“9 MAY” BİR TARİXDİR

Mustafayev Müseyib Mahmud oğlu. Ağdam, Yusifcanlı.

“9 MAY” BİR TARİXDİR

Bəli, sözün əsl mənasında bizim bu gün nə düşünüb, necə qiymət verməyimizdən asılı olmayaraq “9 MAY” BİR TARİXDİR!!! Bu haqqda fikir yürüdən şəxs ilk növbədə öz ata-babalarını düşünməlidir. Əlbəttə bu mühakimə ata-babasını tanımayanlara aid deyil.

“9 MAY” Tomris və Kir hadisəsi kimi, Babəkin 20 il öz məmləkəti, dili, hakimiyyəti, hürriyyəti uğrunda mücadiləsi kimi, Şah İsmayılın Çaldıran döyüşü kimi, Nadir Şahin yerli türk soylu bəyləri Qarabağdan, ta uzaq Hindistana qədər öz yeni torpaqlarına köçürməsi kimi, Qacarın Şuşa qalasını alması kimi, Rus – Türk, Rus – İran müharibələri nəticəsində doğma torpaqlarımızın bölüşdürülməsi kimi, bu torpağın övladlarının II Dünya Müharibəsində həm Böyük Vətənin uğrunda SSRİ tərəfindən, həm də Azad Vətən uğrunda Almaniya tərəfindən savaşdığı kimi BİR TARİXDİR, tarixi hadisədir…

Biz nə qədər inkar etməyə çalışsaq da bugünkü Azərbaycan Ordusunun şanlı zəfərində o günün də payı, qatqısı var. Həzi Aslanovlar, Əhmədiyyə Cəbrayılovlar, Mehdi Hüseynzadələr sayəsində, hətta uzun illər sovet dövründə tikinti batalyonlarında xidmət etsələr də əsgərdən qayıdan əsgərlərin özləri ilə gətirdikləri adi nişanların, əsgər papaqlarının, bir cümləlik olsa belə “ŞANLI ƏSGƏR MƏKTUBU” başlığı ilə başlayan əsgər məktublarının bugünkü qələbəmizdə az-çox dərəcədə öz payı var. Bu dəqiq belədir…

Bizim nə düşünməyimizdən asılı olmayaraq baş vermiş hadisələr artıq tarixdir. Biz onları dəyişə bilmərik. Öyrənib nəticə çıxara bilərik. Tarixdə baş verənlər unudulmasa daha faydalı olar.

Mehdi Hüseynzadənin Stalinqrad cəbhəsindən bacısına yazdığı məktubdan: Cəbhədən yazıram. Burada qəddar döyüşlər gedir. Faşistlərin qəddarlığını təsvir etmək çətindir. Onlar heç bir alçaq üsuldan çəkinmirlər. Sabah hücuma keçirik. Mən sizə söz verirəm ki, son damla qanıma qədər vuruşacağam, sizi əmin edirəm ki, mən qəhrəmancasına döyüşəcəyəm, sizin başınızı ucaldacağam, ölsəm də qəhrəmancasına öləcəyəm! Mənim barəmdə eşidərsiniz, hələlik sağ olun. Bu mənim son məktubumdur!


Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir