Qalib Nuri Arif – Sirli qalacaq

Sirli qalacaq

Gözümü açandan bu dünyaya mən,
Anamın qoynunda xoşbəxtlik gördüm.
Məst oldum anamın xoş nəfəsindən,
Olmadı bir qırıq kədərim, dərdim.

Düşündüm beləcə keçəcək ömür,
Məhəbbət görəcəm baxıb hər yerdə.
Bəzən, arzuların çırağı sönür,
Sevgi qaranlıqda baş əyir dərdə.

Çəmənə vuruldum gözəldir deyə,
Otların içindən qıvrıldı ilan.
Gülü, tərif bildim eşqə, sevgiyə,
Əlimə bataraq ağrıtdı tikan.

Ucalıq düşündüm dağ zirvəsini,
Qalxdıqca leş gördüm zirvələrdə mən.
Açdıqca tarixin hər səhifəsini,
Qan iyi qoxudum kəlmələrindən.

Nəyi seyr etdimsə, qorxutdu məni,
Arzum hisslərimdə asılı qaldı.
Hər şeyin üstündə dumanı, çəni,
Qəlbimə qorxunc bir vəlvələ saldı.

Bir ömür həyatda xoşbəxtlik demə,
Ana qucağnda olurmuş ancaq.
Şeytan məhəbbəti salıb tilsimə,
Sevginin ünvanı sirli qalacaq.

Göyçay şəhəri

İnandığı səmtə

Şəfaya vəsilə olsa da zəhər,
Dişindən çəkilər zorla ilanın.
Loğman ehtiyatsız olarsa əgər,
Qəzəbinə düçar olar ilanın.

Nadanın əlinə su tökən kəsin,
Kirinin ləkəsi üstünə düşər.
Sözsüz ki, havası saxta nəfəsin,
Üzə toxunarsa ürəyi deşər.

Çaqqalın əlinə düşərsə fürsət,
Qurdun balasından intiqam alar.
Nə qədər alsa da öyüd, nəsihət,
Alçağın peşəsi xəyanət olar.

Dünya yaranandan xeyirlə,şərin,
Bir-birinə qarşı ədavəti var.
Odur ki, həyatın mənası dərin,
Düşünə bilməyən batar, boğular.

Bütün sualların həyata görə,
Cavabı bir deyil, min bir üzlüdür.
Əqli biliyinə güvənib hərə –
İnandığı səmtə hərəkət edir.

Göyçay şəhəri

Adımız qoşa çəkildi

Məndən, kimliyimimi soruşma gülüm,
Səni görən gündən yaddaşım itib
Kor olub gözlərim, lal olub dilim,
İçimdə həsrətin toxumu bitib.

Məndən ,ünvanımı soruşma gülüm,
Hal əhli olanın ünvanı olmur.
Gah göydə, gah yerdə gəzir xəyalım,
Ancaq, qərar tutub bir yerdə qalmır.

Gülüm, inancımı soruşma məndən,
Aşiqlər saf eşqə inananlardır.
Eşqinin rənginə boyandıqca mən,
Qəlbimdə sevginin zikiri vardır.

Ruhlar aləmindən yerə enəndə,
İkimizin adı qoşa çəkildi.
Əgər, yadındasa həmin o anda,
Mələklər də bizə sevindi, güldü.

Qəlbimdə adına inşa etdiyim,
Sevgi məbədinin qulluqçusuyam.
Sənə varlığımın sirrini deyim,
Tək, sənin eşqinin mən yolçusuyam.

Göyçay şəhəri

Müəllif: QALİB NURİ ARİF

QALİB NURİ ARİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir