Etiket arxivi: YAZAR

BU GÜN FİKRƏT QOCANIN DOĞUM GÜNÜDÜR – ALLAH RƏHMƏT ELƏSİN

FİKRƏT QOCA – Azərbaycanın Xalq şairi

Bu gün Azərbaycanın Xalq şairi Fikrət Qocanın doğum günüdür.

Fikrət Qoca 1935-ci il avqust ayının 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir.

Əsərləri 1956-cı ildən mətbuatda çap edilmişdir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən “Qobustan” incəsənət toplusunun baş redaktoru idi.1998-ci ildən AYB-nin birinci katibi seçilmişdir.

Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara (“Ünvansız məktublar”), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral (“Amilkar Kabral”), Filippinin milli qəhrəmanı Xose Risal (“Xose Risal”), vyetnamlı gənc Li Vi Tom (“Li Vi Tom”) və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs etmişdir. Onun bir sıra nəsr əsərləri də vardır. “Ölüm ayrılıq deyil” (1990), “Hələlik, — qiyamətədək” (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.

Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və başqa tərcümələri vardır. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

Şeirlərinə musiqi bəstələnmişdir (“Anacan dostum evlənir”, “Könlüm”, “Günay”, “Gəl ey səhər”, “Çiçək tapa bilmədim”, “Gecə yaman uzundur”, “Payız gəldi” və s.).

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər” və “Rəssam düşünür” poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə “Humay” mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur (1995).

5 may 2021-ci ildə vəfat etmişdir.

Allah rəhmət eləsin. Amin.

Məlumatı hazırladı: Sevindik Nəsiboğlu

SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDƏCƏK

ZAUR USTACIN YAZILARI


“YAZARLAR”
jurnalının baş redaktoru, şair – publisist Zaur USTAC “Məktəbəqədər təhsilə yeni baxış” adlı Beynəlxalq Onlayn Konfransda “Uşaq ədəbiyyatı (məktəbəqədər səviyyədə)” mövzusunda dəvətli çıxışçı olaraq çıxış edəcək. Tədbir 29 avqust 2022-ci il tarixində saat 10:00 – da başlayacaq.

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Atam, anam, qardaşım, mən və Stalin – Faktlar, mətnlər və xatirələr əsasında Cavidlərin ailə dramı. Azər TURAN

edebiyyatqazeti.az

İştirakçılar:

Ata

Ana

Qardaş

Mən

Zaman

Hadisələr dəyişdikcə rejissorun və rəssamın düşüncəsinə görə səhnəyə bəzi məişət detalları qoymaq olar. Yaxşı olar ki, epoxa nəzərə alınsın. İstifadə olunan detallar “Mən”in xəyalında yaranır, sonra da yoxa çıxır. Pyes epik janrda qurulub. Hətta dialoqlar belə nəqldən yaranır. Hər bir deyilən fakt “Mən”in söylədiklərindən “oyuna” çevrilir.

I səhnə

Boş məkan… ara qaranlıqdır… Zaman görünür. Xeyli dayanıb salonda əyləşən tamaşaçılara baxır. Sonra cibindən kağız çıxarıb oxuyur.

Zaman: – 3 iyun 1937. Hüseyn Cavid. Cinayət Məcəlləsinin 68, 72, 73-cü maddələrinə əsasən ittiham olunub. 1882-ci ildə Naxçıvan şəhərində anadan olub. Yaşadığı ünvan: Bakı şəhəri, Kommunist küçəsi, ev 8. İxtisası və peşəsi: şair. İşləmir, təqaüdçüdür. Kəndli ailəsindən çıxmışdır. Təhsili: ali. Bitərəf. Milliyyəti: azərbaycanlı. Orduda xidmət etməyib. Arvadı: Mişkinaz – 36 yaşında. Oğlu: Ərtoğrol – 16 yaşında. Qızı: Turan – 13 yaşında. (Kağızı büküb cibinə qoyur. Sonra əllərini bir-birinə sürtüb yuxarı qaldırır. İşarə edir. Simfonik musiqi səslənir. Zaman sanki musiqini çalan orkestrə dirijorluq edir).

II səhnə

Qardaş: – Gecənin soyuqluğu xəfif səhər küləyinə çevrilmədədir. Quşcığazların səsi işıqlamanı xəbər verirdi… Dan yıldızı yenicə çıxır, günəş gecənin soyuq nəfəsi ilə donmuş buludları ilıq şüası ilə isidərkən mənim səadətimin dan yıldızı yenicə sönür, qaynar qəlbim isə kədər buzları ilə donurdu… Yarpaqların şehi təvəxxir edirkən, mənim gözlərim yeni-yeni yaşla dolurdu. Uf!.. Nə uğursuz gecə, nə pərişan mənzərə. Odanı məzar soyuqluğu, ölüm sükutu bürümüş. Kitablar, dəftərlər yerdə, şkafların qapıları açıq, hər şey tərpədilmiş, döşəklər yarıya qədər qatlanmış. Ümumən bir qırıqlıq. Odanın sükutunu pozan iki şeydi: quşların səsi və mışıl-mışıl uyuyan bacımın mışıltısı. Arabir anamın ah çəkməsi, boğuq hıçqırıqları eşidilirdi. Mənim qəlbim daş kəsilmişmi?.. Yox. Mənim bütün həyəcanlarım içimdə alovlanmış, içimdə sönür! Neçin?! Nə olmuş? Bir neçə saatdan sonra bacım qalxacaq, acı duyacaq, o: – babam hardadır? – deyə sorunca anam ağlayacaq, bacım da ona uyacaq. Neçin? Babam harda? Kim bilir?.. Babam gedirkən belə həmişəki kimi gülümsəyirdi. Lakin ağlasaydı daha yaxşı olardı. Mənalarla dolu bu gülüş daş ürəkləri əridər, insanın isə düşüncəsində silinməz iz buraxır…

III səhnə

Ata: – Azər düşünür… Bəlkə otuz yıldır o, hər an

Düşkün bəşərin eşqini, fəryadını inlər.

Yaqdıqca yaqar beynini bir kölgəli böhran,

Əflaka sorar dərdini, yıldızları dinlər.

Göz qırparaq ancaq ona yıldızlar edər naz,

Dilsiz və sağır göylər onun halını duymaz.

Bəsləndi küçük duyğusu azadə çocuqkən,

Pək incə tərənnümlər öpən neylər icində.

Vurğundu o həp şer ilə ahəngə əzəldən,

Ağlar və gülümsərdi təğənnilər icində.

Hər gün yaralar qəlbini bir sıtmalı röya,

Hər gün uyutur dərdini bir nəşəli xülya.

Atəşkədələr, fırtınalar yavrusu Azər

Coşduqca alevlər və köpüklər kibi cılğın…

Bəzən bayılıb sərəli bir heykələ bənzər,

Yorğun gözü həsrətli üfüqlər kibi dalğın.

Bəzən o baqışlar yenə şimşək kibi parlar,

Qəsvət savuran hiçliyi bir anda yaqarlar.

Bir gün acı bir sis o gülümsər yüzü sardı,

Yalnızlığa imrəndi, uzaqlaşdı bəşərdən.

Bir qulbəyə saqlandı ki, issızca məzardı,

Məhrum idi dünyayı saran xeyr ilə şərdən,

Yıllarca dalıb getdi o böhranlı qəfəsdə,

İnsanları özlərdi hər atəşli nəfəsdə…

IV səhnə

Mən: – Babam çaya aludə deyildi. Daha çox qəhvə içərdi. Türkiyədə olduğu vaxtlar adət etmişdi. Gecələr bəzən ana, bəzənsə özü bişirərdi. 1937-ci il iyun ayının 3-də, gecə ana yatmağa hazırlaşanda qapını döyüb anadan yatıb-yatmadığını soruşub. Ana – yox – deyib, hələ yatmamışam. Bir şey lazımdı? Heç… qəhvə istəyirdim. Bir halda ki, uzanmısan, özüm bişirərəm – deyib qapını örtüb. Baba həmin gecə həbs olunub. Sonuncu dəfə bişirdiyi qəhvəni içə bilməyib… Bundan sonra ana bir daha qəhvə bişirmədi… və içmədi… (Ana görünür. Əlində bağlama var) Görüş verdilər?

Ana: – Yox. (Pauza) Dəhşətdir…

Mən: – Nə olub?

Ana: – Bir qadın ərinin paltarlarını aldı… qan içindəydi… Deyirdi ki, dəhşətli işgəncələr verirlər… Məhbusları böyük kisələrin içinə salıb rezinlə döyürlər, dırnaqlarını çıxarırlar, dırnaqlarının altına iynə batırırlar. Qorxa-qorxa açıb baxdım… heç bir işgəncə izi yox idi… Rahatlaşdım… Dedilər ara-sıra dəyişəcək gətirə bilərsiniz…

Mən: – Baba nəsə istəyib?

Ana: – Yemək… yarpaq dolması… kələm dolması… onlarsa dedilər ki, olmaz…

Mən: – Niyə?

Ana: – Dedilər bir-bir açıb içinə baxmayacağıq ki… Dedilər küftə, qovurma gətirə bilərsiniz… hərdənbir…

Mən: – Kağız-qələm istəyib?

Ana: – Yox… İstəsə belə bizdən qəbul etməzlər… Amma dedilər görüş verəcəklər…

V səhnə

Uzun skamya. Ana, Qardaş və Mən skamyada oturublar. Ata arxası onlara üzü Zamana oturub.

Mən: – Vəd olunan görüş babamın həbsindən düz iki il bir ay sonra – 1939-cu ilin 2 iyulunda Keşlə həbsxanasında baş tutdu…

Ana: – Bağışla, dünən gələ bilmədik, çatdıra bilmədim… (Zamana baxır) Nə deyəcəkdim, unutdum…

Mən: – Baba həmişə belə vəziyyətdə işarə bildirmək üçün deyərdi: Allahu əbha.

Ana: – Hə, hə… Allahu əbha…

Mən: – Yaxşını yaman qələmə verənlər yox olurlar.

Ata: – Təmiz adına ləkə vurulması, başı-qulağı üç qəpiyə dəyməyənin qarşısında dayanıb təhqirli sözlər dinləmək, anlamaz qarşısında susmaq, anlatmağa haqqın olmamaq cəza deyilmi? Elə təhqirli sözlər deyirlər ki, dözmək mümkün deyil. Gərək nə qədər ürəksiz, şərəfsiz adam ola ki, olmayan sözləri danışa. Nə isə… sözüm çoxdu. Əfsus ki, vaxt azdı. Əsl xain yaxşıları pis adlandırıb məhv edənlərdir. Vaxt gələcək bu günahsız zavallılar üçün nə qədər təəssüf ediləcək.

Mən: – Hə… umulmaz ümid…

Zaman: – Vaxt qurtardı!..

Ana: – Vaxt nə tez çatdı?!

Zaman: – Məndən asılı olsaydı bir az da gec gələrdim…

Mən: – İnsafsızlar içində insaflılar da varmış…

Zaman Mənə tərəf hərəkət edir.

Ata: – Toxunma… nənəsimə, toxunma!

VI səhnə

Ata: – Möhtərəm Mircəfər Bağırov yoldaş! Son zamanlarda mənə və yazılarıma qarşı istər mənəvi, istər maddi cəhətdən qaba və soyuq bir keçimsizlik var. Bu da tək-tək şəxslərin kaprizindən irəli gəlməkdədir. Düz iki il bir aydır ki, həbsdəyəm, cəsarət olsa da fikrinizi bu nöqtəyə cəlb etməklə 30 ildən artıq əmək sərf edən xəstə və yorğun bir yazıçının halını düşünməyinizi rica edirəm… Dərin hörmətlə, H.Cavid.

Mən: – Rəngi solğun, kədərli idi. Dəyişilmişdi. Çox həsrətlə baxırdı bizə. Elə bil bir daha görüşməyəcəyimizi bilirdi. Çox əsəbiydi. Qəribədir, görüş vaxtı hamı bizə baxırdı… Elə bil hamı bizi nəzarətdə saxlayırdı. Baba heç dinib-danışmırdı. Sadəcə qırıq-qırıq kəlmələr. Daha çox baxırdı. Düz iki il idi görüşmürdük. Mənə çox baxırdı… Özümü saxlaya bilməyib ağladım… İyulun 4-də gəmi ilə Krasnovodska apardılar. Sonra qatarla gedib, avqustun 22-də Vladivostoka çatıblar. Ordan da gəmiyə mindirib Maqadana aparıblar. Təsəvvür edin bütün iyul, avqust aylarını, iki aya yaxın, yük qatarında yol gedib. Yollarda nə qədər dözməyib ölənlər olurmuş. Ölənləri yollarda atırmışlar…

Qardaş: – Sən bu keçənlərə yaxşı bax, yadında saxla onların simasını. Babanı həbs etməyə gələn onlar idi. Rus və erməni…

VII səhnə

Ana:  – (Həbsxanadan verilmiş növbəti bağlamanı açır. Diqqətlə hər geyimi nəzərdən keçirir). Bacın məni sənə tərifləyir. Sən də razılıq vermirsən. Sonra da şərt kəsirsən ki, özüm görməsəm “hə” deyə bilmərəm. Böyük qardaşının arvadı deyir ki, “Mişkinazı çağırım gəlsin bizə, deyim, gəlsin mənim tikiş maşınıma baxsın. Sən də onu orada görərsən”. Sizə get-gəlim olmadığı üçün gəlib anamdan icazə almışdılar. Mən də gəldim. Böyük bir ev idi. Yarı hissəsindən o yana iki böyük sandıq qoyub üstünə yük yığmışdılar. Sən də oturmusan yükün arxasında. Məni də üzü yükə tərəf oturdublar. Demə, işıq dal tərəfdən düşdüyü üçün məni yaxşı görə bilmədiyindən, razılıq vermirsən. Bir neçə gün götür-qoy edəndən sonra qərara gəlirlər ki, məni bu dəfə də bacısıgilə aparsınlar. (Paltarlara baxır) İçəri girəndə gördüm, samovar qoyub, dairəvi oturub çay içirlər. Məni təyin olunmuş yerdə oturdurlar. Sənsə o biri evdə qapının arasından baxırmışsan… Razılıq verirsən… 1918-ci ildə evləndik… Sonra Bakıya gəldik… Necə gəldik? Naxçıvandan Tiflisə dörd-beş günə çatdıq. O zaman yol oradan idi. İndiki təzə yol yox idi. İllərin ağır vaxtlarıydı. Qatar gündüzlər gedir, gecələr dayanırdıq. Üç günlük yolu bir həftəyə gəlib çıxdıq Bakıya… Kiçik bir ev kirayələdik. Evdə heç nə yox idi. O çətinliklə ki, biz gəlmişdik, evə dair heç bir şey götürə bilməmişdik… Sonra hər şey yoluna düşdü… Yoxdur…

Mən: – Ana, kiminlə danışırsan?

Ana: – Nə?

Mən: – Deyirəm, kiminlə danışırsan?

Ana: – Həbsxanadan dəyişikləri götürmüşdüm… Diqqətlə baxdım, Allaha şükür ki, qan izi yoxdu… yoxdu…

Zaman: – (peyda olur) Yığışın, köçürsünüz!

Qardaş: – Necə yəni?

Zaman: – Evin kişisi olmadığına görə, evin sahəsi artıq olduğu üçün, evi təhvil verib başqa evə köçməlisiniz.

Ana: – Mümkün qədər münasib ev olsun… gündüşən…

Zaman: – Xalq düşməninin arvadı kurort istəyir. Şeylərinizi yığın. Bu gün burdan köçməlisiniz. Sovet küçəsi, ev 92. (Gedir).

Ana: – Aman Allah, nə həyət, nə ev?! Az qaldım çığırıb qaçam… Həmin həyətdə on doqquz il nələr çəkdim?! Oğullu getdim, oğulsuz çıxdım… Amma hələ var… Görəcəkli günlərim hələ qabaqda imiş… Ev nə ev… Üç pillə aşağı enir. Bir göz otaq. Nazik taxta ilə aradan kəsilmiş. Hərəsi doqquz kvadratmetr. Birini mənə, birini də Qərənfil xanımgilə – Əsəd Verdiyevin ailəsinə – qonşuma verdilər. Onlara verilənin heç qapısı da yox idi. Bir pəncərəydi. Xeyli sonra o pəncərəni qapı açdılar. Onlar da bizim evdən keçirdilər. İndi gəl fəryada bax.

Bu an Mən və Qardaş bağlamaları bir yerə yığırlar. Sıxlaşıb epizodun sonunda otururlar bir yerə.

VIII səhnə

Həbsxana kamerası.

Zaman: – Sənin haqqında gör nə ifadələr verirlər: “O, həmişə narazıdır, şikayət edir ki, onu bir türk olaraq incidir, təqib edir, işləməyə və ailəsini dolandırmağa qoymurlar. Şəxsən mənə şikayət edirdi ki, erməni yazıçıları dəfələrlə xaricə getdikləri halda, ona xaricə getmək üçün ezamiyyə vermirlər. Artist Ponodyan həmişə xaricə gedir… türk artistlərindən heç kimi göndərmirlər.

“Türkiyənin şpionu, müsavatçı-pantürkist, əksinqilabi təşkilatın üzvü, ədəbiyyat və dramaturgiya sahəsində gənclərin millətçi əksinqilabi ruhda tərbiyə olunması istiqamətində iş görür, pantürkist ideyaların yayılmasına çalışır”.

“İran, Dağıstan, Ermənistan və Gürcüstan ərazilərindəki bütün Azərbaycan torpaqlarını birləşdirib, burjua təmayüllü müstəqil Azərbaycan dövləti yaratmaq uğrunda fəaliyyət göstərən pantürkist əks-inqilabçı təşkilatın üzvüdür”.

Zaman bir qəzet götürüb baxır. “Ədəbiyyat qəzeti” 16 iyun 1937. Məqalələrin başlıqlarını oxuyur: “Böyük dramaturq Qabriel Sundukyan”. “Xalq və səadət düşməni, şarlatan Hüseyn Cavid”.

Hətta səndən həyatın canlı məsələlərini yazmağı tələb edənlərə də “Bəncə, ədəbiyyat başqa, siyasət və təbliğat başqadır. Təbliğat bənim işim deyildir” – deyirmişsən.

Ata: – Nə deyəydim? Onların istədiyini yazaydım? “Ey quru şalban, // Mən sənə qurban!”.

Zaman: – Qardaşın Şeyx Məhəmməd yazırdı amma:

Ey sosializm ölkəsində ziya saçan qüvvəmiz!

Sən eylə bir mühəndissən yaparsan böyük bina.

…O binanın müəssisi böyük dahi Lenindir,

O binanın mühəndisi sevimli Stalindir.

Ata: – Mən qardaşımı bir Şeyx kimi tanımışam. Amma 1918-ci ildən sonra onu görməmişəm. İndi nə üçün belə yazdığını bilmirəm.  

IX səhnə

Həbsxanada görüş yeri.

Ata: – Mişkinaz, sənə deyilməli o qədər sözüm var ki… Mişkinaz, mənim haqqımda deyilənlərin heç birinə inanma. İki dəfə məhkəmə etdilər. Axırda o qərara gəldilər ki, guya bir az vətən dəyişikliyi…

Ana: – Səni də “xalq düşməni” etdilər, hə?

Ata: – Cərəyandır, keçib gedər… Hamı məni satıb… Amma sən üzülmə, bu işləri gələcək həll edəcək. Həqiqət bir vaxt aşkara çıxacaq… Turan on illiyi bitirib bir il fasilə versin. Çox üzgündü yəqin. Sonra qoysalar, ali təhsil alsın.

Ana: – Oğlun oxuyur, heç bir söz deyən yoxdu. Bu da oxuyacaq. Onu özün gəlib oxudacaqsan.

Ata: – Sən deyən olsa.

Ana: – İnşallah…

Ata: – Ərtoğrolun oxumasına yaxşı ki, mane olmadılar. Şükür, xeyirxahlar, qədirbilənlər varmış. Haqlını haqsızdan xalq ayırıb qiymət verəcək. Əfsus ki, gördüyüm rəzalətləri, keçirdiyim günlərimi heç bir yerə qeyd edə bilmədim.

Ana: – Gələndən sonra hamısını yazarsan.

Ata: – Sözüm çoxdu, vaxt az… Bir də kim bilir, görüşmək qismət olacaqmı? Mən istərdim, biz həmişə bir yerdə, el içində şad, xoşbəxt olaydıq. Nə qədər işlərim, arzularım qaldı.

Ana: – Sənə ümidsizlik yaraşmır. Gələndən sonra bu acıları unudarsan.

Ata: – Zavallı yavrum. Unudulmaz acılar umulmaz ümid.

Ananın gözləri yol çəkir.

Zaman gələcək, yazılmamış əsərlərimə, qaranlıq zindanıma xalqım da ağlayacaq. Azərbaycana vurulan yara çox dərindi. Əsrlər boyu bu yaralar sızlayacaq… Sən arzu etdiyin kimi olsa, gələsi olsam, onda hamısını danışaram… Üzləri “ağ” olsun ağ üzləri “qara” adlandıranların (Zaman görünür, Ata ayağa durur). Sağlıq olsa, yenə də görüşərik. Məktub yazmaq hüququm var. Harda olsam, məktub yazacağam. Məni bu yola yolçu edənlərdən yazsam, təbii ki, buraxmayacaqlar. Heç olmasa, barı bir-ikisinin adlarını deyim… biləsən…

Zaman: – Vaxt qurtardı…

Ata: – Uşaqları öpərsən… yaxşı dostlara, qonşulara salam de. Darıxmayın… Əlvida…

Ana: – Yox… yaxın vaxtda görüşənə qədər…

Ata görünməz olur.

Nə vaxt aparacaqlar?

Zaman: – Bilmək olmaz, yarım saat bundan əvvəl iki maşın apardılar. Bu qədər camaat da durub gözləyir. Gəlsən də görə bilməyəcəksən.

Ana başını yelləyib görünməz olur. Zaman əllərini qaldırır.

Təntənəli marş.

X səhnə

Mən və Qardaş evdədir. Qardaş sabahkı dərslərə hazırlaşır.

Mən: – Nə kitabı oxuyursan?

Qardaş: – “Hamlet”dir. Sabahkı dərsimizdir.

Mən: (Kitabı alıb vərəqləyir).

Qardaş: – Hamletin sarayın adətlərinə, insanlarına münasibəti başqadır. O, atasının ehsanından qalanların toyda paylanmasını izahla saraydakıların gəmik sümürən köpək olmasını demək istəyir. Onu qavrayanlar sərsəmdir. Hamlet istəmədiyi mühitə düşdüyündə pessimistdir…

Ana: (daxil olur) – Babadan sizə çoxlu-çoxlu salamlar. (Hər ikisini öpür) Babanın əvəzinə.

Qardaş: – Kaş biz də gedəydik.

Mən: – Necəydi, nə dedi?

Pauza.

Ana: – Çox yaxşıdı… Kiçik bir bağlama verdim… bir şələ dərd, kədər, nisgil gətirdim…

Pauza.

Qardaş: – Ana, sabah gedək, bəlkə görüş ala bildik.

Ana: – Artıq görüş yox, məktubunu gözləməliyik… Bu gün gecə, ya sabah səhər aparmalıdılar…

Pauza.

Qardaş: – Neçə il iş veriblər?

Ana: – Səkkiz…

Qardaş: – Səkkiz?!

Mən: – Səkkiz?!

Ana: – Nədi ki, beş ildən sonra gələcək…

Mən: – Mənə elə gəldi ki, ayağımın altında bir quyu açıldı, məni çəkdi aşağı. Başım gicəlləndi. Yerə baxdım. Quyu-filan, heç nə yox idi.

Qardaş: – Sanki yuxuda qaranlığa düşdüm. Həyat ağlamaq qədər çətindir… Nəşəli gənclik planlarım pozuldu. Zəhərli ilan belə bunlardan mərhəmətlidir. İnsanı su içirkən görsə sancmaz… Amma bunlar… qan və ölümlə oynayan ölülər, şər və nifrət yavruları… Bu sərsəm korlar bu böyük dünyaya tək gözlə baxırlar…

Mən: – Axı atam kimə pislik edib ki, hamı məndən məktəbdə də üz çevirib. Ən yaxın rəfiqələrim belə məndən yan qaçırlar.

Qatar səsi.

1937-ci il iyunun dördündə evindən çıxdı, 1939-cu il iyulun dördündə isə Vətənindən qapalı qatarda qarlı-şaxtalı səhralara əsir getdi. Ona “qardaşım, dostum” deyənlər də səfalı bağlara, sərin yaylaqlara…

Ana: – Ağlamaqdan bir şey çıxmaz… Çalışın yaxşı oxuyun, babanıza layiq olun. Heç kimə əyilməyin. Üzünüz ağ, alnınız açıq olsun. Şərəfli ad dünya qədər qiymətlidi. Ac qalmaq, solğun geyinmək, ağır işlərdə çalışmaq əskiklik deyil. Açıq alınla ac qalmaq alçaq yaşamaqdan qat-qat şərəflidir.

Mən: – Gözümüzü bağlı qapılardan çəkib uzaqlardan gələcək məktubların yoluna dikmişdik…

Zaman: – “Hara üz tutasan, hara gedəsən? Qapı da bağlıdır, dünya da bağlı…”.

Alaqaranlıq qatar.

Ata: – Nə əcayib sürü, yahu, bunlar,

Öndə rəhbərlik edər maymunlar.

Cühəla elm, fəzilət satıyor,

Xalqı əfsunlayaraq aldatıyor.

Kəndi əxlaqı sönükkən həpsi

Yeltənir verməyə əxlaq dərsi.

Sadə minbərdə deyil, coq yerdə

Göz boyar həp şu qaranlıq pərdə.

Hanki bir sərxoşu söylətdim, inan

Bəhs edər, gördüm, o huşyarlıqdan.

Nerdə beş kölgə görür ördəklər

Başlayıb nitqə həmən saz köklər.

Rəqsi təlim ediyor aqsaqlar,

Əzəmət düşkünüdür alcaqlar.

Zevqə biganə səfillər bol-bol

Şerü sənətdə arar bir yeni yol.

Sadədil, hissə uyan abdallar

Həp siyasi kəsilib at nallar.

Bir yığın kor qılavuzluq yaparaq

Göstərir zülməti aydın, parlaq.

Hər gülər yüzdə ölüm, qan görürəm,

Pək yaqın dostları düşman görürəm.

Yurdu sarmış qabalıq, yaltaqlıq,

Yüksəliş varsa, səbəb alcaqlıq…

XI səhnə

Ana: – Babadan məktub var…

Qardaş və mən onun üstünə atılırlar. Ana konverti cırıb açır. O yan, bu yana çevirir, qəhər boğduğundan oxuya bilmir.

Mən: – (məktubu ondan alıb oxumağa başlayır). Əzizim Mişkinaz. Köhnə yerimdəyəm. Sağlamam. Bağlama lazım deyil. Ancaq hər yarım aydan bir səhhətiniz haqda məktub yazın. Burda hərdən yüzlərlə dustaq azad edilir. Ya da müddətlərini qısaldırlar. Arxayın olun. Mənə də növbə çatacaq. Səni, ağıllı, bacarıqlı oğlumu və xüsusən, istəkli, mehriban Turancığımı öpürəm. İşlərinizdən yazın. Yenə öpürəm sizi. Hüseyn Cavid. 27 may 1941-ci il.

Ana: – Babaya mütləq bağlama göndərmək lazımdır. Yazmasa da bilirəm ki, ona çətindir…

Qardaş: – Anam, bacım və mən. Maddi vəsait təkcə mənim stipendiyamdır.

Ana: – Onu xilas etmək lazımdır. Yaz… mən deyim, sən də rəhbərə bir məktub yaz, bəlkə kömək oldu. Yaz:

“Hörmətli yoldaş Stalin! Necə ola bilər ki, xalqın son dərəcə böyük hörmətini qazanan bir adam “xalq düşməni” adı ilə həbs olunsun, ömrünün son günlərini xəstə vücudu ilə sürgünlərdə başa vursun… Hüseyn Cavid xalq düşməni olmamış və heç bir zaman da olmayacaq. Çünki qırx illik ədəbi yaradıcılığında xalqı duyaraq, ondan ilham alaraq yazmışdı… O, xalq düşməni deyil, ola da bilməz. Çünki xalqı sevməyən adamı xalq da sevə bilməz və o, xalqın ruhunu oxşayan böyük sənətkar ola bilməz. Bu günə kimi onun həbs olunmasını haqlı sayan bir fikir belə eşitməmişəm. Hamı bu işin səhv olub, tezliklə azad ediləcəyini söyləyir… Sizə dərin hörmətlə, Hüseyn Cavid ailəsi adından həyat yoldaşı Mişkinaz Cavid”.

Mən: – Ana…

Ana: – Bilirəm nə demək istəyirsən… amma indiki vaxtda belə yazmaq lazımdır.

Qardaş və Mən Cavidin məktubuna baxır… Sonra divara asdıqları SSRİ xəritəsinə yaxınlaşırlar. Qardaşın əlində qırmızı karandaş var. Məktubun göndərildiyi ünvanı qeyd edir.

Qardaş: – Babamın getdiyi yollar… Krasnovodsk, Daşkənd, Alma-Ata, Novosibirsk, Vladivostok, Maqadan. Dünyanın sonu… Babam Hüseyn Cavid bir günəş idi, yüksəldi, parladı, yarasaların gözünü kor etdi. Lakin dumanlar onun qarşısını aldılar. Buludlar onun atəşli işıqlarını udmaq istədilər… Patlatmaq! O mənhus karvanı patlatmaq lazımdır. Top mərmiləriylə təbiətin anası günəşi yavrusundan ayıran dumanlar səltənətini patlatmaq…

XII səhnə

Mən qaçaraq gəlir. Həyəcanlıdır. Arxaya baxır. Ana həyətdədir. Sərgilərdə paltar sərir. Daha çox ağ mələfələrdir.

Ana: – Nə olub?

Mən: – Məktubu yola salmağa Mərkəzi Komitənin poçtuna getmişdim. Qayıdanda yolda Stalinin şəklini gördüm. Tüpürdüm şəklinə. Bayaqdan elə bilirəm kimsə görüb, ardımca gəlir, məni təqib edir.

Ana: – Çaşasan, məni çaşdıran…

XIII səhnə

Mən: – Babamdan aldığımız məktub bizə nə qədər ümid verdi… Yarıarxayın günlər keçirdi… İndi ayları yox, illəri sayırdıq… Gəlişini, şad günləri gözlədiyimiz halda, qanlı-qadalı, anaları ağlar qoyan, evlər yıxan 1941-ci il müharibəsi başlandı. Yara üstündən yara. Birinci həftə dayım Abuzəri apardılar…

Ana: – (işini yarımçıq qoyur) Cavidin böyük qardaşının böyük oğlu Tahir mənə oğul əvəziydi, o da getdi. Ağır işlərimi, ac günlərimi, yuxusuz gecələrimi demirəm. Deyirdim, Cavidim gələr, dərdlərimi onunla bölüşərəm, keçirdiyim ağır dərdlərimi unudaram. Noyabr ayında da oğlum getdi…

Qardaş: – “Hörmətli Üzeyir bəy! Əsgərliyə getməzdən əvvəl Sizinlə görüşmək istədimsə də, qismət olmadı. Yeganə narahatlığım, anam və bacımın acınacaqlı halıdır. Rica edirəm, keçdiyimiz səmimi dərs illəri və ümidli gələcək xatirinə mümkün ola biləcək yardımınızı əsirgəməyin. Anam uşaq bağçalarında işləyə bilər. Bacım həm bağçada, həm maşinistkalıq, həm də ibtidai məktəbdə dərs (matematika, dil) deyə bilər. Lakin ən lazım məsələ çətin hallarda nəzarət etmək, ürək vermək, mənəvi yardımdır. Zənn edirəm rədd etməzsiniz. Hörmətlə, Ərtoğrol. 25.II.1942”.

Mən: – Məktubu Üzeyir bəyə verdim. Oxuyub mənə qaytardı. Kim idi onun bir sözünü iki edən. Məni Radiokomitetə işə götürdülər. Birtəhər anamla dolanırdıq… Amma çətin idi, xalq düşməninin qızına iş verən şəxslər və ya ona kömək edənlər risk edirdilər… Ərtoğrolu əsgərliyə çağırsalar da, xalq düşməninin oğlu olduğundan etibar edib cəbhəyə də göndərmədilər. Fəhlə batalyonuna göndərmişdilər, yol tikintisinə. Gürcüstanda idi. Heç vaxt ağır iş görməyən bir adamı birdən-birə ağır işdə işlətdilər. O da soyuqladı, ciyərləri…

Ana: – Bir evin ki, çırağı söndü, heç yandan işıq düşməz. Sən demə, oğlumu ağır vəziyyətdə Tiflis qospitalına gətiriblər. Özünə demədən baş həkimin adından mənə teleqramma gəldi… Aman Allah “gəl” demək nə deməkdir? Gör nə haldadır ki, mənə “gəl” deyirlər. Birinci, maddi ehtiyac. İkinci, getmək üçün icazə verəcəklərmi?

Mən: – Həmişə evdən satılmaq üçün bir şey verəndə qardaşım deyirdi ki, Ana, elə et ki, ac da qalsaq, o halqa üzüyü satma. O, babamın yadigarıdır.

Ana: – Bundan ağır gün olmaz. Cavidimin yadigarını yadigarına sərf edəcəyəm. (Üzüyü barmağından çıxarır. Ətrafı nəzərindən keçirir). Satmağa bu üzükdən, bir də babanın xoşuna gələn paltardan başqa heç nə qalmayıb… Saxlamışdım ki, gələndə geyinərəm… qismət deyilmiş… özündən muğayat ol. (Qucaqlaşırlar).

Qatar səsi.

XIV səhnə

Ana yorğun-yorğun ətrafa baxıb, bir tərəfə çəkilib gözləyir.

Zaman görünür. Çiyninə ağ xalat atıb.

Zaman: – O, gəzən deyil, ağırdı…

Ana: – Doktor… (ağlayır)

Zaman: – Elə bir oğulun anası ağlamaz… Əlimizdən gələni etdik. Görək nə olacaq? Sizin xalqda qədirbilməzlər çoxdu, belə bir ağıllı, mədəni adamı saxlamalıydılar. Bütün həkimlər onun sağalmasına çalışırlar. Baş həkim hamısına tapşırıb… (Çamadanı götürür). Çalışın ağlamayın, ona həyəcanlanmaq olmaz.

İşıqlar dəyişir.

Palata. Ana çarpayıya yaxınlaşır.

Qardaş: – Nə yaxşı gəldin… Öpmə!..

Ana əyilib onu oxşayır.

Ana: – Bu nə sözdü?! Adam xəstə də olar, sağalar da. Sənə nə olub?

Qardaş: – Nə yaxşı gəldin… Yollar çox çətindi, çox əziyyət çəkdin…

Ana: – Yox, rahat gəldim…

Qardaş: – (onun barmaqlarına toxunur) Nə yaxşı gəldin… Ana, birdən üzüyü…

Ana: – Yox, evdədi…

Pauza.

Qardaş: – Ana, mən əsgər gedəndə dedim ki, səni qəhrəman anası edəcəyəm, demədim ki, ağır dərdinin üstünə sağalmaz dərd qoyacağam. Adamın ki, taleyi döndü, hərtərəfli dönür…

Ana: – Canın sağ olsun, inşallah, yaxşı olarsan… hər şey düzələr…

Qardaş: – Sağalsam…

Ana: – Adam ümidsiz olmaz.

Qardaş: – Yazıq anam… (Öskürür).

Zaman işarə edir, Ana ona yaxınlaşır.

Zaman: – İkitərəfli sətəlcəm olub, müalicəsi düzgün aparılmayıb. Sonra döndərib vərəmə. Keçən həftə çox qan itirdi. Mənim azərbaycanlı dostlarım, tanışlarım çox olub. Sizin dildə danışmağı da onlardan öyrənmişəm. Əlimizdən gələni edirik. Bir az yaxşı olsun, bir il vaxt verərik… Əgər o vaxta qədər müharibə qurtarmasa onu bir də əsgər getməyə qoymaram.

Ana: – Qalmaq mümkün deyil, aparmaq imkanım yoxdu… Onun kəlmə-kəlmə öskürməsi, ümidsiz baxışları ömrüm uzunu unudulmaz.

Qardaş: – Ana…

Ana: – (yaxınlaşır). Can ana…

Qardaş: – Ana, baba Keşlədə görüşəndə sizi mənə tapşırdı. İndi mən kimə tapşırım?

Ana: – Bu nə sözdü?

Qardaş: – Arzu etmədiyim sözdü… (Öskürür) Ana, mənə möhlət veriləndə Naxçıvana gedim.

Ana: – (Zamana baxır) Necə istəsən.

Zaman: – Bir az yaxşı olsun, sonra adamınız gəlib aparar.

Ana: – Onu elə ağır halda yataqda qoyub gedən köməksiz ananın vəziyyətini izah etmək çox çətindi…

Qardaş: – Turanı öpərsən, salam söyləyərsən. Deyərsən ki, yaxşıyam. Qismət olsa, görüşərik.

Ana: – İnşallah! Əlbəttə, görüşəcəksiniz, o nə sözdü…

Bu mənim onunla son görüşüm idi…

Qatar səsi.

XV səhnə

Qardaş: – Əzizlərim! Salamlar! Nəhayət, Naxçıvana da gəldim. Ümid bağladığım bir adam (Əziz Şərif) məni çox rahat gətirib çıxardı… Saat 7-nin yarısında çatdıq, əvvəl Əzizgilə getdik. Böyük ana qonşu kənddə idi. Şamil Bakıda, Süleyman Culfada, Hacı Bazarçayında… Sanki mənim gəlişimi eşidib qaçmışdılar… Ərtoğrol. 6 sentyabr 1943

Musiqi.

Mən bir tərəfə çəkilib məktub oxuyur.

Qardaş: – Əziz bacım Turan. Bu məktubu anaya göstərmə… Məni ən çox düşündürən səni əhatə edən mühitdir – yoldaşların, sənin xarakter inkişafındır. Hər addımda çox ehtiyatlı ol, hamı yalançıdır. Qardaşın Ərtoğrol.

Mən: – Nədənsə, çox rahatsızdır. 10 gün sonra təkrar başqa məktub aldım…

Qardaş: – Çalış familəmizin saflığını, ucalığını qoru. Möhkəm ol. Qırıl, lakin əyilmə. Yaxşı olar ki, çalış kimsə yaxın durmasın. Mümkün qədər kənar, ciddi, soyuqqanlı. Hamı yalançıdır. Hamı həm də etibarsızdır. Ərtoğrol.

Mən: – Hamı yalançıdır… Hamı həm də etibarsızdır… sentyabrın 15-dən sonra yazdığı məktublarsa ağrıyla, nisgillə, xəyal qırıqlığıyla doludur. Hər məktub sanki ölümqabağı fəryaddır…

Qardaş: – Onu bir daha anlayın ki… Siz bura gəlməsəniz nə yeməyim normal olacaq, nə yaxşılaşacam, nə də istirahət edə biləcəm. Bu evdə mən hələ isti yemək görmədim… Daha bir çox səbəblər var ki, sizin gəlməyinizi zəruri sayır. Belə vaxtlarda ailənin bir yerdə olması lazımdır. Mümkündür ki, həmişəlik ayrı düşək…

Mən: – 15 sentyabr…

Qardaş: – Burda sanki hər şey boğur, didir, insanın az qala qəlbi sızlayır. Nə bir dost, nə də bir həmdəm. Ən yaxın zənn etdiyim Şamil belə daş kəsildi… Bütün ümidlər boşa çıxdı…

Mən: – 27 sentyabr…

Qardaş: – Son dərəcə ağır haldayam. Dünən bütün günü yediyim iki nəlbəki süzmə qatıq və yeddi stəkan çay olub. Böyük ana çox qaba, kəm imiş… Sancı məni həlak edirkən, o, evdə tapılmır, Təzə kəndə quzuları otarmağa gedir, lazım olan yeməklərin heç birini hazırlamır. Bir sözü gərək beş-altı dəfə təkrar edəsən. Bir neçə gün bundan əvvəl məni hamama göndərib, özü də məndən sonra hamama gedir, açarları da özü ilə götürür. Mən geri dönərkən, bir saata qədər gün altında gözləməli oldum, gecə qızdırmam 39-a çıxdı… Turan! Doğum gününü təbrik edirəm, təəssüf ki, bir yerdə pilov yeyə bilməyəcəyik… Buraların havası müntəzəm deyil. Bir neçə gün bərk soyuq oldu, ətraf dağlar qarla örtülmüşdür. Bəziləri qış paltarı geymiş. Bu evdə bir dənə də kişi paltarı yoxdu… Gəlişimə çox peşmanam. Daha nə yazım. Mümkün qədər burdan tez çıxmağa çalışacağam. Hələlik. Bərk-bərk öpürəm sizləri…

Mən: – Qardaşın Ərtoğrol. 28 sentyabr. Naxçıvan.

Ana: – Hələ altı ay əvvəl Tiflis qospitalında mənə demişdilər ki, o, gəzən deyil, yəni yataq xəstəsidir. İndi altı ay sonra dərmansızlıqdan, qidasızlıqdan getdikcə ağırlaşan halını necə təsəvvür edəsən…

Mən: – Və ölümündən yeddi gün əvvəl yazdığı son məktub…

Qardaş: – Lazımi yemək yeyə bilmirəm. Heç olmasa, dərmanla özümü saxlayım… Mənə dava-dərman lazımdır… Tez gəlməsəniz dəlixanaya düşəcəyəm…

Mən: – Sonra sükut…

Qardaş: – Sonra sükut… Sükutun əks sədası…

Mən: – Məktublar bitir… Sonra xatirələr…

Zaman: – Ərtoğrolda son günlər qəribə bir şakər əmələ gəlmişdi. Tez-tez dırnağına baxırdı. Soruşanda ki, niyə dırnağına baxırsan, deyirdi ki, burda bir xətt var, o göyərəndə öləcəyəm…

Mən: – Ərtoğrol necə can verib? Son anında yanında kim var idi? Son sözü nə olub? Bu barədə heç kəsin xatirəsi yoxdu…

Zaman: – Yenə xatirələr… yalan xatirələr… Ölümündən altmış il sonra kimsə Ərtoğrola lazım olan dərmanları “alıb gətirir”. Kimisi onuncün dadlı yeməklər “hazırlayır”…

Mən: – (məktubları göstərir). Son məktubları isə bu xatirələrin üstündən qara bir xətt cəkir.

Qardaş: – “Kimsəyə salam söyləməyin”.

Zaman: – Cavidin oğlu hec kəsdən minnət götürmür.

Mən: – Ərtoğrol 1943-cü il oktyabrın 14-də dünyasını dəyişib… Vida şəkli cəkdiriblər. Sonra tabutu arabaya qoyublar və araba aramla, cırıltı salaraq həyətdən cıxıb…

Ana: – Cavid oğlunu Tuquş deyib əzizləyirdi.

Mən: – Tuquş belə tamama yetdi… Ağrılar icində, insanlardan küskün, həyata tamarzı…

Qardaş: – (görünür).

Bu uzun zaman nədən

Qəlbimi dəlib keçdin?

Heç etina etmədən

Qarşımdan gəlib keçdin.

Nə oldu ki, gözəl qız,

İndi deyirsən: mənim

Arzum, diləyim yalnız

Sənin olmaqdır, sənin?!

Gəl, ilıq dodaqların

Mənliyimi isitsin,

Ətirli yanaqların

Cismimi sərxoş etsin…

Birdən gözlərimi açınca qandım,

Gördüyüm yuxudan özüm utandım…

Mən: – 24 yaşı tamam olmadı… Pedaqoji İnstitutu bitirdi, Konservatoriyada oxudu. Yazdı, rəsmlər çəkdi, musiqilər bəstələdi… Çırpındı, qanadlandı, uçmağa macal tapmadı…

Qardaş: – Adamın ki, taleyi döndü, hərtərəfli dönür…

Mən: – Qardaşımın vəfatından sonra anamın qeyri-adi insan olduğunu gördüm. Əlbəttə, təklikdə yəqin ki, ağlayırdı. Amma o gündən sonra nə o mənim gözümdə yaş gördü, nə də mən onun. Demək olar ki, son dəqiqəsinədək. 1943-dən sonra 1976-dək bizim aramızda Ərtoğrolun adı çəkilmədi…

Ana: – İraq qızımın canından, mən qaragün, onun sağalıb gəlməsini gözləyirdim. Amma qara xəbərini aldıq. Heç analar, bacılar görməsin. Özü də necə nisgiliydim. Əlim çatmır, ünüm yetmir. Yeganə təsəllim o oldu ki, o hadisə burda olmadı. Onu yerdən götürmək üçün bir dost, bir qohum gəlməyəcəkdi. Gərək çıxıb yoldan keçənlərdən xahiş edəydim ki, gəlib mənə kömək etsinlər. Amma Naxçıvanda onu əzizləyənlər, layiqincə yerdən götürənlərim vardı…

XVI səhnə

Mən: – 1944-cü ildə sənədlərimi Tibb İnstitutuna verdim. Yüksək qiymətlər aldım və Müalicə fakültəsinə daxili oldum…

Zaman: – Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru, professor Z.Məmmədovun və qəbul komissiyası katibinin abituriyent Turan Cavidə verdiyi arayışda qəbul imtahanlarında aldığı qiymətlər öz əksini belə tapıb: “Fizika – 5, Kimya – 5, Azərbaycan dili, yazılı – 5, Azərbaycan dili, şifahi – 5”.

Mən: – Sentyabrda dərsə getdim… bir gün, iki gün, beş gün… Beşinci gün qərara gəldim ki, həkim ola bilmərəm…

Zaman: – Sənin institutdan çıxmağını istəmirəm.

Mən: – Mən həkim ola bilmərəm…

Zaman: – Axı niyə?

Mən: – Ərtoğroldan sonra yaşadıqlarıma, çəkdiklərimə görə elə bil birdən-birə otuz-qırx il böyümüşəm. Heç bir dərd-sər görməyən gənclərlə bir yerdə olmaq məni çəkindirir. Odur ki, xahiş edirəm sənədlərimi qaytarın…

Zaman: – Dekan sənin institutdan çıxmağını istəmir axı.

Ana: – Nə yaxşı sən həkim olmadın, Tibb İnstitutundan getdin… Xalq düşməninin qızını həkim kimi kim işə götürəcəkdi ki?

XVII səhnə

Mən: – 1945-ci ildə Teatr İnstitutuna qəbul olundum. Mən artıq yerimdə idim. Mən burda “xalq düşməninin” qızı olduğumu hiss etmədim. Məlum məsələlərə görə aspiranturaya girə bilməsəm də, hər halda, ali təhsil ala bildim. Burada Cavidə münasibət aydın idi. Heç elə bil repressiya olunmamışdı… Babadan isə xəbər yoxdu. Hara müraciət edirdiksə cavabsız qalırdı. Mən isə ümidimi itirmir ona məktub yazırdım. Ona Teatr İnstitutuna daxil olduğumu, burda hamının onu sevdiyni yazırdım. Əlbəttə, bu məktublarda Ərtoğrolun ölümünü gizlədirdim… Düşünürdüm ki, onun dərdinin üstünə dərd qoymaq lazım deyil. Özü gələr, özü bilər…

Zaman: – Müqəddəs yalançı məktublar. Xoşbəxt yaşayan sevimli qızın məktubları. Cavid çoxdan canını tapşırıb. Məktubları o yox, (özünə işarə edir). Zaman oxuyur.

Mən: – 1948-ci ildə heç gözləmədiyimiz halda bir bildiriş aldıq…

Zaman: – 59 yaşlı Hüseyn Cavid sepsisdən, iki ayağın pəncəsinin donması və ürək iflicindən 1941-ci il dekabr ayının 5-də gecə saat 22.30-da vəfat etmişdir. 21 saylı əlillər zonasının rəisi Sinitsın, həkim Vartminski, palata növbətçisi Fisunenko.

Mən: – Bəs mənim bu müddətdə babama yazdığım məktublar? Bəs mənim babama çatmalı olan məktublarım haradadır? Kimə çatıb o məktublar?! Kim məndən icazəsiz oxuyub o məktubları?! Axı niyə? Nə haqla?! Davamlı məktublar yazırdım. Maqadandan məktub kəsiləndən sonra yazdım ki, məktub almırıq.

Zaman: – Onlar da başqa bir ünvan göndərmişdilər: İrkutsk vilayətinin Bratsk şəhəri.

Mən: – Ora da yazdım.

Zaman: – Ordan da cavab alınmadı.

Mən: – 1948-ci ildə Ananı çağırıb bizim yaşadığımız rayonun VVAQ idarəsindən ölüm şəhadətnaməsi vermişdilər. 1956-cı ilə qədər Ana həmin şəhadətnaməni məndən gizləmişdi.

Zaman: – Azərbaycanda Hüseyn Cavidin ölümü haqqında qeydiyyat vəfatından 7 il sonra – 1948-ci il martın 31-də aparılıb, ölüm şəhadətnaməsi isə 1948-ci il mayın 4-də ailəsinə verilib. Ölüm tarixi dəqiq göstərilsə də, vəfat etdiyi yer bildirilməyib. Şəhadətnamə Caparidze rayonunun VVAQ bürosu tərəfindən təqdim olunub.

XVIII səhnə

Zaman: – (Stalinin ölümü haqda xəbəri oxuyur). 1953-cü il martın 5-də Stalin…

Mən: – Gəbərdi!.. (əli ilə ağzını tutur, yavaşca). Gəbərdi!.. (ucadan) Gəbərdi!..

Zaman: – Stalin öldü, üç il sonra 1956-cı ildə Cavid bəraət aldı. Bəraət müjdəsini alan Mişkinaz – Ana hər zamankı təmkinliyini, mətinliyini itirmişdi.

Ana: – Ərtoğrol, ay oğul, hardasan?

XIX səhnə

Zaman: – Ən çox kimə ehtiyac duyursan?

Mən: – Ərtoğrola.

Zaman: – Cavidin həyatında rəqəmlərin mistikası var.

Mən: – Hə. Atanın saxlandığı kameranın nömrəsi qırxdan bir əskik idi… Yəni 39. Ailəsi ilə son görüşü 39-cu ilin iyulunda oldu. Cavid 59 yaşında vəfat edib. Sibirdəki qəbrinin nömrəsi də 59 idi. Ölüm aktı da 59 nömrəliydi. Məqbərədə Cavidlər 59 ildən sonra (1937-96) görüşdülər. Məqbərənin inşaya başlandığı gün (3 iyun 1996) Cavidin düz 59 il əvvəl (3 iyun 1937) həbs olunduğu gündü. Cavid cib dəftərçəsinə başının ölçüsünü qeyd edib – 59. Mənim tələbə biletim də 59 nömrəlidir. 1982-ci ildə Cavid vətənə gətiriləndə mən də, bu işin təşəbbüskarı Heydər Əliyev də – hər ikimiz 59 yaşındaydıq. 

XX səhnə

Mən: – Əgər Heydər Əliyev olmasaydı, Cavidin Azərbaycana gətirilməsi baş tutmazdı. 1937-ci il repressiyasının qurbanlarından heç birisinin nəşi vətənə gətirilməmişdi. Bu, SSRİ-də yeganə hadisəydi… Səksən ikinci ilin oktyabr ayı qədər dəhşətli ay təsəvvür etmirəm. Bir tərəfdən Cavidin 100 yaşı tamam olur, digər tərəfdən, Ana yoxdu.

Zaman: – Cənazəni gətirməyə gedənlərin məqsədləri oymuş ki, ordan birbaşa Moskva – İrəvan reysilə uçsunlar. İrəvanda – belə planlaşdırıblar Naxçıvandan Cavidin obrazlarında aktyorlar gəlsin və cənazəni onlar aparsın.

Mən: – Sonralar mən onlara dedim bunu, necə insafınız yol verirdi ki, Cavid Azərbaycana İrəvandan daxil olsun. Amma yaxşı ki, bu plan baş tutmur.

Zaman: – İrkutskdan Moskvaya uçanda radioqramma alırlar ki, birbaşa Bakıya gəlmək lazımdır.

Mən: – Ömrümdə mənim o qədər əzab çəkdiyim olmayıb. Heç nədən xəbərim yoxdu. Ayın 26-da Mədəniyyət Nazirliyindən zəng vurdular ki, Cavidin cənazəsi gətirilir, saat 3-də işçilərlə olarsız aeroportda. Bunu eşidəndə dəhşətə gəldim. Bu barədə heç kəs mənə heç nə deməmişdi. Hara zəng vurmaq lazım gəldiyini bilmirdim. Birbaşa gəldik hava limanına. Həbibə Məmmədxanlı da mənimlə idi. Biz ora çatanda cənazə artıq meydanda qoyulmuşdu. Yaxınlaşdıq tabut qoyulan hissəyə.

Zaman: – Hansı hissləri keçirdiniz?

Mən: – Belə hallarda ən asan hal ağlamaqdı. Ətrafda heç kəsi görmürdüm. Biz qarşılaşanda baba 18 gün məndən böyük idi.

Mən: (Yaxınlaşıb tabuta əlini ehmalca sürtür). – Biz sonuncu dəfə ayrılanda üç nəfər idik. İndi səni tək qarşılayıram.

Zaman: – Amma ağlamadın…

Mən: – Ağlamaq, kədərin ən aşağı qatıdı.

XXI səhnə

Mən: – Gecə yuxuda Ananı görmüşəm.

Zaman: – Necə gördün?

Mən: – Evimizin eyvanı Qoşa Qala Qapıya baxır. Görürəm ki, həmin istiqamətdən evimizə tərəf sel gəlir. Ana da selin içərisindəydi. Çox nigaran oldum. Amma evə girəndə gördüm ki, üstü-başı qupqurudu…

(Musiqi)

Mən: – Heç islanmamısan.

Ana: – Səni aparmağa gəlmişəm.

Mən: – Seldən qorxuram.

Ana: – Qorxma, səni quru yollarla aparacam.

(Musiqi)

Zaman: – Nə olub?..

Mən: – Gedirəm.

Zaman: – Hara?

Mən: – … (Sükut).

Zaman: – (ətrafa) Susmaq! O da başqa dürlü fəryad.

Mən: – Görürsən, necə tərləmişəm? Bu əcəl təridi…

Zaman: – Sən hələ çox yaşayacaqsan…

Mən: – Deyirsən qurdnan qiyamətə qalacam?

Zaman: – Əlbəttə…

Mən: – Zarafat vaxtı deyil…

Zaman: – Bəlkə sizi xəstəxanaya aparaq?

Mən: – Yox!

Zaman: – Ağrı isə onu qovururdu…Təcili yardıma zəng vurdum. On dəqiqədən sonra iki həkim qadın gəldi. O isə sakitcə uzandı. Gözlərini otağın divarlarında gəzdirdi və iri dolabın üstündəki üç şəklə – özünün qibləgahına – Cavid əfəndinin, Mişkinaz xanımın və Ərtoğrolun şəkillərinə tərəf boylandı. Baxdı, baxdı, baxdı və gözlərini yummadı. …Keçindi… Miokard infarktından sonrakı kardioskleroz. Ürək astması. Ağ ciyər odemi. Təkrar miokard infarktı.

“Ölmək yaşamaqdır…”

Şaşırdım kaldım iştə,

            bilməm ki, nəyimsən?

Bəzən qızqardaşımsan,

            bəzən öpöz annəmsən.

Sultanımsan susunca,

            danışınca köləmsən.

Əksilməyən çiləmsən.

Orada üfüq cizgim,

            burada yanım, yörəmsən.

Məni ruh kimi saran

            sonsuzluq dairəmsən…

Çarəsizəm… Çarəmsən…

Şaşırdım qaldım iştə,

            bilməm ki, nəyimsən?

Mən: – Ey fələk, keçdi zaman dalğa kimi…

İşıqlar sönür.

Pərdə

Son

Avqust, 2022

İlkin mənbə:edebiyyatqazeti.az


Müəllif: Azər TURAN

AZƏR TURANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR JURNALI

ZAUR USTACIN YAZILARI

Baş redaktor: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

“Sevin ki, seviləsiniz”

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rəşad Məcid necə varsa – İsa HƏBİBBƏYLİ

İSA HƏBİBBƏYLİNİN YAZILARI

RƏŞAD MƏCİD NECƏ VARSA
Bədii yaradıcılığın bir neçə istiqamətində uğurla fəaliyyət göstərən Rəşad Məcid müstəqillik dövrü Azərbaycan ədəbiyyatı və mətbuatının əsas yaradıcılarındandır.
Rəşad Məcidin lirikası dərin lirizmlə üzvi əlaqə əsasında yaranan əhəmiyyətli sənət hadisəsidir. Rəşad Məcidin 1993-cü ildə ilk şeirlər toplusu kimi nəşr edilən onun yaradıcılığı “vaxt var ikən şeir də yazım” – məntiqindən deyil, yazmaya bilməmək zərurətindən meydana çıxmış xalis lirika nümunələridir. “Hələ ki vaxt var” şeirlər kitabına yazdığı “On il əvvəlin toplusu” adlı müqəddimədə etiraf etməli olduğu kimi, artıq səksəninci illərdə, yəni 18-21 yaşlarında özünü, gələcək həyatını şeirdən, ədəbiyyatdan uzaqda düşünməyin mümkünsüzlüyünü dərindən hiss etmişdir. “Hələ ki vaxt var” kitabından görünür ki, Rəşad Məcid üçün şeir “bir dolu ürəyin püskürmə çağı”dır, “dikəlib asfaltı deşən bənövşə”dir, “sinədə boğmaq mümkün olmayan bir qəfil hönkürtü” kimi təbii proseslərin nəticəsində yaranmış bədii düşüncənin ifadəsidir. Rəşad Məcidin lirikası içərisində olduğu cəmiyyətlə və doğma təbiətlə birgə nəfəs alan bir qəlbin həyata şairanə şəkildə vurğunluğudur. Onun şeirlərində dünya da, Vətən də, ictimai motivlər də, milli duyğular da, sevgi də, təbiət də, tale də özünün təbii şeiriyyətini təqdim edir. Mövzusundan asılı olmayaraq, Rəşad Məcidin hər misrasının “göyərçin qanadı” kimi bənzərsiz obrazlı görkəmi, bayatılarda olduğu kimi hər bəndin lirik-fəlsəfi mənası vardır. Rəşad Məcidin şeirləri həyata şairanə baxışın özünəməxsus bədii ifadəsidir:
Leysanların, tufanların inadı sınır,
Gün işığı parıldayır qaya döşündə.
Şəfəqləri qucağına sıxıb qızınır,
Gülümsəyir damlaların düzülüşündə.
Rəşad Məcidin şeirləri həyat və insan haqqında lirik düşüncələrdən yoğrulmuş daxili poetik monoloqdur. Bu şeirlər dünyadan, həyatdan və insandan danışan işıqlı və obrazlı düşüncələrdən yoğrulmuşdur. Rəşad Məcid şeirlərində bütün hallarda, o cümlədən, lirik duyğularını ictimailəşdirəndə də obrazlı düşüncənin təbiiliyini və səmimiyyətini, lirizmi qoruyub saxlayır. Ona görədir ki, Rəşad Məcidin lirik qəhrəmanı da həmin işığın, milli-mənəvi varlığın real və təbii bir daşıyıcısıdır. Yol qırağında əlində çomağı ilə yurda keşik çəkən balaca çoban haqqındakı obrazlı düşüncələrin ifadəsi və mövzunun ictimai mahiyyətinin orijinal poetik təqdimi ilə yalnız Rəşad Məcidə məxsus olan şeirin təbii doğuluşu baş vermişdir:
Tərpənən qanımız, qeyrətimizdir,
Balaca boyuyla heyrətimizdir.
Mürgüsü dağılan millətimizdir.
Orda – keşik çəkir yol qırağında,
Yurda keşik çəkir yol qırağında.
Rəşad Məcidin şeirlərində təkcə təbiətin deyil, milli-mənəvi dünyamızın daxili mahiyyəti, işıqları bütün təbiiliyi ilə sayrışır. Bu, Azərbaycan ədəbiyyatında zaman-zaman “Bakının sayrışan işıqlarından”, “közərən ocaqlar”dan, yollara çıxan “işıq qatarlarından” sonra yaranmış yeni bir işıq dalğasıdır. Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Vaqif Bayatlı, Vaqif Bəhmənli, Rüstəm Behrudi, Elman Həbib və başqaları həmin yeni şeir axınına hərəsi bir hadisə olaraq gəlmişlər. Rəşad Məcidin şeirləri bu böyük dalğanın içərisində özünəməxsus bir poetik hadisədir. Rəşad Məcidin lirikası – işıqlı düşüncələrin şeiriyyətidir. Onun şeirləri Günəş, işıq, Ay işığı, ümid, ulduz, ocaq, pərvanə, şəfəq, şam, nur, od, alov, köz, kibrit, çiçək və sair kimi işıqlı ifadələrin cazibəsi üstündə qurulmuşdur. Bu şeirlər dəmirçi kürəsi və ya qızmar günəşin altındakı torpaq kimi istidir. “Gül-çiçəklər yaraşıqdı, lalələr xaldı eləcə”, “Od-alov sazını basıb döşünə, Kərəm qisasını aldı Ədalət”, “Bir işıqdan keçdim, anam, Gözlərimi dörd elədi” misralarında işıq əsas mənanın mühüm daşıyıcısıdır.
Müdriklik ölçülərində də Rəşad Məcid təbii bədii düşüncənin ən fəlsəfi və ümumiləşdirilmiş obrazlı örnəklərini təqdim edə bilir. Gənclik illərində yazdığı şeirlərindəki kamillik ömrünün yetkinlik dövrünü yaşayan təcrübəli bir insanın mütəfəkkir düşüncəsinin ümumiləşmiş poetik ifadəsi kimi səslənir:
Sonrakı təəssüf hədərdi, hədər –
Ağlayıb sızlama hər addımbaşı.
Qəlbin günahını yuyar bəlkə də,
Ağlın günahını yumaz göz yaşı.
Rəşad Məcid şeirinin qayəsində “Arazlaşan, Kürləşən Vətənin” bütövlüyü və qüdrəti, “At belində, döşündə saz, əlində qılınc” nər oğulların daim ayıq-sayıq ölkənin keşiyini çəkməsinin müqəddəsliyi, obanın, elin tarixi yaddaşı olan Cıdır düzünün timsalında torpağımızın bölünməzliyinin qorunması ideyaları müsəlləh əsgər qüruru ilə dayanır. Rəşad Məcidin vətənpərvərlik mövzusunda yazdığı şeirlər şair-vətəndaş mövqeyinin poetik ifadəsidir. O, ana Vətənlə özü arasında da, xalqı və ölkəsi müstəvisində də geniş mənada bütövlüyün tərənnümçüsüdür. Böyük ideallara həsr olunmuş Vətən şeirlərində həm də yüksək şeiriyyət, böyük bədiilik vardır.
…Dərəsi, torpağı, düzü, dağıyla,
Köksümə, qəlbimə yerləşən Vətən.
Nə vaxtdır bölünən bölünməzliyi,
Bir namərd baxışlı göz deşən Vətən.
***
…Dikələn qayası, ucalan dağı
Əyilməz bürcüdür, yanan çırağı.
Yayılıb Kür boyu, Araz qırağı
Arazlaşan Vətən, Kürləşən Vətən.
Müşahidə olunur ki, Rəşad Məcidin şeirlərində obrazlı işıqlı düşüncələr, həyata lirik-romantik və gerçəkçi baxış həm də epik təhkiyə ahəngində ifadə edilir. Bu şeirlərin bir çoxunda zahirən görünməsə də, hiss olunacaq səviyyədə müəyyən süjet əlamətləri də nəzərə çarpır. Bunlar heç də süjetli lirika nümunələri deyildir. Bu şeirlərdə dialoq da yoxdur. Rəşad Məcid şeirlərində dərin, zərif duyğularını, həyata və insana baxışlarını tərənnüm etmir, elə bil nağıl kimi danışır. Rəşad Məcidin şeirlərinin ritmində və mahiyyətində özünəməxsus bir nağıl təhkiyəsi vardır. Bu şeirlərin əksəriyyətinin mahiyyətində lirik-romantik düşüncə, təqdimatında isə zərif epik təhkiyə diqqəti cəlb edir:
Qan yaddaşım od ələyib duyğularıma,
Əfsanələr cavab tapıb sorğularıma.
Bir igid də tez-tez girir yuxularıma
At belində, döşündə saz, əlində qılınc.
Rəşad Məcidin şeirlərindəki nağılvarilik həm lirizmi zənginləşdirir, həm də epik təhkiyənin poetik daşıyıcısına çevrilir. Təkcə nağılvarilik yox, ümumiyyətlə, şifahi xalq ədəbiyyatı Rəşad Məcidin bədii yaradıcılığının, xüsusən də şeirinin əsas qaynaqlarından biridir. Onun dünyagörüşünün formalaşmasında da şifahi xalq ədəbiyyatı mühüm rol oynamışdır. Rəşad Məcidin yaradıcılığındakı millilik amili də öz kökləri etibarilə real həyati qavrayışla yanaşı, həm də zəngin şifahi xalq ədəbiyyatı ənənələrinə bağlıdır. Rəşad Məcid uşaqlıq illərinin nağıl-dastan dünyasının onun taleyindəki yerini, izini geniş ürəklə etiraf etmişdir:
Məni çağırdılar… çəkib nağıldan
Sehrli qarını çağırmadılar,
Qıratı, Düratı çağırmadılar.
O uzaq illərin işıqlığında
Çiçək arzularım boy atır hələ.
Ayrılıb ilahi uşaqlığımdan
O səsin ardınca gedirəm hələ.
***
Rəşad Məcidin “Roman” adlandırdığı poeziya serialı onun yaradıcılığında şeiriyyətlə, lirika ilə epik əlamətlərin sintezinin inkişafı və ümumiləşmiş ifadəsidir. Onun liro-epik şeirləri “Roman”a keçid üçün körpü funksiyası daşıyır. Əlbəttə, Rəşad Məcid bu əsərini şərti olaraq “Roman” adlandırmışdır. Bu, çılğın məhəbbətlə sevən, qarşı tərəfdən anlaşılmazlıq və tərəddüdlər hiss edən, tamam cavab ala bilməyən, sevdası nakam sonluqla bitən bir gəncin düşüncələrinin poetik təqdimatından ibarət olan tale romanıdır. Hətta bu əsərdə əks etdirilən mətləblərdən, iztirablardan bəlkə də real olaraq roman janrında ayrıca bir əsər də yazmaq olar. Buna görə “Roman” ifadəsi əsərin janrını deyil, ilk növbədə adını, sonra isə mahiyyətini bildirir. Romana məxsus çoxplanlılıq, obrazların zənginliyi, hətta geniş həcm bu əsərdə nəzərdə tutulmayıb.
Rəşad Məcidin “Roman” adlandırdığı əsər janr baxımından liro-epik poemadır. Əsər lirik şeirlərlə və epik təhkiyə ilə ifadə olunan hadisələrin nəzərəçarpacaq süjet əsasında poetikləşdirilməsi üzərində qurulmuşdur. Liro-epik şeirlərində olduğu kimi, 1996-cı ildə tamamlanmış “Roman”da da əslində süjet qabarıq şəkildə deyildir. İki gəncin macərasının ayrı-ayrı məqamlarını, təfərrüatlarını, düşüncələrini və iztirablarını əks etdirən bu əsərdə şeirdən-şeirə keçid əhval-ruhiyyənin, ovqatın dəyişməsini, münasibətlərin inkişafını əhatə edən mənəvi proseslərin inkişafını izləməyə imkan yaradır. Silsiləvari şeirlərdən əsərdəki əsas obrazın tərcümeyi-halını, xasiyyətini, aqibətini də müşahidə etmək olur. Poetik şəkildə ifadə olunan daxili monoloqlar əsasında yazılmasına baxmayaraq, “Roman”da süjetin bütün inkişaf mərhələlərini müəyyən etmək mümkündür. “Tapdım” şeiri ilk növbədə “Roman”da epiloq funksiyasını yerinə yetirir. Bu, bədii müqəddimədən əvvəl gələn, əsər boyu cərəyan edəcək hadisələri, çıxarılacaq nəticələri ifadə edən dərin mənalı bir bədii ümumiləşdirmədir. Şeir yaradıcılığındakı “gözəgörünməz” süjetləri özündə daşıyan bəndlərin funksiyasını Rəşad Məcidin “Roman”ında ayrı-ayrı şeirlər yerinə yetirir. Cəmi 56 şeirdən ibarət olan bu poetik silsilə süjetin inkişafından doğan poetik düşüncələr və qənaətlərdir. Başlanğıc hissədəki “Gəldim” şeiri əsərin süjet xəttində bədii müqəddimənin girişi – proloqu funksiyasını daşıyır. “Uşaq, uşaq…, balaca uşaq” şeiri “Roman”dakı obrazların ilkin təqdimatıdır. “Roman”ın qəhrəmanının “yoluna çiçəklər sərmək”, “saçına çələnglər hörmək” istədiyi Uşaq ilə onun arasında həm “yaş adlı uçurum qılıncı durur”, həm də yaşdan doğan dünyagörüş fərqini də əks etdirir. Bundan sonra hadisələrin ilkin dolaşıqlıq mərhələsi başlayır. “Çərlədim” şeiri “yüz addımın qabağında bir addıma gücü çatmayan”, “sözü kəlbətinlə çıxan” Uşağın xarakterindən yaranan ilk iztirabların ifadəsidir. Onu sanki iki dünya arasına salan “Quyu” şeiri ilə ziddiyyətlərin daha da artmaqda davam etdiyi görünür. “Qurtul, görüm”, “Qurtulmasan batma yasa”, “Ağla” şeirləri əsərdəki sevgi iztirablarını dilləndirir. “Mən gəlib çatanda getmişdin artıq” şeirində tərəf müqabilin obrazı “nərgiz topası” kimi təqdim olunur. “Son” şeirində iztirabların dərin həyəcanı döyünür. Amma “Yaxşı ki bu son olmadı” şeiri ilə hadisələr nikbin məcra alır, yeni nəfəs qazanır. “Bu həftə”, “Mənim bəsimdir”, “Qurban vermə gəl”, “Öldürmək istədiyin hissin nəğməsi” şeirlərindən hər biri qarşılıqlı münasibətlərin inkişaf etməkdə olduğunu göstərir.
“Roman”da janr baxımından əsl romanlarda olduğu kimi bir neçə yerdə haşiyə xarakterli şeirlər vardır. Üç hissədən ibarət olan “Ovqat” şeiri də haşiyə funksiyasını yerinə yetirir. Haşiyələr əsərdəki əhvalatın, ovqatın həmin andakı mahiyyətinin açılmasına, aydınlaşmasına, gərginliyin azaldılmasına xidmət edir. “Qayıdır” şeirində vüsala çatmaq yox, hicranın çətinlikləri qarşısında qalan qəhrəmanın “çəkdiyi təlaş”ların yenidən qayıtdığı dilə gətirilir. Ümidqarışıq ilkin qənaət: “Hələ də uşaqsan”. Və birinci qəti addım: “Əlindəki öpüş yeri”:
Yaqut qaşlı üzük kimi,
Bahalı bilərzik kimi,
Göyərəcək, qızaracaq
Çapıq kimi, kəsik kimi
Neyləsən də getməyəcək
Əlindəki öpüş yeri.
“Əlindəki öpüş yeri” həm də bu mövzuda yazılmış müstəqil bir şeirdir. Ümumiyyətlə, “Roman”dakı şeirlərin çoxu mətndən kənarda ayrıca şeir nümunəsi kimi qəbul oluna bilər. “Gəldim”, “Ağla”, “Sənə görədir”, “Səndən bir söz çıxanacan”, “Sənsiz”, “Getdinsə”, “Məni”, “Saatım qurulub sənin vaxtına” və sair şeirlər Rəşad Məcidin lirikasının da, yeni Azərbaycan şeirinin də dəyərli nümunələri sayılmağa layiqdir. Eyni zamanda, bu şeirlər “Roman”da süjetin inkişafını, tərəflərin əhval-ruhiyyəsini, həyatın, sevginin, iztirabların da mənasını açmağa, aydınlaşdırmağa, inkişaf etdirməyə xidmət edir. Azərbaycan ədəbiyyatında poema yaradıcılığında lirik ricətlər, haşiyələr kimi şeirlərdən istifadə olunması ənənəsi zəngindir. Lakin “Roman”da özünəməxsus nazik bir süjetə malik olan poemanın əsasən biri digərinin davamı olan şeirlər üzərində qurulması nadir ədəbi hadisədir.
Hələ XX əsrin səksəninci illərinin sonlarından sürətlə dəyişməyə, hətta dağılmağa başlayan və tamamilə təzə məcrada yenidən qurulan dünya və ölkə artıq şairlər üçün “əzəldən yaranan tamaşa” səviyyəsində xalis lirika nümunələri yaratmağa çağıra bilmirdi. Artıq zaman ayrılıqda heç bir janrı ön sıraya çəkə bilmirdi. Həyatda, mübarizə yollarında, səngərlərdə olduğu kimi, ədəbiyyatda da janrların bir-birinə köməyi, yardımı, birgə iştirakı zəruri bir tələbat kimi meydana çıxmışdı. Rəşad Məcidin yaradıcılığında özünü büruzə verən lirika ilə epik əlamətlərin birliyi Zamanın tələbatından doğan, yeni ədəbiyyatın qarşısında duran mühüm vəzifələrdən biri idi. Bu mənada Rəşad Məcid bir yaradıcı insan olaraq ən yeni dövr Azərbaycan ədəbiyyatının, şeirinin üslubunda doğulmuşdur. “Roman” liro-epik poeması müstəqillik dövrü Azərbaycan ədəbiyyatının müasir tələblərinin və yeni üslubunun mükəmməl bir nümunəsidir. Bu romanda lirik ədəbi növün qoşma, gəraylı, heca vəznli şeirin beşlik, altılıq, yeddilik poetik formaları və sərbəst vəznli şeirlər hadisələrin axarına, obrazların ovqatına uyğun olaraq “iştirak edir”, ya da hadisələri və düşüncələri dərinləşdirir və inkişaf etdirirlər. Epik təhkiyədən də müxtəlif üsullarla istifadə həm “Roman”ın ifadə tərzini zənginləşdirir, həm də ayrılıqda müstəqil bədii nümunələr kimi səsləşən şeirləri bir-birilə əlaqələndirir və hərəkətə gətirir.
“Roman”ın kulminasiya nöqtəsi hesab etdiyimiz “Səndən bir söz çıxanacan” şeiri həm ümumən Rəşad Məcid yaradıcılığının, həm də konkret olaraq bu epik xarakterli lirik-romantik poemanın özünəməxsus səciyyəvi ideya və üslub imkanlarını nümayiş etdirir. “Roman”ın qəhrəmanı eşqinə – andına sadiqliyin son həddinə qədər dözüm və inam göstərir. Mənəvi iztirabların ən çətin anlarında “Cavan” adı ilə təqdim olunan naməlum oğlanın varlığı bəlli olanda özünüittiham kimi meydana çıxan daxili monoloq əsərdəki bütün gərginliyi qabarıq şəkildə ifadə edir:
Hər nə dedim, dümdüz dedim,
Gecə dedim, gündüz dedim.
Mən bir kitablıq söz dedim
Səndən bir söz çıxanacan.
***
…Ay düşüb, yerə enərdi,
Günəş bezərdi, sönərdi.
Daşlar da dil öyrənərdi
Səndən bir söz çıxanacan.
Ayrılıq və ondan sonrakı mənəvi iztirabların təsviri ilə “Roman” sona çatır. Lakin əsər tamamlansa da, “Roman”da təsvir olunan kiçik macəranın həyəcanları bitmir. Oxucudan ötrü düşünmək üçün bir romanlıq da təəssüratlar qalır. Bu mənada “Tapdım” epiloqundakı “Beş ildi xəbərim yox idi ondan, İtmiş ürəyimin yerini tapdım” misraları ilə təkcə bir əsərin qəhrəmanının taleyində yox, bütövlükdə insanın mənəvi ucalığının işığında “Roman” davam edir.
Ümumiyyətlə, “Roman” liro-epik poeması insanın mənəvi bütövlüyünə inam haqqında dəyərli bir epitafiyadır. “Roman” – şeirlə yazılmış macəravari serialdır. Liro-epik poema janrında yazılmış “Roman” mövzu və mahiyyət etibarilə insanın mənəvi bütövlüyünün və ucalığının romanıdır. “Roman” – Rəşad Məcidin liro-epik şeirlərinin bütöv bir silsiləsidir. Nəhayət, “Roman” Rəşad Məcidin ədəbiyyatda, şeirdə bədii möhürüdür və özünütəsdiqidir.
***
Rəşad Məcidin yaradıcılığında 2004-2010-cu illər yeni mərhələyə keçid üçün ciddi bir hazırlıq dövrü kimi diqqəti cəlb edir. Bu illərdə Rəşad Məcid daha çox publisistika ilə məşğul olmuşdur. Publisistika, qəzetçilik işi onu həyatın, cəmiyyətin daha da dərinliklərinə nəzər salması, mühiti və insanları bütün reallıqları ilə tanıya və tanıtdıra bilməsi üçün şərait yaratmışdır. Bundan başqa, 2004-cü ildə qırx yaşında Azərbaycan Yazıçılar Birliyinin katibi vəzifəsinə seçilməsi istər-istəməz təşkilati işlərə, ədəbi mühitin yenidən qurulması vəzifələrinə üstünlük verməsini tələb etmişdir.
2009-cu ildə nəşr etdirdiyi “Əlvida və salam” kitabında toplanmış publisistik məqalələr, yol qeydləri və esselər Rəşad Məcidin yaradıcılığında yeni mərhələyə keçidin növbəti məşqləridir. Azərbaycan Yazıçılar Birliyinin nəzdində yaratdığı Gənc Ədiblər Məktəbində yeni ədəbi nəslin böyük ədəbiyyata hazırlanması qayğıları ilə ciddi surətdə məşğul olması zərurəti onun özünü də bədii yaradıcılıq baxımından yenidən səfərbər etməyə sövq etmişdir. Rəşad Məcidin yaradıcılığında 2011-ci ildən etibarən başlanan yeni dalğa həmin ideya-sənətkarlıq axtarışlarının, daxili-mənəvi səfərbərlik səylərinin qanunauyğun məntiqi davamıdır.
Rəşad Məcidin 2011-ci ildən sonrakı mərhələdə yaranan şeirlərini aşağıdakı kimi qruplaşdırmaq: 1) “Roman” liro-epik poeması ilə səsləşən yeni şeirlər; 2) “Dastan” qrupu şeirləri; 3) Hekayə poetik silsiləsi.
Müxtəlif mətbuat orqanlarında Rəşad Məcidin 2014-cü ildə oxuculara təqdim etdiyi yeni şeir silsiləsinin bir hissəsi ilk baxışda sanki onun “Roman”ının yazıldığı, yaxud çap olunduğu vaxt unudulub kitabına daxil edilməmiş parçalar təəssüratı yaradır. Başqa bir istiqamətdən baxsaq, yeni silsiləyə daxil olan “Sənsən”, “Bəsdi”, “Bəsdi nədir”, “Əlac”, “Çıxmışam”, “Məni anla”, “Daha”, “Mələyim, iblisim”, “Sənə sarı”, “Məni”, “O” şeirləri sanki “Roman”a sonradan yazılmış əlavələr kimi görünür. Həmin şeirlərdən hər birini çox asanlıqla “Roman”ın kompozisiyasında münasib məqamlarda oturtmaq olar. Bu şeirləri ayrı-ayrı bölmələrə daxil etməklə “Roman”ı daha da qüvvətləndirmək mümkündür. Bununla belə, təzə şeir silsiləsində “Roman”a münasibətdə başqa bir meyil daha qabarıq şəkildə hiss olunur. Sanki bu şeirlər yeni bir “Roman”ın ilkin parçalarının əlyazmalarıdır. Bu şeirlərin əksəriyyəti fərqli bir süjet ətrafında birləşir. Şeirlərdən get-gedə süjet xəttinin dərinləşdiyi və genişləndiyi müşahidə edilir. “Roman”dakı şeirlərin çoxusu daha çox “Mən”ə – lirik qəhrəmana aiddir. Yeni silsilədə isə üçüncü şəxs kimi “O”ya ağırlıq verilib. Bu “O” “Roman”dakı Uşağa bənzəsə də, onun eynisi deyildir. Rəşad Məcid “O”nu “boynuna biçilən kəfəni”, “dar ağacı”, həm də “xilası”, “mələyi və iblisi”, lirik qəhrəmanı “gah göydə yaşadan, gah yerə çırpan” qüvvə kimi təqdim edir. “Roman”dakı Uşaqla müqayisədə “O” ilə münasibətlər xeyli dərəcədə aydındır. “O” – silsiləsi eşqinə vəfalı lirik qəhrəmanın əbədi sevdasının nəğməsidir. Yeni şeirlərdəki lirik qəhrəmanda “Roman”dakı ümidsizlik, sentimental əhval-ruhiyyə nikbinlik və inam hissləri ilə əvəz olunmuşdur:
Üstümdə Tanrı nəfəsi,
Üzümdə sevda həvəsi
Dağıtmışam dar qəfəsi
Ölməmişəm, sağ çıxmışam.
***
Keçdim çətin mərhələdən,
İnildədi, əsdi bədən.
Bu on ballıq zəlzələdən
Bir boy qalxıb sağ çıxmışam.
Fikrimizcə, “O” – şeir silsiləsi daha dərin həyat həqiqətlərini və daha yüksək sənətkarlıqla ifadə etməklə təzə bir roman meydana qoymaq cəhdinin, niyyətinin poetik ifadəsidir. O – “Roman”dakı Uşağın davamının, “Mən” isə əsərin yeni qəhrəmanının inkişafının fərqli əks-sədasıdır. Bu, bir-birinə üzvi surətdə bağlı olan, lakin hadisələrin inkişafından doğan təzə əsərdir. Yeni silsilənin lirik qəhrəmanı “Roman”dakı kimi “ürəyinin yerini” beş ildən sonra tapan romantik bir gənc yox, artıq əlac haqqında düşünən, “ağrıların min iz yeri” yaddaşında sızlasa da çarə axtaran, qərar qəbul edən təpərli, ürəkli bir cavandır:
O-dur sənə dərman, ilac,
Gördün ki, yox başqa əlac.
Əlindən tut, üstünə qaç,
Diri tərpən, di tez yeri.
Rəşad Məcidin “Hekayə” adlandırdığı şeirlər onun yaradıcılığında “Roman”dan “Dastan”a keçid funksiyasını daşıyır. Bu şeirlər Azərbaycan süjetli lirikasının poetik hekayəsidir. “Roman”da özünü göstərən nağılvari təhkiyə “Hekayə” şeir silsiləsində konkret süjetli lirika vasitəsilə təkcə hadisəni yox, həm də baş verənlərə münasibətin poeziyasını yarada bilmişdir. Bu baxımdan Rəşad Məcidin “Həsrət” şeiri Azərbaycan süjetli lirikasının orijinal bir nümunəsi sayılmağa layiqdir.
Rəşad Məcidin yaradıcılığında “Roman” kimi “Dastan” da şərti ad olub, lirik qəhrəmanın inkişaf edərək yetkinləşmiş obrazını təqdim edən fərqli bir əsərin mahiyyətini ifadə edir. Hadisələrin epik tərəfinin bir qədər də qüvvətlənməsi, qəhrəmanın hərəkət və davranışlarındakı ayıqlıq və qətiyyətin, çətin vəziyyətlərdən çıxmaq qabiliyyətinin nisbətən geniş təsviri “Roman”la müqayisədə yeni əsərin “Dastan” adlandırılmasını şərtləndirmişdir. Bu mənada “Dastan” əsəri “Roman” liro-epik poemasındakı hadisələrin davamı yox, həmin əsərlə səsləşən, lakin qəhrəmanı fərqli ampluada təqdim edən yeni romandır.
“Roman”da olduğu kimi, 2014-cü ilin “Dastan” qrupuna aid olan poetik sovqat da müəyyən süjet xətti ətrafında cəmləşən lirika nümunələri olmaqla bərabər, həm də hər biri ayrıca, müstəqil şeirlərdən ibarətdir. Silsiləyə daxil olan “Sənsən”, “Mələyim, iblisim”, “Üzünə qurban” şeirlərində lirika o qədər dərindir ki, onları yalnız Rəşad Məcidin yaradıcılığına çox yaxından bələd olanlar hər hansı bir süjetin tərkib hissəsi kimi görə bilərlər. Şeirlərdən süjet düzəltmək artıq Rəşad Məcidin şeir yaradıcılığının oturuşmuş bir sistemidir. Hər biri müstəqil poetik nümunə olan ayrı-ayrı şeirlər vasitəsilə geniş süjet xətti yaratmaq, kompozisiya qurmaq Azərbaycan ədəbiyyatında ilk dəfədir ki, Rəşad Məcidin yaradıcılığında bu qədər davamlı olaraq təzahür edir. İlk şeir dəftərində, “Roman” liro-epik poemasında nəzərə çarpan və şeirdən-şeirə inkişaf edən süjet xətti yaratmaq xüsusiyyətinin “Dastan” qrupu şeirlərində də açıq-aşkar görünməsi bu tip ifadə vasitəsinin Rəşad Məcidə məxsus fərdi üslubi keyfiyyət olduğunu təsdiqləyir.
Son onilliyin şeir silsiləsində “Roman”a yaxın olmayan, “Dastan”dan xaric şeirlərdə də Rəşad Məcidin yaradıcılıq təkamülü aydın surətdə müşahidə olunur. Əvvəla, yeni mərhələdə şairin yaradıcılığında ictimai motivləri genişləndirmişdir. Rəşad Məcid poeziyada mənəvi münasibətlərdən daha çox, ictimai prosesləri mənalandırmağa çalışmışdır. O, artıq indiyə qədər “cavabını tapmadığı suallar”ı bədii yaradıcılığının əsas obyektinə çevirmişdir. Yeni mərhələnin şeirləri illərdən bəri onu daxilən “topalaşıb qurd kimi gəmirən”, uzun vaxt ərzində “düşünməkdən yağmalandığı” məsələləri diqqət mərkəzinə çəkir. “Göz yaşı” şeirində Rəşad Məcid ölkə səviyyəsində itki sayıla biləcək dəyərlərin ağısını oxuyur. O, artıq “ölkədə, dünyada nə yenilik var” sualını poetik baxımından mənalandırmağı vacib sayır, “mənim danışmağa öz xəbərim var” deyərək dünyaya biganə qalmadan milli maraqlara cavab verən sualların ədəbiyyatını yaratmağa üstünlük verir. Rəşad Məcid bütövlükdə bədii yaradıcılıqda, o cümlədən də şeirlərində daha çox yazıçı-vətəndaş kimi çıxış edir. Bir çox şeirləri müstəqillik dövrü Azərbaycan vətəndaşlıq poeziyasının layiqli poetik nümunələri sayıla bilər.
Yaradıcılığının XXI əsr mərhələsində vəznindən və mövzusundan asılı olmayaraq, Rəşad Məcid bütün hallarda şeirlərində vətəndaşlıq duyğusunu özünəməxsus lirika ilə ifadə etməyi zəruri hesab edir. Onun əksər şeirləri ictimai motivlərin bədiiliklə sintezindən yaranmışdır. Dərin ictimai məzmuna malik olan “Bayrağım” şeiri müstəqil dövlətinin bayrağına dərin sədaqətini ifadə edən şairin həm də millətinə və ölkəsinə xidmət edən sənətin, ədəbiyyatın bayrağını gələcəyə aparmaq andının dolğun poetik ifadəsidir.
“Bayrağım” şeiri həm də “Dastan”ın epiloqu kimi səslənir.
Rəşad Məcid şeirinin estetik idealı kimi ifadə edilən ağ atlı oğlan ölkənin bütövlüyünün və xalqın milli-mənəvi varlığının etibarlı keşikçisidir. Bu ağ atlı oğlan – əslində yurdun, torpağın sahibidir. “Köç yolunda at üstündə” doğulan, qəlbində bahar çağlayan ağ atlı oğlanın idealı isə “işləri qayadan-daşdan” keçən xalqına xoş günlər bəxş etməkdir. Rəşad Məcid “ümidi işıqlı”, “yolları açıq” təsvir etdiyi ağ atlı oğlanında xalqın bütün gücünü cəmləşdirir:
Köç yolunda, at üstündə
Qəfil körpələr doğulub,
Hamıdan sağlam oldular,
İldırımla savaşdılar,
Küləklərlə vuruşdular,
Ağ atlı oğlan oldular!
Rəşad Məcidin ağ atlı oğlanı müstəqillik yollarında inamla irəliyə gedən Azərbaycanın dövlət bayrağının keşiyindədir:
Səni ən çətin
Günlərimdə qorudum.
Beynimə həkk edib,
Ürəyimə sarıdım.
Mahnımda,
Nəğməmdə gizlədim.
Aya baxıb xatırladım,
Ulduzumu sevdim.
Üç rənginə öyrəndim,
Hər üzünü sevdim.
Hücumdan, həmlədən qorudum,
Küləkdən, tufandan keçirdim.
Bir gün qaldırdım başımın üstünə
Saxladım,
Əymədim.
Qarabağ mövzusunda yazılmış ən yaxşı şeirlərin sırasında Rəşad Məcidin “Şuşa” və “Cıdır düzü” şeirlərinin də özünəməxsus yeri vardır. Çox səmimi duyğular və orijinal bədii vasitələr əsasında 2021-ci ildə yazılmış “Şuşa” şeiri dərhal mahnıya çevrilmişdir. Rəşad Məcidin “Şuşa” şeiri Azərbaycan poeziyasının Şuşanaməsinin diqqətəlayiq poetik səhifəsidir.
Min şəhər adı var dillər əzbəri,
Adların ən üstün adıdı Şuşa.
Musiqi notudur cüt hecasıyla:
Dilimin şəhdidir, dadıdı Şuşa.
***
Ciyərdə nəfəsdir, damarda qandır,
Ruha qanad verən sirli məkandır,
Bilib eşidəndir, güc artırandır,
Qoşundur, əsgərdir, ordudur Şuşa.
***
Qoynuna hər gələn yüz xəyal eylər,
Qıraqda qalanlar qeylü-qal eylər,
Birini coşdurar, birin lal eylər,
Tilsimdir, ovsundur, cadudur Şuşa.
Bütövlükdə Rəşad Məcidin şeir yaradıcılığı torpaq qoxulu, Vətən ətirli poeziyadır. Rəşad Məcidin estetik idealı mərdanəliyin, bütövlüyün, milli düşüncənin, vətənpərvərliyin və müstəqil dövlətçiliyin daşıyıcısı olan lirik-romantik qəhrəmandır. Bu lirik qəhrəmanın ayağı odlu torpaqdadır, başının üstündə isə dövlət bayrağı dalğalanır. Vətən torpağı ilə dövlət bayrağının vəhdəti Rəşad Məcidin estetik idealının mahiyyətidir.
***
Məlum olduğu kimi, bədii nəsr sahəsinə Rəşad Məcid az müraciət etmişdir. Hələlik onun bizə məşhur “10 sentyabr” və “Cənnət dərəsi” hekayələri məlumdur. Qeydlərindən aydın olur ki, “Tüstü” adlı bir hekayəsi isə nə vaxtsa hansı redaksiyadasa itib. Lakin bu qədər azsaylı hekayələr də Rəşad Məcidin nəsr imkanları haqqında fikir söyləməyə, söz deməyə şərait yaradır.
“10 sentyabr” hekayəsi müstəqillik dövrü Azərbaycan ədəbiyyatında hekayə janrının ən yaxşı nümunələrindən biridir. Bu, yeni tarixi mərhələdə kiçik hekayənin böyük nümunəsidir. “10 sentyabr” kiçik hekayəsində dövrün böyük mətləbləri öz əksini tapmışdır. Hekayədə böyük dövlətlər və kiçik xalqlar kimi ciddi bir problem sadə bir əhvalat əsasında həll edilmişdir. Rəşad Məcid hekayədə kiçik cizgilərlə xarici vətəndaşın portreti də cızılmışdır: “Gombul, balacaboy kişi. Kişinin ovurdları işləyir. Əslində… paxlavanı çeynəmir, bütöv-bütöv udurdu…
Bayaqkı gombul kişi onu görən kimi “pliz, pliz” deyib qucağındakı qıvrımtüklü iti sığallaya-sığallaya dəhlizin əks tərəfinə keçdi… Kişinin getdiyi tərəfdən bayaqkı qadın çıxıb ona yaxınlaşdı… Alıb çantanı açdı, dollarları saydı. Əlindəki şax əsginaslara işarə edərək:
– Çim it alacaq.
Sonra pulları çantanın içinə qoyub əlini uzatdı:
– Sağ ol! Minnetddar-am!”.
Rəşad Məcidin portretin zahiri görkəmi ilə daxili aləmi arasında yaratdığı uzlaşma oxucunun “xarici qonaq” haqqında obyektiv nəticə çıxarmasına imkan yaradır.
“10 sentyabr” hekayəsindəki taksi sürücüsü Akif müasir mərhələdə Azərbaycan ədəbiyyatında kiçik adamın böyük obrazıdır. XX əsrin əvvəllərindəki “kiçik” adam obrazlarından fərqli olaraq, artıq müəyyən peşə sahibi olan, zavodda işləyib mükafatlar alan, dəyişən zəmanənin “taqəzası” ilə iş yeri bağlanan, çətinliklərlə üzləşən Akif halallığı, zəhmətkeşliyi, sədaqəti və səxavəti ilə səciyyələnən obrazdır. Taksi sürücüsü Akif cəmiyyətdə gedən ictimai-siyasi proseslərin yaratdığı böhranın doğurduğu kiçik adamın bütün taleyini daşıyır və psixologiyasını özündə əks etdirir. Akif keçid dövründə baş verən mənəvi aşınmaları adlayıb keçən, sıxıntılara düçar olsa da, ləyaqətini uca tutmağı bacaran azərbaycanlı obrazıdır. Cəmiyyətdə xaos, çaşqınlıq dövrü kimi səciyyələndirilən həmin mərhələnin adamlarının ədəbiyyatda daha çox mənəvi böhranından, aşınmasından yazmaq meylinin üstün olduğu vaxtda Rəşad Məcidin sabit mənəviyyata malik kiçik adamın böyük dəyərlərini təqdim etməsi ədəbi prosesin də axarına təsir edən əhəmiyyətli hadisədir.
1987-ci ildə qələmə alınmış “Cənnət dərəsi” hekayəsi Rəşad Məcidin bədii nəsr sahəsində ilk addımı olsa da, həm də “10 sentyabr” hekayəsi üçün məşq funksiyasını daşıyır. Təhkiyə və təsvirlərindəki doğmalıqdan başqa, vətənpərvərlik notları bu hekayələri yaxınlaşdırır. “Cənnət dərəsi”ndə ifadə olunan kəndə qayıdışa çağırış “10 sentyabr” hekayəsindəki milli-mənəvi dərketməyə qayıdışın start nöqtəsidir. “10 sentyabr” hekayəsi ilə Rəşad Məcid həcm etibarilə kiçik bədii forma daxilində böyük və dərin ictimai mətləbləri ifadə etmək bacarığını nümayiş etdirir. Bu mənada ümumi yaradıcılığının fonunda nəzər salsaq, “10 sentyabr” hekayəsi Rəşad Məcid nəsrinin “Roman”ıdır. Sabitləşmiş, inkişaf edən və dünya ilə üz-üzə olan yeni Azərbaycanda cəmiyyət həyatının epik mahiyyətinin gerçək romanı “10 sentyabr” hekayəsinin bətnində müşahidə olunur. Bu hekayənin on xarici dilə tərcümə edilərək bir kitabda çap edilməsi qlobal məkanda həm müasir Azərbaycan nəsrinin indiki səviyyəsinin dünyaya təqdim edilməsi baxımından əhəmiyyətli hadisədir. “10 sentyabr” hekayəsi ilə Rəşad Məcid böyük ənənəsi olan Azərbaycan nəsrinə layiqli bir əlavə gətirə bilmişdir. Rəşad Məcid bir hekayə ilə – “10 sentyabr” hekayəsi ilə müasir Azərbaycan ədəbi mühitində nasirlik səlahiyyəti qazanmışdır.
***
Hansı istiqamətdən baxmağımızdan asılı olmayaraq, Rəşad Məcid daha çox mətbuat aləmindəki geniş fəaliyyəti və publisistikası ilə görünür. Rəşad Məcidin publisistikası onun nəsri ilə jurnalistikası arasındakı xüsusi bir yaradıcılıq hadisəsidir. Günün nəbzindən doğan çoxsaylı məqalələr yazmaq meyli jurnalistika fəaliyyəti baxımından Rəşad Məcid daha çox naşirdir. Rəşad Məcidin Baş redaktoru olduğu “525-ci qəzet” müstəqillik dövrü Azərbaycan mətbuatının inkişafının mükəmməl bir göstəricisidir. “525-ci qəzet” Azərbaycanda ictimai-siyasi mətbuatla ədəbi mətbuatın hər ikisinin funksiyalarını birlikdə daşıyan və yüksək peşəkarlıqla inkişaf etdirən nadir qəzetçilik nümunəsidir. Bu mənada “525-ci qəzet” yeni tipli jurnalistika məktəbi yaratmış mətbuat orqanıdır. Çoxaspektli mətbuat orqanı olan “525-ci qəzet” Rəşad Məcidin Azərbaycan milli mətbuatının inkişafında tarixi xidmətidir.
Bununla belə, Rəşad Məcid həm də özünəməxsus publisistikası olan qəzet adamıdır. Publisistikası konkret problemlər ətrafında araşdırmaların və mühakimələrin ifadəsi əsasında formalaşır. Publisistikasındakı analitik təhlil həyatı, prosesləri, insanları daha dərindən göstərməyə, obyektiv nəticələr çıxarmağa şərait yaradır. Müxtəlif illərdə yazılmış “Unudulmamaq haqqı”, “Yeni paytaxt ehtiyacı”, “Səfərin təzəsi, dostun köhnəsi”, “Əlvida və salam”, “Ağ dənizin duzu” və sair kimi publisist məqalələri müasir cəmiyyətin doğurduğu konkret məsələlər ətrafında müşahidələr və mühakimələrdir. Publisistikasında Rəşad Məcidin bir ziyalı-vətəndaş olaraq aydın mövqeyi ifadə olunur. Publisist məqalələrindəki təmkinli və aydın mövqeyə malik Rəşad Məcidlə cəmiyyətdən, gündəlik həyatdan tanıdığımız Rəşad Məcid bir-birini tamamlayır. İctimai-siyasi və ədəbi-elmi mühiti tam olaraq birlikdə görməyi və dəyərləndirməyi bacarmaq, daim irəliyə doğru dərk olunmuş obyektiv baxış Rəşad Məcidin jurnalistika fəaliyyətinin və publisistikasının mahiyyətini təşkil edir.
Rəşad Məcidin siyasi publisistikasında da müəyyən mənada bədiilik var, dərin səmimiyyət ifadə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə 2013-cü ildə iki görüşdə – Milli Mətbuat Günündə və dövlət başçımıza “Jurnalistlərin dostu” mükafatının təqdim olunması mərasimindəki çıxışları bir media təmsilçisindən çox, yüksək ziyalı – vətəndaş düşüncəsinin təbii və səmimi ifadəsidir. “Dəlicəsinə” kitabına “Mətbuat tarixinə yazılacaq böyük hadisə” və “Dostluğun böyük nümunəsi” adları ilə daxil etdiyi mətnlərdəki müraciət, xitab üstündə qələmə alınmış məqalə əhəmiyyətli publisistika nümunələridir.
Daha bir publisistika nümunəsində – “İdarəçilik Akademiyasında jurnalistika dərsi” məqaləsində “yaxşı nədir, pis nədir” sualına verdiyi şərhlər həm də Rəşad Məcidin mətbuata, publisistikaya, əslində, bütövlükdə həyata münasibətindəki sabit və aydın mövqeyi dolğun şəkildə əks etdirir: “Yaxşı nədir, pis nədir” sualının cavabına toxunmuşkən qeyd edim ki, əslində, istənilən məsələyə ən azı iki yanaşma var. Cəmiyyətdən özünü təcrid edən, ətrafında baş verənlərə biganə yanaşan insanlar, adətən, bu seçimdə daha asan olana – mənfi çalara, neqativə üstünlük verirlər. Yaşadığı topluma, onun problemlərinə laqeyd qala bilməyənlər, lokal yox, mümkün qədər qlobal görünən, ölkəsinin, Vətəninin işıqlı gələcəyini arzulayanlar isə mənfilikləri görüb qeyd etməklə yanaşı, cəmiyyətdəki müsbət tendensiyaları da qabartmağa, ətrafına pozitiv baxmağa çalışırlar”.
Qarabağa Böyük Qayıdış mövzusunda 2021-2022-ci illərdə yazdığı məqalələr bu mövzuda meydana çıxan ən yaxşı publisistika nümunələridir. “Şuşa havasının gətirdiyi nağıl”, “Şuşa gör nələr eylər”, “Gecikmiş Ağoğlan bələdçiliyi”, “Şuşaya getmək” kimi məqalələri publisistikanın mükəmməl Qarabağnamələri adlandırıla bilər.
Son illərdə yaratdığı “Qələmsiz yazılanlar” status-esseləri ilə Rəşad Məcid Azərbaycan publisistikasında tam yeni bir istiqamət yaratmışdır. Rəşad Məcidin statusları və sms-esseləri müstəqillik dövrü Azərbaycan sosial şəbəkə publisistikasında yeni hadisədir. Bu statuslar və sms-esselər yeni tarixi mərhələdə Azərbaycan publisistikasının feysbukdakı stenoqramıdır. “Qələmsiz yazılanlar”la Rəşad Məcid geniş mənada sosial şəbəkə ədəbiyyatını, xüsusən də feysbuk publisistikasını ilk dəfə olaraq ədəbi dövriyyəyə daxil etmişdir. Onun bir çox sms-statusları kiçik hekayə təəssüratı yaradır. Rəşad Məcid status esse və sms miniatür hekayəsinin yaradıcısıdır.
Bütün bunlardan başqa, “525-ci qəzet” vasitəsilə Azərbaycanda publisistikanın yeni nəslinin formalaşdırılmasına açdığı geniş meydan, verdiyi böyük dəstək də jurnalistikanın inkişafı yollarında izi qalacaq hadisədir. Publisistikasındakı özünəməxsus sənətkarlıq Rəşad Məcidin bu sahəyə qəzetçiliklə bədii yaradıcılıq arasında xüsusi bir fəaliyyət növü kimi yanaşdığını göstərir.
Rəşad Məcid bir ədəbi şəxsiyyət olaraq bütün yönləri ilə yaradıcı olan, axtarışlarının ardıcıllığı və bədii təfəkkürünün orijinallığı və genişliyi, baxışlarının və inamının bütövlüyü ilə fərqli görünən kamil və professional bir Azərbaycan yazıçısıdır. Rəşad Məcidin simasında milli təfəkkürlə ədəbiyyat düşüncəsi və aydın siyasi baxış vəhdət təşkil edir.


Müəllif: İsa HƏBİBBƏYLİ

AMEA-nın prezidenti, akademik

İlkin mənbə: edebiyyatqazeti.az

İSA HƏBİBBƏYLİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif ABBASOV – “HAYLA GƏLƏN VAYLA GEDƏR…”

AKİF ABBASOVUN YAZILARI

“HAYLA GƏLƏN VAYLA GEDƏR…”

(hekayə)

Telman maşını Azneft meydanında saxlamışdı. Kürdəmirə gedəcəkdi. “Həm ziyarət, həm də ticarət!” fikrilə yola düşməyə tələsmirdi. Fikirləşirdi ki, üzü Əli Bayramlıya, Hacıqabula gedən olsa, götürər. Heç olmasa benzin pulu çıxar. O, əlindəki açarları fırlaya-fırlaya var-gəl edirdi. Onun “Jiquli”sinin arxasında, qənşərində on-on beş maşın dayanmışdı. Bu vaxt 30-35 yaşlarında bir qadın, 20-25 yaşlarında bir qız və 8-9 yaşlarında bir oğlan uşağı “Jiquli”yə yaxınlaşıb baxdılar. Sonra:

-Bu maşının sahibi kimdir? – deyə xəbər aldılar.

Telman maşının onunku olduğunu söylədi. Əyninə cinsi şalvar geyinmiş, qədd-qamətli, tökmə bədənli qız yaxın gəlib:

-Bizi Neftçalaya aparıb-gətirə bilərsən? – deyə soruşdu.

Telman saata baxdı. Dördə on dəqiqə işləyirdi. Neftçalaya gedib-gəlmək və orada azı bir saat ləngimək ən aşağısı beş-altı saat çəkəcəkdi. Sonra Bakıdan Kürdəmirə maşın sürmək onu üzüb əldən salardı. Odur ki dedi:

-Yox, bacı. Bunun üçün vaxt lazımdır.

Şalvarlı qız:

-Əvəzini lazımınca ödəyəcəyik, qorxub eləmə, – dedi.

Telman onları başdan eləmək, bir növ qorxutmaq üçün:

-Elə isə sizdən 500 manat alacağam, – dedi.

Şalvarlı qız gözlərini süzdürüb əlini yellədi:

-Otur maşına. Getdik.

Orta yaşlı qadın oğlan uşağı ilə arxa oturacaqda, cinsi şalvarlı qız Telmanın yanında əyləşdi. Qız gözlərinə gün eynəyi vurdu. Telman özünü itirdi:

-A bacı, necə yəni getdik?! Axı mən…

-Demirsən 500 manat, beş yüz manatına dur da…

Maşın tərpəndi. Şıx çimərliyini keçəndən sonra uşaq mürgü­lə­mə­yə başladı. Qızla qadın söhbətə başladılar. Onlar özlərini həd­din­dən artıq sərbəst aparırdılar. Telmanın varlığını hiss etmirlərmiş kimi açıq-saçıq danışır, kişi söyüşləri yağdırırdılar. Telmanın “Ji­quli”, “Moskviç”, yeri gəldikcə “Volqa” maşınlarını ötüb keçməyi onları sevindirirdi. Arxada oturmuş qadın:

-Hər maşın ötdükcə alacağın haqqın üzərinə on manat gələ­cək. Bir kişiliyini göstər görək.

Telman yaman yerdə axşamlamışdı. Onlardan xatasız ötüşmə­yə­cəyini bilirdi. Hər maşın ötdükcə 500 manatın üzərinə qiyabi surətdə 10 manat artırırdılar. Neftçalaya çatanadək üzünü görmədiyi 500 manat artıb 600 manat oldu. Maşını iki mərtəbəli bir evin yanına sürdürdülər.

Cinsi şalvarlı qız – yupyumru yanları cinsi şalvarı, yupyumru döşləri köynəyi dağıdan gözəl maşından düşüb darvazaya yaxın­laşdı. Darvaza dəmiryol relslərinin üzərində qərar tutmuşdu. Qız əlini qapının zənginə uzatdı. O saat darvazanın sol tərəfindəki xırda qırmızı lampa yandı. Qız o biri düyməni basdı. Qapı avtomatik açıldı. Yəni relsin üzərində sürüşüb sol tərəfə çəkildi. Arxadakı qadın maşını içəri sürməyi tapşırdı. Telman deyilənə əməl elədi. Darvaza öz-özünə bağlandı. Hündürboylu, qarışın bənizli, saçlarına dən düşmüş 45-50 yaşlarında nəhəng gövdəli bir kişi gələnlərin qabağına çıxdı. Onlarla səmimi görüşüb, içəri dəvət etdi. Telmanı da evə çağırdılar.

Stolun üstü dərhal yemək-içməklə doldu. Şahlara layiq süfrə açılmışdı. Yupyumru yanları cinsi şalvara güclə yerləşən qız güz­gü­nün qabağına keçib yanaqlarına azca pudra sürtdü, kiçik əl çantasını açıb “Malboro” siqareti çıxarıb damağına qoydu. Hamı süfrə başına keçdi. Nəhəng gövdəli kişi üzünü Telmana tutaraq:

-Cavan oğlan, nə içəcəksən? – deyə soruşdu.

Onlardan alacağı beş yüz, altı yüz manat artıq Telmanı maraq­landırmırdı. Bayaqdan, maşın Bakıdan çıxandan heç 30 kilometr belə getməmişdən sarısını udmağa başlamışdı.

-Mən … mən… içməyəcəyəm. Yol getməliyəm.

Yupyumru yanları cinsi şalvarı, yupyumru döşləri köynəyi dağıdan qız əlini yelləyərək, özünə arxayın halda:

– Gör nəyin fikrini çəkir. Qaqaş, heç nədən çəkinmə. Ürəyin nə istəyirsə iç, – dedi.

-Axı sükan arxasındayam. Hələ Kürdəmirə gedəcəyəm.

-Dedim ki, iç!

Yupyumru yanları cinsi şalvarı dağıdan qız artıq əmr etməyə başlamışdı. Telman heç Qaradağa çatmamışdan maşını saxlayıb onları düşürmək istəmişdi. Amma mənliyinə sığışdırmamışdı. Kişi tüpürdüyünü yalamaz. Söz vermişdi. Maşını candərdi sürürdü. Yolda maşın saxlatdırıb əyləşən, sonra isə sürücünü soyan, öldürən, maşını qaçıran adamlar, xüsusən qadınlar haqqında o qədər eşit­mişdi ki. Onlar bir-bir Telmanın yadına düşür, düşdükcə də daha artıq xoflanırdı. Nə isə, keçənə güzəşt deyərlər. Heç olmasa, öldürməyələr. Bir çətən külfəti var. Öz bəlandır çək, bax burada deyirlər. Artıq tamah, doğrudan da, baş yararmış!

-Nə fikrə getmisən?! Sənə demədilər ki, iç!..

Bunu orta yaşlı, badamı gözlü qadın dedi. Amma öz aramız­dır, hər ikisi yaraşıqlıdır. Düz biçimli qıçları, adamın canını alan gözləri var.

-Araq içəcəyəm.

-Bax belə! Adam qurd ürəkli olar!

Heyf belə gözəllikdən. Pis yola düşüblər. Onların küçə qadını olmalarına Telmanın şəkk-şübhəsi yox idi. Ancaq hələlik belə bir şey hiss edilmirdi. Kişi bayaq yalnız görüşəndə onların əlini sıx­mışdı. İndi heç birinə əl uzatmırdı. Süfrə başında artıq-əskik də danışıl­mırdı.

Üzə salıb Telmanı üç yüz qrama qədər içirtdilər. Sərnişinlərlə gələn oğlan da az-az konyak içirdi. Yupyumru yanları cinsi şalvarı, yupyumru döşləri köynəyi dağıdan qız Telmana:

-Keç qonşu otağa, dincini al. Səninçin yer hazırlayıblar. Maşı­nı­nın açarlarını isə bizə ver.

Telman dinməz-söyləməz onun dediklərini yerinə yetirdi, özü də qonşu otağa keçdi. Həqiqətən də onunçun yaxşı bir yataq düzəltmişdilər. Otaqdan gül iyi gəlirdi. Amma onun gözünə yuxu get­mirdi. Fikirləşdi ki, bəlkə elə divanın üstündə oturub bir az gözlə­sin, görsün ki, bu işlərin axırı necə olur. birdən yuxulayar, vurub öldürərlər.

Badamı gözlü qadın başını otağa uzadaraq:

-Sənə demədilər soyun, yat?! Özümüz səni oyadarıq.

Telman gözlərini döyməkdə idi. Bunu görən qadın:

-Bıy, başıma xeyir, bu lap arvad kimi şeymiş ki…

Telman əlacsız qalıb soyundu və çarpayıya uzandı. Lakin heç cür yuxulaya bilmirdi. Fikir-xəyaldan az qalırdı başı çatlasın: “Maşının açarını aldılar. Görəsən məqsədləri nədir? Bəlkə oğurluğa gedəcəklər? Yox, inanmıram… Burada – Neftçalada oğurluğa getmək üçün hansı ağıllı Bakıdan maşın gətirdər?”

Bu düşüncələrin pəncəsində heç özü də bilmədi ki, nə zaman yuxuya gedib. Bir müddət keçdi. Qapının astadan döyülməsi Telma­nı yuxudan ayıltdı. Tez durub geyindi. Yupyumru yanları cinsi şalvara güclə yerləşən qız dəsmal və sabun verdi. Sonra diş şotkas­ının üstünə sarımsaq suyu damızdırıb üstündən də pasta yaxıb Telmana uzatdı:

-Al, dişlərini yu. Bu ehtiyat üçündür. Yolda itə-qurda rast gəlməyək.

Telman yuyunub maşına sarı getdi. Maşının baqajı yatmışdı. Xeyli yük vurmuşdular. Onun baxdığını görən qız dilləndi:

-İçəridə nə olduğunun sənə dəxli yoxdur.

Telman yalvarmağa başladı:

-Ay bacı, mənim bir çətən külfətim var. Gözlərini mənə dikiblər. Buraxın, gedim. İstəyirsiniz sizinçin maşın tutum, lap pulunu da özüm verim.

Yupyumru yanları cinsi şalvarı, yupyumru döşləri köynəyi dağıdan qız:

-Birincisi, məni sənin bacın-zadın deyiləm. Bacın evinizdə qaldı. İkincisi, sənin kimi ağciyərin bacısı olmağı özümə təhqir sayardım. Üçüncüsü, qətiyyən qorxma, – dedi. –Yolda bizi saxlayan olsa, nə qədər pul istəsələr, tökəcəyəm. Ya pulun, ya da bunun … – O, əli ilə şalvarının qabaq tərəfinə işarə etdi. – Ya da bunun hesa­bına qurtaracağam. Qorxma.

Yolda onları saxlayan olmadı. Onlar deməsə də, Telman hiss etdi ki, maşına yüklədikləri qara kürüdür. Tariyel qara gününü qablaşdırmışdı. Tutulsaydılar, onun da azından yeddi-səkkiz ili vardı. Bakıya çata-çatda yupyumru yanları cinsi şalvarı dağıdan qız:

-Mərdəkana gedəcəyik, – dedi.

Telman bu dəfə maşını Mərdəkana sürdü. Bağlı-bağçalı bir evin darvazası artıq açıq idi. Maşın həyətə girdi. Telmanı otağa apar­dılar. İçəridə tək qalanda gözucu pəncərədən həyətə baxdı. Zən­nində yanılmamışdı. Sellafon kağızlardakı qara kürü idi. Daşıyıb zir­zəmiyə yığırdılar. Nəhayət, yarım saatdan sonra, yupyumru yanları cinsi şalvarı dağıdan qız Telmanı çağırıb ona iki şüşə “Krasnı Moskva” ətri verdi:

-Maşının baqajını tər-təmiz yu. Sonra bu ətri ora səp, – dedi. – O krant, o da şlant…

Telman qızın dediklərinə əməl etdi. Sonra yupyumru yanları cinsi şalvarı dağıdan qız maşına oturub Mərdəkan sanatoriyasına sürdürdü. Bir nəfər qadınla nə isə danışıb məni çağırdı:

-Səninçin otaq ayırıblar. Gecəni orada qal. Yorğunsan, rayona sabah yola düşərsən. Gecə yanına qız da gələcək. Sabaha qədər ota­ğında qalacaq. Utanıb eləmə. Sabah məni görməmiş heç yerə getmə.

Telman deyilən otağa getdi. Təhlükə, deyəsən, sovuşmuşdu. Telman indi əməlli-başlı dincəlmək istəyirdi. Yupyumru yanları cinsi şalvarı, yupyumru döşləri köynəyi dağıdan qızın sözləri tamam yadından çıxmışdı. Onun vəd etdiyi pulun da hayında deyildi. Allah kəssin belə pul qazanmağı! O qədər həyəcan və qorxu keçirdi ki… İndi yəqin ki, evdəkilər bərk nigarandırlar. Bu, Telman üçün axırıncı dərs olacaqdı. Yuyunub yenicə yatağa girmişdi ki, qapı döyüldü. Durub açdı. 18-19 yaşlarında gözəl bir qız qapıda dayanmışdı. Əlində bir zənbil tutmuşdu:

-Olar?

-Buyur.

Qız içəri keçib zənbili açdı. Mer-meyvəni, yemək-içməyi stolun üstünə düzməyə başladı. Telmanın key-key baxdığını görüb:

-Sənin yanında qalacağam. Məni səni yanına göndəriblər. Özün bilirsən kim. Göndəriblər ki, kefini açım.

Nə isə, Telman olub-keçənləri unutmağa çalışıb həmin qızla düz səhərə qədər əyləndi. Səhər doqquzun yarısında yupyumru yanları cinsi şalvarı dağıdan qız otağa gəldi. Üzünü qıza tutaraq:

-Dostuma heç olmasa əməlli-başlı kef verə bildin? –deyə xəbər aldı.

Qız gülümsəyib çiyinlərini çəkdi:

-Nə bilim, qoy özü desin.

Telman da gülümsədi. Yupyumru yanları cinsi şalvarı dağıdan qız çıxarıb iki əlliliyi qıza uzatdı:

-Bəsindir?

Qız minnətdarlıq əlaməti olaraq baş əydi.

Telman yupyumru yanları cinsi şalvarı, yupyumru döşləri köynəyi dağıdan qızla sanatoriyanı tərk edib maşına əyləşdi. Maşın yola düşdü. Heç beş dəqiqə belə keçməmiş qız maşını saxlatdırıb:

-İndi rayona gedə bilərsən. Məni isə tanımırsan. Şəhərdə birdən məni görüb yaxınlaşsan, yaxud salam versən, bunu görürsən … – O, qıçını göstərdi… -Xudahafiz… Mən gedirəm, sənə çatacaq pulu bardaçoka qoymuşam. Götür, halal xoşun olsun…

Yupyumru yanları cinsi şalvarı, yupyumru döşləri köynəyi dağıdan qız düşüb taksi saxlatdırdı və getdi. Telman bardaçoku açıb baxdı. Ora yeddi ədəd yüzlük qoyulmuşdu.

Maşın Mərdəkandan çıxıb şəhərə gedən yola düşdü. Telman gərginlikdən azad olmuşdu. Kefi saz idi. İki həyəcanlı gün yaşasa da, axırı yaxşı qurtarmışdı. Əli gətirmişdi. Maşın asfalt yolla şütüyürdü. Azneftdə ləngiməyə də bilərdi. Müştəri gözləyib vaxt itirməyə dəyməzdi. Ancaq bu boyda yolu müştərisiz qət etmək də insafdan deyildi. Bir-iki adam götürsə, bu hesabdan benzinin də pulu çıxar.

Fəqət yuxu onu yaman girələmişdi. Göz qapaqları qeyri-iradi yumulurdu. Axşam yaxşı yatmamışdı. Cavan, sütül qız sanatori­yadakı otağa gələndən sonra Telman göyün yeddinci qatında idi. Nə idi o qızın adı? Yox, bu yuxusuzluq ona aman vermir. Gərək maşını münasib bir yerdə saxlayıb gözünün acısını alsın…

Birdən idarə etdiyi maşın var gücü ilə nəyəsə toxundu. Güclü təkan Telmanı yolun kənarına tulladı. Özünə gələndə başının üstündə çoxlu adam gördü. Bütün bədəni ağrıyırdı. Kömək edib onu ayağa qaldırdılar. Milis xəbər tutunca toqquşduğu maşının sahibi ilə özlərini avtotəmir ustasına çatdırdılar. Günah Telmanda idi. Usta diqqətlə baxdıqdan sonra: “Düzəldərik, min manat xərci var”,- dedi. – Sonra Telmana sarı çevrilərək «Sizin maşına gəldikdə isə…”

Telman ona imkan vermədi ki, sözünü tamamlasın:

-Mənim maşınım hələ qalsın. İndi əzdiyim maşına əl gəzdir.

Telman bütün başına gələnlərin baisi olan yeddi yüz manatı çıxarıb dedi:

-Alın 700 manatı, üç yüz manatı da sonra verərəm.

O, öz maşınını da ustanın yanında qoyub Azneft meydanına gəldi. Kürdəmirə gedəcək maşın gözləməyə başladı. Öz-özünə acığı tuturdu: “Gəlmişdim saqqal dalınca, bığı da qoyub gedirəm”. Qazanc cəhənnəmə, maşınımı da əzdim. Bayaq 700 manatı görəndə sevinmişdim. Sən demə, atalar doğru deyiblər ki, “Hayla gələn vayla gedər…”

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NURANƏ  RAFAİLQIZI İLK  KİTABINI TƏQDİM  EDİB – FOTOLAR

NURANƏ RAFAİLQIZI ZAUR USTAC

NURANƏ  RAFAİLQIZI İLK  KİTABINI TƏQDİM  EDİB

21 avqust 2022-ci il tarixində Bakı şəhəri, L.Tolstoy 156 ünvanında yerləşən “Misra”  kitab təbliğatı evi möhtəşəm bir tədbirə evsahibliyi etdi. Beləki, Göyçayda yaşayıb yaradan həkim-şair Nuranə Rafailqızı onu sevənlərin əhatəsində uzun illərin və gərgin əməyin nəticəsi olan “Həkimlər depressiya deyir… ” adlı ilk kitabını təqdim etdi. Tədbirdə AYB, AJB, AMEA kimi mötəbər qurumların əməkdaşları ilə yanaşı səhiyyə işçiləri, müəllifin yaxınları və doğmaları iştirak edirdilər. “Mücrü” nəşriyyatında nəfis şəkildə çap olunmuş kitabın redaktoru şair-publisist  Zaur Ustac, ön sözün müəllifi isə tənqiddçi-ədəbiyyatşünas alim, dəyərli professor Qurban Bayramovdur.

Xanım Turanə Şıxəliyevanın moderatorluğunda keçən tədbiri “Yazarlar”  jurnalının baş redaktoru, şair-publisist  Zaur Ustac  Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad  Məcidin  tədbir iştirakçılarına salamları ilə açdı və üzürlü səbəbdən  tədbirdə iştirak edə bilməyən kitabın ön sözünün  müəllifi  professor Qurban Bayramovun xeyir-dualarını çatdıraraq “Bayram Bayramov” diplomunu  həkim-şair  Nuranə Rafailqızına təqdim etdi. Sonra söz AYB  üzvü, tanınmış  şair Kənan Hacıya verildi. Daha sonra  AMEA-nın “Nizami Gəncəvi” adına ədəbiyyat instiutunun əməkdaşı, şair İbrahim Yusifoğlu kitab haqqında öz dərin təhlilini təqdim etdi. Tanınmış qiraətçilər Cəbrayıl Qənbər və Müşfiqə Baləddinqızının ifalarında tez-tez kitabdan səslənən nümunələrin bərabərində Turanə  xanımın moderatorluğunda tədbir kitabdakı bölmələrə uyğun davam edərkən AJB –nin üzvü, “Yazarlar” jurnalının ictimayətlə əlaqələr üzrə menceri xanım Nəzakət Əhmədova-Kərimova müəllifə “İlin Fəxri Şairi” diplomunu təqdim etdi. Sonra ardıcıllıqla qələm adamlarından Yunis Qaraxanlı, Ələsgər Talıboğlu, Püstə Sahibqızı, rəssam Məlahət İsmayıl, həkimlərdən Günel Əliyeva və Göyçay Rayon Mərkəzi Kitabaxanasının əməkdaşı Şövgiyə Qarayeva çıxış etdilər. Sona qədər çay çüfrəsi arxasında, həzin musiqi sədalarına bürünmüş  düşündürücü misraların yaratdığı sirli  aləmində, dəyərli söz adamlarının bir-birindən maraqlı çıxışları təsiri altında davam edən tədbir əvvəlcədən nəzərdə tutulmuş vaxtada uğurla yekunlaşdı. Sonda “Həkimlər depressiya deyir… ” adlı ilk kitabının işıq üzü görməsi münasibəti ilə Nuranə Rafailqızına “Ziyadar” mükafatı təqdim olundu, kitablar imzalandı və xatirə şəkilləri çəkdirildi:

Belə gözəl bir tədbirin baş tutması münasibəti ilə müəllifi və təşkilatçıları təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

21.08.2022. Bakı ş.

Müəllif: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN RƏŞAD MƏCİDİN DOĞUM GÜNÜDÜR!

RƏŞAD MƏCİD

ZAUR USTAC – AĞ ADAM
(Rəşad Məcidin doğum gününə)
Tanrı mayasını tutubdu “ağ”la,
Torpağı ağ, sümüyü ağ, sözü ağ.
Sən bu hekayətə ya gül, ya ağla,
Bu adamın əyrisi ağ, düzü ağ.
* * *
Ağoğlanda göz açıbdı dünyaya,
Ağ doğulub, nur saçıbdı dünyaya,
Ağ qalacaq, and icibdi dünyaya,
Sözün tutub; alnı açıq, üzü ağ.
* * *
Ağdam adlı məmləkətin uşağı,
Burda çözüb min-bir türlü tuşağı,
Çox dinləyib “dastan” deyən “aşığı”;
Hekayətin mini qara, yüzü ağ.
* * *
Ağcabədi, mədəniyyət beşiyi,
Yurd yeridi, çəkilibdi keşiyi,
Sadə olub daim evi, eşiyi,
Məqamında kürsüsü ağ, mizi ağ.
* * *
Ustac deyir; tam arınıb bu adam,
Ağayana, mərd tanınıb bu adam,
Yarananda, ağ yaranıb bu adam,
Ağ adamdı; “dirsəyi ağ”, “dizi ağ”.

Qeyd:

            21 avqust dəyərli ziyalımız – yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü – Rəşad Məcidin doğum günüdür. Şad günü münasibəti ilə Rəşad müəllimi təbrik edir, can sağlığı, uzun ömür və bütün fəaliyyətində uğurlar arzulayırıq.

Rəşad müəllim 58-i  tamamlayaraq, 59  yaşınına qədəm qoyur. “60”-la bağlı “Yazarlar”ın xüsusi “Ağ adam” adlı təbrik layihəsi var. Bu layihədə iştirak etmək istəyən hər kəs  Rəşad Məcidin həyat və yaradıcılığı barədə olan yazılarını zauryazar@mail.ru e-mail ünvanına göndərə bilərlər. Bütün materiallar 01.08.2022-ci ildən  01.08.2023-cü ilə qədər qəbul ediləcək. Yazılarınızı gözləyirik.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

RƏŞAD MƏCİDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GÜLÜ – GÜLÜZƏ MUSTAFAYEVA AZTV-DƏ QONAQDIR – MƏZUN -2

GÜLÜ – GÜLÜZƏ MUSTAFAYEVA
GÜLÜ – GÜLÜZƏ MUSTAFAYEVA

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru