OĞLUMA
Ömrün yolları yoxuş
Dolanbac, çətin olur.
Bu yolları yoranlar
Əzizim, mətin olur.
* * *
Bu ömrə asan demə
Çalışsan asan olar.
Hər işin bir çəmi var
Alışsan asan olar.
* * *
Heç kimdə qüsur gəzmə
Özündə qüsur axtar.
Ağlı başda olanın
Həm düzü, həm səhvi var.
* * *
Üzünə güləndisə
Ondan uzaq, qıraq ol.
Dərdini biləndisə
Ona yanan çıraq ol.
* * *
Baban öyrətdi mənə
Xeyri şərdən ayır sən.
Torpağı sanı yaşa
Babana oxşayırsan.
* * *
Ata nəsihətindən
Adama ziyan olmaz.
Doğmalara yad olma
Qıraqdan həyan olmaz.
VƏTƏN
İnan, heç vaxt unutmaram
Mən anamın can səsini.
Yüz alxışa tay tutmaram
Qurban olum kəlməsini.
* * *
Bir suçum yox, başım uca
Ruhum payız havasında.
Mən baxıram anam qoca
Özüm dərd sər yuvasında.
* * *
Yenə ana nəfəsinin
Duasının mən acıyam.
Dərdin alım kəlməsinin
Tamarzısı, möhtacıyam.
* * *
Bu kəlmənin istisindən
Dilim, dodağım əsir.
Ögey baxış yad səsindən
Dişim bağrımı kəsir.
* * *
Anam indi öz hayında
Nə danışmır, nə də dinmir.
Fikri Tanrı sarayında
Min zikri var yerə enmir.
* * *
Balaları ondan kənar
Bir oğlu var dada yetən.
Vətən üçün canı yanar
Mənim anam, ana Vətən!
BU DÜNYA
İnsanıq dünyaya adsız gəlirik
Sən kimsən, nəçisən xəbərin olmur.
Ad alıb, böyüyüb hey yüksəlirik
Köçürük, adımız, sanımız qalmır.
* * *
Bu dünya çeynəyir başsız bütləri
Bu dünya boy verir şərəfsizlərə.
Yal verir, hürdürür zalım itləri
Dil verir, ruh verir tərəfsizlərə.
* * *
Heç zaman ayırmır yaxşını pisdən
Ürəyi genişdir, qəlbi genişdir.
İncitməz, inciməz heç vaxt heç kəsdən
Gülüb yola salmaq sevdiyi işdir.
* * *
Bu dünya məzardı ölü canlara
Sənə əbədilik fürsəti verməz.
Danılmaz şahiddir nahaq qanlara
Susar! Günahı yox! Günaha girməz!
* * *
Hər kəsə qol açar, hər kəsə qucaq
Bəsləyər qoynunda ölənə qədər.
Bu dünya hamıya doğmadır, ancaq
Kimiyə ruh verər, kimiyə kədər.
KÖNLÜM
Könlüm evi işıq saçar
Ürək sözlə barışanda.
Təbim sanki tər gül açar
Başım sözə qarışanda.
* * *
Sözdü ruhumun açarı
Ruhuma gedən yaxın yol.
Qoy ruhum sevinsin barı
Ürəyim, ona kömək ol!
* * *
Duyğularım pərvazlanar
Söz ruhumu oyadanda.
Könlüm duyar, hey nazlanar
Söz dünyama qayıdanda.
* * *
Sözsüz həyat bir lal sükut
Səs səmirsiz çölə bənzər.
Qulaq batar, tamam sakit
Qıfıllanmış dilə bənzər.
* * *
Söz dəlisi, söz acıyam
Söz dərdimə məlhəm olur.
Şirin sözün möhtacıyam
Duyammıram hey kəm olur.
* * *
Söz oyadar lal dilləri
Sözlə gözdən yaş tökülər.
Söz titrədər könülləri
Göz kor edər, qaş tökülər.
* * *
Söz acıdı, söz şirindi
Gah incidər, sevindirər.
Məna yükü çox dərindi
Gah qaldırar, gah endirər.
* * *
Sözdə qəzəb, xof, kin, nifrət
Həm təravət həm dad olur.
Təkcə həsrət nisgil olmur
Yüz çağırış, fəryad olur.
* * *
Sözü udmaq, yemək olmur
Pərçim olur boğur səni.
Sözə dayan demək olmur
Can boğaza yığır səni.
* * *
Sözün yükü ağır olur
Toparlamaq, bükmək olmur.
Kürəklərin yağır olur
Söz yükünü çəkmək olmur!
ARZULARIM
Körpə, kövrək arzularım
Boy atmadı, həmən söndü.
Topa topa bu nisgillər
Ürəyimdə dərdə döndü.
* * *
Ha çalışdım yola verim
Ki azalsın dərdi-sərim.
Ona qalsa mənim yerim
Dərdə sarı, dərdə yöndü.
* * *
Taleyimi fələk yazar,
Heç etmərəm giley, güzar
Məni yeyən bu dərd, azar
Saçlarımda dümağ dəndi.
* * *
Dünya şəndi qalanlara,
Dərdsiz, qəmsiz olanlara,
Asan ruzi bulanlara,
Sevinc birsə, əzab mindi.
* * *
Gecə, gündüz hey çalışdım,
Öz odumdan mən alışdım,
Yıxıldım, durdum, dolaşdım,
Sanki dövrəm duman çəndi.
* * *
Xəyallarım göydən enməz,
Günahlarım susar, dinməz,
Qaynar eşqim bir an sönməz,
Qibləgahım bu Vətəndi!
YOXDUR
Verilən ömürə inamım yoxdur
Sabahın işini yaradan bilir.
Bu gündən sabaha gümanım yoxdur
Nə gəlir başıma sonradan gəlir.
* * *
Var olan nə varsa qismətdə olur
İnsanın qisməti Tanrıya bəlli.
Bu dünya dəyişir, boşalır ,dolur
Görmədim yapışan ondan beşəlli.
* * *
İstəklər, arzular çoxdu həyatda
Ömrü uzatmağa varmı qüdrətin?!
Çox şeyi görürük gözlə üst qatda
Alt qatda nə olur anlamaq çətin.
* * *
Taleyi, qədəri poza bilmərik
Tanrı qarşısında qolumuz bağlı.
Yenidən bəxt, tale yaza bilmərik
Hər zülmə tabeyik biz insan oğlu.
* * *
Bu dünya mehriban anaya bənzər
Heç kəsin könlünə, qəlbinə dəyməz.
Bəzəkli, düzəkli sonaya bənzər
Baxanda cəlb edər, kimsəni öyməz!
Müəllif: Murad MƏMMƏDOV
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru