
BAYRAĞIM
Sən ki bir sərv ağacısan,
kökün möhkəm, başın uca.
rüzgar vurur nazlanırsan,
qanadlanıb uça-uça.
Sən üç rəngli bayrağımsan,
sən mənim azadlığımsan.
Mavi göyüm, baş tacımsan,
Yaşılımsan, inancımsan.
uğrunda min-min illərdir
tökülən qan – qırmızımsan,
Atam, qardaşım, bacımsan…
Sən üç rəngli bayrağımsan,
sən mənim azadlığımsan.
Tufan qopsa, külək əssə,
qəddin düz – sərv əyilməzdir.
Sənə sevgim gəlməz bəhsə,
Eşqsən – eşq ram edilməzdir.
Düzüləndə qatar-qatar,
Göz oxşar əzəmət, vüqar,
Qaynayar dəli duyğular,
məni sənə bağlayarsan…
Sən üç rəngli bayrağımsan,
sən mənim azadlığımsan.
Qamətinə əriyən şam,
Günəş tək alışam, yanam,
Ay-ulduzlu qırmızı bağ
olam, belinə dolanam…
Süz, göyə baş qaldıraraq,
Keç, gözümdən varaq-varaq…
Boyun, görkəminlə ancaq
Güc-qüvvətim, dayağımsan.
Sən üç rəngli bayrağımsan,
sən mənim azadlığımsan.
Müəllif: Adilə NƏZƏR
Filologiya üzrə fəlsəfə doktoru
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru