Məti Osmanoğlu – Yaddaşın yazısı

Yaddaşın yazısı

Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, professor Məhərrəm Qasımlının – Orxan Paşanın bədii əsərlərininin bir araya gəldiyi “Yağmur qoxusu” kitabı məndə başqa oxucunun gördüklərindən, hiss etdiklərindən, gəldiyi nəticələrdən tam fərqli duyğular, anımlar, xatirələr, qənaətlər oyadır. Mən, əslində, bu kitabı lap çoxdan – 1975-ci ildən oxumağa başlamışam. Bakı Dövlət Universitetinin (o vaxt Azərbaycan Dövlət Universitetinin) filologiya fakültəsində eyni kursda təhsil aldığımız zamandan. Biz Məhərrəmlə, sadəcə, kurs yoldaşı olmamışıq: iki il universitetin 3 nömrəli yataqxanasında eyni otaqda yaşamış, qayğı, sevinc, kədər ortağı olmuşuq. Ona görə də mən onun söylədiklərinin, yazdıqlarının qaynağına, mənbəyinə yaxından bələdəm, o da mənim.
Yataqxana həyatının maraqlı cəhətlərindən biri də bu idi ki, kənddən gələn dostlarımızı, yaşıdlarımızı öz qabiliyyətimiz daxilində ağırlayır, onların şərəfinə imkanımız çərçivəsində qonaqlıq təşkil edirdik. Məhərrəmin otağımıza qonaq gətirdiyi bir sinif yoldaşını xatırlayıram, bizdən ayrılıb əsgərliyə yola düşəcəkdi. Məlum oldu ki, saz çalır. Tez saz tapdıq. O oğlanın adı yadımda qalmayıb, ancaq iki detal yaddaşımda əbədi həkk olunub: bir onun sazda o vaxta qədər eştidiklərimdən tam fərqli çaldığı “Baş sarıtel” havası, bir də simlərin üstündə gəzən barmağının ucundakı döyənək. Görünür, barmaqlarını sazın qoluna bərk sıxdığından sol əlinin şəhadət barmağı sərt qabar bağlamışdı.
Orxan Paşanın yazılarını oxuyuram və uzaq xatirələrimdə saz havasına qarışmış o döyənək gözümün önündə müəllifin, sözün hərfi mənasında, cadar bağlamış ürəyini canlandırır. Məhərrəm Qasımlının yazıları (istər fundamental elmi tədqiqatları olsun, istərsə də publisistik qeydləri, şeirləri) ürəkdə yoğrulub-yapılandan, kündələnib yayılandan, ocağın üstünə qoyulub bişiriləndən sonra oxucu mühakiməsinə verilir.
“Yağmur qoxusu”nda həm gənclik illərində, yolun başlanğıcında qələmə alınmış, ilk oxucusu (və ya oxucularından biri) mən olduğum şeirlər, həm də o gündən bu günə Məhərrəmin müşahidələri, düşüncələri, yaşadıqlarının əks-sədası, tale yazıları söz-söz pöhrələnib, yarpaq-yarpaq göyərib.
Görən o sözlərdən varmı yadında?-
Göydən gətirmişdim durna telində.
De nələr deyirdim könlüm adından
Bənövşə dilində, nərgiz dilində?!
Bunu bir məqaləmdə də yazmışam, mənim mənsub olduğum nəslin nümayəndələri sözün dünyasına göz açanda şeiri daha çox heyrətdə görməyə (və göstərməyə) çalışırdılar. Şeirlə ciddi maraqlananlar arasında şeirin heyrətdən doğulduğuna, heyrətin ifadəsi olduğuna inanlar var idi.
O nəslin nümayəndələrinin əksəriyyəti ədəbiyyata gələndə dünyaya heyrətli bir uşaq gözü ilə baxır, gördüklərini, göstərmək istədiklərini reallıqda olduğundan daha parlaq, daha rəngli, daha dolu təqdim etməyə üstünlük verirdilər. Azərbaycan nəsrinə bir qədər əvvəl nüfuz eləmiş işıqlı uşaq baxışları şeirdə özünü 70-ci illərdə daha bariz göstərməyə başlamışdı. Hələ dünyanın günahlarına bulaşmamış uşaq heyrəti, məsum uşaq səmimiyyəti 70-80-ci illər şeirinin məzmunu ilə yanaşı, poetikasına, sözün bədii düzümünə də ciddi sirayət edir və təsir göstərirdi. O illərdə mif, dastan poetikasına güclü maraq da, yəqin ki, öz başlanğıcıını bundan alırdı.
Hələ gənclik çağlarından həyata və ədəbiyyata baxışlarında yetkin və özünəməxsus tərz nümayiş etdirən, analitik təfəkkürü və güclü məntiqi ilə seçilən, özünü sözlə kifayət qədər yüksək səviyyədə ifadə edən Məhərrəm Qasımlı da ilk şeirlərində uşaq gözlərinin heyrətini ifadə etməyə çalışırdı. Bu gün də ona çalışır. Zamanın üstündən geri boylanıb, keçən günlərə, keçməyən sevdalara dörd-gözlə, beş gözlə heyrət içində baxır. Bəzən uşaq gözünün heyrətini keçmişdən bu günə gətirməyə çalışır və həmin heyrətə qovuşanda şeir yaranır. “Yağmur qoxusu” kitabının bir bölümü beləcə də adlanır:
İndi gənclikdəki sənli günlərə
Dördgözlü, beşgözlü heyrətim baxır.
Orxan Paşanın şeirlərində heyrətin poetik ifadəsini şərtləndirən aparıcı amil isə sözün ünvanının analitik mühakiməyə “yerləşə bilməməsi”, məntiqin sərhədlərinə sığışmamasıdır.
Onu qeyd etməyi vacib sayıram ki, fikrin poetik ifadəsi baxımından Məhərrəmin şeirlərində iki istiqamətin mövcud olduğu nəzərdən yayınmır. Birincisi, konkret müşahidələri, mühakimələri məntiqi paradokslarla ümumiləşdirmək. Hələ orta məktəbdə oxuyarkən yazdığı “Pərvanə özünü odlara vurdu, // Yarasa düşündü: yəqin ki, kordu” misralarında olduğu kimi. Burada da məntiqlə heyrətləndirmək, ən azı, düşündürmək meyli var. Sözün poetik deyiminə bu cür yanaşma xalq yaddaşından gəlir: “Məcnun dərd əlindən dağa çıxdı, // Dedilər bəxtəvər yaylağa çıxdı”…
Bir cəhət də budur ki, Məhərrəmin əksər şeirlərində duyğu hesaba, kitaba, məntiqə tabe olmur. Məntiqin kənarda qaldığı, riyazi hesabların düz gəlmədiyi məqamda könül dillənir, qəlbin dilləndiyi yerdən heyrət boylanır, fiziki sərhədlərdən çıxıb sonsuzluğa uzanır:
Dayanaq beləcə könül-könülə,
Min illik yol qalsın gündüzə qədər.
Aya istəmirəm, ay yaxındadı,
Gəl gedək ən uzaq ulduza qədər,
Uzansın bu gecə sonsuza qədər…
Orxan Paşanın şeirlərinin başlanğıcına, üstündə boy atdığı özülə qayıdanda ədəbiyyatşünaslığımız üçün bu gün də çox aktual (həm də mübahisəli) olan bir məqamın üstündən adlaya bilmirəm. 1970-ci illərdə, xüsusən də gənclər arasında “mərkəzdən qaçma” təmayülü güclü idi. Səməd Vurğun poetik sisteminə alternativ axtarışları, “sağa-sola” sapmaları, sürüşmələri ilə, hər şeydən öncə, bədii sözün təbii təkamülünün qanunauyğun ehtiyaclarından irəli gəlirdi, zaman dəyişmişdi və “zamanla səsələşən şerlər sorağında” (Aydın Məmmədov) axtarışların aparılması aktuallaşmışdı. Bədii sözə yeni yanaşmalar tarixin ictimai sifarişinə çevrilmişdi. Bu sifarişə, yeni çağırışlara cavab vermək mənasında, «bloklara qoşulmayan» Əli Kərim şeirimizə təmiz hava axını, müasir bədii düşüncə meyarları gətirməyə və onları təsdiq etməyə nail olmuşdu. O vaxt Asif Əfəndiyevin Əli Kərimin ikicildliyinə ön söz kimi yazdığı “Bənzərsizlik” essesi də Əli Kərim yaradıcılığının, ümumiyyətlə, yeni poeziyanın sirrini, sehrini açmaq baxımından müstəsna rol oynayırdı. Digər alternativlər – Vaqif Səmədoğlu və Ramiz Rövşən yaradıcılığının oxucu ilə ünsiyyəti hələ zamanını gözləyirdi. Subyektiv faktorlar da var idi. Üsyankar “sərbəstçilərin” müqavimətçi “hecaçılara” qarşı elan etdikləri “açıq müharibə”, eksperiment səciyyəli axtarışlar ənənəyə qarşı çevrilirdi. Səməd Vurğunun adı isə daha çox mühafizəkarlığın, mənfi mənada qəbul edilən “ənənəçiliyin” rəmzi kimi qəbul edilirdi…
Orxan Paşanın imzası ilk dəfə ədəbiyyatdakı həmin “mərkəzdənqaçma” havasının içində göründü.
Lakin çox keçmədən klassik ədəbiyyatımızın tədqiqatçısı Məhərrəm Qasımlı özünün ənənəyə, poetik düşüncələrini ifadə etdiyi dilin mənbəyinə münasibətinə aydınlıq gətirdi. 1985-ci ildə Səməd Vurğunun üslubundan, şeir texnikasından tamam fərqli bir dildə qələmə aldığı şeirində Səməd Vurğuna “Sənə ustad dedim” etirafı ilə müraciət etdi:
Sənə ustad dedim,
ruhunun havası
işlədikcə iliyimə,
gördüm
sevgidə ürəyinə tay yox
dar gündə kişiliyinə,
sənə ustad dedim!..

Səsinin, sözünün
sehri bəsimdi,
Qayğılı gözünün
mehri bəsimdi.
Söykənməyə
“Dağlar” şeiri bəsimdi –
Sənə ustad dedim!

Bu şeiri yazanda Şah İsmayıl Xətayinin yaradıcılığını tədqiq edən Məhərrəm Qasımlı artıq ədəbiyyatımız üçün ciddi əhəmiyyət daşıyan bir məsələyə maraqlı və orijinal bir yanaşma ortaya qoymuşdu. “Ustad-şagird” münasibətləri, ənənəyə sədaqət heç də sözün ifadə tərzini yamsılamaqla deyil, ruhun havasının iliyə işləməsi, sevginin ürəyə-qana yeriməsi, sözün sehrinin dərk edilməsi… və bir də söykənməyə layiq olan, söykənəndə yıxılmayan dayaqlar ilə dəyərli olur. Onu da qeyd etmək yerinə düşər ki, Orxan Paşa “Taleyimdən və ürəyimdən keçənlər” ədəbi-bədii etüdlər silsiləsində bu məsələyə elmi aydınlıq gətirmişdir. O, Səməd Vurğunun şeir dilinin nə əvvəlki yüzilliklərdə yaşamış klassiklərin, nə də zamanca öz yaxınlığında olan Hadi, Cavid və Sabir kimi dahi sənətkarların şeir dili ilə eyni olmadığını göstrərək Səməd Vurğunu Azərbaycan poeziyasının dilinə milli müəyyənlik gətirmiş şəxsiyyət kimi qiymətləndirmişdir: “Onun şeir dili… bugünkü poeziyamızın əsas təməlidir”.
1980-ci illərin ortalarından indiyədək Məhərrəmin həm elmi və publisitik, həm də bədii yaradıcılığında yaddaşa münasibət kökü bəzən çox dərinlərə işləyən, ilk baxışda fərqinə vara bilmədiyimiz fenomen kimi təzahür edir. Bu, bir ucu bədii inanclara bağlı olan qədim obrazların zaman keçdikcə yaddaşımızda sabitləşmiş, müəyyən mənada “avtomatlaşmış” əks-sədasıdır. 1983-cü ildə o belə bir şeir yazmışdı:

-Əslini Kərəmə verərsənmi,
Qara Keşiş?
-Sehirli don hardadı?
-İşdi, Əsli burdan keçər olsa,
görərsənmi, çoban qardaş?
-Dayan görüm, qoyun hardadır?
-Lələ, çoxmu gəzək Əslini?
-Sevən yardan ayrılmaz.
-Kərəmə yol ver, Ərzurumun gədiyi!
-Başım qardan ayılmaz…
-Əslini Kərəmə qovuşdur, aşıq!
-Ustad belə tapşırıb,
olmaz,
ay olmaz!

Bu şeirin yaddaş tutumunu qiymətləndirmək istərkən XX əsrin məşhur nəzəriyyəçisi, psixoanalitik məktəbin yaradıcılarından olan Karl Qustav Yunqun “kollektiv şüurdanxaric” konsepsiyasına müraciət etmək lazım gəlir. Başda Ziqmund Freyd olmaqla psixoanalitiklər belə hesab edirdilər ki, insanın davranış və fəaliyyətinin əsas tənzimləyicisi olan şüur pərdəsi altında onun özünün dərk edə bilmədiyi, şüurun əli yetmədiyi daha dərin lay gizlənib və daim fəaliyyətdədir. Yunq isə fərdi şüuardanxaricdən əlavə, hamının birgə yaşatdığı kollektiv şüuraltı konsepsiyasını irəli sürmüşdü. Kollektiv şüurdanxaric fərdin təcrübəsindən, biliyindən asılı olmayaraq müxtəlif insanlarda eyni cür təzahür edir, ayrıca bir insanın deyil, toplumun, cəmiyyətin və ya xalqın təcrübəsinə əsaslanır. Yunq belə hesab edirdi ki, kollektiv şüurdanxaricin altındakı lay müəyyən bədii deyimlərin, mənaların daşıyıcısı rolunda çıxış edir, arxetiplərə, başqa sözlə desək, toplum üçün ümumi səciyyə daşıyan əzəli dayaqlara söykənir.
Məhərrəmin bu şeiri səbəbini düşünmədən hamılıqla həqiqət kimi qəbul etdiyimiz kollektiv düşüncənin pozulmaz ehkamı üzərində qurulmuşdur: aşıq Əslini Kərəm ona görə verə bilməz ki, bu, yaddaşının hökmüdür – ayrıca fərdin onu dəyişməyə gücü və səlahiyyəti yoxdur…
Məhərrəm Qasımlının – Orxan Paşanın “Yağmur qoxusu”nu bir də vərəqləyirəm. Buradakı yazıların çoxu düşüncələrimdə əks-səda oyadır, yaddaşımı tərpədir və mənə elə gəlir ki, yazılan kitab kimi elə yaşanan ömür də yaddaşın hökmüdür…

2016

Müəllif: Məti OSMANOĞLU

MƏTİ OSMANOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir