın gərək. Torpaqda balıq tutmaq olarmı?! Yaxud suyun üzündə yerimək, necə, mümkündürmü?! Yox, qətiyyən. Bəs onda fani olan nəsnələr dalınca bu insanlar nə üçün belə qaçırlar, can-fəşanlıq edirlər?! “Payızdan qabaq çəməngülü kimi solub gedən zahiri görkəm hər şeydən fanidir”.

            Dünya necə də dəyişib, sanki ədalət sükanını itirib. Qoca dünya girdaba tuş gəlib, çıxılmazlığa sürüklənib. “Bir zamanlar adamlar gözəl idilər. İndi isə cırtdanlaşıblar. Bu qocalmaqda olan dünyanın acınacaqlı halının əlamətlərindən biridir. Gənclər qocalardan heç nə öyrənmək istəmirlər. Elm geriləyir. Bütün dünya baş-ayaq olmuş. Korlar korları idarə edir və onlar uçuruma sürüklənirlər. Quşlar uçmağı öyrənmədən yuvadan ayrılır, eşşəklər çalır, öküzlər oynayır”.

            Kainat gözəldir və “kainatın gözəlliyi yalnız müxtəlifliyin vahidliyində deyil, həm də vahidin müxtəlifliyindədir”.

            Dünya bir kitab kimi bizimlə söhbət edir. Dünyadakı bütün məxluqat bizim üçün sanki bir rəsm, kitab, yaxud da aynadır. Baxdıqca, oxuduqca və qarşısında keçdikcə hər şeyi görə bilirsən.

            Yazılmış hər şeyi hamı oxuya bilər. Bir də hələ (bəlkə də, heç vaxt) yazılmamış şeylər var. Bax əsas olan onları oxumaqdır. Onları oxumaq gərək. Bunun üçünsə bəsirət gözü olmalı, görməli.

            Şər (İblis) tək heç nə edə bilməz. Bu bədniyyət varlıq ona qul olan insanlar vasitəsilə pisliyi yayır, müharibələr törədir, güclü hala gəlir. Bəs insanlar necə olur ki, şərə uyur?! Əsas səbəb maddiyyatdır. Maddi istək insanlığı uçuruma doğru yönləndirir, azadlıqdan qul halına salır.

            İnsanın ən böyük düşməni də, dostu da, hətta onu tanıdan da dildir. Yoxdan var olan dil – söz gizlini, ürəyin ən dərin qatlarında özünə yuva qurmuş əsrarı üzə çıxarır. Qarşındakını tanımaqmı istəyirsən?! Onu danışdır, o danışdıqca özünü, içini sənin qarşına sərəcək.

            Hər şeyi hər kəsə demək doğru deyil. “Zira hər gerçək hər qulağa görə deyil və hər yalan da dindar ruh tərəfindən dərk edilməz”.

            İnsan, əslində, kor olaraq doğulub. Bizə sadəcə lazım olmayanı – maddiyyatı görmək imkanı verilib. Bu korluq hətta çox zaman yanılmağımıza da səbəb olur. Nə qədər eybəcərliklər, şər, yalan bizə zahirdə gözəl görünür. Amma kor olan insana həqiqəti-batini görmək şansı da verilib. İnsan bu məziyyəti sonradan qazana bilər. Həqiqəti, batini  (daxili, bizə lazım olanı) necə görə bilərik?! Cavab: batinini, düşüncəni təmizləməklə, səni həqiqəti görməyə qoymayan iç çirkabını yox etməklə. Əsl qurtuluş, bax, bu zaman gerçəkləşməyə başlayır.

            Hər şey göründüyü kimi deyil. “Əzabda xoşbəxtlik, eşqdə fəryadlar” var.

            Eyni dildə danışmaq deyil, eyni düşüncədə olmaq qurtuluşa varmaqda həlledicidir. Əhəmiyyətsiz şeylərdən ali nəsnələr, ali nəsnələrdən də əhəmiyyətsiz şeylər yarana bilər.

            Ədalətsizliyə qarşı yaradılmış qanunlar bəzən özü də böyük ədalətsizliyə çevrilir. İnsanın fiziki və ruhi (mental) xəstəliyinin təzahürləri bilinir. Bəs cəmiyyətin xəstəliyini necə müəyyən etmək mümkündür?! Fikirlərin bu qədər toqquşmasında. Əsas etibarı ilə vahidlik yoxdursa, pərakəndəlik mövcuddursa, insanlar, alimlər bir-birini bu qədər təkzib edirlərsə. Belə cəmiyyətdə heç kim heç kəsi bəyənmir, qəbul etmir, hamı yalançıdır fikri cəmiyyəti çulğayır.

            Şərə qarşı mübarizə aparmayan hamı günahkardır. Bəs günah nədən yaranır?! Ehtiras və qürurdan. Ehtirassa geniş anlayışdır. Vəzifəyə, pula, qadına olan ehtiras.

            İnsan nə haqda düşünməlidir?! “Ömrümün sonlarına yaxın bildim ki, düşünülməsi lazım olan yeganə şey ölümdür”.

            İnsan daim yenilik arzulayır. O, yenilik dalısınca qaçmaqdan yorulmur, usanmır. Amma yenilik dalınca qaçan və buna nail olan insan da əvvəlki dəyərlərini geridə qoyur, itirir. Bu anda qazanclı kim olur?! Yeniliyi yaradanlar. Beləliklə, onlar bu yeniliyin dalısınca qaçanları özlərinə qul edirlər.

            Cəmiyyəti biz yaradırıq. Onun yaxşı və ya pis olması bizdən asılıdır. Fəaliyyətimiz (fəaliyyətsizliyimiz)  o cəmiyyətin pis olmasına səbəb olur. Sonra da yaratdığımız cəmiyyətdən narazılıq ifadə edirik. Cəmiyyəti düzəltmək istəyiriksə, buna özümüzü düzəltməklə başlaya bilərik.

            Qurd sürüyə dalıb. Onun gözü doymur, yırtıcıdır. Çobansa sürünü bu yırtıcının əlindən xilas etmək istəyir. Axı çoban bu sürüdən nə vaxtsa öz mənfəəti üçün istifadə etməyi planlaşdırır. Yəni çobanı düşündürən sürü deyil, öz maraqlarıdır. Olanlar isə hər iki halda sürüyə olur. Hikmətli söz yadıma düşür: Yumurta daşın üstünə düşsə də, daş yumurtanın üstünə düşsə də, olan yumurtaya olacaq – o sınacaq. Aşağıda qalan kütlə məhz o yumurtadır.

            Bir də dünyamızı xilas edə biləcək eşqdən. Eşq nədir?! “Həqiqi eşq sevdiyinin xoşbəxtliyini istəməkdir”. Bu zaman yenə də üzərimizdən, həyatımızdan xətt çəkirik. Eşq, sevgi bax sənin yoxolmandır, yoxolmaqla, beləliklə, varolmağa (əbədi xoşbəxtliyə) çatmaq mümkünləşir. 

Müəllif: Anar TURAN

ANAR TURANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru