Zübeydə Heydərqızı (Rzayeva) AYB-nə üzv qəbul olunub. Şair bu barədə öz sösial şəbəkə hesabında sevinci belə bölüşüb: – “Salam, əziz dostlar! Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul olundum. 2019 – cu ildə sənəd vermişdim, lakin pandemiya səbəbindən yubadılsa da, nəhayət ki, vəsiqəm mənə təqdim edildi. Xeyirli – uğurlu olsun!”Mənbə: facebook.com
İNGİLİS DİLİNDƏN TƏRCÜMƏ AKİF ABBASOVUN TƏRCÜMƏSİNDƏ Ernest Miller Heminquey Çikaqo yaxınlığındakı Ouk-Park şəhərciyində dünyaya gəlmiş, 1961-ci ildə vəfat etmişdi. O, ailədə altı uşaqdan ən böyüyü idi. Anası opera müğənnisi, 1928-ci ildə intihar etmiş atası həkim idi. Görkəmli Amerika yazıçısı Ernest Miller Heminquey Nobel mükafatı laureatı idi. Əsərləri: • Yaz selləri (ing. The Torrents of Spring) (1926) • Günəş çıxır (1926) • Əlvida, silah! (1929) • Olmaq ya olmamaq (1937) • Zəng kimin üçün çalınır? (1940) • Çayın o tayında, ağacların kölgəsində (1950) • Qoca və dəniz (1952) • Ernest HEMİNQUEY (AMERIKA) YAĞIŞ ALTINDA PİŞİK (HEKAYƏ) Mehmanxanada iki nəfər amerikalı qalırdı. Onlar otaqlarından çıxarkən və geriyə qayıdarkən pilləkənlərdə rastlaşdıqları adamları tanımırdılar. Otaqları ikinci mərtəbədə dənizlə üzbəüz idi. Buradan ictimai bağ, bir də müharibədə həlak olanların xatirəsini əbədiləşdirən abidə görünürdü. İctimai bağda hündür palmalar və yaşıl rəngli oturacaqlar vardı. Ürəkaçan havalarda buralarda əli molbertli bir rəssam görünərdi. Rəssamlar palmaların boy atmasını və parlaq rəngli mehmanxanaların bağlarla, dənizlə üzbəüz durmasını xoşlayırdılar. İtalyanlar uzun məsafəni qət edib buraya ona görə gəlirdilər ki, müharibə abidəsinə baxsınlar. O, bürüncdən düzəldilmişdi və yağış altında par-par yanırdı. Yenə də yağırdı. Palma ağaclarından damcılar süzülürdü. Çınqıl döşənmiş cığırlarda gölməçələr yaranmışdı. Coşqun dal¬ğa¬lar sahilə çırpılır, sonra geri çəkilir, yenidən sahilə hücum çəkirdilər. Müharibə abidəsinin qarşısında dayanmış maşınlar artıq getmişdi. Meydanla üzbəüz kafenin qapısı ağzında duran xörəkpaylayan kişi boş meydana baxırdı. Amerikalı qadın isə pəncərə önündə dayanıb ətrafı seyr edirdi. Bir qədər aralıda – pəncərənin tuşunda, üzərinə yağış damcılayan yaşıl stollarının birinin altında pişik gizlənmişdi. Yağışdan islanacağından qorxub büzülmüş, yumağa dönmüşdü. Amerikalı qadın: – Düşüb pişik balasını götürəcəyəm, – deyə dilləndi. Çarpayıda uzanmış əri: – Mən gedərəm, – deyə təklif etdi. – Yox, mən özüm. Yazıq pişikciyəz hey çalışır ki, stolun altında quru qalsın. Əri oxumağına davam etdi. O, çarpayının ayaq tərəfində iki balışa dirsəklənmişdi. – Gözlə islanmayasan… Qadın aşağı mərtəbəyə endi. Mehmanxana sahibinin otağı qarşısından keçəndə kişi ayağa qalxdı və qadına baş əydi. Onun yazı masası otağın qurtaracağında qoyulmuşdu. Sahib hündürboylu və qoca kişiydi. Qadın: – Piove , – dedi. Mehmanxana sahibi onun xoşuna gəlmişdi. – Si, si, Signora, brutto tempo . Çox pis. Kişi stolun arxasında dayanmışdı. Otaq bir qədər qaranlıq idi. Mehmanxananın sahibi çox nəzakətli və hörmətcil idi. Müsahibinin giley-güzarına təmkinlə qulaq asırdı. O, son dərəcə nəzakətli idi. Davranış və cəhdlərindən görünürdü ki, qadının xidmətində durmaq istəyir. Bir mehmanxana sahibi kimi özündə məsuliyyət hissi duyurdu. Qadın əlüstü bunu başa düşdü. Onun bütün keyfiyyətləri, üstəlik mərd kişilərə məxsus qırış kəsmiş böyük sifəti, iri əlləri qadına xoş gəldi və onu bəyənərək qapını açdı. Ətrafını nəzərdən keçirdi. Möhkəm yağırdı. Rezin plaş geymiş bir kişi boş meydanı keçib kafeyə tələsirdi. Pişik sağ tərəfdə olmalı idi. İslanmamaq üçün divarın dibi ilə gedə bilərdi. Qapı ağzında dayanıb tərəddüd edərkən başı üzərində çətir açıldı. Bu, onların otağına xidmət edən qulluqçu idi. Onun çöhrəsi gülümsər ifadə almışdı. O, italyan dilində: – Çalışın islanmayasınız, sinyora… – dedi. Hə, şübhəsiz, qulluqçunu onun ardınca mehmanxana sahibi göndərmişdi. O, başı üzərində çətir tutmuş qulluqçu ilə birlikdə çınqıl döşənmiş cığırla addımladı. Bu minvalla pəncərələrinin tuşuna kimi getdi. Yağış altında yuyulan parlaq və yaşıl rəngli stol yerində idi. Pişiksə gözə dəymirdi. Qadının əhvalı pozuldu. Qulluqçu ona baxaraq: – Ha perduto qualque cosa, Signora, – dedi. – Burada pişik vardı. – Pişik? – Si, il gatto… Qulluqçu gülərək: – Pişik? – deyə təkrar xəbər aldı. – Yağış altında pişik? Qadın: – Bəli, – dedi. – Stolun altında idi. – Sonra isə, – Oh, yarı canım qalıb o pişiyin yanında, – deyə əlavə etdi. O, ingiliscə danışırdı. Onun bərk narahat olduğunu, təşviş hissi keçirdiyini görən qulluqçunun sifəti haldan-hala düşürdü. O: – Gedək, sinyora, gedək, – dedi. – İçəri keçək. İslanarsınız. – Yaxşı. Amerikalı qız onunla razılaşdı. Onlar çınqıl döşənmiş cığırla geriyə qayıtdılar. Qulluqçu çətiri yığmaq üçün çöldə dayandı. Amerikalı qız sahibin otağı qarşısından keçəndə qoca stolun arxasından təzim etdi. Qız daxilində nə isə bir boşluq hiss etdi.. Sahib mehribanlığı və nəzakəti ilə məcbur edirdi ki, qadın özünün nə qədər dəyərli və kiməsə lazım olduğunu başa düşsün, həyatda sadəlövh olmasın. O, pilləkənləri qalxıb qapını açdı. Corc hələ də çarpayıda uzanmışdı… Oxuyurdu. O, kitabı yerə qoyaraq: – Gətirdin? – deyə xəbər aldı. – Çıxıb getmişdi. Corc gözlərinə dinclik verərək: – Görəsən hara getmiş olar? – deyə xəbər aldı. Qadın çarpayıda əyləşdi: – Ürəyim onu yaman istəyir, – dedi. – Heç özüm də bilmirəm niyə. O yazıq pişikciyəzi istəyirəm. Pişikciyəz yağış altında qalıb. Corc təzədən oxumağa başladı. Qadın ayağa qalxıb bədənnüma güzgünün qarşısında əyləşdi. Bir xeyli özünə tamaşa etdi. Aynanı götürüb hər iki yandan sifətinə, daha sonra başının və boynunun ardına baxdı: – Necə fikirdir, istəyirəm saçımı uzadım, – deyə üz-gözünə baxmaqda davam edərək xəbər aldı. Corc qaşını qaldırıb onun boynunun ardını gördü. Oğlan saçı kimi qısa vurulmuşdu. – Bu forma mənə daha xoş gəlir. – Mənsə saçımı belə kəsdirməkdən yorulmuşam! Oğlana oxşamaqdan təngə gəlmişəm! Corc çarpayıda vəziyyətini dəyişdi. Qadın danışıb qurtarana qədər baxışları onun sifətinə dikili qaldı. Sonra: – Əzizim, sən ki mələksən! – dedi. Qadın güzgünü stolun üzərinə qoyub pəncərəyə doğru addımladı və baxdı. Qaranlıq düşürdü. – İstəyirəm saçlarımı geriyə darayım. Qoy onlar sıx olsun, boynumun ardında əməlli-başlı düyünlənsin. Əlimi vuranda hiss edim ki, mənim də saçım var. İstəyirəm dizim üstə pişik balası otursun və mən onu incidəndə miyoldasın… – Hə… hə… – Corc çarpayıdan söz atdı. – İstəyirəm gümüş qab-qacaqda yemək yeyim, çoxlu şamım olsun. İstəyirəm yaz gəlsin, saçımı güzgü qabağında darayım. Pişik balası istəyirəm. Təzə paltarlar istəyirəm! Corc: – Bəsdir, az çərənlə! Götür bir şey oxu, – deyə ona acıqlandı. Və oxumağından qalmadı. Qadın çölə baxırdı. Hava lap qaralmışdı. Palma ağaclarından hələ də su süzülürdü. Qadın küskün əda ilə: – Axı mən pişik istəyirəm, – dedi. – Pişik istəyirəm, pi…şik… Əgər saçımı uzada bilmirəmsə, onda, heç olmasa, pişiyim olsun. Corc qulaq asmırdı. Mütaliə edirdi. Qadın həyətə baxırdı. Artıq meydançanın işıqları yandırılmışdı. Kimsə qapını tıqqıldatdı. Corc: – Avanti , -dedi və baxışlarını kitabdan ayırdı. Qulluqçu qız qapı ağzında dayanmış, xallı pişiyi bərk-bərk bağrına basmışdı. Pişik onun bədəninə sığınmışdı. O: – Bağışlayın, – dedi, – sahib mənə tapşırdı ki, bunu sinyora üçün gətirim…
Talisman (hekayə) Olub keçənləri o qədər incəliklə, həssaslıqla xatırlayırdı ki, heç bir anın ən kiçicik təfərrüatını belə unutmurdu. Hər sözü, hər udqunmağı belə lap indicə olubmuş kimi kino lentidək gətirirdi gözünün qabağına. Döngəni sola dönüb, maşının uzaq vuran işıqlarını yaxın işığa dəyişdi. Qarşıdan gələn maşın yanından keçəndən sonra radionu qoşdu. Ötən illərin melodiyaları adlı proqramın konferensesi dil-boğaza qoymurdu. Anidən adını belə bilmədiyi aparıcıdan zəhləsi getdi. Bu qədər danışanacan imkan ver musiqi dinləyək məzəmməti ilə onun qarasına acığı da tutdu. Həmin an salonu əfsanəvi Btlsın həzin səsi öz sehri ilə doldurdu. Xəyalı onu ağlının söz kəsdiyi uşaqlıq illərinə apardı. Özü də nədənsə hər yerin bəyaz qara büründüyü qış xatirələrinə. Pəncərə önündə dayanıb soyuqdan üşüyə-üşüyə paltar asmaq üçün ipin üstündə domuşub dayanan sərçələrə tamaşa etdiyi anları təkrar yaşayırmış kimi kövrəldi. Niyə görə musiqi bu bürkülü avqust gecəsində onu xəyalən qışa apardığını anlaya bilmirdi. Birdən yadına düşdü ki, indi paltar asmaq üçün daha iplərdən istifadə edilmir deyəsən. Doğurdan aaa, niyə görən. Hər halda belə iplərə daha ehtiyac yoxdu, ya da ki mənə rast düşmür fikirləşdi. Sualına cavab da tapdı özlüyündə. Yəqin müasir paltaryuyan maşınlar elə paltarları qurulayıb hazır çıxarır deyə. Gör neçə gündür xəbər yoxdur. Telefonu da sönülüdür. Sonuncu dəfə bir həftə əvvəl görüşmüşdülər. Həyət qapısana çatanda faraların işığında kirpi gördü. Uşaq kimi sevindi. Maşından düşüb kirpiyə diqqətlə baxdı. Ürəyindən hətta onu sığallamaq da keçdi. Düz bir il əvvəl səhər üzü qapıdan çıxanda kirpi ilə raslaşdığı yadına düşdü. Bütün yol boyu uğuruna ilk çıxan kirpi olduğundan xəyalında görüm uğurlu olacaq deyə fikirləşmişdi. Həmin gün imkan tapıb görüşə bilmiş, bir-bir arzusunda olduğu ürək sözlərini deyərək sevgi etrafını nəhayət dilinə gətirmişdi. Ən başlıcası isə bütün varlığı ilə sevdiyinin onun etrafına biganə olmadığını hiss edib, həyatının ən xoşbəxt anlarını yaşamışdı. Bəlkə də bu təsadüfü bir sınağa elə köklənmişdi ki, az qala hər gün gözü kirpi axtarırdı. Cib dəsmalını çıxarıb kirpini ehtyatla əlinə götürdü. Onu həyətə buraxdı. Diqqətlə nəzərlərini ona zilləyib gözlədi. Kirpi də eləcə yumağa dönüb qalmışdı. Yəqin əmin olmaq istəyirdi ki, daha heç kəsin onla işi yoxdu. Oturduğu kətlin üstə beləcə yarım saat vaxt keçirdi. Gözləri açıq yuxulayırdı sanki. Qəfil zəng səsi onu diksindirdi. -Alo, salam! Necəsən? -Salam. Salamatçılıqdı? -Hə imkan oldu zəng etdim ki, nigaran qalma. Sabah biz uçuruq. Daha gəlib, bizim məhəllədə boşuna gəzmə. Məni görməyəcəksən. – Bəs.. – Yaxşı, di salamat qal! Anam hələ oyaqdı. Danışa bilmirəm. Heç düz əməlli başlı xüdafizləşə də bilmədilər. Qeyri-ixtiyari yaşıl çəmənliyə baxdı. Kirpi çoxdan çıxıb getmişdi. İki həftə idi o hər gecə səhərəcən bağda gəzir, gözləri kirpi axtarırdı. Axtarışları fayda verməyəndə isə internetdən kirpilər haqqında cürbəcür məlumatlar oxuyurdu. Artıq onların həyat tərzi, yayılma arealları, çoxalmaları, qidalanmaları haqqında heç vaxt bilmədiklərini öyrənmişdi. Dülgər sexinin qarşısındakı kiçik mizin üstünə hirslə çırpılan domino daşlarının şaqqıltısı ətrafı “silkələyirdi” Nisbətən yaşlı usta şagirdinə -Bala nə qədər gec deyil get özünə peşə tap. Bizim işimizə daha ehtiyac yoxdur. Burda domino daşlarını stola çırpmaqla yaşamaq olmaz. Plastik qapı-pəncərə zamanıdı. Heç mətbəxlərdə də taxtadan nəyə isə ehtiyac qalmayıb. – Ay usta bəlkə zaman dəişdi – Oğul, zaman dəyişməyinə dəyişir, amma əmin ol o dəyişiklik bizə sifariş gətirməyəcək. Bir ya iki azıb-təzənlə də çörəkli olmaq olmur. – Salam, üzr istəyirəm mane olduğuma. Bir sifariş vermək istəyirəm. -Buyurun! – Mənə dedilər bu şəhərdə ən yaxşı dülgər sizsiz. Sizə qəribə gələcək, amma bu mənə çox lazımlı bir şeydi. -Buyurun, bir halda ki, bizi soraqlaşıb tapmısız, əlimizdən gələn köməyi edərik. -Mənim üçün taxtadan kirpi düzəltmənizi xahiş edəcəm. Yaşlı ustanın üzünə qəribə ifadə çökdü. -Necə? Kirpi? -Hə dayı, kirpi. Suvenir kimi bir şey. Siz onun gövdəsini düzəldin. Üstünə tikan əvəzi bax bunları yerləşdirərik -deyə o qurumuş tikanlı innab budaqlarını ustaya göstərdi.
MİN ŞÜKÜR (Dildən dilə süzdürənə min şükür) Bir yaqut gizlidi sədəf dalında, Misli yox ölçülə sərraf dalında, Min kəlmə şəlləyib əlif dalında, Dildən dilə gəzdirənə min şükür… * * * Dədəm, babam nəğmə deyib, söz qoşub, Kəsə gedib, doğru deyib, düz qoşub, Məclis qurub, min oxuyb, yüz qoşub, Teldən telə gəzdirənə min şükür… * * * Ustac deyər, hardan gələr bilinməz, Ha deyilə, yeri dolar bilinməz, Gülər gözdən qəm süzülər bilinməz, Eldən elə gəzdirənə min şükür… 20.10.2016. Bakı.
Bulud qoymur səni görüm, ay Allah!.. Əzab çəkir içimdəki dəli ruh, Biləmmirəm nə savabdı, nə günah. Aç göylərin qaş-qabağın biryolluq, Bulud qoymur səni görüm, ay Allah!… * * * Bulud qoymur səni görüm, ay Allah! Göylər kimi içimiz də qapqara. Ha yusaq da, ha sürtsək də xeyri yox, Hisi-pası çətin bir də ağara. Çətin yuyub təmizləyə bu yağış Ruhumuzun palçığını-kirini. Dünya özü yaranandan fırlanır Bizim kimi o da tapmır yerini. Nə yurdu var, nə heç kimin yuvası, Hamımızın içi bulud havası… * * * Hamımızın içi bulud havası, Yağış yağır, şişir dərdi-qəmimiz, Bilinməyir nə yönümüz-çəmimiz. Tapılmayır qapımızın açarı. Aç göylərin qaş-qabağın biryolluq, Bulud getsin ömrümüzdən, ay Tanrı! * * * Bulud getsin ömrümüzdən, ay Tanrı! Günəş gülsün, biz də gülək günəşə, Nazlı-nazlı baxıb, bircə baxışla Qərq eyləsin bizi oda-atəşə. Seyr eyləyək üfüqü, dan yerini, Dağ başında çəni, duman yerini, Qürub çağı qürubdan da zövq alaq, Aradabir dənizə də baş vuraq. Dalğalansın yanımızdan ləpələr, Könlümüzdən dolanır, daha nələr… Bircə bulud tutmasın göy üzünü. Aç göylərin qaş-qabağın biryolluq, Tanrı, bizdən gizlətmə gəl üzünü! Tanrı, bizdən gizlətmə gəl özünü! 16.04.2016.
Əmiraslan ömrünün son anlarını yaşayırdı. Nəfəsi sanki ağzında idi, ciyərlərinə gedib çatmırdı. Özü də, ətrafında olan yaxınları da dərk edirdilər ki, o artıq dövranını başa vurur. Bəs niyə dövranını dedim?! Axı, bu 76 yaşlı qoca əvvəllər yorğa at kimi durmaq nədi, bilməzdi. Hamı onun qoçaqlığına heyran idi. O zamanlar dövran, necə deyərlər, Əmiraslanın dövranıydı. Su durar, Əmiraslan durmazdı. Bu otuzunda da belə idi, altmışında da… İndi isə artıq o günlər geridə qalmışdı. Bir vaxtlar rəhmətlik qonşusu Əhməd kişi ona zarafatyana belə demişdi:
-Ay Əmiraslan, altımışı çoxdan haqlayıbsan, yetmişinə də az qalır. Sən elə and içibsən ki, günün çıxmağını da, batmağını da çöldə, tarlada qarşılayıb yola salaraq bu dünyadan köç edəcəksən? Bir evinə yığış. Gəl bizlərə yovuş, bağ-bağçada köhnə tanışlarla samovar qaynadırıq, kəklikotu çayı dəmləyib içirik. Keçən günləri yada salırıq, gələndən, gedəndən danışırıq. Elə hey tutubsan, işləmək, yenə də işləmək. İşdən qeyri məşğuliyyətlər də var. Həyat yalnız çöldən, tarladan ibarət deyil.
Əmiraslan da bu sözlərin qarşılığını belə vermişdi:
-Əhməd, iş insanın cövhəridir, gözümü açandan işləmişəm, əldə-ayaqda güc olanadək də işləyəcəyəm. Bədənimdən tər çıxmasa, ölərəm. Bir də ki zalım dövrana gəlib çıxmışıq. İnsanlardan nə qədər qaçsan, yaxşıdır. Təbiətdən isə insana pislik gəlməz. Ona görə də təbiəti özümə dost seçmişəm. Anam dünyasını dəyişəndən təbiət həm də anam olub. Belə daha yaxşıdı. İndiyə qədər bir-birimizə də xəyanət etməmişik. Nə əkmişəm, yüz qatını götürmüşəm. Çətin gündə imdadıma çatıb, yoxsulluqdan qurtarıb.
Əmiraslan qoçaq-mərd kişi idi, həm də ki köhnə qoçaq-mərdlərdən. Elə kənddə də hamı onu köhnə kişilərin son qalası kimi tanıyırdı. Onun sözünü bir eləmirdilər. Böyük də, kiçik də hörmətini saxlayırdı. Küsülülər Əmiraslanın bir sözü ilə barışığa qol qoyardılar. Kəndli arasındakı dolaşıq məsələləri də o həll edərdi. Yaxşı tərəfi isə o idi ki, onun sözünə qulaq asan, dediyinə əməl edən heç zaman peşman olmazdı. Hətta iş o yerə gəlib çatmışdı ki, kənd camaatı Əmiraslanın dediyini müqəddəs qanun hesab edirdi. Camaat bunun hikmətini də öz aralarında belə yozmuşdu: düz adamın sözü də özü kimi düz olar, yaxşı və dünyagörmüş ağsaqqal sözünü dinləmək isə heç zaman zərər verməz.
Əmiraslanın qocaqlığı dava illərində də özünü göstərmişdi. Hələ o vaxtları gənc dəliqanlı olanda düşmənin başına bəla olmuşdu. Səngərdən düşmən üzərinə ilk atılan da o olardı, öndə gedən də. İldırım sürətilə özünü ələ verməzdi. Üzünü də heç zaman düşmən görə bilməzdi. Xışıltısını bəzən duyardılar, onda da düşünərdilək ki, qurddu-quşdu. Davadan qayıtdıqdan sonra isə yenə işlədi, işlədi. Amma yığdığını özü yemədi, yetim-yesirə payladı. Yoxsullara əl tutdu. “Yığıb neyliyəcəyəm?!”- dedi. Mən yığsam, övladlarım tənbəl olacaq, yeyib-içib bir-iki günə dağıdacaqlar. Qoy onlar da işləsinlər, bilsinlər ki, heç nə asanlıqla başa gəlmir. Həm də insana qalan bir yaxşılıqdı, varındısa, əl tutassan. Onu da eləməsək, onda insanıqdan çıxmış olarıq.
Bizim Əmiraslanın həyatı bax belə keçmişdi. Ta ki 3 il bundan öncəyə kimi. Xəstəlik tapdı, dəmir bədənli Əmiraslan azarladı. 73 illik ömründə xəstələnmək nədi, bilməzdi. Bu yerlərin dağ-dərələrindəki otlar onu polad kimi eləmişdi. Amma neyləmək olar?! Bu dünya insanı paltar kimi istifadə edir. Köhnəlmə, köhnəldin vay halına. Atacaqlar səni. Necə ki gözəl paltar alırsan, istifadə edirsən, geynirsən. sonra köhnəlir, yırtılır və atırsan. Dünyada insanı bax beləcə istifadə edir. Əvvəlcə gözəlim olursan, sonra yavaş-yavaş köhnəlirsən və…
Əmiraslan da bu dünyada köhnəlmişdi. Bunu o da anlayırdı. Ona görə də son anlarında bu hislər, düşüncələr burulğanına qərq olmuşdu. İndi Əmiraslan hər şeyi – qoçaqlığı, işgüzarlığı, bütün olub keçənləri geridə qoymuşdu. Neyləmək olardı. Həyat belədir, zalımdır, həm də çox zalım. Əmiraslan da son nəfəsində bu zalımlıqla baş-başa qalmışdı. Bir özü idi. Bir də ki əməlləri. Ağlından keçən son düşüncə də bu oldu: insanın bu zalım dünyadan apardığı tək şey əməlləridir. Bu sözləri deyib son dəfə nəfəs aldı və gözlərini yumdu. Beləcə daha bir həyat səhnəciyi yekunlaşdı. Pərdələr salındı…
Bəstəboy dədəmin çatmaqaşlarının altından bizə baxan sərt baxışlarını ilk dəfəydi ki, o gün yumşalmışdı.Əslində, atamın ürəyi yumşaq, mərhəmətli adam idi. Nənəmin, onun bir dediyini iki etmədiyindən bunu bilirdik. Şərq ölkələrində ataların övladları ilə, xüsusən, oğlanlarıyla pərdə saxlaması yazılmamış qanunlardandı. Sovet dövrünün uşaqları olsaq da, biz ata-analarımızı “dədə-nənə” deyə çağırardıq. İndi övladlarım mənə gah “ata” deyirlər, gah da “papa”. Böyük qızımın kefi kök olanda “babacım”, kefinə düşəndə “ dədə” çağırar. Halbuki, dədəm həftəylə evə gəlməyəndə bacılarım dədəmin üzündən öpmək nədir, üz-üzə gəlməyə utanardılar. İndi ata-bala münasibətləri tamam fərqlidir. Nə isə, övladlarımın mənimlə dostluq münasibətləri məni qane edir. Nənəm əsgər getməyimi istəmirdi. Dədəm məndən böyük əmim oğluyla həyətdə, çəpərin yanında, məni qucaqlayıb ağlayan nənəmin qolları arasından nə vaxt çıxacağımı gözləyirdi. Qadınlarla ayrılığın çətin olduğunu hansısa əsərdə oxumuşdum, xatırlamıram. Mənim ilk dəfə qadınlarla ayrılığım elə həmin vaxt; nənəm, bacılarım və qonşu kənddə ürəyimi aça bilmədiyim İlknurla olmuşdu. Darıxmaqdan başqa əzab çəkməyəcəyimi də yaxşı bilirdim. Dədələrimiz demişkən, “kişilik” məktəbini keçməyə gedirdim. Nənəmin hönkürməsi axırda dədəmi hövsələdən çıxartdı: -Bəsdir aaz, elə bil oğlunu ölümə göndərir. İki ildən sonra qayıdıb gələcək. Onda oğlunu məndən çox görəcəksən. Nənəm yenə üzümü göz yaşıyla islatdı, qara, əliylə ağzını tutdu, asta addımlarla çəpər tərəfə, dədəmgilin yanına getdi. Bacılarım da nənələri kimi qollarını boynuma doladılar, dədəmin xofundan halallaşmaq uzun çəkmədi. Qardaşımla qucaqlaşanda isə mən kövrəldim, o sevindi. Böyük qardaşlar əsgər gedəndə kiçik qardaşlar özlərini əsl kişi kimi hiss edirlər. Həyət-baca, nənə-bacı, elə dədənin də özü onlara əmanət olur, qorumaq istəyirlər. Həyət qapısından bir az uzaqlaşmışdıq ki, nənəm dədəmin gəlinlik vaxtı başına örtdüyü qara, güllü yaylığının ucuyla islanmış yanağını silib, hamamda çiməndə istifadə etdiyimiz sarı qulplu, iri parçla dolu suyu arxamızca tökdü. -Sağ get, salamat qayıt, bala. Qapı ağzına çıxan kim vardısa mənim üçün dua edirdilər. Təzə gəlinlər, ərlik qızlar evlərin pəncərələrindən, aynabəndlərdən baxırdılar. Nənəm ağızdolusu dualardan təzədən həvəsə gəldi. -Sən allah, əynini isti saxla. Pis şeylərə baş qoşma. Xatadan-baladan uzaq qaç. Əllərini belinə çarpazlayıb, qapıdan çıxandan bir dəfə də olsun başını yerdən qaldırmayan dədəmin geriyə dönməyi ilə nənəmin susmağı bir oldu. Nənəm həyətə girdi, biz yolumuza davam etdik. Kəndin avtobusuna mindik. Özüm pəncərə tərəfdə oturdum, yanından keçdiyimiz kəndləri, arxada qoyduğumuz dağları yaddaşıma köçürmək istəyirdim. Qubadlıdan çıxanda yolun sağ tərəfində “asfaltzavod” deyilən bir yer vardı. El arasında ora “qır zavodu” deyirdilər. Bir neçə dəfə bizi məktəbdən buraya pambıq yığmağa gətirmişdilər, amma “qır zavoduna” kimi gəlib çıxmamışdıq. İndi birdən-birə buraya gəlib çatanda ürəyimdə bir nigarançılıq yarandı. Elə bildim ki, doğma el-obadan birdəfəlik çıxıb gedirəm. “Qır zavodu” yolun sağında olduğundan başımı çevirib sola baxdım, istəmədim mənə qaranlıq kimi görünən dəzgahları görəm. Sol tərəfdə ucsuz-bucaqsız günəbaxan, qarğıdalı qarışıq sahələri boy verirdi. Gözoxşayan günəbaxan gülləri Həkəri çayını görünməz etmişdi, ilin bu vaxtı Həkəri çayı çox könüloxşayan görünürdü, elə bil təzə gəlin kimi olurdu. Bir anlıq ürəyimdən bir istək keçdi, qarşılıqsız olan ilk məhəbbətimlə – İlknurla yan-yana günəbaxanlar arasından özümüzə cığır açaq, çaya qədər gedək. Eşqə düşüb fikir çəkməyim dədəmin də gözündən qaçmamışdı. Elə bilirəm dərdimi dədəmə nənəm özü danışmışdı. Nənəmə demişdi: “Ona denən, kişi olanda, onsuzda kəndin qızlarından kimisə sevəcək”. Hər dədəyə öz oğlu yaşadığı yerlərin qızları vurulacaq qədər əzizmiş. Boyu boyuma çatanda mən də elə bilirdim oğlumun dərdindən məhlənin qızlarının gecə yuxuları ərşə çəkilib. Getməmişdən bir həftə əvvəl İlknura öz bacısı vasitəsilə ağ dama-dama dəftərin vərəqinə yazdığım ürək sözlərimi göndərmişdim. Çəpərin o biri tayından ətrafa baxa-baxa ondan cavab gözləyirdim. İlknur fikirləşdiyimdən də hazırcavab çıxdı. Bacısından; “Tülkü, bizdə sənə verməyə toyuğumuz yoxdur” – cavabını qaytarmışdı. Qollarını bir-birinə dolamış, həyətin ortasında dayanıb özündənrazı halda gülümsəyirdi. Çox güman cavabına qarşılıq verməyimi gözləyirdi. Uzaqdan gözlərinə baxmağa çalışırdım. Ayaqqabımın ucuyla torpağı eşələdim, başımı təzədən qaldırdım, ona baxdım. Onda başa düşdüm ki, sevgi kişi olub-olmamağına baxmır. Sadəcə, qızlardan müsbət cavab almaq üçün mütləq kişi olmalısan. Hərçənd, dədəm kimi üz qırxmağı orta məktəbdən başlamışdım, köynəyimin boğazıma yaxın düyməsini açanda sinəmin tüklərini görmək olurdu. Əsl qara oğlan kimi cəlbediciliyim varıydı, kişi deyildim. İki ildən sonra, “kişilik məktəbindən” qayıdanacan susmağa qərar verdim. Daxilən İlknurla sağollaşdım. Əmim oğlu qolumu silkələdi, xəyallarımdan ayrılmalı oldum. “Qır zavodu”ndan sonra Zəngilandan gələn yola çıxıb bir xeyli irəliləmişdik, deyəsən yolun solunda qalan Şərfan kəndini keçirdik, bunu dirəyə yapışdırılmış lövhədəki addan oxudum. Kəndin qurtaracağında yol haçalanırdı. Burada avtobus sağa dönüb “Akara” yazılmış istiqamətdə yoluna davam elədi. Bir az getdikdən sonra gəlib “Akara” stansiyasına çatdıq. Dədəmdən öyrənmişdim ki, Akaranın əsl adı Həkəridir. Dəmir yolun çəkilişində və stansiya binasının tikilişində işləyən ruslar “Akara” dediklərindən bura belə adlandırılıb. Amma ahıl çağına çatmış ağsaqqallar, qocalar buraya “Həkəri” deyirdilər. Biz stansiyaya çatanda orada çoxlu adam toplaşmışdı; kimisi əsgər gedirdi, kimisi yola salırdı, kimisi də maraq üçün vağzala çıxmışdı. Elə bu zaman qarnından “evin eyvanı, kişinin qarnı” məsəlini xatırladan hərbi komissarın nümayəndəsi praporşik Cabbarov səsgücləndirici ilə elan verdi: -Qubadlıdan adını çəkdiklərim bir-bir yaxınlaşsınlar. “Mirzəyev Soltanbəy Həsən oğlu” eşidəndə yaxınlaşdım. Praporşik çəpəki məni süzdü. -Adın nədir sənin? – deyə astadan soruşdu. -Soltanbəy. – Elə mən də astadan cavab verdim. -Yeri, yeri dur cərgəyə. Bəyə bir bax! – Rişxəndlə dilləndi. Siyahıda adlar oxunduqdan sonra bizi cərgəyə yığdılar və bir saatdan çox beləcə saxladılar. Axşamüstü idi artıq, “Qafan – Bakı” qatarı gəldi və bizim üçün ayrılmış sərnişin vaqonuna mindik. Bizi yola salmağa gedənlər isə başqa vaqonlara bilet almışdılar, bilet ala bilməyənlər də vaqon bələdçiləri ilə dil tapıb yerləşəcəkdilər. Bələdçinin dediyinə görə Bakıya səhər tezdən çatmalıydıq, amma alatoranlıqda bizi yuxudan oyadıb qatardan düşürtdülər. Öyrəndik ki, bu yerin adı Biləcəridir. Mərkəzi Çağırış məntəqəsi vağzala yaxın olduğundan praporşik Cabbarov bizi cərgəyə düzüb piyada yerişlə ora apardı. Digər rayonlardan gələnlər də bizim kimi, Çağırış məntəsinə piyada gedirdilər. On beş-iyirmi dəqiqədən sonra artıq Çağırış məntəqəsinin həyətində idik. Həyət adamla dolu idi. Praporşik Cabbarov bizi bir küncdə saxlayıb hara isə getdi. “Heç kim yerindən tərpənməsin” qəti tapşırıq verdi. O, bir neçə dəfə gəlib bizə dəysə də dəqiq heç nə demirdi. Hara gedəcəyimiz, nə vaxt gedəcəyimiz bizə gizli olduğu kimi, deyəsən ona da məlum deyildi. Günortaya yaxın əməlli-başlı üzülmüşdük. Bir yandan aclıq, bir yandan da qeyri-müəyyənlik bizi yormuşdu. Hara olur-olsun, təki göndərsinlər, çıxıb gedək. Bizimlə birgə ayrı-ayrı bölgələrdən gələnlər, elə şəhərin özündən də olan çağrışçılar günortayacan toplantı məntəqəsinə gözləməli oldular. -Diqqət, diqqət! – Səsgücləndirici ilə səsləndirilən komanda birdən hamımızı xəyaldan ayırdı. Tribunaya boyu ilə eni bilinməyən, topa bığları ilə diqqət çəkən bir nəfər üzünü bizə tərəf tutub nə isə demək istəyirdi. Çiynindəki ulduzunu görməsək də zabit olduğunu təxmin etmişdik. Qolunda qırmızı qalın lenti də vardı, bu isə onun növbətçi olduğuna işarəydi. -Məni diqqətlə dinləyin. İndi adını çəkdiyim çağırışçılar gedib yaxınlarıyla görüşsünlər. Sonra meydançanın sağ tərəfində yazılmış “1” rəqəminin yanında üç cərgə olaraq ard-arda düzülsünlər. Həyəcanlandığımı hiss etdim, daha onun nə dediklərini xatırlamıram. Adımı eşitçək qaçıb dədəmin yanına getmək onunla tələsmədən görüşmək istəyirdim. Yaxınlarımız, yəni bizi yola salmağa gələnlər harda olduğumuzu bildikləri üçün bizdən çox da uzaqda deyildilər. Odur ki, çağırışçı yoldaşlarımı tərk edib dədəmin yanına getdim. Dədəm diqqətlə gözlərimə baxdı. Nazik, qara şalvarından əvvəlcədən bükdüyü pulu çıxardıb geyindiyim trapes şalvarımın cibinə qoydu. -Çox olar. Mən bu qədər pulu neyləyəcəm? -Çox olmaz. Üç yüz manatdır. Hara getdiyiniz bilinmir. Bir də gördün on-on beş gün yol gedəsi oldunuz. Daha heç nə demədim, razılaşdım. O vaxtlar trapes şalvarlar, damalı köynəklər modda idi. İndiki kimi fərqli geyimlər dəb deyildi. Qızların geyindiyi donlar da bir-birinə bənzəyirdi. Əksəriyyətinin donu gülü-çiçəyi xatırladırdı. Hiss edirdim, dədəmin dili söz tutmurdu. Nə isə demək istəyirdi, udqunurdu. Əmin oğlu da kövrəlmişdi. Dədəmə tez-tez “Həsən əmi” deməklə elə bil ürək-dirək verirdi. Dədəm iki barmağıyla gözlərini ovuşdurdu, başını aşağı saldı. Mənim də gözlərim dolmuşdu, ilk dəfə dədəmin sərt baxışlarını görmürdüm. Hamı bir yana, dədəmi qoyub getmək istəmirdim. Yayın istisində xoş olmayan hisslər ürəyimdə tufan qoparırdı. Adımı-soyadımı eşidəndə özümü birtəhər ələ aldım: -Dədə, salamat qalın, getməliyəm. – Güclə bunları deyə bildim, elə bil mən yola salırdım, məni yola salmırdılar. Dədəmlə bərk qucaqlaşdıq, sonra əmim oğluyla qucaqlaşıb vidalaşanda dədəmin ağlamağının şahidi olduq. “Kişi ağlayanda ürəyi qadın ürəyinə bənzəyir” həmişə belə deyərdi dədəm. İndi dədəm onun qəhərləndiyinin şahidi olduğumuzu görcək özünü cəmləşdirdi, üzümə iki dəfə yüngül şillə vurdu, cümlələri arasında məsafə qoya-qoya dedi: -Köpəkoğlu, adam ol. Oralarda başını cəngələ salıb eləmə. Tez-tez məktub yaz. Nənəngili nayran qoyma, ha!… Dədəm dərindən köks ötürdü, əliylə sinəmdən yüngülcə itələdi: -Di get! Sənə yaxşı yol Əmim oğluyla tələsik bir də görüşdüm. Qırmızı ikarusa minmək üçün onlardan uzaqlaşdım. Yenə pəncərə tərəfdə oturdum. İzdihamlar arasından gah görünən, gah da görünməyən dədəmi axtarırdım. Dədəm əlinin dalıyla gözlərinin yaşını silirdi. Məni gördü, gülümsədi. Əlini ürəyinin üstünə qoyub yüngülcə vurdu. Mən başa düşdüm ki, o, nə demək istəyir. “Atalar oğullarına dayaq olmaq üçün arxa cəbhədə dayanan əsgərlərdir”. Aeroportdan birinci Moskvaya uçduq. Adını birinci dəfə eşitdiyim Vnukovo aeroportunda on beş respublikadan hərbi xidmətə gələnlər vardı, onların arasında ermənilər də az deyildi. Sovetin vaxtında ermənilərlə düşmənçilikdən söhbət gedə bilməzdi. Erməni milliyyətindən olan qızlarla evlənən azərbaycanlılar da az deyildi. Nadir hallarda bizim qızlardan erməni oğlanla ailə quran olardı. Təzə-təzə böyüklərimiz razı olmazdılar. Elə ermənilərin də ağsaqqalları bu izdivacın əleyhinə idilər. Sevgi isə yeganə hissdir ki, nə millətə baxır, nə də inanca. Adətlərimiz də bir-birinə oxşayırdı. Dədəm də bir dəfə yanımda demişdi: “O, oğulu silərəm ki, gedib ermənilərdən qız ala”. Mən də, qardaşım da həyat yoldaşlarımızı uşaqlıqdan seçdiyimiz üçün, dədəm də bunu bildiyi üçün, biz tərəfdən arxayınçılıq vardı. Bir həqiqəti danmaq olmaz. Sevgiyə inandıq, inanmadıq, o hiss nədirsə, qalib gələnə qədər razı olmayanlar birinci öyüd-nəsihət verirlər, xeyri olmayanda sözdə sənə düşmən olurlar. Asırlar, kəsirlər, lazım olanda döyürlər, axırda da şirin çaylarını içirlər. Eşitdiyim Azərbaycan – erməni ailələrin hamısı gec-tez bu mərhələlərdən keçmişdilər. Hərbi xidmətdə olanacan erməni dostum da olmamışdı. Atamla Qafana gedəndə “salam-sağ ol” üçün erməni tanışlar vardı. Dədəm dediyi kimi oldu, Moskvadan bizi Uzaq Şərqə, Sakit okean ətrafına, Primorskiy kraya, onların dilində Dalnıy Vostok deyilən bir diyara göndərdilər. Düz on üç gün qatarla yol getdik. Nəhayət, dədəmin verdiyi üç yüz manat pul xərclənib qurtaran günü gəlib bir yerə çatdıq. Bizi hərbi hissəyə gətirib kazarmalarda yerləşdirdilər. Başımızı keçəl qırxdırıb çimizdirəndən sonra əynimizə əsgər paltarı geyindirdilər. Əsgər olub cərgəyə düzüldüyümüz gün, həyatımda, bəlkə də ən çox sevindiyim günlərdən biriydi. Həm, necə deyərlər, “kişilik məktəbində” xidmətə başlayırdım, həm də evdən çıxıb üzücü yol yorğunluğundan, narahatçılıqdan sonra sanki, bir rahatçılıq tapmışdım. Lap dünyanın o başında olsaydım da bilirdim ki, burada hərbi xidmət keçəcəyəm. Andiçmə mərasimindən sonra bizi rotalara böldülər. Mən birinci rotaya düşmüşdüm. Bizi beton zavoduna işləməyə göndərirdilər. Üç ay beton zavodunda işləyəndən sonra altı aylıq Ussuri körfəzinin qarşısında yerləşən Bolşoy kamen (Böyük daş) şəhərinə ezamiyyətə getdik. Bizdə tikinti hissəsi (stroitelnıy çast) idi. Hərbi hissəmizin nömrəsi indiyəcən yadımda qalıb. Voenniy çast (hərbi hissə) – 63306-da xidmət etmişdim. Hərbi hissədə qaralar çoxuydu, amma iki müsəlman vardı; mən və özbəkistandan gələn bir oğlan. Qalanları Ermənistanın müxtəlif bölgələrindən gələn ermənilər idi. Babkenlə tanışlığımız ordan başlamışdı. Babken Akopyan Qafandan idi. Özü də azərbaycanlıları çox sevirdi. Mənimlə digər ermənilər rus dilində danışanda Babken təklikdə azəricə danışardı. Diksiyasından yenə də erməni olduğu hiss olunurdu. Onu da yazım ki, ermənilərin çoxu bizim dili yaxşı bilirdilər.İndi də bilirlər. Məsələn, bakıda yaşayan ermənilərin diksiyasından erməni olduğunu hiss eləmək olmurdu. Digər erməni uşaqları məni ya zarafata, ya da acığa “ara tork” çağıranda, Babken soyadımı qısaldıb “Mirzə” çağırardı. Maşın sürməyi bacardığım üçün sürücü işləyirdim. Bizim vaxtımızda əsgərlərə işlədiyi üçün ayda üç manat maaş verilirdi. Millətlərarası düşmənçiliyin olmadığını bilirdik, lakin aramızda bizə nifrət edən ermənilər az deyildi. Qarik Ağayan adlı əsgər yoldaşımızın ilk gündən mənimlə ulduzu barışmamışdı. Onun mənimlə rəftarının yaxşı olub-olmaması vecimə də deyildi. Davamız da düşməzdi.Babken hər ehtimala qarşı bir-neçə dəfə Qarikə görə xəbərdarlıq etmişdi. Mən isə onun hər dəfəsində Babkenin dediklərini qəribçiliyə salırdım: -Babken, o, mənə nə edə bilər? Belə də ki, nə etsə, ikiqat da cavabını alacaq. Hər dəfəsində də başını yüngülcə yelləyər, erməniləri yaxşı tanımadığımı tez-tez deyərdi. Bəzən elə bilirdim Babkenin bizimlə qarışığı var. Əslində, fərqli millətdən olmağımızın ikimiz üçün də heç bir əhəmiyyəti yox idi. Birlikdə çörək kəsmişdik, bir-birimizə qardaş, sirdaş olmuşduq. Arada zarafatıma salırdım; “ Babken, bir gün düşmən olsaq, məni öldürüb eləmərsən ki? ” – Səyləmə ə, Mirzə – əsəbi cavabımı verərdi. Babken tez özündən çıxan adam olduğu üçün onu cırnatmaq xoşuma gəlirdi. Üzüdönük olmadığını yoxsa mən də bilirdim. Lakin ermənilərin fürsət düşəndə üzlərinin necə döndüyünü növbəti il aprelin 23-də gördüm. Bizə beton zavodun yaxınlığında köhnə bağçada yer vermişdilər. Kazarma əvəzi istifadə edirdik. Həmin gün səhər-səhər işə gedirdim. Təxminən 30-40 erməni yoldaşımızın kazarmada qalıb nə isə hazırlıq gördüklərinin şahidi oldum. Kimisi ət doğrayırdı, kimisi samovarda çay dəmləyirdi, kimisi yandırmaq üçün odunları bir kənara yığırdı. Ayda bir dəfə hər birimizin evindən bizə pay-pürüş, pul göndərilirdi. Həftədə bir dəfə məktub yazıb göndərmək adətimiz olmuşdu. Evdən gələn pullarla ən çox bir-birimizin ad gününə hədiyyə alar, kef məclisi qurardıq. O gün də elə bildim kiminsə ad günüdür. Həmin günəcən elə bilirdim, aramızda millət söhbəti yoxdur. Qarik də kazarmada qalmışdı. Babken hazırlıq görən ermənilərə gözlərini qıyaraq şübhəylə baxması da məni şübhəyə salmamışdı.Babkendən soruşdum: -Bu gün kimin ad günüdür? Babken məndən bir az qabağa düşdü. -Heç kimin! -Onda niyə toplaşıblar? Nəyə hazırlaşırlar? Babken sualıma cavab vermədi. Axşam da məndən əvvəl işdən çıxıb kazarmaya gəlmişdi. Qanı qaralmışdı, ara vermədən bir-birinin ardınca siqaret çəkməyindən bilirdim. Bir siqaret də mən yandırdım, səhər verdiyim sualı təkrarladım. -Nə məsələdir, Babken? Səhər sualıma niyə cavab vermədin? Babken üzümə də baxmadı. -Yağış yağacaq, Mirzə. Mən də pəncərədən çölə baxdım. -Bilirəm. Aprel ayıdır də, yağmalıdır. Bir də mən gələndə damcılayırdı. Bu dəfə Babken gözlərimə baxdı, elə bildi ki, mən nə isə bilirəm. -Sabah Andranikin günüdür. Hər şey mənə aydın oldu. -Sizin məşhur Andraniki deyirsən? Hə də, siz axı hər il yeyib-içməklə onun matəmini saxlayırsız. Babken başını yelləyib pəncərənin yanından uzaqlaşdı, çarpayısında oturdu. -Sən necə də sadəlövhsən. Hələ də heç nə bilmirsən, tork. Təəccüblənmişdim, o, ilk dəfəydi ki, mənə “tork” deyə müraciət edirdi. -Onlar səni öldürmək istəyirlər. Andranikin qulağını bilirsən də kim kəsib? Babkenin sualına cavab vermirdim. Əsgər yoldaşlarımın məni öldürmək planı qanımı dondurmuşdu. Babken danışmağa davam edirdi: – Görürsən? Heç nə bilmirsən, Mirzə.Amma biz sizin tarixinizi yeri gələndə sizdən yaxşı bilirik. Andranik erməni, bolqar xalqı üçün qəhrəmandır. – Azərbaycan, türk xalqı üçün də satqındır. Uşaq, qoca, qadın qatilidir. Erməni general dostu olmasaydı, bolqarlar onu qəhrəman görməzdilər.Narahat olma, biz də sizin tarixi pis bilmirik. Hardadı o əclaf? Görüm hansı köpəkoğlu məni öldürəcək? İxtiyarsız səsimi yüksəltmişdim, qan başıma vurmuşdu. Qariki yumruqlarımın altında əzişdirmək istəyirdim. Babken qarşımda dayanıb, məni sakitləşdirməyə çalışırdı: – Mirzə, xahiş edirəm, məni deməyimə peşman eləmə. Onlar çoxdur, sən təksən. Lap mən də sənin yanında olacam. Sonra? Ağılla hərəkət eləmək lazımdır. Bu məsələni sakit həll etməliyik. Babken haqlı idi. Coşmaqla məsələni həll eləmək olmazdı. Babken guya məni sakitləşdirmək üçün zarafat elədi. – Sizinkilər sənə qoymağa ad tapmadı, Mirzə? Özümü birtəhər ələ aldım, yenə də hirsli idim. – Dədəm elə adımı Soltan bəyin şərəfinə qoyub, Babken. Onların planı nədir? – Səni birinci yeyib-içməyə çağıracaqlar, sonra da öldürəcəklər. Hirsimdən güldüm. -Nə danışırsan? Üstündən gör neçə il keçib,bir-birimizə qız alıb verən millətik, bunların planına bax! Bunu eləməyə dal lazımdı e!… Tutaq ki, məni öldürdülər. Sonra nə cavab verəcəklər? Babken oturdu,iki barmağı arasında külə dönmüş siqaretini batinkasının altında söndürdü, bu dəfə rus dilində dedi: – Nə olsun mehriban yaşayırıq.Hər il Andranikin şərəfinə mütləq bir tork öldürülür. Ya toka verərlər, ya zəhərləyərlər, ya da maşın qəzasına salarlar. Babken ayağa qalxdı, mənə yaxınlaşıb qolumdan tutdu. Səsi titrəyirdi. -Mirzə, səni çox istəyirəm. Mənə sirdaş, qardaş olmuşuq.Yalvarıram, tərslik eləmə. Qaç çasta, iki-üç günə qayıdarsan. -Bəs, məni axtarmayacaqlar? -Nə axtarmaq? Mirzə, başa düşmürsən ki, səni öldürəcəklər? Onlar danışanda eşitmişəm. -Bəs sən? Babken bu dəfə bizim dilimizdə danışdı. -Narahat olma, erməni erməniyə heç nə etməz. Bizim altı rotamuz vardı. Beşi qalmışdı Novanejin şəhərində. Qarikgilin başı qarışanda Babken qaçmağıma kömək etdi. Sərnişin qatarına minənəcən məni gözlədi, sonra qayıtdı kazarmaya. İki saatdan sonra, axşam saat səkkizdə qatardan Novanejində düşdüm. Yaxın olduğu üçün çasta piyada gəldim. Ordakı Azərbaycan uşaqları gəlişimə təəccüblənmişdilər. Niyə gəldiyimi soruşanda erməni əsgər yoldaşlarımın planlarından danışdım. Çastda erməni uşaqları da dediklərimi təsdiqlədilər, Andranikin şərəfinə mütləq bir türk qurban seçildiyini, qaçmaqla düz hərəkət etdiyimi dedilər. Babkenin təhlükəsizliyi üçün haqqında bir kəlmə də olsun danışmadım. Üç gündən sonra öz çastımıza qayıtdım. Qapı ağzında Qariklə bir neçə erməni yoldaşları söhbət edirdilər. Qarik məni görən kimi gülümsədi. Gülümsəyəndə üzündə qəribə mimikalar yaranırdı. Rus dilində dedi: -Neçə gündür görünmürsən, Soltan bəy. Xəyalımda əclafa yaxınlaşıb çənəsinin altından bir yumruq vurdum. Yaxınlaşdım, heç nə olmayıbmış kimi Qarik mənə əl uzatdı. Mən də öz növbəmdə əl uzatdım Qarikə də, o biri ermənilərə də. Rus dilində salamlaşdım: -Yerlilərim gəlmişdi, onlara baş çəkməyə getmişdim. Qarik qələbə qazanmış adam kimi güldü. -Sən çoxbilmiş adamsan, Mirzəyev. Burda qalsaydın, səhərəcən yeyib içərdik. Gülümsədim, onun çiyninə iki dəfə yüngülcə vurdum. -Elə bil ki, yeyib içmişəm, Ağayan. Sağ olun. – Sakitcə onlardan uzaqlaşmışdım ki, Qarikin axırıncı sözləri ayaqlarımı yerdən kəsdi. -Babkeni axtarma. Pilləkanlardan yıxılıb, yaxınlıqdakı xəstəxanadadır. Qarikə yaxınlaşdım, hirsimi cilovlaya bilmədim, yaxasından yapışdım. Yanımdakı ermənilər bizi ayırmaq üçün aramıza girdilər. Qolumdan tutan erməni: -Mirzəyev, sakitləş. – dedi. O biri erməninin erməni dilində Qarikə dediyi sözlərini eşitdim: – İsk hangarts mer handep bogoki! Qarik astadan cavab verdi: -Mi vaxestir yerkusnel cen karoq apatsutsel. Günorta Babkeni görməyə getdim, eşitdiklərimi ona təkrarlayanda bildim ki, onlar şikayət edib-etməyəcəyimiz barədə narahatdılar. Əclaflar Babkenin bədənində demək olar, barmaq qoymağa ağ yer qoymamışdılar. Axşam məni “yeyib-içməyə” çağıranda tapa bilməyiblər, Babkendən şübhələniblər. Sonra da onu o ki var döyüb, pilləkanlardan itələyiblər. Babken mənimlə danışanda əvvəlcə özünü güclə toplayırdı: -Mirzə, mən axmaqlıq elədim. Gərək səninlə gedəydim. Babkenin şikayət etməməsi məni ikiqat əsəbləşdirirdi: -Babken, niyə şikayət eləmirsən? Babken gülümsədi: -Alınmaz, qardaşım. Deyəcəklər, erməni erməniylə yola getmir. -İncimə, Babken, millətinin murdar nümayəndələri çoxdur. Babken gülməyə çalışır, nəfəsi daralırdı, ancaq yenə də ermənilərin tərəfini saxlamaqdan qalmırdı. -Dediyin murdarlardan hər yerdə var. Yenə də bu hadisəylə Babken kimi barışa bilmirdim. Qariki görməyə gözüm yox idi. Məni görəndə bir-neçə dəfə salam verdi, cavab da vermədim. Ona da, onunla əlbir olan ermənilərə də!… Babken xəstəxanadan çıxdı. Məsləhətləşdik, məzuniyyətimin bitməyini gözləmədim. Ərizə yazdım, Novanejna şəhərinə – çasta gəldim. Komandirimiz asetin millətindən idi. Məni kərpic zavodda işləməyə göndərdi. Orda yaşca məndən böyük olan Natalya adlı bir qızla tanış oldum. Gözəlliyi bir tərəfə, mülayim xasiyyəti də məni özünə bağlamışdı. Niyə yalan deyim, çox istərdim, ona qarşı olan hisslərim İlknura qarşı olan sevgimi üstələsin, alınmadı. Hərbi xidmətimizi başa vuranacan münasibətimiz davam etdi. Akarada düşəndə məni Bakıdan yola salan əmim oğluyla qardaşım qarşıladılar. Gözüm isə, dədəmi axtarırdı: -Dədəm niyə gəlmədi? Əmim oğlu cavab verdi: -Evdə səni gözləyir. Əslində, dədəmlə bağlı xatirələrimi yazmaq mənim üçün çox ağırdır. Həyətə girəndə nənəm, bacılarım məni gözlərinin yaşını tökə-tökə qarşıladılar. Dədəmi yenə görmədim. -Dədəm hanı? Qardaşımın gözləri dolmuşdu, nənəm hönkürtü ilə ağladı. Əmim oğlu həqiqəti udquna-udquna deyənəcən artıq hər şeyi başa düşmüşdüm. -Həyatdı, əmi oğlu. Dizlərimi nə vaxt yerə qoyduğumu xatırlamıram. Üzümü ovuclarımda gizlətdim, ürəyim yerindən çıxanacan hönkürtüylə ağladım. Dədəm məni yola salanacan keçirdiyim xoşagəlməz hisslərin nə olduğunu o gün dərk elədim. Son bir ildə niyə mənə gec-gec məktub gəldiyini də!… Dədəmin boynunu qucaqlamaq yox, iyulda rəhmətə getdiyi üçün ilini vermək qismət oldu. Dədəm bir gecə yatmış, bir səhər isə ayılmamışdı. Daha bir il keçdi. Bu bir ildə həyatımda çox şeylər dəyişdi. İlknur sevgimə müsbət cavab vermişdi. Xoş anlar yaşatmaqla yaddaşımda qalan Natalya ilə arada məktublaşırdıq. Bir gün isə sırf təsadüfdən Qafanda Babken ilə qarşılaşdıq. Saakyan küçəsiylə gedəndə bir nəfər arxadan gözlərimi yumdu. Günəşin şüalarını barmaqlarının arasından fərq elədim. Səsindən Babken olduğunu bildim. Görüşdük, qucaqlaşdıq, birlikdə “Zəngəzur” restoranına getdik. Əsgərlik xatirələrindən danışdıqca yüz-yüz vururduq. Babken mənimlə yenə də mənim dilimdə danışırdı. -Babken, sənin vallah, bizimkilərlə qarışığın var! – deyib rumkamı rumkasına yüngülcə vurdum. -Yox Mirzə, təmiz erməniyəm. Saf millətsiz deyə, sizləri çox istəyirəm. Gələn ay Rusetə köçürəm. Yerimi rahatlayım, sənə məktub yazacam. Babken dediyi kimi də elədi. Rusiyaya köçdü, ancaq ondan məktub gəlmədi. Qafanda onu tanıyan erməni tanışım da yox idi ki, haqqında nə isə öyrənə bilim. Babken bir həqiqəti düz deyirdi. Ermənilər çox fürsətçil millətdir. Sovet höküməti dağılandan sonra onların üzünü Azərbaycan gördü. Bugün onlar Qarabağı işğal ediblər. Əslində, Qarabağın hansı ölkəyə məxsus olduğu dünya ictimaiyyətinə yaxşı məlumdur. Ermənilər məskunlaşdığı üçün onların adı çəkilir.Tərslikdən nağıllarda oxuduğumuz cinin canı şüşədə olan kimi,bizim də uğurumuz-uğursuzluğumuz ermənilərə himayə edən ölkədən asılıdır. Qızım kimi internetdən nə anlayışım, nə də marağım yoxdur. Arada you tube girib ya saz çalan aşıqları dinləyərəm, ya da gedə bilmədiyim rayonlarımıza baxaram. Qubadlıya aid videolara baxanda dədəmin qəbri yadıma düşür, uşaq kimi ağlayıram. Bircə təsəllim odur ki, erməni Babken bu gün öz millətinə məndən iki dəfə artıq nifrət edir. 12.03.2017
Mən neçə illərdir, oxuyuram. Həm də özümü anlayandan, ətrafı dərk edəndən bəri. Klassiklərimizi bir-bir nəzərdən keçirirəm. Ədalətli cəmiyyət axtaran və bunun üçün hökmdarlara xitabən yazan Nizamini, əqidənin nə olduğunu diri-diri soyularaq bizə göstərən Nəsimini, inandığı Yaradana qul olmaqla yüksələn Füzulini və daha kimləri oxudum, onların dərinliyinə vardım. Bunlar da yetmədi mənə, bəs etmədi. Dünyanı qurtaranın müharibələrə son qoyan olacağını bizə söyləyən Cavid əfəndini, dərdimizin anlamaq dərdi olduğunu aşılayan Mirzə Cəlili də oxudum. Bunlar da yetmədi mənə. Daha üz tutdum dünya ədəbiyyatına. O yoxdan var olan sözün böyük, qüdrətli sahiblərinə. Bu dəfə Tolstoyu, Hüqonu, Drayzeri… oxudum, onların həyata baxışlarını duymaq imkanına yiyələndim. Kuperi oxuyarkən qızıl dərililəri tanıdım, bir irqin necə məhv edildiyinə şahidlik etdim, Balzakla yenə “yuxarı” təbəqələrin nə qədər içi boş, çürük olduğunu, hətta “yuxarıların” “aşağılardan” daha da aşağı olduğuna vara bildim. Oxudum, yenə oxudum, usanmadan, yorulmadan oxudum. Bir də baxdım ki, ən böyük əsərin, ən nəhəng şedevrin üstündən adlamışam, heç onu görməmişəm, düşünməmişəm haqqında. Bu əsər elə “Özüm”əmmiş, “Özüm”ü oxumamışam, heç qatını da açmamışam.
Deməli, mən “Özüm”ü bilməmişəm. “Özüm”ü tanımamışam, oxumamışam. Baxdım, baxdım və düşündüm, dərin düşüncələrə daldım və sonra “Özüm”ü oxumağa başladım. Dedim, dedim ki, hər bir əsərin bir də sujet xətti olur. O süjet xəttinin müqəddiməsi, zavyaskası, kuliminasiya nöqtəsi, razvyazkası və nəhayət, sonluğu – finalı olur. Hər bir insan həyatı da belədir, düz belə, mən də belə bir həyatı – ardıcıl düzülmüş sujet xəttini yaşamışam, elə indi də yaşayıram, yaşamaqda davam edirəm.
Beləliklə, başladım özümü oxumağa. Oxuduqca duydum, duydum ki, hər bir insan bir romandır, həm də çoxhissəli roman, trilogiya, hətta epopeya, Süleyman Rəhimovun “Şamo”su kimi… Bu romanda hər nə istəsən, tapa bilərmişsən. Amma biz bu haqda heç düşünməmişik. Ətrafımızı öyrənərkən özümüzü unutmuşuq. Bilməmişik ki, hər birimiz bir yazıçıyıq, hər bir insanın ən az bir əsəri var. Bu, “Özüm”dür. Bax bunu bilməmişik. Müəllifi bizik bu “Özüm”ün. Onu hekayə, novella, bəzən komediya, dram və faciəyə də çevirən bizik.
…Mən “Özüm”ü oxumağa başladım. Oxudum, oxuduqca düşündüm ki, kaş oxumazdan öncə, yazarkən düşünərdim, necə yazacağım haqda fikri-xəyal yürüdəydim. Düşündüm ki, biz “Özüm”ü yazarkən düşünməliyik, o zaman heç oxumağa, oxuduqca da təəssüf hissi keçirməyə nə hacət olardı?! Bu bir fürsətdir ki, biz “özüm”ü yazarkən düşünək. Belə olmayan halda, aylar-aylara, illər-illərə calanır və bir də görürsən ki, “Özüm” yazılıb-bitib. Heç fərqinə varmadan bu əsəri nəşrə də vermişik, tirajlanıb, rəflərdə satışa qoyulub. O zaman “kaşkilər” düşüncələrimizə hakim kəsilir, bizi çulğalayır, öz ağuşuna alır.
Bax indi bu təəssüf hissi, məni də çulğalayıb. Öz ağuşuna alıb. Və düşünürəm “Özüm”ü vərəqlədikcə. Sonra da deyirəm. Ay insan, sənsən “Özüm”ü yazan. Sənsən bu “Özüm”ün sujet xəttini müəyyən edən. Baş qəhrəmanın necəliyi, yaxşı və pis olması, dahi, yaxud əksinə, eyni hecaya malik cani olması sənin əlindədir. Yardımçı personajlar da, məkan da, bu məkanın necəliyi də sənin “qələminlə” müəyyən olunur. Axı onda nəyə görə peşman olasan?!
Oxu “Özüm”ü, amma yaxşı olar ki, yazdıqca oxu, daha yaxşısı isə süjetini əvvəlcədən müəyyən edib yaz və oxu…
Can qurban beləsinə, Xalı, Haqq qələmindən Kimdə var belə sinə??? * * * Mən aşiqəm bu vaxta, Bu zamana, bu vaxta, İnan, ruhum gəlməyir Cismim olduğu taxta. * * * Mən aşiq, sübh çağına, Enəydim yar bağına, Alma cavan saxlayır Nar daddı damağına. —————————————————– مه ن عاشیق بئـلـه سینـه جان قوربان بئـله سینـه خالی حاق قه له مینده ن کیمده وار بئـله سینه؟؟؟ * * * مـه ن عاشیقـه م بو واختا بو زامانا بو واختا اینان روحوم گه ل مه ییــر جیسمیم اولدوغو تاختا. * * * مه ن عاشیق صوبح چاغینا ائنه ی دیم یار باغینا آلمـا جاوان ساخلاییر نار داددی داماغینا.