
BU DÜNYANIN İŞİNİ BİLMƏK OLMAZ
(hekayə)
Osman “Bravo” marketdə alış-veriş edirdi. Alış-veriş deyəndə aldığı çox şey də deyildi: dondurma idi, şəkər tozu, bir də şüşə qabda “Sirab” mineral su.
“Sirab”ın gözəgəlimli şüşəsi vardı. İçərisindəki su olardı 250-300 qram. Amma qiyməti kəllə çarxa çıxırdı: 1 manat 60 qəpik. Bu qiymətə də su olar? Sonra deyirlər benzinin qiymətini qaldırırlar. Bu bir damcı suya verilən pula iki litr benzin almaq olardı. Deməli, əslində su yox, onun şüşəsini satırdılar o qiymətə. Suyu içib sonra şüşəsini qolun getdikcə atacaqdın çölə-bayıra, zibil yeşiyinə.
Evə qonaq gələcəkdi. Ona görə Osman abırlı bazarlıq edirdi ki, qonağını yaxşı qarşılasın. İki şüşə “Sirab” suyuna 3 manat 20 qəpik ödəməli idi.
Kassanı boş görüb yaxınlaşdı. Götürdüklərini çıxarıb kassirə göstərmək istəyirdi ki, bir nəfər qadın Osmanı itələyib özünü piştaxtaya çatdırdı:
-Növbə mənimdir, ay qardaş…
Osman üzrxahlıq elədi:
-Bağışla, ay xanım. Kassanı boş görüb yaxınlaşdım, mən nə bilim növbə sizindir.
– Piştaxtanın üstündəki ərzaqları görmürsünüz. Mənimdir. Dedim iki dənə də limon götürüm… Mən ayrılmışam, siz yaxınlaşmısınız. İndi dünya qəribə olub. Hamı dəyişib. Fürsətdən istifadə edir…
Osman qalmışdı mat-məəttəl.
-Ay xanım, ay bacı. İndi dünya dağılmadı ki. Dediniz, mən də çəkildim. Aldıqlarınızın pulunu ödəyib sakitcə gedin.
-Yox bir. Gedəndə sizdən icazə alacaqdım.
Qadın dil boğaza qoymurdu. Osman hiss elədi ki, da artıq əsəbiləşir:
-Ovcumun içini iyləmişdim ki, növbə sizindir.
Kassir əvvəlcə limonları götürdü:
-Xanım, bunları çəkdirməmisiniz?
-Çəkdirmək niyə? Biri neçiyədir? 30 qəpiyə, 40 qəpiyə?
-Xeyr, limon bizdə çəki ilədir. Xahiş edirəm, aparıb çəkdirin, mən bilim ki dəyəri nə qədər olacaq. Kassaya vurmalıyam.
Qadın deyinə-deyinə uzaqlaşdı. O, gedib-gəlincə kassir Osmanın götürdüklərini hesablayıb pulunu aldı. Osman yola düzəldi. Gedə-gedə ucadan səsləndi:
– Kiminsə deməyi ilə, deyinməyi ilə deyil ha. Bu dünyanın işini bilmək olmaz. Allah düzəltsin adamın işini. Çox danışdı, çox deyindi. Mən sakitcə dayandım, amma axırda növbədə ondan əvvələ düşdüm.
Bakı şəhəri, 09.08.2024-cü il.
Müəllif: AKİF ABBASOV,
Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi katibi,
pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.
Aşıq Qurban: – Pərdəli gəzməyən
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru