Təqvimdə Hacı Vahid Çəmənli günü

Hacı Vahid Çəmənli, AYB üzvü, şair.

Təqvimin bu günü Hacı Vahid Çəmənli günü kimi zinətlənmişdir. Bu gün gözəl insan, əsl ziyalı, AYBnin üzvü, Qarabağ elinin mərd oğlu Hacı Vahid Çəmənlinin doğum günüdür. Ad günü münasibəti ilə şairi təbrik edir, yaradıcılığından nümunələr təqdim edirik:

Bahar
Gəldin, yenə gördük gülər üzünü,
Əlləri xonçalı, gözü nəm Bahar.
Qocaman yurdumun övladlarını
Tonqalın başında etdin cəm Bahar.
* * *
Zaman öz yolundan çəkilməz bir an,
Hər gün təzə libas geyinər cahan…
Üç ay da bizimlə sürərsən dövran,
Verərik küləyə neçə qəm, Bahar.
* * *
Gəlişin çox ağır zamana düşdü,
Ömrümüz naqafil dumana düşdü.
Vahidin ürəyi gümana düşdü,
Sevinci bir azca oldu kəm, Bahar!..
22.03.2020.

Həyat yerinə

Ürəyim əlimdə, əlim cibimdə,
Bərk-bərk saxlamışam manat yerinə.
Bəlkə bir acgözə peşkəş eyləyim,
Təpsin gözlərinə inad yerinə.
* * *
Bayramda bazarı yandıran kəslər,
İndi dükanlarda kəsir nəfəslər…
Bu qara yaranı kim belə bəslər?
Düşər qədəminə fanat yerinə.
* * *
Ay Vahid, biz niyə belə edirik?
Elin dar günündən xeyir güdürük.
Bilmirəm, bu yolla hara gedirik?
Od-alov tökürük həyat yerinə…
04.04.2020.

Bu şəhərdə

(Karantin günlərində yazılan şeir)

Şəhər sükut içində,
Şəhər sakit,
Şəhər lal,
Ulduzlar nur çiləyir
Göylərin qübbəsinə.
Arabir şimşək kimi
Parıldayır bir xəyal,
Səs gəlmir…
diksinirəm
Səssizliyin səsinə.
* * *
Pəncərədən baxıram,
Nə gələn var, nə gedən.
Yollar da yol gözləyir,
Səhərəcən dincəlmir.
Həzin dəniz mehindən
Azca üşüyür bədən,
Yuxulu duyğularım
Saatımla düz gəlmir.
* * *
Dan yeri zil qaradır,
Hələ çox var səhərə,
Ağappaq örpək kimi
Yerə sallanır bulud.
Boğazım kilidlənib,
Qərq olmuşam qəhərə,
Mənmi səni istədim,
Ya özün gəldin, sükut?
* * *
Üfüqdən üfüqəcən,
Küçə kimi uzanır,
Kainat ən nizamlı,
Sonsuz zaman yeridir.
Bu şəhərdə qaçqınlar
Halal çörək qazanır,
Bu şəhər kasıbların
Uman, güman yeridir…
06.04.2020.

Bitməz bu savaş

Tərs keçilər kimi qaşınır canı,
Göz dağı çəkdirir bizə bir əyyaş.
Yüz il də gözləsək, döyüşdür sonu,
Qiyamətə qədər bitməz bu savaş.
* * *
Qurur Qarabağda işrət məclisi,
Anlamır, axacaq gözlərindən yaş.
Meydanı boş görüb qıcıdır dişi,
Qiyamətə qədər bitməz bu savaş.
* * *
Vətənim dardadı, yurdum dardadı,
Elə bil sinəmdən daş asılıb, daş.
Şəhid məzarları intizardadı,
Qiyamətə qədər bitməz bu savaş.
* * *
Ey qəddar, qaniçən, – oyanıb türküm,
Əcəl köhləninə min yavaş-yavaş.
Aç kinli gözünü, yaxşı bax, gör ki,
Qiyamətə qədər bitməz bu savaş.
* * *
Uzat dost əlini, ey Turan eli,
Nə gündə gərəkdir qardaşa qardaş?
Sənə kəc baxann kəsilsin dili,
Qiyamətə qədər bitməz bu savaş!

15.09.2020.

Sözünə söz yazım

Sözünə söz yazım, cavabı olsun,
Ürəyin istəsə sən də götür yaz.
Söz nəzir deyil ki, savabı olsun?
Amma atəşinə su səpər bir az!
* * *
Deyirlər, bahardır illərin şahı,
Hər günə cavanlıq nəfəsi gəlir.
Amma…çox gözəldir payız sabahı,
Adamın sevməyə həvəsi gəlir.
* * *
Axır puçur-puçur alnımın təri,
Əllərim ipəktək narın üz gəzir.
Əzilir cibimdə şagird dəftəri,
Saralan vərəqlər təzə söz gəzir.

17.09.2020.

Ordum gəlir

Ordum qovur, düşmən qaçır, tamam olub təng kimi.
Xəritəmiz təzələndi, hər yer yaşıl rəng kimi.
İki ildi danışırdı Paşinyan zəvzəng kimi.
Makrona da ilac gərək badə dolu bəng kimi…
* * *
Orda döyüş, burda döyüş, çaş qalmışam, ay dədə,
Zəfər çalan Ordumuzu alqışlayır ölkə də…
O savaşdan qalib çıxmaq asan idi bəlkə də,
Çingiz gəlsə neyləyərəm üstümə pələng kimi?
* * *
Hərə bir cür çəkir yükün, kimin yükü ağırdı?
Kimlər kimə dayaq oldu, kimlər kimi çağırdı?..
Sən üstümü unlu görüb, mənə demə fağırdı,
İşim çoxdur, ona görə görünürəm ləng kimi.
* * *
Dastan yazdın ğör nə boyda, bəlkə çoxdur zamanın?
Oxu qoydum, elə dartdım, elə çəkdim kamanın…
Yaydan çıxsa sağ qalmağa olmayacaq gümanın,
Sözlərimi sırğa elə qulağına zəng kimi.
* * *
Qələminə qurban kəsim, nə dəsgahdı açmısan?
Elə bil ki söz mülkündən ipi qırıb qaçmısan.
Bəlkə… dostum, İrəvana gedib bayraq sancmısan?
Hər sətirin üstümüzə açılır tüfəng kimi.
* * *
Sakit yazır, Vahid yazır, hardadır Eldar, Qulu?
İş yoxdursa, toy yoxdursa göndərərəm yol pulu.
Beş-on sadə misra ilə sudan çıxardım çulu,
Amma hələ bilən yoxdur, udacaq bu cəng kimi?..

Şəhidlərimizin xtirəsinə

İki min yeddi yüz səksən üç canın,
Önündə diz üstə çöküb ağlaram.
Başını uca tut, Azərbaycanım,
Səsimi içimə çəkib ağlaram.
* * *
Bir səhər getdiniz, minib ağ ata,
Bizi bağladınız şanlı həyata.
Azad torpağıma dən qata-qata,
Gözümün yaşını töküb, ağlaram
* * *
Dünya şahid oldu qüdrətinizə,
Vahid alqış dedi qeyrətinizə.
Sizdən Vətən qaldı əmanət bizə,
Hər yanda bir qala tikib, ağlaram.

Müəllif: Hacı Vahid ÇƏMƏNLİ

HACI VAHİD ÇƏMƏNLİNİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir