Etiket arxivi: YUNUS OĞUZ

“Türk” etnonimi və törələri – YUNUS OĞUZ yazır

“Türk” etnonimi və törələri

(On ikinci yazı)

Əvvəli burada: “Türk” etnonimi və törələri – YUNUS OĞUZ yazır

Yuxarıda qeyd etdiyimiz kimi türk cəmiyyətinin nüvəsi ailə idi və bu alənin əsasını ata-ana-usaq təşkil edirdi. Ata-ananın üç əsas vəzifəsi vardı:

1.    Övladı halal  qazancla  yedizdirmək, ləyaqətlə yetişdirmək, böyütmək, cəmiyyətin bir hissəsi etmək;

2.    Övladı cəmiyyətin bir hissəsi etmək üçün dövrün tələbinə uyğun olaraq tərbiyə etmək, törələri mənimsətdirmək, qorxmaz döyüşçü kimi böyütmək;

3.    Övladı evləndirmək, yaxud ərə vermək.

Ata-ananın yazılmamış bu vəzifələri min illərdir nəsildən-nəsilə keçir, zamana uyğun olaraq dəyişikliklər olsa da, mahiyyəti dəyişmirdi. Elə indinin özündə də dünyanın qloballaşmasına baxmayaraq, türk dünyasında ata-ananın bu fundamental vəzifəsi dəyişməmişdir.

İslamaqədərki dövrdə türk qadınları üzlərini, (elə islamın ilk çağlarında da) gizlətmirdirlər. Törəyə uyğun olaraq qızın razılığı olmadan xaqan da olsa ona ərə getməzdi.

Oymaqda, obada “bayramlar, yarışlar və digər mərasimlər zamanı “qız”, yaxud “oğlan” bəyənmək prosesi gedirdi. Ola bilərdi ki, qız və oğlan uşaqlıqdan bir yerdə böyüsünlər, sonradan bir-birlərinə könül versinlər.

İslam dövründə isə bu qaydalar qismən dəyişikliyə məruz qaldı. Belə ki, şəhərdə oturub yaşamaq istəyən türkləri öz soydaşları “duraq” adlandırırdı. Bu, o anlama gəlirdi ki, şəhərdə yaşamaq istəyən türklər, axınçılığı dayandırır, daha yürüşlərdə iştirak etmirdilər, yəni dayandı, durdu.

İslam dövründə şəhərdə yaşayan türklərin qız bəyənmək prosesi islam dövründə başqalaşdı.

Yuxarıda qeyd etdiyimiz kimi türk ailəsində, nəslin davam etdirilməsində əsas məsələ sağlamlıq hesab edilirdi. Buna görə də islamiyyət dövründə “qız bəyənmək”  prosesi hamamdan başlayırdı. Qızın bədən düzlüyünü, əyriliyini, yarasını, xorasını, təmizliyini hamamda yuyunmaq prosesi daha tez üzə çıxarırdı. Adətən, “araçı” vasitəsilə bəyin anası gələcək gəlininə göz yetirir, vücudunun sağlamlığına, dilinin şirinliyinə, acılığına, oturuşuna, duruşuna diqqət yetirirdi.

Bir-birini sevən gənclərin evlənməsinə (təbiidir ki, ata və anaların razılığından sonra) “qovuşmaq” deyilir. Qızın bakirəliyi bu evlənmədə xüsusi əhəmiyyət kəsb edir və qədim türklərdə bu “qapaq” adlanırdı.

“Araçı” vasitəsilə oğlan evindən ana qız evinə təşrif aparırdı. Buna “ağız aramaq” deyirdilər. “Ağız aramaq” bir neçə gündən, bir neçə aya qədər çəkə bilərdi.

Bundan sonra “araçı” ilə oğlan evinə xəbər göndərilirdi ki, gərək qızın da ağzını arayaq, atası ilə məsləhətləşək. Hər iki tərəf razılığa gəldikdən sonra, oğlan evi elin ağsaqqalı, ağbirçəyi başda olmaqla qız evinə yollanırdılar. Bəzən qız evi naz edir, oğlan evini əliboş geri qaytarır, deyilirdi ki, bir fikirləşək. Amma yenə də razılıq olurdusa, oğlan evi bilirdi ki, bu dəfə qızı verəcəklər. “Araçı” bu aralarda çox fəal olurdu. O zaman oğlan evi erkək heyvana qırmızı lent bağlayıb qız evinə yollanırdı.

Razılıq zamanı qız atası “verdim”, oğlan evi isə “aldım” deyər, bununla da vədə sadiq qaldıqlarını bildirərdilər. Bundan sonra evlilik və toy müzakirəsinə başlayırdılar. Oğlan evi sosial vəziyyətinə görə qız evinə başlıq verirdi. Bundan əlavə “südlük”, “qan bahası” deyilən ödəmələr, yaxud hədiyyələr olurdu. Gəlinin ata-anasına, qardaş və bacılarına da hədiyyələr verilirdi, buna “ağırlıq” deyilirdi.

Bütün bunlara “kalın” deyilirdi. Sonralar bu sözü “kalım” kimi işlətdilər və indi də işlək sözdür. Yenə sosial vəziyyətdən asılı olaraq “dünir”lər (qudalar) qız toyunun xərcinin bir hissəsinin oğlan evi tərəfindən ödənilməsini müzakirə edirdilər.

Beləliklə, evlənmə bir necə mərhələdən keçir:

1.    Qızaxtarma (bəzən oğlan və qız bir-birlərini sevir, anaya bu barədə bildiriş verirlər.)

2.    Qızbəyənmə (oğlan və qızın bir-birlərini bəyənməsi hələ heç nəyi həll etmirdi. Lazım idi ki, ata-ananın da razılığı olsun).

3.    Elçilik.

4.    Toy mərhələsi

Toy mərhələsi iki yerə bölünürdü; qız toyu, oğlan toyu.

Qız toyundan sonra qız rəsmən gəlin sayılırdı. Əsasən qadınların iştirak etdiyi bu toyda gəlinə müxtəlif hədiyyələr verilirdi. Qırmızı gəlinlik paltarı geyinən qız, başına “didim” deyilən tac qoyurdu. Bəyin “sağdışı və soldışı” olduğu kimi, “qız toyu”nda da gəlinin “sağdışı”, “soldışı” olurdu. Adətən sağdış evli, soldış isə subay olurdu. Gəlinin üzünü örtən duvağa isə “didək” deyilirdi.

Türklərdə “bəy və gəlin otağı” qabaqcadan hazırlanırdı. “Qız toyu”ndan sonra gəlinin ata-anası tərəfindən verilən cehiz “bəy və gəlin otağı”na daşınırdı. Gəlinin cehizi bəy evinə daşındıqdan sonra qadınlar gətirilən əşyaları bir-bir nümayiş edirdilər. Qadınlardan biri əşyanı qaldırıb “Bu onun filan əşyası” deyəndə yerdəkilər “Tanrı mutlu etsin”, yaxud da “Allah mübarək eləsin” cavabını verərdilər. Gəlinin gətirdiyi cehiz onun öz malı hesab edilirdi. Gəlini bəy evinə at üstündə gətirərdilər. O atdan enərkən bəy tərəfindən verilən qulluqçunun çiyninə söykənirdi. İzdivac zamanı oğlan tərəfindən qızın bakirəliyini təsdiq etmək üçün “yengə” deyilən bir qadın təhkim olunurdu. Bundan sonra deyirdilər: “Qadın bəy sahibi oldu.”

Qız toyundan bir neçə gün öncə “paltarbiçdi” deyilən mərasim keçirilirdi. Oğlan evinin adamları qız-gəlingilə gəlir, hazırladıqları geyimi, bəzək əşyalarını, şirniləri onlara təqdim edirdilər. Əgər bu gəliş bayram günlərinə düşürdüsə, o zaman əlavə olaraq qızıl əşyalar və xınalı qoç gətirirdilər. Gətirilən əşyaları burada da mərasimə gələnlərə göstərirdilər.

Oğlan evində toya bir gün qalmış qız evində “xınayaxdı” mərasimi keçirilirdi. Bölgələrdən asılı olaraq bu mərasim müxtəlif cür keçirilirdi. Qızın əl-ayağına xına qoyulur, sonra isə gələnlər əllərinə xına yaxardılar. “Xınayaxdı” mərasimində müstəsna olaraq qız-gəlinlər, qadınlar iştirak edirdilər.

Gəlini bəy evinə aparmağa gələndə bəyin kiçik qardaşı onun belinə qırmızı lent bağlayırdı.

Qız həyətinə çalğıçı dəstəsi gəlir, bununla da bildirmək istəyirdilər ki, bu gəlin bəy evinə aparılacaq. Bəy gözə görünməz, gəlin arxasınca özü gəlməzdi.

Gəlini bəy evinə aparanda “qabaqkəsdi” adəti də vardı. İstənilən böyük-kiçik gəlinin qarşısını kəsib “nəmər”, “xələt” istəyirdi. Oğlan evinin çibindən, qurşağından nə çıxardısa onu verərdi. Gəlin həyətə daxil olanda onun başına şirni atırdılar ki, həyatı şirin olsun. Bəzi bölgələrdə isə meyvə qurusu da səpirdilər.

Gəlin evə, yaxud çadıra daxil olmamış bir qaşıq bal yedizdirirdilər ki, şirin övladları olsun. Gəlin duvaqda olar, oğlan toyu qurtarana qədər otağından çıxmazdı.

Oğlan evində toy günündən bir gün öncə heyvanlar kəsilər, çadırlar qurular, toy hazırlığına gələn dostlar-tanışlar, qohumlar vəzifələri bölüşdürərdilər. Yemək  və şənlik çadırları ayrılıqda qurulardı. Oğlan toyunda, eləcə də qız toyunda oba, kənd ellilikcə  iştirak edərdilər.

Toy günü bəy sağdış, soldışla “bəy hamamı”na gedərdi. Hamamda saclarına, saqqalarına düzən verər, təzə paltarlar geyinərdilər. Daha sonra bəyi toy mağarına aparardılar, yaxud bir otaqda gözlətdirərdilər. Bu zaman sağdış və soldış onun ayrılmaz hissəsi olurdu.

Bəyin soldışı evli, sağdışı isə subay olmalı idi. Bu, o anlama gəlirdi ki, bəy subay həyatından evliliyə qədəm qoyurdu. “Bəy toyu” üç gün, üç gecə keçirilərdi. Hətta daha imkanlılar “Dədə Qorqud” dastanında deyildiyi kimi “qırx gün, qırx gecə toy-düyün eylədilər”.

Toyda ozanlar (aşıqlar) söz sözləyər, söyləmələrinə (şeirlərinə) möhür vurar, qıfılbənd deyər, bir-birlərini bağlamağa çalışardılar.  Kim məğlub olurdusa, qopuzu (sazı) əlindən alınar, bir daha qalibin yanında söz söyləməzdi. Aşıqlar dastan söyləyər, uzun toy gecəsində iştirak edənlər intizarla gözləyərdilər ki, hadisələrin sonu nə ilə nəticələnəcək. Bundan əlavə toyda zurna-balaban və nağara dəstəsi də iştirak edərdi. Əsasən gənclər halay tutar, toy mağarına xüsusi bir şirinlik və şənlik gətirərdilər. Toyda gənclər əsasən qımız və şərab içər,  xoşagəlməz hərəkətlərə yol verməzdilər.

Mağarda toyu idarə edən hörmətli adama “toybaşı”, yaxud “sərpayı” deyirdilər. O adətən toyun düzənini qorumağa çalışar, oynayıb yorulanları başqaları ilə  əvəz edərdi. Mağarda heç kim onun sözündən, əmrindən çıxa bilməzdi.

Gündüzlər toyda at, ox, güləş (qurşaqtutdu) yarışları keçirilərdi. Qaliblərə ya bəy, ya da atası tərəfindən mükafatlar verilərdi.

Toy mərasimində heç bir dini mövzu haqqında danışılmaz, dini söhbətlərə icazə verilməzdi. Bu da onu göstərirdi ki, dinin törələrə təsir gücü yox dərəcəsində idi.

Mərasimin sonuncu günü “bəy tərifi” başlayardı. Bəyi sağdış və soldışla birgə otuzdurar və bəy tərifi başlanardı. Toybaşı növbə ilə adları çəkər, aşıq da “Gəlsin xələt versin bəyin filankəsi” deyərdi. Bu gələnəklər günümüzə qədər gəlib çıxmış və təəssüflər olsun ki, artıq unudulmaqdadır.

Yadımdadır, məsələn bəy tərifi deyən aşıq söylərdi:

Bakıdan yol gedir Duvannı, Ələt

Gəlsin xələt versin bu təklə Bələd.

Adları çəkilənlər də imkanları daxilində xələt verər, bəyin evliliyinə dəstək verərdilər. Daha əvvəllər isə tərəkəmə həyatı yaşayan bəy və gəlinə yeni çadır qurular, oturaq türklər üçün isə, əgər evin böyük oğludursa ev tikilər, həm də evin qurulmasına elliliklə kömək edərdilər.

Toydan üç gün sonra bəy və gəlin gərdəkdən çıxıb evdəkilərin üzlərinə görünürdü. Buna “üzə çıxdı” deyirdilər. Bu zaman oğlan evi gəlinə qiymətli hədiyyələr verərdi. Gəlinin ata-ana evinə ilk gedişinə “ayaqaçdı” deyirdilər. Bu dəfə isə bəyə hədiyyələr təqdim olunurdu. Beləliklə, evlilik və möhkəm qurulmuş ailə həyatı başlayırdı.

Toy mərasiminə yekun vuraraq elə bölümü  F.Ağasıoğlunun sözlərilə tamamlamaq istəyirik: “Göründüyü kimi, evlənmə, toy gələnəyilə bağlı “bəy, gəlin, söz alma, elçi, elçi daşı, başlıq, cehiz, duvaq, yançı, yengə, qayın, qaynata/qaynana, baldız, günü, kürəkən, damad, yeznə, sağdış, soldış, quda, toy gecəsi, toy xınası, xınayaxdı, paltar biçdi/kəsdi, ayaqacdı, bəy hamamı, bəy tərifi, bəy toğlusu, toybaşı” və sair bu kimi onlarla söz vardır. Bu terminlərin əvvəlki leksik anlamının öyrənilməsi çox önəmlidir, çünki belə etnoqrafik sözlər bizi xalqımızın qədim gələnəklərinə aparıb çıxarır…”

Ardı burada: “Türk” etnonimi və törələri

MÜƏLLİF: YUNUS OĞUZ

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Türk” etnonimi və törələri – YUNUS OĞUZ yazır

“Türk” etnonimi və törələri

(on birinci yazı)

ƏVVƏLİ BURADA: “Türk” etnonimi və törələri – YUNUS OĞUZ yazır

Türklərdə dəfn törənləri

Qədim türklərdə “ölüm” başqa bir anlam verir. Ruhun vucuddan çıxdığını, başqa dünyaya, yəni yeni bir dünyaya köcdüyünü bildirir. İnsan ölmür, həyatını davam etdirir. Bir sözlə, insanın ruhu əbədidir və o, hər zaman, hətta o dünyada da bizimlədir. Daha doğrusu, “ölüm”ün ruhunun o biri dünyaya keçməsi, o deməkdir ki, ruh əbədidir, o cümlədən də insanın “ölüm”ü ölüm deyil, başqa bir həyata keçiddir. Bu anlamda ruhun əbədi yaşaması millətin yaşaması deməkdir. Bu inanc fəlsəfəsi, əslində qövmün daha güclü olması yolunu göstərir, çünki türk döyüşlərlə, savaşlarla deyil, həm də ruhu o biri dünyaya köçənlərin onlara yardımçı olması ilə daha da güclü olması ideyasına əsaslanır. Əslində bu inanc fəlsəfəsi çox bəsit fikirlərlə də təsdiqlənə bilər: “Keçmişinə daş atma, gələcəyini oxa tutarlar: “Bu baxımdan qədim türklərdə dəfn törənləri (mərasimləri) keçmişlə gələcəyi birləşdirən bir əsasdır, amildir, faktdır desək, yanılmarıq.

Bu baxımdan əski türklər cənazə mərasimləri təşkil etmiş, müxtəlif rituallar həyata keçirmişlər. Bu mərasimlər həm islamdan öncə Şaman və Göytanrı inanclarına uyğun kecirilmiş, həm də bu inancların bəzi elementləri islama da gətirilmişdir.

İbn Fadlan onuncu yüzildə Orta Asiya və İtil (Volqa) ərazilərini gəzərkən Oğuz və başqa türk toplumlarının yaşam tərzini və rituallarını qələmə alaraq qeyd edir ki, oğuzlar ölülərini xüsusi bir törənlə dəfn edirlər.

Ölü öncə təmizlənir (İbn Fadlan təmizləmək deyəndə nəyi nəzərdə tutduğunu yazmır; silinir, yuyulur, yoxsa başqa bir vasitələrdən istifadə edilir?) və gündəlik həyatda istifadə etdiyi paltar geyindirilir. Xüsusi olaraq çuxa geyindirilir və yanına ox-yay qoyulur. Bu ölən kəsin döyüşçü kimliyini və o dünyada bu vəzifəni daşıyacağı inancını bildirir. Ayrıca olaraq ölən kəsin əlinə dolu taxta qədəh verilir. Qədəhin içində “nəbiz” deyilən bir içki olur. Bu içki qurudulmuş üzümdən, qurudulmuş xurmadan, arpa və darıdan hazırlanır. Onun önünə “nəbiz” dolu taxta qab da qoyulur. Bu ona görədir ki, ölən kəsin o biri dünyaya yolçuluğunda ehtiyaclarını ödəyə bilsin.

Bundan sonra ölənin heyvanlarının sayına görə birdən yüzə, iki yüzə qədər qurban kəsirlər. Ətlərini yeyib, başlarını, ayaqlarını, dərilərini və quyruqlarını ayırır, bunları kəsilmiş ağaclar üzərində qəbrin başına asır və bunlar ölünün cənnətə gedərkən minəcəyi heyvanlardır, – deyə düşünürdülər.

Əski türklər, xüsusən də önəmli insanlar üçün məzar anıtları və heykəllər ucaldırdılar. Bunlara Balba, yaxud Daşbaba deyirdilər.

Səyyahlar, elçilər, dövrü qələmə alan yazarlar daşbabalar haqqında maraqlı bilgilər vermiş, yas törənlərinin bir qismini qələmə almışlar. Nizami Gəncəvi qıpçaqlarda Daşbaba törəninin geniş yayıldığını yazır. Belə ki, döyüşçülər Daşbaba önündən keçərkən, ölənə (qeyd edək ki, Daşbaba hər kəsə qəhrəmanlığına görə qoyulurdu. Bu savaşçının qəhrəmanlığının o biri dünyada təkrar olunması anlamına gəlirdi) sayğı olaraq sadağından bir ox onun qarşısında qoyurdular. Firudin Ağasıoğlu “İslamöncəsi tarix” kitabında yazır: “Ötəki dünya evinə-basrığa çaxır, yemək, su, silah, geyim, qab-qacaq nəsnələri, an bədizləri (qoç, at) və ya anların özlüyünü, ətini, sümüyünü qoyardılar. Basırıq yanında daşdan yonulmuş adam, at, qoç, qoyun, bağa (tısbağa) bədizlərin qoyulması qədim çağlardan bəlidir. Belə daşlar yonulmuş fiqurlara uyğun olaraq sığındaş, balbal, daşbaba, daşnənə (daşana), sındaş (sıntaş), daşqoç, daşat adlanır. Bəzi başdaşlarına at, maral, qoç, quş, börü fiqurları həkk olunurdu”.    

Bu məzarlarla yanaşı üzərinə daşlar və ya torpaq tökülən, kurqan adı verilən dəfn törəni göytürklərdə, oğuzlarda və digər türk boylarında geniş yayılmışdı. Bu məzarların içində ölüyə aid əşyalar, silahlar, bəzən qurban edilmiş heyvanlar olurdu.

Əmir Teymur tarixini, yaxud salnaməsini yazan Şərafəddin əl Yəzdi “Zəfərnamə” əsərində qeyd edir ki, Teymur Toxtamışxanla Dəşti Qıpçaqda döyüşən zaman onun adlı-sanlı sərkərdəsi öldürülür.

Əmir Teymur bu ölümdən çox kədərlənir və iki yüz minlik ordusuna əmr verir ki, hər kəs sərkərdənin qəbri önündən keçəndə ora bir daş atsın. Fikir verdinizmi, fanatik islamçı sayılan hökmdar əski törəyə uyğun mərasim keçirir. Nəticədə üç gündən sonra qəbrin üstündə böyük bir dağ yaranır.

Firudin Ağasıoğlu yuxarıda adını çəkdiyimiz kitabda kurqan mədəniyyəti haqqında yazır: “Qazma torpaq (xəndək) basırıqlarda ölünün ətrafını daşlar və ya ağac tirlərlə bağlayıb üstünə daş-torpaq yığılır, kurqan adlanan belə qabarma basırıqlar kiçik təpəcikdən böyük təpələrədək müxtəlif ucalıqda olur. Kurqan gələnəyi m.ö. IV minildən başlayıb islama qədər, bəzi bölgələrdə isə XV əsrədək davam etmişdir. Əvvəllər bəsit formalı və basırığa qoyulan əşyaların qıtlığı ilə seçilən kurqanlar get-gedə böyük forma almış, ölünün yanına qoyulan nəsnə çeşidləri artmışdır. Daha möhtəşəm görünüşü, zəngin bər-bəzək nəsnələri ilə heyranlıq doğuran kurqanlar m.ö. I min ilin əvvəllərindən başlayaraq ən çox saqa boylarından yaşadığı bölgələrdə görünür. Krımda, Qara dənizin quzey çölləri Azaq (Azov) dənizinin yaxaları boyunca qədim qəmər və saqa boylarında qalma çoxlu kurqan vardır. Zaporojye, Dnepropetrovsk bölgələrində kurqanlara kazak, Xersonda tatar, Krımda türk qəbri deyilir. Xerson vilayətinin Aşağı Seroqoz qəsəbəsində hündürlüyü 20 metr bir möhtəşəm saqa kurqanı da Oğuz kurqanı adlanır”.

Təəssüflər olsun ki, türk kurqanlarının bütün Avrasiya boyu bolluğuna baxmayaraq (əsasən qəbrin içinə hansı əşyaların qoyulması istisna olmaqla), ayinlərin necə keçirilməsi haqqında çox az məlumata rast gəlinir. Maraqlıdır ki, dəfn mərasiminin hansı sözlərlə başlayıb, hansı sözlərlə bitməsi haqqında bilgi yox dərəcəsindədir. Müsəlman dəfnləri dövrümüzdə də baş verdiyindən bilirik ki, dəfn hardan başlayır, nə oxunur, necə bitir. Amma islamaqədərki dövrdən, xüsusilə də kurqan mədəniyyətinin ayinlərindən bizə gəlib çatan məlumatlar məhduddur. Maraqlı bir məsələ də ortalığa çıxır, belə ki, bir çox arxeoloqlar (M.Qimbutas, Q.N.Hümbətov, A.İyessen və başqaları) kurqanları tədqiq edərək belə qənaətə gəliblər ki, eramızdan əvvəl dördüncü minillikdə Azərbaycanda yaranıb. Bu ilk növbədə Kür-Araz mədəniyyətinə məxsus olsa da, Azərbaycanın bütün ərazilərinə, sonradan isə bütün Avrasiyaya yayılmışdır. Bu da İkiçayarası (Dəclə-Fərat) Übeyd mədəniyyətilə sıx təmasda olmasından xəbər verir.  

Əslində ortalıqda belə bir sual yaranır: Xalqların genezisi, yaranma və inkişaf tarixi bəlli olsa da, bəzi alimlər eramızdan əvvəl IV minilliyə aid olan kurqanları niyə irandilli boylara aid edirlər? Axı tarix elminə çoxdan məlumdur ki, farsdilli boylar indiki İran deyilən əraziyə eramızdan əvvəl IX-VIII əsrlərdə köc ediblər. Bu kurqanlar isə onların bu ərazilərə köç etməsindən üç min il öncə tikilib. Hətta “Oğuznamə” eposu kurqan mədəniyyətinin yaranmasını Azərbaycanla bağlayır. Oğuzxan burada olarkən hər əsgərə dəfn mərasimi zamanı bir ətək torpaq tökməsi üçün tapşırıq verir. Nəticədə böyük bir kurqan yaranır və Oğuzxan bu yerin adını (“azər” sözü bəzi mənbələrdə yüksək anlamını verir) Azərbaycan adlandırır.

V.V. Radalov yazır ki, böyük daş kurqanları ucaldan qədim çağ insanları türklər  idi.

Kurqan mədəniyyətinin tədqiqatı belə bir nəticəyə gətirib çıxarır ki, prototürklərin ana vətəni Mərkəzi və Orta Asiya deyil, Azərbaycan, Anadolu və Ön Asiyadır. Yəni bu kurqanların tədqiqatı imkan verir deyək ki, bu ərazilərdən bütün Avrasiyaya yayılmış prototürklər sonradan kurqan mədəniyyətini aparmışlar.

Fikrimizi təsdiq edirmiş kimi, F.Ağasıoğlu yazır: “Prototürk uruqları ölülərini qıvrılmış, bükülü formada (bunun da rəmzi mənası belədir ki, doğuşdan öncə ana bətnində necə olmusansa, o dünyaya da elə dönürsən- Y.O.) basırığa qoyur, üzərinə qırmızı oxra tökürdülər. Bütün bu etnik adətlər bütövlükdə prototürk uruqlarının basırıq kulturu gələyini formalaşdırmış və onlar bu kulturu miqrasiya etdikləri regionlara daşımışlar. Türk yas törəninin bir neçə min il Ön Asiyada ucalan səsi tarixin müxtəlif dövrlərində Avrasiyanın önəmli bölgələrindən eşidilməyə başlamışdır…”

Nəhayət “kurqan” sözü arxeologiya elmində bir çox dillərə keçmiş, dünya vəsiqəsi qazanmışdır.

Bu sözün mənasını müxtəlif açmalarda versələr də, kurqan sözü qədim türkcədir və minilləri aşaraq günümüzə qədər gəlib çıxmışdır. Kurqanı qurmaqdan, tikməkdən əlavə “qorumaq”, “qoruq yeri”, “gor evi”, “gor yeri”, “görükən”, “qurmaq” variantları kimi də qəbul edə bilərik.

Türk kurqanlarından tapılan əvəzsiz sənət əsərləri həm tariximizi, həm də etnik genezisi izləməyə imkan versə də, çox zaman “alim”lər siyasi sifariş alaraq Azərbaycan tarixinə böyük zərbələr vururlar.   

Türklərin toy törənləri

Toy mədəniyyəti, toy törəni evlənmə prosesinin əvvəli, ailə qurmanın ilkin təməli və çox mürəkkəb mexanizmdir, çünki dövlətin və budunun (xalqın) varlığı, onun qorunub saxlanılması və inkişaf etməsi ailədən asılıdır. Toy törələrə uyğun olaraq qadın və kişinin (erkəyin) nikaha, yaxud “izdivaca girməsi deməkdir. Qədim türklərdə “toy” yığıncaq anlamına gəlirdi. Əmir Teymur dövründə, bu, həm də iclas mənasını verirdi. Azərbaycanda və Anadoluda “toy-düyün” anlamı evlənmə anlamına gəlir.

Türklərdə toy mədəniyyətinin çox qədim tarixi var, belə ki, Assur yazılı mənbələrində eramızın XIX-XVII əsrlərində Assur çarı türk bəyinin qızını oğluna almaq istəyilə ona başlıq verməsindən bəhs edir.

Çox güman ki, bundan da yüz illər, minillər öncə də evlənmə mərasimi türklərdə çox ciddi bir atribut olaraq elin, obanın şənliklərinə vəsilə olub. Bu əsas şənliklərdən biri yengün (novruz) bayramıdırsa, digəri  toy-düyün, evlənməkdir. Təbiidir ki, digər törənlər də mövcüd olub və onlar da həyata keçirilirdi. Ancaq bu şənlikdə bütün oba elliklə iştirak edirdi. Etiraf edək ki, minillər keçməsinə baxmayaraq keçən əsrin doxsanıncı illərinə qədər elçilik, toya hazırlıq, toy günü mərasimlərində çox az nəsnə dəyişmişdi. Lakin heyhat, qloballaşma, texnikanın inkişafı toy, yaxud evlənmə mərasimlərinin istiqamətini dəyişdirmiş və nə yazıq ki, ənənələri unutdurmağa çalışan qüvvələr getdikcə daha da çoxalır.

Elçilikdən tutmuş, nişan və evlənmə günü də daxil olmaqla toyda bütün soyun iştirak etməsi sıradan bir şey deyil. Bu, o demək idi ki, evliliyin məsuliyyətini təkcə bəy və gəlin daşımır, həmçinin bütün soy buna cavabdeh idi. Təsadüfü deyil ki, o zamanlar boşanmalar yox dərəcəsində olurdu. Bəy və gəlini yalnız müharibələr, qəfil ölümlər,  təbiət hadisələri (sel, zəlzələ, yanğın və s.) ayıra bilərdi. “Qoşa qarıyasınız” anlamı da buradan irəli gəlirdi. Qırmızı duvaqda evə gəlin gələn qız, o evdən kəfəndə çıxmalı idi.

ARDI BURADA: “Türk” etnonimi və törələri – YUNUS OĞUZ yazır

MÜƏLLİF: YUNUS OĞUZ

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Türk” etnonimi və törələri – YUNUS OĞUZ yazır

“Türk” etnonimi və törələri

(onuncu yazı)

ƏVVƏLİ BURADA: “Türk” etnonimi və törələri – YUNUS OĞUZ yazır

Tutibikə xatun

Usmiyevlər nəslindən olan Tutibikə xatun Quba xanı Fətəli xanın həyat yoldaşı və Dərbəndin hakimi idi. Onun haqqında çox az məlumat var. Bu da bir daha onu göstərir ki, islamiyyət dövründə qadınların hakim olmasına və orduya rəhbərlik etməsinə heç də yaxşı baxmırdılar. Bütün bunlarla yanaşı düşmən Dərbəndə hücum edəndə və ərinin ölüm xəbəri şayiəsi yayılanda Tutibikə buna inanmadı və doqquz ay mühasirədə qalan şəhəri qorudu. O 1786-cı ildə vəfat edib.

***

Avropada yayılan rəylərə baxmayaraq, orta əsrlərdə türk xalqları arasında qadının vəziyyəti heç də hüquqsuz və qul kimi deyildi. Bunu Jan-Pol Ru yazır. Qədim türklərdə islamaqədərki dövrlərdə ailədaxili münasibətlərdə qadınlar bərabər hüquqlu idilər, şəxsi azadlıqları vardı, ictimai işlərdə fəal iştirak edirdilər. Ziya Göyalpın tədqiqatlarına görə, qədim türklərdə özünəməxsus feminizm mövcud idi.

“Dədə Qorqud” dastanında (VII-XI əsrlər) oxuyuruq:

“”Qan Turalı atasına deyir: “Ey əziz atam, əgər mənə məsləhət görürsənsə evlənim, bil ki, mənə hansı qız lazımdır… mən yerimdən durmamış, o dursun, atım yəhərlənməmiş, o atını artıq çapsın. Mən düşmən torpağına ayağımı basmamış, o orada olsun, mənə onların kəsilmiş başlarını gətirsin. Hə, əziz atam, beləsini istəyirəm… Yoxsa mənə elə qız məsləhət görəcəksən ki, mən də imtina edə bilməyəcəm, sonra ikimiz də çürüyəcəyik… “Qan Turalı kipriklərini qaldırıb gözaltı qıza baxdı. Görür ki, o at üstündədir, nəinki at, hətta özü də zirehə bürünüb, belində qılınc, əlində də nizə”… nə istəyirdi, o da həyata keçdi.”

“Dədə Qorqud”da onu da oxuyuruq ki, qadınlar türklərdə əla at çapır, dövrün bütün silahlarından ustalıqla istifadə edirdilər. Hətta tarixdə bəhs edilən amazonkalardan heç də geri qalmırdılar. Dastanda Burla xatunu, Selcan xatunu yada salın. Onlar necə döyüşürlər, vuruşurlar, düşmənləri necə məğlub edirlər.

Beyrəyin Banuçiçəyini də unutmayın.

Firdovsi “Şahnamə” əsərində yazır ki, turan qadınları öz qəhrəmanlıqları ilə ad qazanıblar.

Bu əsərdə Təhminə, hətta öz ərini üstələyə bilir və “süvari” adına sahib olur.

Hələ yol kəsən Ərəbzəngiyə bir nəzər yetirin, heç kim onu üstələyə bilmir.

Türk qadınlarının qonşuluğunda yaşayanların, məsələn, çinli qadınların vəziyyəti isə tamam başqa idi. Qədim çin yazılarının birində ailənin başçısı ataya müraciətlə deyilir: “Qızın beş-altı yaşı olanda bütün günü evdə olmalıdır, qaçmağa və oynamağa icazə verməyin. Yeddi-səkkiz yaşında ev işlərini öyrədin; yer süpürmək, qazan təmizləmək, qab yumaq, toxumaq. On yaşı olanda evdən çıxmağı və ailənin oğlanları ilə oynamağı qadağan edin. Əgər evə qonaq gələrsə, o heç kimin gözünə görünməsin. Əgər bu qonaq qohumlardandısa gəlib hörmətlə salamlaşmalı və çəkilməlidir.

Ona çox danışmağa və ucadan gülməyə icazə verməyin, qohumları evində yaşamaq yasaqdır…

Valideynlər qızlarına tabe olmağın üç qaydasını öyrətməlidir: evdə atasına tabe olmalı, ərə gedəndə ərinin, dul qalanda isə oğlunun əmrlərilə oturub durmalıdır.”

Beləcə konfus əxlaqı ilə tərbiyə olunmalıdır. Əgər qız, yaxud qadın atasına və ya ərinə qulaq asmırdısa, ölümə məhkum olunurdu, özü də boğularaq.

***

Qədim türklər Umay (ilahə) ananı (humay) çox sevir və sitayiş edirdilər, çünki, o anaların, körpələrin və balaca uşaqların himayəçisi və müdafiəçisi idi. Əgər Umay ana hirslənərdisə eldə (dövlətdə) doğuşlar dayandırılardı. 

Başqa bir həşəmətli ilahə Öləng (Olənq) idi. O, Tenqirxanın xatunu sayılırdı və suyun, otun, ağacların, nikaha girənlərin himayəçisi və müdafiəçisi idi.

Tovuz rayonunun Qəribli kəndi yaxınlığında I-IV əsrlərin Hun ilahəsinin kiçik heykəli arxeoloqlar tərəfindən kəşf edilmişdir. O da doğuşu və nəsil artımını himayə edirdi.

Başqa bir türk qövmündə, saxalarda nəsilartırma ilahəsi Ayzit adlanır. Deyilənlərə inansaq, Ayzit yeni doğan qadınlara kömək edir və üç gün ərzində başı üstündə dayanıb, onu hər bəladan hifz edir. Bundan sonra o öz evinə, göyün üçüncü qatına qalxır. Ayzit tayfanın əxlaqi kodekslərini pozan qadınlara kömək etmir, əksinə cəzalandırır. Xaqanlıq dövründə ev (ocaq, eşik) təkcə kişiyə məxsus deyildi, həm də onun xanımının idi. Kişi buna görə “ev ağası”, qadın isə “ev xanımı” adlanırdı.

Əfsanələrə görə (əfsanələr də elə-belə yaranmırdı, törələrdən yaranırdı və qövmü, eli qorumaq üçün xüsusi olaraq tayfada, xalqda (bodunda) hökmən bir nəfər söyləməçi (danışan olurdu ki, bütün düzülüb qoşulanları gələcək nəsillərə ötürsün) evdə, eşikdə iki ruh yaşayırdı, hansı ki, ocağı qoruyurdu. Onlardan biri  kişi, digəri isə qadın ruhu idi. Birinə “od ata”, digərinə isə “od ana” deyilirdi. Hər səhər evin “gəlini, yaxud qızı ocağa yağ atıb, “od  ata, od ana” deyərək dualar edirdi.

İndi bildinizmi, oda, günəşə hörmət etmək hardan gəlib? Törələrdən. Yeni gün (Novruz) bayramı da məhz qədim türklərin gələnəyindən gəlirdi. Hətta min dörd yüz illik islam ehkamları, yetmiş illik həbsxana dövləti olan Sovet İttifaqı bunu qadağan edə bilmədi. Çünki bu bayram mentalitetdən, islamaqədərki adətlərdən irəli gəlirdi. Çünki bu bayramı və digər ayinləri şüur altında oturmuş etnososial psixologiyadan qopub gələn, “belə olmalıdır” deyə icra edirdik. 

Törələri unudurduq, islam dini də buna daha çox çalışırdı. Amma, hardasa beynimizin dərinliyində ilişib qalan, hansısa törənin bir hissəsini həyata keçirirdik. İndi də and içəndə “od haqqı”, “ocaq haqqı” deyənlərimiz çoxdur. “Su haqqı” deyənlər də vardır. Təsadüfü deyil ki, yalnız türklər övladlarına “Ocaqqulu”, “Tanrıverdi”, “Tanrıqulu” adları verirlər. İndi də bu proses davam edir. Törədən gələn qaydalara görə, bəzi yerlərdə nəvəyə “torun”deyirlər. İndi bu söz işlədilmir. Bir vaxtlar spermaya (kişiyə məxsus toxum mayesi) “torum” deyilirdi. Bu da nəsil davamçısı anlamına gəlirdi.

Evin girişi (eşik, ona görə indi də, hal-əhval tutanda ev-eşikdə nə var, nə yox, deyə sual veririk) türklərdə müqəddəs sayılırdı. Yad adam evə-eşiyə icazəsiz gələ bilməzdi.

Türklər ailə sədaqətinə inanılmaz dərəcədə sadiq idilər. Əvvəllər, onlara qul və çoxarvadlılıq yad idi. Adətən onlar bir qadına ömürlük sadiq olurdular. Az sayda əsir qadınlardan xidmətçi kimi istifadə edir, zaman keçdikcə onlar da bərabər hüquqlu insana çevrilir, evin bir hissəsi olurdular. Orta əsrlər tarixçisi, ağqoyunlular sarayında hadisələri qələmə alan Fəzlullah ibn Ruzbixan Xuncı özünün “Tarix Aləm areyi” kitabında, baxmayaraq ki, o ağqoyunlular haqqında yazır, lakin biz görürük ki, hələ orta əsrlərin ortalarına qədər törələrə əməl edilirdi. Beləliklə, o qeyd edir:

“-  fəth etdikləri yerdə qadınlara toxunmazdılar… 

  • onlara xaqanlıq nəsildən-nəsilə ötürərdilər”, əgər törələr pozulmurdusa…
  • “həmişə törəpərəst olurdular…
  • onlar heç vaxt yalançı dini və təriqəti yaymazdılar…
  • alimlərə, elmə meyl edənlərə hörmətlə yanaşır, onlara hər cürə dəstək verirdilər…
  • onlar cəsurdurlar…
  • onlar evlərini öz mülkləri saydıqlarından onu qoruyurdular.
  • onlar tamahkar deyildilər… dostun və düşmənin ləyaqətinə hörmətlə yanaşardılar…
  • hakimiyyətləri altında olanların əmlaklarına toxunmur və zəbt etmirdilər…
  • onlar mülkiyyətində olan tanınmış və sadə insanlara qarşı mərhəmətli və səxavətli idilər, istər bu İnd çayının sahillərinə olsun, istər Azərbaycanda, hər iki İraqda, istərsə də Farsda, yaxud Kermanda…

Göründüyü kimi, hətta islam dövründə də türklər ədalətli, insaflı, sözünə düz, ləyaqətli idilər.

Lakin qədim türklər bu dünyada tək yaşamırdılar, onların Çin, əhəmənilər, sasanilər, yunanlar, Avropa kimi qonşuları da olub və cariyələri başlarına toplamaq da onlardan bizə keçib. Xaqanlığın yaranması ilə yanaşı, hökmdarlar  qanuni xanımından savayı, cariyələri də səfərlərə, fəthlərə aparmağa başladılar. Qanuni xanımın cariyələrdən fərqləri əsasən ondan ibarət idi ki, onun övladı xaqan, xan nəslindən idi və hakimiyyətin varisi sayılırdı.

Bəzi türk tayfaları Çinlə sərhəddə yaşayırdılar və tez-tez bu ölkəyə hücum edir, həm də çin qadınlarını məşuqə edib onları saxlayırdılar.

Əgər məşuqə imperator soyundan idisə, ona yanaşma tamam fərqli idi. Bu məşuqələrdən üstün olsa da, qanuni xaqan xatunundan aşağı idi. Məşuqələr, yaxud cariyələr heç vaxt xaqanın arvadı ola bilməzdi. Onların uşaqları heç zaman varis sayıla bilməzdi. (Tarixdə bunun əksinə də rast gəlinib. Sultan Süleymanın cariyəsi Roksalana sonradan qanuni xatunu hesab edilib və oğlu da hakimiyyətə gəlib) Türk qadının mövqeyi ailədə çox yüksək olub. Böyük ailə xaqanlıqda “soy” adlanıb. Əgər əqraba yeddi arxa dönənin hesab edilirdisə, “soy”a yalnız baba və nənə, ata və ana, uşaqlar, dayı və xala, bibi, əmi, onların uşaqları daxil idilər. Beləliklə, soy ən yaxın qohumları, həm ata tərəfindən, həm də ana tərəfindən özündə birləşdirirdi. Ailə ana tərəfdən “ana soyu”, ata tərəfdən isə “ata soyu” adlanırdı. Bizdə isə bu bəzən “qan” və “sümük” qohumluğu adlanırdı.

Ata və ana qohumları ailədə bərabər hüquqlu sayılırdılar. Keçmişdə türk qızları türk olmayana ərə getmirdilər və bir tərəfi də türk olmayana “türk” demirdilər.

Deyilənlər, həm də hakim sülaləyə aid idi. Taxt varisi ata tərəfdən “təkin”, ana tərəfdən isə “inal” (inanc) titulu daşıyırdı. Taxtda oturmuş varis hər iki – təkin və inal titulunu daşımalı idi, daha doğrusu, varisin hər iki tərəfi xaqan nəslindən olmalı idi. Bu qayda, hətta qacarlar (1796-1925) dövrü də daxil olmaqla davam etmişdi. Osmanlı imperiyasında sultan soyun böyük şahzadəsi olurdu.

Əski türklərdə hər hansı bir səbəbdən ailədə tək oğul qalırdısa, hökmən onun qulağına sırğa taxılardı. Əsgərlikdə komandir sırğalı əsgər görüncə, ona təhlükəli vəzifə verməzdi, çünki törə ona bu səlahiyyəti verməmişdi. Əgər soyda sonuncu kişi olardısa, o zaman kişi qulağına iki sırğa taxardı. Buna da əsas səbəb əsgər soyunu davam etdirməsi ən vacib məsələ sayılırdı. Lakin çoxəsrlik türk adətləri zaman keçdikcə zəiflədi. Qədim türk mədəniyyətinin yerini ərəblərin, farsların və başqa qonşuların adətləri və mədəniyyətləri tutdu. Buna baxmayaraq, iyirminci əsrin əvvəllərinə qədər qadın statusu bir çox ölkələrdə və türk tayfalarında qorunub saxlandı.

ARDI BURADA: “Türk” etnonimi və törələri – YUNUS OĞUZ yazır

MÜƏLLİF: YUNUS OĞUZ

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Türk” etnonimi və törələri – YUNUS OĞUZ yazır

“Türk” etnonimi və törələri

(doqquzuncu yazı)

ƏVVƏLİ BURADA: “TÜRK” etnonimi və törələri- YUNUS OĞUZ yazır

Bu iqtibasa artıq şərh yoxdur, çünki qadınların siyasi hakimiyyətdə rolu XII əsrdə göz qabağındadır.

Daha sonra salnaməçi yazır: “Möminə xatun Şəmsəddin Eldənizi ölkə səyahətlərində müşayiət edirdi, dövlət əhəmiyyətli məsələlərin həllində onun fikri ilə hesablaşırdılar”.

Bir cümlə də törənin pozulması haqqında

O zaman Rey hakiminin qızı İnanc xatunun əvvəlcə Cahan pəhləvana, sonra da Qızıl Arslana ərə getməsi, onlara qarşı ədavət aparması, düşmənlərlə əlaqəyə girməsi, xaşxaşilərdən dəstək alması son nəticədə  Azərbaycan  Atabəylər dövlətinin suqutuna səbəb oldu. “Ər ordu qurar, qadın dövlət!” Möminə xatun dövlət qurdu, İnanc xatun onu dağıtdı.

Daha üç qadın haqqında

Təəssüflər olsun ki, islam ehkamları orta əsrlərdə daha da irticalaşdı, qadına yaınız uşaq dünyaya gətirmək prizmasından baxırdılar. Bu da min illərlə qorunub saxlanan törələrin pozulmasına gətirib çıxartdı. Orta əsrlərdə artıq qadın cəmiyyətin tamhüquqlu üzvü deyildi, siyasi  hakimiyyətin hətta müzakirəsində iştirak edə bilməzdi. Hakimlər, şahlar, sultanlar qız övladlarını kimlərləsə qohum olmaq üçün  bu və ya digər şəkildə istifadə edirdilər ki, ya özləri güclənsinlər, ya da onların arxasında hansısa güclü bir şəxs dayansın, hakimiyyətini itirməsin. Ancaq istisnalar da vardı.

Saray (Sara) xatun

Bu xatunun mənşəyinə gəlincə, öncədən qeyd etmək lazımdır ki,  Azərbaycanın ilk diplomat qadını Uzun Həsənin atası Əli bəyin əmisi qızıdır, atasının da adı Pirəli Bayandurdur.

Uzun Həsən bütün xarici siyasət məsələlərini onunla məsləhətləşir, gərəksirsə həyata keçirir, bəzən isə bu “həyata keçirmə” Saray xatunun təkidilə olurdu. Xatun çox ağıllı, məntiqli və müşahidəçi idi. O xarici ölkələrin diplomatları ilə görüşür, onların özləri də bilmədən aldığı informasiyaları təhlil edib oğluna göndərirdi. Həmçinin Teymuri hökmdarı Əbu Səid, Osmanlı sultanı Fateh II Mehmet ilə danışıqlar aparmaq və Ağqoyunlu dövlətinin mənafeyini uğurla müdafiə etmişdir. Onu təkcə Şərqdə deyil, həm də Avropada yaxşı tanıyırdılar. Venesiya respublikasının senatı Ağqoyunlu dövlətinə təşrif buyuran diplomatlara göstəriş vermişdi ki,  hökmən Saray xatunla görüşsünlər və ona qiymətli hədiyyələr versinlər.

Bir diplomat kimi Saray xatunun II Mehmet ilə xüsusi əlaqələri mövcud olub. 1461-ci ildə, o II Mehmet arasında sülh müqaviləsinin bağlanmasının böyük əhəmiyyəti var idi və bu müqavilə sultanı Ağqoyunlu dövlətinə hücumdan imtinaya məcbur  etdi. Mənbələr qeyd edirlər ki, sultan və xatun bir-birlərinə “ana” və “oğul” deyə müraciət edirlərmiş.

Eyni zamanda, iki dövlət arasında razılığa gəlindi ki, Osmanlı ordusunun  Trabzona hücumu zamanı Ağqoyunlular bitərəf qalacaq, belə də oldu. Saray xatun sultanı Trabzona hücumdan çəkindirə bilmir. Hələ bu azmış kimi, o, bu diplomat qadını özü ilə Trabzon yürüşünə götürür. Şəhərin 30 günlük mühasirəsindən sonra 26 oktyabr 1461-ci ildə Trabzon fəth olunur. Lakin burada da Saray xatun sakit durmur. O Trabzonun əldən getdiyini görən kimi gəlini Dəspinə xatunun taxta varislik hüququnu yada salır. Görünür sultan ağqoyunlularla münasibətləri kəskinləşdirməmək üçün ona xoş rəftar göstərmiş, çoxlu və bahalı hədiyyələrlə geri qaytarmışdır.

Saray xatun Teymuri  hökmdarı Əbu Səidlə danışıqlar aparmaq üçün diplomatik heyətə başçılıq etmişdir.

Ağqoyunlu tarixçisi Əbu Bəkr Tehrani yazır ki, Saray xatun Qaraqoyunlu Cahanşahla danışıqlar aparmaq üçün onun yanına gəlmişdir. O Rüstəm Tərxanın düşərgəsində olmuş və müşahidələr apararaq qənaətə gəlmişdir ki, bu iki dövlətin arasında qüvvələr nisbəti Ağqoyunluların xeyrinədir.

Saray xatun Misirə də getmiş,  ağqoyunlularla ittifaq müqaviləsi bağlayıb, gələcək siyasətlərini daha da aydın müəyyənləşdirmişdi. Onun 1465-ci ildə vəfat etdiyi güman edilir.

Şah İsmayılın qızı, Təhmasibin bacısı Pərixan xanım

Bu xanım o qədər ağıllı və məntiqli idi ki, çox zaman onun yanına məsləhətə gəlir, fikirlərini və tövsiyyələrini dinləyirdilər. Onun qəbul otağı isə Şah İsmayılın yaratdığı, dünyanın hər yerindən gətirtdiyi kitabların saxlandığı   kitabxana idi. Şah Təhmasib də bibisini o qədər çox sevirdi ki, bir an gözündən buraxmaq istəmirdi. Lakin tale bu xanım üçün başqa plan hazırlamışdı. Şirvanşahlarla səvəfilərin münasibətləri getdikcə daha da dərinləşir və qohumluq əlaqələrinə keçirdi. Belə ki, 1523-cü ildə Şah İsmayil qızı Pərixanı Şeyxşahın oğlu Sultan Xəlilə nişanladı, özü isə onun qızına evləndi. Lakin hər şey  sonuncu Şirvanşah Şahrux ibn Fərrux Yasarın hakimiyyətə gəlməsilə dəyişdi. Belə ki, sonuncu şah  Sultan Süleymana meyillənməsini sarayda bilməyən yox idi. Hələ Ağqoyunlu sultanı Uzun Həsənin bacısı Xədicə ilə Şeyx Heydər evlənəndə hökmdar ona mülk kimi Şirvanı bağışlamışdı. Lakin, istər Şeyx Heydərin, istərsə də oğlu Şeyx Güneydin Şirvana yürüşləri ugursuz olmuş, hər ikisi də burada öldürülmüş və Şirvanda da dəfn edilmişdi. Pərixan  xanım hadisələrin qızılbaşların xeyrinə getmədiyini bütün varlığı ilə hiss edib Şah Təhmasibə xəbər göndərmiş və özü də hazırlıqlara başlamışdı. Doğrudur, Şah İsmayıl hələ şah elan olunmamışdan əvvəl (1501) Bakını tutmuş, Gülüstan qalasını mühasirəyə almışdı. Lakin Təbrizdə hadisələrin dəyişməsi və Lələsi Hüseynin də dediyi “sənə Gülüstan lazımdır, yoxsa Azərbaycan” sözlərini nəzərə alaraq mühasirəni çəkmiş, özünü Təbrizdə şah elan etmişdir. İndi Səvəfi xanədanı babalarının mülklərini geri qaytarmaq və dövlətə birləşdirmək üçün əla fürsət yaranmışdı. Pərixanın birbaşa başçılığı və təşkilatçılığı ilə  əvvəl Salyanda, sonra Şamaxıda, daha sonra isə Sarayda üsyan və çevriliş başladı. Pərixanın qardaşı şahzadə Əlqas Mirzə Şamaxıya girənə qədər sonuncu  şah Şirvanşah ibn Fərrux Yasar artıq devrilmişdi. 1538-ci ildə Şirvanşah Səfəvilər dövlətinə birləşdirildi. Əlqas Mirzə isə Şirvanın bəylərbəyi təyin edildi. Eyni hadisə Pərixan xatunun təşkilatçılığı ilə Şəki xanlığının hakimiyyətinə, son (1542) qoyuldu və bu xanlıq da qızılbaşlar dövlətinin bir parçası oldu. Təəssüf ki, bu ağıllı qadının sonrakı fəaliyyəti və ölümü haqqında mənbələrdə heç nə yazılmır.

Pərixan xatun (şah Təhmasibin qızı)

Bəlkə də bu qadın atasından sonra hakimiyyətə gəlsəydi, daha uzun illər Səfəvi xanədanl şahlıqda qalacaq, istənilən hadisələri önləyə biləcəkdi. Nə yazıqlar ki, yuxarıda qeyd etdiyim kimi, islam dövründə artıq qadının hüquqları kifayət qədər azalmış, törələr pozulmuşdu. Orta əsrlər islam dövründə, hətta Oğuz bəyləri törələrin deyil, dinin əsirinə çevrilmişdilər. Hələ uşaqlıqdan şah Təhmasib sevimli bacısının adını verdiyi qızına məntiqi və cəsarətli fikirlərinə görə ilk dəfə idi ki, qadın cinsindən olan bir kəsə divanın iclaslarında iştirak etmək hüququ vermişdi. 

Divanın iclaslarına törələrə uyğun olaraq, türk qaydaları ilə geyinib gələrdi.

Ümumiyyətlə, bu xatun heç zaman islam ehkamlarına boyun əymədi, həyatını  hərəmxanada keçirməklə kifayətlənmədi. 1576-cı ildə (deyilənə görə zəhərlənmiş) Şah Təhmasib dünyasını dəyişəndə bir günlük padişah ölmüş Heydər Mirzəni məhz Pərixan xatun devirmiş və hakimiyyətə atası tərəfindən on səkkiz il altı ay Qəhqəhə qalasında saxlanılan II şah İsmayılı gətirmişdir.

Təbiidir ki, divanın üçdə iki hissəsi Pərixan xatunun tərəfində durmasaydı, çərkəz qızından olan Heydər Mirzənin hakimiyyəti çox uzun çəkəcəkdi. Lakin Pərixan xatunun fikrincə, atası haqsızlıq etmiş,  ata və anadan bir olan İsmayılı varis təyin etməmişdi. Bu qadının əsas  qayəsi o idi ki, atadan və anadan bir olan  və  hər ikisi türk əsilli şahzadə taxta yiyələnə bilərdi. Belə də oldu. Ərdəbil şeyxlərinin də köməyi ilə şah Təhmasibin ikinci oğlu ikinci  İsmayıl şah elan olundu. Lakin Pərixan xatunun şahdan gözləntiləri özünü doğrultmadı. İkinci şah İsmayıl uzun müddət Qəhqəhə qalasında saxlandığı üçün psixikası pozulmuşdu. Taxta yiyələnən kimi bütün şahzadələrin boynunu vurmağı əmr etdi. Bundan yalnız doğma qardaşı Məhəmməd və onun oğlanları xilas oldu. On səkkiz aylıq hakimiyyəti dövründə hətta yeni sikkələr buraxdırıb “Əli” sözünü oradan çıxartdı. Artıq başkənd Qəzvində (şah Təhmasib səfəvi və osmanlılar arasında ilk dəfə olaraq 1555-ci ildə sülh müqaviləsi bağladı, elə həmin ildə paytaxtı Təbrizdən Qəzvinə köçürdü) narazılıqlar baş alıb getdi. Pərixan xatun bunun qarşısını almasaydı,  ölkədə başıpozuqluq baş alıb gedərdi. Bu arada II şah İsmayıl onu hakimiyyətə gətirən qadına da iradlar bildirməyə başlamışdı. Kifayət qədər qürurlu olan xatun bütün olanlara dözə bilməzdi. Qardaşı  növbəti kef məclislərindən birində qəlyan çəkərək zəhərləndi. Ölkədə qarışıqlıq yaranmasın deyə  Pərixan xatun böyük qardaşı Məhəmmədi hakimiyyətə gətirdi. Lakin onun arvadı, şər ocağı sayılan fars əsilli Xeyranisənin qarşısında duruş gətirə bilmədi. Ərinin xəstəliyindən istifadə edib Xeyranisə Qəzvində və ölkədə bütün hakimiyyəti əlinə aldı və Pərixan xatunu fiziki cəhətdən aradan qaldırdı. Lakin çox çəkmədi ki, özünün də aqibəti faciəvi oldu. Belə ki, oğuz bəyləri qadının özbaşınalığına dözməyib şaha  onun ölümü haqqında fərman imzalatdırdılar, həmçinin taxtdan imtina etməyə məcbur etdilər. Beləliklə 1587-ci ildə şah Məhəmməd Xudabəndi taxtdan imtina etdi və oğlu şah Abbas adı ilə səfəvilər xanədanının beşinci hökmdarı oldu. Bununla da, Pərixan xatun atasının ölümündən sonra üç şahın hakimiyyətə gəlməsinə səbəbkar oldu. Bundan sonra səfəvi, avşar və qacar xanədanlarında qadınların rolu tamamilə kiçilmiş və hərəmxana idarəçiliyindən o yana keçməmişdir.

Dilşad xatun (İparxan)

Nadir şahın (1747) qətlindən sonra bütün imperiyada hərc-mərclik yaranmış, hakimlər ard-arda öz dövlətlərini, xanlıqlarını, bəyliklərini elan etmişdilər. Əmir Teymur kimi Nadir şah da Çinə yürüşü düşünürdü. Nə yazıq ki, Əmir Teymur öz əcəli ilə  öldü, Nadir şah isə qətlə yetirildi. Bundan sonra Çinin də Şərqi Türküstanı Işğal etmək planları işə düşdü və 1757-ci ildə bu bölgə Çin tərəfindən Işğal olundu. Şərqi Türküstanda yaşayan uyğurlar düz qırx iki dəfə müstəqillik uğrunda mübarizə elan etdilər.

Dövrünə görə və rusların köməyi ilə sayı və təchizat baxımından müqayisə edilə bilməyəcək Çin ordusu mübarizədən qalib çıxdı. 

Şərqi Türküstanın xanlarından biri olan Cahangir Xoca döyüşlərin birində şəhid olduqdan sonra müqavimət dayanmadı, ordunun başına onun həyat yoldaşı Dilşad xatun (İparxan) keçdi.

Döyüşlərin birində (1759) Dilşad xanım əsir düşərək Pekinə aparıldı. Çin imperatoru ona evlənmək təklif etsə də, şiddətlə rədd edildi və intiharı üstün tutdu, baxmayaraq  ki, imperator ona azadlığı barədə çoxlu vədlər vermişdi. O ölümü çinli ilə evlənməkdən üstün tutdu və ölümündən sonra “Gəlinlərin anası” adı aldı.

ARDI BURADA: “Türk” etnonimi və törələri – YUNUS OĞUZ yazır

MÜƏLLİF: YUNUS OĞUZ

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yunus Oğuzun  dünya  fatehlərindən  biri  olan  Çingiz  xan  haqqında  romanı  Türkiyə  türkcəsində  çapdan  çıxıb

YUNUS OĞUZUN KİTABI TÜRKİYƏDƏ ÇAP OLUNUB

Hökmdarların, dünya fatehlərinin, sərkərdələrin  həyatı  insanlar  üçün  həmişə  maraqlı  olub. Ədəbiyyat  xadimlərimiz  də  oxucuların  bu  istəyini  həmişə  nəzərə  alıblar.  Olaylar.az  xəbər  verir ki, görkəmli  yazıçı, onlarla  tarixi  romanın  müəllifi   Yunus Oğuzun  dünya  fatehlərindən  biri  olan  Çingiz  xan  haqqında  romanı  Türkiyə  türkcəsində  çapdan  çıxıb.  Müəllif  tarixin  hər  dönəmində  həm  tarixə,həm  də  ədəbiyyata sirrlərlə  gizlənmiş  bir  şəxs  olan  Çingiz  xanın  yaşam  yolunu  türk  oxuculara  çatdırır. “Çingiz xan” (Cengiz han) romanında  müəllif  hökmdarın  portretini  savaşçı, dövlət  qurucusu, hər  nə  qədər  öldürsə  də yaşatmağı  və  qurmağı  sevən  biri  kimi  çızır.  Roman Türkiyədə Bilge Tonyukuk Yayınları Yayın Evində  çapdan  çıxıb.

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“TÜRK” etnonimi və törələri- YUNUS OĞUZ yazır

Tanrı (Yaradan) təkdir.

(səkkizinci yazı)

Əvvəli burada: Türk törəsi nədir?

Hər kəs Tanrıdan kut (can, yaxud xoşbəxtlik) almaq istərsə başqasına yalvarmasın.

Bir El (dövlət), bir Xaqan, bir Tanrı.

Bir qına iki qılınc girməz.

Bir xatun iki ər ala bilməz və bir budunda (xalqda) iki xalqan ola bilməz.

Törə təkdir

Törə qəti və kəskindir

Kim ki, törəyə uya (adət-ənənəyə əməl edən) kutlanır

Kim ki, törəyə qıya (şöhrət tapır) qatlanır

Kimsə törədən üstün deyildir. Dirilik və birlik üçün törə budur.

Bir çoban sürüsünə, bir kişi ailəsinə, bir Xaqan buduna (xalqına) görə sorumludur.

Hər kişi (ər) qadınına, atına, silahına sahib çıxacaq.

Ana-ataya və babaya təzim (sayğı) göstəriləcək.

Hısmına (hər iki tərəfdən anaya, ataya, bacıya, qardaşa) sarılacaq, qonşunu gözləyəcəksən.

10. Ər, kişi yalan söyləməyəcək.

11. Mal çalan (oğurlayan), mülk əvəzini mislilə ödəyəcək. Hesabı ya malı, ya da canı ilə ödəyəcək.

12. Kimsə zorlamağa cəhd edərsə, canından (edam) olunacaq.

13. Hər kim olursa-olsun haqsız, aldadıcı (fırıldaq) iş tutarsa, dərhal hesab istəniləcək.

14. Savaşdan kənar duran, ya da qaçan cəhənnəmə (tamuya) göndəriləcək.

15. Aman diləyənə qılınc qaldırmayacaqsan, sənə sığınana arxa çevirməyəcəksən.

16. Baş qaldıranın başı kəsiləcək (alınacaq), haqq istəyinin haqqı veriləcək.

17. Kimsə kimsəyə üstünlüyünü göstərməyəcək.

18. Kin və lovğalıqdan uzaq olacaqsan.

19. Məzluma mərhəmət, zalıma əzab hiss etdirəcəksən.

20. Zəifə, yaralıya, uşağa və qadına əl qaldırmayacaqsan.

21. Qızı istəyən, xaqan da olsa, bəy də olsa belə qız istədiyinə veriləcək.

22. Lazımsız yerə ağac kəsməyəcəksən, suyu çirkləndirməyəcəksən.

23. Bilməyib yalandan bildim deməyəcəksən, dərdini (müşgülü) bilənə (anlayana) danışacaqsan.

24. Bu günün işini sabaha buraxmayacaqsan.

25. Eyib (səhv) görməyəcək, eyib (səhv) axtarmayacaqsan.

26. Güclü ikən əfv et, zəifkən səbr et.

27. Yazğına (qədərinə) asi olma

28. Etdiyin yaxşılığı unut, sənə edilən yaxşılığı unutma.

29. Hər kəs ədalətlə iş görəcək.

30. Hər nə edirsən et, ancaq mühakimə olunacağını heç zaman unutma.

31. Xalqına yad olma, ipəyin əlasına, sözün tərifinə aldanma, onlarla süslənmə.

32. Xaqan odur ki, ədaləti üstün tutsun, törəni yaratsın. Törə yox olarsa, El (dövlət) yox olar. El (dövlət) olmazsa, budun (xalqın) qul olar.

33. Ey, Türk Oğuz bəyləri, ey millətim, eşidin!  “Üstdə mavi göy çökmədikcə, altda yağız (sarı) yer dəlinmədikcə sənin Elini və törəni kim poza bilər?..”

Titrə və kəndinə dön!

Dədə Qorqud buyruqları

Ey oğul!

– Biləsən ki, danışan, düşünən, anan, atan, həyat yoldaşın, dostun və sənin kimi şəkillənmiş olan hər varlıq insandır.

Lakin adam deyildir, igid deyildir.

Ər (kişi) deyildir.

Adam olan, igid olan, ər olan arxadan vurmaz, oğul!

Ha söz ilə, ha silah ilə… ha qəlbindən, ciyərindən, ha diqqətsizliyinlə, amma arxadan vuran ər olmaz, oğul!

-Sənin yanına yalanla gələni sən ilan say.

-Yalanı dost edəni, sən dost etmə…

-Dilini yalana alışdırma…

-Hədəfinə çatmaq istəyirsənsə ox kimi ol…

Amma yay olma, çünki yay nə qədər gərilirsə gərilsin, sonunda yerində qalacaq. Oxsa hədəfə çatır.

Yayı gərən əl də sən ol…

Sən ol ki, hədəfi qaçırmayasan…

Elə oxlar var ki, hədəfindən sapmış, özünü vurmuşdur.

– Dünya dönər. Dünya döndükcə hesab da dönər.

– Varlığınla öyünmə, darlığına gücənmə…

– Dünya döndükcə sən bilmədiyin olur, görmədiyini görürsən…

– Olduğundan sıyrıldıqda, gördüyünü unudarsan…

– Böyük tufanlar xəfif əsməklə başlar, xəfif əsməklə də bitər…

– Hər kəs görəcəyini görür və sonra əslinə dönür…

-Xanla dünya tamam olsa idi, bu gün sənə yer qalmazdı…

Bəy də bir, kəndli də… Dünya dönür oğul, döndükcə önünə ölüm gəlir…

-Hər şeyin döndüyü bu dünyada “mən dönmürəm” deyə bilməzsən…

-Hər kəs dönür oğül, amma kimi bataqlığa, kimi çır-çırpı arasına… kimi dəryadan, kimi gül bağçasından dönür…

Olacaqsansa dəryadan dönən köpük ol.

Dönəcəksənsə gül bağçasından dönən qoxu ol…

-Toza, torpağa bürünmə, çamurda, bataqlıqda sürünmə…

-Dilinə diqqət et, belinə diqqət et…

-Elinə diqqət et… qul haqqı ilə dönmə…

Yalanla, riya ilə, iftira ilə, qeybətlə dönmə…

-Zalımı sevmə, zalıma meydan vermə…

-Başqa bir işin yoxdursa, doğrusu var… Doğru ol.

-Əyil, amma sürünmə. Alçaq könüllü ol, amma alçalma.

-Yer və göy… Yerdəkilər və göydəkilər.

Və Uca Tanrı şahid olsun ki;

Sən ər olduqca, igid olduqca, adam olduqca…

Və səndən  olanlar, sənin yanındakılar belə olduqca türk millətinin kürəyi yerə dəyməz!

Buyruqları müasir dövrdə, yəni indi nəzərdən keçirəndə adi və bəsit görünə bilər, lakin dövrünə görə bu törələr mükəmməl olub, bütün toplumu idarə edə bilirdi. Törələrin təsnifatına fikir verdikdə, burada toplumu idarə etmək üçün bütün maddələr movcuddur. Birinci iki buyruq (müasir dildə desək, maddə inanca aiddir. Üçüncü  buyruq isə özündə dövlət quruluşunu ehtiva edir. 33 buyruqda bundan başqa hüquq, sosial, ekoloji, etik, mənəvi maddələr də var, bir sözlə dövrün şərtlərinə görə toplumu idarə etmək üçün bütün şərtlər var.

Burada, əsasən diqqəti türk qadınlarına yönəltmək istərdim, yaxud sosial təbəqədə onların tutduğu yeri də göstərmək lazımdır. O zamanlarda deyildiyi bir kəlməni bir daha xatırlatmaq istərdim: “Ər (kişi) ordu qurar, xatun dövlət”. Fikir verdinizmi, qadının yeri toplumda görün nə qədər yüksəkdədir ki, hətta törəyə salınır, buyruq ona sayğı göstəməsini tələb edir. Bu, o zamanlarda idi ki, başqa xalqlarda qadının heç bir hüququ yox idi. Buna səbəb də vardı.

Türk mifologiyasında qadın yaradıcı hesab olunur.

Türk toplumunda qadının yeri

1. Türklərin ən əski dastanlarından biri olan “Yaradılış” dastanında Yaradana ilham verən “Ağ Ana” adlı qadındır.

2. Oğuz xaqanın xoşbəxt həyat yoldaşlarından biri mavi işıqdan, digəri isə müqəddəs ağacdan doğulmuş fövqəladə qadınlardır.       

3. Orxon-Yenisey kitabında Bilgə Xaqan “Sizlər, anam Xatun, nənələrim, xala və bibilərim, qız şahzadələrim…” sözləri ilə xitabına başlayır.

4. Əski türk inancına görə “Xan və Xatun” göy və yerin uşaqlarıdır. Qadının yeri göyün yeddinci qatıdır.

5. Əski türk dastanlarında qadın ərinin (erkəyinin) həmişə yanındadır. Qadın ərinin güc və ilham qaynağı hesab olunurdu.

6. Türk dastanlarının qəhrəmanları yaxşı at çapan, yaxşı savaşan, ox atan, qılınc çalan qadınlarla evlənmək istərdilər: “Dədə Qorqud” dastanında belə nümunələr çoxdur.

7. Əski bir türk sözü: “Birinci zənginlik sağlıqdırsa, ikinci zənginlik yaxşı bir qadındır”.

8. Savaşda qadınların düşmən əlinə keçməsi böyük utanc hesab olunurdu.

9. Oğuz Xaqan dastanında deyildiyi kimi (bu həm də törədə qeyd olunub) zorlamağa cəhdin cəzası edamdır.

Ərəb səyyahı Əhməd ibn Faldan, türklərin təcavüzdə günahlandırılan bir nəfərin ayaqlarının çarpaz bağlanması və ipi kəsdikdə şaqqalandığı edamından yazır.

10. Ərəb səyyabı ibn Batuta yazır: “Burada xəfif bir işin şahidi oldum ki, o da türklərin qadınlarına göstərdiyi hörmətdir”. Buradakı qadınların hörməti, izzəti və dərəcəsi kişilərdəkindən daha üstündür.

11. Xaqanın buyruqları, yaxud hökmləri yalnız “Xaqan buyurur ki…” ifadəsi ilə başlardırsa keçərli qəbul edilməzdi.

12. Xarici dövlətlərin qəbulunda xatun da xaqanla bərabər olurdu. Ziyafət və mərasimlərdə qadın xaqanın solunda oturur, siyasi fikirlərini bildirirdi. Misal üçün, Hun imperatorluğun adından Çin ilə barış anlaşmasını Mete xanın xatunu imzalamışdı.

13. Əbdül Qazi Bahadır xan “Şəcəreyi Tərəkəmə”də Oğuz  elində yeddi qızın uzun illər bəylik etməsindən yazır.

Bunu Qaraxanlı dövlətinin Dehli sultanlığına aid etmək olar.

14. Qadının ucalığını simvolizə edən daha bir misal. Altay dağlarının ən yüksək zirvəsinə “Qadınbaşı” adı verilmişdir.

15. Əski türklərdə qadın miras haqqına sahibdir. Qadının özünə məxsus mal-dövləti olurdu və o, bunu istədiyi kimi idarə edər, yaxud dağıda bilərdi.

16. Əski türklərdə kişi qadınını boşaya bildiyi kimi, qadın da ərini boşaya bilərdi.

Digər toplumlarda qadına münasibət

1. İngiltərədə XI əsrə qədər kişilər arvadlarını sata bilərdilər. Xristianlar isə qadına şeytan gözü ilə baxmışdılar. İngiltərədə qadın murdar varlıq sayıldığı üçün İncilə əl vura bilməzdi. Qadınlar İncili oxuma haqqına henri dövründə (1509-1547) sahib olmuşlar.

2. İngilis yepiskopu Dour 1888-ci ildə Vestminstr kilsəsində vaaz verərkən söyləmişdir: “Bundan yüz il öncə qadının ərinin süfrəsinə oturmaq haqqı olmadığı kimi, soruşmadan da sözə başlaması qadağan idi. Erkək usaqlar isə analarına xidmətçidən artıq dəyər verməzdilər.

3. Çində boşanma haqqı yalnız kişiyə aid idi.

4. Buddizmin banisi Buda isə başlanğıcda qadınları dininə qəbul etməmişdi.

5. Roma hüququnda qadın şəxsi malına hökm verə, vəsiyyət edə bilməzdi. Roma hüququ qadını yetişmiş saymırdı. Dul qadının ərə getməsi günah idi.

6. Cində yeni doğulan uşaq oğlan idisə, bahalı kumaşlara, qız idisə bez parçaya bükülürdü.

7. İranda qanlarını pozmamaq (dəyişdirməmək) üçün yalnız yaxın əqrabalarla evlilik uyğun görülmüşdü.

8. Cəhaliyyət dövründə qız uşaqlarını diri-diri basdırmaq adət idi.

9. XX əsrin əvvəllərində Avropada qadın seçki hüququndan məhrum idi. Bizdə isə 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti yaranar-yaranmaz qadınlara seçmək və seçilmək hüququ verildi.

Türk qadınları heç zaman üzlərini gizlətmir və islam qaydalarına uyğun hərəmxanada günlərini keçirmirdilər.

Onlardan bir neçəsini yadımıza salaq.

1.Tomris xan.

Herodot da özünün “Tarix” kitabında sahədət gətirir ki, e.ə. VI əsrdə bu qadın sakiq (iskit, massaget)-in hökmdarı olmuş Əhəməni hökmdarı Kirə qarşı vuruşmuş və üzərində parlaq qələbə qazanmışdır.

Herodot yazır ki, massagetlər Arazın o tayında yerləşirdilər və tez-tez əhəmənilər səltənətinə yürüşlər və basqınlar edir, ölkəni yağmalayırdılar.

Kir bu yürüşlərə son qoymaq və massagetlər ölkəsini ələ keçirmək üçün elçilərini göndərib onunla evlənmək təklifini bildirir. Lakin Tomris xan Kirin hiyləsini anlayır və təklifi rədd edir, çünki dövrün qaydalarına görə Əhəməni hökmdarı ilə evləndiyi zaman tabeliyində olan ölkələr də Kirin əlinə keçəcəkdi.

Bundan qəzəblənən Kir Tomrisi döyüşə çağırır.

Yeri gəlmişkən, Herodot qeyd edir ki, İskit bayramı olan “Apatur”u yunanlardan ionlar keçirirdilər. Bu söz “apa” və “tur”dan ibarətdir. İskitlərdə, o cümlədən də massagetlərdə geniş qeyd olunurdu. “Apatur” “apa”, “ana” sözündəndir. İskitlərdə Babayın (Zevsin) arvadı belə adlanır. Herodot onu Heya ilə eyniləşdirir. Bu bayrama görə Tomris Kirlə döyüşə oğlunu göndərir. Lakin Kir Tomrisin oğlu Sparqapisə hiylə işlədir. Onun qoşunları Arazı keçərək bir günlük məsafədə ən zəif döyüşçülərini, ərzaq və çoxlu şərab tuluqlarını orada qoyub geri çəkilir.  Massagetlər qələbə qazandıqdan sonra düşmənin qərargahında qalmış yeməkləri görüb kef etməyə başlayırlar. Doyunca yeyib, çaxır içirlər, sonra da yıxılıb yatırlar. (Necə də “Dədə Qorqud”da Qazan xan oğlu ilə içib dərin yuxuya getməsinə bənzəyir). Bu zaman əhəmənilər gəlib düşmənin böyük bir hissəsini qırır, Tomrisin oğlunu da əsir alırlar.  

Ardı burada: “Türk” etnonimi və törələri – YUNUS OĞUZ yazır

MÜƏLLİF: YUNUS OĞUZ

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“TÜRK” etnonimi və törələri- YUNUS OĞUZ yazır

Türk törəsi nədir?

(yeddinci yazı)

ƏVVƏLİ BURADA: “TÜRK” etnonimi və törələri – YUNUS OĞUZ yazır

Yuxarıda qeyd etdiyimiz kimi törə anlamı səndən yuxarıda duran, ocaq başında oturan, yazılmayan, yəni şifahi olaraq ağızdan-ağıza keçən bəylikləri, eli (dövləti) idarə edən əsas qaydalar toplumudur. Bir sözlə, müasir dildə desək, toplumda siyasi və sosial həyatı müəyyənləşdirən, düzən verən və yazılı olmayan hüquq  qaydalarına törə deyilir.

Törə bütün irqləri və dinləri özündə birləşdirən azadlıq verən, sosial münasibətləri müəyyənləşdirən, insanların nizamını avtoritetə bağlayan, milli barış və bərabərliyi qoruyan mədəni bir qurumdur.

Türk törəsində hər kəsin toplum içindəki yeri, sırası və vəzifələri bu qaydalarla müəyyənləşdirilirdi.

Törə haqqında araşdırmaçı alimimiz Əkbər N.Nəcəf özünün “Səlcuqlu dövlətləri və Atabəyləri tarixi” kitabında yazır: “Ailədən (ocaq) dövlətə (il/el) qədər adlarını çəkdiyimiz türklərdəki bütün bu sosial-ictimai cəmiyyət formasiyaları, təşkilat və qurumları yazısız qanun hesab edilən “törə/türə” ilə idarə edilirdilər. Qədim türk kitabələrində “törü” şəkilində keçən bu sözün mənası “qanun-qayda, nizam idi”. Ayrıca olaraq türk törəsi cəmiyyətin mövcudluğu və nizamını qorumaq üçün dilənçiliyi, əyyaşlığı, avara gəzməyi, vəfasızlığı, cahilliyi, tənbəlliyi və cəmiyyət üçün yad olan ünsürləri,  onun nizamını pozacaq hər bir nəsnəni yaxına buraxmır və özündən kənarlaşdırırdı.

Türk törəsinin özəllikləri

1.Yazılı deyil, şifahidir.

2.Dildən dilə, qulaqdan qulağa, nəsildən nəsilə keçərdi.

3. Xaqan da daxil olmaqla hər kəs əməl etməlidir. (Bu da onu göstərir ki, hüququn üstünlüyü əsasdır).

4. Adət və ənənələrin, milli əxlaqın pozulmasının qarşısının alınması, dinin qorunması və digər məsələlər qurultay və xaqandan soruşulur. Bu da onu deməyə əsas verir ki, Türk dövlətləri heç zaman teokratik olmayıblar.

5. Dövrün şərtlərinə görə törənin bəzi müddəaları qurultayda dəyişə bilər.

6. Törənin aşağıdakı maddələri heç zaman dəyişə bilməz.

– Ədalət

– Yaxşılıq

– Düzlük

– İnsanlıq

7. Törə hökmlərinə görə cəza dövlət tərəfindən verilir. Heç kim heç kimə özü cəza verə bilməz. Bu da toplumda qan davasını əngəlləyir, barış və huzur üçün vəsilə olur.

8. Türk törəsində uzun sürən həbs cəzası yoxdur.

9. Türk törəsində dövlətə qarşı üsyan, əsgərlikdən qaçmaq, adam öldürmək, oğurluq, təcavüz kimi gunahların cəzası edam idi.

10. Törələri saya almayan adamları hakim müəyyənləşdirir və xaqanın başçılıq etdiyi məhkəmədə hökm verilir.

11. Türk törəsi uygurlar tərəfindən yazılı hala gətirilmişdir.

Amma bizim əlimizdə daha bir, Orxon-Yenisey abidələrində yazılmış, bir-birindən çox da fərqlənməyən daha bir törə var. Eyni zamanda, deyilənə görə, Oğuz Xaqanın 33 maddəlik buyruğu da mövcuddur. Həmçinin törəyə bənzər, lakin törə adlanmayan Dədə Qorqudun da buyruqları var. Bunların hamısını aşağıda sizin diqqətinizə çatdıracağıq.

Törə qaydaları

Qayda 1 – Təbiətsevərlik

Cəmiyyətdə yaşayan qocalar və gənclər təbiətlə bütünlük təşkil edirlər. Heç kim bitkilərə, suya, havaya zərər verməməlidir. İqlimlərin dəyişməsinə xüsusi önəm verilərdi. Sağlam baş sağlam bədəndə olar, deyə faydalı və təbii yeməklərlə qidalanar, bədən və hərbi təlimlərə önəm verərdilər.

Qayda 2 – Qadın haqları

Ailə içində qadın və ər eyni hüquqlara sahibdirlər. Ər bir qadınla evlənə bilərdi. Türk törəsində mövsümə və hava durumuna, eyni zamanda köç edəndə, səfərə çıxanda, yaş və toylara uyğun olaraq qiyafət geyinərdilər.

Qayda 3 –  Fəzilət (ərdəmlik)

Türklər və Türk səlahiyyəti altında yaşayan hər kəs güvənlidir. Hər kəs qorunur, eyni zamanda çalışqan və usta olmalıdır. Türk törəsi digər qəbilələrin və millətlərin üzərində əxlaq dəyərlərilə ölçülür. Su qaynaqları hamı üçün bərabərdir. Su satılmaz. Kimisə sevmək adam öldürməkdən ayıb deyil. Cinsi təcavüz əsla ola bilməz və bunu heç kim cəsarət edib ağlından keçirə bilməz, çünki bu, törəyə görə ağır cəzalandırılır. Dövlətə zərər vermək, ideallarına alçaltmaq, əxlaqi dəyərləri gözdən və qiymətdən salmaq, sirr saxlamamaq da eyni şəkildə cəzalandırılır.

Qayda 4 – Ədalət

Türk törəsində cəzalar çox qətidir. Bütün toplum bunu bilir və əməl edir. Hər hansı boy, yaxud tayfa bəyi qurultaylarda xandan və ya xaqandan hesab soruşa bilər. Hər kəs (yönəltiçi və yönəldilən) çiyin-çiyinə çalışır, bir-birlərinin qarşısında cavabdehdirlər. Şərqə, günəşə baxan evlərin qapısı kilidlənməzdi. Çadırlarda isə iqlimə uyğun qapılar qoyulurdu. Oğurluq yoxdur. Xaqan bəlli bir gündə evini  əhaliyə yağmalatdırırdı. Əski türklərdə günah iki yerə bölünürdü.

“Şərəfli” günah.

“Şərəfsiz” günah.

Türk törəsinə qarşı çıxan xanədan mənsublarına ölüm cəzası verildikdə, onun yayının sicimilə (kiriş) boğulurdu. Namussuzluğun, iffətsizliyin cəzası ölüm idi.

Qayda 5 – Ailə

Böyüklərə hörmət, sayğı, kiçiklərə şəfqət və sevgi mütləqdir. Bu toplumun inşa etdiyi təməl nöqtəsidir. Bu pozularsa, törələr pozular, toplum dağılardı. Ana və ata uşaqlara çox kiçik yaşlarından başlayaraq törə qaydalarını və qazanılan bilgiləri öyrədirdilər.

Qayda 6 – Etika anlayışı

Toplumun faydası üçün, əgər bu dürüst və doğru fikirdisə, önü açılar, dəstək verilər. Bu fikir yönətmən tərəfindən idarə olunar. Törədən kənarda özündən razı olan, xudpəsənd və kimsəni bəyənməyən insan, yaşı nə qədər olursa olsun toplumdan kənarlaşdırılır. Heç kimsə onunla danışmaz, süfrəyə dəvət edilməzdi. Obadan çıxarılması əsas şərtdir.

Qayda 7 – Azadlıq, (özgürlük), müstəqillik Türk ulusunun (xalqın)  türkdən başqa yiyəsi olmaz. Türk hürr yaşamağa öyrənib.

Qayda 8 – İnanc

Türk dövlətinin dini yoxdur. Törəyə görə bütün dinləri qəbul edənlər bərabər və xoşbəxt yaşamışlar. Türklər din sümürgələrinə dayanan bütün iqtidarların yıxıldığını görmüşlər. Törə dinin sümürməsini heç vaxt əfv etməz. Din sahibləri siyasətə qarışmamalıdır. Qarışanda xalq dağılar, dövlət çökər.

Qayda 9 – İdarəetmə

O zamanlarına görə türklərdə dövlətin idarə olunması ən demokratikdir. Dövlətin idarə olunmasında törə əsasdır. Dövlət yurddaşlarının pulsuz  əlaqələrini, sağlamlığını, təhsilini və güvənliyini qoruyur. Bu baxımdan İpək yolunda (Asiya və Avropada) minlərlə xidmət karvansarayları ilə dolu olurdu.

Qayda 10 – Mədəniyyət

Türklər digər mədəniyyətləri yaxına buraxmaz, təqlid etməz, onların paltarlarını geyinməz, adət və ənənələrini sevməzdilər. Dəbdəbəyə və özünü göstərməyə (lovğalanmağa) önəm verməzdilər. Qənaətcil olar, israfçılığa yol verməzdilər. Eyni şeyləri geyinər, yeyər və içərdilər. Fəlakət (qıtlıq, zəlzələ, sel, daşqın və s.) olduğunda isə bütün ağlı ilə birlik yarada və çətinliklərin öhdəsindən tez bir zamanda gələrdilər.

Qayda 11 – Təhsil

Uşaqlara  çox kiçik yaşlarından Türk törəsi öyrədilir. Savaşda və barışda nə edəcəkləri haqqında bilgilər verirlər. Xaqanların əmrlərini və hökmlərini onlara bilim adamları çatdırırlar. Xalq və bəylər cəsur, həm də hazırlıqlıdırlar. Əsas olaraq onlara türkü sevməyi öyrədirlər.

Türk törəsini kiçik yaşlarından başlayaraq sevməyin duyğusunu öyrədirlər.

Dövlət xidmətində, insanlara münasibətdə sayğı əsas götürülür.

Əsasən, ağır, ciddi, çox danışmayan, lazım gələndə az və sərrast danışan, soyuqqanlı, qəfil əsəbləşməyən, cəsur, əxlaqlı, əzmli, sözünə və vəzifəsinə sadiq, intizamlı, yalan danışmayan insanlar yetişdirilirdi. Ən önəmlisi isə topluma xəyanətin zərəri və cəzası öyrədilirdi.

Qayda 12 – Anlaşma və söz vermək

Türklər 5000 il öncə də dan yeri ağararkən, (qan qırmızı, şərab kimi) qan qardaşı olub, ömür boyu sözünün üstündə duracağına və bir-birlərinə kömək edəcəklərinə söz verərdilər.

Türklərdə söz vermək üçün özlərinə məxsus bir ritual keçirərdilər. Bunu şərab, yaxud qımız içərək edərdilər. Onlarda xüsusi bir söz demək yasaqdır. Söz vermək ən uca qanundur.

Türklər bütün dövlətlərini bu törə ilə qurmuşlar, onu pozanda yıxılmışlar.

Haşiyə. Dünyanın bir çox yerlərində fərdlər qarışılıqlı münasibətlərdə “Türk sözümü?” deyərlər, yəni sözün həyata keçirilməsi hökməndir. 

Bilge xaqan törəsi (yasası)

1.Tanrı (Yaradan) təkdir

2.Hər kəs Tanrıdan qut (can, yaxud xoşbəxtlik) almaq istərsə, başqasına yalvarmasın

3.Bir el (dövlət), bir xaqan,  bir Tanrı

4.Bir qına iki qılınc girməz. Bir xatun iki ər ala bilməz və bir budunda (xalq) iki törə ola bilməz. Törə təkdir. Törə qəti və kəskindir. Kim ki, törəyə uya ( adət-ənənəyə əməl  etsə) kutlanır, kim ki, törəyə kıya  ( adət-ənənəyə əməl  etsə şöhrət qazanar)katlanır.

5.Kimsə törədən üstün deyildir. Dirilik və birlik üçün törə budur.

6.Bir çoban sürüsünə, bir kişi ailəsinə, bir xaqan xalqına görə sorumludur.

7.Hər kişi (ər) qadınına, atına, silahına sahib çıxacaq.

8.Ana-ataya və babaya təzim (sayğı) göstəriləcək.

9.Hımsına (hər iki tərəfdən anaya, ataya, bacıya, qardaşa) sarılacaq, qonşunu gözləyəcəksən.

10.Ər kişi yalan söyləməyəcək.

11.Mal çalan (oğurlayan), mülk əvəzinə mislilə ödəyəcək. Hesabı ya malı, ya da canı ilə ödəyəcək.

12.Kimsə zorlamağa cəhd edərsə canından (edam) olacaq.

13.Hər kim olursa olsun, haqsız, aldadıcı (fırıldaq) iş tutarsa dərhal hesab istəniləcək.

14.Savaşdan kənar duran, ya da qaçan cəhənnəmə (tamuya) göndəriləcək.

15.Aman istəyənə qılınc qaldırmayacaqsan, sənə sığınana arxa çevirməyəcəksən.

16.Baş qaldıranın başı kəsiləcək (alınacaq), haqq istəyənin haqqı veriləcək.

17.Kimsə kimsəyə üstünlüyünü göstərməyəcək. Nə ağ ətin qaradan, nə qaranın qızıldan, nə qızılın sarıdan fərqi olmayacaq.

18.Kin və lovğalığdan uzaq olacaqsan.

19.Məzluma mərhəmət göstərəcək, zalıma əzab hiss etdirəcəksən.

20.Zəifə, yaralıya, uşağa və qadına əl qaldırmayacaqsan.

21.Qızı istəyən, xaqan da olsa, bəy də olsa belə qız istədiyinə veriləcək.

22.Lazımsız yerə ağac kəsməyəcəksən, suyu çirkləndirməyəcəksən.

23.Bilməyib yalandan bildim deməyəcəksən, dərdini (müşgülü) bilənə danışacaqsan.

24.Bu günün işini sabaha buraxmayacaqsan.

25.Eyib (səhv) görməyəcək, eyib (səhv) axtarmayacaqsan.

26. Güclükən əfv et, zəifkən səbr et.

27. Qədərinə (yazgına) asi olma.

28. Etdiyin yaxşılığı unut, sənə edilən yaxşılığı unutma.

29. Hər kəs ədalətlə iş görəcək.

30. Hər nə edirsən et, ancaq mühakimə olunacağını heç zaman unutma.

31. Xalğına yad olma. İpəyin əlasına, sözün tərifinə aldanma, onlarla süslənmə.

32. Xaqan odur ki, ədaləti üstün tutsun, törəni yaşatsın. Törə yox olarsa, el (dövlət) yox olar. El (dövlət) olmazsa, budun (xalqın) qul olar.

33. Ey, Türk Oğuz bəyləri, ey millətim, eşidin! “Üstdə mavi göy çökmədikcə, altda yağız (sarı) yer dəlinmədikcə, sənin Elini və törəni kim poza bilər?”.

Ardı burada: “TÜRK” etnonimi və törələri- YUNUS OĞUZ yazır

MÜƏLLİF: YUNUS OĞUZ

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Olaylar” qəzetinin 30 yaşı qeyd edildi – Video

“Olaylar” qəzetinin 30 yaşı qeyd edildi- Video

Bu gün Mətbuat Şurasında “Olaylar” qəzetinin 30 illik yubileyi ilə bağlı toplantı keçirilib.

“Olaylar” İnformasiya Agentliyi 24 aprel 1994-cü ildən fəaliyyət göstərir.

Olaylar.az Azərbaycan dilində on-line xəbər saytıdır. Saytda “Olaylar” İA-nın və “Olaylar” qəzetinin xəbərləri, siyasət, sosial, mədəniyyət, şou-biznes, idman, kriminal, Güney Azərbaycan, din və digər mövzularda araşdırma yazıları, analitik təhlilləri yerləşdirilir.

“Olaylar” İnformasiya Agentliyinin direktoru və “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuzdur.
YAZARLAR olaraq, dəyərli dostumuz Yunus Oğuzu və “Olaylar” kollektivini bir daha təbrik dirik! Uğurlarınız bol olsun!

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“TÜRK” etnonimi və törələri – YUNUS OĞUZ yazır

“TÜRK” etnonimi və törələri

(altıncı yazı)

Əvvəli burada: “TÜRK” etnonimi və törələri – YUNUS OĞUZ yazır

Avarların Qara dəniz sahillərinə gəlməsi də maraqlı bir dövrü əhatə edir. Eramızın VI əsrində başda İstemi xan olmaqla göytürklər Qərbə yürüş edirlər. Göytürklərdən qaçan avarların vəziyyəti ilk baxışdan çox pis görünür. Çünki arxadan güclü bir ordu gəlirdi. Odur ki, onların əsas məqsədi göytürklərdən daha uzaq məsafədə olmaq idi. Bu zaman Orta Asiyada eftalitlər fəallaşmağa başladılar və İstemi xanın  fikrini avarlardan yayındırdılar.

Göytürklərdən yayınan avarlar özlərinə müttəfiq axtarmağa başladılar. Onlar alan başçısı Sarosdan Bizansla dostluq əlaqələrinin qurulmasını xahiş etdilər. Alan başçısı Saros avarların Bizansla əlaqə qurmasına kömək etdi və avar səfirini Konstantinopola göndərdi. Amma Bizans paytaxtında Yustinianın avarlara  münasibəti birmənalı olmasa  da  və   onlara inamsız yanaşsa da, cavab olaraq imperator onların məskunlaşdığı bölgəyə müxtəlif hədiyyələrlə birlikdə səfir göndərir və təklif edir ki, avarlar, imperiyanın əzəli düşmən olan sasanilərin üzərinə hücum etsinlər. İmperiyanın düşmənləri üzərinə yerimək əvəzinə avarlar müttəfiqlərinin üzərinə hücuma keçirlər..

VI əsrin ortalarında avarların birinci qurbanı sabirlər oldu, hansı ki, sabirlər onların yeni bir xalq kimi qəbul edərək “var” adlandırırdılar. Bu anlaşılmazlıq avarların tam qələbəsini təmin etdi. Daha sonra avarlar Bizansın müttəfiqlərini bir bir sıradan çıxarmağa başladı. Qafqazda əgər avarların müttəfiqləri alanlar idisə, Qara dəniz sahilində kuturqurlar onları daim dəstəkləyirdi.

Sabirlər tərəfindən avarların “var” adlandırılmasını L.N.Qumilyov “böyük olmayan linqvistik səhv” adlandırır. Lakin bu fikirlə razılaşmamaq da olar. Belə ki, göytürklər də avarları “varxunit” adlandırır. Məsələn, L.N.Qumilyov Bizans tarixçisi Menandra istinadən yazır:

“Türksanf səkkiz əylətdən birinin knyzı idi və o, Bizans səfiri Valentini qəbul edərək deyir: “Sizin şah zamanı ələndə cəzalanacaq ona görə ki mənimlə dostluq söhbətləri etdiyiniz halda, qullarım olan varxuintlərlə… (avarları nəzərdə tuturdu – L.N.Qumilyov) müqavilə bağlayırsınız. Amma varxunitlər (türküt – LN.Qumilyov – göytürk – Y.O.) türkün təbəəsi kimi, mən istədiyim zaman yanıma gələcəklər…” 

Bu zamandan başlayaraq avarlar artıq Mərkəzi Avropaya sahiblik edirlər. Avarlar o qədər güclənmişdilər ki, Bizans imperiyasından və Avropanın digər ölkələrindən bac alırdılar. Hətta birinci avar xanı Bayan 10 min kuturquru Bizansın üzərinə göndərmişdi.

Biz bilərəkdən VI əsrdə avarların fəaliyyəti haqqında bir qədər geniş yazdıq, hərçənd “var” və “varxunit” etnosları, onların müqayisəli analizi ilə də kifayətlənə bilərdik. Lakin bizi məsələnin başqa tərəfi daha çox maraqlandırır. Nəzərə alaq ki, L.N.Qumilyovun qeyd etdiyi “var/varxuintlər”, yaxud avarlar VI əsrdə Avropada kifayət qədər möhkəmlənmişdilər. İstemi xanın əlindən qurtulan avarlar, əvvəlcə Şimali Qafqaza, sonra Don sahillərinə, daha sonra isə Qara dənizin şimal hissələrinə və Mərkəzi Avropaya qədər gedib çıxmışdılar.

Beləcə məntiqi bir sual meydana gəlir; Strabonun Avropanın qərbində yerləşdirdiyi var-avarlar nə zaman buraya gəlib çıxıb? Burada var-avarlar nəinki yaşamış, hətta Varon adlı şəhər də salıblarmış. VI əsrdə göytürklərin əlindən qurtulan, Şərqdən Qərbə böyük axın edən avarlar imperiya qurmamışdan 600 il öncə, sən demə var-avarlar Avropada yaşayırlarmış. Haradan gəlibmiş bura var-avarlar? Bəlkə onlar aborigendilər? Yaxşı dalan olsa da çıxış yolunu tapmaq çox çətindir. Amma mümkündür. Türklərin Şərqdən Qərbə axınından öncə, tarixin müəyyən qırılmış anında Qərbdən Şərqə böyük türk axınları olmuşdur.

Eramızdan çox-çox əvvəllər Avropada yaşamış var -avarların bir hissəsi hansısa səbəbdən (bu səbəblər müxtəlif ola bilər; müharibə və quraqlıq təbii fəlakət – sel, daşqın, zəlzələ və sair) Şərqə köç etmiş və sonradan bu kontekstdə olduğu kimi, göytürklərin təzyiqi nəticəsində məğlub olaraq yenidən Qərbə köç edib, bu dəfə böyük imperiya qura bilmişlər.

Bunun səbəbini L.N.Qumilyov belə göstərir:

“Bizi etnosun tarixi, etnogenezi – etnosların yaranması və yox olması maraqlandırmalıdır. Belə ki, birincisi bizə qədər etnosların  yaranma və yox olma prosesi açılmamışdır, ikincisi isə bu prosesi açıb göstərmək üçün bizə o material lazımdır ki, arxiv məlumatları ondan imtina edir. Belə olduqda problemin həllinə yaxınlaşa bilərik. Beləsi isə tarixi hadisələr, onların əlaqələri və ardıcıllığıdır” .

Bu tarixi hadisələri, onların əlaqə və ardıcıllığını L.N.Qumilyov “Qədim türklər” kitabında gözəl verir,ancaq bir xətt üzrə – Şərqdən Qərbə axın üzrə. Əks proses yoxdur. O yazır:

“…Beləliklə, türkütlər (göytürklər-Y.O.) ilyarım ərzində bütün Mərkəzi Qazaxıstanı, Yeddisuarasını və Xarəzmi özlərinə tabe etdilər. Sonra da çox çətinliklər başladı. Aral dənizinin şimalında göytürklər, xuni, var və oqor tayfalarının müqaviməti ilə üzləşdilər. Yalnız 558-ci ildə bu tayfalar darmadağın edildi və türkütlər (göytürklər – Y.O.) Volqaya çıxıb, onlara tabe olmayanları bu yerlərdən qovub uzaqlaşdırırdılar. Bu var və xuni tayfalarının 20 min adamı qalmışdır ki, sonradan bu iki tayfa birləşərək avar adını aldı”. Göründüyü kimi L.N.Qumilyov tarixi prosesləri, etnosların yaranmasını ardıcıllıqla versə də, bu birtərəfli olub. Ola bilməzdi ki, hörmətli professor Q.Stratanovski tərəfindən 1964-cü ildə tərcümə edilmiş “Coğrafiya” kitabı ilə tanış olmasın. Bu kitabda göstərilən türk toponimləri, hidronimləri və etnonimləri nəzərdən keçirilməsin. Sual açıqdır.

Strabondan   iqtibas çəkdiyimiz sətirdə o “bermet”lərin də adını çəkir. M.Kaşğaridə “ber”dən yaranmış sözlər aşağıdakı mənaları verir:

“Ber = vermək, gəlmək 

Beriqsə = vermək, istəmək 

Beril = verilmək 

Bergə = qamçı, qırmanc (bərkə)

Berklək = qorutdurmaq 

Bert = ağanın kölədən aldığı vergi.

“Qədim türk sözlüyü”ndə “ber” sözü demək olar ki, eyni mənaları verir.

Ber = vermək, təqdim etmək, bağışlamaq.

Ber = ərə vermək (qızımin qalinsiz bertdim – qızımı ərə verəndə qan bahasını almadım).

Ber = ödəmək

Beri = bura

Berkit = möhkəmləndirmək, tutmaq

Bert = ağanın kölədən aldığı vergi

Bertü = gödəkcə

Berü = bura”.

Eləcə də Strabonun qeyd etdiyi “bardul”lar da az maraq kəsb etmir. Bu sözün açmasını iki mənada vermək olar. Belə ki, “bardul” sözünü bar+dul, həm də bard+ul kimi oxumaq olar. “Bard” sözündə “a” hərfinin “o” hərfinə fonetik dəyişməsi nəticəsində “börd” kimi də oxuna bilər.

Bəllidir ki, saitlər sistemində tarixi dialektologiya baxımından gözə çarpan xüsusiyyətlərdən biri o – a səs uyğunluğu ilə bağlıdır. Müasir türk dillərində bir sıra sözlərə (avlax, çavqun, qavurma) yazılı mənbələrimizdə o – a formasında təsadüf edilir. Məsələn, “ov” sözü “Dədə Qorqud”da “av” kimi oxunur; “av ovlayıb”, “ava çıxdı”, “qara qavurma” (100) və s. yaxud, “Gözü can avutmağa xumar imiş” (Q.Burhanəddin), “Avlıxda bu gün avlar ikən yarə yoluxdum” (Xətai), “Əyninə geyib qırmızı, yalav-yalav yanır üzü” (Qurbani), “Avçısı olmuşam sən tək maralın” (101). Göründüyü kimi “a/o” səs əvəzləməsi nəticəsində “bard” sözü “börd” kimi də oxuna bilər. Bord/borü/buri isə qədim türk dilində “qurd” mənasını verir. Əlavə edək ki, qurd totemi “Dədə Qorqud” eposunda önəmli yerlərdən birini tutur. Məsələn, “qara başım qurban olsun qurdum sana”, “Azvay qurd əniyi erkəgində bir köküm var” və s. buna bənzər ifadələr əsatir vaxtlarda ulu babalarımızın qurdu soykök-totem saymalarına işarədir.

Daha sonra Strabon  Astur, Kallan, Saqobrid, Bilbilis şəhərlərinin adını çəkir.

Məlumdur ki, müasir Azərbaycan və digər türk dillərində bil-bilmək sözü çox geniş yayılıb. “Qədim türk sözlüyü”ndə “bil” sözü müxtəlif mənalar verir:

“1. Bil = bilmək

2.bil = öyrənmək, dərk etmək;

3. bil = məsuliyyət hiss etmək;

4.bil = bilmək, fikirləşmək;

5.bildür = xəbər vermək;

Bilgə = aqil, çox bilən;

Bilgə bilig = ağıllı, hər şeyi dərk edən” .

M.Kaşğaridə bu söz demək olar ki eyni mənanı verir:

“Bil = bilmək;

Bildüz = bildirmək, öyrətmək;

Bilməsin = bilirmiş kimi görünmək;

Bilgə = bilgə, ağıllı, müdrik, alim, hakim;

Biligsə = ağıllı olmağı istəmək”.

Yaddan çıxarmayaq ki, qədim şumerlərdən bizə gəlib çatan dastanın baş qəhrəmanı da Bilqamısdır. F.Ağasıoğlu  “Azər oğlu” kitabında bu barədə yazır:

“Bilqamıs adında “Gilikli” anlamı olduğu üçün şumerlər də bu qəhrəmanı “hər şeyi bilən”el başçısı kimi öygüləmişlər. Akkadlar da bu dastanın ilk misrasını “Dünyagörmüş barədə” sözləri ilə vermişlər. Bilqamısın adı türk dövlət başçılarına verilən “Bilgə” titulu ilə də izah oluna bilər, məsələn, 581-ci ildə göytürklərin batı qolunda xaqan elan edilən Tardu xaqan “Bilgə” titulu almışdı, məşhur Tonyukuk da bu titulu daşımışdır”.

Göründüyü kimi, təkcə Strabonun “Coğrafiya” kitabında nə qədər türkmənşəli hidronimlər, toponimlər, etnonimlər var. Onlardan bir neçəsini- Avropada göstərilən sözləri sizə təqdim edirik:

Toponimlər              Hidronimlər            Etnonimlər            Şəxs adları

Abu                                Akuti                      Akarnan             Aqis

Albiy                             Albiy                       Aliy                   Alet

Albu                              Albula                     Aksibiy              Arat

Alor                               Ana                          Albek                Bark

Alp                                Araq                         Aparn               Qarpaq

Apatur                           Asay                        Artabr                Palak

Arelat                            Atgis                        Arvak               Tarkon

Asta                              Atak                          Arver               Tarkvin

Burxani                        Bat                             Astur               Temen

Elatey                           Batiy                         Atamon            Timux

Et                                  Duriy                         Azan                 Tusnel

Etay                              İlissu                          Balar                Us

Evbey                           Kallant                       Bard            Tumelik

Girmin                          Qalat                          Bardul             

Xalkis                            Sal                            Dondar

Kalpa                            Taq                            Etrusk

Kamarin                        Tavr                          Gel

Kamik                            Tirren                       Karpatan

Karsul                            Var                          Kuri

Kumar                                                            Kimmer

Kor                                                                 Qaba

Kenay                                                             Parat

Kenoba                                                              Sabin

Menova                                                             Sakvan

Olbiy                                                                  Salas

Onoba                                                                Salar

Salas                                                                  Talar

Salqan                                                                Turdul

                                                                            Tusk

                                                                            Varaç

Biz hələ bu siyahını xeyli uzada bilərdik. Amma məqsəd bu deyil. Məqsəd odur ki, faktlar əsasında yazdığımız nəzəriyyəni bir daha sübut edək, yəni L.N.Qumilyovun “Şərqdən Qərbə axın” nəzəriyyəsi öz-özünə əhəmiyyətini itirmiş olur. Bu yaxınlarda işıq üzü görmüş “Şumer kilidi” kitabının müəllifi Rizvan Cəbiyev yazır:

“Türklərin Şumer əsilli olmasını əngəlləyən ən başlıca maneə – tarixdə ilkin geniş miqrasiyasının Qərbdən Şərqə deyil, Şərqdən Qərbə, yəni Orta Asiyadan Avropaya doğru olması barədə yanlış ideyadır. Şübhə etmirəm ki, bu ideyanı  siyasətçilər düşünmüş və “elm dəllalları”nın əli ilə həyata keçirmişlər. Məqsəd türkləri öz köklərindən qoparmaq və Orta Asiyanın qızmar günəşi altında “susuzluqdan” qurudub məhv etmək olmuşdur.  Amma yüzlərlə, minlərlə təkzibolunmaz dəlil bunun əksini sübut edir: xalqların ilk “Böyük köçü” batıdan doğuya doğru idi, yoxsa 6 min il əvvəl Nippurda və digər Şumer şəhərlərində tikilən çoxpilləli zikkuratların eynisini e.ə. I minillikdə Altun-Təpədə tapılmasını başqa nə ilə izah etmək olar?”

Türk dövlətlərinin yaranmasına gəldikdə isə professor Fazil Qaraoğlunun bu barədə maraqlı fikirlər vari: “İndiyə qədər aparılan tarixi araşdırmalar üzərində ən çox durulan və işlənən yerlər Ön Asiyadır… Tarixin qədim dövrlərində qurulmuş  bir çox dövlətlər və mədəniyyətlər vardır…

Türklərin ana yurdu Orta Asiya olduğuna görə tarixən qədim türk dövlətlərinin də buralarda qurulmuş olması təbiidir. Fəqət, Orta Asiyada aparılan araşdırmalar hələ o qədər də irəli getməyib. Çin və yunan mənbələrindən əldə edilən məlumatlar da m.ö. I və II minillərdən o yana aşa bilmir. Belə səbəblər ən qədim türk dövlətlərinin zaman ölçüsündəki sırasını və yerini hələlik Ön Asiyaya buraxmışdır. Bu etibarla tarixdə qurulmuş türk dövlətlərini sıralarkən isə Ön Asiya məmləkətlərindən başladıq”.

ARDI BURADA:  Türk törəsi nədir?

MÜƏLLİF: YUNUS OĞUZ

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“TÜRK” etnonimi və törələri – YUNUS OĞUZ yazır

“TÜRK” etnonimi və törələri

(beşinci yazı)

Əvvəli burada:  “TÜRK” etnonimi və törələri – YUNUS OĞUZ

Göründüyü kimi Strabonun İberiyada yerləşdirdiyi Tarrakon şəhəri tar/tor/tur termini ilə sıx bağlıdır və “tar”a yalnız türk dili anlamı tərəfindən yanaşıldıqda bu sözün mənasını başa düşmək olar.

Daha sonra Strabon yazır: “Tarrakondan yol İberdən keçərək Saqunta və Setabeyə girir”.

Saqunt şəhəri göründüyü kimi, “saq” etnonimi ilə sıx bağlıdır. Saqlar haqqında biz yuxarıda qismən bəhs etmişdik. M.Kaşğariyə görə sak / saq işdə huşyar, ayıq, zirək olan adama deyilirdi. Zirək adamlar eyni zamanda “sakər” adlanırdı, gözətçinin ayıq olması üçün söylənən söz sak-sak idi.

Maraqlıdır ki, istər Azərbaycan, istər Orta Asiya, istər Qara dəniz ərazilərindən tapılmış kurqan abidələrindəki arxeoloji materiallar eynilik təşkil edir. Bu da əsas verir ki, “iskit, saq, türk tayfaları bir mədəniyyətə – türk mədəniyyətinə malikdir” fikrini söyləyək.

Firidun Ağası oğlu “Qədim türk eli – saqa-qəmər boyları” kitabında yazır: “Başqa türk xalqları ilə bərabər azər xalqının təşəkkül tapmasında saqa boyları mühüm rol oynamışdır. Islamaqədərki tarixi qaynaqlar min ildən artıq bir dövrü əhatə edən bəlgələrlə saqa boylarının yayıldığı bölgələr, qurduğu dövlətlər, onların köçü, etnoqrafiyası, etnik gələnəkləri və mifologiyası haqqında zəngin məlumat verir”. Daha sonra F.Ağasıoğlu saqaların ilk dəfə harada məskunlaşdığı haqqında qədim qaynaqlara istinadən maraqlı mülahizələr irəli sürür:

“Azər xalqının qədim adını bildirən azlar (az ərlər) kimi qızıl və saqar boyları da Doğu ellərə Azərbaycandan getmişlər. Doğudakı qızıl boylarının bassaqar uruğu da “baş saqar” etnonimi ilə tanınır. Saqar və soqat boylarında fərq yalnız topluluq bildirən az/ıt şəkilçiləri olduğundan “baş saqalar” anlamını gerçəkləşdirən baş saqar və massaget etnonimi sinonim adlardır. Saqaların quzey və doğu ölkələrə Azərbaycan üzərindən keçib getməsini sübut edən faktlardan biri də Güney-Doğu Anadoluda bir neçə saqa yaşayış məskəninin Aşşur qaynaqlarında qeyd olunmasıdır. Belə ki, miladdan öncə XII əsrdə Van gölündən güneydə saqa adlı iki kənd və miladdan öncə VIII əsrdə Dəclənin yuxarı axarından Saka (Sakka) adlı yaşayış məskəni Aşşur qaynaqlarında yer almışdır.

N.V.Qriqoryev “Sakka” terminini iki “k” ilə “Skif xalqları saklar haqqında” adlı əsərində beş dəfə hallandırıb. D.Aytmuratov isə özünün “Türk etnonimləri” kitabında qeyd edir ki, “sak” etnonimini yalnız türk materiallar əsasında izah etmək mümkündür.

O, “sak” sözünü “hörmək” və “toxunmaq” anlamı kimi verir və bunu eyni zamanda, sakların saçlarının hörülməsi, yaxud saç forması ilə əlaqələndirir. Sakların – massagetlər Azərbaycanda, Araz çayının ətrafında yaşamasını Strabondan beş yüz il əvvəl yaşamış Herodot da təsdiq edir. O yazır:

“Köçəri iskitlər Asiyada yaşayırdı. Massagetlərlə savaşda məğlub olanda Araz çayını keçib kimmerlərin yanına köç etdilər (deyirlər iskitlərə məxsus olan ölkədə ta qədimdən kimmerlər yaşayırdılar)”.

“Asiya” dedikdə bəzi alimlər belə hesab edirlər ki, bu yalnız Orta Asiya, yaxud Mərkəzi Asiya ola bilər və Xəzərin qərb hissəsi isə Azovaqədərki böyük bir ərazi hesab edilə bilməz. Amma qədimdə möhtəşəm kitablar yazan müəlliflər belə hesab etmirdilər. Bu barədə strabon yazır:

“Tanaisdən (Rostov yaxınlığında bu qədim şəhərin xarabalıqları hələ də qalır, həm də Don çayının əski adıdır – Y.O.) və Meotiddən (Azov dənizi – Y.O.) tavrın o biri tərəfinə Asiya vilayətləri uzanır. Tavrın dağ silsiləsi Asiyanı iki yerə bölür… Yunanlar şimala doğru uzanan materikin bu hissəsini “İş Tavr”, cənuba doğru uzanan hissəsini isə “Dış Tavr” adlandırırlar. Tanais və Meotid ərazilərinə düşən vilayətlər Tavrın “iç” ərazisinə aiddir. Bu hissələrdən birincisi Kaspi dənizi ilə Evksin Pont (Qara dəniz – Y.O.) arasında yerləşir. Bu vilayətlər də Hirkan dənizi (Xəzər dənizi – Y.O.) Pont arasında Qafqaz da daxil olmaqla Meotid savromatları və savromatlar, iberlər və albanlar, həmçinin skif, axey, ziq və qenioxlar yaşayırlar; Hirkan dənizinin arxasında isə skif, girkan, parf, baktriy və başqalarının bir hissəsi yaşayır…”

Bu fikirləri Pompey Troq və Siciliyalı Diodor da təsdiq edir. Pompey troq yazır:

I kitab. (5) Tarixdə ilk dəfə Aşşur çarı Nin qonşu ölkələri tutmağa başladı (6). Doğrudur, daha qədim çağlarda Misir çarı Vezois və Saqat çarı Tunay da (bu hərəkətlərdə bulunmuşlar); Bunlardan birincisi Ponta, ikincisi isə Misirə qədər yürüş etmişdi.

II kitab. (3.1) Skitlər Asiya üzərində üç dəfə hökmranlıq etməyə nail olmuş, özləri isə nə məğlub, nə də başqasının hakimiyyətinə tabe olmuşlar, (2) Pers çarı Dariusu biabırçılıqla Skifiyadan qovmuş, (3) Kuruşu bütün qoşunu ilə birlikdə öldürmüş, (4) eyni şəkildə ordu başçısı böyük Aleksandr Zorizionu qoşunu ilə birgə darmadağın etmişdilər…, (6) qüdrətli Parth və Baktriya dövlətlərini qurdu, (7) Skit xalqı həm daxilən, həm savaşda zəhmli, bədəncə fövqəladə möhkəmdir, onlar itirmə duyğusu olan heç nə axtarmır, qalib gələndə isə şöhrətdən savayı heç nə ummurlar.

XI kitab. (1.1) Belə ki, bütün dünyanı romalılarla öz aralarında ikiyə bölmüş və indiki Doğu üzərində hökmranlıq edən parthlar skit qaçqınlarının törəmələridir. (2) Bu onların adından da məlumdur, çünki skit dilində “pardı” sözü qaçanları bildirir”.

Siciliyalı Diodor isə yazır:

“İndi də (hindlilərlə) qonşu ölkədə məskun olan skitlərə keçək. Onlar əvvəllər o qədə rdə böyük olmayan qəbilələr də yaşayırdılar, lakin sonralar tədricən özlərinin artan qoçaqlığı, hərbi gücü ilə böyük ərazilər zəbt edib öz boylarını böyük şöhrət və iqtidar sahibi etdilər.

Əvvəllər onlar azsaylı olub Araz qırağında yaşayırlar, şan-şöhrətsiz olduqları üçün onlara həqarətlə baxılırdı; lakin hələ qədim vaxtlardan strateji bacarığı ilə seçilən savaşqan başçılarının rəhbərliyi altında Qafqaza qədər dağlarda, Meotiy gölün sahillərindəki dülərdə və tanais çayına qədərki sair bölgələrdə özlərinə ölkə əldə etdilər… (4) Xeyli vaxt keçəndən sonra Tanais çayından o tərəfə Trakiyaya qədər geniş əraziləri də özlərinə tabe edib, hərbi yürüşlərini başqa istiqamətə yönəltdilər, Misirin Nil çayına qədər özlərinin hökmranlığını yaydılar” [95. 31].

Göründüyü kimi, bütün qədim mənbələr saq / k-ların ilkin yurdları kimi Azərbaycan və Anadolunun olduğunu qeyd edir. Qiyasəddin Qeybullayev “Qədim türklər və Ermənistan” kitabında qeyd edir ki, Albaniya torpaqlarında “Alban” etnik adını daşıyanlardan başqa, e.ə. VIII yüzildən etibarən türk kökənli kimmer, sak və quqarıarın yaşamaları heç şübhəsizdir. Miladdan öncə burada türkdilli aran, qarqar, kəngər, tərtər, suvar, gul, peçeneq xalqlarının yaşamaları bir faktdır.

Şumercə “şab” mövcud olub, mənası “orta” deməkdir. Ümumtürkcədə “şab” termininin müxtəlif variantları mövcuddur; şab/çap/şak/çak/sak-ın mənası “böl”, “doğra”, “ortadan çap”, “bərabər hissəyə böl” anlamını verir. Çox güman ki, sak etnoniminin də mənasını döyüşkənlik, ərənlik, çapmaq-doğramaq, qəhrəmanlıq kimi anlamaq olar.

Beləliklə, saq(k)lar kimlərdir?

Doğrusu, XVII-XVIII əsrlərə qədər “saq (k)”ların milli kimlik problemi mövcud deyildi. Yunan mənbələrindən tutmuş min il fasiləsiz tarix yazan Bizans mənbələrinə qədər saq, hun, iskitlər türk boyları kimi qələmə alnırdı. Məsələn, Bizans imperatoru I Aleksey Komininin qızı Anna Kominina dövrünün məşhur tarixçisi və yazarı idi. Anna Kominina atasına həsr etdiyi “Aleksiada” əsərində XI əsrin sonu, XII əsrin başlanğıcında baş verən hadisələri qeyd edərkən daha çox türklərin fəaliyyətindən yazır və onları tez-tez skif (iskit) adlandırır. Məlumdur ki, Bizans imperatorunun qoşununda məşhur türk sərkərdələri olub. Anna Kominina onlardan ikisinin adını çəkir. Biri uz/quz tayfasının adına uyğun olaraq Uz, digəri isə yenə də uz/quz tayfasına aid olan Ərgir Qaraca adlanırdı. Əsas məsələ ondadır ki, xanım yazar qeyd edir ki, onun atası qıpçaqlardan ibarət bir ordu yaratmışdır və sarayda uz/quzları, qıpçaqları və digər türk tayfalarının hamısı birlikdə skif (iskit) adlandırırdılar. Qayıdaq Strabonun “Coğrafiya” kitabına. O yazır: “Keltiberlərdən şimalda varonlar yaşayırlar… Onların şəhəri Variy – İberin keçidində yerləşir… onların vilayətləri barmetlərlə birləşir, hansı ki, müasirləri onları bardullar adlandırırlar. Qərbdə isə Astur, Kallan, Vakkeylərin bir hissəsi yerləşir… Saqobriq və Bilbilis şəhərləri keltiberlərə məxsusdur…”

Göründüyü kimi, bu türk toponimləri və etnonimləri haqqında eramızdan əvvəl Strabon yazır. Məsələn o, varon etnonimi qeyd edir və onların şəhərini Variy adlandırır. “Var” termini “mövcud” mənasını verir. Eyni zamanda L.N.Qumilyov da qeyd edir ki, avarları bəzən “var” da adlandırıblar.

Mahmud Kaşğaridə “var” sözü müxtəlif mənalar verir:

“Bar = var, mövcud

Barlıq = varlı, zəngin

Bar = böyük

Bar = peyda olmaq, vermək (ber)

Bar = varmaq, getmək

“Var/bar” sözü “Qədim türk sözlüyü”ndə də demək olar ki, eyni anlamları verir:

Bar = var Bar = nəqd Bar = getmək, yola çıxmaq Bar = vurnuxmaq Bar = yoxa çıxmaq Bar = ölmək (barur sen bu malin azunda qalursən – öləcəksən, var-dövlətinsə bu dünyada qalacaq) Bariy = yürümək, göndərmək”.

Əvvəlki fəsildə biz alanlar haqqında yazmışdıq. L.N.Qumilyov “Qədim türklər” kitabında qeyd edir ki, Kubanın sahillərində Bizansın müttəfiqi olan alanlar yunanlara yeni bir xalqın – avarların meydana gəlməsi məlumatını verdi. Xatırladaq ki, bu hadisələr eramızın VI əsrində baş verib və avar türkləri ilk dəfə bu zaman Bizans mənbələrində göstərilib.

ARDI BURADA: “TÜRK” etnonimi və törələri – YUNUS OĞUZ yazır

MÜƏLLİF: YUNUS OĞUZ

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru