
VƏLİŞ QARAGÖL
Nağıyev Vəliş Əliş oğlu 01 aprel 1950-ci ildə Laçının Sadınlar kəndində anadan olmuşdur. Qarıqışlaqda orta məktəb bitirib. Ştatdankənar müxbir işlədiyi “Laçın” qəzetində tez-tez yazıları dərc olunurdu. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü olub. 14 dekabr 2022-ci ildə dünyasını dəyişib. “Bu yol Laçına gedir”, “Bir cüt hörük”, “Tərəkəmə qızı” və “Dəyirmanın alt daşıyam” kitabları sağlığında işıq üzü görüb..
CƏHƏNNƏMƏ SALAM OLSUN
Ölüm bazarda satılmır –
baxmazdım
borca-xərcə,
baxmazdım
bahasına, ucuzuna
balalrımın boğzından kəsib
alardım.
Dünyayla
xətir-hörməti tökməmiş
üzüsulu baş götürüb gedərdim
Cəhənnəmin ayağına.
Mən evi yıxılmışın oğlu
üzü üzlər görmüş
bu yaltaq sürüləri arasında
nəfəs ala bilmirəm,
bir yaltağın sözündən
gündə yüz kərə
ölürəm,
dirilirəm,
gündə yüz kərə
utanıram
qızarıram –
yer yarılsa
yerə girrəm…
Vallah Cəhənnəmdə yaşamaq
bu dünyadan gözəldi.
Cəhənnəmdə yalaq yoxdu,
Cəhənnəmdə yaltaq yoxdu.
Cəhənnməmdə haqqın-ədalətin
düz ölçüsü var.
Yalaqsız,
Yaltaqsız
Cəhənnəmə salam olsun.
Oktyabr – 1997
Müəllif: VƏLİŞ QARAGÖL
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru