
Payız
Payız döyür pəncərəmi,
Yağış-yağış, külək-külək.
Payız döyür pəncərəmi,
Həzin-həzin, kövrək-kövrək.
Yay da yığır ətəyini
Sükutunda gecələrin.
Quşlar kəsir nəğməsini,
Səsi gəlmir cücülərin.
Leylək yığır boğçasını,
Durnalar şələ bağlayır.
Bülbül son cəh-cəhin vurur,
Naləsi sinə dağlayır.
Bir əsim mehdən diksinən
Çəmən, çiçək başın tutur.
Sarı yarpaq rəqs eləyir,
Ağac ana yasın tutur.
Payız sarır ağacları
Yarpaq-yarpaq, budaq-budaq.
Boz buludlar için çəkir,
Sinə açır ana torpaq.
Qayğı olur, həsrət olur,
Ömrümüzdən keçir payız.
Xatirədən kəfən biçir,
Ruhumuzu seçir payız.
Biz də fəsildən fəsilə
Cismimizi daşıyırıq.
Payız-payız qocalırıq,
Bahar-bahar yaşıyırıq.
Müəllif: Şəmsiyyə Qaramanlı
Şəmsiyyə Qaramanlının yazıları
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru