Ənvər Rza və Bəhmən Vətənoğlu

BƏHMƏN HEY!!!
Müəllif: Ənvər Rza

Dodağımın qabarıdır nə vaxtdan
Çiskin adı, duman adı, Bəhmən hey!
Böyüdükcə, boy atmadıq, kiçildik,
Nə qəribə zamanadır, Bəhmən hey!

Tale bizə üz turşudub, sərtləşib;
Mərd evini yıxan namərd mərdləşib
Ürəyimdə kədərləşib, dərdləşib
Yaxşıların yaman adı, Bəhmən hey!

Nankor çıxıb namus, qeyrət xələfi.
Boyaqçı da düyün saldı kələfi.
Qış yarıda qurtarmışıq ələfi
Gümanımız samanadı, Bəhmən hey!

O dağlarsız bircə günüm olmayıb,
O dağlarsız səsim, ünüm olmayıb.
O dağlarsız toy-düyünüm olmayıb,
O dağların amanatı, Bəhmən hey!

Hal nə gəzir indi Ənvər fağırda
Keçəl dana öncül olub naxırda.
Dost sandığım üstün tutdu axırda
Duz-çörəkdən bir manatı, Bəhmən hey!

          21 yanvar 1986

ƏNVƏR HEY!!!
Müəllif: Bəhmən Vətənoğlu

Ənvər, sənin kitabını
Bilirsənmi, kitabların,
Harasında saxlayıram
Ələsgərlə, Bəxtiyarın
Arasında saxlayıram.

Elə demə, keçməyibdi Ənvərsiz
Bu dağların toy-büsatı Ənvər hey!
Yaranışdan dağlar boyda yaranıb
Dağ oğlunun əsli-zatı, Ənvər hey!

Çox insanın kür taleyi, bəxti var
Yerə mərdi yıxa bilməz nadanlar
Axır qalar yaman günə yamanlar
Yaxşıların var ustadı, Ənvər hey!

Doğru dedin, arxamızdı bu dağlar
Öz dərdimi mən ağlaram, bu dağlar
Sinəm üstə bu düyünlər, bu dağlar
Dolanıram bu həyatı, Ənvər hey!

Yoluq çəpiş yenə öycül təkədi
Haqq deyilən indi yağlı tikədi
Sən deyənlər bizdən xeyli yekədi
Burax belə zarafatı, Ənvər hey!

Sən qınama Bəhmən oda yananda,
Olmuşları bir əfsanə sananda
Ötən ömrü, keçən günü ananda
Könlüm istər bir bayatı, Ənvər hey!

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

KAMALƏ ABİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir