II QARABAĞ MÜHARİBƏSİNİN SALNAMƏSİNİ YAZANLAR:
Qarabağ qazisi Kərbəlayi Fail İsgəndərov
Tarixin
yaddaşından
Son bir qərinədə Azərbaycanın öz torpaqları uğrunda mücadilə tarixini iki qanlı dövrə bölmək olar: Birinci Qarabağ Müharibəsi (20 fevral 1988 – 12 may 1994-cü il) və İkinci Qarabağ Müharibəsi (27 sentyabr – 10 noyabr 2020-ci il).
Birinci Qarabağ Müharibəsinin
nəticələri
Atəşkəs əldə olunması ilə qan tökülməsinin durdurulması (may 1994 – 27 sentyabr 2020-ci il). Münaqişənin sülh yolu ilə həlli məqsədilə ATƏT-in prinsipləri əsasında Minsk qrupunun yaradılması. Uzun illər ərzində Azərbaycan tərəfinin səbr və təmkin göstərərək danışıqlar aparması. Məsələnin sülh yolu ilə qansız həllinə çalışmaq cəhdi.
İkinci Qarabağ Müharibəsinin
nəticələri
XXI əsrin ilk iki onilliyiAzərbaycan üçünyaddaqalandır. Mütəxəssislər tərəfindən sınaq döyüşləri kimi qiymətləndirilən aprel döyüşləri (1-5 aprel 2016-cı il) və 2020-ci ilin44 günlük Zəfər döyüşü (27 sentyabr – 10 noyabr 2020 – ci il).
Qürurla qeyd etməliyik ki, 28 il çözülməsi mümkünsüz olan problem Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, silahlı qüvvələrimizin cəsarətli döyüş əzmi sayəsində 44 günə həllini tapmış oldu.
***
İkinci Qarabağ Müharibəsinin salnaməsini
yazanlardan biri:
İsgəndərov Fail Rəfayıl oğlu
1994-cü ildə Hacıqabul şəhərində anadan olub. 2011-ci ildə Hacıqabul şəhər 2 saylı orta məktəbin bitirib. 2012-2016-cı illərdə Şirvan şəhər Humanitar kollecində təhsil alıb. 2016-2018-ci illərdə hərbi xidmətdə olub. 2018-ci ilin sentyabrından ailəlidir. Zeynəb adında 2019-cu il (16.06.2019)təvəllüdlü bir övladı var. Bir neçə dəfə Məşhəd, Kərbəla ziyarətində olub. “Qarabağ qazisi Kərbəlayi Fail” adı ilə tanınır…
2020-ci il iyulun 14-də Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı general-mayor Polad Həşimovun şəhid olmasından ciddi təsirlənən Fail Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinə müraciət edib. Müraciəti ilə əlaqədar Ali Baş Komandan İlham Əliyevin qismən səfərbərlik haqqında sərəncamından sonra yuxarıda adı çəkilən qurum tərəfindən səfərbərliyə alınaraq cəbhəyə göndərilib.
Əvvəlcə artilleriya bölməsində kəşfiyyatçı kimi təlimlərə qatılsa da, döyüşlərin başlandığı elə ilk günlərdəcə öz xahişi ilə minaatan batareyasından ayrılaraq piyada bölüyünə qoşulub.
F.İsgəndərovun döyüş yolu haqqında
qısa xronoloji anlatma
1. Sentyabrın 27-də müharibə başlayanda Füzuli şəhərindən hücum əmri alıb Alıxanlıya kimi gediblər;
2. Oktyabrın 10-da Alıxanlı kəndi istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılmış minaatan mərmilərindən biri Cəlilabaddan olan Əkbərov İbarət Faiq oğlunun üstünə düşüb. İ.Əkbərov şəhid olub, Fail isə sol çiynindən və burnundan ciddi qəlpə yarası alıb: “Düşmən minaatanlardan mərmini dolu kimi yağdırırdı. Pis vəziyyətə düşmüşdük. Ayağımızın altına, yan-yörəmizə minaatan mərmiləri düşür, snayperlə yağan güllə yağışı göz açmağa imkan vermirdi. Kömək gələnə qədər o cür güclü hücuma necə tab gətirdiyimizi təsəvvür edirsinizmi? Bu vaxta qədər belə şeyləri ancaq Böyük Vətən Müharibəsindən bəhs edən filmlərdə görmüşdüm…
Burunla gicgah arasında nə qədər məsafə var? Ölüm gözlə qaş arasında olub. “Allah qoruyub” bunun kimi hallar üçün deyilib. Bunabənzər hallarla isə hər gün-hər saat göz-gözə idik…
Əvvəl-əvvəl elə bildim qəlpə burnumu tamam aparıb, burnum daha yoxdur. Ancaq sən demə qəlpə bir tərəfdən girib o biri tərəfdən çıxıbmış. Burunda nə qədər qan olarmış! Hospitalda da qanı kəsməkdə çətinlik çəkirdilər”.
Sutka yarım Füzulidə hospitalda, doqquz gün Zərdab rayon xəstəxanasında, qısa bir müddət də alayın tibb məntəqəsində müalicə alandan sonra yenidən döyüş əməliyyatlarına qoşulub.
“Çiyindəki yaramın vəziyyəti yaxşıdır. Burnumdakı yaranın fəsadları isə bu gün də qalıb. Qəlpənin yeri zaman-zaman şişməkdə davam edir. Bu fəsad səsimdə də dəyişiklik əmələ gətirib. Əvvəlki ilə müqayisədə səsim boğulmuş vəziyyətdə çıxır, elə bil yolunu nə isə tutub”.
Atasının səhhətində narahatlıq olduğundan, günaşırı, iki gündənbir ailə ilə telefon əlaqəsi saxlayırmış. Əlaqənin qəflətən 10 gündən artıq müddətə kəsilməsi valideynlərində əndişə yaratsa da, digər ailə üzvləri onları inandırmağa çalışıb ki, komandiri ilə maraqlanıblar, heç bir narahatlıq yoxdur, sadəcə telefon rabitəsi mümkün deyil.
3. Müalicədən sonra da Füzulinin və kəndlərinin düşməndən azad olunmasında və müdafiəsində iştirak edib.
4. Sonra üç gün Qubadlının müdafiəsində olublar;
5. Zərurət üzündən müəyyən taktiki əməliyyatların icraası məqsədilə bölük yenidən Hadruta üz tutub, bir gün şəhərin yaxınlığındakı yüksəkliyin müdafiəsində olub;
6. Briqada Tuğda cəmləşdiriləndən sonra tabor min zülmlə Topxana meşəsinə qədər hərbi yürüş edib;
7. Daha ağır döyüşlərdən biri Daşaltı istiqamətində olub: “Noyabrın ilk günləri idi. Minamyot atəşləri, iri çaplı silahlardan atılan güllə yağışı altında Topxana meşəsindən Daşaltı kəndinə irəlilədik. Burada çox ölüm oldu, çox yaralanan oldu”;
8. Noyabrın 8-də Şuşa şəhərinə giriblər: “Noyabın 9-u da daxil olmaqla gecə saat 3-4-ə kimi ermənilər səhəri atəşə tuturdular. Atəş səslərindən qulaq tutulurdu. Noyabrın 10-na keçən gecə Atəşkəs imzalansa da, təqribən bir saat sonra və dəfələrlə atışma yenidən qızışdı. Şuşanın onlardan alınmasilə ermənilər heç cür barışa bilmirdilər”;
9. Şuşa alınandan sonra Failgilin bölüyü Şuşaətrafı kəndləri düşməndən təmizləyə-təmizləyə Xankəndiyə istiqamət götürüb. Son olaraq bölük musiqi məktəbinin binasında yerləşib;
“Xankəndi yaxınlığında “erməni xaçı” deyilən bir təpə var. Ermənilər iri bir təpə üzərində dəmirdən xaç vurmuşdular, ona görə belə deyilirdi”. Həmin gündən ordudan tərxis olunana qədər – dekabrın 15-dək adı çəkilən ərazinin düşməndən qorunmasında fəallıq göstərib. Deyir, bizim gücümüz də, qüvvətimiz də var idi ki axıra qədər gedək. İkicə saat vaxt lazım idi, Xankəndini götürəcəkdik. Bəzən eşidirəm deyirlər ki, ermənilər özləri təslim olublar. Bu heç də belə deyil, erməni məcbur olub təslim olub. Düşmən yaxşı bilirdi ki, Azərbaycan ordusu ondan qat-qat güclüdür. Təslim olmasaydılar, hamısı qırılacaqdı… Ordudan tərxis olunana qədər həmin ərazinin müdafiəsində iştirak etmişəm”.
Qaziliyi ilə ailəsinə, elinə-obasına başucalığı gətirən F.İsgəndərov üçün 44 günlük Zəfər döyüşü 86 günə tamamlanıb. Müharibədə göstərdiyi qəhrəmanlıq nümunəsi döyüşçünün hərbi biletində də əksini tapır. Belə ki, F.İsgəndərovun hərbi biletində döyüş qabiliyyətinin göstəricisi olan aşağıdakı kəlmələr qeyd olunub: “Füzuli və Şuşa istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir”.
Döyüş qabiliyyəti Füzulinin və Qubadlının alınmasına görə medalları ilə dəyərləndirilib.
Cəbhədən döndüyü ilk günlər Faillə çox görüşlərimiz olub. Yaddaş pərakəndəliyi hiss olunurdu. Söhbətdən yayınmağa çalışır, danışılanlara aludə olurdusa da, bir an sonra bəhs etdiyi hadisə ilə əlaqədar sual verəndə duruxur, dəqiqləşdirmə aparmaqda şətinlik çəkirdi.
Döyüşçü yoldaşlarının, tanışlarının tez-tez onun görüşünə gəlməkləri, dindar dostlarının ziyarətləri, cəbhə yoldaşları ilə telefon danışıqları və yazışmaları zaman-zaman yaddaşının bərpasına yardımçı oldu. “MTV Azərbaycan” kanalının “10-da görüşərik” adlı verilişində söhbətlərinin lazımi mizan-tərəzidə olduğunu görəndə telefon açdım ki, səninlə ilk görüşlərimiz zamanı özün bilərəkdən danışmaq istəmirdin, yoxsa… “Elə demə, əmi, o zaman həqiqətən olanları xatırlamaqda çətinlik çəkirdim, sonra yavaş-yavaş yaddaşım aydınlaşdı”, – dedi.
Verilişin aparıcının aşağıdakı düşüncələrinə diqqət yetirək: “Döyüşçü yoldaşlarına daim yüksək əhval-ruhiyyə bəxş edən bu qəhrəmanlar (verilişə F.İsgəndərovla eyni taborda döyüşmüş Hacıqabullu Nurlan Şükürov da dəvətli idi) bu gün olduqca məmnundurlar. Aldıqları yaralar, bədənlərindəki qəlpələr onların bugünkü məmnunluqlarına mane olmur. Əksinə, başlarına gələnlərdən bir şey olmamış kimi söhbət açır, erməniyə acıq verirmiş kimi təbəssümlə, məmnunluqla bəhs edirlər”.
II Qarabağ Müharibəsi əsl müharibənin nə və necə olduğunu bizlərə başa saldı. Dərk etdik ki, filmlərdə gördüklərimiz həqiqətən kinodur. Müharibə tamam özgə bir nəsnədir. Sözün müstəqim mənasında “müharibə” döyüşçü üçün bir yandan əgər düşmənə nifrət və intiqam kəlmələri ilə qoşalaşırsa, digər tərəfdən həm də ölümlə üzləşmək, müəyyən taktiki döyüş əməliyyatları zamanı bu kimi hallarla üzləşməmək üçün ayıq-sayıq olmaq, qarlı-şaxtalı, sazaqlı, soyuq cəbhə həyatı deməkdir, – deyir Fail, – Döyüşdə olduğum müddət ərzində bu dediklərimlə hər gün, hər saat üz-üzə, göz-gözə idik. Bildiyiniz kimi, Füzuli, Daşaltı, adı dünya döyüş salnaməsinə düşmüş Şuşa döyüşləri ən qanlı döyüşlər sırasındadır. Rembodan bəhs edən döyüş filmləri bunun yanında heç nədir. Mərmi başımıza yağış kimi yağırdı. Biz də ki… Elə bil ki, minaatan mərmilərinə qucaq açırdıq. Güllələr yan-yörəmzə, ayağımızın altına tökülür, biz isə olanlara məhəl qoymadan, zərrə qədər də qorxu hiss etmədən verilən əmrin yerinə yetirilməsi üçün irəli şığıyırdıq. Hamıda İlahidən ifadəsi mümkün olmayan bir qüvvət var idi. Elə bir ruh yüksəkliyi ki… Bu hisslərin sözlə ifadəsi mümkün deyil.
“Xankəndini başlanğıcında Xaçaltı deyilən bir yer var, ermənilərlə 30 metr məsafədəydik. Orada mən Azan vermişəm. “Allahü-Əkbər” sədaları dağlara-daşlara yayılanda… Bu ermənilərə qıcıq verirdi, əsəbiləşirdilər, amma qorxularından cınqırlarını çıxara bimirdilər. Özlərində buna cəsarət tapa bilmirdilər.
“Ölümdən qorxmurdunuz?” sualıma cavabından: “II Qarabağ müharibəsində mənim ən güclü silahım 28 il “azan” səsinə həsrət qalmış Qarabağın şəhər və kəndlərində, adsız yüksəkliklərində səsləndirdiyim “Allahü-əkbər” sədaları olub. Ayağım dəyən elə bir yaşayış məskəni, dağ-dərə, orman olmayıb ki, orada mənim səsimdə azan səslənməsin.
Başına yağış kimi yağan güllədən kim qorxmaz ki, ölümdən hamı qorxur. Amma bu hissi içindən qovmağın yolları var. Hücum başlayanda öz-özümə tez-tez təkrarlayırdım ki, “mən heş nədən qorxmuram”. Bunu döyüşçü yoldaşlarıma da təlqin etmişdm. Düzü, onlar həmişə mənim ehkamlarıma ehtiramla yanaşıblar. Bu, bəlkə dinə, Allaha sıx bağlılığımla əlaqədar idi, deyə bilmərəm. Kəlmeyi-şəhadət öyrətdiyim uşaqlar da olub. Baxırdılar ki, mən kəlmeyi-şəhadətimi oxuyub döyüşə girirəm. Və Allahı çağırıb döyüşə girəndə mənə heç nə olmur, onlar mənə necə inanmaya bilərdilər.
Düşməndən intiqam almaq hissi ruhumuzu oda-alova döndərmişdi. Düşüncəmizə bir duyğu hakim kəsilmişdi: torpaqlarımızı düşməndən xilas etmək! Vətən müharibəsində şəhid olanların qisasını almaq! Öhdəmizə düşüən vəzifəni ləyaqətlə yerinə yetirmək! Gələcək nəsillər deməsin ki, öhdələrinə düşən vəzifəni yerinə yetirə bilmədilər, öz babaları kimi onlar da olanları bizim üçün qoyub getdilər. Qürur duyuram ki, borcumuz olanı, öhdəmizə düşəni layiqincə və ləyaqətlə yerinə yetirə bilmişik. Bu kimi hislərlə yaşayan insan da ölüm haqda düşünərmi? Odu, ölümdən qorxmaq kimi hisslər düşüncəmizə yaxın düşə bilmirdi. Bir də ki, düşünürdüm, olsa-olsa şəhid ola bilərəm, bu da ki, döyüşçü üçün ən yüksək zirvədir”.
Ölümlə göz-gözə durduqları az olmayıb. Ancaq dediyi kimi, onları Allah saxlayıb: “Bir hadisə danışım. Neçə gün idi ki, yeməyimiz, suyumuz qurtarmışdı. Aclığa dözmək mümkündür, susuzluq çətindir. Döyüş də göz açmağa macal vermirdi. Azacıq başını qaldırsaydın, hədəfdə idin. Bunu hamımız yaxşı bilirdik. Az aralıda erməniləri qovub çıxartdığılmız yer var idi, uşaqlardan ikisinə dedim ki, əyninizi soyunun, hiss edib bizi hədəfə götürə bilməsinlər. Adama bir-iki kisə də götürüb səngərin içi ilə var gücümüzlə bəllədiyim yerə yüyürdük. Mineral sular, konserv, çörək… yan-yörə ərzaqla dolu idi. Kisənin birini mineral sularla doldurub kürəyimə almaq istədim. Kisə ağır, mən də zəif adam. Uşaqlara dedim ki, köməkləşib qaldırın kürəyimə. Qaldırdılar. Səngərlə qaça-qaça suyu gətirib döyüşçü yoldaşlara çatdırdım… Belə günlərimiz az olmayıb…
Başqa bir hadisəni xatırlayır: “Məktəb binası bildiyim üstü panellə örtülü, sığınacaq üçün yaxşı bir yer var idi. Mərmidən daldalanmaq üçün ora üz tutduq. Axırıncı adam “sığınacağa” girəndə gəldiyimiz yolu vurdular. Dörd mərmi düşdü. Üç-dörd dəqiqə geçiksəydik, hamımız qırılacadıq”.
Cəbhədə olduğu günlərdə həm dini, həm də oxuduğu xalq mahnıları, səsini mobil telefona yazan döyüşçü yoldaşları tərəfindən internet vacitəsi ilə müxtəlif sayt və kanallarda yayımlanırdı.
Deyir ki, qarabağlı sənət adamlarının bu torpaq haqqında söylədiklərində haqq varmış. Havada qəribə oksigen var. Zilə qalxdıqca səs açılır, oxuduqca yorulmaq bimirsən. Özüm də təəccüb qalırdım, inana bilmirdim ki, o soyuğun, şaxtanın qabağında (mən soyuqdan qorxan adamam) bu səs hardan gəlir. Elə xırdalıqlar edirsən ki… Aran bölgəsində bu, mümkün deyil”.
***
Qarabağ qazisi Kərbəlayi Faildən döyüş yolu haqqında qəlpə-qəlpə öyrənə bildiklərimiz hələlik ancaq bu. Zaman keçsin, II Qarabağ Müharibəsinin salnaməsini yazan Fail və döyüşçü yoldaşlarının Zəfər yolu haqqında daha ətraflı bəhs etmək borcumuz olsun.
***
…28 il töhmət dolu ömür yaşayan Azərbaycan insanı, nəhayət ki, başda Ali Baş Komandan İlham Əliyev olmaqla özünü toparlayıb Vətən torpaqlarının bütövlüyünü bərpa etdi.
Yalnız 28 illik ömürmü? Heç də yox.
Azərbaycan xalqı bu qələbə əzmi ilə 207 illik (12 oktyabr 1813-cü il, Gülüstan sülh müqaviləsi) ilhaqa son qoyub. Qələm sahibləri bu iradənin nəticəsini “Dəmir Yumruq” adı ilə əbədiləşdirdilər, bəstəkarlar “Dəmir Yumruq” sahibinin şəninə nəğmə qoşdular.
O anlatdı Yer üzünə
Məğlub nədi, zəfər nədi.
O adı bir yumruq deyil,
Nağıldakı əfsanədi.
…Haqqı nahaqq etmişdilər.
O qaldırdı haqq səsini.
Onun polad iradəsi
Titrətdi Yer kürəsini
yazdı Zahid Xəlil.
II Qarabağ Müharibəsində qazanılan qələbə Azərbaycan insanının sarsılmaz milli birliyinin təntənəsi, 10 noyabr 2020-ci il təqvim tarixi Azərbaycanın erməni faşizmi üzərində tarixi qələbəsi, xalqımızın həyatında Yeni Tarixin başlandığının göstəricisidir.
Müəllif: Ayətxan ZİYAD (İsgəndərov)
Azərbaycan Yazıçılar və
Jurnalistlər birliklərinin üzvü,
yazıçı-jurnalist, tədqiqatçı.
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru