Vasif Sadıqlının sayca 7-ci, əvvəlkilərdən fərqli, 644 səhifəlik “Füzuli. Qəzəllər” adlı kitabı çap olunub. Kitabda Azərbaycan şairi Məhəmməd Füzulinin azərbaycanca divanındakı 294, “Leyli və Məcnun” poemasındakı 24 qəzəl müasir dilimizdə izah edildiyindən, bəzi misralar qısaca şərh olunduğundan oxucuların işi asanlaşıb.
Tanınmış tərcüməçi, ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynlinin “Tərcümə təcrübələri” adlı kitabı çapdan çıxıb. “1-ci kitab: dünya ədəbiyyatından hekayələr, esselər və söhbətlər” kimi təqdim olunan, 424 səhifəlik bu nəşrdə S.Hüseynlinin anadilimizə çevirdiyi ədəbi mətnlərin bir qismi yer alıb.
525.az xəbər verir ki, kitaba dünya ədəbiyyatının ayrı-ayrı ölkələri və dövrləri, fərqli ədəbi cərəyanları və estetik təmayülləri təmsil edən, bioqrafiyası, yaradıcılıq dəsti-xətti, mədəni-ictimai mövqeyi etibarilə ciddi şəkildə seçilən nümayəndələrinin Azərbaycan dilinə tərcümə edilmiş hekayələri, esseləri və söhbətləri daxildir. Bu mətnlərdə həyata, insana, ədəbiyyata, incəsənətə münasibətdə maraqlı yanaşmalar, müxtəlif tarixi, ictimai, ədəbi-mədəni məsələlərlə bağlı diqqətəlayiq düşüncə və mülahizələr əks olunub.
Ümumilikdə 18 ölkədən 56 imzanı əhatə edən, 3 bölümdən ibarət kitabda 42 hekayə, 46 esse, 4 ədəbi söhbət var.
Hekayələr və esselər sırasında Amerikadan Riçard Brotiqan, Kurt Vonnequt, Corc Feyfer, Argentinadan Xorxe Asis, Avstriyadan Tomas Bernhard, Çexiyadan İvan Kraus, Çindən Li Fu-yan, Xuanfu Şi, Fransadan Anatol Frans, Anna Qavalda, Mişel Turnye, İngiltərədən Cerom Klapka Cerom, Gilbert Kit Çesterton, Artur Konan Doyl, Piter Smit, İsraildən Etqar Keret, İtaliyadan Luici Pirandello, İtalo Kalvino, Canni Rodari, Alessandro Piperno, Renzo Olivanın əsərləri verilib.
Bu iki bölümdə Macarıstandan Dördi Şpiro, Perudan Mario Varqas Lyosa, Polşadan Yanuş Qlovatski, Suriyadan İbrahim Samuel, Ukraynadan Kost Moskalets, Uruqvaydan Mario Benedetti, Yaponiyadan Akutaqava Rünosukenin də uyğun mətnlərinə yer ayrılıb.
Türkiyə ədəbiyyatı bu bölümlərdə Xalidə Ədib Adıvar, Rıfat Ilqaz, Ercan Kesal, Onat Kutlar, Hüseyn Su, Ahmet Cemal, Cengiz Güleç, Semih Gümüş və Nihat Ziyalanın, Rusiya isə Mixail Bulqakov, Fazil İskəndər, Sergey Lukyanenko, Yuri Mamleyev, Oleq Pavlov, Zaxar Prilepin, Roman Sençin, Aleksey Varlamov, Gözəl Yaxina, Mixail Yelizarov, Mixail Zoşşenko, Dmitri Merejkovski, Aleksandr Soljenitsin, Vladimir Krupin, İqor Yevdokimov və Larisa Obaniçevanın yaradıcılığı ilə təmsil olunur.
Qabriel Qarsia Markes və Mario Varqas Lyosanın “Latın Amerikasında roman”, Macarıstandan İmre Kertesin “Ömrümü mütləq bir yanlışlıq içində yaşamışam”, İsraildən Etqar Keretin “Hekayə yazmaq hədiyyə gözləmək kimidir”, Türkiyədən İskəndər Palanın ”Divan ədəbiyyatı və eşq haqqında” başlıqlı söhbətləri kitabın müvafiq bölümündə öz əksini tapıb.
Mətnlərin düzülüşündə ölkə adlarının və ayrı-ayrı ölkələrə mənsub ədiblərin soyadlarının Azərbaycan əlifbası üzrə sıralanması əsas götürülüb.
Çapını Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Mətbuat Şurası dəstəkləmiş kitabın redaktoru Südabə Ağabalayeva, korrektoru Gülzar Səfərova, dizayneri Azər Aydın, üz qabığının tərtibatçısı İlham Əhmədov, mətbəə rəhbəri Elman Qasımovdur.
Tanınmış qələm adamı Təranə Dəmirin sayca doqquzuncu kitabı işıq üzü görüb. Özünün xüsusi ənənələri olan “Maarif” nəşriyyatında nəfis şəkildə tərtib olunaraq, nəşr olunmuş kitabın redaktoru Qulu Ağsəsdir.
Qısa arayış: Təranə Dəmir – Dəmirova Təranə Ağaqardaş qızı – 1970-ci il dekabrın 16-da Sabirabad rayonunun Kolanı kəndində anadan olub. Kolanı kənd orta məktəbini medalla bitirib. 1988-1993-cü illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb. AYB-nin və AJB-nin üzvüdür. 9 kitab müəllifidir. Şeirləri lap gənc yaşlarından dərc olunur. Dəfələrlə AzTv-nin müxtəlif proqramlarında qonaq olub. İndi də müxtəlif mətbu orqanlarda dərc olunur. Ailəlidir, iki övladı var.
Əlamətdar hadisə barədə sevincini Təranə xanım sosial şəbəkə hesabından: Təranə Dəmir – “Qulu Ağsəsin redaktorluğu ilə “Sərhədsiz sərhədlər ” işıq üzü gördü. “Maarif” nəşriyyatına və əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm.” – məzmunlu paylaşım edərək, öz izləyicilərilə bölüşüb.
“YAZARLAR” olaraq, TƏRANƏ xanımı təbrik edir, qarışdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!
Tanınmış şair Həqiqət ŞAMİLLİ “Ömrümə nəğmə payım” adlı yeni kitabının işıq üzü görməsi münasibətilə ZİYADAR MÜKAFATIna layiq görülüb. Mükafatı Azərbaycan Nəşriyyatında kitabın təqdimat mərasimində “Yazarlar” jurnalının baş redaktoru Zaur USTAC şəxsən özü təqdim edib.
“Yazarlar” olaraq, Həqiqət xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Həqiqət xanım!
“KÖHNƏ İL HARA GEDİR?” – Əli bəy Azərinin yeni kitabı belə adlanır
Bu gün Əli bəy Azərinin yeni kitabı çapdan çıxıb. On bir hekayə daxil edilmiş kitab hekayələrdən birinin adı ilə “Köhnə il hara gedir?” adlanır. 100 səhifəlik kitab Mədəniyyət nazirliyinin nəzdində fəaliyyət göstərən “Gənclik” nəşriyyatı tərəfindən çapa hazırlanıb. Kitabın redaktoru kiçik həcmli romanlar müəllifi kimi tanınan Ayaz İmranoğludur.
SERGEY JİTOMİRSKİNİN “SİRAKUZLU ALİM” TARİXİ ROMANI YAYINLANIB
Bu günlərdə tanınmış rus yazıçısı Sergey Jitomirskinin tarixi mövzuda yazdığı “Sirakuzlu alim” romanı nəşr olunub. Qədim yunan mütəfəkkiri Arximedin həyat yolundan bəhs edən romanı Azərbaycan türkcəsinə yazıçı VAQİF SULTANLI çevririb.
Qeyd edək ki, “Srakuzlu alim” romanı Azərbaycan oxucularına ilk dəfə ötən əsrin səksəninci illərinin sonlarında təqdim edilib. “Kritika” yayın evinin illər sonar romanı təkrar nəşr etməsi əsərin mövzu-problem baxımından aktuallığından qaynaqlanır.
Əsərlərini daha çox sənədli-bioqrafik və elmi-fantastik üslubda yazmış Sergey Jitomirskinin (1929-2004) “Yaradılmış maşınlar” (1977), “Monqolustan və Tibet tədqiqatçısı P.K.Kozlov” (1989), “Lənətlənmiş Atlantida” (1992), “Qədim astronomiya və orfizm”, “Epikur” (2001), “Romul və Rem” (2003), “Misir hökmdarı” (2005) kimi roman və povestləri geniş oxucu kütləsinin marağını çəkmiş, ədəbi tənqid tərəfindən yüksək dəyərləndirilmiş və müxtəlif dillərə çevrilmişdir.
Sergey Jitomirskinin ilk dəfə 1982-ci ilə yayınlanan “Sirakuzlu alim” tarixi romanı onun yaradıcılığında önəmli yerlərdən birini tutur. Arximedin həyat yoluna işıq tutan əsər sadə, çəkici bir dillə yazılmış, alimin riyasiyyat və fizika sahəsində qazandığı elmi uğurlar bədii səpkidə canlandırılmışdır. Romanın mühüm özəlliklərindən biri burada yalnız baş qəhrəman kimi seçilmiş Arximedin həyat yolunun deyil, bütövlükdə antik dönəmin əfsanə örtüyünə bürünmüş tarixi mənzərəsinin yaradılmasıdır.
Azərbaycan Dillər Universitetinin əməkdaşı, Fəlsəfə araşdırmaçısı, tərcüməçi, tanınmış yazar Tural Cəfərlinin “Dahilərin həyatı və aforizmləri” adlı yeni kitabı işıq üzü görüb. Kitabda dahi şəxsiyyətlərin həyatları, yaşam fəlsəfələri, müdrik kəlamları yer alıb. Məşhur filosofların, yazıçı və rəssamların bir-birindən fərqli, düşündürücü və ibrətamiz düşüncələri önə çəkilib. “Mücrü” nəşriyyatında çap olunan kitab müəllifin sayca üçüncü kitabıdır.
Tanınmış yazıçı Pərvanə Bayramqızının “Siz harda yaşayırsınız?” adlı kitabı çap olunub.
Iyirmi hekayəni əhatə edən kitabın nəşr ünvanı “Füyuzat”dır.
Cəmiyyətin ictimai-sosial həyatına həssaslıqla yanaşan müəllif indiyədək saysız-hesabsız publisist mətnlər, hekayə, gündəmlə səsləşən esselər, resenziyalar yazıb.
Dil məsələsi ilə bağlı tanınmış ziyalılardan aldığı müsahibələrin hər biri kitablarına daxil edilib.
Müəllifin çap olunan ilk kitabı “Qəlbimin istəkləri”dir. Yalnız şeirlərdən ibarət olan kitab 2008-ci ildə çapdan çıxıb.
Vətən, yurd, el-oba sevgisi, müharibənin fəlakətləri, fərdi yaşantılar, sevginin paklığını, ayrılıq əzablarını əks etdirən mətnlərlə zəngin “Yaza bilməyən yazıçı” kitabından sonra pandemiya dövrünün ağrı-acıları, maddi çətinlikləri, sərbəstlik məhdudiyyəti, ölümü, ayrılıqları, ana dilinin qorunması, cəmiyyətin problemləri, sosial şəbəkələrin faydalı-zərərli tərəfləri haqqında geniş yazıların toplaşdığı “Karantin zədəsi” kitabı işıq üzü görüb.
Yazıçı dördüncü – “Bir də gördüm…” kitabını atasının xatirəsinə həsr edib.
Bədii-publisist yazıları əhatə edən “Asan çətinliklər” bu ilin mart ayında ərsəyə gəlib.
İnsanları düşündürən, narahat edən mövzularda P.Bayramqızının sosial şəbəkələrdə yazdığı statuslar izləyicilər tərəfindən maraqla qarşılandığından bir çox deyimləri dillər əzbəri olub. Yazıçı mənən zəngin-yoxsul fərdlərin daxili aləmini, onların sosial həyatdakı davranışlarını, bir-birinə münasibətlərini xırda detallaradək təsvir etməyi bacarır.
Digər kitablarından fərqli olaraq “Siz harda yaşayırsınız?” kitabında yalnız hekayələr yer alıb. Əksəriyyəti müəllifin yaradıcılığının ilk mərhələsində qələmə alınan nəsr nümunələrinin mövzusu müxtəlifdir. Eyni zamanda son aylarda sayt, qəzet və jurnallarda dərc edilmiş yeni hekayələrin də sıralandığı kitab sayca altıncıdır.
“Dağıntılar altındakı sevinc” hekayəsində Azərbaycan qadınının son nəfəsində də həyasını qoruduğu məqam təsvir edilib. “Pul kisəsi”, “İnsanlığın hekayəsi” müharibənin insanların həyatında buraxdığı xatirələri, əməlləri obrazların hissləri, rəftarları vasitəsilə göstərir. “Ağ divarda qara yazılar…”, “Yazılmayacaq hekayə” sevgi mövzusundadır. “Uzaq səfər – yaxın yol” hekayəsində ağbirçəyin el-obasına bağlılığı bədii boyasız təsvir edilir. “İki qadın” fərqli həyat tərzi yaşayan qadınların daxili nitqindən, “Uçurum”sa cavan nəsillə yaşlı nəslin həyata baxışından bəhs edir.
Oxucuların illərdir maraqla oxuduğu “Yeddi sual” hekayəsi də kitaba daxil edilib. Digər hekayələrin mövzusu ilə tanış olmaq və “Siz harda yaşayırsınız?” sualının kimə ünvanlandığını bilmək istəyənlər üçün kitab oxucuların ixtiyarına verilir.