Yunus Oğuzun doğum gününün ömrünü həsr etdiyi milli mətbuatımızın yarandığı günə təsadüf etməsi əlamətdar hadisədir. Bəlkə də taleyin bir qismətidir ki, Yunus Oğuz məhz 22 iyul – Milli Mətbuat Günündə dünyaya gəlib. Yunus Oğuz peşəkar mətbuat adamıdır. Onun rəhbərlik etdiyi və Azərbaycan media məkanında öz mövqeyi və fərqli dəst-xətti olan “Olaylar” qəzeti və eyni adlı informasiya agentliyi mövzu rəngarəngliyi, oxunaqlı araşdırmaları, geniş marağa və diqqətə səbəb olan təhlil və şərhləri ilə ciddi irəliləyişə nail olub, maarifləndirmə baxımdan böyük uğurlara imza atıb. Bu baxımdan öz xüsusi mövqeyi, işi və dəst-xətti ilə fərqlənən “Olaylar” qəzeti və “Olaylar” İnformasiya Agentliyi Azərbaycan cəmiyyətində tanınan, ictimai rəydə qəbul olunan kütləvi informasiya vasitələrindəndir. Azərbaycan dövlətinə, xalqımızın maraqlarına xidmət və vətənpərvərlik nümunəsi Yunus Oğuzun həyat fəaliyyətinin ana xəttini təşkil edir. Yunus Oğuz çoxtərəfli yaradıcı şəxsiyyətdir. Azərbaycan ədəbiyyatında öz yeri, dəst-xətti olan Yunus Oğuz bir-birindən maraqlı tarixi romanları ilə geniş oxucu auditoriyasının böyük diqqətini və rəğbətini qazanıb. “Nadir şah”, “Təhmasib şah”, “Sultan Alp Arslan”, “Əmir Teymur”, “Atabəy Eldəniz”, “Uçurum”, “Cığır” kimi tarixi romanlar yazan Y.Oğuz bununla milli romançılıq tariximizdə əhəmiyyətli rol oynayır. Onun bütün əsərlərində türk dünyası, onun mədəniyyəti, tarixi, böyük şəxsiyyətləri, hökmdarları haqqında ümumiləşdirmələr ana xətt kimi özünü büruzə verir. Yazıçı-publisist Yunus Oğuzun “Cığır” tarixi romanını xüsusi qeyd etmək istəyirəm. Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş “Cığır” tarixi romanı aktuallığı, gənclər arasında vətənpərvərliyin və tarixi Zəfərimizin təbliğı baxımından mühüm əhəmiyyət kəsb edir. Romanda Aprel döyüşləri və 44 günlük Vətən müharibəsinə gedən yol, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan Zəfərimiz oxuculara çatdırılıb. Bu, eləcə də digər əsərləri onun vətənpərvər yaradıcı şəxsiyyət olduğunu təsdiqləyir. Bu əlamətdar gün münasibətilə Yunus Oğuzu təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Yunus Oğuz imzası Azərbaycanda tanınan imzalardan biridir və bu gün də davamlı olaraq Azərbaycan tarixi ilə bağlı əsərləri qələmə alır. O, həm bir yazıçı, həm də publisist kimi Azərbaycan ədəbiyyatına və Azərbaycan tarixinə öz töhfəsini verir.
Yunus Oğuz Azərbaycan mətbuatında özünəməxsus yeri və rolu olan, uzun müddətdir fəaliyyət göstərən “Olaylar” qəzetinin həm təsisçisi, həm də baş redaktorudur. Qəzet uzun illərdir ki, Azərbaycan ictimai-siyasi mühitində özünəməxsus mövqeyi ilə seçilir və bu gün də sözünü deməyə, öz rolunu ifadə etməyə davam edir. Onun qələmə aldığı kitablar tariximizin öyrənilməsi və təbliği baxımından xüsusi önəm və əhəmiyyətə malikdir. Biz Yunus Oğuzu səmimi qəlbdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Arzu edirik ki, o, hər zaman öz qələmi ilə cəmiyyətimizin inkişafına, maariflənməsinə və digər vacib məsələlərə öz töhfəsini verməyə davam etsin.
Mən 35 ildən çoxdur ki, Yunus Oğuzu tanıyıram. Son 20-25 ildə isə demək olar ki, bir yerdə mətbu fəaliyyətimizdə Yunus Oğuzun doğum günləri həmişə bizim üçün yadda qalan olub. Çünki Yunus Oğuzun doğum günü Azərbaycan Milli Mətbuat Gününə təsadüf edir. Bunun bir simvolik mənası var. Çünki Yunus Oğuz mətbuatla sıx bağlı insandır və gənc yaşlarından mətbuat orqanları yaradıb. Onun rəhbərlik etdiyi “Olaylar” qəzetinin, “Olaylar” İnformasiya Agentliyinin 30 illiyini bir müddət əvvəl Mətbuat Şurasında təntənəli şəkildə qeyd etdik. Azərbaycan qəzetləri sırasında özünəməxsus yer tutan “Olaylar” qəzeti Yunus Oğuzun rəhbərliyi ilə istedadlı jurnalistlərin ortaya qoyduğu bir mətbuat nümunəsidir. Yunus Oğuz eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvüdür və dəyərli tarixi əsərlərin müəllifidir. Onun Azərbaycan tarixinə yeni yanaşma ilə yazdığı bədii əsərlər oxucular tərəfindən böyük maraqla qarşılanır. Mən həmişə demişəm: mənim anam Yunus Oğuzun romanlarının ən sədaqətli oxucusudur. Hər bir yeni roman çıxan kimi Yunus Oğuz onu avtografla göndərir və anam da onu maraqla oxuyur. Eyni zamanda, Yunus Oğuzun Azərbaycan tarixi ilə bağlı elmi məqalələri də öz fərqliliyi, yeni baxışı ilə seçilir. Yunus Oğuz enerjilidir, daim yazır, yaradır, hərəkətdədir, tədbirlərdə iştirak edir, fəaldır. Ona görə də onun 65 yaşı mənə də təəccüblü gəlir və elə bilirəm ki, Yunus Oğuz gənclik enerjisi ilə dolu bir insandır. Yunus Oğuzla səfərə çıxmaq, müxtəlif ölkələrdə olmaq özü də maraqlı bir səyahətdir. Dəfələrlə birlikdə müxtəlif tədbirlərdə, müxtəlif ölkələrdə iştirak etmişik. Həmişə bu barədə xoş xatirələrimiz yaranıb. Yunus Oğuzu yubileyi – 65 yaşı münasibətilə təbrik edirəm və ona gələcək illərdə çox-çox yaradıcılıq uğurları arzulayıram.
Yunus Oğuz Azərbaycan ədəbiyyatında öz dəsti-xətti ilə seçilən, fərqlənən və heç kəsə bənzəməyən bir yazıçıdır. O, xalqının keçmişini dərindən öyrəndiyi və bildiyi üçün bu gününə və gələcəyinə dair kifayət qədər aydın mövqeyi, fikirləri və düşüncələri olan bir müəllifdir. Bu biliyə əsaslanaraq, öz yazı üslubunu və ədəbi istiqamətini də olduqca sadə və aydın şəkildə müəyyən edə bilir. Bu isə hər yazıçıda olmayan, yalnız çox az sayda qələm sahibində rast gəlinən bir keyfiyyətdir. Məhz buna görə də Yunus Oğuzun istənilən kitabını əlinə alıb oxuyanda müəllifin adı yazılmasa belə, dərhal hiss olunur ki, bu əsər yalnız Yunus Oğuzun qələminin məhsuludur. Onun əsəri “Cığır” olsa da, o özü Azərbaycan ədəbiyyatında cığır aça bilmiş müvəffəq və əbədi bir körpüdür. Digər tərəfdən, Yunus Oğuz Türk dünyasında da kifayət qədər tanınır və ədəbi, ictimai-siyasi sahədə önəmli xidmətlər göstərmişdir. Mənim fikrimcə, uğurlu bir ədəbiyyatçı yalnız qələmi ilə deyil, həm də ictimai mövqeyi və siyasi aktivliyi ilə seçilməlidir. Xüsusilə Şərq təfəkküründə və Şərq cəmiyyətində buna həm ehtiyac, həm də tələbat var. Məhz bu baxımdan Yunus Oğuz eyni zamanda ictimai-siyasi xadimdir. O, yaxşı bilir ki, qələmi Koroğlu, Şah İsmayıl kimi qılıncla birləşdirmədən heç bir uğur qazanmaq olmaz. O, dərk edir ki, ədəbiyyat ən böyük siyasətdir. Buna görə də Vətən torpağına olan sevgisini həm əsərlərində, həm də ictimai fəaliyyətində dolğun şəkildə nümayiş etdirib. Bu isə Azərbaycan cəmiyyəti və Türk dünyası tərəfindən hər zaman yüksək qiymətləndirilib və bundan sonra da qiymətləndiriləcəkdir. Bir məsələni də xüsusi qeyd etmək istəyirəm: Yunus Oğuz xalqını və dövlətini təmənnasız şəkildə sevir. O, heç bir zaman nəyinsə qarşılığını gözləmədən xidmət edib. Həmçinin, heç bir vəzifə və məqamın arxasınca getməyib. Mən onu şəxsi tanıyan biri kimi deyə bilərəm ki, Yunus Oğuzda gördüyüm ən mühüm və əvəzolunmaz xüsusiyyətlərdən biri də bu təmənnasızlıqdır. Bu təmənnasız yanaşma həm dostlarına, həm Vətənə, həm də dövlətə münasibətdə özünü göstərir. Düşünürəm ki, bu keyfiyyət digər ədəbiyyatçılarımızda və xüsusilə ictimai-siyasi xadimlərimizdə də olmalıdır – yəni qarşılıq gözləmədən Vətənə, dostlara və dövlətə xidmət etmək! Yunus müəllimi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona yeni-yeni uğurlar və davamlı yaradıcılıq uğurları arzu edirəm!
Bir neçə on illərdən keçmiş şəxsi dostluğumuz var. Onun haqqında yalnız dost olduğumuz üçün danışmıram. Dostum olmayan sadə bir azərbaycanlı kimi tanısaydım da, onun haqqında, yenə eyni sözləri deyərdim. Onu heç vaxt sınamadım. Fikirdə də olmadım. Çünki başlanğıcdan ona güvənməyin ən yaxşı başlanğıc olduğuna inandım. Əminəm ki, onunla yaxından dostluq edənlərin, onu yaxından tanıyanların hamısının qənaəti belədir. Təpədən dırnağa qədər vətənsevər, dövlətçi olan bir şəxsiyyətin insanlara özü haqqında ilk tanıtım mesajları başqa cür necə ola bilər ?! Yaratdığı “Olaylar” media qrupundan, yazdığı çoxsaylı tarixi romanlarından əvvəl o bir şəxsiyyət olaraq artıq vətənsevər və dövlətçi idi. Məhz bunlar olduğuna görə “Olaylar”-ı və tarixi romanları ərsəyə gətirdi. Bunları yazmaq üçün qandan gələn vətənpərvər olmaq lazım idi. Necə ki,Yunus Oğuz oldu. Onun barəsində çox mənalarda dolğun danışmaq mümkündür. Çünki həqiqətən dolu adamdır. Şəxsiyyəti bütöv, fikri qəti və aydın, yaradıcılığı hərtərəfli, işləri məqsədyönlü, öz xarakterinə sadiq, getdiyi yolun uğurlarına inanan….Yunus bəyin bütövlük elementlərinin tam demədiyim siyahısı budur… Azərbaycanın yaradıcı, ictimai-siyasi fəallarının hamısının olmasa da, çoxunun həyatı və fəaliyyətləri haqqında nələrisə bilirik .Üzdə olan şəxslərin kim və nəçi olduqları ən kritik dönəmlərdə üzə çıxır. Məhz bu məqamlarda “kimin əlinin hansı dövlət xadiminin və hansı dövlətin cibində olduğunu” aydın görmək olur. Müstəqillik tariximizin bütün mübarizə məqamlarında Yunus Oğuz “əli yalnız öz cibindən çıxan” şəxsiyyət kimi tanındı… Mən Yunus Oğuzla dostluğumuzla qürur duyuram. Onunla dostluq eyni zamanda Azərbaycan ideyası ilə, milli-mənəvi , tarixi dəyərlərimizlə və insaniyyətlə dostluq deməkdir… Həmişə belə qal, DOSTUM! 65-dən başladığımız yeni ömür səhnəsinə xoş gəldin!
Qələmi ilə tarix yazan, sözü ilə vətənə xidmət edən şəxsiyyət
Yunus Oğuz çağdaş ədəbiyyatımızın düşünən, duyan və yazan nadir qələm sahiblərindəndir. Onun tarixi romanları – “Nadir şah”, “Təhmasib şah”, “Əmir Teymur” kimi əsərlər milli yaddaşımızın ədəbi portretini yaradır. Bu əsərlərdə təkcə tarix deyil, milli kimliyimizin təməl sütunları da canlandırılır. Eyni zamanda, Yunus Oğuzun “Ovçu” adlı əsəri xüsusi vurğulanmalıdır. Bu roman Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin həyatına və qəhrəmanlıq yoluna həsr olunub. “Ovçu” yalnız bioqrafik roman deyil – həm də vətən uğrunda şəhid olmuş bir övladın timsalında bütün Azərbaycanın övladlarına ədəbi abidədir. Yunus Oğuz bu əsərdə Murad Mirzəyevin qəhrəmanlığını sadəcə bir döyüşçü kimi yox, bir ata, bir oğul, bir dost və bir insan kimi təqdim edir. Oxucu Muradın şəhadətə gedən yolunda onun daxili aləmini, ruh yüksəkliyini, əqidəsini dərk edir və onunla fəxr edir. Jurnalistika sahəsində də Yunus Oğuz cəmiyyətin sözünə çevrilə bilmişdir. “Olaylar” qəzeti uzun illərdir Azərbaycan mediasında prinsipial mövqeyi, obyektiv yanaşması və milli maraqlara sadiqliyi ilə seçilir. Onun rəhbərliyi ilə bu media orqanı həm informasiya platforması, həm də milli təfəkkürün daşıyıcısı olub. Yunus Oğuz – qələmi ilə tarix yazan, sözü ilə vətənə xidmət edən bir şəxsiyyətdir. Onun həm ədəbi irsi, həm də jurnalistlik fəaliyyəti gələcək nəsillər üçün örnəkdir. Bir daha dəyərli qələm sahibini doğum günü münasibətilə təbrik edir, ona can sağlığı və vətənə xidmət yolunda yeni yaradıcılıq zirvələri arzulayırıq!
Yunus Oğuz Azərbaycan mədəni mühitində, ədəbi-bədii mühitində və jurnalistika mühitində çox ciddi, önəmli yerlərdən birini tutan bir sənətkar, bir yazardır. Onu çox ciddi statuslarla qiymətləndirmək, dəyərləndirmək olar. Yunus Oğuz “Olaylar”ı yaratmaqla Azərbaycan jurnalistika sistemində çox ciddi, müstəqil bir xətt formalaşdırdı. Jurnalistika sistemimizə ədəbi məktəb səviyyəsində gətirdiyi “Olaylar” qəzeti və “Olaylar” saytı ilə bizə məlumdur. Onun rəhbərlik etdiyi bu qəzet və bu sayt, sözün həqiqi mənasında, müasir Azərbaycan jurnalistikasına bir töhfədir. Digər tərəfdən, Yunus Oğuz Azərbaycan bədii fikrində, ədəbiyyatında müasir dövrdə çox önəmli yer tutan bir yazıçıdır. Əlbəttə, yazıçılarımız çoxdur, sənətkarlarımız çoxdur. Amma Yunus Oğuz bizi mövzuları ilə təmin edir. Azərbaycan tarixinin ən çətin dövrlərini özünün müxtəlif romanlarında ortaya qoyub. Onun Azərbaycan tarixi ətrafında yazdığı romanlar bəzən o qədər təəccüb doğurur ki… Təəccüb ondadır ki, bu faktları o necə axtarır, necə tapır? Çünki o faktların çoxu – bəlkə də romanlarındakı faktların əksəriyyəti, demək olar ki, yeni faktlardır. Faktlar bir yana, həm də Yunus Oğuz bu faktları ədəbi-bədii dildə o qədər gözəl ifadə edir ki, o əsərləri oxumamaq mümkün deyil.Ona görə də Yunus Oğuzun ədəbiyyatımıza, jurnalistikamıza gəlişi və 65 yaşı mübarək olsun!
Qəribə sakitliyi var. Sükutunun diliylə danışar adamla. Durğu işarələriylə ifadə edər çox vaxt fikrini. Anlayançun gözəl müsahibdi. Əsərlərinin diliylə öz dili eynidi. Ahəng qanunundan kənara çıxmağı sevməz. Dostlara etibar edər sözünü. Elə Sözüylə də tanıdar içindəki mənini. Tarixinə , kökünə çox bağlıdı. Türkçülüyə xidmət edir. Bütöv Azərbaycançılığı var. Təvazökardı və eyni zamanda diqqət mərkəzində olmağı da sevir. Laqeydliyə qarşıdı. Daim axtarışdadı və hər gün özünə hesabat verməyə alışıb. Sözünün arxasında durandı və dünyaya işıq tərəfdən baxır. Elə qələmi də . İmzası oxuculara yaxşı tanışdı. Yunus Oğuzdan danışıram. Oxucunu tarixiylə , köküylə üz -üzə qoyan , öz cığırından çıxmayan , sözünün çəkisini bilən nasir Yunus Oğuzdan. Yazdıqlarında ədalətə və həqiqətə sığınan yazıçı Sözə Tanrının gözüylə baxanlardandı. Axı böyük Sözə bəşəri sevgisi var. Tarixi bədiiləşdirmək , eyni zamanda yalansız, boyasız təqdim etmək elə də asan deyil.. Bu da böyük cəsarət tələb edir. Zənnimcı Yunus Oğuz bunun öhdəsindən peşəkarcasına gəlir . Bu baxımdan yazıçının bütün əsərləri geniş oxucu kütəsinin rəğbətini qazanıb . “Əmir Teymur” ,”Uçurum”, “Nadir şah”, “Cığır ” və başqa romanlar yazıçı təxəyyülünün məhsulu olsa da tarixi faktlara köklənib. . Yunus Oğuzun ədəbiyyatda öz dəst -xətti var və hadisələrə yanaşma tərzi tamam fərqlidi. Yazıçı təkrarı sevmir və daim axtarışdadı. Tarixə istinadən yazılan yazılar elə də asan ərsəyə gəlmir. Hamısı uzun axtarışların və zəhmətin bəhrəsidi. Bu yaxınlarda onun “Türk etnonimi və törələri ” adlı əsərini oxudum və yazıçının yazı manerasına heyran qaldım. Mən bu əsəri türk etnologiyası tarixində ən qiymətli tapıntı kimi dəyərləndirirəm. Türk etnonimi , törələr , qanunlar , ilk ailə anlayışı , ibtidai cəmiyyət, olum , ölüm , ruh , ibtidai inanclar , “Bozqurd “fəlsəfəsi, Oguz türklərinin yaşam tərzi və başqa bu kimi dəyərli tarixi faktlarla zəngin olan bu əsər soy -kökümüz haqqında oxucuya yeni məlumat verir . Eyni zamanda yazıçı orta əsr qadınının cəmiyyətdə öz yeri olduğunu və hadisələrdən kənarda qalmadığını vurğulayır. Quba xanı Fətəli xanın həyat yoldaşı Tutibikə xatunun simasında qadınların cəmiyyətdə tutduğu mövqedən , onların mübarizəsindən söz açır. İsbat edir ki, türk qadını kölə yox, cəmiyyətin aparıcı qüvvələrindən biri olub. Yazıçı qədim türk dövlətlərinin yaranması , coğrafiyası , inkişafı , mübarizəsi haqqında da geniş məlumat verir .. Türk inanclarına görə Tanrı təkdi. Türk törəsinə görə hər kəsin cəmiyyət içində öz yeri və mövqeyi var. Türk ideologiyasına görə ailə ocaqdı. Xaqan başda olmaqla hər kəs törələrə uyğun hərəkət etməlidi. Qanunlardan kənara çıxmaq olmaz. Türk qanunlarında düzlük , ədalət , insanlıq hər şeydən öncə gəlir. Yazıçı bu əsərdə çox nüanslara toxunub. Müəllif mənbələrə əsaslanaraq həqiqətən ortalığa çox gərəkli və qiymətli əsər qoyub . Bu yazıçının zəngin tarixi biliyə malik olmasından xəbər verir. Əminəm ki, bu əsər də yazıçının başqa əsərləri kimi geniş oxucu kütləsi qazanacaq və seviləcək. Yunus Oğuz həm də “Olaylar” qəzetinin təsisçisidi , eyni zamanda gözəl publisistdi.. Ara-sıra şeirlər də yazır. Amma qələmi nəsrdə daha mükəmməldi. Bu da mənim fikrimdi. Qarşıdan Yunus bəyin doğum günü gəlir. Bu ərəfədə onu yeni yaşı münasibətilə qəlbən təbrik edir və yaradıcılıq uğurları arzulayırıq.
Ta qədimdən bütün kultlar içində bozqurd (börü, aşina) kultu daha çox fərqlənir. Belə ki, qədim türklərin inancına görə bozqurdlar Marsın yerdəki simvoludur və bozqurd onların əcdadı sayılır. Bəzi kultlar günümüzdə gündəmdən çıxsa da bozqurd kultu bu gün türklər arasında daha da genişlənir. Bu kult bir çox ölkələrdə simvol (simgə) rolunu oynayır. Etrusk və italyanlarda dişi qurd onların simvoludur. Skandinaviyada əcdadlarına “Börü” deyilir, oğlunun adı isə Tordur. Almanlar badələri bir-birinə toqquşduranda “sum volf” deyirlər, yəni qurdun şərəfinə. “Qurd” sözü toponim, etnonim, hidronimlərdə hələ də qalmaqdadır. “Göybörü” anlamının da rənglə heç bir əlaqəsi yoxdur və əski türklər belə hesab edirdilər ki, o ağ işıqla göydən enib və onlara yol göstərib, xilaskar rolunu oynayıb. Təsadüfi deyil ki, islamaqədərki dövrlərdə, müharibə zamanı türklər bayraqlarının (tuğların) uclarına qurd başı taxırdılar. Qurdu başqa heyvanlardan fərqləndirən cəhətlərdən biri də onun etnoqrafik xüsusiyyətləridir. Belə ki, dastanlarda, nağıllarda, hətta şeirlərimizdə, deyimlərdə də qurdun adı çəkilir, insan özünü onunla müqayisə edir. Qurdu söymək və ona qarğış etmək yaxşı əlamət hesab edilmirdi, hətta günah sayılırdı. “Qurd üzün mübarək” deyimi şanlı anlamına gəlirdi, qorxmaz, cəsur adama “qurd ürəkli” söylənilirdi. Ac adama isə “qurd kimi acımış”, qorxmazlığı ilə seçilən cavanlara “qurd ürəyi yeyib”, ağıllı, tədbirli insanlara “qoca qurd” deyimlərindən indi də istifadə olunur. “Kitabi Dədə Qorqud” dastanında “əzvay qurd əniyinin erkəyində bir köküm var”, “qara başım qurban olsun qurdum sana”, “…qurd ilə xəbərləşim”, N.Gəncəvidə, “Koroğlu” dastanında, B.Vahabzadənin, M.Arazın, X.Rzanın, R.Behrudinin, M.Yaqubun və başqalarının şeirlərində qurd haqqında bol-bol deyimlərə, söyləmələrə rast gəlmək olar. Bəs bu xüsusiyyətlər nədən ibarətdir? 1. Bozqurd özgürdür, azadlıq sevəndir. Tələyə düşəndə pəncəsini çeynəyib qopardır və azad olur. 2. Bozqurd əhliləşmir. 3. Bozqurd fəsillərə (çağlara) görə həyat (yaşam) tərzi sürür. Belə ki, törəmə, nəsilartırma zamanı oturaq, köçəri heyvanların və quşların arxasınca ova gedərkən köçəri, dəyişkən həyat tərzi keçirir. 4. Bozqurd qorxmur. 5. Bozqurd pusquda gözləmir. 6. Yetim qalan qurd balasına sahib çıxır, ona qayğı göstərib bəsləyir. 7. Bozqurd xəyanəti bağışlamır. 8. Bozqurdun dişisi ölərsə, ailə qurmur, yalquzaq yaşam tərzinə keçir. 9. Sürüyə, davara hücum edərkən yalnız birini boğazlayıb aparır. Canavar isə digərlərini ya boğub öldürür, ya da yaralayır. 10. Bozqurd ovuna yeddi saniyədən çox baxarsa onu ovlayır. 11. Bozqurddan ovu qorxmasa, özünü döyüşə hazır göstərərsə ona toxunmur, çəkilib gedir. 12. Bozqurd dalaşarsa, dişi qurd gəlib yanında, boğazının altında (qurdlar boğazdan yapışır) dayanarsa, digər qurd savaşdan əl çəkir. 13. Bozqurd sürüsündə başda cavanlar, ortada qocalar və xəstələr, sonda isə sürü başçısı dayanır. “Qurd taktikası” döyüşünü türklər qurdlardan götürüb, adına “Turan taktikası” verilib. Belə ki, aypara halında düşməni ortaya salıb, çevrəni sonda qapadırdılar. 14. Bozqurd məğlub olana qədər deyil, ölənə qədər savaşır. 15. Bozqurd məğlub ola bilər, amma əyilməz, ovlanar, həbsə düşməz. 16. Bozqurd heç vaxt təkbaşına hərəkət etməz. Sürü onun üçün kollektiv xarakter daşıyır. 17. Yaşadığı əraziyə, ailəsinə, öz növündən digər qurda təcavüz olarsa, qəzəbli qurdun qarşısını heç kim ala bilməz. 18. Qurdun ulaması birliyə çağırışdır. Məhz bu xüsusiyyətlərinə görə bozqurdlar türklərə bənzədilir və türklərin simvolu (simgəsi) sayılır. Göründüyü kimi dünyanın bir çox yerlərində, harada yaşamasından asılı olmayaraq, türk əsilli insanlar, yaxud türk dillərinə bölünən qrupların demək olar ki, hamısının bu və ya digər şəkildə simgələri (simvolları) Bozqurddur. Beləliklə türk dilləri altı qrupa bölünür: 1. Oğuz qrupu – Azərbaycan, türk, türkmən, qaqauz və Balkan türklərinin dilləri; 2. Qıpçaq qrupu – qazax, Qaraqalpaq, qırğız, Altay, Noqay, Krım tatarlarının dilləri; 3. Bulqar dil qrupu – Kazan tatar, başqırd, Qaraçay – balkar, kumık və qaraim dilləri; 4. Karluq-uyğur qrupu – özbək, yeni uyğur, sarı uyğur və salar dilləri; 5. Uyğur – oğuz qrupu – Tuva, tafalar (karaqas), xakas, şor, Baraba tatarları və Çulım tatar dilləri; 6. Çuvaş-yakut qrupuna yalnız iki qrup daxildir – çuvaş və yakut. Göründüyü kimi türklərin bütün Avrasiya arealına yayılmasına baxmayaraq, Bozqurdu simgə (simvol) seçməsinin iki əsas səbəbi vardır. 1. Bozqurdun başqa heç bir canlıda olmayan xüsusiyyətləri, özəllikləri, üstünlükləri, ov tərzləri (taktikası), cəsurluğu və s. 2. Bozqurdun yer mənşəli olmaması, yəni göy mənşəli (gökqurd) – qutsal (müqəddəs) olması. Sonda bütün yazılanları ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, türk inanclarına görə Bozqurd simgəsi (simvolu) özündə, əsasən üç funksiya cəmləşdirir: 1. Əcdadlarının göydən ağ işıqla enməsi; 2. Çətin vaxtlarda, savaşlarda, yol göstərən hami, yəni rəhbər; 3. Türklərin ruh bağlılığına görə xilaskar. Və bunu araşdırmaçı İmran Verdiyevin “Bozqurd-Azadlığın və cəsarətin simvoludur” məqalənin iqtibası (sitat) ilə bitirirəm: “Türk (Oğuz) – qurd münasibətlərinin arxaik semantikasının araşdırıcıları da türklərdə qurd obrazına məxsus mifoloji cizgiləri təsdiqləyirlər. “Kitabi Dədə Qorqud”dakı qurdun Salur Qazan tərəfindən “ər” adlandırılması (“Qarla yağış yağanda ər kimi duran”) faktı Oğuzun funksiyasının qurdun funksiyasından fərqlənmədiyini göstərir. Hər iki obraz “ər” semantemində birləşir. Türklər də qurd kimi hər zaman qorxmaz, azad və sərbəst olmağa, öz dövlətinə, ailəsinə sadiq qalmağa, kollektivin rəyi ilə hesablaşmağa, dar gündə özünü kollektivin bir üzvü kimi görməyə üstünlük vermiş, “Tanrı Milləti” olduqlarını dəfələrlə sübut etmişlər.”
Türk duası
“Ulu Tanrı! Hər şeyi yaradan Tanrı! Yenilməz, yıxılmaz, ölməz, bitməz, yox olmaz Tanrı! Suyu donduran, buzu əridən, buzdan su yaradan, suyu çaya çevirən, çaydan göl yaradan, göldə balıq gəzdirən Tanrı! Quru dərələri dolduran, ota, ağaca can verən, otdan, ağacdan çiçək çıxardan, arıya bal verən Tanrı! Günümüzü aydın edən, gecəmizi ulduzlarla süsləyən Tanrı! Bizə yeni bir il bəxş edən Tanrı! Bu il bizə bol ver, bolluq ver! Otumuzu, otlağımızı bol et! Atlarımızı, quzularımızı bol et! Yağımızı, südümüzü, pendirimizi, qımısımızı bol et! Yağışımızı, suyumuzu bol ver! Ovlağımızı, ovumuzu bol ver! Qızımızı, oğlumuzu bol ver! Anamızı, balamızı, oğlumuzu, qızımızı, gəncimizi, yaşlımızı, bu Yer üzərində qara qüvvələrdən qoru, Uca Tanrı! Yayımızı hədəfə tuşla, oxumuz hədəfə dəysin, qılıncımızı kəskin et! Biləklərimizi gücsüz, ürəklərimizi ümidsiz qoyma! Yaz keçsin yay gəlsin, yaydan sonra payız gəlsin. Payız xalqıma ağırlıq gətirməsin! Türk çoxalsın, yaşam tərzimiz bəy kimi olsun! Ac, çılpaq qalmasın, həmişə dirilik olsun! Türk dövlətsiz olmasın, Türk xalqı başsız qalmasın, Türk xalqı törəsiz olmasın! Türk xalqını qoru!
İnsan yarandığı gündən özünü axtarmağa başlamış, nə üçün və necə yaşamağı özündən soruşmuş, buna uyğun simvollar qəbul etmişdir. Həyat axarının çıxışını tapmayanda isə miflər, əfsanələr yaratmışdır. Bəlkə də bu miflər, əfsanələr həqiqətən mövcud olmuş və zaman keçdikcə unudulmuşdur. İnsan hər şeyi bəsit həyatdan başlayanda ağızdan-ağıza keçənlərə inanmamış və danışılanları mif hesab etmişdir. Heç şübhə etmirik ki, 40-50 min il bundan əvvəl bir danışıq dili, protodil olmuşdur. Sonradan, 5-6 min il bundan öncə protodil öz yerini yeni yaranmış dillərə verəndə, boylar, oymaqlar, tayfalar bir-birindən min kilometrlərlə uzaq düşəndə, onların öz dilləri yaranmağa başladı və boy, yaxud soy mifləri, əfsanələri özlərinə uyğun özününküləşdirib, protodildə qalanları unutmağa başladılar. Heç şübhəsiz ki, protodilin dövründə yaşayanların uzayla (kosmosla) əlaqələri vardı və onlar bundan istifadə edib özlərinin inkişaf mərhələsini keçirdilər. Təsadüfi deyil ki, şumerlər və mayalılar (Amerika) mükəmməl ulduz və günəş sistemlərini bir-birindən xəbərsiz yaratmışdılar. Platon öz əsərlərində “əfsanəvi” Atlantida haqqında məlumat verir. Leonardo da Vinçi gələcəyin uçaqlarının eskizlərini çəkir və günümüzə bunlar gəlib çıxır. Homerin “İlliada” əsərində Turoba (Troya) şəhərini on doqquzuncu əsrin sonlarına qədər “əfsanə” hesab etsələr də, Şliman bu şəhəri tapır.
Kimin nə deməsindən asılı olmayaraq insan nəslinin kosmosla bağ əlaqəsi movcuddur və bu özünü zaman-zaman göstərir.
Min illər dövlətlərin nə işğal planları dəyişdi, nə də silahları. Min illər qılınc, qalxan, ox-yay, əmud, nizə, balta, qalxan silahları, döyüş geyimləri dəyişmədi. Ancaq son yüz ildə hər şey dəyişdi, xüsusən də son qırx ildə “sürətli dəyişmələr”in qarşısında duruş gətirə bilmirik.
Yerdəki insanlara texnologiyanı inkişaf etdirmək üçün informasiyalar ötürülür.
Bunu qədim misirlilərin bizə miras qoyduğu “uçan boşqab” təsvirləri də göstərir.
Təsəvvür edin ki, yer kürəsi üç ölçülü zamanda deyil, dörd-beş ölçülü zamanda yaşayır.
Biz hal-hazırda üç ölçülü zamandan dörd ölçülü zamana keçid dövrünü yaşayırıq və təbiidir ki, bunun insanlığa xeyri olduğu kimi fəsadları da göz qabağındadır. Güclü ilə gücsüzün müharibəsi, “virus”ların savaşı, iqlim dəyişikliyi, hibrid savaşı və bir azdan kosmik müharibələr adi hala çevriləcək. Gənc nəsil bir neçə ildən sonra su qıtlığının və bunun uğrunda gedən müharibələrin şahidi olacaq.
Bir də təsəvvür edin ki, Yer kürəsində harasa bir “uçan boşqab” enir və oradan skafandrada “qumanoid” düşür. Yeri gəlmişkən, ötən əsrin doxsanıncı illərinə qədər belə hadisələri rəsmi orqanlar insan təxəyyülünün məhsulu sayırdılar və buna “uydurma”, yəni mif deyirdilər.
On üçüncü əsrdə o qumanoidi yerdə görən insan fikirləşərdi ki, onun yanına “Allah” gəlib. “Allah”ı “görən” insan qorxusundan səsini çıxarmırdı. Yaxud bilirdi ki, ona heç kim inanmayacaq, ya da küfr danışdığına görə dini konfessiya tərəfindən təqib olunacaq. Söz yox ki, yüksək və ali dərəcədə inkişaf etmiş qumanoid gəldiyi kimi də yoxa çıxacaqdı.
Amma, beş-altı min il əvvəl insan özünün mifoloji dünyabaxışını yaratmış və bu dünya baxışında türk insanları təktanrını başqa xalqlardan fərqli olaraq ortaya çıxarmışdır. Bu həm də qədim türklərə imkan vermişdir ki, sosial həyatda yaşamlarını inam kimi törə biçiminə uyğunlaşdırsınlar. Sonradan törə inamları, yaşam tərzi mifologiyadan dinə keçid alanda gerçəkləşdirdi.
Bu baxımdan qədim türklərin mifologiya dünyagörüşü çox zəngindir. Belə ki, “Zaman-Məkan”, “Yaranış”, “Ölüb-dirilmə”, “Yaşam ağacı və Yaşam suyu (dirilik suyu)”, mifləri, eyni zamanda rəqəmlər (say), rəng, simvollar haqqında miflər günümüzə qədər gəlib çıxmışdır.
Qədim türklərdə yaranışından, sosial yaşamda yaranmış törələrlə yanaşı kosmik düzənə aid Göy, Yer-sub, Dağ, Ağac kultları da mövcud olub. Bu, türklərin ilkin inanc yeri, tapınaqları olub. “Dədə Qorqud” dastanında, elə indinin özündə də ilkin inanclara uyğun olaraq “Göy haqqı”, “Yer haqqı”, “Su haqqı”, “Dağ haqqı”, “Ağac haqqı” kimi andiçmələr var. Bu ondan irəli gəlir ki, ta yaranışından əski türklər özlərini Göy və Yerlə vəhdət hesab ediblər, onların bir parçası olublar. Elə indinin özündə də müxtəlif bölgələrdə bəzi ağacları türklər müqəddəs hesab ediblər, ziyarətə gediblər və gedirlər, ağaca müxtəlif rəngli parça kəsikləri bağlayıb arzu edər, əhd tutarlarmış. Elə indinin özündə də Naxçıvana “Əshabi-Kəhf” ziyarətinə gedəndə əhd edib bəlli bir yerdə dayanılır. Əgər qayadan su damcısı onun başına düşərdisə, deməli ürəyində tutduğu arzu həyata keçəcək. Belə misalları çox çəkmək olar, hətta bu kimi hadisələr xristianlarda, yəhudilərdə və digər dinlərə tapınan xalqlarda da var. Bu onların inancıdır və bu inancları islam və digər dinlər də əllərindən ala bilməyib, qılınc, zor kömək etməyib. Türklər təkcə Tanrıya bağlı deyildir, həm də onun yerdə yaratdığına, təbiətə bağlı idilər. Qədim türklər təbiətin onlara Tanrı tərəfindən verildiyinə inanır və onu kulta çevirirdi. Onlar ildırımı Tanrının silahı hesab etmişlər. İldırım vuran ağacı tapınaq kimi qəbul etmiş və ziyarətə gəlmişlər.
Türklərdə müqəddəs (qutsal) ata məzarlıqları da vardır, indi də mövcuddur. Hətta islam dini də türklərin qədim inanclarını əllərindən ala bilməyib. İslam dini yenigün (novruz) bayramını qəbul və qeyd də etmir. Amma yeni gün birinci günündə insanlar məzarlığa axışır, ölənlərilə bayramlaşırlar. Əski türklər, elə indinin özündə də inanırlar ki, ölənlərin ruhları bu dünya ilə o dünya arasında bağ yaradır, əlaqə qurur.
Herodot yazır ki, Dara iskitlərə (skiflərə) hücum edəndə onlar döyüşmürdülər, sadəcə olaraq ucu-bucağı görünməyən bozqırlarda (çöllərdə) yoxa çıxırdılar. Dara onlara xəbər göndərir ki, mənimlə niyə döyüşmürsünüz, yoxsa məndən qorxursunuz?
Ona belə cavab verirlər ki, biz heç kimdən qorxmuruq, bozqırlarda bizdən güclüsü də yoxdur. Əgər sən bizimlə döyüşmək istəyirsənsə, o zaman bizim qutsal (müqəddəs) məzarlığımızı dağıt, onda bizim necə döyüşçü olmağımızı öz gözlərinlə görərsən. Elə də olur. Bir sözlə, əcdad kultuna bu gün də sayğı ilə yanaşılır, nəsildən-nəsilə ötürülür.
Kosmoqonik miflər bəzən real nəticələrini də verir, gün, ay, il saylarını və fəsili, gecə-gündüzü, günortanı, ölçünü sistemləşdirməyə imkan verirdi. Bunlar burada da özünü göstərirdi. Çünki türk xalqlarının mifologiyasında, etnoqrafiyasında, folklorunda, inam və inanclarında, kultların yaranmasında göy cisimlərinin (Gün, Ay, Ulduz) önəmli rolu və ağırlığı vardır. Təsadüfi deyil ki, əcdadımız olan Oğuz xanın altı oğlundan üçünün adı Gün, Ay və Ulduz qədim kosmoloji baxışlara və biliklərə bağlıdır.
Prototürklərdən gələn və günümüzə qədər bəzi türk boylarında istifadə olunan Göy və Yer-su kultudur.
Eyni mifologiya həm qədim türklərdə, həm də şumerlərdə mövcuddur, yəni əvvəl bir olan Göy və Yer, sonradan ayrılmış, aralarına hava doldurulmuş, su və od isə insana təkcə həyat mənbəyi olmamış, həm də yaşam mənbəyi və dünya baxışı vermişdir. Yenigünün də (Novruzun) başlanması bu mifoloji sistemlə bağlı olsa da, sonradan reallıqda bunu bayram kimi qeyd etmişlər və indi də edirlər.
Qədim türklər Tanrını göydə yerləşdirir və hər hərəkətlərində, elə hesab edirdilər ki, onunla özləri arasında bağlılıq var. Əgər törələrə əməl edilməzsə, bu bağlılıq yoxa çıxa bilər. Tanrı və Göy türklərdə qutsal (müqəddəs) hesab edilirdi və belə düşünülürdü ki, xaqana hakimiyyət Göydən gəlir və o Tanrı və Göy tərəfindən seçilmişlərdəndir. Əgər xaqan seçilmişlərdəndirsə, deməli onun soyu, boyu da seçilmişlərdəndir. F.Ağasıoğlu yuxarıda adını çəkdiyimiz kitabda yazır: “Prototürk ata yurduna gəlib 5-6 min il öncə buradakı türklərdən “Tanrı” sözünü alan sumerlər kimi, çinlilər də həmin sözü buradan 3-4 min il öncə doğuya köçən türklərdən almışlar. Çin qaynaqlarını araşdıran uyğur türkü A.İnayət yazır ki, çin dilində Tanrı və Göy sözləri türk dilindən alınmadır. Türk dillərində bu iki polisemantik söz mifoloji qavramdan süzülüb gəldiyi üçün metaforik deyimlərdə hər ikisi “qutsal” anlamla görünür: “Gök tenri, Tanrıxan, Göktürk, Gökböri. Elam yazısında da Kuk (Göy) Tanrı adı keçir.”
Qədim türklərdə Göy “ata” kimi, Yer isə “ana” kimi qəbul edilirdi. Bu baxımdan torpağa, vətənə indinin özündə də “Ana torpaq”, “Ana vətən” deyirik.
Yer də öz növbəsində iki yerə bölünürdü: yerüstü və yeraltı. Prototürklərin mifoloji dünya baxışlarına görə həm yer üstündə, həm də yeraltı dünyada həyat mövcuddur və onlar bir-birlərinin işlərinə qarışmırlar. Bəzi rəvayətlərə görə, yer öküzün, tısbağanın, balinanın üstündə duruş gətirir. Göylə Yer arasında göyü saxlayıb üstümüzə tökülməyə qoymayan dirəklərdir, yəni dağlardır. “Sumer mifində Yerlə Göy arasındakı dirəyə “duranki” deyirdilər.”
Yenə sumer mifologiyasında yerüstü sahibin adı “Enki”, yeraltı dünyanı idarə edən “Yereşkiqal” adlanır.
Qədim yunan mifologiyasında da buna bənzər rəvayətlər mövcuddur. Belə ki, yunanlar belə hesab edirdilər ki, yer altında gözü qanla örtülmüş, heç bir qayda-qanun tanımayan “tartar”lar yaşayırlar. Çingiz xanın dövründə monqol-tatarlar Avropaya ayaq basanda din xadimləri belə hesab etdilər ki, Allahın qəzəbinə gəliblər və yeraltı dünyanın qapısı açılaraq “tartarlar”, yəni “tatarlar” yerin üstünə çıxıblar.
Bundan əlavə əski türklərdə “Dağ-daş”, “Yada daş”, “Ağac”, “Od və Ocaq”, “Qılınc”, “Təbiət”, “At”, “Təkə, qoç-qoyun və maral”, “İlan, əjdaha və bağa”, “Bozqurd” kultları mövcud olmuş və hər kulta onlar qutsal olaraq baxmışlar.