ŞƏHİDİM
Öyünc, qürur yerimizdi,
Sənin tökülən qanın.
Torpağımı xilas etdi
Torpağa dönən canın.
Namusu, şərəfisən
Bu gün Azərbaycanın.
Şəhidim, şanlı şəhidim,
Zəfər ünvanlı şəhidim.
* * *
Sən zülməti qova-qova
Dan yeritək söküldün.
Ölü yurda nəfəs verib
Bayrağıma büküldün.
Otuz ilin yarasını
Sağaltdın otuz günə.
Sadiq oldun bu vətənin
Hər əmrinə, hökmünə.
Qarabağın qara bəxti
Şükür çıxır ağ günə.
Şəhidim, şanlı şəhidim,
Zəfər ünvanlı şəhidim.
* * *
Keçdin cavan həyatından
Həyat verdin yurduna.
Qələbəni qanla yazdın,
Ənam etdin orduna.
“Hücum” deyib qanadlandın,
Öndə oldun həmişə.
Qorxu-hürkü bilmədiyin
Gündə oldun həmişə.
Qartal kimi qanadlanıb
Kəsdin yağı üstünü.
Qoy pir deyib qucaqlayım
Heykəlini, büstünü!
Şəhidim, şanlı şəhidim,
Zəfər ünvanlı şəhidim.
* * *
Dilimizdə ən yaralı
Bayatısan, ağısan.
Anaların göz yaşısan,
Sinələrin dağısan.
Ayın bulud örtüyüsən,
Günün qürub çağısan.
O müqəddəs pak ruhunla
Qovuşmusan Allaha.
Vətənini çıxartmısan
Bir işıqlı sabaha.
Şəhidim, şanlı şəhidim,
Zəfər ünvanlı şəhidim.
* * *
Bu torpağın yarasına
Sarğı olub bədənin.
Sən ən uca məqamısan,
And yerisən Vətənin.
Hüzurunda baş əyirəm,
Diz çökürəm mən sənin.
Bütöv əsər yazmalıyıq
Yarımçıq ömrün haqda.
Ruhun Tanrı qucağında,
Nəşin qara torpaqda.
Torpaq qədər əbədisən
Şəhidim, şanlı şəhidim.
Yurdun paklıq məbədisən
Zəfər ünvanlı şəhidim!!!
Müəllif: Musa ƏLƏKBƏRLİ
İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru