BAYRAQ AZƏRBAYCAN – ƏLİ BƏY AZƏRİ YAZIR

ZAUR USTACIN YAZILARI

“BB” HEKAYƏSİ – BÖYÜK BİR SAHƏNİN SÖZ MƏNZƏRƏSİ
“BB” – Zaur Ustacın ən çox səs salan hekayəsidir, bəlkə də ədəbiyyat aləmində böyük rezanans yaradan on hekayədən biridir. Kriminal aləmin qloballaşan dünyada adi həyat tərzini qat-qat üstələdiyindən bu başlıq ilk görünüşdə “Bas bayıra” kimi anlaşıla bilər. Yaxud, hələ də bir çox hallarda milli mental dəyərlərimizi qoruyub saxlamağa üstünlük verdiyimiz Azərbaycanımızda onu bizə daha yaxın başqa adlarla da əvəzləyə bilərik. Məsələn: “Böyük Bakı”, “Bizim Bakı”, “Babamın babası”, “Balamın balası” və bu stildə adları daha da uzada bilərik. Lakin bizdən fərqli olaraq Zaur Ustac bu adı yenə də qloballaşan dünyanın başqa – bəlkə də daha vacib bir sahəsinə – bazar iqtisadiyyatının şah damarı sayılan ticarət sahəsinə yönəldə bilmiş və son otuz ildə baş verənlərdən bir qisminin mənzərəsini təsvir etməklə maraqlı süjet xətti üzərində gözəl nəsr nümunəsi yaratmışdır.
Hekayə nəsrin kiçik növlərindən biridir. Ya birinci şəxsin dili ilə söylənilir, ya da üçüncü şəxsin təsəvvüründə canlandırılır. Oxucu ilə arada daha tez səmimiyyət yaransın deyə bir çox qələm sahibləri avtobioqrafiq təsir bağışlayacaq tərzdə əhvalatı birinci şəxsin dili ilə nəql etməyə üstünlük verirlər. Zaur Ustac bəzi sələflərinin yolu ilə gedərək, hətta Qərb ədəbiyyat nümunələrindən bəhrələnərək adıçəkilən hekayədə məhz, bu üsulu seçmişdir. Nəsrin digər sahələrində olduğu kimi hekayədə də zaman və məkan anlayışı əsasən mücərrəd olur, lakin konkret göstəricilər də qadağan deyildir.
“20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9.00, mən artıq işdəyəm” – hekayə bu cümlə ilə başlayır. Texnikanın inkişafı nəticəsində müasir insan dünyanın istənilən məkanında baş verən hadisə barədə tez bir zamanda xəbər tuta bilir. İndi həyatda elə hadisələr baş verir ki, onlar bədii əsərlərdə təsvir olunanlardan daha maraqlı təsir bağışlayır. Oxucunun diqqətini ilk cümlədə cəlb etmək lazımdır ki, sonra nəql edəcəyin istənilən hadisəni ona maraqla dinlətdirə biləsən. Zaur Ustac ilk cümləsi ilə oxucunun diqqətini özünə cəmləşdirməyi bacarmışdır.
“Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı”. Bununla da o, həm öz iş yerindəki vəziyyəti təsvir edir, həm də oxucunu ona danışacağı hansısa qəribə əhvalatı dinləməyə hazırlayır.
Beləliklə, ofisin telefonlarından biri zəng çalır. Dəstəyi xadimə qaldıraraq cavablandırır və əsərin əsas personajına ötürür. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim özünü təqdim edir və zəng vuran xanımın məqsədini öyrənməyə çalışır. Təqdimatın qeyri-adi uzun şəkildə görünməsi heç də oxucunu dolaşığa salmaq məqsədi daşımır, sadəcə, hürriyyətçilik dövründə belə kolantay vəzifə bölgülərini nəzərə çarpdırmaqla Zaur Ustac planlı dövrdən müstəqillik zamanına keçidin bəzi əndazədən çıxma hallarını təsvir etmiş olur. Həm də oxucuya şərait yaradır ki, qırışığı açılsın, özünü cəmləşdirsin, fikrini hekayədə nəql olunacaq əhvalata yönəltsin, çünki indi onun üçün gözlənilməz bir hadisədən söhbət açılacaq.
“BB” şirkətinin nümayəndəsi İlahə xanım telefonda Əli Mülayimin nəzərinə çatdırır ki, qarşıdan yubileylər gəlir, özü də ikisi birdən; həm şirkətin yaranmasının ildönümüdür, həm də şirkətin rəhbəri Bəy Bala müəllimin ad günü olacaq. Bu münasibətlə bos müsahibə vermək istəyir, ona görə ofisə dəvət olunur. Dəvəti məmnuniyyətlə qəbul edir, çünki onların işi elə müsahibələr hazırlamaq, maraqlı əhvalatları yazmaqdır.
Beləliklə, “BB” şirkəti ofisinin yerləşdiyi ünvanını dəqiqləşdirən Əli Mülayim dərhal jurnalistin şans alətləri hesab olunan qələm, bloknot, diktafon və fotoaparatı çantasına qoyaraq, necə deyərlər, tədarükünü görüb üz tutur deyilən ünvana.
Zaur Ustac müsahibə götürüləcək adamın ofisini – işgüzar şəraitini belə təsvir edir: “T şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan noutbuk və sonsuz sayda kağız-kuğuz… Bu mənzərəni insan öz gözü ilə görməsə, sözlə ifadə etmək çox çətindir”, – deyir. Bundan sonra o, salamlaşma və təqdimolunma səhnəsini təsvir edir:
“-Əli Mülayim.
-Çox gözəl, Əli müəllim. Vallah, indi elə zəmanədə yaşayırıq ki, mülayim olmayıb neyləyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun!”
Bu, kiçikdən kiçik dialoq-tanışlıq vasitəsilə Zaur Ustac oxucuya, bəlkə də cəmiyyətə böyük mətləblərin sirrini açır. Sanki ölkəmizdə mövcud olan jurnalist-məmur faktoru bu iki-üç kəlmədə öz əksini tapıb. Harın, rüşvətxor, təpədən dırnağadək korrupsiyaya qurşanıb qudurmuş bəzi məmurların qarşısında heç bir sosial müdafiəsi olmayan, hüquqları yalnız kağız üzərində qorunan jurnalistin mövcudluğunu qorumaq, elementar yaşayış tələbatını ödəmək üçün mülayim olmaqdan başqa çıxış yolu qalırmı? Qalırsa da, bu yol mübarizlik yolu deyil, sonda onu həbsə aparacaq əzilmək, sındırılmaq, şərlənmək, ölkədən didərgin salınmaq yoludur. Bu yol itki yoludu, gedər-gəlməz yoldu, çox adam gedib, hələ geri qayıdan olmayıb. Bir nəfər yarı yoldan – Türkiyədən qayıtmışdı, o da dərhal həbsə atıldı.
Burda elə görünə bilər ki, əsərin zirvəsinə yaxınlaşma prosesi gedir. Ya elə bir hadisə baş verəcək ki, kulminasiya hesab olunacaq, ya da Bəy Bala müəllimlə Əli Mülayim hansısa sözə görə anlaşmayacaq, bununla da müsahibə alınmayacaq. Əslində, əsəri maraqlı edən elə bu cür süjetlərdir, dirənişdir, personajlar arasında yaşanan dramatiklikdir. Zaur Ustac burda belə görüntü yaratsa da başqa yol seçib. Axı onun personajı hansısa Vulkan, İldırım, Şimşək ləqəbli birisi deyil, sadəcə Mülayimdir. Bəy Bala müəllim onu anlayacaq birisini tapdığına görə uşaq kimi sevinir və dərhal niyyətini açıqlayır. Özünün 55, şirkətin yaranmasının 20 illiyini müsahibinin diqqətinə çatdırır. Amma özünü elə göstərir ki, onun buna ehtiyacı yoxdur, elə-belə, sözgəlişi “mətbuatda, televiziyada bu barədə məlumat getsin”, deyir.
Əsərin bu yerində Bəy Bala müəllim gözlənilmədən bir eyham vurur:
“Bir də xahiş edirəm o maskanı çıxardasınız. Burada kim var ki? İnanın səmimiyyətimə, bunlar hamısı boş şeydir. Can verən də, alan da, bax, o kişidir!”
Burda Zaur Ustac üstüörtülü olsa da diqqəti iki məqama yönəldib. Birincisi, dünyanı ağuşuna götürmüş Koronavirus pandemiyası nisbətən səngisə də, qapalı məkanlarda maskasız gəzmək qadağası tam olaraq aradan qaldırılmamışdı. Bəy Bala müəllim öz iş otağında maskasız əyləşsə də qonağının maskada oturmağı onu narahat edirdi, tıncıxdırırdı. İkinci məsələ isə bunun məcazi mənasından gedir. Bir də görürsən məmur hansısa jurnalistin səmimiyyətinə inanır, ağzın qoyur Allah yolunda, nə istəyir, danışır. Danışığı xəlvətcə lentə alan jurnalist cənabları bir müddət sonra bunu üzə çıxardaraq yayır və aləm bir-birinə qarışır. Ya da əksinə olur, məmur jurnalisti dilə tutub danışdırır, onun səsini yazır, rəhbərlərinə qarşı istifadə edir. Maskalanmış insanlardan cəmiyyətdə hər nə desən gözləmək olar.
Zaur Ustac məharətlə bu eyhamı vurub tez də üstündən adlayıb keçir. Mirzə Ələkbər Sabir demişkən: “Səs salma, yatanlar ayılar, qoy hələ yatsın!”
“Dedi (Söhbət Bəy Bala müəllimdən gedir – Ə.A) və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı”.
Beləliklə, Əli Mülayim Bəy Bala müəllimdən müsahibə götürür. Bəy Bala müəllim uşaqlığından başlayaraq həyatında baş verən bütün hadisələri xırdalığınadək incələyib danışır. Böyük ölkənin necə kiçik dövlətlərə parçalandığından, oxuya-oxuya alverə qurşandığından, xırda ticarətini inkişaf etdirərək ailə biznesi yaratdığından tutmuş ailədaxili baş verən kiçik detallaradək hər nə baş veribsə, hamısını açıqlayır. Burda yazıçı məharəti dərhal özünü büruzə verir. Zaur Ustac Bəy Bala müəllimin dili ilə Sovetlər ölkəsinin dağılması ilə müstəqillik əldə etmiş dövlətimizin hansı daxili fəsadlarla üzləşdiyindən, o vaxtkı insan təfəkkürünün bir andaca əriyib getməsindən və yeni yaranmış münbit bazar-ticarət əlaqələrinin sürətlə inkişafından və başqa mətləblərdən söhbət açır. Ən nəhayət, hər şeyi yerli-yataqlı danışıb rahatlıq tapandan sonra Bəy Bala müəllim soruşur:
“-İndi bu yazının adını nə qoyacaqsınız?
Fikrimdən “Bit Biznesi” keçsə də “Böyük Biznes” dedim.
-Bəlkə bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız. Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq”.
Dahilərdən hansısa deyib ki, “bütün xoşbəxtliklər eynidir, bədbəxtliklər isə müxtəlif cür olur”. Zaur Ustacın baş qəhrəmanı da özünü “Böyük Bədbəxt” hesab edir. Baxmayaraq ki, evli-eşikli, qohumlu-əqrəbalı birisidir. Biznesi də özünün dediyi kimi Bakıdan vurub Dubaydan çıxan, Dubaydan vurub İstanbuldan fırlanaraq yenidən Bakıya gələn böyük şəhərlərdə adam sıxlığından istifadə edərək sürətlə artıb çoxalan nadir biznes sahəsidir. Bununla belə o, özünü böyük bədbəxt hesab edir. Deməli, xoşbəxlik var-dövlətdə, ailə-uşaqda, qohumlar və dostlar arasında ayın-şayın yaşamaqda deyil, səni anlayacaq birinin yanında olmaqdır. Bəy Bala müəllim məhz o gün – müsahibə verdiyi gün onu anlayacaq birini tapdığına sevinir və özünü xoşbəxt sanır.
“-Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil”, – deyir Bəy Bala müəllim. Bu qədər qohum-əqrəba, dost-tanış, biznesində istifadə etdiyi adamlar arasında onu anlayacaq bircə nəfər də olsun tapıb ürəyini boşalda bilməyən “Böyük Biznes” sahibi Bəy Bala müəllim…
Zaur Ustacın “BB” hekayəsini uğurlu nəsr əsərlərindən hesab etmək olar. Ən azından otuz illik bir qərinənin gözəçarpmayacaq panoraması canlandırılır bu hekayədə… Bilmədiyimiz, bəlkə də varlığına fikir vermədən adi hal kimi baxıb, yanından ötüb keçdiyimiz ciddi sahələr işıqlandırılıb bu əsərdə…
Yazıçının missiyası qələmə aldığı əhvalatı təkcə bədii mətnə çevirib cəmiyyətə təqdim etməkdən ibarət deyil, həm də sətiraltı olsa belə cəmiyyətə ideya verib hekayəsini hərtərəfli mənalandırmağı bacarmaqdır. Düşünürəm ki, Zaur Ustac burda qarşıya qoyulmuş tapşırıqların hər ikisinin öhdəsindən məharətlə gəlib.
“BB” hekayəsində təkcə şirkət qurub bizneslə məşğul olmaq deyil, çalışqan insan üçün götürüb inkişaf etdirəsi müxtəlif istiqamət və yollar mövcuddur. Ən əsası isə dövrün bir çox böyük sahələri bu kiçik həcmli əsərdə öz mənzərəsini əks etdirib.
20 noyabr 2022, Xırdalan şəhəri.

Müəllif: Əli bəy AZƏRİ 

ƏLİ BƏY AZƏRİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir