Sənə igid dedik, sənə Ər dedik,
Dinib danışmayan,
lal olan Qadın.
Gah Niğar söylədik,
gah Həcər dedik,
Əhdinə, eşqinə qul olan Qadın.
Yüz il bir daxmada yaşasan belə,
Nə giley, nə güzar gəlmədi dilə.
Dözdün hər əzaba sən gülə-gülə,
Gülüşü üzündə bal olan Qadın.
Anamız, bacımız, xalamız oldun,
Bizə arxa durdun, qalamız oldun.
Yüz dəfə can dedin, qadamız aldın,
Qadası, balası bol olan Qadın.
Əslinə, nəslinə vurmadın ləkə…
Bizsiz boğazından keçmədi tikə,
Gözlədin, gözlərin yol çəkə-çəkə,
Doqqazın ağzında gül olan Qadın.
Vahidin sinəsi dolur qubarla,
Qəlbinə dəyirik nə ixtiyarla?
Fəxr edib oğulla, qardaşla, yarla,
Yanan, zərrə-zərrə kül olan Qadın.
Müəllif: Vahid Çəmənli
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru