
SÖZ KARVANIM
Bir söz çəməni salmışam
Aqil gəlib çiçək dərə.
Sevənlər baxıb zövq alar
Mən əkdiyim çiçəklərə.
Nadansa kobud sözüylə
Ürəyimə yara salar.
Gözümdə bərq vuran nuru
Görə bilməz yarasalar.
Şükür ki, mənim arxamda
Qədirbilən elim durur.
Ay nurundan yoğrulmuşam,
İçim duru, çölüm duru.
Qəmə bələnmiş sevgimi
Görənlərin qəlbi sızlar.
Mənim isti sözlərimi
Necə sevsin qəlbi buzlar?!
Çiçək gözündə şeh öpən
Bir şairi duymaq üçün,
Ilahi bir sevgi ilə
Dolu ola gərək için.
Gücün çatmaz ürəyimin
Yanğısını yatırmağa.
”İt hürüşü qadir deyil
Mələk ünü batırmağa.”
Qəlbində sevda olmayan
Bulaq tək çağlaya bilməz.
Söz karvanımı yolundan
Bəndələr saxlaya bilməz…
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru