Yağış, Arı, Sən və Eskişəhər…

Yağış, Arı, Sən və Eskişəhər…
(esse)

Məndən İstanbul ilə Eskişəhərin fərqini soruşsalar deyərdim , ki, İstanbul eşqdir, Eskişəhər isə sevgi. İstanbulun ilk dəfə günəşli sabahının ardından qəfil leysan yağışı, dumanı ilə qarşılayıb məni, həyəcan dolu möhtəşəm tanışlıq olub o şəhərlə görüşümüz, həmin günün axşamı yenə leysan yağışa tuş gəlmişəm, illərin həsrətlisi imiş kimi “göz yaşlarıyla” bağrına basmışdı məni İstanbul, AyaSofyaya gedən yolun kənarında satılan bişmiş qarğıdalı, qovrulmuş şabalıd qoxusu, kəndimizi, Nənəmin közdə bişirdiyi qarğıdalıları xatırlatmışdı mənə. O gün anlamışdım ki, şəhərlər həm də qoxularla doğmalaşır . Həmin gün illərdir görmədiyim, çox sevdiyim Hocamla da görüşmüşdük. İstanbul həm də ona görə doğma gəldi mənə, çünki orda çox əziz , çox dəyərli Hocam var.
Eskişəhər isə mənə görə zəhmətin, əməyin, sevginin şəhəridir. Bu şəhərdə artıq dörd aydır ki, yaşayıram, bir xeyli qayğılarım, çətinliklərim oldu, bəzən kədərli adamları ilə qüssəmi çoxaltdı, bəzən kişili-qadınlı, cavanlı-qocalı əlində siqaret tüstüləyə-tüstüləyə yanımdan keçən adamların verdiyi narahatlıqla əhvalım pozuldu . Amma şəhər özü yaşıllığı, gülü- çiçəyi, narın yağışı, qorxutmaqdan çəkinirmiş kimi ehmalca çaxan şimşəyi, nəzakətli küləyi ilə könlümü oxşadı. Hərdən mənə elə gəlir ki, şəhər məni incitməkdən, xətrimə dəyməkdən qorxur. Səhərlər Eskişəhərin yağışıyla tez-tez gizlənqaç oynayırıq…
Dərsə getməzdən əvvəl pəncərədən boylanıram, nə yağış var, nə külək, nə də göy üzündə bulud, hava bulaq suyu kimi dumdurudu. Elə yenicə qapıdan çıxıb dörd- beş addım atıram ki, yağış damcıları sakit-sakit salamlayır, uşağını oyatmamaq üçün otağa ayaq barmaqlarının ucunda girən analar kimi, elə yağır ki, üstün islananda xəbərin olur ki, yağış yağırmış, paltonun papağını başıma çəkirəm, mən gizləndikcə o papağın altından çıxan saçlarıma yağır, su dəyən kimi qıvrımlaşan saçlarım küləkdə uçuşan yarpaqlar kimi yanağımda dəcəllik eləyirlər, kədərlə hələ istisi soyumamış evdə qoyub çıxdığım cəfakeş fenimi xatırlayıram, geri qayıdıb çətir götürməyə ərinirəm, uğurdan geri dönməyi də sevmirəm. Gözümdəki nazik eynəyi çantadakı böyük eynəklə dəyişirəm, bu dəfə də eynəyin altındakı kirpiyimə yağır yağış. Yaxşı, bu dəfə də Sən qazandın deyirəm, nə qədər gizlənsəm də tapırsan məni. Sonra ətrafa göz gəzdirirəm, qəfil narın yağışa tuş gəlmiş adamlar harasa tələsirlər. Bircə otluqdakı tənha boz qarğa sakitcə dayanıb. Bir az aralıda sarımtıl bir it otelin pəncərəsindən boylanan turist rahatlığıyla məmnun məmnun insanları müşahidə eləyir, amma nə olsun o da təkdi . Ona baxanda sən də mi təksən deyirəm, Aygünün “yenə tək ” mahnısı gəlir ağlıma. Universitetin həyətinə girdiyim beş dəqiqə olar-olmaz bir arı hardansa tələsik gəlib sağ qulağımın bərabərində islaq saçlarımın arasına girir. Sənin sözün yadıma düşür, “balsan e bal” gülümsəyirəm. Dərsə girib çıxmağım təxmini iki saat çəkir, yenə narın yağış, yolumu uzadıram, yavaş-yavaş gəlirəm. Bayaqkı arı da, Sən də yadıma düşürsünüz, Səni ürəyimə sığdırsam da , Eskişəhər sənsizliyimə dar gəldi deyə düşünüb darıxdığım vaxtda telefonuma zəng gəlir, -“yağış yağır, kaş səndə burda olaydın.” -“niyə islanım deyə?)” , “içimdən bir səs , ” yox, saçımdakı arını görəsən deyə” Sonra içimdəki həmin səs üzümdəki gülümsəməyə qarışıb şəhəri məzəmmət eləyir : “Ehh əzizim, bu yağışlar nədir, axı sən Eskişəhərsən, özünü niyə London kimi aparırsan?! Bu qəfil şər qarışmalar, günbatımları hardan çıxdı, axı Sən Varşava deyilsən…
Sənin təbirincə desək qala divarlarına oxşayan universitetin həyətindən çıxıram. Kədər qarışıq xatirə dumanına qarışan təbəssüm kəpənək kimi yanaqlarıma qonur. Elə bil hansısa melodramın içindəyəm, ətrafdakı təmizlənmiş, qoxusu dəyişmiş yaşıllığa baxa-baxa düşünürəm ki, imtahanların bol vaxtında hamınız qəsdimə durubsunuz : yağış, arı, Sən, bir də Eskişəhər…

Müəllif: TURAN NOVRUZLU

TURAN NOVRUZLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir