Bütün xoşbəxtliklər bədbəxtliyin ovcundadı (Gənc şair Əntiqə Səməndərin şeirləri haqqında) Bir çiçək boyda küləkdi Əntiqə, Ağdamdan əsir. Göynən uçur, yernən gedir. Söznən qanadlanır, dilnən gedir. Bakı hərdən çox incidir Ağdam küləyini. Bakı küləyi dənizdən əsir, Ağdam küləyi dağdan. Bakı küləyi Şimaldan əsir Ağdam küləyi Qarabağdan. Hirsli bir küləkdi Əntiqə. Bir bənövşə boyda, bir yarpaq dolusu küləkdi Əntiqə. Odur, daxil oldu, Azərbaycan Yazıçılar Birliyinə. Birinci mərtəbədə bir az əylənər, elanlara baxar, vərəqləri yellədər, bir qızla qucaqlaşar, birinə də əl edər. Sonra uçar ikinci mərtəbəyə, sağa, sola gedib burular üçüncü mərtəbyə, orda sürəti artar, gələr “Azərbaycan” juranalına, ordan da “Ulduz” jurnalına… Həmişə düşünürəm bu qızı uçuran nədir? Səbrsiz edən, yerindən oynadan nədir? Sonra gördüm əlində vərəqlər var, vərəqlərdə şeirlər var, şeirlərdə sevgi var. Ağdamdan gələndə nə yaşı vardı, böyüdü Əntiqə. Universitetə daxil oldu, Ağdam bilmədi. Üç kitabı çıxdı, Ağdamın xəbər olmadı. Sevdi, Ağdam sevinmədi, gülmədi, çünki Ağdam sevginin üzünü görmədi. İndi neyləyək? Günah kimdədi, məndədi, yoxsa səndə? Ağdamdadı, yoxsa Bakıda? Əntiqə uşaq idi, ağdamsızlığın günahı kimdədi anlamadı. Televiziyada Ağdama baxdı, yenə bilmədi. Şahmar Əkbərzadəni, Aqil Abbası, Qulu Ağsəsi oxudu, Qədir Rüstəmova qulaq asdı, ağdamsızlığını sirrini öyrənə bilmədi ki, bilmədi. Axırda sürətlə böyüdü, Əntiqə. Böyüdü ki, uçan buludların ayağından tutub getsin Ağdama. Amma buludların ayağı qırılıb düşdü Muğana. Əntiqə də ayağında. Bir bənövşənin ləçəyinə düşdü Əntiqə. Bənövşəni oxudu Əntiqə. Gedənləri sevmək, gələnləri qarşılamaqdan, daha gözəldir. Qorxma, gözəlim. Böyüdü Əntiqə, balaca yumruqlarıyla, qırmanc əsəbləriylə. Redaksiyalara şeir verdi, sonra unutdu, yox, unutmadı, gözlədiyini heç vaxt dilə gətirmədi, guya yadında deyil, guya yadına düşmədi. Amma hamsı yadındaydı. Sevən də, unudan da. Düz də, əyri də. Yalançı da, doğruçu da… Uşaq şeiri kimi dəcəldi, dolu kimi hirslidi, yağış kimi mehribandı Əntiqə. Özündən böyüyə -kiçiyə həmişə bu şeiri oxudu: Fərz et ki, yıxılırsan, Əlin xatirələrdən başqa, -heç nəyə çata bilmir… Rəbbindən dilə, nə diləyirsənsə… İllərdi yalvarmağın qaydasını unutmusan. Dost ol yalvarmağa, Sən ona əmanətsən. Başa düşdülərmi, düşmədilərmi Əntiqənin eyninə deyil. Sözləri gülüşləri ilə qoşadı, söz ağacdı, gülüş meyvə.. Əntiqənin əsəbi sözlərini döyəçləyir, döyür, döyür, sonra da Əntiqə əlini belinə qoyub ərkyana deyir: Kədərin ölçüsü kiçik, O, mənim əynimə deyil. Əntiqə həmişə nəzərimdə dəniz küləyinə söykənmiş kimidir. Elə bil yayın tən ortasında külək onu silkələyir. Saçlar dağınıq, üzündə sevincdən çiliklənmiş kədər, bəzən nadinc, bəzən isə sakit olan görkəmində bir dalğınlıq… Bu şeir də onun sakit halının şeirdir: Yordu məni elə kaşlar, Ovcumdan düşdü dualar, Bəxtim, bir az səbrli ol, Sevincin yenidən başlar. Əyilməyi kim sevir ki? Hər kəs özündən ucada. Şansını göydə axtarır, Beli bükülmüş qoca da. Dəcəl bir qızın hikmətinə bax. Mənə elə gəlir ki, dəcəllər böyüyəndə daha müdrik olurlar. Sakit uşaqlar isə, bir az yaşlandımı, başlayırlar dəymədüşər olmağa, kal heyva kimi yerində digildəməyə. Əntiqənin aşağıdakı şeiri onun mənsub olduğu ədəbi gənçlyin epiqrafı ola bilər. Üz-güzündən nadinc gülüşü heç vaxt əskik olmayan gənc bir qızın düşünsəsinə, ağlına bax. Ovcunu sıx,dost, Xoşbəxtlik uça bilər, Biz mütləq deyilik, dost -hər şey “ola bilər”di bizdə. Olacaqlar da ola bilər qədər, Gözlənilməzdi… Bütün xoşbəxtliklər bir bədbəxtliyin ovcundadır, -ovcunu sıx,dost. Əntiqə hadislərin, adamların yan-böyründən sürətlə keçən və mənzil başına tez çatmaq istəyən bir səsdi. Yeriyən, axan, burulan, qıvrılan bir zəngulədir. İstedadı hələ kifayət qədər durulmayıb. Hələ təcrübəsi azdı.. Ancaq bu gənc şair bəzən özündən xəbərsiz elə həqiqətləri deyir və pıçıldayır ki, istər-istəməz onun düşüncəsində formalaşan yenilik hissi səni ələ alır. Aşağıdakı şeirinə baxaq. Mən içimdən kiçilirəm, Bölünürəm hissələrə, budaq-budaq. Hopuram sözlərinə, Yaz məni, dostum varaq-varaq. Alnımdan yerə düşüb, Sınıbdı alın yazım qırıq-qırıq. Əntiqə 1994-cü ildə Aqdamda anadan olub. Mən həmişə 1990,1991, 1992,1993, 1994 -ci illlərin uşaqlarını kədərlə düşünürəm. Bu illərin uşaqları, xüsusən Qarabağ uşaqları öz yurd-yuvalarından ayrı düşdülər. Onlardan biri də gənc şair Əntiqədir. Mənə elə gəlir ki, bu illərin Qarabağda doğulan uşaqları daim harasa təlisirlər, qaçırlar, yüyürürlər və əsəbləşirlər. Onlar küləklər və çiçəklər kimi hər yana səpələniblər. Bu illərin uşaqları ona görə tələsirlər ki, bir yol tapıb Qarabağa qayıtsınlar. Elə bil anaları onları həyətə oynamağa göndəribmiş, indi evlərinə qayıda bilmirlər. Aşağıdakı şeirdə deyildiyi kimi, bəziləri bu hisləri hardan bilsinlər axı, nə bilsinlər ki, yay səhərlərində üşümək necə olur? Sən hardan biləsən axı, Yay səhərlərində üşüməyi. ..hələ qumsal sahildə üzmək eşqini Hardan biləsən axı, Atasızların ana məhəbbətini, Hələ xatirələr yada düşəndə, özündən gizlənmək var, …və birdə göyün altında yaşamaq Bir fəsil xatirən vardı, Bircə yağış payızda yuyulduqca yadıma düşürdü, gözümdən düşməyin! Yüyürür, qaçır, tələsir, yazır, pozur Əntiqə, Bakının oprtasında Ağdam axtarır. Yuxarıda dediyim kimi, elə bil anası Əntiqəni həyətə oynamağa göndəribmiş, indi evlərinə qayıda bilmir. Qızım, sən qayıdacaqsan hökmən. Düş misralarının birinə get, Ağdama gedir bu yol.
BB (hekayə) 20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9:00, mən artıq işdəyəm. Düzü, telefondakı vaxt barədə nəticə məni qane etmədiyinə görə tələsik dəhlizə çıxıb divardakı saata da baxası oldum. Heç məndən çıxmaz iş, bəlkə də ömrümdə birinci dəfə işə vaxtında gəlmişəm. “Tez oyananla tez evlənən uduzmaz” məsəlini beynimdə çək-çevir edə-edə iş masamın arxasına əyləşdim. Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı. Ofisdə orta yaşlı xadimə xanımla məndən başqa heç kim yox idi. Dəstəyi xanım götürdü: – Bəli. Buyurun. Bəli. Yaxşı, – telefona cavab verdikdən sonra, – Əli müəllim, zəhmət omasa 14 – ü qaldırın. – Məni soruşurlar? – Bir az da heyrətlə soruşdum. Düzü məəttəl qalmışdım. Səhərin gözü açılmamış kim idi ,görəsən? Nə istəyirdi? “Adbaad elə məni soruşdular ay xanım?” – deyə bir də xanımdan soruşdum. – Xeyr. Soruşdular işçilərdən orada kim var? – Oldu, – deyib dəstəyi götürməkdən başqa çarəm qalmadı. – Bəli. Buyurun. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim. Eşidirəm sizi, – xəttin o başından incə, ancaq amiranə xanım səsi eşidildi: – Olar, sizə elə kəsədən Əli müəllim deyim? – Bəli. Olar. Buyurun. Eşidirəm sizi. – Sizi “BB”-dən İlahə xanım narahat edir. – Buyurun, İlahə xanım, – məşhur “BB”-şirkətinin adını eşidən kimi gözlərimə işıq gəldi. Ani olaraq ataların ruhuna bir rəhmət göndərib, – Buyurun. Narahat etmirsiniz xoşdur, – deyə davam etdim. – Bilirsiniz, qarşıdan həm bizim bosun, həm də şirkətimizin yaranmasının yubileyi gəlir. Bu münasibətlə Bəy Bala müəllim jurnalistləri çağırıb müsahibə verir. Bu gün səhər saat 10:00 üçün gələ bilərsiniz, sizi görüşə yazım? – Bəli. Yaza bilərsiniz. Yazın. Ancaq gəlin ünvanı dəqiqləşdirək. Mən sizin ofisin yerini təxmini bilirəm. Yenə də dəqiqləşdirsək yaxşı olar. Deyə bilərsinizmi? – Bəli. Zəhmət olmasa, qeyd edin. – Deməli, – Çingiz Mustafayev 104, həyətə girən kimi sağdakı boz qapı, üstündə iri hərflərlə “BB” yazılıb. Oldu. Düz vaxtında orada olacam. Xanım dedikcə qeyd edirmiş kimi, qələmi qeyd dəftərçəsinin üzərində gəzdirsəm də əslində heç nə yazmırdım. Çünki o dedikcə hara gedəcəyim gözlərimin önündə canlandığından buna ehtiyac duymadım. Söhbət bitəndə sadəcə bugünkü tarixə görüş vaxtını qeyd etdim. Sonra redaksiyanın çıxış kitabına çıxdığım vaxtı və gedəcəyim ünvanı yazdım. İçərisində müxtəlif vəziyyətlər üçün hazır suallarım və gündəlik iş üçün vacib digər sənədlər olan qovluğumu qoltuğuma vurub ofisdən çıxdım. “BB” – nin ofisi bizdən bir neçə küçə Qış Parkına tərəf aralı idi. Bizim ofis Həzi Aslanov küçəsində yerləşirdi. Vaxta 15 dəqiqə qaldığına görə “BB” – nin ofisi olan küçədən keçib Qış Parkına gəldim. 10:00-a 5 dəqiqə qalana qədər düz iki siqaret çəkdim. 5 dəqiqə qalanda ağzıma bir saqqız atıb, üstümə ətir vurub təyin olunmuş ünvana doğru yönəldim. “Çingiz Mustafayev 104” – ə çatan kimi bazubənd əvəzi qoluma keçirtdiyim maskamı çıxardaraq üzümə taxdım və üzərində böyük boz rəngli hərflərlə “BB” yazılmış boz qapını açıb içəri daxil oldum. İlahə xanımı soruşdum. Elə girişdəcə telefonların yanında oturmuş xanım gülərüzlə məni qarşıladı: – Buyurun. Sizə necə kömək edə bilərəm? İlahə xanım mənəm. – Mən Əli Mülayim. Saat 10 tamama görüş təyin etmişdik. – Bəli. Buyurun keçin. Bəy Bala müəllim sizi gözləyir. Ancaq zəhmət olmasa, üst geyiminizi və telefonunuzu verin mən saxlayım. Bu qalstuklardan birini bağlasanız lap əla olar. Bax, bu sizin köynəyə lap uyğun gəlir. Buyurun, – deyə üzərində sarı ay-ulduz olan tünd göy rəngli qalstuku mənə uzatdı. Çar – naçar qalstuku alıb girişdəki böyük güzgünün qabağına keçdim. Qalstuku səliqə ilə bağladıqdan sonra, suallar və sənədlər olan qovluğumu da götürüb: – Mən hazır, – dedim. Xanım əvvəlcə qovluğumu da əlimdən almaq istədi. Birtəhər göz-qaşla başa saldım ki, iş üçün lazım olacaq. Nəhayət: – Buyurun. Keçin, – deyə-deyə qapını açıb məni otağa saldı. Bəy Bala müəllim sanki məni görmürmüş kimi öz işində idi. “T” şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan notbuk və sonsuz sayda kağız-kuğuz … Bu mənzərəni insan öz gözləri ilə görməsə, sözlə ifadə etmək çox çətindir. Bəy Bala müəllim başını qaldırmadan bir az yorğun səslə: – Xoş gəlmisiniz. Əyləşin, – dedi və sağ tərəfdə olan yeganə boş kürsünü əli ilə mənə işarə etdi. 5-10 dəqiqə oturandan sonra mənə məlum oldu ki, o da açıq notbuklarda digər ofislərdəki işçilərinin davranışlarını müşahidə edir. Nəhayət, sanki bu məşğuliyyətdən bezərək, – üzr istəyirəm, sizin adınız necə oldu?- deyə düz gözlərimin içinə baxdı. – Əli Mülayim. – Çox gözəl, Əli müəllim. Vallah, indi elə zamanada yaşayırıq ki, mülayim olmayıb neynəyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun. – Elədir. – Əli müəllim. Deməli, vəziyyət belədir. Bu üzümüzə gələn dekabrın 25 – i həm mənim 55 yaşım tamam olur, həm də şirkətimin 20 illiyi olacaq. Düzdür, mənim buna ehtiyacım yoxdur, ancaq yenə istəyirəm ki, mətbuatda, televiziyada bu barədə məlumatlar getsin. – Lap yaxşı. Aydındır, Bəy Bala müəllim. – Bir də xahiş edirəm o maskanı çıxardasınız ki, sizin nə dediyinizi anlaya bilim. Yoxsa, heç nə başa düşə bilmirəm. Burada kim var ki? Bir də inanın səmimiyyətimə bunlar hamısı boş şeydir. Canı verən də, alan da bax o kişidir! – Dedi və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı. – Doğrudur. Doğrudur. – deyə-deyə maskamı çıxardıb əziz matah bir aksesuar kimi köynəyimin döş cibinə qoydum. – İndi deyin görüm, hazır gəlmisiniz yoxsa, hər işi mən görəcəm? – Nə mənada? – Yəni suallarınız, ya nə bilim bir proqramınız varmı belə hallar üçün? – Əlbəttə. – Onda başlayaq. – Başlayaq. Özünüz, ailəniz və işiniz barədə ürəyinizdən keçənləri, bizim oxucularla bölüşmək istədiklərinizin hamısını anladın. Söhbət əsnasında yarana biləcək vəziyyətlərə uyğun köməkçi suallarla mən sizə kömək edəcəm. – deyib, qovluğumdan bu hal üçün nəzərdə tutulmuş suallar qeyd olunan vərəqi və qeydlər aparacağım ağ A4 kağızları çıxardıb masanın üstünə qoydum. – Deməli belə. Mən Xanlar rayonunun Bəyoğlular kəndindənəm. Atamın adı Böyük Bəy, onun da atasının adı Bəy Bura, onun da atasının adı Böyük Bəy, onun da atasının adı Bəy Bala, onun da atasının adı Bala Bəy… Nə başını ağrıdım. Bax beləcə gedir. Adam var, atasın tanımır. MaşAllah olsun. Biz yeddi arxa dönənimizi tanıyırıq. Adətdəndi. Kişi gərək yeddi babasının adını bilə. Siz cavanlar da öyrənin və uşaqlarınıza öyrədin. Bu çox vacib məsələdir. Çox yerdə görürsən mənim adımı səhvən “Bəybala” kimi bitişik yazırlar. Bu səhvdir bizim adlarımız ayrı yazılır. Məsələn, Bəy Bala və ya Böyük Bəy. Bax, belə. Siz də düzgün yazın. Siz inanırsınız mən neçə dəfə belə səhvlərə görə bir qəzetin bütün nömrələrini köşklərdən toplatmışam. Nəsə sözüm onda deyil. Biz ailədə, Böyük Bəyin ocağında iki qardaş və iki bacı, dörd uşaq olmuşuq. Mən ailənin ilki, böyük uşaq olmuşam. Sonra bacılarım, Böyük Bəyim, Balaca Bəyim və sonbeşiyimiz, balaca qardaşım Bala Bəy. Deməli, ötən əsrin 90-cı illərində köhnə hökumət dağılanda mənim olardı 25 yaşım. Cavan, sütül oğlan idim. Atam məni oxutmaq istəsə də, düzü, mənim elə bir fikrim yox idi. Rusun əsgərliyinə də gedib gəlmişdim. Bizdə də ara yavaş-yavaş qarışırdı. Nəsə axır ki, kişi saqqızımı oğurladı. 1991-ci ildə nə az, nə çox düz 60.000 manat pul verib məni qoydu Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə. İndi hər yan universitetdir e. Onda bircə dənə universitet var idi. Kişi deyirdi oxu qurtar, səni raykom katibi qoyacam. Onu deyim ki, o vaxt elə oxumaq, filan da yox idi. İnanın bir torba alçaya qiymət yazan müəllimlər var idi. Onları da qınamalı deyil. O vaxtlar vəziyyət çox pis idi. Bu oxumağın mənə xeyri o oldu ki, o vaxtlar müharibəyə getmədim. Bir də günüm Bakının “talkuçka”larında, bazarlarında keçdi. Ticarətin bütün sirlərinə yiyələndim. Bir şənbə-bazarın alverinə bir semestri yola verirdim. Oxumaq, imtahan belə idi. Mən tarixi qurtarana qədər nə raykom qaldı, nə də katiblik. Ta kişinin də o vaxtları deyildi. Mənimlə oxuyan uşaqlardan bir-iki nəfər indi universitetlərdə müəllim işləyir. Çoxu mənim kimi biznesdədir. – Biznesiniz konkret olaraq hansı sahəni əhatə edir? Zəhmət olmasa bu barədə danışın. – Tələsməyin. İndi ora gəlirəm. Hamısını yerli-yataqlı danışacam. Deməli, mən Bakıda alverdə, ailəmiz də qalmışdı rayonda. Universiteti bitirdim. Müharibə bitdi. Amma ölkədə vəziyyət daha da çətinləşmişdi. Alverdən başqa heç bir işdə pul yox idi. Atam nə qədər dedi ki, gəl müəllim işlə. Lap səni məktəb direktoru qoyum. Maarifə işə düzəldim. Dedim ki, yox e, bunlar mənlik deyil, mənimki alverdi. Biznes. Onu da deyim ki, ta mənim satmadığım şey qalmayıb ha. Elə axtarışdayam. Nə olsun? Necə olsun? Nə yenilik edim? Nə iş qurum? Bax belə fikirləşirəm. Xarici biznesmenlərin həyatından filmlərə baxıram, kitablar, məqalələr oxuyuram. Bərk axtarışdayam. Allah deyir səndən hərəkət, məndən bərəkət. Bir dəfə bir xarici kinoya baxıram. Lap o qədim Amerika filmlərindəndir. Bəlkə, siz də baxmısınız. Bir əczaçı qadın əlində bir şüşə öz hazırladığı dərmanı kino boyu hərləyir- fırlayır, nə qədər edir bu dərmanı sata bilmir. Axırda necə olursa bir kişi ilə vuruşmalı olur. Kişini yaralayır və kişi infeksiya qorxusundan məcbur olub dərmanı qızıl pulla qadından alır. Üstəlik qadından xahiş də edir ki, bu məhlulla onun yarasını təmiz-təmiz yuyub sarısın. Filmdəki bu fraqment mənə ideya vermişdi, ancaq bu ideyanı harada necə tətbiq edəcəyimi heç cür dəqiqləşdirə bilmirdim. Artıq evlənmişdim. Üzr istəyirəm, arvad da pul istəməkdən başqa heç nə bacarmırdı. Xırda alver ta mənim ehtiyaclarımı ödəmirdi. Ata-anam da rəhmətə getdi. Dost-tanış da hərə bir yandan deyirdi ki, kənddə bacı-qardaşın vəziyyəti pisdir. Onları da yığ gətir Bakıya. Bu kimi hallar məni lap bezdirmişdi. Elə bu vaxtlar qızımın ad gününə hazırlaşırdıq. Böyük uşağım qızdır. Adını da Böyük Bacı qoymuşam. 1 yaşı tamam olurdu. Uşağı ilk dəfə aparmışam bərbərxanaya. Öz dəlləyimin yanına getmişik. Bakıya gələndən bəlkə necə ola, bir-iki dəfə başqa usta yanına gedəm, həmişə bu dəlləyin yanınına getmişəm. İndi də sağ olsun, gəlir elə bax burda, bu ofisdə bütün işini görüb gedir. Nəsə, orda işimiz bitəndən sonra dəllək yavaşca qulağıma deyəsən ki, bəs uşağın başında bit var. Düzü, bu sözü eşidəndə orda sakit qalsam da cin vurdu təpəmə. Gəldim evə arvadla yenə qırdıq bir-birimizi. Baldızım da biz də idi. O dedi ki, bəs yeznə narahat olma, Türkiyədə olanda bizim də saçımıza düşmüşdü. Orda apteklərdə yaxşı dərman satılır. Dərman deyəndə şampun kimi bir şeydir. Ballı indi oradadır. Ad gününə gələcək deyərəm alıb gətirər. Narahat olma ikisin alıb gətirsə, bəsdir. Ballı da mənim balaca baldızımdır. Üç bacıdırlar. Ballı ən kiçiyidir. Alverdə o da yaxşıdır. Dubaydan vurur, İslambuldan çıxır. Bax, mənim bütün həyatım bu Ballı baldızımın hesabına dəyişdi. Yəqin, şəhərdə görmüsünüz “Bala Baldız” gözəllik salonları, “Bal Baldız” kosmetika mağazaları hamısı onundur. Yəni mənimdir. O idarə edir. Nəsə, baldız gəldi, iki qab bit dərmanı da gətirdi. Dərman işə yaradı. Bu məsələ yüngülvari dalağımı sancsa da, hələ elə bir ciddi dönüş etməmişdim. Hələ qadın koftası mağazası işlədirdim. Arvadla da elə orda, ona kofta satanda tanış olmuşam. Nəsə, bu başqa söhbətin mövzusudur. Yadınızda olar yəqin ki, bir ara quş qripi yayılmışdı? – Bəli. Bəli. Yaxşı yadımdadır. – Bax, o vaxtlar söz gəzirdi ki, guya xaricdə bloklara girib qapı dəstəklərinə, avtobus və metroda tutacaqlara nəsə püskürdürlər camaat da xəstələnir. Əslində bu xəstəliyin göydə uçan quşlarla heç bir əlaqəsi yoxdur. Yerdəki bayquşların işidir. Bu məsələnin bizə heç bir aidiyyəti olmasa da ideyanı bir az yerindən tərpətmişdi. Və nəhayət, bir gün təsadüfən televizorda gördüm ki, bir kişi bizim Tərtər rayonun bir kəndində soxulcan yetişdirib, fermerlərə, balıq tutanlara satır. Bu xəbəri görən kimi, “Böyük Biznes” ideyası işə düşdü və avtomatik olaraq anındaca “Biq Boss”a çevrildim. İnan ki, o gecəni evdə yatmadım. O saat hava limanına, oradan da bir başa İslambula uçdum. Ora çatdım, heç otelə də getmədim. Elə hava limanında gözlədim səhər olan kimi apteklərə baş çəkməyə başladım. Gördüm, maşAllah olsun bit dərmanının çeşidləri lap çoxdur. Bir gün aradım-araşdırdım. Ən tanınmış firmaların üçü ilə danışıb, razılaşıb elə həmin gecə qayıtdım Bakıya. Və başladım burada da apteklərlə, kosmetika mağazaları ilə danışıb, razılaşmağa. Hər şey tam hazır olandan sonra kofta mağazasını mal qarışıq satdım. Başladım Türkiyədən mal vurmağa. Mallar gəldi payladım “toçka”lara. Gördüm, yox e mal getmir. İdeyanı saldım işə. Daha doğrusu öz – özündən düşdü işə. Birinci rayonda olan qardaşım Bala Bəy xəbər göndərdi ki, uşaqları bit basıb. O dərmandan bizə də göndər. Mən də ona xəbər elədim ki, bəs dərmanı neynirsən evi-eşiyi də sat, külfəti də götür gəl Bakıya. Sağ olsun, sözümü yerə salmadı. Heç bir həftə keçmədi gördüm yığışıb gəlib. Gələn kimi Sovetskidə hamam – tualetsiz evlərindən bir dənə 3 otaqlı ev kirayə tutdum onlara. – Üzr istəyirəm, niyə məhz belə? – Hövsələniz olsun. İndi deyəcəm. Deməli, qardaşımın maşAllah 7 uşağı var. 2 nəfər özləri, bir də qaynanası. Düz 10 nəfərdirlər. – Mən onu soruşmurdum. Həqiqətən evin hamam-tualeti yox idi. Bəs necə yaşayırdılar orada? – Əlbəttə. O evlərdə hamam-tualet olmur. Sadəcə həyətdə bir ümumi ayaqyolu olur vəssalam. Bizə də elə belə evlər lazım olur. Çünki onlar saçlarını yumurlar. Əksinə çirkli saxlayırlar ki, bitlər üçün münbit mühit olsun. – Bəs onlar nə iş görürdülər? – “Görürdülər” yox, “görürlər”? Onlar bu saat da elə orada yaşayır və işləyirlər. – Bəs sökməyiblər oranı? – Xeyr. Neçə illərdir deyirlər, hələ bir şey yoxdur. Bir də qardaşımın indi lap şəhərin mərkəzində yeni tikilən binalarada bir yox, bir neçə mənzili var. Ora sadəcə bizim iş yerimiz çörək ağacımızdır. Deməli, bunları ora yerləşdirib, tapşırdım ki, siz ancaq əlinizdə olanı yemək-içməyə bir də yol puluna xərcləycəksiniz hər ayın 5 – i həm xərcliyinizi həm də qazancınızı mən verəcəm. Sizin işiniz o olsun ki, yeyin-için, bitləri çoxaldın. Səhər –axşam şəhərin insanlar gur olan yerlərində, ticarət mərkəzlərində, avtobuslarda, metroda basabas vaxtı girin camaatın içinə, ürəyiniz istəyən qədər gəzin. – Üzr istəyirəm, belə niyə? – Eh, dostum. Bitlərin yayılması üçün. Bu bit təmiz başı, yəni xam yeri elə tanıyır, elə tanıyır… Bir bilsən. Bu barədə yazsam indi elmlər doktoru idim. Deməli, birinin saçında bit varsa, 25-30 nəfər sərnişin tutumu olan avtobusda bircə dövrə vuranda ən azı 100 adama bit salır. Gör indi maşAllah 50-60 nəfərlik avtobusda bu nə qədər olur ha… Öz də onlara tapşırmışam ki, avtobusa bir dəfə mindin sürücü tanıyıb zorla düşürənə qədər düşməsinlər. Belə həm də “rasxod” azalır. Onların özlərinə xeyirdir. Qazancları artır. Nə başını ağrıdım. Birinci ayın sonunda apteklərə mal çatdıra bilmədim. Allah bərəkət verdi. Mal vur, pul götür… Mal vur, pul götür… Bacılarımı da gətirdim Bakıya. İndi maşAllah olsun. Təkcə qardaş-bacılar deyil, qardaşuşaqları, bacıuşaqları, hələ canım sənə desin, sinifyoldaşlarımdan da bir neçəsinin çalışdığı belə ocaqlarımız var. Şəhərdə təxminən 100- ə yaxın obyektdə bit yetişdirib yayırıq. Daha doğrusu bitlərin çoxalıb, yayıla biləcəkləri münbit mühit formalaşdırırıq. Dünyanın müxtəlif təbiəti, canlı aləmi sevən təşkilatlarından bilirsiniz nə qədər mükafatlarımız var? – deyə mənə işarə edərək yana qanrılıb rəfdəki müxtəlif formada və dillərdə olan diplomları, prizləri göstərdi. – Bu işlə yalnız Bakıda məşğulsunuz? – Bəli. Hələlik ancaq Bakıda. Bilirsiniz bu biznes sırf inkişafla bağlı, inkişaf göstəricisi olan sahədir. Gərək yaşayış ola, insan ola ki, bit də olsun. Bakıdan başqa sıx yaşayış olan yer yoxdur. Gəncə və Sumqayıtda bir-iki dəfə eksperiment aparmışıq nəticə “0”. Hələlik ancaq Bakıda fəaliyyət göstəririk. – Üzr istəyirəm, Bəy Bala müəllim, sizin qohumlar kimi həyat yoldaşınızın qohumları da belə canla-başla bu ailə şirkətində çalışırlarmı? – Bayaq sizə dedim, şəhərdə gördüyünüz bütün “Bala Baldız”, “Bal Baldız” obyektlərin hamısı mənim balaca baldızım Ballı xanıma aiddir. Yəni o işlədir. Sağ olsun. Doğmaca arvadımdan görmədiyimin hamısını ondan gördüm. Həm mənəvi, həm maddi. Mən də onu yaşadıram. Hələ indiyə qədər bir sözünü iki eləməmişəm. – Bəs Ballı xanımdan başqa? – Başqa heç nə. Siz elə düşünürsünüz ki, onlar da bitli saçla metro, avtobus gəzib bit yayırlar. Yox, dostum. Nəinki, onlar heç doğmaca var yox bircə oğlum Bic Bala burax bit yaymağı, “toçka”lardan pul yığmağa getməyə belə ərinir. Bu işi sinifyoldaşlarımdan birinin oğluna tapşırmışam. Sağ olsun halal uşaqdır. Demişəm əgər qanunu yolla adını dəyişib, Bəy Bura qoysa qızım Böyük Bacını ona ərə verib, şirkəti də bağışlayacam onlara. Oğul, arvad tərəf zaydır. Oğlum olanda nə qədər elədim babalarımdan birinin adını qoya bilmədim ona. Arvadla qaynənəm birləşdilər. Mən də dirəşdim ki, necə olur olsun 2 “B” mütləq olmalıdır. Onlar da dedilər, “nə şiş yansın nə kabab” adını qoydular Bic Bala. Uşaq da odu cüvəllağı, avara. Oxumaq, zad nədi. 15 yaşı olan kimi də evlənib. Yəni arvad “padruqa”larından birinin qızı ilə baş-göz edib. 1 oğul nəvəm var adını da yenə arvad tərəf 2 “B” –ni gözləmək şərti ilə Biq Boss qoyublar. İndi onun da ad günü yaxınlaşır. 1 yaşı tamam olacaq. Bir sözlə qızm Böyük Bacı ilə baldızım Ballını çıxmaq şərti ilə arvad tərəf ancaq xərcləməklə, dağıtmaqla məşğuldur. Düzü, bu ötən müddət ərzində arvadın hələ zəng vurmamasına narahat olmağa başlamışam… – Bəy Bala müəllimin sözü ağzında qaldı. Şəhər telefonunun cingiltili səsi kabineti başına götürdü. Dəstəyini qaldıraraq qaş-gözlə mənə “görürsən?” – deyib davam etdi: – Bəli, buyur, başımın tacı, evimin yaraşığı, şirkətimin loqosu, buyur. Votsapla? Baş üstə. Görüntülü? Baş üstə. – deyib dəstəyi asdı. Və mobil telefondan görüntülü yığdı. Nə billah etsə də həyat yoldaşı öz görüntüsünü açmadı. Əksinə Bəy Bala müəllimi məcbur etdi ki, kabinetin bütün künc bucağını mən də daxil olmaqla ona göstərsin. Görüntü olmasa da arada xırç-nırç, şap-şup kimi səslər qarışıq kişi səsinin eşidilməsi mənim də diqqətimi çəkdi. Elə bu vaxt Bəy Bala müəllim bir az da əsəbi kimi: – Hardasan, bu nə səs-küydü? – deyə sual verdi. Cavab özünü çox gözlətmədi: – Qəssab Mehralının yanındayam, bilirsən də onda həmişə “üçbacılıq” yaxşı ət olur. Eşidirsən, Mehralı sənə salam deyir. Deyir, çox sağ olsun. Yaxşı kişidir. Bəy Bala müəllim bu dəfə yenə də mənə qaş-göz eləsə də mən bu işarələrə bir anlam verə bilmədim. Nəhayət: – Yaxşı canım, öpdüm. Sən də salam de. Di, hələlik. Əlimdə işim var. – dedi və cavab gözləmədən zəngi sonlandırdı. Dilxor halda mənə tərəf çevrilərək: – Evlisiniz, subay? – Subay. – Kifayətdir. İndi bu yazının adını nə qoyacaqsınız? – Fikrimdən“Bit Biznesi” keçsə də, “Böyük Biznes” dedim. – Bəlkə, bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız? Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq. Siz də xahiş edirəm bunu götürüb, o məşhur tamaşada deyildiyi kimi… – deyərək əlində tutduğu şax “200”lüyü zorla maskanın yanına yerləşdirdi. – Çox sağ olun. Heç yaxşı olmadı, Bəy Bala müəllim. Əgər fikriniz dəyişə, qoy İlahə xanım sadəcə mənə xəbər eləsin. Yazını hazırlayıb, hazır saxlayacam. – Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil. Qalstuku da açma, sənə yaraşır. Bizdən hədiyyə olsun. Subay oğlansan get dincəl! Ye, iç, kef elə! Qarşıdan gələn Yeni İlin də mübarək! – Çox sağ olun, – sağollaşıb ofisə qayıtdım. İndi oturub yeni zəng gözləyirəm. Ancaq bu dəfə tək deyiləm. Ac və qoca qurdlar hamısı buradadır. Son. 06.12.2021. Bakı.
Özbək yazıçı-jurnalisti Farida Qoraqulovanın “Təkamül” hekayəsini Meyxoş Abdullahın tərcüməsində sizə təqdim edirik:
TƏKAMÜL
(hekayə)
Hər məni görəndə, nədənsə, sevincdən gözləri parıldayırdı. Bunu hiss etmək çətin deyildi. Çünki onun mavi gözləri, adətən, yaşlanmayan bir qüssə ilə dolu idi və üzünü həmişə naməlum bir kədər kölgsi çulğalayırdı. Geyimi də özü kimi qəribə idi və kiminsə köhnə paltarları olduğundan həmişə ona kiçik və ya böyük olardı.
Onların ailəsi hardansa kəndimizə gəlib, qəbiristanlığın yaxınlığındakı tərk edilmiş daxmada yaşayırdılar. Anası məktəbimizdə süpürgəçi işləyirdi. Atası isə kiminsə evini təmir edir, malına baxır və yaxud da bir başqası nə iş buyururdusa onu da edirdi.
Lakin ana ilə ata hər ikisi içki düşkünü idilər. Onlar hər gün içib sərxoş olar və qazandıqları pulu elə həmin gün xərcləyib qurtarıardılar.
Valideynlərinin bütün işlərinə o kömək edirdi. Yemək bişirib, paltar yuyar, hətta, küçədə sərxoş olub, yerdə uzanıb, qaldıqları vaxt üst-başlarını təmizləyib, qulluqlarını tutardı.
O, bizdən bir-iki yaş böyük olsa da, amma hamıya qayğı göstərirdi. Biz onun bu lütfkarlığına görə ona bir o qədər minnətdar idik.
Xüsusilə pambıq yığımında sahəyə gedəndə məktəbimizin ən gözəl qızları onun adını çəkirdilər. O, səmimiyyəti, zəhmətkeşliyinə görə kəndimizdə böyükdən kiçiyə hamının sevgisini qazanmışdı. Yalnız bircə mən onu görmək istəmirdim. Onun kədəri, sevinci qətiyyən məni maraqlandırmırdı.
Amma bir dəfə o mənim diqqətimi çəkdi, gözlərim ona dikildi. Oğrun nəzərlərlə ona baxdığımı görüb, sarı, qıvrım saçlarını çirkli əlləri ilə daradı və əyninə geydiyi yöndəmsiz paltarlarını tələsik düzəltməyə başladı. Onun bu halı mənim xoşuma gəlmədi, hətta, onun bu hərəkətindən incidim də.
Mən kişi xasiyyətli bir qızı idim. Ətrafımdakı yaraşıqlı oğlanlarla həmişə şən və zarafatcıl olmuşam. Onu görəndə isə çox ciddi olurdum və həmişə qəstdən qaşlarımı çatırdım. Aramızdakı yaş fərqi olduğu üçün, özümü ondan uzaq tutmağa çalışırdım. Son vaxtlar istər təsadüfən, istərsə də qəsdən yolda onunla tez-tez rastaşardım. Belə anlarda üzündəki solğun və günahkar təbəssümlə məndən: – “necəsən?” – deyə soruşardı.
Onun səsindəki sonsuz hüzn və naməlum sevincin ümidsizlik titrəişi, təkcə məni yox, hətta, soyuq lal daşları da biganə qoymazdı.
Uşaqlıqdan beynimdə kök salmış təkəbbürlük və lovğalıq hissi, ürəyimi sanki daşa, gözlərimi isə korluğa çevirmişdi. Belə anlarda ona heç salam verməz, üzümü çevirib onun yanından tələsik ötüb keçərdim. Elə bil vacib bir işim varmış kimi. “Onun məndən xoşu gəlir” – fikri heç ağlımdan da keçmirdi. Hətta, başqalarının belə nəticəyə gəlməsindən çəkinib, qorxurdum. Əslində, aramızdaki yaş fərqi düşündüyümüz qədər də böyük deyildi. İkimiz də gənc idik. Qəlbimiz kiminsə sevgisinə, məhəbbətinə həsrət qalmışdı. İkimiz də həyata ümidlə, inamla baxırdıq.
Bir gün onun valideynləri qəfil öldü. Eşitdim ki, sərxoş halda magistral yolu keçərkən onları maşın vurubdur. O, qəfildən həm atasını, həm də anasını itirdi və tamamilə tək qaldı. Bundan sonra o, uzun müddət kənddən yoxa çıxdı. Bəziləri onun başqa ölkəyə, çox uzaqlara getdiyini söyləyirdilər.
Bəziləri isə, onu şəhərdə gördüklərini, valideynləri kimi içkiyə qurşandığını bildirirdilər. Sonuncu dəfə onunla qışın şaxtalı bir axşamı rastlaşdıq. Bir ömür yaddaşıma həkk olunacaq bu görüş, həmişə ürəyimdə böyük ağrı mənbəyi olacaqdı.
O, uzun müddət, bəlkə də, bütün günü yağışda donmuş, soyuq, kədərdən bir az da üzgün halda yolumun üstə uzanmışdı. Onun bu halı içindəki ağrılı ruhunun təzahürü kimi üzə çıxmışdı. Məni görəndə kədərli gözləri həmişəki kimi sevincdən parlayırdı. Titrək addımlarla, sanki boğulan adam kimi mənə yaxınlaşdı. Çox asta, həm də yalvaracaqmış kimi dedi: – “Həyatda yeganə ümidim sənsən. Məni qoru! Qəlbimə bir az işıq ver!..”
O vaxtdan neçə illər keçdi. Öz ağrı və acılarımın yükü çox olduğundan, sanki həyat məni göydən yerə endirdi, bərk yıxıldım. Mən də onun kimi bu dünyanın ucsuz-bucaqsız səhrasında tək qaldım…
Onun gözləri kimi gözlərimə nə qədər kədər yığılırdısa, onu daha çox xatırlayır və ona daha çox oxşayıram.
Payızın yağışlı gecələri, xəzəllər səssizcə ayaqlar altında əziləndə, çılpaq ağacların üzünü yağış yuyanda, bütünlüklə ona tərəf dönüb, əllərimi göyə qaldırıb dua edirəm:
Qəfildən leysan yağış yağdı, yanan tualet yavaş-yavaş sönürdü.. Körpə uşağın səsi kəsildi. Yağış yağmağa davam edirdi. Bu dəfə tualetlə üzbəüz olan otaq alışmağa başladı. Yaşlı qadınla, uşağın doğuşunda gənc anaya kömək edən qadın pəncərəni yumruqlayaraq çığırırdılar. Gənc ananı aralarında görmürdüm. Yaşlı qadın şüşəni dirsəyiylə sındırmağa çalışırdı, alınmırdı. İlahi, alovların içində diri-diri yandılar. Gözümün qabağında yandılar. Gücüm qışqırmağa çatdı, qışqırdım.Yuxudan qışqıraraq oyandım. Əlimdə olsaydı, sakitcə oyanardım, doğmalarımın həyəcanla otağa girmələrinə səbəb olmazdım. Dədəm: ─Nə oldu? Yenə toxundular? –deyə həyəcanla soruşdu. ─Yox , –dedim. –Yuxuda hər şeyi mənə göstərdilər. Tualetdə uşaq cəsədi var. Molla da, dayısı da hər şeyi bilir. Polis çağırın dədə, bu həyətdə cəsəd var. ─Yuxuya görə polis çağıraq? Elə şey olar? Adama gülərlər. –Əmim dediklərimi ciddi qəbul eləmirdi. Nənəm: ─Mənim dayımı cin keçi cildində öldürmək istəyib. O qədər açılmayan sirrlər var həyatda. Qurban olduğumdan başqa heç kim bilmir… Əvvəlcədən yazmışdım, nənəm belə şeylərə inanan arvadıydı. Şadıydım, o da polis çağırılmasını istəyirdi. Anam dədəmin üzünə baxdı, o da anamın. Dədəm üzünü əmimə tutdu: ─O qızın ruhunu görməsəydim, o körpənin səsini eşitməsəydim, sən deyəniydi. Onları mən də eşitdim, axı. ─Yaxşı, onda sabaha saxlayaq. Bir gecə də keçinmək olar da. Səhər açılsın, allah kərimdir. Gecə ailəlikcə razılaşdıq ki, səhər yeməyindən sonra rayonda bölmədə müstəntiq işləyən dədəmin əmisi nəvəsini Bəxtiyarı çağıraq. Gecə nənəmlə qonaq otağında, əmim divanda, anamgil yataq otağında yatdılar. Yeganə oyaq sakin özümüydüm. Yuxum gəlmirdi, kitab oxumaq istəmirdim, fikrim-zikrim otaqdaydı, bir cümləni beş dəfə oxusam da mənasını anlayacaq baş qalmamışdı məndə. Müəmmalı otaqdan səs gəlmirdi. Polisə zəng edəcəyimizi elə bil onlar da hiss etmişdilər. Səhər açıldı. Səhər yeməyimizi ilk dəfə rahatlıqla yedik. Nə gözəl hissmiş, günə sakit başlayırsan, qorxmadan çörəyini yeyirsən. Əmimlə dədəm qərar verdilər ki, yaxşısı budur Bəxtiyarın iş yerinə – bölməyə getsinlər. Söhbət telefon söhbəti deyildi. Burnumun ağrısını süfrə başında hiss elədim. Əlimlə alnımı tutdum. Hər dəfə burnum ağrıyanda başım da ağrıyır. Bu mənə əsəb verirdi. Anam mənə qarşı həssas və diqqətcil olduğu üçün gözü həmişə üstümdə olurdu. Övladını sevən anaların ürəyi, arzuları bir-birinə bənzəyir, övladlar üçünsə anaları bütün analardan fərqlidir, izah edə bilməyəcəkləri möcüzədir. ─ Başın ağrıyır? – Anam soruşdu. ─İkisi də. –Anam burnumu nəzərdə tutduğumu yaxşı bilirdi. ─Ağrıkəsici var? –Dədəm bəzən evə etdiyi bazarlığı da unudurdu. ─Var, var . –Nənəm cavab verdi. ─Nəysə lazımdırsa, bu dəyqə alım.- əmim dedi. Həqiqətən alardı. Mən ayağa qalxdım, ağrılarıma dözə bilmirdim, yataq otağına keçdim. Anamla nənəm arxamca gəldilər. Anamın əlində iynə vardı, mətbəxdə hazırlamışdı. Anam yanıma iynə vuranda nənəmə üzünü o tərəfə çevirməsini istədim. ─Az, kopaqqızı, məndən utanırsan? Əlimdə lüt oynatmışam səni. Nənəmlə sözümüzün düz gəlmədiyi qədər də maraqlı zarafatlarımız vardı. ─Ona qalsa, nənə, mən də səni çim-çim eləmişəm. Birdən qışqırdım. Vurulan iynə yandırdı, yandırmadı, uşaqlıqdan qalıb, iynə ətimə batan kimi şivənliyimə salıram, qışqırıram. ─Hayasızlıq eləmə, yandıran iynə deyil! –Anam danladı. ─Nə olsun? İynədi! Dədəm qapını döyəndə ayağa qalxıb paltarımı düzəltdim. ─Gəl, iynəni vurdu, –deyə nənəm qapını açdı. Dədəm anama: ─Düyü var evdə? Anam: ─Var, toyuğumuz yoxdu. ─Yamanla alıb verərik, sonra gedərik bölməyə. Hər ehtimala qarşı, gəl qapını arxadan bağla. Anam otaqdan çıxdı, nənəmlə tək qaldıq. Nənəm: ─Gəl bağda bir az gəzək, –dedi. ─Gəlinin evdə tək qalsın? – dedim. Anamı evdə tək qoymaq istəmirdim, – Yeməyi bişirsin, üçümüz də gəzərik. Amma düyünü islağa qoyandan sonra həyətdə oturaq. Gülümsədim, nənəmin qəlbini də qırmaq istəmirdim. Nənəm də gülümsədi. Arada-bərədə də olsa, nənəmi qucaqlamaq ürəyimdən keçirdi. İndi hər şeydən çox qucaqlamaq istəyirdim, gözləmədiyi anda qucaqladım onu. Burnuma görə öpə bilmirdim. Anam düyünü yuduqdan sonra islatmağa qoydu. Həyətə çıxıb hərəmiz bir ağac kötüyünün üstündə oturmuşduq ki, elə bu vaxt dəmir qapı döyüldü. ─Mən açaram , –deyib qapıya tərəf qaçdım. ─Kimdir? –soruşdum. Cinayət xəbərlərini uşaqlıqdan oxuyub izlədikdən sonra məndə qəribə xof yaranıb. Cinayətlərin içində ən təsir edəni evində otura-otura manyakın biri gəlsin, səni qanına qəltan eləsin. Sən dünyanın pisliklərindən uzaq durmaq üçün evini ən etibarlı yer bil, yenə də çirkaba bat. ─Mənəm, bacı. Dua oxumağa gəlmişik. Molla qardaşıydı. Yadıma düşdü ki, bugün gəlməliydi. ─Neçə nəfərsiz? Əslində, mollanın axşamkı söhbətdən sonra bura qədər gəlməyi yersiziydi. ─İki nəfərik. Dayımla mənəm. Dədəmdən əvvəl özüm əsəbləşdim. Belə adamlar həqiqətin özünü diri yeməyə həmişə hazırdılar. Elə bilirəm bu tiplər dünyaya bəxtə-bəxt gəliblər. ─İncimə qardaş, qapını aça bilməyəcəm. Evdəkilər yatıbdı. Gecə gec yatıblar. Qorxdum ki, evdə kişi olmadığını bildikdən sonra bizə qarşı xəta törədələr. Dayısının səsini eşitdim. ─Qızım, qapını aç, atana sözüm var. ─Aça bilməyəcəm, üzrlü sayın. ─Onda oyat gəlsin, sözüm var. Kişinin inadkarlığı məni özümdən çıxardırdı. ─Günorta gələrsiz, dayı. ─Bəs dua? –molla qardaş diləndi. ─Çox sağ olun, ehtiyac olmadı. Anam mənə yaxınlaşanda əlimlə susmasını, səsini çıxarmamasını işarə elədim. ─Eybi yox, gözləyərik, atan oyananda xəbər edərsən. ─Siz dayı, günorta gəlin. Dədəm o vaxt oyanar ancaq. Səhərə yaxın yatanda gec oyanır. ─Yaxşı, nə deyirəm, günorta gələrik, –ağsaqqal görmədiyim ağ bayrağını qaldırmışdı. Dədəmə vızıv atdım, mənə zəng etməsini gözləyirdim. Dədəm mənə zəng eləmədi. Anama asta tonla gələnlərin kimliyi haqqında məlumat verdim, ürəyim sakit deyildi. Dəmir qapıya yaxınlaşdım, açıb bir az araladım ki, gələnlər doğrudan gedib, ya mənə kələk gəlirlər. Sırtıqlıqları bir tərəfə qalsın, asanlıqla yalan danışmağa çoxdan vərdiş eləmiş adamlarıydı.Qırmızıüzlülüyümə salıb daha soruşmadım, ay maygülü, bəs deyirsən dua oxumağa gəlmişik? Qapının ağzında heç kim yoxuydu. Bir az da araladım, boğazımdan yuxarı olan başımı eşiyə çıxardım. Molla qardaşın qapımıza çatmağına az qalırdı, dayısı yanında yoxuydu. Qapını örtüb bağladım, dilləndi. ─Bacı, qapını aç, dua eləməliyəm. ─Dedim ehtiyac olmadı da! Nə məcburdu? ─Onlar yenə gözünüzə görünəcək. Bu zaman anam gəldi, acıqlı danışdı. ─Sizə nə lazımdı? ─Bacı, kömək eləməyə gəlmişəm. Dua oxumalıyam. ─Siz yalan danışmayın, köməyiniz başınıza dəysin! Çıxın gedin, indi yoldaşımı oyadacam. ─Bəs ruhlar sizi narahat eləmir? ─O barədə nigaran qalmayın. Onlarla dil tapmışıq. Anamla evə tərəf qaçdıq. Üçümüz də evə girib qapını bağladıq. Dayısı evin ətrafındaydı. Bunu dəqiq bilirdik, dayısının yola çıxmağına çox vardı. Əmimə vızıv atdım, zəng elədi. Həyəcandan həmişə danışmaq yerinə qışqırıram, sakit halımda sürətlə danışdığımdan telefonu anama verdim ki, o, danışsın. ─Yaman, mollayla dayısı bura gəliblər. Yatdığınızı demişik, getmirlər qapıdan. Anam mətbəxə keçdi, çox güman pəncərədən həyətə baxaraq danışırdı. Nənəm göyə baxırdı: ─Allah, itin olum, bizi bu dərddən qurtar! Mətbəxə keçdim, bıçaqla oxlovu götürdüm. Oxlovu nənəmə verdim ki, qapının arxasında dayansın. Anam qəfildən bıçağı əlimdən aldı: ─Bircə türməyə düşməyin çatmırdı! ─Allah haqqı, onların niyyəti təmiz deyil. Dədəmgilin evdə olmadığını başa düşdülər. Birdən tapançaları varsa? ─Səyləmə az, döyüş kinolarına baxmaqdan başın pozulub. Anam haqlıydı, özümdə idmana həvəs yaratmağım üçün döyüş filmlərinə çox baxırdım. ─Heç olmasa, stullardan birini götür, qapıya yaxın dayan. Bir stul da mən götürdüm, müəmmalı otağın qapısının ağzında dayandım. Əmim pəncərəsini sındırmışdı, evə pəncərədən rahat girə bilərdilər. Bəlkə də biz hər şeyi şişirdirdik. Həyətin dəmir qapısının yumruqla döyüldüyünü eşitdik, üçümüz də bir-birimizə baxdıq. Nənəm anama: ─Az, bəlkə Cavadgildi? Anam qapını açmaq istədi, imkan vermədim: ─Açma! Dədəmin xasiyyətinə bələd deyilsən? Əvvəlcə zəng elə, gör odur? Telefonuma zəng gəldi, dədəmiydi. ─Qapını döyən sənsən?–həyəcanla soruşdum. ─Hə, bizik, qapını açın. ─Mollayla dayısı da yanınızdadır? ─Yox, –Əmimgilin ətrafa baxdığına əminəm–heş kim yoxdu. ─ Həəə, –yenə də narahatıydım, –yaxşı, gəlirəm. Müəmmalı otaqdan şüşə qırıntılarının səsini eşitdik. Qapınım cəftəsi tərpənəndə içimi çəkdim. Anama: ─Otaqdadılar, –deyə bildim. Nənəm qəfildən qapının ağzına gəldi: ─Köpəkoğlu, elə bilirsən qorxuruq? Polis çağırmışıq, baxarıq başqasının evinə girmək nətər olur. Şərəfsizlər! Cəftə daha tərpənmədi. Növbəti möcüzənin şahidi olurduq. Normalda qapı açılmalıydı, açarla bağlanmamışdı, düzü qapının açarı əzəldən bizdə olmayıb. Onsuzda içəridən bağlamaq olurdu. Allah bizi qoruyurdu. Nənəm: ─Qapını özüm açacam,–deyib əlində oxlov evdən çıxdı. Mən də mətbəxdən bıçağı yenidən götürüb nənəmin arxasınca çıxdım. Anam da bizim arxamızca qaçırdı.
Nənəm qapını açdı, əmimlə dədəmgil evə girdilər. Dədəm evin arxasına, əmim bağa tərəf qaçdı, heç kim yoxuydu. Əmimdən başqa hamımız evdəydik, daha bölməyə getməyə qorxurdular. Əmim həyətdə Bəxtiyarla danışırdı, polisi evə çağırırdı. Dədəm əliboş gəlmişdi, market bizim evdən çox uzaqdadır, əlavə alacaqları olacağından toyuğu yarım saatlıq bizdən uzaqda yaşayan qonşudan almalıydılar. ─Telefonda mamamın səsini eşidəndə dəli oldum. – dədəm dedi. Telefonu adboy vermədiyimi dədəm deyəndə bildim. Anam dədəmə su gətirdi. ─Gəlin, mənə də gətir. Həyəcandan dilim-dodağım quruyub. –Nənəm pəncərədən əmimə baxırdı. ─Sən də istiyirsən? –Anam məndən soruşdu. ─İçəri girəndə içdim, –cavab verdim. Anam mətbəxə keçdi. Birdən müəmmalı otağın qapısı açıldı. Qapıdan evə girən əmim də, biz də qapıya baxdıq. Divandan qalxıb qapıya tərəf getdim. ─İçəri keşmə! –Dədəm göstəriş verdi. Nənəm: ─Bəyaq nə qədər çalışdılar, aça bilmədilər. İndi öz-özünə açılır, –dedi, o da yanıma gəldi. ─Bəxtiyarla danışdım, gəlirlər. Əmim keçib divanda oturdu, anam sinidə gətirdiyi iki stəkandan birini ona uzatdı. Əmim stəkanı alıb içdi. ─Bizə qarşı niyyətləri yaxşıdır, –nənəm ruhları nəzərdə tuturdu. –Onlar polis çağıracağımızı bildiklərindən bəri bizi incitmirlər. Bizdən qabaqkı evin sahibi başa düşməyib. ─Həə, başa düşsəydi, ucuz satmazdı. Qorxusundan əlli-ayaqlı qaçıb. Fikir vermişəm, nənəm nə deyirdi, anam təsdiqləyirdi. Gəlinin ocağa çəkdiyini bilirdim, daha bu qədər də yox! ─Hələ bilmirik neçə meyid tapılacaq. O da tapılsa…Bəlkə də otağa heç kim girməmişdi. Bəlkə də onların işiydi… –Dədəm ümidsiz danışırdı. Qapı öz-özünə astaca tam olaraq açıldı. Qapının ağzında torpaq vardı. Dədəmə gülümsədim. ─Sübut. Hansımız ayaqqablı otağa girmişik? Heç birimiz. Otağa girməyək, barmaq izləri də var yüz faiz. Üzümə deməsələr də, məntiqli çıxışımı bəyənmişdilər. ─Dedektiv kinolarına çox baxmısan, az? –Əmim zarafatından geri qalmadı. ─Daha çox o janrda yazılan əsərlərdən bilirəm, –özümü tərifləməkdən xoşum gəlmişdi. Bir saat keçməzdi, əmim nəvəsi ( atamın əmisi nəvəsinə “əmi nəvəsi” deyirik) iki polis yoldaşıyla gəldilər. Bəxtiyarla aramızda bir yaş fərq vardı. Bəxtiyar hamımızla görüşdü, üstəlik, niyə gələndə onlara dönmədiyimiz üçün incidiyini bildirdi. Kənddə ev almağımızı indi bilmişdi, evin qiymətini biləndə təəccüblənmişdi. Müəmmalı otağa qapı ağzından baxdı. ─Otağa bugün girməmisiz? –soruşdu. ─Yox, bizdən heç kim girməyib, –dədəm cavab verdi. ─Bəyaq baxdım, çöldə qoyulan stulun üstünə kimsə çıxıb, –evə təzə keçən əmim dedi. ─Heç nəyə toxunmayın. Barmaq izlərinə görə. Bu gecə də burda qalmayın. Narahat olmayın, hər şey nəzarətə götürülüb. ─Harda qalaq? Bakıya qayıda bilmərik. ─Cavad dayı, xətrimə dəyirsən. Qohumdan saymırsan məni? ─Yox bala, Allah eləməsin. Əziyyət vermək istəmirik. Çoxuq, axı. ─Ay Cavad dayı, ikimərtəbəli evdi, otaq nə qədər istəsən. Hazırlaşın,qadınları aparaq, sonra mollagilə gedək. Düzü, əzilmiş burnumla, ala-bula gözümlə evimizdən başqa yerdə qalmaq istəmirdim. Utanırdım. Anama pişik balası anasına qısılan kimi qısıldım, əriyimi əzdirə-əzdirə dedim: ─Ay ana, getməyək də… ─Niyə? –anam sakitcə soruşdu. ─Bu üzlə hara gedirik? Bağda oturaram. ─Atana de, qarışa bilmərəm. Nankorluqdan sahibinə cırmaq atan pişiyə döndüm, dədəmin yanına gəldim: ─Dədə, getməyək də! Bəxtiyar məni eşitmişdi. Soruşdu: ─Niyə, əmi qızı? Əlimlə burnumu, gözümü göstərdim. Bəxtiyar indi fərqinə varmışdı, mənə nə isə olub. ─Üzünə nə olub? –təəccüblə soruşdu. ─Mən qapını açanda burnuna dəydi, –dədəm cavab verdi. ─Həkimə apardız? ─Apardıq, dərman yazıb, keçib gedəcək. Telefonumun işığı yanırdı, baxdım, zəng eləyən Sevdaydı. Dədəmə: ─Sevdadır, –deyib həyətə, ordan da küçəyə qaçdım. Üzüm meşəyə tərəf telefona cavab verdim. Təngnəfəs olmuşdum. ─Hə, Sevda. Getdin mollanın yanına? ─Hə, Şəfi. Deyir, lənətlənmiş, uğursuz evdir. Kişi dua oxudu, özünü yaxşı hiss eləmədi, yarımçıq saxladı. ─Bıy, niyə? ─İiii, niyə nədi? Özünü pis hiss elədi də! Deyir, günahsız canlar alınıb o evdə. Sizinki lap fantastik kinolara oxşadı. Bu hadisəni yazarsan, adını da qoyarsan, ruhlar qatilini istəyir. ─Hər şeyi göstərmişdilər, qatilini də göstərərdilər də! ─Nəyi göstəriblər? ─Sevda, mən ruhla danışmışam.. Yadıma düşdükcə ətim ürpəşirdi. Deyəsən, Sevda da mənim kimi olmuşdu. ─Ay qız, yaxşı, qorxutma məni. Polis çağırmadız? ─Evdədilər. Adam çoxdu deyə danışa bilmirəm. Çox sağ ol, bacı. Sənə iki gündü əziyyət verirəm. ─Az səyləmə, əziyyət nədi? Rəfiqə nə üçündür?! Hamınız ehtiyyatlı olun. Mollamız beləcə dedi. ─Başımıza nə gəldi, mollallardan gəldi elə… Gülürəm. Xəttin o tərəfindən Sevdanın gülüş səsini eşidirəm. ─Deyirəm, Şəfi, camaata it hürür, bizə çaqqal ulayır. ─Demə day, bizim indi sevgiliylə danışan vaxtımızdı, bekarçılıqdan bir-birimizlə danışırıq. Sevda gülməkdən birtəhər oldu. ─Hardasan indi? ─Meşəylə üzbəüz təmiz hava alıram. Zoğal ağacları mənə gəl-gəl deyir. ─Boğazında qalmasın, ye. Ruhlar da gəlsin, bir yerdə yeyin. ─Baş üstə, o nə söhbətdi, yeyərik. Sevdayla sağollaşdıqdan sonra meşəyə tərəf getdim. Üstü qıpqırmızı zoğallarla bol olan ağacların birinə yaxınlaşdım, gözümə dəyən yaxşı yetişmiş zoğalları qırıb yeyirdim. Ən sevdiyim bir şeydi, meyvəni ağacından qırıb yeyəsən. Adama verdiyi zövq başqadır. Yerdə ağac qırıntısının səsini eşitdim. Elə bildim, tülkü, ya da yiyəsiz itlərdən biridir, qorxdum. Yerdən gözümə dəyən quru ağac budağından birini götürdüm, nəfəs almamağa çalışdım. Kölgə görürdüm, heyvan kölgəsinə bənzəmirdi. Kölgə yaxınlaşdıqca mən geri addım atırdım. Evimizə tərəf baxdım, var gücümlə qaçsam, ola bilsin evə çatmayım, qışqırsam, səsimi eşidə bilərlər, düşündüm. İndi də qışqırsam eşitdirmək olardı. Əgər qarşı tərəf ağıllı tərpənib ağzımı yummasa. Mənim üçün ölüm yaxandan yapışsa da, yaşamaq üçün nəsə eləmək gec deyil. Onsuzda həyatda ağlıma gəlməyəcək riskli addımlar atmışdım, udduğum da oldu, uduzduğum da. Qəribədir, uduzduğum anlara peşman olmaqdan çox, məyus olmuşdum. Böyümüşdüm, nəyə qadir olub-olmadığımı özümdə kəşf eləmişdim. Ona görə təcrübəsizlikdən etdiyim heç bir səhvə görə vicdan əzabı çəkmədim, ikinci dəfə təkrarlamayacaq qədər ağıllı hesab edirəm özümü. Özümü güclə ələ aldım: ─Kimdi?– soruşa bildim. Molla qardaşın ağsaqqal dayısı məni çox intizarda saxlamadı, özünü göstərdi, protez dişlərini üzümə ağartdı. ─Hər vaxtın xeyir. Papan evdədir? ─Sizi gözlüyür, yuxudan oyanıb. Ağsaqqal biz tərəfə baxaraq: ─Qonaqlarınız var, narahat etmərəm? Qapı ağzındakı polis maşınına indi fikir verirdim. Arada diqqətsizliyim olmasaydı, həyat məni bu gün başqa səmtinə aparmışdı. ─Qohumdur, bizi evinə aparmağa gəlib. Siz yenə də buyurun, –bu yerdə şirin dilli olmaq vacibiydi. ─Daha üzümüzə qapını açmadın. Niyə gedirəm? Susdum, cavab verməyə söz tapa bilmirdim. ─Sənin neçə yaşın var? –məndən soruşdu. ─İyirmi doqquz ─Kiçik oğlum sənlə yaşıddır. Üzünə nə olub? Bir- iki addım mənə yaxınlaşdı, onun atdığı addımlar qədər geri addım atdım. Və onun bu hərəkəti mənim xoşuma gəlmirdi. Adətən qatillər qurbanlarını qəfildən öldürmürlərsə, danışdırmağı, ya da qurbanının ağzını bağlayıb, boş-boşuna danışmağı xoşlayırlar. Bu deyəsən, zəvzəməyi xoşlayanlardanıydı. Saçıma əl atanda əlimdəki quru budaqla başına vurdum, “oğraş” deyib evimizə tərəf qışqıraraq qaçdım. Qapımızın ağzına çatmamışdım, əmi nəvəsinin iş yoldaşları küçəyə çıxdılar. Onlar da mən tərəfə qaçırdılar. Bir-birimizə çatanda dayandıq, ağlayırdım, dolubədənli olduğumdan həyəcandan, qoxudan güclə nəfəs alırdım. Ağzım qurumuşdu, su istəyirdim. Polislər niyə qışqırdığımı soruşdular. Zoğal ağacını əlimlə işarə elədim, onlarla birgə ağaca tərəf baxdım, heç kimi görmədik. ─Mollanın dayısı ordaydı, məni qorxudurdu. Polislərdən biri meşəyə tərəf qaçdı, digəriylə həyətə girəndə dədəmgil yüyürərək gəldilər, xanımlar da ( anamla nənəm) qorxaraq üstümə qaçırdılar. ─Niyə qışqırdın? –Dədəm soruşdu. Mən su içməsəydim, danışa bilməyəcəkdim, mümkün deyildi. Yanımdakı polis dadıma çatdı. ─Meşəlik tərəfdə yad adam görüb. Qorxmaz meşəyə qaçdı. Bəxtiyar mənə: ─Adamı əvvəllər buralarda görmüşdün? Zalım oğlu elə bil bölmədəyəm, sorğu-sual edir. Anam mənə stəkanda su uzatdı. Düşüncəli anam hiss elətdirmədən evə su gətirməyə gedibmiş. Suyu birnəfəsə necə içdimsə, dədəm də, nənəm də “yavaş, boğularsan” dedilər. Daha demirlər ki, vaxtında qaçmasaydım boğularaq öldürülərdim. Suyumu içdim, dərindən nəfəs aldıqdan sonra əmi nəvəsinin sualına cavab verdim: ─Mollanın dayısıydı. Məni bilərəkdən qorxutdu. Bəxtiyar həyətdən çıxdı, çox güman meşəyə tərəf gedəcəkdi. Utandığımdan ağsaqqalın saçlarıma əl vurduğunu gizlətdim. Qadına sataşan kişilər birinci qadının ya saçlarına toxunur, ya da sırtıqlığına salıb belini qucaqlayırdı. Mən öldürmək istədiyini başa düşmüşdüm, ya yanımdakılar məsələni namus-qeyrət söhbətinə bağlasaydılar? Şərəfsizi sözsüz tutacaqlar, saç məsələsini bilməsələr də olar. Bəxtiyar meşəyə qaçan Qorxmazla polis maşınına oturdular. Maşını Qorxmaz yol tərəfə sürdü. Saat beşə qədər anam altına kartofdan qazmax hazırladığı aşımızı da bişirmişdi, süfrəni hazırlamışdı, yeməyimizi də yemişdik. Həyətdə dədəmlə əmim bizimlə qalan polisə tualeti göstərib çox güman eşitdiyimiz körpənin səsindən danışırdılar. Nənəm yenə dua edərək təsbehini çevirirdi, anam mətbəxdə mənim telefonumla xalama başımıza gələn macəraları danışırdı. Mən pəncərədən baxıb fikirləşirdim. Başımıza gələnləri yazsam, heç kimin inanmayacağını yaxşı bilirəm. Bəlkə də inanan tapılardı, onu zaman göstərəcəkdi. İnsanların çoxu daxilən görünməyən varlıqlara inanır, əksəriyyəti öz inandığını inkar edir. Çünki savadı olan insan belə şeylərə yox, ancaq gözüylə gördüklərinə inanar. İnsanlar arasında göstəriş xatirinə yazılmayan qanunlar var. Dədəmə zəng gəlmişdi, telefonla danışdıqdan sonra evə tərəf gəldi.Dədəm anama: ─İnci, hazırlaşın, gedirik. Mollayla dayısı bölmədədir. Bəxtiyargilə gedirik, –deyəndə bir anlıq qəribə hiss keçirdim. Elə bil bu evi növbəti yayda bir də görməyəcəm. Onsuzda gələndə çox əşya gətirməmişdik. Mətbəx əşyalarını əvvəlcədən anam Bakıdan alıb dədəmdən göndərmişdi. Sonradan xatırladım, evimizi yenidən görmək şansım vardı. Qonşudan götürdüyüm kitabları hələ qaytarmamışdım. Kitabları, paltarları götürdük, dədəmlə əmim bir-bir maşına daşıyırdılar. Anamın bişirdiyi aş qazanını əmim qara dördgöz mersedesinin baqajına qoydu. Nənəmlə anam əmimin maşınına mindilər. Mən dədəmin maşınında arxa oturacaqda oturmuşdum, polis qabaqda… Əmim Bəxtiyargilin evini tanıyırdı. Rayona bizdən əvvəl əmim gəlmişdi. Dədəm əmimin maşınını izləyirdi. Dədəm gənc polislə rayon haqqında danışırdılar. Qulağıma qulaqcıq taxmışdım, musiqi dinləyirdim. Söhbətin konkret nədən getdiyiylə maraqlanmadım. Bəxtiyargilə çatdıq. Bəxtiyarın yoldaşı, anası bizə “xoşgəldin” elədilər, dədəmlə əmim görüşdükdən sonra əmimin maşınıyla bölməyə getdilər. Bəxtiyarın yoldaşı Arzu əşyalarımızı evə daşımağa kömək elədi. Nənəm qaynanasıyla bizdən əvvəl evə girmişdilər. Bəxtiyar iki il olardı evlənmişdi. Yaş yarımlıq oğlu vardı. Nicat biz gələndə yatmışdı. Bəxtiyargilin evi beş otaqlıydı. Bir otaq elə bil kitabxanadır. Bəxtiyarın bacısı kitablara bağlı insan olduğu üçün bu otaq yayda gələndən-gələnə ona məxsusuydu. Bəxtiyar bacısını dəhşət çox istəyirdi.Otağın biri məhz qonaq gələcək insanlar üçün hazırlanmışdı. Qonaq otağındakı boş şkafa paltarlarımızı yığdıq. Şam yeməyimizi yedik, dədəmgil gəlmədilər. Şam yeməyindən sonra dözmədim, dədəmə vızıv atdım. Çox keçmədi, dədəm məni yığdı. ─Dədə, hardasız? ─Qızım, evdəyik. Cəsədləri tapmışıq. Daha doğrusu, sümüklərini. Mollanın anasıyla dayısı hər şeyi danışdılar. Dədəmin səsindən kövrəldiyi açıq-aşkar hiss olunurdu. Ürəyimdən keçən sualdan iyrənsəm də verməyə məcburdum. ─Körpə? ─Tualetdən tapdılar. Telefonu əlimdən yerə atdım, əllərim üzümdə hönkürtüylə ağladım. Səsimdən Nicat da anasının qucağında ağladı. Anamgil, hətta körpəsinin ağlamağına o qədər də fikir verməyən Arzu mənə görə narahat olmuşdu. Anam telefonu yerdən götürüb dədəmlə danışdı. ─Cavad, sən qıza nə demisən ağlayır? Dədəmin cavabını eşidən anam da kövrəldi. Məni gecə yarısınacan sakitləşdirə bilmədilər. Xahiş elədim ki, kitab olan otaqda on dəqiqəlik tək qalım. Otağın qapısını örtdükdən sonra otaqdakı divanda uzanıb gözlərimi yummuşdum. Özümü əzgin, kilomdan iki dəfə artıq yükün altında əzilmiş hiss edirdim. Çox istəyirdim, gənc ananın ruhuyla danışım. Həqiqətən çox istəyirdim. İnsanın necə tamahkar, qəddar olduğunu soruşmaq istəyirdim. Gənc ananın acısını hiss edirdim. Ana olmaq istədiyim qədər, ilk dəfə ana olmağa qorxdum. Bir gün həqiqətən gözlərimin içinə baxa-baxa övladımı əlimdən kimsə alsa, kim olaram? İnsan olmaram, dəqiq bilirəm. Qəribə düşüncələrin, hisslərimin burulğanındaydım, ürəyim incidirdi məni. Gənc ana, yuxuma gəl, həqiqətin davamını bilmək istəyirəm… Gecə divanda yatmışdım.Dədəmgilin gəlməyindən xəbərim olmamışdı.. Məni yuxudan oyatmağa heç kimin ürəyi gəlməmişdi. Mən divanda da olsa, düz yatmağı bacaran insan deyildim. İlk dəfə ölü kimi tərpənmədən yatmışdım. Yuxu görməmişdim. Səhər gözümü açanda üstümdə nazik ədyal vardı. Gözümü tavana zilləmişdim. Realda üzünü görmədiyim körpəni unuda bilmirdim. Mənəvi yorğunluğum canımdan çıxmamışdı, divandan ağır-ağır qalxdım. Otaqdan çıxıb, qonaq otağından keçərək hamama girdim. Qonaq otağında heç kim yoxuydu. Əl-üzümü yudum, güzgüdə bir dəqiqə özümə baxırdım. Kədərli baxışlarımı göz yaddaşıma həkk eləmək istəyirdim. Əvəzində başım gicəlləndi, özümü güzgüdə iki görməyə başladım.Yıxılmamaq üçün divardan tutub unitazın üstündə oturdum. Baş verənlər mənim kimi həssas adamlar üçün həddindən artıq çoxuydu.Yaxşı ki ana deyildim. Uzun müddət psixoloqa getməliydim. Bacımın, xalam qızının uşaqları, əmimin nəvələri, Bəxtiyarın oğlu Nicat, qohumda kimin evində uşaq varsa, yadıma düşdülər, bir-bir gözümün qabağından keçdilər. Onları adsız körpəylə müqayisə elədim, yenə ağlamaq tutdu məni. Adsız körpə digər uşaqlarla müqayisə ediləcək taleyi yaşamamışdı. Ən dəhşətlisi, adsız körpələri də bir-birindən fərqləndirmək mümkün deyildi.Çalışdım hamını bir anlıq da olsa unudum.Yaxşı şeylər haqqında fikirləşməyə başladım. Fikirləşdikcə özümü yaxşı hiss edirdim. Hiss etdikcə ehmalca ayağa qalxdım, hamamdan çıxıb mətbəxə gəldim. Anam əvvəlcədən duza qoyulmuş üzümün yarpaqlarını bir-birindən ayırıb Arzunun əlinin altındakı qazanın qıraqlarına paltar kimi sərirdi. Arzunun götürdüyü ət hər yarpağın arasında dolma olurdu. Onlara: ─Sabahınız xeyir,–dedim. Arzu: ─Sabahın xeyir, -dedi. Anam: ─Səni oyatmağa qıymadıq. Gecə qorxmadın? Anam əslində başqa sual vermək istəyirdi. Əslində sual ” gözünə nəysə görünüb eləmədi?” – olmalıydı. ─Necə yatmağımdan xəbərim olmayıb. Arzu: ─Bacı, utanma, çay istidir. Yad adamın evində deyilsən, öz evindir, nə istəyirsən götür, ye. ─İki stəkan su içəcəm, çox sağ ol. Dədəmgil gəlməyib? Anam: ─Çox gec gəldilər. ─Neçə cəsəd tapıblar? –Vəhşiliyin səbəbini bilmək istəyirdim. ─Bağda üç qadın cəsədi tapıblar.Mollanın dayısı hər şeyi boynuna alıbdı.Bacısını, bacısının qızını və nəvəsini öldürüb. Başa düşdüm ki,gənc ananı doğuzduran doğmaca anasıymış. Daha təəccüblənmirdim. Kədərlə soruşdum: ─Səbəb? ─Bacısının nəvəsi bir oğlanı istiyirmiş. ─Aha. ─Qız oğlandan hamilə qalıb. Qadınlar hamilə olduğunu biliblər. Oğlan bu gün-sabah alacam deyib, qəfildən yoxa çıxıb. Kənd yeri.. Uşağı məhv edə bilməyiblər. Dayı şübhələnib, qızı soruşanda hər dəfə bir bəhanə eşidirdi. Qəfildən evə gələndə qızı boylu görür, hər şeyi öyrənir. Şərt kəsir ki, qız doğandan sonra uşağı ona versinlər. Qız doğur, ardını day özün bilirsən. ─Uşaq qızıydı? ─Bilmir. Sonra da qadınlara məcbur zəhəri içirdibki,niyə bir qızı qoruya bilməmisiz. Səhərə yaxın torpaq qazıb. Cavad deyir, çox dərin qazıbmış. ─Sonra? ─Sonra mollanın nənəsiylə səhərə yaxın basdırıblar. Arzu başını yellədi: ─Həqiqətən vicdansızdılar ey! ─Sonra tualetə od vurdu, –dedim. Kədərli də olsa həqiqətiydi. ─Həm tualetə, həm də otağa… Evi yandırmaq istəyib, fikrini dəyişib. Anam danışanda daha da pis olurdu. ─İndi onlara cəza düşəcək?–Tutulmasını yox, ikisinin də diri-diri yandırılmasını istəyirdim. Sualıma Arzu cavab verdi: ─Əlbəttə, cəzasız cinayət olar?! Adını bilmədiyim gənc ana uğursuz, bitərəf məhəbbətin, fürsətcil əclafın qurbanı olmuşdu. Günahsız günahkarıydı. Heç kim onu başa düşməyə çalışmayıb. Təcrübədən uzaq ilk səhvi bağışlamaq olardı. Bağışlamadılar. Geniş evdə özümə heç cür yer tapa bilmirdim. Axşam tərəfi əmimlə evimizdən xeyli uzaq qonşunun gəlinindən aldığım kitabları geri qaytarmağa getdik. İyirmi doqquz ildən sonra açılan cinayəti onlar da eşitmişdi. Kitabları qaytardım, evə dəvət eləsələr də girmədik, sağollaşdıq.Əmimlə maşına oturduq. Əmim maşını xodlayırdı. ─Əmi, xahiş eləsəm olar? Evimizi axırıncı dəfə görmək istiyirəm. İçəri girmiyəcəm, qapının ağzından baxacam ─Açar yoxdu. Necə baxacaqsan? Şalvarımın cibindən açarı çıxardım, əmimə göstərdim. Əmim başını yelləyib: ─Özünə görə deyilsən! –deyib maşını evimizə tərəf sürdü. Dəmir qapını özüm açmaq istəyirdim, əllərim titrədi. Əllərimin titrədiyini əmim gördü, açarı ona verdim. Qapını rahatlıqla açdı. Qapının ağzından evimizə, bağa baxdım. Tualetə baxmağa ürək eləmirdim. Bir dəfə göyə baxdıqdan sonra tualetə baxa bilmişdim. Gözlərim dolmuşdu. Məhəbbətdən uzaq ehtirasın ürəkparçalayan uğursuzluğu dörd can almışdı. Yaşamağa haqları ola-ola!… İndiyə qədər evi satmağa ürəyimiz gəlmədi. O gündən kəndə də getmədik. O gündən güman qaldığım yuxularımda gənc ananı da görməmişəm. Ümid edirəm, ruhları şaddır. Onların dördünü də kənd qəbirstanlığında basdırdılar. Kənd camaatı öldürülənləri başqa rayonda bilirmişlər. Mollanın nənəsi kənd camaatını asanlıqla inandırmışdı. Mən qəbirstanlığa onları ziyarətə nə vaxtsa getmək istəyərdim. Danılmaz həqiqət də var: Onların ruhu şad, bizim vicdanımız rahatıydı. Vicdan rahatlığından olmalıdır ki, ailəlikcə evə verdiyimiz pula indiyəcən heyfslənmirik.
Adətim üzrə səhər saat 6:30-da çalarsız-filansız oyanıb yerimin içində bir az eşələndikdən sonra əl atıb çarpayının altından sadiq dostum “Redmi”ni qamarlayaraq bağrıma basdım. Hələ tam açılmamış gözlərimi ovuşdura-ovuşdura “Facebook”la “İnstagram” arası “Səfa” və “Mərvə” arasında müqəddəs ibadəti yerinə yetirirmiş kimi, düz 7 dəfə, bəlkə də bir az artıq var-gəl etdim. Sonra qalxıb ikiotaqlı “küncdəqalmış”, “kitabça”, “Xruşşov layihəli” mənzilimin birinci otaqla dəhliz arasındakı taxta qapının çərçivəsinə bərkitdiyim alətdə həmişəki kimi 14 dəfə dartınıb düşdüm. Növbə ilə divardan asdığım “Fatihə surəsini”, “Bədnəzər duasını” və “Ayətül-kürsi”ni hərəsini düz 7 dəfə, bəlkə də bir az çox təkrar-təkrar oxuduqdan sonra kitab rəfindən Əbdürrəhim bəy Haqverdiyevin “Marallarım” kitabını götürdüm. Ötən əsrin 70-ci illərinin nəşri olan kitabın nazik kağız üzlü cildi didik-didik olub saralsa da, üzərindəki simalar necə tanış və canlı idilər. Sanki hamısı blokda növbəyə dayanıb səni gözləyirlər və bir himə bənddilər ki, elə qapını açasan… Kitabın üzünə bir neçə dəqiqə baxıb gülümsəyərək dahi ədibə “Günaydın” deyib, gözlərimi mənzilin giriş qapısının üzərində asılmış lövhəyə zillədim. Yenə düz 7 dəfə, bəlkə bir az artıq Böyük Allahın cahü-cəlalına və peyğəmbərimizin əmvatına zikrlər edəndən sonra istirahət otağına keçdim. Ötən gün ərzində yükləndiyim bütün dərd-azardan müvəqqəti də olsa, qurtulduqdan sonra gurhagurla, şırhaşırla qonşulara “mən hələ sağam” siqnalını verərək, qalxıb güzgünün qabağında bir az ağzımı, gözümü əydim, əsnədim, gərnəşdim… Bir sözlə, bütün vacib ritualları yerinə yetirdikdən sonra əlimi şoğəribin altına bir neçə dəfə uzatsam da, su gəlmədi ki, gəlmədi. Başımı qaldırıb aynada üzümə, daha doğrusu, burnumun ucuna diqqətlə nə qədər baxsam da, zərərli bir əhval gözümə dəymədi. Elə bu vaxt qonşulara verdiyim siqnalın son akordları ilə bərabər, yenə qəfil öymə başladı… Məcburən hər ehtimala qarşı əvvəlcədən su ilə dolu saxladığım “növbətçi abgərdən”i götürüb əl-üzümü yaxaladım. Tələsik istirahət otağından çıxdım. Çıxa-çıxa düşündüm ki, “ay canım, ilin-günün bu vaxtında bu qədər istirahət olar!?” Əl-üzümü qurulaya-qurulaya mətbəxə keçib, axşamdan qalan su ilə dolu caydanın altını yandırdım. Televizoru açdım. Aparıcı qız necə başladısa, elə o andaca televizoru söndürüb, seyvana çıxdım. Küçədə və seyvandan görünən kiçik parkda tam sakitlik hökm sürürdü. Bu gün şanlı Zəfərimizin ildönümü ilə əlaqədar elan olunmuş dörd günlük qeyri-iş gününün sonuncusu idi. Deyirəm, qəribə məxluquq e vallah, evdə qalanda işi, işdə olanda evi axtarırıq. Parkın tən ortasındakı tut ağacının altı sapsarı yarpaqlarla elə döşənmişdi ki, adam istəyirdi gedib üstünə uzansın… Yaxşı ki, dolu çaydanın fiti məni belə sərsəm düşüncələrdən ayırdı… Mətbəxə keçib, çaydanın altını söndürdüm. “Azarçay” qutusundan birdəfəlik paketlərdən birini götürb bir stəkan qaynanmış suyu rəngləyib yenidən seyvana – “Nina bağı”na keçdim. Bu məkan ruhumun dinclik tapdığı yeganə guşədir. Əvvəlki ev sahibəsi Nina xanım binanın layihəyə uyğun açıq eyvanını bağlayaraq səliqəli seyvana çevirib. Divarda qatlama masası və iki kətil var. Dibçəkdə həmişəyaşıl otaq bitkiləri də olduğuna görə mənzilə köçən gündən buranın adını “Nina bağı” qoymuşuq. Haqlı olaraq sual yarana bilər ki, mənzilə yeni köçmüsünüz? Sual yaransa da, yaranmasa da, qeyd edim ki, bəli, bu mənzilə təzəlikcə köçmüşük. Səbəbini indi açıq-aydın dilimə gətirə bilmirəm. Çünki o barədə düşünən kimi öymə məni tutur. Özümdən asılı deyil… Çayımı qurtumlaya-qurtumlaya yenə ən yaxın sirdaşım “Redmi”ni dümsükləyib oyatdım. Oyanan kimi bildirişlər pəncərəsindən bir gözəl xanım əl sallayaraq “Zəfər endirimləri” ilə bağlı məni xəbərdar etdi. “MORE” Psixologiya Mərkəzi şanlı Zəfər günləri ilə bağlı sabahdan noyabr ayının sonuna qədər hamıya 50%, qazilərə isə 75% endirimlə xidmət göstərəcək. Düzü, bu məsələ məni çoxdan narahat etdiyinə görə xeyli vaxtdır psixoloq xidmətləri ilə maraqlanırdım. Ona görə qiymətlərdən, şərtlərdən az-çox məlumatım vardı. Həm psixologiya mərkəzlərinin çoxluğu, həm də qiymətlərin baha olması seçim etməyimə əngəl olurdu. İndi bu xanımın təbəssümlü çöhrəsi, bir də artıq demək olar ki, televiziya verilişlərindən adını əzbərlədiyim “MORE”-ni yenə görüncə seçimimi etdim. Elə bildirişin üzərindən keçid edərək sabaha – səhər saat 10:00-a görüş təyin etdim. Qazi olduğuma görə ödənişi yerində nağd olaraq 75% endirimlə edəcəkdim… Axşama qədər hər televizoru açanda, hər küçəyə baxanda öyə-öyə günü birtəhər başa vurub, yenə yatağıma uzandım. “Redmi”də axşam ibadətlərimi yerinə yetirə-yetirə nə vaxt yuxu tutub, bilməmişəm. Bir də oyandım ki, 03:33-dür. Briqadirə ”whatsapp”da yazdım ki, sabah səhər öynə həkimə gedəcəm, işə ondan sonra gələrəm, ya da xəbər edərəm. İş deyəndə ki, sağ olsunlar, qazi olduğuma görə məni icra hakimiyyətində işlə təmin ediblər. Yüngül işdir. Briqadir də həm üç diplomum olduğuna, həm də hər iki müharibənin iştirakçısı olduğum üçün mənə hörmət edir. Yəni, necə deyərlər, nə işim olsa, ötüşdürür. Sağ olsunlar… Hamısından razıyam… Elə bu razılıq içində yenidən nə vaxt yuxulamışam, bilmirəm… Qəfil yenə oyandım. Hə, bu, “6:30” oyanışı idi. Adətim üzrə yerimin içində bir az eşələndikdən sonra əl atıb çarpayının altından sadiq dostum “Redmi”ni qamarlayıb bağrıma basdım. Hələ tam açılmamış gözlərimi ovuşdura-ovuşdura “Facebook”la “İnstagram” arası “Səfa” və “Mərvə” arasında müqəddəs ibadəti yerinə yetirirmiş kimi, düz 7 dəfə, bəlkə də bir az artıq…. “Nina bağı” ziyarəti də daxil olmaqla seyvan keyfindən sonra hər evdən çıxanda düz 7 dəfə, bəlkə də bir az artıq təkrar-təkrar qaz, su, işıq yoxlamalarını dəqiqliklə yerinə yetirib, mənzildən çıxmaq üçün dəmirdən olan giriş qapısını açmışdım ki, blokdan gələn isti hava axını bildiriş kağızlarını üzümə çırpdı. Bəzilərini gözümün qabağında fırladıb yanıq verirmiş kimi başımdan səpələdi. Çiynimə qonan, üzümə yapışan, yerə düşən bütün kağızları topladım. Müxtəlif şirkətlərin reklam bildirişlərini səliqə ilə qatlayıb əlimdəki kağız tullantıları olan zibil paketinə qoyduqdan sonra digər əsas bildiriş kağızlarına baxdım. Su 13 manat, işıq 23 manat, qaz 59 manat gəlmişdi. “Kombi”ni çox işlətmədiyimə görə qaz normal idi. Bildirişləri əziz-xələf bir barat kimi pencəyimin içəridən döş cibinə, lap ürəyimin başına qoydum. Şikayətlənməyə bir əsas olmadığına görə vacib sənədlər olan qovuluğumu qoltuğuma vurub, səliqə ilə ayrı-ayrı yığdığım zibil paketlərini götürüb, başımın üzərində olan lövhəyə baxa-baxa, ağzımda dua mənzildən çıxdım. Əlimdəki zibil paketlərini yerə qoyub, seyf qapının bütün qıfıllarını bağladım. Düz 7 dəfə, bəlkə də bir az artıq dəfələrlə silkələyib, əl dəstəyini aşağı-yuxarı edib, yoxladıqdan sonra zibil paketlərinin hərəsini bir əlimə götürüb, getdiyim yerdən asılı olmayaraq, həmişə özümlə götürdüyüm vacib sənədlər qovuluğu da qoltuğumda, bir gözüm qapıda yavaş-yavaş pillələri enməyə başladım… Əlimdəki zibilə baxanda döş cibimdəki bildirişlər yadıma düşdü. Ani olaraq “…zalım uşağı bayram günü də işləyir…” fikri beynimdən gəlib keçdi. Tez də artıq 4 gündür mənzildən çıxmadığımı xatırladıqda əmin olmaq üçün cibimdəki bildirişləri çıxarıb üzərindəki tarixləri gözdən keçirdim, hər üçü 5 noyabr 2021-ci il tarixinə aid idi. Ani olaqraq, – “Əsl bayram hədiyyəsi olub ki…” – fikri eynimdən keçsə də, tezcə bu axmaq düşüncəni başımdan qovaraq, özümü danlaya-danlaya zibil qutularına nə vaxt çatdığımdan xəbərim belə olmadı. Kağızlar olan paketi “radikal” qutuya, plastik qablar olan paketi isə “müxalif” qutuya məxsusi bir əda ilə, səliqəli şəkildə ərməğan edib, məhlədən çıxdım… “MORE” Psixologiya Mərkəzi elə də uzaqda olmadığına görə gəzə-gəzə saat 9:30-da onun yerləşdiyi möhtəşəmliyi ilə məşhur olan şəhərin 1 nömrəli biznes mərkəzi olan “Yasəmən Plaza”nın qarşısında idim. Deyirdilər Xaliq müəllimin obyektidir. Yasəmən də katibəsinin adı imiş. Yasəmən çox fədakar, işini bilən, məsuliyyətli işçi olduğuna görə obyektlərindən birinə onun adını verib… Yasəmənin fədakarlığı, Xaliq müəllimin səxavəti barədə düşünə-düşünə 9:50-yə qədər plazanın yaxınlığındakı parkda gəzişdim. Vaxta 5 dəqiqə qalanda qara rəngli tibbi maskamı pencəyimin üst döş cibindən çıxardıb “taclı günlərimiz” başlayandan bəri ətir əvəzi həmişə özümlə gəzdirdiyim “püskürtmə spirt”dən üstünə bir az püskürdüb taxdım. Sonra 3 manata özüm üçün hazırlatdığım “kovidpasportu”mu əlimdə hazır tutaraq “Yasamən”ə ya sən, ya da mən deyib girişə doğru yönəldim. Burada təmtəraqlı qarşılama mərasimi gözləsəm də, belə bir hal olmadı. Liftin qarşısındakı basabası görüb, 4-cü mərtəbəyə pilləkənlə qalxdım. Düz vaxtında qəbul şöbəsində “piştaxta”da dayanmış xanımın qarşısında “farağat” vəziyyətində dayanmışdım. “Online” qeydiyyatıma baxıb, bəzi məsələləri dəqiqləşdirdikdən, bütün orden və medalların vəsiqələrini bir-bir yoxladıqdan, əvvəllər müayinə və müalicə olunduğum bütün xəstəxanalardan mənə verilən kağız-kuğuzların hamısını eynilə mənim kimi düz 7 dəfə, bəlkə də bir az artıq dəfələrlə silkələyib, ələk-vələk edərək yoxladıqdan sonra birinci tanışlıq görüşü pulsuz olmaq şərtilə qazi olduğuma görə 75% endirimlə 1 seans üçün 150 manat ödəniş etməli olduğumu bildirdi. Düzü, gənc “piştaxtaçı” xanım bu 150 manatı elə işvə-nazla, elə avazla istədi ki, bu haqda artıq söz demək, sadəcə, günah olardı. Kirimişcə, cınqırımı da çıxartmadan sanki, üç dənə 5 qəpikliyi market kassasında xəzinədar xanıma «qəpiklər lazım deyil, qalsın» – deyə qaytarırmış kimi, sonuncu iş günü “bankomat”dan çıxartdığım şax “əllilik”lərdən üçünü “piştaxta”nın üstü ilə xüsusi əda ilə (mənim o vaxtım olmasa da, zabit olmağıma rəğmən bir az da ordudan yeni tərxis olunmuş əsgər havası qarışıq mücərrəd bir ruh halında) xanıma tərəf sürüşdürdüm. Sağ olsun, ab-havanı pozmadan, məxsusi bir nəzakətlə “əllilik”lərin üçünü də sürüşdürüb “piştaxta”nın görünməyən aşağı hissəsinə saldı. Bunu elə etdi ki, düz dörd gün böyük narahatlıqla cüzdanımda saxladığım, dəfələrlə sakitlikdə çıxarıb baxaraq boyunu oxşayıb-əzizlədiyim “əllilik”lərin görünməyən tərəfdə döşəməyə düşməsindən narahat olmağa başladım. Fikrim orada qalmışdı ki, xanımın “44-cü otaqda Bənövşə xanım sizi gözləyir, sabahkı görüşün vaxtını özünüz orada təyin edərsiniz…” kal, yoğun, bayaqkı nəvazişdən əsər-əlamət qalmayan quru bir səs məni yenidən “piştaxta”nın qənşərinə qaytardı və anındaca dəhliz boyu addımlamağa vadar etdi… 44-cü otağa çatana qədər “…özünüz orada təyin edərsiniz…”, “…özünüz edərsiniz…”, “…edərsiniz…”, kəlmələri burğu kimi beynimi eşdi… Boynunda bənövşəyi şalı, əynində üzərində ağlı, sarılı nərgiz çiçəkləri olan bənövşəyi donlu dolu, ortaboylu, ortayaşlı, gülərüzlü, xoş rayihəli bir xanım sanki məni gözləyirmiş kimi, mən qapının üzərindəki 44-ü oxuyub aydınlaşdırana qədər qapı üzümə açıldı. Otaqdan dəhlizə xanımın xoş rahiyəsi qarışıq bənövşə qoxusu da yayıldı. Mən içəri keçdim. Xanım qapını örtərək nazlana-nazlana öz kreslosuna keçdi. Otağın divar kağızları da bənövşəyi rəngdə idi. Pərdənin rəngini təyin edə bilmədim bənövşəyidir, yoxsa çəhrayı… Arada açıq göy və ya yaşıl rəngdə gözümə görünürdü… Çox sirli bir aləmə düşmüşdüm. Xanımın xüsusi ahəng və intonasiya ilə danışığı, arada gözünü süzdürüb dediyi sözləri baxışları ilə mənim qulaq və gözlərimə qədər müşayiət etməsi, gözlərimin düz içinə zillənmiş nəzərlərinin burnumun ucundan sürüşüb ağzıma düşməsi məni lap ovsunlamışdı. Mən içəri girəndən xanım xeyli danışsa da, ya heç nə eştmirdim, ya da eşitsəm də mənə çatmırdı. Tamam başqa dünyada idim. Çox keçmədi ki, xanım bunun fərqinə vardı. Yenə nəsə deyə-deyə kreslosundan qalxıb mənə yaxınlaşdı. Əlimdəki kağızlarla maraqlandı. “Piştaxta”çı qızın mənə verdiyi kağızlarla öz sənəd və həkim kağızlarımı, hətta bu günə qədər heç kimə etibar etmədiyim vacib sənədlər qovluğumu da qeyri-iradi ona verdim. Otaqda ondan başqa xanım olmadığına görə indi mənə yəqinlik hasil oldu ki, bu elə Bənövşə xanımım özüdür. Düzü, onu televizorda çox görmüşdüm. Ancaq televizorda gördüyüm xanıma oxşamırdı. Realda daha istiqanlı və mehriban adam təsiri bağışlayırdı. Bəlkə də yaşıd olardıq. Uzaqbaşı 1-2 yaş fərqimiz olardı. Bu arada onu da deyim ki, mənim 45 yaşım var. Bu dəfə kresloda deyil, pəncərənin önündə qoyulmuş divanda oturdu və mənə yanında yer göstərdi: – Buyurun, İlqar bəy. Zəhmət olmasa burada əyləşin. Öz adımı bu gözəl xanımın ağzından belə məlahətli səslə eşitməyim məni lap duyğulandırdı. Kövrəldim. Gözlərim yaşardı. Bənövşə xanım bunun fərqində idi ki, bir daha: – Buyurun, buyurun… Əyləşin. – deyə təkrarladı. Mən də keçib onun yanında oturdum. Yaxşı olmuşdu, üzü qapıya tərəf oturduğumuza görə daha pərdə gözümə dəymirdi. İkimiz də divanda üzü qapıya tərəf oturmuşduq. Divanın qarşısında balaca miz, onun üstündə isə şır-şır su axan balaca şəlalə maketi vardı. Bu maket və xüsusi ilə su səsi məni ciddi narahat etsə də, birtəhər dözürdüm. Necə deyərlər, ödüm ağzıma gəlsə də, dişlərimi qıcayıb birtəhər oturmuşdum. Otaqda işıq yanmırdı. Arada hardansa sanki uzaqdan asta bülbül səsi gəlirdi. Otaq hələ də rəngini aydınlaşdıra bilmədiyim açıq rəngli pərdədən süzülüb gələn işıqla işıqlanmışdı. Bənövşə xanım xüsusi bir əda ilə əyilib mizin altından bir qutu çıxartdı. Qutudan bənövşəyi və çəhrayı rənglərin bir-birinə sarıldığı burğulu üç şam götürüb səliqə ilə şamdana qoydu. Şamdanı mizin üstünə elə qoydu ki, istiqaməti qapı, şəlalə, pəncərə olmaqla sanki ikimizin arasından keçən xəyali bir çəpər-divar, arakəsmə yarandı. Dodaqaltı nəsə zümzümə edə-edə şamları qapıdan bizə tərəf olmaq şərti ilə yandırmağa başladı. Şamların üçü də yandıqdan sonra mizin üstündəki qədimi cürdəyə oxşayan vazanın içindəki “yeni il elektrodlarına” oxşayan çubuqları da bir-bir yandırdı. Arada mənə tərəf çevriləndə xoş rayihəli isti nəfəsini üzümdə və sinəmdə hiss etdikcə bihuş olurdum. Bir yandan şamlar, bir yandan da xüsusi qoxulu çubuqların tüstüsü… Lap nağıllar aləminə düşmüşdüm… Bir-iki dəfə qeyri-iradi: – Təşəkkür edirəm, təşəkkür edirəm, – deyə Bənövşə xanımın eşidə biləcəyi tonda mən də dodaqaltı mızıldadım. Ancaq Bənövşə xanım ya mənim bu canı-dildən, sidqi-ürəkdən gələn təşəkkürnamələrimi qəbul etmədi, ya eşitmədi, ya da hər iki hal baş versə də, o, bunu büruzə vermədi. Düzü, belə gözəl, zövqlü xanımın saymazyanalığı məni bir az mütəəssir etdi… Ancaq mən də bunu büruzə vermədim. Ya elə bu vəziyyətdən çıxmaq, ya da bayaqdan zövq aldığım, indi isə məni sıxmağa başlayan ab-havanı dəyişmək məqsədilə sükutu mən pozdum: – Xanım, bu “MORE” nə deməkdir? Bənövşə xanımın bənövşə ətirli sözünü-söhbətini dinləmək üçün xüsusi iştaha ilə verdiyim suala sualla cavab aldım: – Bəs, sizin öz versiyanız var? – Bənövşə xanım məndən soruşdu. – Yəni mor rəngi. – Xeyr. – Onda qalır “more”, “more” dəniz… – Xeyr. O da deyil. “MORE”, yəni “Mən” “Onu” “Ram” “Etdim”. Bu qədər bəsit və sadə. “MORE Psixologiya Mərkəzi” artıq uzun illərdir ölkəmizdə fəaliyyət göstərir. Azərbaycanın ilk bu yöndə xidmət göstərən mərkəzlərindən biridir. Ölkəmizin bütün iri şəhər və rayonlarında, hətta bəzi iri kəndlərində filiallarımız var. Kollektivimiz peşəkarlardan ibarətdir. Müntəzəm olaraq əməkdaşlarımız televiziya proqramlarına qatılır, bu sahədə xalqımızın maarifləndirilməsi prosesində fəal iştirak edərək, öz töhfələrini verirlər. Yəqin ki, sizin bütün bunlardan xəbəriniz var. – Bəli, bəli, var. – Mən bu sənədlərə əsasən, – əlində və mizin üzərində olan mənim sənədlərimə işarə edərək, – sizin hal-hazırkı vəziyyətinizlə demək olar ki, tanış oldum. Ancaq məsələni həll etmək, durumu düzəltmək üçün bunlar kifayət etməz. Həkim rəylərindən belə məlum olur ki, sizi mütəmadi olaraq, müəyyən məqamlarda narahat edən öymə halları sırf psixoloji problemdir. Yəni bunun fizioloji, bədənsəl olaraq heç bir əsası yoxdur. Bu gün vəziyyət belədir. Ancaq biz bu günə, heç olmasa bu problemin başladığı ilə baş verdiyi ilk hala gəlib çatmalıyıq. Bunun üçün siz lap uşaqlıqdan özünüz haqqında bir az, yaddaqalan əlamətdar hadisələrdən, sizi narahat edən problemlərdən danışsanız işimiz daha asan olar. Siz elə dünyanı xatırladığınız ilk gündən, ilk hadisədən başlayın, ardı öz-özünə yumaq çözümü kimi gələcək. – …Və mən həmin gün evdəkilərlə görüşüb blokumuzdan çıxanda o maşınmı deyim, nasosmu deyim, bilmirəm… Həmin texnika, – biz ona “suçəkən” deyirdik, – blokun girişində yenə işləyirdi. Hələ mən çıxanda pencəyimin qolu da sürtünüb mazuta bulaşmışdı, – qeyri-iradi pencəyimin qoluna baxsam da, sonra xatırladım ki, bu, o pencək deyil, – texnikanın yanındakı işçilərə, uzun illərdir həyatımızı göy əsgiyə düymüş bu problemə biganə qalan hamıya dişimin dibindən çıxanı ucadan desəm də, tırhatırdan çətin ki, kimsə, nəsə eşitdi. Onlar eşitməsələr də, mən içimdə bir rahatlıq tapmış kimi, bir az gümrahlaşıb, qıvraq addımlarla binamızdan ayrıldım… – Bu gün bu qədər kifayətdir. Bənövşə xanımın diktəsi məni o günlərdən ayırdı. İlk olaraq gözümə mizin üstündəki şamlar dəydi. Şamların ikisi, – yanındakılar tamam yanıb qurtarmışdı. Ortadakı şamın göyümsov sarı alovunun uzun dilləri isə son hop-gəllərini vuraraq yellənə-yellənə tamam öləzimişdi və sönmək üzrə idi… Söhbəti xırp kəssəm də, sonra nə edəcəyimi bilmədiyimdən: – Və mən… – Siz indi gedin bir yaxşı dincəlin. Yaxşı olar ki, evə getməmiş bulvara tərəf gedəsiniz. Sonuncu dəfə bulvarda və ya başqa yerdə dənizin sahilində nə vaxt olmusunuz? Su şırıltısını nə vaxt eşitmisiniz? G….? Bənövşə xanımın “Güşşşşş” və ya “Göşşşş” ilə başlamq istədiyi sonuncu cümləsi ağzında qaldı. Mən isə səhər-səhər içdiyim bir qurtum rəngli suyu fontan kimi ağzımdan mizin üzərinə fışqırda-fışqırda öz-özümə düşünürdüm: “…bura qədər yaxşı gəlmişdik, axır ki, zibili çıxdı…”. Mənim “fontanım”ın suyu ilə mizin üstündəki Bənövşə xanımın şəlaləsinin suları bir-birinə qarışmışdı. Düzü, nə edəcəyimi bilmirdim. Ağzım dolu olduğundan, sadəcə, başımla mizin üstündəki şəlalə maketinə davamlı işarə edə-edə qalmışdım… Bənövşə xanım sanki heç nə olmayıbmış kimi: – Əla, əla… Narahat olmayın… Məsələnin əslini öz gözümüzlə də gördük… Heç bir problem yoxdur… Narahat olmayın… – Mən… mən… Ağzımı, burnumu cibimdən çıxartdığım cib dəsmalımla silə-silə bayaqdan bu şəlalənin, – mizin üstündəki maketi göstərərək, – şır-şırına güc-bəla ilə tab gətirib, özümü güclə saxlamışdım. Siz sudan, şır-şırdan danışınca özümü saxlaya bilmədim. Üzürlü sayın… – Eybi yox… Eybi yox, olan işdi… – Ancaq xahiş edirəm sabah bu, – maketə işarə edərək, – “şəlaləni” buraya qoymayın. Olarmı? – Əlbəttə, olar. Olar. Qoymarıq. Deməli belə, siz indi gedin yaxşıca dincəlin. Sabah saat 10:00-da birbaşa bura gələrsiniz. 4-cü mərtəbə, 44-cü otaq, Bənövşə xanım. – Oldu, – deyib yarı islanmış, yarı quru kağız-kuğuzumu mizin üzərindən yığışdırıb, peşman-peşman otaqdan çıxdım… Bu əzəmətli binadan gəldiyim kimi də ayrılmağın dilxorluğu ilə baş-başa nə vaxt öz blokumuzda, öz mənzilimin, 3 qıfıllı dəmir seyf qapısının qarşısına çatıb dayandığımdan heç xəbərim olmadı. Yalnız indi xatırladım ki, evə qayıdanda çörək almalıydım. Məcburən həyətdəki mini marketə düşməli oldum. Bir çörək alıb, çıxmaq istəyirdim ki, satıcı xanımın: “Başqa nə?”- sualı məni yenidən rəflərə baxmağa məcbur etdi: – Bax bir dənə bundan verin. – Başqa? – Bir dənə də bundan. – Sonra? – Bir dənə də bax bundan. – … – … Əlimdə, qolumda yer qalmadığını görən satıcı xanım: – “İstəyirsiniz uşağı çağırım sizə kömək etsin, müəllim? Ya da lap elə özüm indi buranı bağlayıb sizə kömək edərəm. Axı biz qonşuyuq…” – deyə bir az qayğılı, həm də sual dolu baxışlarını üzümə zillədi. – Yox, canım. Nə danışırsınız? Lazım deyil. Çox sağ olun. Budu, buradı. İndi qalxıram yuxarı. Aldıqlarımın pulunu ödədikdən sonra məcburi təbəssüm edərək, oradan ayrıldım. Yenidən öz alınmaz qalamın giriş qapısına dayanmışdım ki, qapıda yeni bildiriş qoyduqlarını fərq etdim. Qapıdakı açar yerinə səliqə ilə yerləşdirilmiş bükülü kağızı götürüb açdım. Qırmızı rəngli qələm ilə səliqəli xətlə yazılmış “JEK”-in bildirişi idi: “Xəbərdarlıq! Bu ayın sonuna qədər istismar xərclərini və zibil pulunu ödəməsəniz sizi məhkəməyə verəcəyik”. Qeyri-iradi: – “JEK nədi?” – deyə-deyə kağızı əvvəlcədən büküldüyü kimi mən də səliqə ilə büküb blokun açıq pəncərəsindən çırtma atışı ilə bayıra uçurtdum. Qıfılları bir-bir açdıqdan sonra nəhayət ki, mənzilə daxil ola bildim. Səmimiliyimə inanın. 18 yaşına qədər kənddə böyümüş, sonra isə demək olar ki, ömrünün çox hissəsini dağda-daşda keçirmş bir adam üçün qapı açıb-bağlamaqdan ta bu “JEK” söhbətlərinə qədər hamısı çox yorucu və olduqca ağrılı məsələdir… Mənzilə daxil olan kimi əlimdəkilər masanın və divanın, əynimdəkilər isə çarpayının üstünə getdi. Yaxşı-yaxşı yuyunub, spirtləndikdən sonra artıq neçə gündən qalma olduğunu unutduğum içərisində su olan çaydanın altını yandırdım. Çaydan fit verənə qədər heç nə düşünmədən mətbəxin pəncərəsindən sakit küçəmizə, balaca parka və bir az aralıda ucalan “Alov Qüllələri”nə nəzər salıb, diqqətimi sonuncunun üzərində cəmlədim. Üzərində artıq iki ildir “Evdə qal!”, “Biz birlikdə güclüyük!”, hərdən dalğalanan üç rəngli bayrağımızı və çox vaxt alov dilləri görməyə adət etdiyimiz bu qüllələr şəhərimizin yeni simvollarından birinə çevrilmişdi. Artıq qüruba doğru yönəlmiş payız günəşinin qırmızıya çalan tünd narıncı rəngi qüllələrin parlaq şüşələrindən əks olunaraq cazibədar mənzərə yaratmışdı. Bu arada Şəhidlər Xiyabanına – Teleqülləyə tərəf olan birinci qüllədə troslarla asılı vəziyyətdə şüşələri silən “alpinistlər” diqqətimi çəkdi. Maraqlıdır, demək olar ki, gün batmağa başlasa da, iş hələ davam edirdi… “Alpinist” sözü ağlıma gələn kimi, “əcaba, bu sözün Alp dağları ilə bir əlaqəsi varmı?” – deyə yeni bir sual beynimə işlədi. Sonra beqəfil Qalaya yalın əllərlə dırmaşan əsgərləri xatırladım… Yəqin elə təcrübəsi olan qazilərimizi də belə xüsusi bacarıq tələb olunan yerlərdə işlə təmin edirlər… Qəfil fit səsi bütün fikirləri başımdan qovdu. Fitli caydanı icad edənin atasına rəhmət oxuya-oxuya qazı söndürüb. Özümə artıq səhər-səhər bir dəfə istifadə edib, nəlbəkidə saxladığım “Azarçay” paketindən yeni bir fincan rəngli qaynanmış su hazırlayıb beynimdə “maşAllah olsun lap xoruzquyruğudur, axşam bir dəfə də rəngləmək olar fikri” ilə “Nina bağı”na yollandım… Çayımı udumlaya-udumlaya arada briqadirə ”whatsapp”da yazdım ki, gəlmişəm, evdəyəm. Ancaq həm çox yorğunam, həm də artıq axşamdır, sabah yenə gedəcəm, İnşəAllah, birisi gün işə çıxaram. Sağ olsun, o da yazdı ki, narahat olmayın, öz işinizdə olun… Günü hər gün təkrar olunan öz işlərimlə başa vurub, yerimə uzananda artıq gecə yarıdan keçmişdi… “Redmi”də axşam ibadətlərimi yerinə yetirə-yetirə nə vaxt yuxu tutub, biləmişəm. Bir də oyandım ki, saat 6:30-dur. Adətim üzrə yerimin içində bir az eşələndikdən sonra əl atıb çarpayının altından sadiq dostum “Redmi”ni qamarlayıb bağrıma basdım. Hələ tam açılmamış gözlərimi ovuşdura-ovuşdura “Facebook”la “İnstagram” arası “Səfa” və “Mərvə” arasında müqəddəs ibadəti yerinə yetirirmiş kimi düz 7 dəfə, bəlkə də bir az artıq… “Nina bağı” ziyarəti də daxil olmaqla seyvan keyfindən sonra hər evdən çıxanda düz 7 dəfə, bəlkə də bir az artıq təkrar-təkrar qaz, su, işıq yoxlamalarını dəqiqliklə yerinə yetirib, mənzildən çıxdım. Gəzə-gəzə öz-özümlə söhbət edə-edə nə vaxt 44 nömrəli otağın qapısına çatdım, heç özüm də bilmədim. 44-ü görən kimi qeyri-iradi burnuma bənövşənin məxsusi qoxusu gəldi. Yalnız bu anda olub-keçənlərin fərqinə vardım. Dərhal telefonda saata baxdım. Məlum oldu ki, hələ vaxta 5-6 dəqiqə var. Qayıdıb vaxtı gözləmək istəyirdim ki, qapı açıldı… Həmin tanış rayihə, o həlim səs… Bənövşə xanım məni içəri dəvət etdi. Artıq şamdanlı miz bizi dinləməyə hazır idi. Əlavə sual vermədən Bənövşə xanım divanda dünən oturduğu yerdə əyləşərək, mənə də əli ilə yanında yer göstərdi. Yalnız bundan sonra: – “Tam rahat və sərbəst olmaq üçün istəsəniz üst geyimini çıxarda bilərsiniz”, – dedi. – Xeyr, nazik və yüngüldür. Qalsın. – deyə-deyə keçib öz yerimdə əyləşdim… Şamlar yanır, “elektrodlar” tüstüləyirdi. Çox astadan həzin, yuxugətirici çin melodiyası səslənirdi… – Hə, harda qalmışdıq? – Sükutu bu dəfə Bənövşə xanım özü pozdu. Sanki vaxtı boşa verməmək istəyi kimi bir ahəng hiss etdim səsində. – Deməli, “mən həmin gün evdəkilərlə görüşüb blokumuzdan çıxanda o maşınmı deyim, nasosmu deyim, bilmirəm… Həmin texnika, – biz ona “suçəkən” deyirdik, – blokun girişində yenə işləyirdi. Hələ mən çıxanda pencəyimin qolu da sürtünüb mazuta bulaşmışdı…” – Bax orada qalmışdıq. – Bu məsələni bir az da dəqiqləşdirib, elə ordan davam edək. O nə “suçəkən” maşın idi elə, orda işləyirdi? – Deməli, belə, Bənövşə xanım. Qeyd etdiyim kimi, mənim uşaqlığım kənddə nənəmgildə keçib. Ancaq o vaxtlar da, – “sovet dövrü” tez-tez atamgilə, yəni bu evmizə gəlirdim. Elə yaranandan məndə hər şey tərsinə olub. Uşaqlar yayda dərs bağlananda kəndə nənəsigilə gedəndə, mən əksinə, yayda dərs bağlanan kimi Bakıya atamgilə gəlirdim. Bunu niyə qeyd edirəm? Həmin vaxtlar binamızın, yəni bu binanın, – atamgil yaşayan binanın zirzəmisi qupquru olardı. Çünki uşaq vaxtı yadımdadır ki, ora girməyi nə qədər qadağan etsələr də, maraq güc gələndə bir neçə dəfə uşaqlarla ora girmişdik. Dəmir seyf qapısı olsa da, heç vaxt bağlı olmazdı. Qupquru, tərtəmiz zirzəmi idi. Ancaq 90-lardan sonra artıq bu təmizliyin izi-tozu qalmadı. Əvvəllər su olmasa da… – burada məni yenə quru öymə tutdu… – Ara verin, dincəlin… – deyə Bənövşə xanım mənə əli ilə də sərbəst olma işarəsi verdi. – Narahat olmayın, indi keçib gedəcək… Məşədi İbad demişkən, artıq “bir nöö adətkərdə olmuşam…” – özümü toxdadıb davam etməyə başladım, – deməli, hə, orda qalmışdım axı… İlk vaxtlar quru olsa da, zibil atmağa başladılar. Külək başqa yerlərin zibillərini də gətirib bizim zirzəmiyə yığmağa başladı. Arada-bərədə ya binanın sakinləri, ya süpürgəçilər təmizləyirdilər. Sonra ölkəmizin müxtəlif bölgələrində xidmətdə olarkən məzuniyyələrə və ya qısa müddətdə valideynlərimə baş çəkməyə gələndə artıq zirzəminin su ilə dolmuş gördüm. Ordudan tərxis olunub həmişəlik valideyinlərimin yanına yerləşəndən sonra bizim zirzəmisi su ilə dolu binamıza “Şır-şırlı bina” deyildiyini öyrəndim. Düzdür, mütamadi olaraq həmin o suçəkən maşın tırhatır işlədiyinə görə ətraf binalarda yaşayanlar “Tır-tırlı bina” desələr də, çox adam, ələlxüsus nabələdlərin neçə dəfə ya telefonla, ya da elə-belə “Şır-şır”ın yanındayam və ya “Şır-şır”ın yanına gəl deyə, buranı belə təqdim etdiklərinin şahidi olmuşdum. Hətta binamızın birinci mərtəbəsində “Şır-şır” adlı kafe də vardı. Ancaq bu yumurta-toyuq məsələsi kimi bir şeydir. Bilmirəm, şır-şırdan ilhamlanıb kafenin adını belə qoyublar, yoxsa kafeyə görə bina belə tanınıb… Nəsə, sözüm onda yox, suçəkən maşını elə tırhatır işləyə-işləyə “Şır-şır”ın başında qoyub getdim bu məlum 44 günlük müharibəyə. 26 sentyabr 2020-ci ildə artıq tam hazır vəziyyətdə Tərtər yaxınlığında olan toplanış məntəqələrindən birində nəsə olacağını gözləyirdik. Deməli, mən bu “Şır-şır”lı binamızdan hardasa bir həftə əvvəl ayrılmışdım. Bəlkə də bu tarix lap dəqiqi 20 sentyabr 2020-ci ildir. Yəni bu tarixdə bizim zirzəmini ağzına qədər çirkab su ilə dolu qoyub getmişdim toplanışa… – Quru öymə məni yenidən tutur. – İstəyirsinizsə, bir az dincəlin… – Xeyr. Hər şey öz qaydasındadır. – Üzr istəyirəm, bəs bu qədər çirkab su haradan toplanır oraya? – Bir az da ehtiyatla Bənövşə xanım məndən soruşur. – Elə öz binamızın kanalizasiya suları, kafe və digər iaşə obyektlərindən axan çirkab sular. Hətta deyirdilər, qonşu binanın da murdar suları ora axır… – Məni əməlli-başlı öymə tutur, məcbur olub ayağa qalxmalı oluram. – Siz çıxın 10 dəqiqə dəhlizin sonundakı açıq eyvanda havanızı dəyişin, mən də həm şamları, həm də otağın havasını dəyişim. – Oldu. Dəhlizlə sağ tərəfə gedim, eləmi? – Bəli. Elə gəldiyiniz tərəfə düz, sona qədər. Deyilən eyvana çıxsam da, siqaret çəkənlərin ucbatından bir udum təmiz hava ala bilmədim. Zalım uşağı bina tikənlər də o boyda binaya 1×1 balaca bir eyvan qoyublar. İki nəfər eyni vaxtda dayansa gərək bir-birinin ağzınının içinə girsin… Nəsə, qayıtdım yenə 44-ə. İçəri girən kimi də Bənövşə xanım heç oturmamış işarə etdi ki, davam edə bilərəm. – Bəli, buyurun. Davam edin. Sərbəst olun. – Hə. Deməli, artıq əks-hücum əməliyyatları başlamışdı. Təxminən 5-6 gündən sonra bizim bölməni digər cəbəhəyə, – Füzuli istiqamətinə göndərdilər. Müharibədəki qalan günlərimi düz Xankəndinə, yəni Şuşaya qədər o istiqamətdə keçirdim. – Döyüşlər barədə daha ətraflı danışa bilərsinizmi? – Düzü, vallah, tam səmimi danışmağa elə bir şey yoxdur. İşdə müharibə. Yanında dostlar-tanışlar ölür, yaralanır… Cürbəcür müxtəlif hadisələr… Bir onu deyə bilərəm ki, sanki heç nə hiss etmirsən. Baş verənlərin sənə heç bir aidiyyəti yoxdur. Ölümdür, o da nə vaxt gələr, gəlsin… Təxmini bax belə bir ab-havanın içərisində olur insan. Yəni daha dəqiqi mən döyüşlər başlayandan 2-3 gün sonradan bitənə qədər, bəlkə elə indi də beləyəm… – Aydındır. Bəs sonra? – bu sual lap məhlədəki mini marketin qadın satıcısının sualına oxşadığından ani olaraq üzümə təbəssüm qondu. Bənövşə xanım da bunu hiss etmiş olmalı ki: – Niyə gülürsünüz? Nəyi xatırladınız? Nə yadınıza düşdü? – məni sual atəşinə tutdu. – Heç… – Siz necə düşünürsünüz, orda nə baş verib ki, sizə belə təsir edir? Döyüşlər vaxtı heç yaralanmısınız? – Bir neçə dəfə yüngül yaralanmışam. İndi də bədənimdə, onurğamda qəlpə var. Ancaq bu ötən bir il ərzində həm burada, həm də Türkiyədə yoxlamadan keçmişəm. Bu işin onlarla heç bir əlaqəsi yoxdur. Həkim kağızlarını da sizə verdim, baxdınız. – Bəli, sənədlərə əsasən bu belədir. Bəs yaxşı, bu öymələr siz döyüşdə olanda da baş verirdi? – Xeyr. – Bəs bu hal ilk dəfə nə vaxt baş verdi? – Müharibədən sonra müalicə aldığım hospitaldan çıxıb evimizə gələn birinci günün axşamı. – Bu necə baş verdi? – Hə. Deməli, belə. Mən elə həyətimizə girən kimi gözlərimə inana bilmədim. Şır-şırdan, tır-tırdan əsər əlamət qalmamışdı. Binanın başındakı “Şır-şır kafe” dən əlavə. Həmişə “Tır-tır” maşın dayanan binanın giriş qapısı olan yan tərəfdə də “Şır-şır” yazılmış su damcısı işarəli böyük mavi rəngli plakat və onun altından zirzəmiyə giriş var idi. Mən gələndə axşam olduğuna görə qırmızı yazılı kafe açıq olsa da, mavi yazılı bağlı qapılı yerin nə olduğnu anlaya bilmədim. Yaxınlıqda üstünə su damcısı işarəli mavi rəngli “Şır-şır” yazılmış avtomobillər də diqqətimi çəkdi. Ancaq düzünə qalsa, zirzəminin tam qurudularaq istifadə olunması, həyətimizin belə abadlaşdırılması məni çox sevindirdi. Bu ilk müsbət təəssürtaların təsiri altında 4-cü mərtəbəyə nə vaxt qalxdığımı, evə necə girdiyimi heç indi də xatırlamıram. Evdəkilər gəlişimi gözləsələr də, çox sevindilər. Axşam hospitaldan buraxılacağımı bildiklərinə görə günortadan süfrə açıb məni gözləyirmişlər. Mən də içəri girən kimi əynimi dəyişib, yuyunub oturdum süfrəyə. Televizor da həmişəki kimi açıq idi. Arada oğlumun suallarına cavab verə-verə televizora baxır, süfrədə olanlardan məşğulat edirdim. Qəfil ekranda mavi rəngli su damcısı şəklindəki “Şır-şır” yazılı su daşıyan avtomobili reklam çarxında görən kimi ani olaraq bu mənzərə tanış gəldi və məni ilk dəfə öymə tutdu. Vanna otağına qaçmağa məcbur oldum. Anam da tibb işçisi olduğuna və bir neçə dəfə yaralandığımı, hələ Birinci Qarbağ müharibəsindən kontuziyalı olduğumu bildiyinə görə o saat sorğu-suala tutub, bərk yıxılıb-yıxılmadığımı, başımın əzilib-əzilmədiyini öyrənməyə çalışıdı. Bütün sualların sonunda da bax belə deyirdi: – “ta yekə oğlansan, düzünü de…” – Bəs siz nə cavab verirdiniz? – Nə deyəcəm? Olanı. Neçə dəfə yanıma mərmi düşüb partlamışdı. Bir dəfə kabinəsində olduğum “Kamaz” özü də mən oturduğum tərəfdən minaya düşüb. Başım-beynim o qədər silkələnib ki… Səhəri günü yeni halla bağlı, yeni şikayətlə hospitala, sonra da başqa bir özəl klinikaya yoxlanmağa getdik. – Hospitaldan sonra özələ getməyə nə ehtiyac var idi? – Düzü, mənə qalsa, ehtiyac yox idi. Ancaq anam dedi ki, bunlar çox soyuq münasibət göstərdilər. Hər şey də başdan getdi… Belə olmaz, dəqiq yoxlanmalısan. Sonucda həkimlər də, aparatlar da anam deyəni təsdiqlədi. Hamı bir fikrə gəldi ki, bu öymə kəllə-beyin silkələnməsinin nəticəsidir. Yazdılar, pozdular. Evə gələndə də bütün yazılan bahalı-bahalı iynə-dərmanların hamısını alıb gəldik. O gündən düz bir ildir müalicə olunsam da, xeyri olmayıb. – Bayaq bir söz dediniz. Dediniz ki, ilk dəfə ekranda “Şır-şır” yazılı maşını görəndə bu sizə tanış gəldi. İndi xatırlaya bilirsinizmi, ilk dəfə “Şır-şır” yazılan su maşınını harada görmüşdünüz? – Bəli. İlk dəfə üzərində “Şır-şır” yazılan su maşını biz Xocavənddə olanda su gətirmşdi. Sağ olsunlar, hələ onlar üzərində belə yazılmış səyyar hamamları da var idi. Bir dəfə o hamamda da ləzzətlə çimmişəm. Bilirsiniz, insanlar bəzən çox naşükür olurlar. Heç nəyin qədir-qiymətini bilmirlər. Müharibə başlayandan bir aydan artıq idi çimmirdik. Düzü, heç çox vaxt içməyə, əl-üzümüzü yumağa su tapmırdıq. O ki qaldı çimmək ola. Paltarlarımız da dəfələrlə yağış zamanı əynimizdə islanıb, qurumuşdu. Belə bir vaxtda biz Xocavənddə olanda bu səyyar hamam maşını gəldi. Təsadüfən bizim bölmə bir gün orada dincələcəkdi. Biz də yaxşıca çimib dincəldik. O gün heç vaxt yadımdan çıxmaz… – Deməli, “Şır-şır” yazılı ilk su maşınını Xocavənddə görmüşdünüz, sonra ekranda görüncə həyətdəki avtomobilləri, eyni yazılı ofisi xatırlayıb öyməyə başlamısınız. – Bəli. Təxmini, bəlkə də ən dəqiqi vəziyyət belədir. – İndi yenə həmin binada yaşayırsınız? – Xeyr. Türkiyədə xəstəxanada müayinə qabağı söhbət etdiyim psixoloqun tövsiyəsi ilə Azərbaycana qayıdan kimi valideynlərim orada qalsalar da, mən öz ailəmlə birlikdə yeni mənzilə köçmüşəm. – Bax, bu, yaxşı haldır. Sizə də qazilərə verilən mənzillərdən veriblər? – Xeyr. Əvvəldən belə bir fikrimiz, yəni hazırlığımız var idi. İş belə olunca valideynlərimiz də kömək etdi, tez bir ev alıb köçdük. Ancaq evi yaxın bir qohumun adına almışıq. Adım qazi kimi siyahıda var. Növbəm çatanda mənə də ev verəcəklər. – Ailədə neçə nəfərsiniz? – 6 nəfər. Həyat yoldaşım, 2 oğlum, 2 qızım. – Harda işləyirsiniz, peşəniz nədi? – Hal-hazırda icra hakimiyyətində işləyirəm. – Nə işə baxırsınız? – Vallah, bir ixtisasım hərbçidir. Peşəkar zabitəm. İkinci ixtisasım da tarix müəllimi. Amma, hal-hazırda bağban işləyirəm. – Çox gözəl. Bəs nə yaxşı belə alınb? – Hə. Bu da uzun məsələdir. Deməli, ordudan tərxis olunan ili Bakı Təhsil İdarəsinin Bakı məktəblərində boş olan “Hərbi rəhbər” vəzifələrinə keçirdiyi işə qəbul imtahanlarında iştirak etdim. 40 mümkün baldan 39 bal toplamışdım. Bu test-imtahandan əlavə, bir neçə mərhələdən də keçdik. Yadımdadır ki, hələ bu 40-dan 39 məsələsinə görə müsahibə mərhələsində məni əməlli-başlı sıxma-boğmaya salmışdılar ki, birdən nəsə hətərən-pətərən söhbət olar. Gördülər yox, hər şey normaldır. Necə deyərlər, anadangəlmə “oxuyan uşağam”, növbəti -vakansiya seçimi mərhələsinə buraxdılar. Yer seçdim, düşdüm 45 nömrəli məktəbə. Bakı Təhsil İdarəsinin göndərişi ilə getdim ora. Məktəbin direktoru xanım idi. Yazıq bir sevinirdi ki… 5-10 dəqiqə yanında oldum. Bəlkə 10 dəfə soruşdu ki, mənə kömək edəcəksinizmi? Məktəbə kişi müəllim gəlməsinə çox sevinirdi. Prosedur gərəyi bu məsələ rayon səfərbərlik idarəsi ilə də razılaşdırılmalı idi. Məktəbin direktoru rayon səfərbərlik idarəsinə müraciət yazıb verdi, getdim ora. Deməli, mən içəri girəndə kim ki, məni, – sənədi, – qəbul edəcəkdi, artıq mobil telefonla danışırdı. Eşitdiyimi, onun ağzından çıxan kimi sizə çatdırıram: – “…Ayə, narahat olma. Bakı Təhsil məndən xəbərsiz imtahan keçirdib göndərib onları. Təkcə sənin yerinə deyil, bütün məktəblərə göndəriblər. Boş şeydi. Ürəyini buz kimi saxla. Mən dabro verməsəm, onlar nə karədir… İstəyirlər lap 100 adam göndərsinlər. Sən başını sal aşağı, işinlə məşğul ol…” – nəsə, gözlədim danışdı qurtardı. Gəlişimin səbəbini deyəndən sonra məlum oldu ki, mən elə bu adamın yanına gəlmişəm. Sənədlərimə və məktəb direktorunun yazdığı müraciətə baxdı. Dedi ki, müraciət düzgün formada yazılmayıb. Nəsə, düz 3 dəfə mən o müraciəti dəyişmək məcburiyyətində qaldım. Sağ olsun məktəb direktoru, etiraz etmədən 3 dəfə müraciəti yenidən yazdırıb, möhürlədi… Ancaq sonuc olaraq, mən o məktəbdə işləyəsi olmadım. – Bəs nə yaxşı tarix müəllimi işləmirsiniz? – Elə bilirsiniz onu yoxlamamışam? Onu da düz 3 dəfə yoxlamışam. MİQ-dəki rəngli kağız əməliyyatları, vaxt və suallarla manipulyasiyalar… Nəsə, sonuncu dəfə 60-dan 46 bal toplamışdım. Əslində bu ikinci ixtisası almaqda məqsədim ən ucqar dağ kəndlərinin birində müəllim işləmək olub. Elə ona görə də səfərbərlik idarəsinin mənə öz xətti ilə yazıb verdiyi şəxsi mobil nömrəsinə zəng etmədim. Çünki Bakıdansa rayonların birində ucqar kənddə müəllim işləmək mənə daha maraqlı, cazibədar və eyni zamnda faydalı görünürdü. İki tur başa çatdıqdan sonra yenə vakant yerlərdən heç birinə düşə bilmədim. Maraqlıdır ki, artıq adını əzbər bildiyim dağ kəndləri var idi ki, hər dəfə seçimlərdən sonra oranı seçsəm də, nə mən o məktəbə düşürdüm, nə də o yer dolurdu. Yer vakant, mən isə işsiz qalırdım. Belə günlərin birində elan gördüm ki, Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Kamalzadə namizədləri qəbul edir. Mən də elektron qaydada qəbula yazıldım. Sağ olsun, qeyd olunan vaxtda qəbuluna düşə bildim. Bu sualı eynilə ona verdim ki, necə olur, hər seçimdən sonra belə yerlər boş qalır, biz də işsiz? O, sadəcə, çiynini çəkib, masanın üzərindəki kompüterə işarə etdi və dedi: – “Bizlik bir şey yoxdur”. Mən bir az da irəli gedib bildirdim ki, bəlkə istisna hallar kimi mənim üçün nəsə etmək olar, Bakı istəmirəm ki, hər il, hər dəfə boş qalan və ya gənc qızların bir illik tutub getmədikləri ucqar bir dağ kəndində ömrümün sonuna qədər müəllim işləmək istəyirəm. Cavab isə qəti olaraq belə oldu: – “Biz siz deyən kimi eksklüziv heç nə edə bilmərik…”. Və mən bu görüşdən sonra MİQ imtahanlarında iştirak etmədim. Sonra da müharibə başladı. Yenidən ordu. Yenidən hospital. Və görürsünüz ki, indi də sizin qəbulunuzdayam. – Bəs, bu bağbanlıq nə məsələdir? – Hospitaldan çıxandan sonra bir neçə dəfə çağırıb yoxladılar. Və son qərar belə oldu ki, heç bir əlillik dərəcəsindən söhbət gedə bilməz. Bu yaralar hamısı yüngül yaradır. Onurğada və bədənimin digər yerlərində qalan qəlpələr də elə-belə, ziyansız müharibə yadigarlarıdır. Zamanla onları da çıxartmaq olar. Kənardan baxanda, bir də bu şoğərib televizorda həyat tamam başqa cür görünür. Ona görə də real həyatda olanlarla heç kim barışmaq istəmir. Məsələn, bax mənim artıq bir ildir əziyyət çəkdiyim bu öymənin heç bir adı yoxdur. İstər kəllə-beyin travması kimi, istərsə də indi siz, sizdən əvvəl də türk həkim-psixoloqların araşdırdığı hal kimi. Halbuki gecəm-gündüzüm yoxdur. Bir də ki, indi nəinki hər adama əlillik təyin etmirlər, hətta Birinci Qarabağ müharibəsi iştirakçılarından çoxunun təqaüdlərini kəsiblər. Məsələn, nə qəzetdən oxumursunuz, nə kitabdan. Real mənim iki sinif yoldaşım olan şəxsən tanıdığım Birinci Qarabağ müharibəsi iştirakçısının 25 ildən artıq zaman ərzində aldıqları təqaüdləri kəsiblər. Halbuki onlar hələ o zaman ağır yaralar aldığına görə müharibə getdiyi zaman ordudan tərxis olunmuşdular. Və elə o vaxtdan da onlara təqaüd təyin olunmuşdu. Bunları dəqiq bildiyim üçün sizə dedim. Yeni mənzil almaq, davamlı müayinə və müalicələr, bunların hamısı pul tələb edir. Əldə-ovucda nə var idi hamısı getdi. Əslində mənim heç işləmək fikrim yox idi. Mən DOST mərkəzinə sosial müavinət almaq üçün məsləhət almağa getmişdim. Oradakı dostlardan biri hərtərəfli məni sorğu-sual edəndən, sənədlərimlə tanış olandan sonra başa saldı ki, əmi, mütləq yarımştat da olsa, işləmək lazımdır. Dedim ki, ta işim olandan sonra yardımı neynirəm ki, elə maaşımla başımı aşağı salıb birtəhər dolanaram. Mənə nə desə yaxşıdı? Dedi ki, əmi, uşaqlar çox balaca olsa idi, həyat yoldaşınız işlədiyinə görə siz işsiz olsanız da, sosial müavinət ala bilərdiniz, ancaq indi uşaqlar böyükdür. Siz sosial müavinət almaq üçün gərək adınıza bir iş olsun. Mənim də matım-mutum qurudu, qaldım belə. Sağ olsun, uşaq elə şirin-şirin danışdı ki, heç nə deyə bilmədim. Elə onun məsləhəti, – göndərişi, – ilə getdim icra hakimiyyətinə. Orda da, sağ olsunlar, elə həmin gün qazi olduğuma görə məni işlə təmin etdilər. İndi 270 manat oradan maaş alıram, təxminən bir o qədər də sosial müavinət, üstəgəl, müharibə veteranı olduğuma görə 80 manat da Prezident Təqaüdü alıram. Hayat yoldaşım da elə bunların cəmi qədər maaş alır. Min şükür, dolanırıq. Bax belə. Başqa nəyin aidiyyəti ola bilər, sizcə, bu “ÖYMƏ” məsələsinə? – … – Hə. Bənövşə xanım nə düşünürsünüz? – Məncə, bütün məsələnin kökü indi o sizin valideynlərin yaşadığı binanın zirzəmisindəki “Şır-şır”dadır. Ancaq biz bu məsələni belə bir-iki görüşdə həll edə bilməyəcəyik. Və onu da əlavə edim ki, sizin də yeni ödənişlər etməyinizi heç istəmirəm. Əksinə, bax sizin ödənişinizdən mənə çatan bu 75 manatı da sizə qaytarıram. Artıq heç bir söz və təklif qəbul etmək istəmirəm. Və bu da mənim ”whatsapp” nömrəm, – deyə əlindəki kağız parçasını mənə uzadaraq davam elədi, – hər gün 20:00-23:00 arası istədiyiniz vaxt görüntülü yığıb mənimlə söhbət edə, məsləhətləşə bilərsiniz. Əgər bunların heç birini etməsəniz də, nəticə barədə məni mütləq xəbərdar edərsiniz. Ancaq bir məsələni özüm üçün dəqiqləşdirmək istəyirəm. Siz heç olmasa bir dəfə o ofisə daxil olub, maraqlanmısınızmı görüm bunlar burada nə işlə məşğuldurlar? Nə edirlər? Bəlkə onların heç bu məsələyə aidiyyəti yoxdur? – Oldu! – Bənövşə xanımın bu səmimiyyəti və comərdliyi qarşısında əlavə heç nə deyə bilmədim. Pulu və kağızı alıb ürəyimin başına, – içəridən döş cibimə, – qoydum. Yalnız indi şamların artıq çoxdan söndüyünü fərq etdim. Çevrilib pəncərəyə baxdım. Hava qaralmaq üzrə idi… Bənövşə xanım da bunun fərqinə varmış olmalı ki, mizin üstündəki “basma qələm”lərdən birini götürüb düyməsini basan kimi divarlardakı lampalar yandı. Şamlar yanmasa da, otaqda olan ab-hava demək olar ki, dəyişməmişdi. Söhbətdə yaranmış bu qısa fasilədən sonra mən davam etməyə başladım: – Bilirsiniz, Bənövşə xanım, əlbəttə, mən orada olmuşam. Bir yox, bir neçə dəfə olmuşam. Onlar binanın altında yerləşən bütöv zirzəmini ortadan bölüblər. Orada özlərinə ofis və ambar yaradıblar. Ofis və ambar olan hissəni yaxşı təmir ediblər. İçəri girəndə zirzəminin əvvəlki halından xəbərsiz olan adamın heç ağlına da gəlməz ki, bu divarın arxasında necə çirkab su ola bilər. Ambarın çirkabla arakəsmə divarında çoxlu sayda su kranları var. Düşünə bilirsiniz? O kranlardan gələn su ilə üzərinə “Şır-şır, kəhriz suyu yazılmış 25 L” plastmas su qablarını doldurub, təmiz su adı ilə müxtəlif təşkilatlara, ofislərə, mənzillərə xidmət göstərirlər. Mən neçə dəfə ciddi maraqlanmışam. Deyirlər ki, bütün sənədlərimiz var, məhsulumuz laboratoriyalardan keçib, bu kranlar olan divarın arxasında xüsusi su təmizləyici, suyu insan orqanizmi üçün vacib mikroelementlərlə zənginləşdirən, ionlaşdıran, yodlaşdıran, nə bilim nə edən çoxfunksiyalı filtirlərimiz var. Hər axşam maşınlarla boş su qabları gəlir. 24 saat fasiləsiz içəridə qablar doldurulur. Gün ərzində də səhər saat 9:00-dan axşam saat 18:00-a kimi istirahət günü də daxil olmaqla, hər gün müştərilərə çatdırılır. İnternetdə, televizorda, hər yerdə də reklamları gedir. Yazıq camaat nə bilsin ki, bu kəhriz hansı binanın zirzəmisində qaynayır? İnanın, tam səmimi deyirəm, həyəti elə gözəl təmir ediblər. Ofisləri elə təmiz, elə səliqəlidir ki, məhləyə birinci dəfə gələn adama mənim indi sizə danışdıqlarımı heç cür inandırmaq olmaz. İlk əvvəl mən köçüb bu bəladan canımı qurtarmaq istədim. Fikirləşdim ki, görməsəm, yadıma düşməz, rahat olaram. Ancaq belə olmadı. Hər Xocavənd yadıma düşəndə, hər onların reklamını, ya maşınlarını şəhərdə görəndə özümü saxlaya bilmirəm. 85 kiloluq adam əriyib qalmışam 53 kilo. Tez-tez xəbərlərdə görürük ki, nəzarətçilər qanunsuz su xətlərinə qoşulmuş kafelərin, “moyka”ların su xətlərini kəsirlər, sahibkarları cərimələyirlər. Bina sakinləri neçə dəfə şikayət ediblər. Nəzarətçilər gəlib yoxlayıb gedirlər. Qeyri-qanuni qoşulma yoxdur deyirlər. Şirkətin də bütün sənədləri qaydasında. İşçilərin maaşını, dövlətin vergisin vaxtında verir. Hələ üstəlik, xeyriyyəçilklə də məşğuldur. Müharibə vaxtı cəbhəyə nə qədər təmənnasız yardım edib. Hərbi hissə komandirlərindən, hətta bu yaxınlarada şanlı Zəfərimizin ildönümü ilə əlaqədar şəxsən Müdafiə Nazirindən fəxri fərman alıb. Adamın üstündə Allah var, həyəti yaxşı abadlaşdırıblar. 30 ilə yaxın qurumayan zirzəmini çirkab sudan, zir-zibildən təmizləyib qurudublar. Ən azı 50-60 adama çörək veriblər. Xub. Çox sağ olsunlar. Ancaq bir bunlara deyən, onlardan soruşan yoxdur ki, a balam, bu boş su qabları hər gecə maşın-maşın gəlir bura, bütün gün boyu da dolu-dolu daşınır, bəs, bu kəhriz şəhərin mərkəzində hardan qaynayır? Bir sözlə, çox müşkül işə düşmüşük. Bilirsiniz, mənim bu məsələmdən xəbərdar olandan sonra nə şayiə buraxıblar? – Çox maraqlıdır. – Deyirlər ki, İlqar qarnıqurdludu, öymə ondandır. Hətta mənim qurddan təmizlənməm üçün müalicə xərclərini də öz üzərlərinə götürüblər… Bax, son vəziyyət belədir, Bənövşə xanım. Bizimki qalıb Allaha… O Böyük Allah özü bizə kömək oslun… Son. 29.11.2021. Bakı .
Gecə saat on iki idi. Mitya Kuldarov həyəcanlanmış, saçları pırpızlanmış halda külək kimi valideynlərinin mənzilinə uçdu və sürətlə bütün otaqlara girdi. Valideyinləri artıq yatağa uzanmışdılar. Bacısı yerinə uzanıb oxuduğu romanın axırınıcı səhifəsini bitirməkdə idi. Gimnazist qardaşlarıı yatmışdı. – Sən hardan gəlmisən?- valideynləri təəccübləndilər. – Nə olub sənə? – Eh, soruşmayın! Mən heç cürə gözləmirdim! Yox, mən heç cürə gözləmirdim! Bu… bu hətta mümkün deyil! Mitya qəhqəhə çəkərək xoşbəxtliyindən ayaq üstə dayana bilmədiyindən kresloya çökdü. – Bu mümükn olan şey deyil! Siz təsəvvür edə bilməzsiniz! Siz bir baxın! Bacısı çarpayının üstündən sıçrayıb, yorğanı çiyninə ataraq qardaşının yanına gəldi. Gimnazistlər oyandılar. – Sənə nə olub? Səndə sir-sifət qalmayıb! – Anacığım, bu məndə sevincdəndir! Axı mən indi bütün Rusiyada məşhuram! Bütün! Əvvəllər bu dünyada kollec qeydiyyatçısı Dmitri Kuldarovun mövcud olduğunu ancaq təkcə siz bilirdiniz, amma indi bütün Rusiya bu haqda bilir! Ey İlahi! Mitya yerindən sıçrayıb bir-bir bütün otaqlara qaçdı, yenidən gəlib oturdu. – Axı nə olub ki? Ağıllı-başlı başa sal görək! – Siz vəhşi heyvanlar kimi yaşayırsınız, qəzet oxumursunuz, aşkarlığa heç bir fikir vermirsiniz, axı qəzetlərdə o qədər gözəl şeylər yazılır ki! Əgər bir şey baş verərsə, o saat hamıya məlum olur, gizlədilmir! Mən necə də xoşbəxtım! Ey İlahi! Axı qəzetlərdə ancaq məşhur adamlardan yazırlar, amma buna baxın, götürüb məndən yazıblar! – Sən nə danışırsan? Harda? Atasının rəngi ağardı. Anacığı ikonaya tərəf çönüb xaç çəkdi. Qısa gecə köynəklərində yatmış gimnazistlər yerlərindən sıçrayıb öz böyük qardaşlarının yanına gəldilər. – Hə-ə! Mənim haqqımda yazıblar! İndi bütün Rusiya mənim haqqımda bilir. Siz, anam, bu nömrəni yadigar kimi gizləyin! Hərdən oxuyarıq. Bir baxın! Mitya cibindən qəzeti çıxardı, atasına verdi, sonra göy karandaşla haşiyələnmiş yerinə barmağını çırpdı. – Oxuyun! Atası eynəyini gözünə taxdı. – Oxuyun də! Anacığı ikonaya baxıb bir də xaç çəkdi. Atacığı öskürərək içini arıtladı və oxumağa başladı: – “29 dekabrda, axşm saat 11 də, kollec qeydiyyadçısı Dmitri Kuldarov… – Görürsünüz, görürsünüz! Sonrasını oxu! – … kollec qeydiyytçısı Dmitri Kuldarov, Kozixinin evinin binasında yerləşən, Malıy Bronnı küçəsindəki qara pivəxanadan çıxanda, sərxoş vəziyyətdə olduğundan… – Mən Semen Petroviçinən bir yerdə idim… Hər şeyi incəliklərinə qədər yazıblar! Davam edin! Qulaq asın! – … və sərxoş vəziyyətdə olduğundan sürüşərək Yuxnovski uyezdinin Durıkina kəndinin kəndlisi, faytonçu İvan Drotovun atının ayağının altına yııxılmışdır. Atlar hürkərək Kuldarovun üstündən sıçrayıb atlanmış və içərisində ikinci gildiyanın üzvü olan moskvalı tacir Stepan Lukovun əyləşdiyi xizəyi də onun üstündən aşırıb sürətlə küçədən qaçmışdır və həyətin dalandarı tərəfindən tutulmuşdur. Əvvəlcə huşsuz vəziyyətədə olan Kuldarov polis məntəqəsinə aparılmış və orada həkim müayinəsindən keçirilmişdir. Onun boyun arxasından aldığı zərbə… – Atacan, faytonun qabaq tərəfindəki taxta dəymişdi. Davam elə! Siz arxasını oxuyun! – … onun boyun arxasından aldığı zərbə, yüngül xəsarət sayılımışdır. Baş verən hadisə haqqında protokol yazılmışdır. Zərərçəkənə tibbi yardım edilmişdir…” – Dedilər ki, boynumun dalını soyuq su ilə isladım. İndi oxudunuzmu? Hı? Bax, bax budur! İndi bütün Rusiyaya yayıldı! Di bəri verin! Mitya qəzeti qapdı, qatladı və cibinə soxdu. – Qaçım Makarovgilə, onlara da göstərim… İvanitskilərə də göstərmək lazımdır, Natalya İvanovnaya, Anisim Vasilyeviçə… Qaçıram! Xudahafiz! Mitya metaldan məxsusi nişanı olan furajkasını başına qoydu, təntənəli, sevincli bir halda küçəyə qaçdı.
Qapını üzümə dədəm açmışdı. Mənə nifrət edən insanlar belə mükəmməl qisas düşünə bilməzdi, dədəm düşünmədən onların ürəyindən tikanı çıxartmışdı. Onlar tərəfdən baxanda ağlıma yalnız bu gəldi. Səsim batanacan qışqırırdım. Evdəkilər əl-ayağa düşmüşdülər, məni sakitləşdirirdilər. Mən ağrıdan, onlar təlaşdan ağlayırdılar. Anamın burnuma, gözümün altına qoyduğu buz ağrılarımı hardasa sakitləşdirirdi. Dünyanı sağ gözümlə eyni rəngdə görən hava rəngindən ikiqat tünd rəngdə olmuş sol gözüm vardı. Burnumun iki qaşımın ortasına yaxın sümüklü hissəsi təbiətcə cəzaydısa, çünki kompleksim vardı, indi ağrısı əsl əzabıydı. Bilmək istəyirəm, bu əzabları qazanmaq üçün ailəlikcə hansı canfəşanlığı eləmişdik?Başımda zıppazıp ağrılar vardı. Özümü həqiqətən yaxşı hiss eləmirdim. ─Ağrın bir az keçdi? –Dədəm atalıq nəvazişini həmişəki kimi hiss elətdirirdi. Mən atama “dədə” deyirəm. Əvvəllər əsəbləşirdi, özünü “vaxtsız qocalmış” hiss edirmiş. Sonra öyrəşdi, daha “dədə” deyəndə reaksiya bildirmədi. Arada hörmət xatirinə “dədə” demirəm, ya “ata”, ya da “papa” deyirəm. Üzünə demişəm, başımıza gələnləri yazsam, təkcə dədəmdir. Dədəm bilirəm ki, başqaları ona mənim haqqımda danışmadıqca, yazdığımı oxumayacaq. ─Başım dəhşət ağrıyır. ─Həkimə gedirik. Siz də gəlirsiz.–Anamla nənəmin gəlməyini istəyirdi. Anam süfrəni yığışdırmadı.Çörək də qalmışdı süfrədə. Ağrılardan ağlıma necə gəldi bilmədim, anama çörəyin üstünü nəyləsə örtməsini istədim. Çörəyin uşaqlıqdan bizə din qədər “müqəddəs” olduğunu öyrətmişdilər. Böyüdükcə yanlış fikir olduğunu anlamışdım, mənə görə qazandığın çörəyin qədrini bilmək, şükür etmək müqəddəsliyindən vacib və özüməməxsus qanunuydu. Yağış qəfildən necə başlamışdısa, o cür də kəsmişdi. Paltarımı dəyişməyim üçün dədəm mətbəxə keçdi. Anamın köməkliyiylə əynimə quru paltarlarımı geyindim. Rayon xəstəxanasına gəldik, həkim ağrıkəsici iynəsi vurmaq istədi, razılıq vermədim. Kişi həkiminin qarşısında yanımı aça biməzdim, utanırdım. Hər kəsin otaqdan çıxmasını istədikdən sonra tibb bacısı iynəni vurdu. Ondan da iki dəfə üzr istəməli oldum. Səhv edən kimi üzr istəmək məndə vərdiş halı aldığından, yersiz üzrlərim az olmurdu. İndi şükürlüyəm, əvvəllər üzrü hörmətdən salmışdım. Rəfiqəm irad bildirdikdən diqqət yetirməyə başlamışam. Sümüyüm sınmamışdı, sadəcə, bərk dəydiyindən burnum şişmiş, gözümün altı göyərmişdi. Gözümün göyləri tez keçsin, burnumun şişi tez yatsın deyə həkim “sinya-off” adlı dərman yazdı. Həkimlə sağollaşıb, yoldakı apteklərin birindən dərman aldıq. Sonra dədəm maşını restoranın qabağında saxladı. Birinci maşından düşmək istəmirdim, simamdakı xoşagəlməz görüntü hər kəsin mənə baxmağına səbəb olacaqdı. Dədəm deyəndə ki, otaqda tək oturacağıq, razılaşdım. ─Gör papan səninçün neynir! Artıq sürprizin nə olduğunu anlamışdım. Ayrı otağa keçənəcən gözaltı kimin mənə baxıb-baxmadığına fikir verirdim. Sonra dədəm lülə-tikə kababı, salat, yuxa, təndir çörəyi, qazlı su sifariş verdi. Öz aramızdı, yavaş-yavaş ağrı-acını unudurdum. Rayona gələndən bəri ilk dəfə ürəyimiz açılmışdı. Nənəm sifarişlərimiz süfrəyə gələnəcən şükür edirdi, dua oxuyurdu, bitirdiyi hər duaya görə anam “amin” deyirdi. Mən ürəyimdə bizi evin bizdən əvvəlki sahibiylə tanış edən qohumumuza lənət oxuyurdum. “Şərəfsiz, xeyirli ev olsaydı, bizə heç deməzdin. Allah bəlanı versin ” deyirdim. Lüləni görən kimi qohum da yadımdan çıxdı, ev də, burun da… Nəyi var yedik-içdik, dədəmin ürəyindən vurmaq keçirdi. Maşın sürdüyündən içmədi, Bakıya qayıdanda mütləq içəcəyini dedi. İlk dəfə anamın atamın içkiylə bağlı istəyinə “İnşallah ” dediyini eşitdim. Pis hadisələr yadı doğma, doğmanı daha da doğmalaşdırarmış. Gülümsədim, dədəmlə anamı ilk dəfə müqayisə elədim. İlk dəfə dədəmin qocaldığını gördüm, anamın gözünün altındakı əlavə bir-iki yersiz qırışların fərqinə vardım. Ağlamaq istəyirdim, iyirmi-otuz ildən sonra onları görə biləcəkdimmi? Qocalıqlarının aciz vaxtlarında harda olacağımı düşündüm. Spirtli içki içdikdən sonra kədərini danışıb ağlayan əyyaşlar kimi hiss elədim özümü. Baxmayaraq ki, ən sevimli içkim çaxırdı, o da kef üçün yox, qan azlığımın qarşısını almaq üçün səhər acqarına, axşam yatmamışdan əvvəl bir xörək qaşığı qəbul elədiyim dərmanıydı. Dədəm evə aparmağımız üçün mənim istəyimlə bu dəfə toyuq kababı sifariş verdi. Hesabı ödədikdən sonra restorandan çıxdıq, bizi qorxudan evimizə aparan yola rəvan olduq. Yolda dədəm başına gələn maraqlı hadisələrdən danışırdı, biz gülürdük. Güldükcə ağrı hiss edirdim, dilimə gətirmədim.O anı pozmaq qəlbi təmizlikdən uzaq insana məxsus olardı, hətta ağrıya dözməyə dəyərdi.Dədəm maşını darvazanın qarşısında saxladı, maşından düşdük. Dədəm açarı dəmir qapıya salanda açılmadı. Təəccüblə qapının cəftəsini yoxladı, qapı açığıydı. ─Bıy, bismillah! Ədə Cavad, sən qapını açarla bağlamamışdın? –Nənəm soruşdu. ─Bağlamışdım, –deyərək dədəm həyətə girdi. Ardınca biz girdik. Evimizin qarşısında molla qardaşla, ağsaqqal kişi vardı. Evə baxırdılar, öz aralarında söhbət edirdilər. Atam dəmir qapını möhkəm örtəndə bizim varlığımızı hiss elədilər. Həqiqətən ikiüzlü, təhlükəli insanlara rast gəlmişdik. Dədəm onlara yaxınlaşanda gülərüzlə salamlaşdılar. Ağsaqqal dədəmə əl də uzatdı. Əlbəttə, dədəm nə qədər hirsli olsa da, hörmət xatirinə ağsaqqallıa əl tutuşdu, salamlarını aldı. ─Siz bura nətər gəlmisiz? Mən qapının ağzında dayanmışdım, telefona baxırdım. Sevdadan nə qədər zəng, mesaj gəlmişdi. Adətən telefonum səssizdə olduğundan gələn zənglərdən gec xəbərim olur. Düzü, telefonla danışmağı sevən insan deyiləm. Bir gün həyatımda insan olsa, ümid edirəm, bu xasiyyətimə hörmətlə yanaşacaq, xarakterimə bələd olduqdan sonra peşman olmayacaq. Nənəmlə anam atama tərəf getdilər. Atam onlarla nə danışdı, fikir vermədim. Sevdanın mesajlarına baxdım. ─Şəfi, qohumum deyir, o evdə cinayət olub. Polis çağırsınlar. Polis gəlməmiş tualetə əl vurmasınlar, yoxsa cəncələ düşərsiz. Evdə üç ruh var. Biri pisdir, ikisi yaxşı. Mesajı oxuduqca, qorxum, həyəcanım artdı. Nənəm demişkən, durduğumuz yerdə poxa düşmüşdük. “Soruşmadın ki, mənlə nə əlaqəsi?”- yazdım və rəfiqəmdən cavab gözləyirdim. Anamgil tərəfə bir-iki addım atanda dayandım, təzədən dəmir qapıya yaxınlaşdım, həyətdən çıxdım. Gözümün qabağına burnum sınandan sonra evdən çıxmağımız, kənd yolu gəldi. Bizim həyətdən başqa hər yer quruydu. Yer yaş olmalıydı. Belə çıxır, yağış təkcə bizim həyəti isladıb? Burda işarə vardı, əmindim. Ruhların narahatçılığı haqqında çox eşitmişdim, hətta, bir qadının zorlanıb öldürüldükdən sonra ruhunun günlərcə qatilinə əzab verdiyini, qatilin bezib polisə təslim olmağı haqqında qəzetdə oxumuşdum. Orta məktəbdə oxuyurdum, bugün iyirmi doqquz yaşım vardı, oxuduğum hadisələr hələ də xatirimdədir. Sevdadan mesaj gəldi: “Qadın deyir, ola bilsin cinayət sən doğulduğun ildə olub. Polis çağırsalar üstü açılar, evdə heç nə qalmaz.” İlk dəfə gördüyüm ağsaqqala baxdım. Molla qardaş ( ona daha qardaş deməyə dilim gəlmir, baş verənlərin sizlərə aydın olması üçün qardaşı yazmağa məcburam) qatil ola bilməzdi, yaşı buna əl vermir, yaşda məndən kiçikdir. Yanındakı ağsaqqal kimdi? ─ “Qatil sağdı, ya o da ölüb?” yazdım mesaj bölümünə. ─ “Onu soruşmadım” –rəfiqəm cavab yazdı. ─ “Niyə soruşmadın?” ─ “Ağlıma gəlmədi. Sabah bizim kəndin mollasının yanına gedəcəm, ondan da soruşacam. İndi çox gecdi, sabah tezdən gedəcəm” ─ “Oldu qadam, sabah mütləq yaz. Bu arada, burnumu əzmişəm. Qəribə hadisələr olur evdə. Yağış yağdı, ancaq bizim həyətə. Nə kəndə, nə rayona yağmamışdı” ─“ ((((((( Bu nədir? Həə, qohumum dedi ki, qəti heç nədən qorxmasın. Qorxsa, pis olan ruh ona xətər yetirə bilər. Qorxmasın qəti. Atangilə də de, qəti qorxmasınlar.” ─ “Yaxşı” Telefonu şalvarımın cibinə qoydum, söhbətin nədən getdiyi mənə maraqlıydı, dədəmgilə yaxınlaşdım. Yaxınlaşdıqca ağsaqqalın dədəmə pul təklif etdiyini eşitdim. ─Sənə verdiyindən ikiqat pul verirəm, nə istəyirsən? ─Niyə də, ağsaqqal, onu izah elə, bilək. ─Bəyaq dedim, başa düşmədin? Deyirəm ki, bacım məndən xəbərsiz satıb evi. Ona görə geri almaq istəyirəm. İyirmi min verirəm. Daha nə lazımdır sənə? Ağsaqqal dədəmin üstünə xod gedirdi. Beləcə, damarına basdı. ─Birincisi, evi satmıram. Satsam da sizə satmayacam. Sən elə danışırsan ki, ev yiyəsi guya sənsən. Mən indi sizi polisə verə bilərəm e, evi mənə satıblar, açarın biri də özlərindədir. Hansı haqla evimə girmisiz? Ağsaqqal da, molla qardaş da susurdu. Dədəm deyəcək sözlərini hələ bitirməmişdi: ─Deyəsən, məni sakit görüb dəyirmançı bilmisiz. Sən kimsən mənə göstəriş verirsən? Çıxın evdən. Vopşe, rədd olun evimdən. ─Axşamınız xeyir! Əmimin gəldiyini heç kim hiss eləməmişdi. Əmim birinci dədəmə, sonra ağsaqqalla yanındakına əl uzadıb “salam” verdi. Yayda qaranlıq saat səkkizdə-doqquzda düşsə də, saat beşi keçirsə, hamı üçün axşam sayılırdı. Mən əzəldən belə görmüşəm, belə bilirəm.Əmim mənim üzümə baxdı, qaşqabaqlı soruşdu. ─Sənin üzünə nə olub? ─Mən qapını açanda üzünə dəydi, –dədəm cavab verdi. Mən əmimin üzünə gülümsədim. Əmim dəvətsiz ağsaqqala diqqətlə baxdı. ─Nə məsələdir? ─Evin lap köhnə sahibidilər. Evin açarı özlərində var, açıb içəri keçiblər. Ağsaqqal, açarı ver bura. Düz iş görmürsən. –Dədəm əsəbləşmişdi. Ağsaqqal söz-söhbəti uzatsaydı, bizim xeyrimizə olardı hər şey. Polis çağırardıq, Sevdanın qohumu demişkən, cinayət olmuşdusa, üstü açılardı. ─A kişi, sən niyə şişirdirsən açar söhbətini. Sənə iyirmi min verirəm də. ─A kişi, şişirdirsən nədi? Mənim evimdə anam, yoldaşım, cavan qızım var. Mən nə bilim sabah bir də gəlməyəcəksən?! Açarı ver bura! Ağsaqqal açarı vermək istəmirdi, getmək üçün bir iki addım atanda əmim qabağını kəsdi. ─Bir dəyqə dayan, polis çağıraq, məsələni onlar həll eləsin. Molla qardaş həyəcanla ağsaqqala yaxınlaşdı: ─Dayı, açarı ver, söhbət böyüməsin. Ağsaqqal gördü ki, daş qayaya rast gəlib, məcbur boz pencəyinin cibindən açarı çıxarıb əmimə verdi. Sakitcə ikisi də darvazaya tərəf gedib, dəmir qapıdan çıxdılar. Əmim arxalarınca getdi, darvazanı qapısıyla birlikdə bağladı. ─Bunlara bax, ayaqları yerə dəymir ki! – ağbirçəyimiz dilləndi. Evə girdik, anam süfrə üstündəki qızardılmış kartofla toyuğu götürdü, mən də kirli boşqabları aparıb, yerinə təmiz boşqab gətirdim, süfrəyə düzdüm.Toyuq kababımızdan yedik, əmimlə dədəm əlli-əlliyə vurduqdan sonra Sevdanın mesajından danışdım. ─Sevda evin şəklini qohumuna göstərib. Qohumu deyir: – o evdə cinayət olub. Ona görə ruhlar sizi narahat edir. ─Bəsdirin! Nə ruh? Hamısı boş şeydi! ─Boş deyil, Yaman. Öz gözümlə görmüşəm, –dədəm əmimi inandırmağa çalışırdı. ─Yaman gözüylə görməsə inan deyil. Bir-iki gün qal burda , inanarsan.- nənəm dedi. ─Sevda onu da dedi ki, üç ruh dolaşır. İkisi yaxşıdır, biri pis. Hamı üzümə baxdı. Mən hər şeyi danışmamışdım: ─Amma dedi ki, qorxmayın. Yəni, qorxmasaq, polis çağırsaq, cinayətin üstü açılar, onlar çıxıb gedər. Az danışan anam da dilləndi:- Yaxşı, tutalım üç ruh var. Siz ki birini görmüsüz, tualetdən də körpə uşaq səsi eşitdiyinizi deyirsiz. ─Kim deyir? –Əmim soruşdu. ─Ata-bala. –Anam cavab verdi. ─Əşşi, bir az da siz şişirdirsiniz! Elə şey yoxdu. Üç ruhdan biri imdadımıza çatdı. Bizim yerimizə əmimi inandırdı. Müəmmalı otaqdan ayaq səsləri gəldi. Sanki hoppanırdılar. Biz artıq qorxaraq öyrəşmişdik. Əmim ilk dəfə şahidi olduğundan rəngi-urfu qaçmışdı. ─Sevda dedi ki, qorxmayın qəti. Qorxanda adamı incidirlər. Şəxsən mən, siz qorxmasaz qorxmaram. ─Bu nədi? –Əmim soruşdu. ─Dediklərimiz,–anam cavab verdi. Əmim rumkasını yerə qoydu, ayağa qalxıb müəmmalı otağa yaxınlaşdı. Qapını üç dəfə döydü…. Qapının o biri üzündən əmimə cavab olaraq, ancaq ayaq səslərini eşidirdik. Əmim yenə qapını döydü, bu dəfə səs gəlmədi. Dədəm əmimin yanına gəldi. Əmim bizim gözləmədiyimiz halda qapını qəfildən açdı, içəri keçdi. Maraqdan mən də qapının ağzına gəldim. Otaqda əmimdən başqa heç kim yoxuydu, Dədəmlə otağa girdik, otaqda hardasa iyirmi illik köhnə şkaf vardı. O da keçmiş evin sahibindən qalmışdı. ─Gördüz? Otaqda heş kim yoxdu. Əmim qəhrəmanlıq eləmiş adamlara bənzəyirdi. Mən bənzədirdim, çünki qəti qorxusu yoxuydu. Otağa girdim, əmimin yanına gəldim. Dədəm: ─Kişinin yanındakı yoldaşlarıyla Quran oxumuşdu,–dedi. ─Nə vaxt? –əmim soruşdu. ─Səhər. ─Sizdə inandız, hə? – deyib əmim başını yellədi. Həqiqətən mən də əmim kimi düşünürdüm Dua oxunan evdə belə hallar olmamalıdı. Əgər mollalar oxuduqlarıyla onları qızışdırmayıblarsa… Yəni demək istədiyim budur, fərqli sözlərlə onların bizi qorxudub yola salması üçün nəysə oxuya bilərdilər. Yoxsa “otağa girmək olmaz” nə deməkdir? ─Gecə burda yatacam, baxarsız, –deyən əmimə heyran qalmışdım. Qapının ağzına nənəm gəldi. ─Səyləmə ə! Mənim bağrımı yarmağa gəlmisən? Gecə az qala qızla birgə məni boğurdular. Divanda yatarsan. ─İmenni burda yatacam! Əmimin tərsliyinə bizim kimi nənəm də bələdiydi. Ailəlikcə tərslik canımızda olduğundan, bəzən bir-birimizin tərsliyinin fərqinə varmırıq. ─Yaman,havalanıb eliyərsən e, qaqam. –Anam narahatçılığını bildirdi. ─Heş nə olmaz. Rusiyada birinci kirayə qaldığım evdə də belə hallar olurdu. Maraq məni otaqda olduğumu unutdurdu: ─Əmi, sonra nə oldu? ─Heş nə, bir il yaşadım. ─Qorxmadın? ─Yoox, belə qorxutsan özünü, kölgən də qorxudacaq səni. Sevdanın dediyini deyirdi əmim. Özümü qorxutmasam, gözümə görünən varlıqlarla ünsüyyət qura bilərdim. Özümü inandırmağa çalışırdım. Ruhlarla ünsüyyət qurmağın öz üslubu vardı. Bu haqda əvvəllər eşitmişdim, bunun üçün xüsusi adamlar var. ─Yaxşı, gəlin çörəyimizi yeyək, –dədəm dilləndi, qonaq otağına getdi. ─Əmi, doğrudan, qorxmasan, onlar sənə toxuna bilməz? ─Qorxursan? ─Bir az. ─Adi vəhşi heyvana qorxmadığını göstər, sənə hücum eləməyə tərəddüd edəcək. ─Nə olsun, əmi? Yenə də hücum edir. ─Yenə də qorxaq adama edilən hücum qəddarlıqla olur. Əmim mənə cəsarətindən pay vermişdi. ─Getdik! –deyib, otaqdan çıxdı. Əmimin otaqdan çıxmağıyla qapının arxasınca çırpılaraq bağlanması bir olmuşdu. Mən otaqda, qapıdan bir az aralıda qalmışdım. Yenə qorxdum, qarnımda bağırsaqlarımın bir-birinə dolaşdığını hiss elədim. “Qorxsan, kölgən də səni qorxudacaq” cümləsi yadıma düşdü. Əmimlə atam qapını açmağa çalışırdılar. Gözlərimi yumdum, ” ayətül- kürsün” -ü oxumağa başladım. Çaşmırdım, sözləri özümdən xəbərsiz sırayla deyirdim. Kürəyimdə soyuqluq hiss elədim. Sanki kimsə mənə toxunurdu. Gözümü açdım, sürətlə geri çəkildim. Dədəmlə gördüyümüz qızın ruhuydu. Burnumla nəfəs ala bilmirdim, ağzımı açdım ki, boğulmayım. ─Kömək elə! Ya ruh danışdı mənimlə, ya da mən zənn eləmişəm danışır. Yenə eşitdim səsini: ─Kömək elə,.. ─Nə… nə kö-kö- köməyi? Dilim topuq vurmuşdu, kəkələyirdim. İki ayağımın arası islanmışdı. Vəziyyətimi yəqin anlayarsız. Çox su içən,böyrəyi ona xəbərdar eləməmiş tualetə getmək yadına düşməyən insanın qorxudan bacardığı ancaq bu ola bilərdi. ─Qızım… qızım ordadır, –deyirdi. Hansı qızından danışırdı, başa düşmürdüm. Qızının harda olduğunu soruşmaq istəyirdim, əmim əlində evdəki stullardan birini tutmuş, pəncərənin şüşəsini sındırdı, üstümə qışqırdı. ─Tez ol, bura gəl. Dədəm də qışqırırdı, səbəbini bilmirdim. ─Şəfi, bura gəl! Pəncərəyə çatanda qapı açıldı, anam yerə dəydi. Dədəmlə əmimin səsi kəsildi, beş saniyədə onları qapının ağzında gördüm. Nənəmlə dədəm anamın qolundan tutub ayağa qaldırdılar. Fikir verdim, bir anlıq islanmış şalvarıma, sonra üzümə baxırdılar. Mənə hörmət xatirinə yaş olmuş yerə baxmadılar. Bəlkə də mənə hiss elətdirmədən baxmışdılar. Anam mənə yaxınlaşdı. ─Sənə toxunmadılar? –anam ağlayırdı. ─Yox, başqa şey oldu. Ağlama, qadan alım. ─Sabah çıxıb gedək burdan! –Qapının ağzında dayanan nənəm üsyan elədi. O da ağlayırdı, –Bu nə dərddir düşmüşük. Bəxtəvər olduq, oğlum ev aldı… ─Məncə də… Anam nənəmlə razılaşdı. ─Əksinə, getməyək. Dədə, gecə sənlə gördüyüm qızla danışdım. Deyirdi,kömək elə, qızım ordadır. ─Hardadır? –Əmim soruşdu. Əmim deyəsən, mənə görə ağlamışdı, gözləri ağlayan adamın gözlərinə bənzəyirdi. Dədəmdən danışmıram, üz-gözü mənə görə qaralmışdı. ─Bilmirəm. Soruşmaq istəyirdim, imkan vermədiz. Vopşe, pəncərəni niyə sındırdız? ─Arxanda qaraya bürünmüş ifritə vardı, neyləməliydik? –Dədəm acıqlandı. ─Başa düşürəm də, onlar kimdir, nədir, bilmirəm, təkcə mənlə danışmağa çalışırlar. Bəyaq qorxmadım, çalışırdım qorxmayım da. ─Qorxmadığın üçün yer yaşdı? İndi nənəmi kişilərin içində məni pərt elədiyi üçün vicdansızca boğardım. Əmim nənəmə gözünü ağartdı, eybini üzünə vurduğu insanın uşaq yox, cavan qız olduğunu baxışlarıyla işarə elədi. ─Dədə, vallah, düz deyirəm. Bu gecə əmimlə otaqda qalaq. Qorxmursansa, sən də qal. Gecə görək nə olacaq? ─Bismillah, birdən qıza vergi-zad verilər e… –Nənəm yersiz cümləsini işlətdi. ─Hə nənə, falçı olacam! ─Nəysə-nəysə… Gedək, paltarını dəyiş, gecə fkkirləşərik. Ümumiyyətlə, baş verəcək yaxşı-pis hadisələrə işarə edən yuxular görürəm. Uşaqlıqdan belədir. Zamanla yuxu yozmağı da öyrənmişdim. Əvvəllər tanıdığım yaşlı yəhudi dayıdan kartla fala baxmağı da öyrənmişdim, sonra tövbə elədim. Tövbə eləməyimə səbəb dost-tanışların, qohumların hər gün falına baxdırmasıydı. Dediklərim düz çıxanda bəziləri bir gündüz yığırdı, bir də gecə. Sizə deyim, fal həm də baş ağrısıdır, rahatlığın olmur. Çimmək üçün hamama keçdim. Üzümə görə saçlarımı yuya bilmədim. Qırmızı kapron vannaya poroşok töküb içini isti suyla doldurdum. Sonra şalvarımı, uzun koftamı islatdım. Hamamdan çxıb anamgilin yataq otağına keçdim. Hamamdan çıxandan sonra adam yuxunun dərinliyində yatmaq istəyir. Məndə vərdiş olmuşdu. Qorxunu birtəhər canımdan çıxarandan bəri ilk dəfə rahat yatmışdım. Bu dəfə gördüyüm yuxudan özümə yer tapa bilmədim. Yuxudan ayılmaq istəyirdim, bacarmırdım. İki qadın, gənc qız müəmmalı otağa keçdilər. Qız hamiləydi, addımlarını çox ağır atırdı. Qapını örtdülər. Qız qışqırırdı, otağa yaxınlaşdım, qapını bir az araladım, doğurdu. Yaşlı qadın qıza pis-pis baxıb deyinirdi. Yaşlı qadından bir qədər cavan olan qadın qızın doğuşuna kömək edirdi. Yazıq qız necə qışqırırdısa ayaqlarım titrəyirdi. Az qala ürəyim gedə…Qız mənə baxırdı, ağlayırdı. ” Kömək elə. Qorxma, kömək elə. Qızımı qurtar. Otağa girməyə ürək eləmirdim. Yaşlı qadından çəkinirdim. Körpənin səsini eşitdim. Doğuşa kömək edən qadın ağlayan körpəni anasından ayırdı, göbək bağını əliylə kobudcasına qopardı, körpənin göbəyinə düyün də vurmadı. Gördüklərimdən dəhşətə gəlmişdin. Gənc ananın ağlamaq səsi körpəsinin səsində itirdi. Qadın körpəni yaşlı qadına uzatdı. Qız bu dəfə qışqırmağa başladı. ─Yox! Yox! Yaşlı qadın qucağında körpə, pişik surətiylə pəncərədən tullandı, gecənin qaranlığında gözdən itdi. Deyəsən, bağ tərəfə qaçırdı. Qız üzümə baxdı. ─Kömək elə! Qızıma kömək elə! Yalvarıram, kömək elə… Evdən həyətə qaçdım. Tualetin yanından keçib bağa girdim.Qaranlıqda heç kimi görə bilmədim. Tualet tərəfə baxdım, tualet öz-özünə alışıb yanmağa başladı. Qorxumdan ağaca söykəndim, yerə oturdum, dizlərimi qucaqlayıb eləcə baxdım. Elə bil kimsə yaxın getməyimə imkan vermirdi, ayaqlarımı bağlamışdılar.Tualetdən körpə çığırmasının səsini eşidirdim. Eşitməmək üçün qulaqlarımı tutdum, yenə də səsini eşidirdim. Dözə bilmirdim. ─Yox! Yoooox! Yooox! –deyə qışqırırdım.
Zaur Ustacın “Çiçəklər, dağlar … və Xudayar dastanı” (şeirlər) kitabı artıq nəşrə hazırdır. Yaxın günlərdə kitab “Mustafa Müseyiboğlu – 70” yubiley tədbirləri çərçivəsində işıq üzü görəcək. Dəyərli ziyalımız Zaur müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.