“Göydə bir ulduz var, adı Talıbdı” – Qəşəm Nəcəfzadə

Göydə bir ulduz var, adı Talıbdı

Hekayə

26 noyabrda toyum olacaqdı, il də 1985- ci il. Atam dedi payız ayında toylar çox olur, gərək gedib aşıqla indidən danışasan, beh verəsən.

Anam atam sözünü bitirməmiş inəyimizi eydirə-eydirə dedi: Get Vahidnən danış, əhd eləmişəm, özümüzünkidi, gərək sənin toyunda Vahid oxusun. Atam əvvəlcə dinmədi, yəhəri atın belinə atdı, quşqununu keçirdi, çəkib tapqırını bağladı, ayağının birin üzəngiyə qoyub:- Qəşəmin toyunda Vahid yox, hökmən Mövsün oxumalıdı- dedi.

Anam dedi, yox, Vahid oxuyacaq,

Atam: o toyda Mövsüm oxumasa, çıxıb gedəcəm Urisetə.

Anam dedi Vahid oxumasa, mən gedəcəm dədəmin öyünə

Atam dedi:-Mövsüm,

Anam dedi:-Vahid,

-Mövsüm,

-Vahid
Sonra atam ayağını saxladı, bildi ki, söznən iş keçməyəcək, göz eləyib məni çağırdı pəyənin arxasına:- ala bu əlli manatı bas Mövsümün cibinə, deynən atam dedi ki, noyabrın 26-da toy var, səhər tezdən ol Əliqulularda, sən oxuyacaqsan.

Anam uzaqdan- uzağa var səsilə: Qəşəmin toyunda Mövsün yox, Vahid oxuyacaq.

Atam: – Sağlıq olsun, görərik-deyib mindi ata, nətər dəhmərlidisə, at quş olub uçdu.

Bilmədim neyləyim, bu tərəfə baxıram ana, o biri tərəfə baxıram ata. Hər halda bilirdim ki, anamın söhbəti nisyə söhbətdi, yəni mənə beh-zad verməyib, atam heç olmasa 50-lik verib, ona görə üz qoydum rayona, pulu verdim, Mövsümə, atamın ismarıcını çatdırdım, dedim noyabrın 26- da saat 8- də olsun bizim qapıda.
Gəldim kəndə, qarşıma ilk çıxan elə anam oldu, Vahidə dedinmi, sən oxuyacasan?

-Yox dedim, Vahidi tapmadım, Mövsümə dedim, əlli manat da beh verdim.

Anam sərt və qəti sürətdə dedi:

-Get bu saat, sənə deyirəm, behi Mövsümdən al, ver Vahidə. Toyda Vahid oxumalıdı, əhdim var, öz əmioğlumuzdu, qonşumuz arvadlara söz vermişəm. Indi onlara nə cavab verəcəyəm?
Mən əlacsız idim, boynumu büküb anama baxırdım
Anam daha real ve kövrəldici notlara keçdi.

-Səni qışın qış günündə dalıma şəlləmişəm, kiçik çillədə əlim un cuvalında donub, toylara getməmişəm, gəlinlərlə bəhs eləməmişəm.
Anam gördü ki, başımı aşağı salıb peşimançılıq hissləri keçirirəm, ona görə daha ağlamalı notlara keçdi.

Sənin süd şüşəni qoynumda qızdırırdım, səhərəcən yatmırdım. İki dəfə sənə qurban dedim, atan kəsmədi, gedib öz qardaşımdan qurbanlıq alıb gətirdim.

Anam bu işdə onun tərəfində dayanmağımı istəyirdi. Nənəm də Vahidin tərəfində idi. O da Vahidin oxumağını qonşumuz Bəybalanın toyunda görmüşdü, onda mən nənəmin kürəyində şəlləkdə imişəm. Nənəm and içirdi ki, Vahid oxuyanda mən ağlamağımı kəsib ona qulaq asmışam. Toyxanadan aralanan kimi ağlamaq məni tuturmuş. Hətta Vahid özü deyib ki, bu oğlanın toyunda özüm oxuyacam.

Nənəm daha dəqiq faktlarla fikrini əsaslandırdı.

-Vahid, “Sən, sən” mahnısın oxuyanda sən başladın kürəyimdə oynamağa. Oynadın, sonra kürəyimdə yatdın. Xanpəri nənəmin süfrəsi haqqı səni elə ordaca yuxu apardı.

Düzü çox təsirləndim. Gedib “behi” Mövsümdən alıb verdim Vahidə. Yenə evimizdə atam, anam arasında mübahisə başladı. Atam hazırlaşdı ki, getsin Moskvaya. Bu dəfə gedib “beh”i alıb verdim Mövsümə. Indi də anam hazırlaşdı ki, çıxıb getsin dədəsi evinə, yəni babamgilə. Yenidən behi Mövsümdən alıb verdim Vahidə. Bu dəfə Vahid haqlı olaraq mənə bir sual verdi:

-Qardaşoğlu, hələ sənin toyun olmayıb?

Məsələni kökündən həll eləmək üçün Vahidlə Mövsüm qərara gəldilər ki, toyumda ikisi də oxusun.

İndi 26 noyabr 1985- ci il. Saat 23.00. Bəyi tərifləyirlər, yəni məni. Mövsümün səsi Çinarların üstü ilə qanadlanırdı.

Göydə bir ulduz var, adı Talıbdı,
Bəyin anasında xələtimiz qalıbdı.

Arxasında Vahid deyir:
Bəyin atasında xələtimiz qalıbdı.

Axırda ikisi sə xorla deyir:
Bəyin nənəsində xələtimiz qalıbdı.

Çox kövrəldim. İndi nənəm, atam, anam həyatda yox. İl də 2017, ay və gün də 9 oktyabr.

Müəllif: Qəşəm Nəcəfzadə

QƏŞƏM NƏCƏFZADƏNİN DİGƏR YAZILARI

QƏŞƏM NƏCƏFZADƏ DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir