Aygün Sadiq : – Bir görüş.

Bir görüş

Gözümüz həsrət çəkir həmdəmini bulmağa,
İki cüt qol tələsir möhkəmcə sarılmağa,
Saniyələr hey qaçır bizi bizdən almağa….
Gəl, zaman qatarının sərnişini olaq biz,
Vaxtı əvvələ çəkək; köhnəlməsin sevgimiz.

Bir gün belə, gecikib gətirmədik bəhanə,
Narazı baxışlardan oxunmadı bir tənə,
Min ildir, əsirinəm…. Hər gün aşiqəm yenə,
Dəyişmədi sevgimiz, ötüb keçsə də min il,
Bizimki dəlilikdir, adicə sevmək deyil.

Uzaqdan salamlayır məni incə əllərin,
Küləyə təslim olur o xurmayı tellərin,
Fürsət tapıb arxamda gizlətdiyim güllərin
Ömürlük ünvanısan! Dəyişmərəm adını,
Görüşə xoş gəlmisən, həyatımın qadını….

Gəlirsən… Addımların verir görüş müjdəsi,
Bir az hürkək, tələskən, tanış bir addım səsi…
Ehmalca söylədiyin “darıxmışam” kəlməsi
Bir anda qanad verir sənli arzularıma,
Qopub tənhalığımdan, sarılıram yarıma…

2015.

MÜƏLLİF: AYGÜN SADİQ

AYGÜN SADİQİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir