HƏMİNKİDİR
Sən yoxu, yoxluğu varda arama,
Ağa həminkidir, qul həminkidir.
Bu boyda qələbə çalmışıq, amma
Dəyişən zamandır, el həminkidir.
Bu dərd harda bitir, haradan çıxır?
Buradan qovursan, oradan çıxır.
Köpəklər yallanıb aradan çıxır,
Horra həminkidir, yal həminkidir.
Haqqı üstümüzdə ər oğulların,
Dəyərini bilməz, anlamaz harın.
Başını gizlədən qırqovulların
Quyruğu çöldədir, kol həminkidir.
Bilməz doğru nədir, ya yalan nədir,
Anlamaz çıxılan, azalan nədir.
Eşşək hardan bilsin, zərpalan nədir,
Üstündəki palan, çul həminkidir.
Şeytanın sözünə kim qulaq asdı?
Bir gözdə sevincdir, bir gözdə yasdır,
Yenə köhnə hamam, bir köhnə tasdır,
Fırlanır yerində, val həminkidir.
Şahlar, gözəl olur dünyanın axrı,
Getsin ürəyindən iztirab, ağrı…
Bircə yolumuz var — Turana doğru!
Ayrı yolumuz yox, yol həminkidir.
Müəllif: ŞAHLAR GÖYTÜRK
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru