
UZADIRLAR
Köz deyən ha olmur sönmüş közlərə,
Sönməmiş közlərə kül uzadırlar.
Bir əl sığal çəkir qorxan gözlərə,
Qorxmayan gözlərə mil uzadırlar.
Əli gödəklərin əlindən öpür,
Yeli gödəklərin yelindən öpür,
Dili gödəklərin dilindən öpür,
Dili uzunlara dil uzadırlar.
Çillədən çıxdılar çillə sıxanlar,
Qoşulub getdilər yellə çıxanlar.
Dirinin döşünə güllə sıxanlar
Ölünün üstünə gül uzadırlar.
Ölülər dinmir ki, dinə dirilər,
Ağzına su alıb çənə dirilər.
Ölü nə bilsin ki, yenə dirilər
Qırxı dala çəkib il uzadırlar.
26 dekabr 2020
Novxanı
Müəllif: İslam Sadıq
YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru