General Kərim Kərimov fenomeninin sirri

Azərbaycan Cümhuriyyətinin parlament üzvü Əsədulla bəy Əhmədovun nəvəsi olmaqla bərabər məşhur milyonçu və mesenatlar Hacı Zeynalabdin Tağıyevlə və Murtuza Muxtarovla qohumluq əlaqələri olan bir şəxs SSRİ-nin ən məxfi və strateji sahəsinə rəhbərlik edən dövlət komissiyasının rəhbəri vəzifəsinə uzun illər rəhbərlik etməsi maraq doğurmaya bilməzdi.

General Kərim Kərimov fenomeninin sirri

General-leytenant Kərim Kərimov müsahibə zamanı, dekabr 1988-ci il - Sputnik Azərbaycan

Oktay Əhmədov: ”General Kərim Kərimov hər iki tərəfdən Azərbaycan türküdür, Oğuz soyundandır!”

 25 il Pilotlu Gəmilərin Sınaq Uçuşları üzrə SSRİ Dövlət Komissiyasının sədri (1966-1991) vəzifəsini tutmuş, Azərbaycanın milli iftixarı, kosmosun əfsanəsi adlandırılan artilleriya general-leytenantı Kərim Kərimovun 100 illik yubileyi Azərbaycanda və Rusiyada qeyd edilməkdədir. Həyatını sirlər dolu bir ömrə sığdıran məxfi general yalnız SSRİ süquta uğradıqdan sonra geniş ictimaiyyətə tanınmışdır.

General Kərim Kərimov kimdir?

General Kərim Kərimov fenomeninin sirri - Sputnik Azərbaycan

General-leytenant Kərim Kərimov. Dekabr, 1988-ci il

Azərbaycan Cümhuriyyətinin parlament üzvü Əsədulla bəy Əhmədovun nəvəsi olmaqla bərabər məşhur milyonçu və mesenatlar Hacı Zeynalabdin Tağıyevlə və Murtuza Muxtarovla qohumluq əlaqələri olan bir şəxs SSRİ-nin ən məxfi və strateji sahəsinə rəhbərlik edən dövlət komissiyasının rəhbəri vəzifəsinə uzun illər rəhbərlik etməsi maraq doğurmaya bilməzdi. Hər kəsə məlumdur ki, SSRİ səviyyəsində türk soylu millətlərdən yalnız barmaqla sayılacaq səviyyədə mühüm post tutan şəxslər olmuşdur. Bu şəxslərdən biri də məhz məxfi general Kərim Kərimov idi. Kərim Kərimovun sirri nədə idi? Nədən o sıçrayışla vəzifə pillələrində irəliləyirdi?

Bioqrafiyasına nəzər salaq.

General Kərim Abbasəli oğlu Kərimov 14 noyabr 1917-ci il tarixdə Bakı şəhərində ziyalı ailəsində anadan olub. İlk təhsilini Təzə-Pir Məscidinin nəzdində mədrəsədə aldıqdan sonra, orta təhsilini Bakıda 8 saylı (hazırda General Kərim Kərimovun adını daşıyır) orta məktəbdə almışdır. O, 1934-cü il tarixdə orta məktəbi bitirir. Sonra 1936-cı ilin avqustunda Moskvaya gedir  və  Novoçerkaskdakı Sənaye İnstitutunun  “Elektromexanika” fakültəsinə qəbul olur.

Evlənməsinə babası Əsədulla bəy Əhmədov xeyir dua verir.

Birinci kursda oxuduğu zaman artıq orta məktəbdə on il birlikdə təhsil aldığı və orta məktəb illərindən sevdiyi Zərifə xanım Hənəfiyeva ilə ailə qurur. Atası Abbasəli Kərimov bu evliliyə qarşı olsa da, ailədə nüfuz sahibi olan Cümhuriyyət Parlamentinin deputatı olmuş babası Əsədulla bəy Əhmədov bu evliliyə xeyir dua verir. Bu evlilikdən general Kərim Kərimovun 22 yanvar 1937-ci il tarixdə qızı dünyaya gəlir. Qızına anası   Sürəyya xanımın  şərəfinə onun adını qoyur. Ancaq bir müddət sonra ailə vəziyyəti ilə bağlı gələcəyin dahisi 1939-cu ildə Bakıda Sənaye İnstitutuna köçürülür. Həyat yoldaşı isə Sənaye İnstitutunun kimya fakültəsində təhsilini başa vurur. ( Z.Hənəfiyeva Moskava Dövlət Universitetində kimya fənindən dərs deyib) Lakin tale yenidən  Kərim Kərimovun həyatını Rusiyaya bağlayır. Belə ki, o, 1942-ci ildə Dzerjinski adına Artilleriya Akademiyasına göndərilir. Qeyri-adi istedadını və biliyini nəzərə alaraq Kərim Kərimov birbaşa akademiyanın IV kursuna daxil olur və 1943-cü ildə akademiyanı topçu-mühəndis ixtisası üzrə bitirir. O, təhsil aldığı müddətdə  “Katyuşa B 13” adı ilə tanınan yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanır. Silahın təkmilləşdirilməsi barəsində bir neçə səmərələşdirici təklif irəli sürən Kərim Kərimov həmin vaxtdan həyatını raket texnikası ilə bağlamış, bu texnikanın inkişafı naminə elmı və fiziki potensialını əsirgəməmişdir.

Baykonurun təməli qoyulan gündən Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən olan Kərim Kərimov kosmodromda çalışmağa başlayıb. O, Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilmişdi.

Tanış olduğum sənədlərə əsasən fəxrlə qeyd edim ki, kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində Kərim Kərimovun  böyük rolu olub. Bunun nəticəsi kimi ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni – Lenin ordeni ilə təltif olunmuşdu. 1945-ci ildən böyük mühəndis vəzifəsində çalışmağa başlayan Kərim Kərimov 1961-ci ildə general rütbəsi verilmişdir. 1965-ci ildə Kosmik Vasitələrin  İdarəsinin rəisi, 1966-cı ildən isə Pilotlu Gəmilərin Sınaq Uçuşları üzrə SSRİ Dövlət Komissiyasının sədri vəzifələrinə təyin edilmişdir. Qeyd edək ki,  general Kərim Kərimovun rəhbərlik etdiyi  komissiyanın  tərkibi 50 nəfərdən ibarət olub. Buraya  SSRİ-nin  müdafiə naziri, o cümlədən 7 nazir, digər mühüm  komitə və struktur rəhbərləri  daxil olmuşdur.

1975-ci ildə “Apollo” və “Union” gəmilərinin rekonstruksiyası və uçuşun hazırlığı ilə əlaqədar iş Kərim Kərimovun məsuliyyətində idi. Yeni yaradılan bu nazirlik kosmik sənayenin bütün müəssisələrini özündə birləşdirdi. Lakin K.Kərimovun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən məşhur konstruktor S.P.Korolyov 1966-cı ildə təkidlə onun Kosmik Gəmilər üzrə  sistemlərin hazırlığını yoxlayan, uçuşun başlanmasına icazə verən şəxs kimi məhz Kərim Kərimovu olmasını istəyirdi. Və bu təkid öz nəticəsini vermişdi. Kosmik səyahətə çıxan və tapşırığı yerinə yetirib geri dönən uçuş heyətlərinin hesabatlarını qəbul edərək heç vaxt televiziya reportajlarına düşməyən şəxs də Kərim Kərimov idi. 1974-cü ildə Kərim Kərimov əsas vəzifəsi ilə paralel olaraq Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini kimi elmi-təşkilatçılıq fəaliyyətinə qatılmışdı. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdı. Onların sırasında yeni nəsil “Soyuz” kosmik gəmiləri, “Salyut” orbital stansiyası, sonradan isə çoxmodullu “Mir” stansiyasının adlarını çəkmək olar. Azərbaycanla əlaqəni kəsməyən, Azərbaycan Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməkliyi göstərən general bir çox azərbaycanlı alimin bu sahədə fəaliyyət göstərib inkişaf etməsi üçün şərait yaratmışdı. 1991-ci ildə istefaya çıxan Kərim Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini kəsməmiş, Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdu. İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına, iki dəfə Lenin ordeninə, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenlərinə layiq görülmüş və çoxlu medalla təltif olunmuşdur. Kərim Kərimov 2 dəfə dövlət mükafatı almışdır.  Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir.

General-leytenant Kərim Kərimov 29 mart 2003-cü ildə Moskva şəhərində vəfat etmiş və elə orada da dəfn olunmuşdur.

Məxfi generalın zəngin bioqrafiyasının araşdırdıqda onun fenomenal həyat hekayəsinin əsl sirri aydın olur. Paradoksla olsa da Azərbaycan Cümhuriyyətinin parlament üzvü olmuş Əsədulla bəy Əhmədovun nəvəsi general Kərim Kərimovun  dünyanın super gücü olan SSRİ-nin ən strateji sahəsinə rəhbərlik etməsi maraq doğurur. Onun sıçrayışlı karyera yüksəlişinin səbəbi qeyri-adi istedadı, fenomenal yaddaşı,  təşkilatçılıq bacarığı, yüksək intellekti və çevik təfəkkürü olmuşdur. Əvəzedilməz generalın  bu keyfiyyətləri cümhuriyyətçi ailəsindən olması faktorunun arxa plana  keçməsinə səbəb olmuşdur.

General Kərim Kərimovun ailə şəcərəsinə yaxın qohumu (dayısı oğlu), Azərbaycan Cümhuriyyətinin parlament üzvü Əsədulla bəy Əhmədovun nəvəsi, xüsusi xidmət  polkovniki Oktay Əhmədov işıq salır. Oktay Əhmədov: ”General Kərim Kərimov hər iki tərəfdən Azərbaycan türküdür, Oğuz soyundandır!”

Xatırladım ki, general Kərim Kərimovun atası Kərimov Abbasəli Hacıbalakərim oğlu 1879-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan türküdür. Azərbaycanın ilk ali təhsilli mühəndislərindəndir. Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunda bir müddət təhsil aldıqdan sonra 1912-ci ildə Peterburq Texnologiya İnstitutunu bitirmişdir. (Abbasəli  Kərimovun fəaliyyətinin professor Ədalət Tahirzadə araşdırılmışıdr).

Anası Əhmədova Sürəyya Əsədulla qızı isə Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, I Bakı Dumasının deputatı, “Nəşri-maarif” cəmiyyətinin təsisçilərindən biri Əsədulla bəy Əhməd oğlu Əhmədovun qızıdır. Azərbaycan türküdür.

1930-cu ildə Azərbaycan Cümhuriyyətinin parlament üzvü Əsədulla bəy Əhmədovu NKVD tərəfindən  istintaqa verdiyi ifadələrində əfsanəvi general Kərim Kərimovun məhz onun himayəsində yaşadığını bildirmişdir (sitat professor Ədalət Tahirzadənin araşdırmasından götürülmüşdür).

HÜQUQŞÜNAS SƏMƏD VƏKİLOV


“YAZARLAR”  JURNALI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir