YAZ SEVDASI VAR Bu payız bir başqa gəlir ömrümə, Güzün gümanında yaz sevdası var. Xəzana bürünüb bütün bağ, bağça Güzün gümanında yaz sevdası var. * * * Bu xəzan yelimi, ya bahar mehi? Bivaxt tumurcuqda, tər zəfər zehi, Qızılı yarpaqda zər qəhər şehi, Güzün gümanında yaz sevdası var. * * * Ustac, tac almısan Haqqın özündən, Gözəllər xoşhaldır şirin sözündən, Görməz, qəm süzülür qəmgin gözündən, Güzün gümanında yaz sevdası var. 29.08.2021. Bakı.
MƏN BABƏKƏM (“Uşaq boğçası”ndan bir şeir) Babəkdir mənim adım, Sırğa et qulağında! Bir ömür xərcləmişəm, Hürriyyət sorağında. *** Bu yurd sənə əmanət, Bəzz yanan ocağımdır. Mayası qan lalələr, İstiqlal sancağımdır!
AZƏRBAYCAN (“Uşaq boğçası”ndan bir şeir) Odlar yurdu deyir hamı, Azərbaycan mənim adım! Sağım, solum, dörd bir yanım, Öz canımdan, qol-qanadım! *** Nazlı Araz kəmərimdir, Xudafərin onun qaşı! Birləşdirir ayrı düşmüş, Dost-tanış, bacı-qardaşı!
HÜSNÜ PÜNHANA (birinci şeir) İsmipünhan deyib, yazıb şairlər, Mənim müsahibim hüsnü pünhandı. Səmimi, mehriban, həm zarafatcıl, Mənim müsahibim hüsnü pünhandı. * * * Ürəyi yuxadı, xasiyyəti xoş, Nəyi var, nəyi yox, verər, deyər:-“Nuş”! Camalın gizlədib, deyir:- “Nəğmə qoş”! Mənim müsahibim hüsnü pünhandı. * * * İsmin bağışlayıb; “Nurlu ləçəkdi”, Cənnət bağçasında şehli çiçəkdi, Ustacam, bu iş də bir görəcəkdi, Mənim müsahibim hüsnü pünhandı. 07.10.2021. Bakı.
BAYRAQ BİZİM BAYRAĞIMIZ!!! Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!! 11.10.2021.Bakı.
ŞAHİ-CAHAN Çiçək açsa, haçan həyat ağacın, Yaz çağındır, o çağını yaza yaz! Qan qaynasa, qışın oğlan çağında, Qışa deyil, o çağını yaza yaz… * * * Araz dağdır, haldan hala hal eylər, Sakit axar, eldən elə yol eylər, Dost-aşina, taydan taya əl eylər, Ayaq açsa, o çağını yaza yaz! * * * Taclı şair şeir yazdı dodaqsız, Canın xanı yaranışdan qonaqsız, Şahi-cahan, yaşar səssiz, soraqsız, Hərgah coşsa, o çağını yaza yaz!
YARADAN YARATDI (Dodaqdəyməz) Tala tala, meşə meşə, dağı dağ, Yaradan yaratdı yer naxış-naxış. Sısqa sısqa, dərya dərya, arxı arx, Yaradan yaratdı yer naxış-naxış. * * * Aqil alar dərsi iki alandan, Haqq ayrılar, çıxar yağtək yalandan, Həyat keçər, əyri-əyri dalandan, Yaradan yaratdı yer naxış-naxış. * * * Taclı Şair, taxtın, tacın sirdi sirr, Sənə çatan baxtın, bacın sirdi sirr, Qarşı yatan ağrın, acın sirdi sirr, Yaradan yaratdı yer naxış-naxış. 07.11.2021. Bakı.
XALQIMIN, ORDUMUN İLHAMI İLHAM! Ən uca kürsüdən dedi sözünü, Bircə hərəkətlə sildi yüzünü, Bilmək istəyirsən əgər düzünü, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Əvvəlcə xainin qırdı belini, Sonra namərdlərin kəsdi dilini, Sevdi obasını, sevdi elini, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Yüz ölçdü, bir biçdi, ustdan usta, Mizanı yerində; nə tez, nə asta, Cəngilər çalındı bu dəfə “Rast”da, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Bir həmlədə pozdu kələyin, fəndin, Uçudu, dağıtdı illərin bəndin, Hər dəfə yanıltdı düşmənin zəndin, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Ustaca bəllidi zamanın feli, Taixdə dastandı babamın qolu, Dəmir yumruq oldu İlhamın əli, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham!
YEL Kim üçünsə mələkdi, Kim üçünsə fələkdi, Nə mələkdi, nə fələk… Küləkdi bu, küləkdi! * * * Arada küsər belə, Hirs ilə əsər belə, Ümidi kəsər belə, Ələkdi bu, ələkdi! * * * Yenə əsdi, ələdi, Acı fikrə bələdi, Toxu dilək dilədi, Diləkdi, bu diləkdi! 11.11.2021. Bakı.
NAZLI BALA Alagözdür, verib Xuda, Gözəl, göyçək Nazlı bala! Maşallah olsun, namxuda, Gözəl, göyçək Nazlı bala! * * * Gözü Göyçədən su içib, Kökdən gəlib, çox yol keçib, “Donun” Xaliq özü biçib, Gözəl, göyçək Nazlı bala! * * * Ustac bağlı soya, kökə, Nazlı balam bəyim, bikə, Züryət hardan hara çəkə!? Gözəl, Göyçək, Nazlı bala! 11.01.2022. Bakı.
USTACLIYAM Gözlərimin alalığı, Ulu Göycəmdən ərmağan. Ərdəbilin naləsidir, Ruhum həp eylədi fəğan. * * * Yarı Qarqar, yarı Əfkər, Şəhriliyəm; şaham, tacam! Şah İsmayıl silahdaşı, Ustaclı oğlu, Ustacam!
TƏQVİMDƏ BU GÜN: – 17 Yanvar – İCTİMAİ-SİYASİ XADİM, TANINMIŞ AKTYOR SƏMƏD HƏTƏMOVUN AD GÜNÜDÜR. – BU GÜN MÜNASİBƏTİ İLƏ SƏMƏD MÜƏLLİMİ TƏBRİK EDİR, İCTİMAİ – SİYASİ İŞLƏRİNDƏ VƏ YARADICILIQDA UĞURLAR ARZU EDİRİK… VAR OLUN… UĞURLARINIZ BOL OLSUN….
QISA ARAYIŞ:
17 Yanvar 1963 – də Ağdam rayonu, Yusifcanlı kəndində anadan olub. 1980 – ci ildə, Yusifcanlı kənd orta məktəbindən , 1984 – cü ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən – Dram və Kino Aktyoru – məzun olan, Səməd müəllim hal-hazırda Ümid Partiyası sədrinin müavini vəzifəsində çalışır. Səməd müəllim eyni zamanda olduqca müxtəlif mövzulu sənədli filimlərin səsləndirilməsi sahəsində fəaliyyət göstərir. Beləki, bu qəbildən olan flimlərin sonuda oxuduğumuz və ya eşitdiyimiz – səsləndirdi : Səməd Yusifcanlı imzası, məhz Səməd müəllimə məxsusdur. Səməd Hətəmov evlidir. Üç övladı, iki nəvəsi var. Bakı şəhərində yaşaır.
YAZARLAR.AZ olaraq, bugünkü təbriklərə qoşuluruq, bir daha Ad gününüz mübarək, Səməd müəllim… Uğurlarınız bol olsun… Var olasız…
Zaur Mustafa oğlu Mustafayev (8 yanvar 1975, Bakı) — şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019-cu ildən).
HƏYATI Zaur Ustac 1975-ci il yanvarın 8-də Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir.
Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir.
Zaur Ustac “Yazarlar” jurnalının təsisçisi və baş redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl qələm mükafatı laureatıdır.
YARADICILIĞI Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir. O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qrumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.
ƏSƏRLƏRİ Kitabları ”Günaydın “(“Ağçiçəyim”) “Mum kimi yumşalanda” ”Məhdud həyatın məchul düşüncələri” ”İstəməzdim şair olum hələ mən” ”Gülzar” ”Oriyentir Ulduzu” ”Şehçiçəyim” “Gülünün şeirləri” ”Balçiçəyim” ”Bayatılar” ”Bərzəxdə” ”Sevin ki, seviləsiz” “Qəlbimin açıqcası” “93-ün yayı və ya bir qaşıq qatıq” “2016” “Nişangah” “Ustadnamə” “Usubcan əfsanəsi” “Çəhrayı kitab” “Otuz ildir əldə qələm “ “Əliş və Anna” “Qələmdar” “Yaradanla baş-başa” “Zimistan” “45” (şeirlər) “Ülyahəzrət” “Qədimliyə bürünmüş yenilik” “Gülüzənin şeirləri” “Uşaq boğçası”
Tərcümələri Stiven Reblinin “Mavi Ay Vadisi” (Stephen Rabley “Blue Moon Valley”) Stiven Rebli.”Troya Daşı” (Stephen Rabley “The Troy Stone”)
Tədris vəsaitləri “Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait. “39 Həftə” (İngilis dili üçün xüsusi proqram) “39 Weeks” (Special program for English) “Uşaq boğçası” Məktəbəhazırlıq qrupları və I siniflər üçün vəsait.
MƏQALƏLƏRİ Zaur Ustac “Dağlar” haqqında Su — dünyaya açılan bir pəncərədir “Hərb mövzulu yazılar” I və II Nəzmi şah və ya Kəmaləddin Qədim və digər.
LAYİHƏLƏRİ “Dağlar – 200” (Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibəti ilə). “Mübariz – 31” (Milli Qəhrəman Mübariz İbrahimovun 31 yaşı münasibəti ilə) “Kərəmli – 700” (Şamaxılı memar Əliş Kərəmlinin anadan olmasının 700 illik yubileyi münasibəti ilə) və digər.
MÜKAFATLARI Qızıl qələm mükafatı İlin Vətənpərvər Şairi
ƏDƏBİYYAT Aida Hacıxanım “Məqam” Aida Hacıxanım “Ömrün anları” Aida Hacıxanım “Otuz şeir, otuz fikir” Gülü “Zaur Ustac” Qələndər Xaçınçaylı “Taclı şair” Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə və II hissə Kamal Camalov “Əliş və Anna haqqında” Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası”
Zaur Ustac (Mustafayev Zaur Mustafa oğlu) 8 yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin üzvü olan Zaur Ustac “QIZIL QƏLƏM” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, 2019 – cu ildən Prezident Təqaüdçüsüdür. Zaur Ustac “Günaydın”(Ağçiçəyim), “İstəməzdim şair olum, hələ mən”, “Gülzar”, “Şehçiçəyim”, “Məhdud həyatın məchul düşüncələri”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Balçiçəyim”, “Bərzəxdə”, “Gülünün şeirləri”, “Sevin ki, seviləsiz…”, “Qəlbimin açıqcası”, “Ustadnamə”, “Nişangah”, “Çəhrayı kitab”, “Zimistan” (1), “Ülyahəzrət” (2), “45”, “Qədimliyə bürünmüş yenilik”, yaradıcılığının 30 illiyi yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “Otuz ildir əldə qələm” kimi şeirlər kitablarının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmış “Əliş və Anna” poemasının, “Usubcan əfsanəsi”, “Yaradanla baş-başa”, “Qələmdar” (3) adlı məqalə toplularının, 2019-20 tədris ilindən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş “Məktəbə hazırlaşırıq” adlı iki hissəli metodik vəsaitin birinci, ikinci hissələrinə daxil edilmiş “Güllünün şeirləri” tədris vəsaitinin, “Gülüzənin şeirləri”, “Uşaq boğçası” kimi məktəbəqədər uşaq müəssisələri üçün əlavə tədris vəsaitlərinin, üçüncü sinif şagirdləri, eyni zamanda yeni öyrənməyə başlayan istənilən yaş qrupundan olan şəxslər üçün nəzərdə tutulmuş “39 Həftə” – “39 Weeks” kimi tanınan məşhur ingilis dili üçün xüsusi proqramın və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ Oriyentir ulduzu” (povest) kitabının müəllifidir. Zaur Ustac və onun əsərləri haqqında aşağıdakı kitablar yazılıb:1. Hacıxanım AİDA “ÖMRÜN ANLARI ” Bakı – 2018. 2.Hacıxanım AİDA “OTUZ ŞEİR, OTUZ FİKİR ” Bakı – 2018. 3.Kamal Camalov “Əliş və Anna haqqında ” Bakı – 2019. 4. Gülü “ZAUR USTAC” Bakı – 2020. 5.Qələndər Xaçınçaylı “TACLI ŞAİR” Bakı – 2020. 6. Ayətxan ZİYAD “Zaur Ustacın uşaq dünyasıl” Bakı – 2021
Qış tüğyan edirdi ömür bağında, Hamı süst yatırdı ağ yorğanında, Qəfil gördüm səni bar budağında, Xoş gördük, günaydın, ay Ağ çiçəyim! * * * Dümağsan, qar sənin yanında qara, Tanrım rüsxət verib, baxmayıb qara, Bu, qarlı qış hara, tər çiçək hara, Xoş gördük, günaydın, ay Ağ çiçəyim! * * * Əllərim pak deyil oxşayım səni, Həddim o hədd deyil qoxlayım səni, Bağbanam borcumdur yoxlayım səni, Xoş gördük, günaydın, ay Ağ çiçəyim!!!