
Səni xəncərlədi doğma adamlar,
Yadlar son səhnəni alqışladılar.
Oğurluq adamlar, yağma adamlar
Çiçək əvəzinə, çələng yerinə
Bir ovuc göz yaşı bağışladılar,
Ruhuna fatihə…
Qəbrinə torpaq,
Ömrünə başdaşı bağışladılar.
Sonra qatilini çıxarıb başa
Dedilər: Nə gözəl gülur bu adam.
İlahi, nə gözəl bitir tamaşa,
İlahi, nə gözəl ölür bu adam…
Ölür…
Sonsuzluğa sönür gözləri –
Son sözü, yarımçıq sətiri qalır.
Məzarı üstündə ayaq izləri –
Qara sevdaların çətiri qalır.
Qopur xatirələr ox kimi yaydan,
Çökür qaranlığa qurğuşun kimi…
Ayrılıb bir yolluq küydən, haraydan
Ölümlə sevişir son qurşun kimi…
Əlvida…
Yaxşı yol qəmdən, kədərdən…
Yol bitir,
Sonuna bir anlıq qalır.
Səni də silirəm xatirələrdən
Yerində bir ovuc qaranlıq qalır.
Bakı, 25 mart 2023-cü il.
Müəllif: Elçin Mirzəbəyli
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru