
Bu gün “Yazarlar” jurnalının redaksiya heyətinin üzvü, Samux rayonu üzrə bölgə təmsilçimiz, dəyərli söz adamı Seymur Sönməzin doğum günüdür! Ad günü münasibəti ilə qələmdaşımızı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Seymur müəllim! Şairin şad günü münasibəti ilə qələmə aldığı şeirini sizə təqdim edirik:
MƏNİM ÖMÜR YOLUM
Boylanıb geriyə baxdım bir anlıq,
Elə bil üstümü duman-çən aldı.
Gözümün önündən keçdi cavanlıq,
Ömrün bir ili də arxada qaldı.
* * *
Nə yaman tez ötdü aylar-fəsillər,
Anlar tufan kimi, yel kimi keçdi.
Durub arxasınca baxdığım illər,
Qarşımdan bulanıq sel kimi keçdi.
* * *
Söykədim üzümü xatirələrə,
Sevdalı çağlarım geriyə döndü.
Zülmətdə qərq olan neçə bənd-bərə,
Mənimlə birlikdə dil açdı, dindi.
* * *
Közərdim təzədən sönmüş ocaqtək,
Nurlu sabahların seyrinə çıxdım.
Yaratmaq eşqiylə çırpındı ürək,
Keçilməz sədləri bir anda yıxdım…
* * *
Duruldum su kimi avazda-səsdə,
Sanmayın ağlımı nəsə çaşdıdı.
Bir il gəldisə də yaşımın üstə,
Məni şeirlərim cavanlaşdıdı.
04.02.2022.
Şeirin müəllifi:Seymur SÖNMƏZ
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru