
KİŞİLƏRƏ “DƏRS”
(Təranə Məmmədin “Gül səbəti” hekayəsi haqqında)
M. Qorki deyirdi ki, insanın qazandığı ən böyük nemət qadını sevməyi, ona səcdə etməyi bacarmaqdır. Yer üzündə gözəl nə varsa, hamısı qadına məhəbbətdən doğmuşdur.
Təranə xanım Məmmədin “Gül səbəti” hekayəsinin qəhrəmanı ömrünü sevgisinə, sevdiyinə, sevgidən doğulan oğluna qurban verməyə hazır olan, ancaq sevgi və sayğı uman ömür-gün yoldaşı, anadır. Evin kişisi isə əksəriyyətimiz kimi, qadının istəklərinə, duyğularına biganə Azərbaycanlı ailə başçısıdır.
Rafiq Tağı yazırdı ki, biz azad qadın heykəli ucaltmaqla Sovet dövlətinə kəf gəlmişik. Elə müstəqil ölkəmizə də…
Yaşadığı ailə həyatı boyu ərindən bir gül hədiyyəsi almayan qadının gülü çox sevdiyini əri də yaxşı bilir. Amma onun həyat yoldaşının istəyini, arzusunu qiymətləndirəcək diqqəti, qayğısı çatışmır.
8 mart Qadınlar bayramı günündə qapının zəngi çalınır:
“Bayram əhval-ruhiyyəsi ilə qapını açdım. Qarşımda dayanan cavan oğlan bir səbət qızılgülü mənə uzadıb:
-Xanım, bu güllər sizə çatacaq! – dedi.
Sevincimi boğa bilməyib –
-Nə gözəl güllərdir! Dəqiq mənə çatacaq? – deyə soruşdum.
-Bəli, buyurun.”
Gül səbətinin içindəki zərfdə yazılanlar – “sevgilim, səni çox sevirəm! Bayramın mübarək!” sözləri sevincdənmi, həyəcandanmı gözlərinin gördüyünə inanmayan qadını çaşdırdı, ərini isə “coşdurdu”.
Təranə xanım ən yığcam hekayəsində də xarakter yarada bilir. Qısqanclıq məhəbbətin güzgüsüdür, – deyirlər. Belə nəticə çıxarmaq olar ki, qısqanc ər ən sadiq sevgilidir. Buna inanıram deyə də bilmirəm. İnanıram desəm, məni kişi həmrəyliyinə görə qınayanlar da olacaq. Bax belə özümü sığortalayiram: Qısqanc ərlərin sevgiyə əyləncə kimi baxanları da az deyil.
Mənəvi dəyərlərin itməkdə olduğu bu günümüzdə “coşmuş” qısqanc ərin ömür-gün yoldaşına “hücum”unu da təbii qarşılayaq. Şərq xislətimiz genimizdədir. “De görüm, kimdi sənə “sevgilim” yazıb gül göndərən?” bağıran kişini də başa düşək.
Təranə xanım incə bir eyhamla “adını yazmayıb” deyən qadına ərinin “əlbəttə yazmaz. Ancaq sən sevdiyin qızılgülləri bilir. Demək bu adam sənə çox yaxındır. Sanki evin içidir” vurğulayanda məni sevindirdi. Bu cümlələrin işığında “evin içi”inin xoş aurasını gördüm. Bu cümlələr çətin suallara cavab verə bilməyən qadının xilasına ümid yaratdı məndə. Nə yaxşı ki, yanılmadım. Qəlbi qırılmış qadının gücünün göz yaşlarına çatması qadın qəlbini əla duyan Təranə xanımın qəhrəmanına mərhəmətidir. Bu, Təranə xanımın qadın həmrəyliyidir. Alqışa layiqdir.
Ananı bu çıxılmazlığa salan və ordan xilas edən oğulun “sürpriz”inə haqq qazandırmaq olarmı? Ata ilə oğulun ananın tarıma çəkilmiş kövrək hissləri ilə oynamağına, sonra da heç nə olmayıbmış kimi deyib-gülməyinə dəyərdimi?
Oğulun anasına və atasına “sürpriz”i bayramı yaddaqalan etsə də, Təranə xanım və eləcə də mən günahsız ananın göz yaşlarına səbəb olan zarafatı təqdir etmirəm. Bu da oxucu ilə yazıçının həmrəyliyidir.
Ana qəlbinin böyüklüyü qarşısında baş əydim:
– Mən də o günü ömürlük yadda saxladım. O gün dərk etdim ki, səni anlamayan, sənə etibar etməyən, sənin qəlbini duymayan insan sənə heç vaxt gül ala bilməz.
Sevdiklərimizin qəlbini qırmayaq, sayğımızı əsirgəməyək. Onda sevgi tellərimiz də, ailə bağlarımız da qırılmaz.
Təranə xanım məni tam inandırdı ki, o kişi o qadını sevib, sevir və həmişə sevəcək…
“Sevgi hər şeyə qalib gəlir, elə isə gəlin biz də onun hökmünə tabe olaq” – deyib V.Rubliy.
Təranə xanım və onun “Gül səbəti” mənə də əməlli-başlı “dərs” keçdi. Axı mən də ömrümdə uşaqların anasına gül səbəti hədiyyə etməyənlərdənəm…
04. 03. 2021.
MÜƏLLİF: VAQİF OSMANOV
VAQİF OSMANOVUN YAZILARI
TƏRANƏ MƏMMƏDİN YAZILARI
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
10 thoughts on “VAQİF OSMANOV. KİŞİLƏRƏ “DƏRS”.”