Etiket arxivi: YUNUS OĞUZ

Qədim Oğuzun çağdaş Yunusu! YUNUS OĞUZ – 65

Qədim Oğuzun çağdaş Yunusu!

Təsadüfdənmi, yoxsa ilahi qismətdənmi, bilmirəm, düz 65 il bundan əvvəl Azərbaycanda ilk mətbuatın yarandığı gun, yəni “ƏKİNÇİ” qəzetinin “doğulduğu” gün qədim Oğuz elinin dilbər məkanlarından birində – Şirvan torpağında dünyaya bir oğlan uşağı gəldi. Kim bilir, bəlkə də valideynləri, yaxınları bu körpənin böyüyəndə mühəndis, ya müəllim, ya həkim, ya da hansısa başqa bir peşənin sahibi olacağını xəyal edirdilər. Amma hələ o zaman valideynlərinin, yaxınlarının heç ağıllarına da gəlməzdi ki, bu körpə Azərbaycan ədəbiyyatının ağır yükünü çiyinlərinə götürəcək, xalqının unudulmaqda olan tarixini xalqın özünə, təkcə elmi yazılarla deyil, həm də bədii əsərlər vasitəsilə yenidən qaytarmaqla, tarixi bir missiyaya imza atacaq…

Yunus Oğuzu 1988-ci ilin ortalarından tanıyıram. Qarabağ uğrunda savaşın ilk günlərindən “qələmini süngüyə çevirən” bu gənc qələm adamını tanıdıqca, onun daxilində qədim Oğuz elinin ağrı-acıları ilə yoğrulmuş bir dünyanın hayqırtısını duymamaq mümkün deyildi. Həmin illərdə çoxları kimi Yunus bəy də yazmaqdan çox (zatən istədiklərini yazmağa və yaymağa imkan da verilmirdi-T.N.) canlı ünsiyyətə, Vətən və Azadlıq uğrunda ayağa qalxan insanların mənən zənginləşməsinə yönəlik təbliğata daha böyük üstünlük verirdi. Yunus bəy o həqiqəti bilir və qətiyyətlə əmin idi ki, bir milləti qələbəyə, yenilməzliyə aparan yol milli özünəinamdan, milli özünüdərkdən və milli özünəgüvəncdən keçir. Əsrlər boyu məqsədli şəkildə milləti özündən, keçmişindən ayıran rus şovinizminin ideologiyası ilə “zəhərlənmiş” xalqın şüurunda inqilaba ehtiyac olduğunu dərk edərək də, meydanlarda, küçələrdə Xəlil Rza Ulutürklə, Əbülfəz Elçibəylə, Anarla, Sabir Rüstəmxanlı ilə, Firidun Cəlilovla və digər milli ruhlu ziyalılarla birgə gecə-gündüz həm Bakıda, həm o zaman od içində yanan Qarabağda, həm də qədim Oğuz elinin bir parçası olan Azərbaycanın digər əyalətlərində sadə kütlənin maarifləndirilməsində fədakarlıq göstərirdi…

Hələ o illərdə Yunus Oğuzun tez-tez işlətdiyi bir cümləni bu gün də xatırlayıram: “Mübarizəyə gedən yol beyinlərdən başlamalıdır. Əl, qol çəkicdi, onu idarə edən isə beyindir. Beyin istiqaməti düz tutmayanda, çəkic insanın özünə dəydiyi kimi, milli mübarizədə də yanlış istiqamət zərbənin özümüzə dəyməsinə gətirib şıxarar!”

Nə yazıqlar ki, milli hərəkatda olanların heç də hamısı Yunus bəy kimi düşünmürdü. Yunus Oğuz ona görə belə düşünür və belə deyirdi ki, onun mənəvi dünyasında millətinə zərər vuracaq hər hansı bir hərəkətə yer yox idi. Şəxsinə aid olan bütün mənafelərini millət naminə qurban verməyə hazır olanlar, o cümlədən Yunus Oğuz məhz belə düşünürdü və bu gün də belə düşünür. Elə ona görə bütün ömrünü qədim Oğuz dünyasının keçdiyi çeşməkeşli yola işıq salmağa və millətini bu yolu görmək üçün oxumağa, öyrənməyə və öyrətməyə çağırmaqdan usanmadı və usanmır…

Yunus Oğuz haqqında düşünəndə içimdən qeyri-ixtiyari bir sual doğur: bir insan bu qədər zəngin tarixi irsi necə araşdıra, öyrənə, yaddaşına həkk edə, öyrəndiklərini bədii dildə, oxunaqlı bir üslubda insanlara təqdim edə bilər? Türkün ən qədim qatlarına qədər gedib də, əldə etdiyi əvəzolunmaz tarixi inciləri toplayıb bizlərə türk etnosunun tarixini öyrədən bu və digər elmi kitabların müəllifinin “Atilla”, “Nadir şah”, “Təhmasib şah”, “Cığır” və sair kimi mükəmməl bədii-tarixi romanlarla Oğuz törələrinə keçmişimizi tanıtması, onun daxilindəki milli özünüdərk idealına olan qırılmaz bağlılığın təzahürüdür. Bir vaxtlar siyasi fəaliyyətlə məşğul olarkən rəhbərlik etdiyi partıyanın “Milli Vəhdət” adlanması da, hesab edirəm ki, eyni yolun müxtəlif cığırlarını araşdırması və ən doğrusunu yəqin etməsi istəyindən başqa bir şey deyil. Bilmirəm, çağdaş elmi və bədii ədəbi simalar arasında Yunus Oğuz qədər zəngin və mükəmməl ədəbi irs yaradan ikinci yazar varmı? Mən tanımıram, tanıyan varsa, desin.

Bu günlər Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ərəfəsindəyik. Onunla birlikdə çağdaş mətbuatımızın – azad, demokratik Azərbaycanda azad mətbuatın inkişafında misilsiz xidmtləri olan Yunus Oğuzun 65 yaşı tamam olur. “Əkinçi”dən 85 il sonra doğulan Yunus Oğuz Müstəqil Azərbaycanın ən uzunömürlü və ən çox oxunan media resursuna – “Olaylar” qəzetinə və eyni adlı informasiya agentliyinə rəhbərlik etməklə qoca “Əkinçi”nin üzünü ağardan nəvələrdən oldu. Üzün hər zaman ağ, başın dik, vüqarın yenilməz olsun, Yunus bəy! Kim bilir 70-80 yaşlarına qədər bu millətə hələ nə qədər töhvələr bəxş edəcəksən!

Hörmətli Yunus bəy!

Əziz dostum!

Qədim Oğuz dünyasının çağdaş Yunusu!

Sizi 65 yaşınız münasibətilə deyil, bu 65 ildə millətinə, xalqına təmənnasız

xidmətinziin bəhrəsi olaraq yaratdığınız zəngin ədəbi-bədii və elmi irsin müəllifi

olaraq təbrik edir və hələ neçə on illər bu xalqa yeni-yeni elmi və bədii kitablar bəxş etməyinizi arzu edirəm.

Təhmasib NOVRUZOV,

Azadlıq Hərəkatçıları İctimai Birliyinin sədri,

yazıçı-publisist

Yunus Oğuzun yaradıcılığı unudulmaz təsir bağışlayır – Səyyad Aran

Yunus Oğuzun yaradıcılığı unudulmaz təsir bağışlayır

Yunus Oğuz çağdaş  Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələrindən biridir. Hazırda o Azərbaycanda tarixi roman janrının bir nömrəli nümayəndəsidir. O, yazdığı romanlarında həmən dövrü çox real və canlı şəkildə təsvir edə bilir. Yunus Oğuz zəngin biliyə malikdir, tarixi hadisələrə olduqca real və həqiqi rakursdan baxmağı bacarır. Ona görə də əsərləri oxunaqlıdır. Türk tarixi ilə dünyaca şöhrətli insanları o qədər real və aydın təsvir edir ki, sanki oxucu da bu hadisələrin iştirakçısı kimi özünü hiss edir. Yunus Oğuzun romanlarının təsirindən uzun müddət çıxmaq olmur. Qardaşımı təbrik edirəm, ona can sağlığı və böyük yaradıcılıq uğurları arzulayıram.

Səyyad ARAN,

Milli Məclisin deputatı

Sözə  Tanrının  gözü ilə baxan adam – YUNUS OĞUZ – 65

Sözə  Tanrının  gözü ilə baxan adam

…Qəribə  sakitliyi var. Sükutunun  diliylə danışar adamla. Durğu  işarələriylə  ifadə  edər  çox vaxt  fikrini. Anlayançun gözəl müsahibdi. Əsərlərinin diliylə  öz dili  eynidi. Ahəng  qanunundan kənara  çıxmağı  sevməz.
Dostlara  etibar  edər  sözünü. Elə  Sözüylə də  tanıdar   içindəki  mənini. Tarixinə , kökünə çox  bağlıdı. Türkçülüyə  xidmət edir. Bütöv Azərbaycançılığı  var. Təvazökardı  və eyni zamanda  diqqət mərkəzində  olmağı  da  sevir. Laqeydliyə  qarşıdı.  Daim axtarışdadı  və  hər  gün  özünə  hesabat verməyə  alışıb. Sözünün arxasında  durandı  və  dünyaya  işıq  tərəfdən  baxır.  Elə qələmi  də. İmzası  oxuculara   yaxşı  tanışdı. Yunus  Oğuzdan danışıram. Oxucunu  tarixiylə , köküylə  üz -üzə  qoyan ,  öz cığırından çıxmayan , sözünün  çəkisini  bilən  nasir  Yunus  Oğuzdan. Yazdıqlarında  ədalətə  və  həqiqətə  sığınan yazıçı  Sözə  Tanrının  gözüylə  baxanlardandı. Axı  böyük  Sözə  bəşəri  sevgisi var.  Tarixi  bədiiləşdirmək  , eyni  zamanda   yalansız, boyasız  təqdim   etmək  elə  də asan  deyil.. Bu da  böyük  cəsarət  tələb edir.  Zənnimcə  Yunus  Oğuz  bunun öhdəsindən  peşəkarcasına  gəlir . Bu baxımdan  yazıçının   bütün  əsərləri   geniş  oxucu  kütləsinin rəğbətini   qazanıb .
 “Əmir Teymur” ,”Uçurum”, “Nadir şah”, “Cığır ”  və  başqa  romanlar    yazıçı  təxəyyülünün  məhsulu olsa da  tarixi faktlara  köklənib. . Yunus Oğuzun ədəbiyyatda  öz  dəst -xətti var     və  hadisələrə    yanaşma  tərzi  tamam fərqlidi. Yazıçı  təkrarı sevmir  və  daim axtarışdadı. Tarixə  istinadən yazılan  yazılar  elə də asan  ərsəyə  gəlmir. Hamısı  uzun axtarışların   və  zəhmətin  bəhrəsidi.  Bu yaxınlarda  onun “Türk etnonimi  və törələri ” adlı əsərini ( “TÜRK” etnonimi və törələri )
oxudum və yazıçının yazı manerasına heyran  qaldım. Mən   bu əsəri  türk  etnologiyası  tarixində  ən  qiymətli  tapıntı  kimi   dəyərləndirirəm. Türk  etnonimi, törələr , qanunlar, ilk  ailə  anlayışı, ibtidai  cəmiyyət,  olum , ölüm  , ruh, ibtidai  inanclar  , “Bozqurd “fəlsəfəsi, Oguz  türklərinin yaşam tərzi  və başqa bu kimi  dəyərli  tarixi  faktlarla  zəngin olan  bu əsər  soy -kökümüz haqqında  oxucuya   yeni  məlumat  verir . 
Eyni zamanda  yazıçı   orta  əsr  qadınının   cəmiyyətdə    öz  yeri olduğunu və hadisələrdən kənarda  qalmadığını vurğulayır. Quba xanı Fətəli xanın həyat  yoldaşı Tutibikə xatunun simasında qadınların cəmiyyətdə  tutduğu  mövqedən , onların mübarizəsindən söz açır. İsbat  edir ki, türk  qadını   kölə yox,  cəmiyyətin aparıcı  qüvvələrindən  biri  olub. 
Yazıçı  qədim türk  dövlətlərinin yaranması , coğrafiyası ,  inkişafı  , mübarizəsi haqqında  da    geniş məlumat  verir  ..
Türk  inanclarına  görə Tanrı təkdi.  Türk  törəsinə  görə  hər kəsin cəmiyyət  içində  öz yeri  və mövqeyi var. Türk  ideologiyasına  görə  ailə ocaqdı. Xaqan başda  olmaqla  hər kəs  törələrə  uyğun  hərəkət etməlidi.  Qanunlardan kənara  çıxmaq  olmaz.  Türk  qanunlarında  düzlük  , ədalət , insanlıq  hər  şeydən  öncə gəlir.  Yazıçı bu əsərdə  çox nüanslara  toxunub. 
Müəllif  mənbələrə   əsaslanaraq  həqiqətən  ortalığa  çox gərəkli  və  qiymətli  əsər  qoyub . Bu yazıçının  zəngin tarixi  biliyə   malik  olmasından   xəbər verir. 
Əminəm ki, bu əsər  də yazıçının başqa əsərləri  kimi  geniş oxucu  kütləsi  qazanacaq  və seviləcək. 
Yunus Oğuz  həm  də  “Olaylar” qəzetinin təsisçisidi,  eyni zamanda  gözəl  publisistdi..  Ara-sıra  şeirlər  də yazır. Amma qələmi    nəsrdə  daha  mükəmməldi. Bu da mənim fikrimdi. 
Qarşıdan Yunus  bəyin   doğum günü  gəlir. Bu ərəfədə  onu  yubiley yaşı münasibətilə qəlbən  təbrik edir  və  yaradıcılıq uğurları arzulayırıq.

Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair – publisist

Yunus Oğuz məktəbi

Yunus Oğuz məktəbi

…Hərdən mənə elə gəlir ki, yazıçı-siyasətçi, jurnalist, naşir… Yunus Oğuzun bir əsr yaşı var! Çünki onda gördüyüm dünyagörüş, intellekt, məhsuldarlıq və özünəgüvən yalnız dünyanın hər üzünü yaxşı mənada görmüş bir insanda ola bilər.

O, yaxşı dostdur, sözübütövdür, dəyişməz mövqeyə və münasibətə malik şəxsiyyətdir!

***

Uzun illərdir tanıdığım Yunus Oğuzda diqqətimi daha çox çəkən həm də onun dəyişməz obrazı və özüdür. İctimai rəydə, jurnalist həmkarlarımız arasında olan rəy söylədiklərimə sübutdur. Özü kimi, sözü də bütövdür. Qısası, olduğu kimi görünəndir, göründüyü kimi də olandır. Bu mənada, hesab edirəm ki, jurnalistika sahəsində də Yunus Oğuzun özünün təsis etdiyi bir məktəb var-Yunus Oğuz məktəbi!

Yunus bəyin təmkinliliyi, hər bir problemi öz daxili inamı və gücü ilə həlletmə qabiliyyəti də fərqlidir. İndiyədək görməmişəm ki, hansısa problemin həlli üçün kimlərəsə ağız açsın, müraciət etsin, şikayətlənsin.

“Şikayət” dedim, aramızda olan bir məsələdə bunun şahidi olmuşam. Təsisçisi olduğu “Olaylar” qəzetinin başı üzərində bir problem dolaşırdı, müzakirə əsnasında dedim ki, əlçatan  yaxınlarından birinə məktub göndər, şikayət yaz, kömək edərlər yəqinki. Dedi, yox, şikayət ediləsi bir ünvanım var, o da özüməm! “Mən, ancaq özümdən özümə şikayət edə bilərəm…”.

Yəni, demək istəyirdi ki, problem özünə aiddirsə, ya özün həll elə, ya da şikayətlənmək istəsən, get, dur güzgünün qarşısında, güzgüdə gördüyün o şəxsə nə qədər istəyirsən şikayətlən, ürəyini boşalt!

Bəli, hər kəs özünə aid problemin kökünü bilirsə, həlli yolunu da özü axtarıb tapmağa məhkumdur! Bu həm də sənin nəyə qadir kimliyinin ölçüsüdür!

Yunus bəyin yubiley yaşıdır. Amma əvvəldən dedim, mən onun məhsuldar fəaliyyətini göz önünə gətirəndə deyirəm ki, məncə, onun yüz yaşı var! Ona görə də müdrikliyi ilə gözümdə yüz yaşlı Yunus Oğuzu ürəkdən təbrik edir, ona həmişə özünəgüvənlik arzulayıram.

Asif MƏRZİLİ,

“Təzadlar” qəzetnin və “Tezadlar.az saytının baş redaktoru, Azərbaycan Mətbuat Şurasının üzvü, publisist, yazıçı

Yunus Oğuz sözün həqiqi mənasında, üz tutulası, qapısı döyüləsi bir ziyalıdır

Yunus Oğuz sözün həqiqi mənasında, üz tutulası, qapısı döyüləsi bir ziyalıdır

Tam gənclik illərindən tanımışam Yunus Oğuzu, Milli hərəkat, azadlıq mübarizəsinə qatıldığımız anlardan. Əlbəttə ki, bu tanışlıq o dövrlərdə uzaqdan uzağa, hərəkat dövrünə təsadüf edirdi. Şəxsi tanışlığımız yox idi.
Daha sonralar onun jurnalistlik fəaliyyəti, yazıçılığı, vətənpərvərliyi, haqqında eşitdiyim və müşahidə etdiyim digər xüsusiyyətləri, Yunus Oğuzu şəxsən tanıdıqdan sonra ona dost, ustad deyərək müracəit etməyimə əsas verdi. O, sözün həqiqi mənasında, dost deyərək üz tutulası, qapısı döyüləsi bir ziyalıdır, insandır.
Yadımdan çıxmaz, 2003-cü ildə “Yeni Xəbər” qəzetini yenicə təsis edib, dərc edirdik. Baş redaktor olaraq Yunus bəylə görüşdüm, rəhbərlik etdiyi “Olaylar” İnformasiya Agentliyinin xəbərlərindən istifadə etmək istədiyimi və kömək etməyini istədim. Həmən razılıq verdi, əməkdaşlarına da tapşırdı ki, digər məsələlərdə də kömək etsinlər. Təmənnasız. Onun xeyirxahlığını unutmadım. Əməkdqaşlığımız bu gün də davam edir və mən Müstəqil.Az xəbər portalının yaradıcısı və baş redaktoru olaraq gərəkən zamanlarda artıq dostum olan Yunus bəylə məsləhətləşmələr edir, onun təcrübəsinə və diqqətinə güvənirəm.
Yunus Oğuzun bir yazıçı kimi nəinki Azərbaycan oxucuları, eləcə də ölkəmizdən coğrafi tərəfdən çox -çox uzaqlarda,mənəvi cəhətdən isə bizə yaxın olan ölkələrdə tanınmasına, oxunmasına, sevilməsinə təsadüf etmişəm və sevinmişəm. Bu, Azərbaycan ədəbiyyatının, Azərbaycan yazıçısının tanınması, oxunması və sevilməsidir.
Onun tarixi mövzuda qələmə aldığı romanların müxtəlif illərdə, müxtəlif saylarda, müxtəlif ölkələrdə dərc olunması da bizlərə, xüsusi olaraq, dost kimi mənə qürur gətirən hadisələr sırasındadır.
Şəxsi keyfiyyətləri ilə də çoxlarna örnək olan dostum Yunus Oğuz ömrünün 65-ci ilinin həndəvərindədir. Bu günlərdə ahıllığın gənclik illərinə qədəm qoyacaq. Lakin onunla söhbət etdikdə, yaradıcılığına, yazdığı tarixi romanlarına, türk törələri ilə bağlı publisist və araşdırma yazılarına nəzər saldıqca, oxuduqca  bir daha əmin olursan ki, illər dəyişsə də o həmişə olduğu kimi, yenə də  gənclik enerjisi ilə yaşayıb-yaradır, yeni nəsillər tərəfindən də tanınır və sevilir.

Yunus Oğuz illər öncə, elə indinin özündə də ölkənin ictimai və siyasi həyatındqa ön sıralarda olub. Özünün şəxsi xarakterində olduğu kimi siyasi baxışlarında da dəyişməzliyi ilə çoxlarından fərqlənir və nümunə olaraq yaddaşlarda qalır. Ona uğurlar arzulayır,  uca Tanrıdan uzun ömür və cansağlığı istəyir,  Çox yaşasın, xoş yaşasın, deyirəm.

Faiq Balabəyli,

şair, AYB-nin üzvü, “Müstəqil.az” saytının baş redaktoru

Fazil Mustafa Yunus Oğuzu təbrik etdi

TƏBRİK MƏKTUBU

Hörmətli Yunus bəy,
Sizi – milli fikir və ictimai düşüncə məkanımızda özünəməxsus mövqeyə malik olan tanınmış aydınımızı, söz və fikir adamını 65 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Siz uzunmüddətli, səmərəli fəaliyyət göstərmiş “Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət” ictimai birliyinin qurucu-sədrisiniz. Sizin həyat yolunuz vətəndaş cəmiyyətinə bağlı intellektual aydınımızın, milli-mənəvi məsuliyyət daşıyan qələm sahibinin həyat yoludur. Ulu tarixi köklərə söykənən romanlarınızdan tutmuş, gündəlik ictimai-siyasi hadisələrə çevik və məsuliyyətli münasibət ortaya qoyduğunuz publisist məqalələrinizədək hər bir fəaliyyətiniz vətəndaş cəmiyyətində təfəkkürə çağırış, milli yaddaşa söykənən duruş, ictimai məsuliyyət örnəyidir.

“OLAYLAR” qəzetinin qurucusu və baş redaktoru kimi Siz təkcə mətbuat tariximizə deyil, həm də fikir plüralizmi, azad söz və maarifçi missiya baxımından ictimai fikrə töhfələr vermisiniz. Sizin rəhbərliyinizlə formalaşan media platforması uzun illərdir ki, cəmiyyətin ictimai nəbzini tutan, milli məsələlərə səs verən, maarifləndirici və vətəndaş mövqeyi aşılayan bir tribuna kimi fəaliyyət göstərir.

Biz Sizin və rəhbərlik etdiyiniz media orqanının milli-mənəvi dəyərlərimizin qorunması, vətəndaş cəmiyyətinin gücləndirilməsi və ictimai şüurun yüksəldilməsi sahəsindəki xidmətlərinizi yüksək qiymətləndiririk.

Sizə möhkəm cansağlığı, yaradıcılıqda və ictimai düşüncə məkanımızda yeni uğurlar arzulayıram!
Yubileyiniz mübarək olsun!

Fazil MUSTAFA,

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri 

Tarixin borclu olduğu adam- Yunus Oğuzun 65 yaşına

ALTMIŞ  BEŞİNCİ  YAZI

Tarixin borclu olduğu adam- Yunus Oğuzun 65 yaşına

Salam olsun, çox dəyərli oxucum! Budəfəki qəhrəmanımız bütün Türk dünyasının, Oğuz elinin bir əlində qılınc, bir əlində qələm sözün, kitabın, ədəbiyyatın, mədəniyyətin, tarixin, milli kimliyin keşiyində mərdi-mərdanə dayanmış hünərvər alim oğlu Yunus Oğuzdur.

Yunus Oğuzun özü oldu-olmadı mən bu barədə dəfələrlə müxtəlif tədbirlərdə də demişəm. Yeri gəldikcə deyirəm və deyəcəm. Əsasən gənclərin üstünlük təşkil etdiyi tədbirlərdə bu məsələyə mütləq toxunur və Yunus Oğuz kimi ziyalılardan misal çəkir, belə insanlarımızı nümunə göstərirəm.

Yunus Oğuz sağlığında öz əməllərilə “Gündoğandan Günbatana” dediyimiz böyük türk dünyasının mənəvi aləmində sözdən-kitabdan ayağı bozqın bilinməyən təkində,  başı isə  sonsuz səmanın mavi ənginliklərində itib-batan  nəhəng heykəlini ucaltmış çox azsayl müasirlərimizdən biridir.

Mən Yunus Oğuz imzasını tarix dərsliklərinin demək olar ki, olmadığı bir dövrdə tarixi romanlar müəllifi kimi tanımışam.  Əgər belə demək mümkünsə – doğru olarsa,  tarixi onun yazdıqlarından öyrənmiş bir nəslin nümayəndəsi kimi, Yunus Oğuzu böyük əminliklə tarixin ona borclu olduğu adam adlandırardım. Hələ çox əvvəllər özlüyümdə onun yazdıqlarını Yevgeni Tarlenin “Napoleon”u, Vasili Yanın “Çingiz xan”, “Kurqanlardan gələn işıq” kimi möhtəşəm əsərləri ilə müqayisə etmiş və həmişə bir baş yuxarı bilmişəm.

Yunus Oğuzun yaradıcılığı və bir müasiri olaraq bütün gündəlik fəaliyyəti ilə tanış olarkən qeyri-ixtiyari Timuçinin (Çingiz xanın)  ovcunun içində qançırla doğulması əhvalatını, digər buna oxşar ayrı-ayrı şəxslərin dünyadakı müssiyaları ilə bağlı işarətləri xatırlamaya bilmirsən. Bir var tarix yazmaq, bir də var tarix yaratmaq. Yunus Oğuz tarix yaradanlardandır. Onun missiyası bundan ibarətdir. Bütün yaradılmışlar kimi tarix də ona borcludur.

22 iyulda   Yunus Oğuzun 65 yaşı tamam olur. Bu münasibətlə yazarlar cameəsi adından onu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Zaur USTAC,

“YAZARLAR” jurnalının və YAZARLAR.AZ  saytının təsisçi – baş redaktoru, AVMVİB-nin, AYB-nin və AJB-nin üzvü, şair, publisist

Yunus Oğuz vətənimizdə türkçülük şüurunun gəlişməsində çox işlər görüb

Yunus Oğuz vətənimizdə türkçülük şüurunun gəlişməsində çox işlər görüb

Dostum, qələmdaşım Yunus Oğuzla tanışlığımızın tarixini xatırlamıram. Mənə elə gəlir ki, onunla bir məkanda və bir  zamanda anadan olmuşuq. Cavanlıqdan yox, uşaqlıqdan bəri yol gəlirik və bu yolun sonsuzluğuna inanıram. Yunusun bir sözü var, deyir ki, mən ruh, əqidə, düşüncə qohumluğunu qan, bioloji qohumluqdan üstün sayıram. Mənə görə, düz deyır. Biz onunla ruh qohumuyuq.
Yunus Oğuz vətənimizdə türkçülük şüurunun gəlişməsində, türk kimliyimizi tanımağımızda ideoloji baxımdan çox işlər görüb: istər öz əsərlərində, istərsə davranışında və tarixi romanlarında. O, Azərbaycanımızda tarixi romançılığı inkişaf etdirən yazarlarımızdandır və son illər bir-birinin ardınca uğurlu əsərlər yazır.  “Nadir şah”, “Əmir Teymur”, “Çingiz xan”, “Təhmasib şah” onun qələmində yeni obraz kimi qarşımıza çıxır. Onun Qarabağ müharibəsinə həsr etdiyi, hələki son “Cığır” romanı da oxucularımızın rəfində mühüm yer tutur.
Mən Yunus Oğuzun əsərlərinin çoxunun bədii redaktoru olmuşam və deməli, hamısını da oxumuşam.
O, Azərbaycanda müstəqil mətbuatın yaradıcılarından biridir. Uzun illərdir ki, “Olaylar Holdinq”ə uğurla rəhbərlik edir. Bu redaksiyadan onlarla istedadlı jurnalist çıxıb və indi ölkəmizin müxtəlif mətbu orqanlarında çalışırlar.
Yunus Oğuz etibarlı dost, sirdaşdır. Onun haqqında müxtəlif nəslə mənsub ədəbiyyat biliciləri və həmkarları çoxsaylı yazılar yazıblar. Onların arasında mən də varam.
Yunus Oğuz gözəl babadır.
Dostumun yubiley yaşını təbrik edir, ona can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram…

Elçin HÜSEYNBƏYLİ,

yazıçı

“Tarixi romanların müəllifi, publisist qələmin ustası – Yunus Oğuz 65 yaşında”

Tarixi romanların müəllifi, publisist qələmin ustası

Yunus Oğuz bizim tanınmış yazıçımız, gözəl nasirimiz və daim hadisələrin içində olan publisistimizdir. Onun son illərdə qələmə aldığı tarixi romanlar Azərbaycan cəmiyyətində çox ciddi qarşılanır. Bu əsərlər yüksək qiymətləndirilir. Onlar daha çox Şərq hökmdarları, Azərbaycan tarixinin görkəmli simaları, böyük bir regionda hadisələrin önündə olmuş, tarixi yaradan sərkərdələr və hökmdarlar haqqındadır. Hesab edirəm ki, bu əsərlər xüsusən gənc nəslin maraqla, sevə-sevə oxuduğu romanlardır.
Məsələn, “Nadir Şah”, “Əmir Teymur” kimi romanlar Azərbaycan nəsrinin bu günkü çox ciddi nailiyyətləri hesab oluna bilər. Gözəl tərəfi də budur ki, tarixin ədəbiyyat vasitəsilə, ədəbi nümunələrlə təbliğ olunması dünya nəsrində maraqlı tendensiyalardan biridir. Azərbaycan ədəbiyyatında da bu tendensiya  XX əsrin əvvəllərindən mövcuddur və bu ənənəni bu gün çox uğurla Yunus Oğuz davam etdirir.
Bu romanlar təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında, Orta Asiya respublikalarında da böyük maraqla qarşılanır, yayılır, çap olunur və buna yalnız sevinmək olar.
Onun maraqlı yazı texnikası, tarixi faktlarla işləmə bacarığı, dünənlə bu gün arasında paralellər aparması, tarixi incəlikləri bədii elementlər vasitəsilə bugünkü nəslə çatdırması Yunus Oğuzun bir yazıçı kimi ən gözəl cəhətlərindəndir.
Onu otuz ildən çoxdur tanıyıram. Həmişə fəlsəfə və sosiologiya problemləri ilə maraqlanan, cəmiyyətin bugünkü mənəvi-ekoloji durumunu əks etdirən, problemləri göstərən, Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı gedən tendensiyaları ustalıqla qələmə alan bir publisistdir Yunus Oğuz. Yəni, o, bizim ən məhsuldar publisistlərimizdən biridir.
Demək olar ki, hər hadisəyə münasibəti var, hər problemə xüsusi yanaşması var. Onun püxtələşmiş publisist qələmi bu gün sözün əsl mənasında Azərbaycan publisistikasına və ictimai düşüncəmizə çox ciddi mesajlar verir.
Hazırda özünün ən kamil, ən yetkin yaş dövrünü yaşayır – 65 yaşı tamam olur. Bu münasibətlə əziz dostumuzu, gözəl yazıçımızı, publisistimizi ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram.

Qulu  MƏHƏRRƏML,

Əməkdar jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, professor

Tarixi romançılıqda Yunus Oğuz yolu

Tarixi romançılıqda Yunus Oğuz yolu

Dahi fransız yazıçısı O.Balzak kitablarının birinin müqəddiməsində yazır: “Əsl tarixçi fransız cəmiyyətidir, mən isə ancaq onun katibiyəm”.

Azərbaycan tarixi romanlarından söz açanda bu kəlamı həmişə xatırlayıram və belə düşünürəm ki, Məmməd Səid Ordubadidən başlayan tarixi roman ənənəsi bu gün də uğurla davam etdirilir. Və hər bir romançı Azərbaycan tarixinin müxtəlif qütblərini, həm işıqlı, həm də qaranlıq səhifələrini canlandırarkən məhz katiblik missiyasını yerinə yetirir. Onlar təzədən tarix yaza bilməzlər, ancaq tarixi hadisələrə və tarixi şəxsiyyətlərin həyat yoluna yenidən nəzər yetirib onları bədii şəkildə canlandıra bilərlər. Bu əksetdirmədə tarixi reallıqlarla bədii təxəyyüldən doğan məqamlar bir-birilə vəhdət təşkil etməlidir, V.Q.Belinski demişkən: “Tarixi romana uydurma, hər şeydən əvvəl, şəxsi həyatı, ayrı-ayrı insanların taleyini təsvir etmək yolu ilə daxil olur və tarixlə bağlı hadisələr tək-tək adamların taleyi ilə qaynayıb qarışır”. Amma dəxli yoxdur, istər tarixi reallıqlar, istərsə də yazıçı təxəyyülündən doğan hadisələr, olaylar, obrazlar…bütün bunlar təsvir olunan tarixi dövrün özünün obrazını yaratmalıdır. Bizim ən sanballı tarixi romanlarımızda, istər Ordubadi, istər Y.V.Çəmənzəminli, istər Ə.Cəfərzadə, istər F.Kərimzadə, istər Ç.Hüseynov və istərsə də digər tarixi roman müəlliflərimiz bu prinsipə həmişə əməl etmişlər. Son iyirmi ildə də tarixi roman öz inkişafından qalmamış, yazıçılarımız mövcud ənənəyə sədaqət göstərərək yeni əsərlər yazmışlar.Sabir Rüstəmxanlının, Elçin Hüseynbəylinin, Hüseynbala Mirələmovun, Mustafa Çəmənlinin tarixi romanları bu janrın inkişafında yeni bir dönəmin başlandığını sübut edir. Bu yazıda haqqında söz açacağım Yunus Oğuz da artıq tarixi romanlar müəllifi kimi diqqəti cəlb edir və artıq bu sahədə bir sıra uğurlar əldə etmişdir.

Yunus Oğuzun tarixi romanları (“Nadir şah”, “Təhmasib”, “Əmir Teymur”, “Şah arvadı və cadugər”,  “Sultan Alp Arslan”, “Atabəy Eldəniz”) son 10 ilin məhsuludur və doğrudan da bu rəqəmin özü adamı heyrətləndirir. On ildə yeddi tarixir roman (“Əmir Teymur” iki hissədən ibarətdir) dörd kitabda cəmləşib və əlavə edim ki, “Atilla”, “Altun dəftər”, “Nadir şah” pyesləri də tarixi mövzudadır, o zaman tarixi nəsrimizdə Yunus Oğuz yolunun varlığından söz aça bilərik. Və qəti əminəm ki, XXI əsrin kitaba o qədər də həvəsli olmayan oxucuları bu romanlara biganə deyillər.

Yunus Oğuzu on ildə yeddi tarixi roman yazmağa vadar edən səbəb nədir,-deyə düşündüm.Birincisi, belə güman etdim ki, əsas səbəb onun heç də   tarixçi olmasında deyil, illər boyu ürəyində mürgüləyən, sonrasa birdən-birə ayılan yazıçı şövqünün get-gedə şiddətlənməsidir. Necə ki, bəzi aktyorlar dönüb istedadlı bir rejissora çevrilirlər. Bu məqamda mən Yunus Oğuzun bütün bu romanlarına dəyərli müqəddimələr yazmış akademik Nizami Cəfərovun bir fikrini xatırlayıram: “Yunus Oğuzun çox zəngin elmi-tarixi düşüncəsi var, tarixə dərindən bələdliyi var, tarixlə işləmək mədəniyyəti, eyni zamanda, çox müasir və güclü bədii təfəkkürü var. Tarixdən yazan yazıçı üçün bunların hər ikisi mühüm məsələdir”.

İkincisi, qəti əminəm ki, ən yaxşı, sanballı tarixi romanlarımız böyük vətənpərvərlik duyğusu ilə qələmə alınır və vətənpərvərlik duyğusu istənilən tarixi romanın məzmununa da, bədiiliyinə də təsirsiz qalmır. Yunus Oğuzun tarixi romanlarında da bunu hiss edirik.

Yazıçı üçün tarixi roman qələmə almaq çox məsuliyyətli bir işdir və burada ilk növbədə, əsl istedadla yanaşı, bu istedadı şərtləndirən bir çox arqumentlər də nəzərə alınmalıdır.  O arqumentlər sırasında yazıçının mürajiət etdiyi tarixi dövrü, haqqında söz açdığı tarixi şəxsiyyəti nə dərəcədə dərk etməsi birincidir. Deyim ki, Məmməd Səid Ordubadi Nizami dövrünü və Nizami şəxsiyyətini dərk etməsəydi, kifayət qədər (hətta tarixçilərin bildiyindən də artıq!) məlumatlı olmasaydı, necə deyərlər, təpədən-dırnağa nizamiləşməsəydi, “Qılfınc və qələm” kimi  möhtəşəm bir roman meydana gəlməzdi. Yaxud Yusif Vəzir Çəmənzəminli “Qan içində” romanını yazarkən Molla Pənah Vaqifin yaşadığı dövrə və bu böyük şairin həyatına, yaradıcılıq dünyasına bələd olmasaydı, gözəl bir tarixi roman yarana bilməzdi. XXI əsrin yazarı Yunus Oğuz da bu həqiqəti yaxşı bilir və öz tarixi romanlarını qələmə alarkən, əlində məşəl tarixin qaranlıq hücrələrinə yol alır.

Söhbətimizə xronoloji ardıcıllığa riayət edibən Yunus Oğuzun “Nadir şah”ından başlayaq.Xatırlayaq ki, XIX əsrin sonlarında-1898-ci ildə Azərbaycan dramaturgiyasında ilk tarixi faciə-“Nadir şah” yazıldı.  Onun müəllifi  o zaman bir maarifçi və demokrat kimi tanınan Nəriman Nərimanov idi. Təbii ki, “Nadir şah” faciəsini yazmaq Nərimanova ona görə lazım idi ki, öz maarifçi fikirlərini oxucuya çatdırsın, tarixə müraciət etməklə, əslində, müasirlərinə bir çox həqiqətləri çatdırmaq istəmişdir. Faciədə Nadir şah çox ziddiyyətli bir şəxsiyyət kimi təqdim edilir: həm müstəbiddir, həm də ağıllı bir islahatçı, həm adil bir hökmdardır, həm də oğul qatili.

Heç şübhəsiz, “Nadir şah” faciəsi N.Nərimanovun  dövlət və cəmiyyət, şahlıq və monarxiya, hökmdar və xalq haqqında fikirlərini ifadə etməyə xidmət etmiş və buna o, tamamilə nail ola bilmişdir. Amma Nadir şahın tam və dolğun obrazını bir pyesdən tələb etmək doğru olmazdı. Nadir şahın Azərbaycan tarixində tutduğu mövqe, onun amalları, uğrunda mübarizə apardığı ideallar fajiədə əks olunmamışdır. Ümumiyyətlə, keçən əsrin 90-cı illərinə qədər Azərbaycan ədəbiyyatında şahlara, hökmdarlara qarşı birmənalı şəkildə mənfi tendensiya mövcud olmuşdur. “Nadir şah” faciəsində bu, o qədər də hiss olunmur, amma Nadirin qaçaqçılıq, quldurçuluqla məşğul olması əsərin ilk şəkillərində xüsusilə nəzərə çarpdırılır. Bu da tarixi baxımdan dəqiqləşməyib, bəlkə də yanlışdır.

Yunus Oğuz “Nadir şah” romanında xronoloji ardıcıllığı gözləmiş, Nadirin uşaqlıq yaşlarından ta ölümünə qədər, bir insan-hökmdar ömrünü tam şəkildə əks etdirmişdir. Romana ön söz yazan Nizami Cəfərov qeyd edir ki: “Müfəssəllik, təfsilatın genişliyi, müəyyən məqamlarda hətta saray münaqişələrinin daxilinə girməyə qədər, tarixin məişətinə daxil olmağa qədər, bu üslub M.S.Ordubadinin üslubudur. Elə bil ki, Məmməd Səid Ordubadinin üslubunu Yunus Oğuz yenidən dirçəldir. Çoxlu tarixi romanlar yazılıb. Onların heç birində Məmməd Səid Ordubadi üslubu bu dərəcədə təzahür etməmişdi. Bu da onunla bağlıdır ki, Yunus Oğuz dövrü yaxşı bilir”. Burada bizi maraqlandıran odur ki, Yunus Oğuz da öz qüdrətli sələfi kimi tarixi romanda MÜFƏSSƏLLİK yolunu seçmişdir. Ordubadinin üslubunun təzahürünə gəldikdə bu məqamda N.Cəfərovla mübahisə etmək fikrimiz olmasa da, deyərik ki, Ordubadidə olan üslub “şirinliyi”, majəraçılığa meyl Yunus Oğuzda çox zəifdir.Yəni Yunus Oğuz Nadir şahı çox ciddi planda təqdim edir, əsərdə sevgi macəralarına demək olar ki, yer ayırmır, hadisələri Ordubadi sayağı macəraçılıq səmtinə yönəltmir və s. Nadirin şəxsiyyəti ilə bağlı araşdırmalar və eyni zamanda, onun həyatı, keçdiyi ömür yolu ilə bağlı oxuduğu mənbələr təsəvvürdə NADİR ŞAH  OBRAZInın başlıca cizgilərini yaratmışdır.

Nadir şah qüdrətli bir dövlət yaratdı, itirilmiş torpaqları qılınc və savaş gücünə geri aldı. Bəs niyə ölümündən sonra o dövlət parçalandı, xanlıqlara bölündü, sülalə davam etmədi? Bunun səbəbləri romanda birbaşa göstərilmir, amma təsvirlərdən aydın görünür ki, bu, belə də olmalıydı.Çox güclü bir fatehin, dünyaya meydan oxuyan bir hökmdarın düşmənləri də çox olur. Həm də qılınc hakimiyyətinin zəif nöqtələri çox olur və Nadirin hakimiyyəti də belə zəif nöqtələrlə dolu idi.

Yunus Oğuzun “Nadir şah” romanı böyük fateh haqqında bizim təkcə bildiklərimizi deyil, bilmədiklərimizi də açıqlayır və beləliklə, tamamlanmamış “Tarixi-Nadir” öz bədii-tarixi təcəssümünü də bu romanda tapır.

Yunus Oğuzun “Təhmasib şah” romanı da “Nadir şah”dakı üslubi xətti davam etdirir. Təbii ki, I Şah Təhmasib haqqında tarixi mənbələrdə maraqlı faktlar diqqəti cəlb edir, amma heç bir tarixi mənbədə şahın insani xarakteri, bu xarakteri səciyyələndirən güclü və zəif cəhətləri əks olunmayıb.Yazıçını da tarixçidən ayıran, fərqləndirən elə bu cəhətlərdir.

“Tarixçi dövrün ümumi  ictimai münasibətlərini əks etdirirsə, yazıçı ən çox dövrün psixologiyasını təşrih edir. Tarixçi psixoloq deyildir. Lakin sənətkar psixoloq olmalıdır. Bunsuz tarix elmi yaransa da, tarixi-bədii əsər yarana bilməz. Bir qədər də sadə desək, tarixçi “nələr olmuşdur?” sualına cavab verirsə, sənətkar “nələr ola bilərdi və necə ola bilərdi?” suallarına da cavab verir. Yazıçının vəzifəsi heç də tarixi şəxsiyyətlərin fəaliyyətini başdan-başa izləyib bədii tərcümeyi-hal yaratmaqdan ibarət deyildir (M.Hüseyn)”.

Əlbəttə, Yunus Oğuz bu məlum həqiqəti yaxşı dərk edir və bədii tədqiq hədəfinə çevirdiyi tarixi hadisələri və şəxsiyyətləri bədii təxəyyül süzgəcindən də keçirir. Onun tarixi romanlarında təsvir olunan qəhrəmanlar həm tarixi şəxsiyyətlər, həm də insan kimi dolğun təsir bağışlayırlar.”Nadir şah”da bunu əyani gördük, “Təhmasib şah”da da həmçinin…

Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında tarixi roman ənənələri artıq formalaşmışdır və indi də o ənənənin ən yaşarı xüsusiyyətlərini biz yeni yaranan tarixi romanlarımızda, o cümlədən, Yunus Oğuzun “Təhmasib şah” romanında da görürük. Tarixi həqiqətlərə sədaqət, lakin eyni zamanda, bu həqiqətləri bədii təxəyyül süzgəcindən keçirmək, daha çox tarixlə müasirlik arasında körpü yaratmaq, keçmişlə bugünü bir-birindən ayırmamaq fikrimizcə, əsas məqsəd bunlardır.

İndi isə “Təhmasib şah” romanının özünəməxsus xüsusiyyətləri barədə. Biz, həmçinin bu romanın Azərbaycan tarixi roman ənənələri ilə bağlılığı barədə də söz deyəcəyik.

Fikrimizcə, Azərbayjan tarixi romanlarının bir sıra ən uğurlu nümunələri-“Qılınc və qələm” (M.S.Ordubadi), “Qan içində” (Y.V.Çəmənzəminli), “Xudafərin körpüsü”, “Çaldıran döyüşü”, “Təbriz namusu” (Fərman Kərimzadə), “Bakı-1501”, “Vətənə qayıt”, “Yad et məni” (Əzizə Cəfərzadə)- ilə “Təhmasib şah” müəyyən tipoloji xüsusiyyətlərinə görə bir-birilə bağlı romanlardır. Ona görə ki, bu romanların hər biri həm tarixdən məlum olan şəxsiyyətlər və hadisələr haqqında olsa da, xronika səviyyəsində deyillər. Yəni tarixi hadisələr və şəxsiyyətlər barədə quru, ritorik məlumatlara bədii don geyindirilmir, tarix bizə çağdaş dövrümüzü xatırladır və bu səbəbdən də roman təkcə tarixi-bədii əsər kimi deyil, həm də müasir əsər kimi təsir bağışlayır. Təhmasib şah öz dövründə qüdrətli, əzəmətli bir şah idi və onun timsalında məlum olur ki, dövlətçilik ənənəsinin yaranmasında və möhkəmlənməsində, məmləkətin ədalətlə idarə olunmasında, ən çətin məqamlarda şahlığın, hakimiyyətin və ordunun xalqla birliyində hakim-liderin-şahın əvəzsiz rolu var. Təhmasib şah da atası-Şah İsmayıl kimi hakimiyyətə uşaqkən  (on-on bir yaşlarında) gəlmişdi, lakin o, get-gedə müstəqil ağlı, möhkəm iradəsi sayəsində ağıllı və qüdrətli bir hökmdara çevrilir. Səfəvilər dövlətinin, o zamankı Azərbaycan məmləkətinin düşməni olan Osmanlı imperiyası və Sultan Süleyman dörd dəfə yürüş etmişdi ki, Təhmasib şahı və onun hakimiyyətini sarsıtsın. Ancaq hər dəfə onun yürüşü uğursuzluqla nəticələnir. Nizami Cəfərov haqlı olaraq yazır ki, “Yunus Oğuz Təhmasibin hərbi taktikasına haqq qazındır, o, bütövlükdə ordunu yox, xalqı Sultan Süleymanın qarşısına çıxarır. Ordu ilə qalib gəlmir Təhmasib şah Sultan Süleymana, o, həmişə xalqın gücü, xalqın iradəsi ilə qalib gəlir. Bu, həm tarixin faktıdır, həm də əsərin hadisəsidir”. Yunus Oğuz da öz tarixi romanında Azərbaycançılığı təbliğ edir və bu cəhət açıq şəkildə nəzərə çarpmasa da, biz əsərin ümumi ruhunda bunu hiss edirik.

Yunus Oğuz təsvir etdiyi dövrün (XVI əsr) hadisələrinə heç bir müdaxilə eləmir, yəni məlum hadisələrə özündən yeni bir hadisə əlavə eləmir.

Əgər edirsə də, həmin dövrün tarixi koloritindən kənara çıxmır. Lakin o, tarixi dövrə müasir bədii təfəkkürün işığında yanaşır. O dövr üçün də indiki tək BİRLİK, BÜTÖVLÜK, MÜSTƏQİLLİK ideyası bir konsepsiya kimi mövcud idi. Təbii ki, bu konsepsiya XVI əsr üçün fərqli idi. Maraqlıdır ki, Təhmasib müxtəlif təriqətlərin, ideya-siyasi-fəlsəfi cərəyanların fəaliyyət göstərdiyi, həmçinin bir-birilə dost olmayan müxtəlif tayfaların qarşıdurması zəminində heç də çaşbaş qalmadı. Ağıllı siyasəti ilə BİRLİK İDEYASINA sadiq qaldı.

Müəllifin bir uğuru da ondadır ki, XVI əsr Azərbaycanı haqqında müəyyən tarixi, etnoqrafik, ictimai-siyasi mahiyyətli təsəvvür əldə edirsən. Biz müəlliflə bərabər Təhmasib şahın sarayını seyr edir, buradakı əyanların, vəzir-vüzəranın, ordu başçılarının hərəkətlərini izləyir, bəzilərinin həyat tərzi ilə də tanış oluruq. Biz müəlliflə bərabər Təbriz şəhərini gəzir, sadə peşə adamlarının, zəhmətkeş insanların əhatəsinə düşürük. Xüsusilə, Sultan Süleymanın hər yürüşü zamanı xalqın mətanəti, şaha sədaqəti bizi heyrətə gətirir. Digər tərəfdən, Yunus Oğuz əsrlər boyu qüdrətli bir dövlət kimi formalaşan Şirvan şahlığının süqutunu da, Səfəvilərlə münasibətini də nəzərdən qaçırmır. Yəni Azərbaycan xanlıqlarının o dövrki mövcudluğunu və iddialarını da unutmur.

“Təhmasib şah” həm də xarakterlər romanıdır, lap elə deyək ki, xarakterlər sərgisidir. Başda Təhmasib şah olmaqla, əsərdə dolğun obraz kimi diqqəti cəlb edən nə qədər yaddançıxmaz insanlarla qarşılaşırıq. Biz ilk fəsildəcə ölüm yatağında olan Şah İsmayılın vəsiyyətini dinləyirik: “Mən canımdan çox sevdiyim Azərbaycanımı tam birləşdirə bilmədim. Şirvanı və Şəkini nəzərdə tuturam. İndi bu şərəfli iş sənin öhdənə düşür. İnanıram ki, sən bunu edəcəksən. Bunu etmək üçün yeddi Oğuz tayfasını öz ətrafında cəmlə.  Çalış ki, heç zaman səndən uzaqlaşmasınlar. Mən Rumlu, Qacar, Avşar, Zülqədər, Təkəli, Ustaclı, Şamlı tayfalarını deyirəm. Onlar sənin döyüşən qolların, səltənətin isə dirəkləridir”. Bu sözlər-bu vəsiyyət, əslində romanın ideyasını, Təhmasib şahın yolunu, amalını işıqlandırır. Romanın ideyası elə bunun üstündə qurulmuşdur.

Lap ilk fəsillərdə-Təhmasibin hələ bir şah kimi özünü tam dərk etməməsi mərhələsində Div Sultanla Köpək Sultanı xatırlayaq. Onların hər birinin içində şahlıq iddiası yaşayır və hər biri də bu iddianın qurbanına çevrilir. Sonra Çuxa Sultan gəlir, o da iddiasının tələsinə düşür. Müəllif bunların, eləcə də, Təhmasibin qardaşları olan Sam Mirzənin və Əlqas Mirzənin ürəyinin içini görür, onların ŞAH OLMAQ xəyalları ilə real həyatdakı görünüşləri, hərəkət və rəftarı arasında ziddiyyəti qabardır. Əsərdə Təhmasibin digər düşmənləri də var və müəllif onları da nəzərdən qaçırmır. Təhmasibə qulluq göstərib sonra düşmən tərəfə keçən Üləma bəy Təkəli belə obrazlardan biridir. Məqsədi budur ki: “Qızılbaş və Osmanlı dövlətləri arasında, birinci mərhələdə mərkəzi Bidlis olmaqla Qars, Ərzurum, Diyarbəkir, Van, Qərbi Azərbaycan ərazisində yarımmüstəqil bir bəylik yaratsın. İkinci mərhələdə isə bu yarımmüstəqil dövləti müstəqil dövlətə çevirsin. Ancaq o, bu məqsədləri ürəyində saxlayır, Osmanlı sultanına həmişə öz sədaqətini izhar edirdi”. Üləma bəy Təkəli Sultan Süleymana sığınır və onun yürüşlərində fəal iştirakçıya çevrilir, amma niyyəti puça çıxır.

Bu obrazlara tarixi baxımdan yanaşaq. Onları heç də miskin, şərəfsiz insanlar kimi qınaq hədəfinə çevirmək olmaz. Hər biri özünə görə ağıllı və qüdrətli insanlardır və təbii ki, hər birinin içində şahlıq iddiası baş qaldıra bilər. Lakin məsələ burasındadır ki, xəyalları və arzuları ilə real gerçəklik arasında böyük bir uçurum var. Şahlığa layiq olmayan şahlıq iddiasına düşür və bu da onu məhvə sürükləyir.

Təhmasibin həyatı, şahlığı…bunların sonadək izlənilməsinə gəlincə, deyək ki, Sultan Süleymanla sülh müqaviləsi bağlanandan sonra romanda hadisələr də qapanır, bundan sonra hadisələrin təsvirini qısa bir xronika əvəz edir. Oxuyuruq: “Həyatda nəyə can atmışdısa, ona nail olmuşdu. Özünün şahlıq dövrünü özünə halal hesab edirdi. Atasının yanına üzüağ gedə bilərdi. Özündən sonra böyük Azərbaycan miras qoyacaqdı.Əsası qaraqoyunlulardan başlanan bütöv Azərbaycanı bir böyük ölkə halına gətirmək ideyasını yalnız Təhmasib şah tam həyata keçirə bilmişdi. O, Şirvanşahlar və Şəki vilayətini, həmçinin Tiflisi öz hakimiyyətinə aldı və əraziləri Azərbaycan torpaqlarına qatdı. Yalnız bir arzusunu həyata keçirə bilməmişdi: doyunca şeir yazmağı, incəsənətlə məşğul olmağı. Bunun zamanı çatanda artıq buna kifayət qədər təbi və hövsələsi qalmamışdı. Buna da çox üzülmürdü. Gördüyü işlər daha möhtəşəm idi”.

Biz romanın sonunda belə bir möhtəşəm şahla vidalaşırıq.  Mənəvi babalarımızdan biriydi o.

İndi isə Yunus Oğuzun “Əmir Teymur” romanından qısaca söz açaq. Roman iki kitabdan ibarətdir: I kitab “Zirvəyə doğru”, II kitab “Dünüanın hakimi” adlanır.

Əlbəttə, tarixi şəxsiyyətin miqyas və böyüklüyünə görə, Əmir Teymur Nadir şahdan da, Təhmasib şahdan da qat-qat güclüdür, təkcə Şərq dünyasında deyil, bütün dünyada tanınan, sağlığında heyrətamiz bir şəxsiyyət kimi (burada fateh, basılmaz sərkərdə, həm də elmin, mədəniyyətin, şəhərlərin çiçəklənməsi üçün çalışan ədalətli, sivil bir hökmdar ifadələri yerinə düşür) dərk və etiraf olunan fövqəladə insan idi.

Təbii ki, Teymur haqqında çox yazıblar. Bu yazıların hər birində son dərəcə güclü bir şəxsiyyətin taleyindən söz açılır və istər obyektiv, istərsə də qərəzli və subyektiv reallıqları əks etdirsin, o əsərlərin hamısında ƏMİR TEYMUR nəhəngdir.Ancaq hər bir yazıda (söhbət bədii və publisistik əsərlərdən, tarixi xronikalardan gedir-V.Y.) Əmir Teymurun nəhəngliyi, fatehliyi özünəməxsus çalarlarla diqqəti cəlb etməlidir. Yunus Oğuzun romanında Əmir Teymura, onun şəxsiyyətinə, apardığı siyasətə böyük rəğbət hissi duyulur və müəllif sadəcə, onun keçdiyi savaş yolunu, apardığı müharibələri, daxili və xarici siyasətini izləməklə kifayətlənmir, həm də öz qəhrəmanını bütün bu məsələlərdə haqlı sayır. Buna səbəb odur ki, dünyanı lərzəyə salan Teymur ölkələri, şəhərləri qəsb etdiyi qədər də quran, tikən, yaradan bir şah olub. Şərq ölkələrində indi misilsiz tarixi abidələr kimi qorunan  saraylar, mədrəsələr, türbələr, məscidlər məhz Teymur zamanında inşa olunubdur.

Romanda Teymurun xarakteri, bir insan və hökmdar kimi özünəməxsus keyfiyyətləri Tacir Ağbabanın dili ilə belə səciyyələndirilir: “Əmir Teymur ona tabe olmayanlara qarşı çox qəddardır. Tabe olmadınsa, axırına çıxmayana qədər rahatlıq tapmayacaq. Bu zaman onun üzünü görməsən yaxşıdır. Hər yan dağılar, hər yan yandırılar.

Mərhəmətlidir, ona görə ki, əfv edə bilir. Ən qatı düşmən də onun qarşısında diz çökdükdə, günahını boynuna aldıqda, səhvini etiraf etdikdə, onu bağışlayır, var-dövləti əlindən tamam almır.

Xəsisdir, ona görə ki, bir quruşunun da qədrini bilir, hamısının hesabatını aparır. Boşuna para xərcləməz. Özü istəməsə, heç kimə heç nə verməz. Bütün tutduğu yerlərin haqq-hesab dəftərini özü yoxlayır.

Səxavətlidir, ona görə ki, yığdığını müəyyən işlərə, məscidlərin tikilməsinə, bəxşişlərin verilməsinə xərcləyir.

Güclüdür, ona görə ki, məğlubedilməz ordusu var. Onun ordusu onun yumruğu kimi bir şeydir. İstəyəndə hamısını birdən yumur, hamısını birdən açır. Orduda elə qaydalar qoyub ki, hətta təzə gələn döyüşçü də onun əmrini sözsüz yerinə yetirir-ölümə getmək olsa belə. Gücü həm də onun başındadır. Çıxılmaz vəziyyətlərdə onun başı o qədər dəqiqliklə işləyir ki, təəccüb etməyə bilmirsən.

Zəifdir, ona görə ki, o, təkdir. Məvrannəhrdə onu əvəzləyəcək insan, başqa bir əmir yoxdur. Yaxınlarına, ətrafına böyük sevgisi var. Onların başına bir iş gələndə üzülür, bir neçə gün özünə gələ bilmir.

Nifrəti böyükdür, ona görə ki, sevdiyi iş, onun qoyduğu qaydalar pozulanda bağışlamır, hətta ən yaxını olsa belə. Onun sevgisi ilə nifrəti arasında ipək pərdə qədər məsafə mövcuddur”.

Qəddar. Mərhəmətli. Xəsis. Səxavətli. Güclü. Zəif. Nifrəti böyük. Bütün bu xasiyyətlər yalnız bir adamın subyektiv fikridir, biz bunun tarixi reallıq baxımından nə qədər doğru olub-olmadığının fərqinə varmırıq. Amma inanırıq ki, Əmir Teymur kimi son dərəcə ziddiyyətli bir insanda bütün bu müsbət və mənfi xüsusiyyətlər əks olunub. Yunus Oğuz da romanda mümkün qədər Teymuru belə bir mürəkkəb kompleksə malik bir şəxsiyyət kimi təqdim etməyə çalışır.

Tarixi roman müəllifi mütləq öz əsərlərində tarixi kolorit yaratmalıdır. Bunu M.S.Ordubadi bacardı, bunu Yusif Vəzir bacardı, Əzizə Cəfərzadə, Fərman Kərimzadə də bacardı, Yunus Oğuz da cəhd edir. Tarixi kolorit deyəndə təbii ki, təsvir edilən dövrün adət-ənənələri, sarayda və xalq arasında yaşanan özünəməxsus dil, məişət, davranış xüsusiyyətləri başa düşülür. Bu cəhəti Nizami Cəfərov da doğru sezib: “Bu dövr (“Nadir şah”dan söhbət gedir-V.Y.) bir milli düşüncənin çiçəklənməsi dövrüdür. Xalqın həyatının, məişətinin, xalq yaradıcılığının ön plana çıxması dövrüdür. Bunu da Yunus Oğuz romanda xeyli dərəcədə ifadə edə bilir. Bu ifadə onda özünü göstərir ki, o dövrün böyük sənətkarlarının adı çəkilir, müəyyən etnoqrafik detallar verilir. Məsələn, Nadir şahın oğlunun toyunda xalqın içərisindən gəlmiş qavaldaş ifaçısından başlamış Xəstə Qasıma qədər onların epizodik şəkildə olsa da, kifayət qədər maraqlı obrazları yaranır. Eyni zamanda, romanın özünün strukturunda bir dastançılıq, bir epos ruhu var”.

Yunus Oğuz son dörd ildə daha məhsuldar işləmişdir. O, “Şah arvadı və cadugər”, “Sultan Alp Arslan” və “Atabəy Eldəniz” tarixi romanlarını qələmə almışdır. Bu romanlar türkçülük və azərbaycançılıq ideyalarını möhkəm və davamlı şəkildə əks etdirir. Yenə də bu həqiqəti söyləməyi lazım bilirik: Yunus Oğuz tarixi, tarixi hadisələri, tarixi şəxsiyyətləriideallaşdırmaq fikrindən uzaqdır. O, sadəcə olaraq  tarixin üzərindən sirli, müəmmalı örtüyü çıxarıb atır. Bizi həqiqət işığına çəkib aparır. Tarixi romanda müəllifin nə dərəcədə yazıçı və nə dərəcədə tarixçi olmağı mühüm əhəmiyyət kəsb edir. Bunlar vəhdət təşkil edirsə, əsl tarixi roman meydana çıxır. “Şah arvadı və cadugər” romanında Yunus Oğuzun istifadə etdiyi bədii təsvir vasitələri, təhkiyyə üsulunun cazibədarlığı və Ordubadi üslubuna xas olan müəyyən xüsusiyyətlərin nəzərə çarpması romanın tarixilik prinsipinə qətiyyən xələl gətirmir. Nizami Cəfərov bu romana həsr etdiyi məqaləsində haqlı olaraq qeyd edir ki: “Bu əsər Yunus Oğuzun əvvəlki əsərlərindən daha mükəmməldir, rahat oxunur, hadisələr oxucunu çəkir. Elə bil xüsusi bir dünyaya düşürsən. Yunus Oğuz bu hadisələr, bu münaqişələr, bu münasibətlər dünyasının tam hakimi və müəllifidir. Yəni mən bunu heç bir tarixi romanda görməmişəm… Müəyyən epizodlar, detallar, təsvirlər var. Olduqca istedadla yazılıb, istedadla yaradılıb”. Qeyd edək ki “Şah arvadı və cadugər” romanı Azərbaycan tarixində yer tutmuş Səfəvilər hakimiyyəti dövründən bəhs edir.

Yunus Oğuzun  “Sultan Alp Arslan” əsəri də müasir tarixi romanlarımızın maraqlı bir nümunəsi kimi diqqəti cəlb edir. Bu roman Yunus Oğuzun təkcə mükəmməl bir yazıçı olmağını deyil, həm də mükəmməl bir türkçü kimi diqqəti cəlb etdiyini də nəzərə çarpdırır. Romanın  hər bir səhifəsində Yunus Oğuzun türkçülük dünyasının zəfərləri ilə qürur duyduğunun, təsvir etdiyi qəhrəmanların möhtəşəm xarakterləri ilə fərəhləndiyinin şahidi olursan. Ancaq  bütün bunlar müəllifi ifrat aludəçilik həddinə aparıb çıxarmır.

Yunus Oğuzun “Atabəy Eldəniz” əsəri onun əgər belə demək mümkünsə, mürəkkəbi qurumamış romanıdır və bu roman haqqında iki həmkarım – Nizami Cəfərov və İsa Həbibbəyli mətbuatda geniş məqalələrlə çıxış etdiyindən üzərində çox dayanmayacağam. Bunu söyləyə bilərəm ki, Yunus Oğuz bizim böyük tarixçimiz akademik Ziya Bünyadovun tarix elmində gördüyü o möhtəşəm işi bədii ədəbiyyatda reallaşdırmağa çalışmışdır…

Yunus Oğuz Azərbaycan tarixi romanının XXI əsrdə yeni və maraqlı səhifələrini yaradan bir müəllifdir, onun mövzuları tarixin ən qədim köklərinə, qatlarına gedib çıxır – amma müasir bədii təfəkkürün işığı ilə.

Bu yolda Yunus Oğuza yeni uğurlar arzulayıram.

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru