İlyas TAPDIQ – SƏMİMİ SÖHBƏT

RAFİQ YUSİFOĞLU HAQQINDA

SƏMİMİ SÖHBƏT

Təzə uşaq kitabının çıxması dünyaya təzə uşaq gəlməsi kimi fərəhli hadisədir. Ayaq açanda ilk yerişi ilə doğmaları sevindirən, qəribə hərəkətləri ilə yadda qalan uşağın özü kimi uşaqlar üçün yazılmış kitabın da maraqlı, təzə səhifələri yadda qalmalıdır. Mən Rafiq Yusifoğlunun uşaqlar üçün yazdığı “Ətirli düymələr” kitabını belə bir maraqla oxudum.
Kitabda toplanan şeirlərin əsas qisminin mövzusu uşaqları müşahidədən, onların aləminə yaxınlıqdan alınmışdır. Səmimi ifadəsi ilə seçilən şeirlər təzə qol-budaq atan ağacın yaşıl yarpaqları arasından görünən çiçəklər kimi kitabın müxtəlif səhifələrinə səpələnmişdir.
Şeirlər kitabda dörd bölmədə – “Çəmən çiçəyi ilə, insan əməyi ilə”, “Ukraynada keçən günlər”, “Ağacın kökü torpaqda, insanın kökü eldədi”, “Hamısı göyçək balalar, kəlməsi çiçək balalar” başlıqları altında toplanmışdır. Başlıqlar özü müəllifin məqsədini, uşaqlara hansı mətləblərdən söz açacağını bildirir. Torpağa məhəbbət, uşaqlara qayğı, dostluq, balacaların hazırcavablığı, əyləncəli şən dünyası Rafiqin şeirlərinin qayəsidir. O öz fikirlərini əsasən uşaqların dilindən verməyə çalışmış, onların maraqlı müşahidələrini şeirlərinin obyektinə çevirmişdir. Biz uşaqların özünü də bu şeirlərdə görürük. Həmin uşaqlar bəzən çox fərəsətli və bacarıqlı, bəzən də sadəlövh görünürlər.
“Araba”, “Antena”, “Sevincimdən uçuram” şeirlərindəki uşaqlar həm müşahidələrini söyləyirlər. Həm də diribaş uşaqlardır. “Araba” şeirini misal gətirirəm:
Qızınırıq qışda biz
Ağacların oduna.
Ay araba, araba,
Get meşəyə oduna!

Tez elə, uşaqların
Yerə salma sözünü.
Əgər əliboş dönsən,
Yandırarıq özünü…

“Qəfəsdə tək qalan bülbül” şeirində də uşaq fərasətlidir. Tayı ölüb qəfəsdə tək qalan bülbül darıxmasın deyə uşaq qəfəsə güzgü qoyub. Bülbül qəfəsdəki güzgüdə öz əksini görüb, elə bilir taylıdır. Mahnı oxuyur. Uşaq da öz əməlinə sevinir. Çünki qoçaqdır, ağıllıdır.
Rafiq Yusifoğlunun “Usta külək”, “Buldozer”, “Balığın pulu” şeirlərindəki müşahidələr də maraqlıdır.


Rafiq Yusifoğlunun “Ətirli düymələr” kitabı əsasən həssas müşahidələrin məhsuludur. “Bizim dağlar”, “Yaşıl körpü”, “Şirin yağış”, “Pənsərədən baxan güllər”, “Saat”, “Dəniz neftçiləri”, “Araz üstündə körpü”, “İşığın yolu”, “Güllər sakitlik sevir” şeirləri idraki əhəmiyyətli, sadə və aydın şeirlərdir.
Dil və ifadə, sözləri mənalandırmaq cəhətdən “Saat”, “Sokirnoda səhər”, “Küknar meşəsində yağış”, “Mavi küçə”, “Su”, “Alaq və balaq” kitabdakı uğurlu şeirlərdəndir. “Alaq və balaq” həm də şən şeirdir, oxuyana təbəssüm bəxş edir:

Bostanın ortasına
Buraxmışam balağı,
Mənə kömək eləsin,
Gedib yesin alağı.

Babam deyir: – Ay dəsəl,
Korlamısan aləmi.
Alaq qalıb kənarda,
Balaq yeyib kələmi…

Rafiq Yusifoğlunun “Saat” şeiri də uğurludur. Yığcam, mənalı, axıcıdır. Uşaq şeirindən də tələb olunan birinci bu xüsusiyyətdir.

Gecə-gündüz işləyir,
Bu nə yaxşı saatdı.
Əqrəblərin hərəsi
Elə bil köhlən atdı.

Irəliyə can atır,
Gedir səs sala-sala.
Minib əqrəb atlara
Zaman çapır dördnala…

Bu kitab göstərir ki, Rafiqin “Ətirli düymələr”i təravətlidir, ətirlidir. Uşaq aləminə səmimiyyətlə yanaşan, ona mülayim və xeyirxah bələdçi olan gənc qələm dostuma arzum budur ki, gələcək uşaq kitablarında açılmayan düymələr qalmasın, hamısı xoş ətri ilə bizi və balasa oxucuları sevindirsin.

İlyas TAPDIQ
“Ədəbiyyat və incəsənət” qəzeti, 15 avqust 1986-cı il.

RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir