
DOĞMADIR
Bilmirəm, nə sirdir, sevdiyin kəsin,
Əli doğmadırsa, üzü doğmadır.
Hər kəsdən fərqlidir nəfəsi, səsi,
Bəlkə dili fərqli, özü doğmadır.
Ruhum qartal olsa, göydə haylanan,
Əkizin görüncə azca huylanan.
İçindən üzümə kimdi boylanan,
Tanıyır gözlərim, gözü doğmadır.
Hər kəs karvandadır, fərqli biçimdə,
Həm ağa, həm quluq ömür köçündə.
Görən tək tanıdım, minlər ıçində,
Yerişı, yürüşü, izi doğmadır.
Elə karvan yükü sözümü çəkən,
Bəzən yanlışları, düzümü çəkən,
İnciyib, küssə də nazımı çəkən,
Nəfəsi doğmadır, sözü doğmadır.
…Zeynəb, nə sirdirsə, sevdiyin kəsi,
Səninçün gəzdirir bu Yer kürəsi..
Hər kəsdən fərqlidir nəfəsi, səsi,
Bəlkə dili fərqli, özü doğmadır.
05.08.2024.
Müəllif: Zeynəb Cəmaləddin
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru