
Avropasayağı gənclik
(Hekayə)
Neçə illərdi işə 96 saylı marşrutla gedib-gəlirik. Bu illər ərzində gözlərimiz, qulaqlarımız çox hadisələr görüb, eşidib. Avtobus və metroda hər yaş həddində sərnişin olur. Yaşlı nəslin nümayəndələri hey gileylənirlər ki, görəsən bu gənclərin aqibəti necə olacaq?! Özüm də şahidi olduğum üçün gileylərin haqlı giley olduğunu bilir və deyinənlərə haqq qazandırıram. Elə ki, avtobusa minirsən, görürsən ki, iki gənc oturacaqda əyləşir, dərhal da ciblərindən telefon çıxarır, başlayırlar oyun oynamağa, ya da nə iləsə məşğul olmağa. Gənclərdən biri arada gözucu ətrafına baxır, yanında oturana telefondan nə isə göstərir və gülür. Başının üstündə kölgə kimi dayanan yaşlı insanı sanki görmür, üstəlik şit hərəkətləri ilə ona açıq verir.
Bir dəfə avtobusda eynən belə bir hadisə baş verdi, yaşlı qadın dözə bilmədi, əsəbi halda dedi:
- A bala, sizin bəyənmədiyiniz sovetlərin vaxtında böyüyə-kiçiyə hörmət vardı. Məktəbdə müəlllimlər, evdə valideynlər uşaqları başa salırdı ki, özünüzdən böyük insanlara ehtiram göstərin. İndi nə olub, tərbiyə verən yoxdu? – Qadın – eh, – deyib başını buladı. Gözlərini pəncərəyə yapışdırılmış reklam lövhəsinə zillədi.
Başqa bir qadın dedi: - Mən də çox narahatam, buların gələcəyi necə olacaq? – Üzünü yaşlı insanlara məhəl qoymayan gənclərə tutdu: – Sizdə nə böyüyə, nə də kiçiyə hörmət var. Görünür, heç evdə də öz ata-ananıza hörmət qoymursuz…
Ayaq üstə dayanan yaşlı kişi qadının sözünə qatılaraq dedi: - Mənim 65 yaşım var. Mən bu yaşımda da qadın görəndə durur, ona yer verirəm. Ancaq indiki gənclər heç yerlərindən belə tərpənmək istəmirlər. Allah bu Avropanı ölkəmizə gətirib çıxaranlara lənət eləsin. – Gözlərini bayaq deyinən qadına zillədi: – Ay bacı, daha abır-həyamız da gedib. Bax, səhərdən danışıram, gör biri yerində tərpənir? Elə bil bu sözləri daşa-dəmirə deyirsən.
Deyinənlərin sayı artandan sonra yalnız gənclərdən biri başını qaldırıb yanında ayaq üstə dayanan yaşlı xanıma tərs-tərs baxdı və dedi: - Qoca arvadsan, otur evində. Şəhərdən qulağımın dibində deyinirsən. Biz beləyik, başqa sözün var?
Qadının matı-mutu qurudu, dedi: - Yox, a bala, başqa sözüm yoxdur.
Qadın susdu, bu dəfə avtobusda olan orta nəslin nümayəndələri gəncləri qınadı. Onlar da hirsli-hirsli sürücüyə yaxınlaşıb avtobusu saxlamasını tələb etdilər. Sürücü bildirdi ki, avtobusu dayanacaqlardan kənarda saxlaya bilmərik. Qabaqda saxlayacam, düşərsiz.
Avtobus dayanacağa çatana qədər sərnişinlər bu gənclərə anlatmağa çalışdılar ki, özünüzdən böyüyə və kiçiyə qayğı göstərin ki, siz də yaşlananda qayğı, hörmət göstərən olsun…
Müəllif: Hüseyn İsaoğlu (Məmmədov),
AYB-nin və AJB-nin üzvü, yazıçı-publisist.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru