Zeynəb Cəmaləddin – Payız

ÇİLLİ QIZIN PAYIZI

Ayağım altında xəzəlin səsi,
Çəkirəm sinəmə torpaq ətrini.
Oxşayır ruhumu meşə nəfəsi,
Başımın üstündə açıb çətrini.

Agacda yarpaqlar alov-qəhvəyi,
Yerdəki nəm xalı buta- butadır.
Düşüb dığırlanmaq, vallah, havayı,
Yoxuş sürüşkəndir, azca xatadır.

Enişdə çay axır, axır şırhaşır,
Ya quşların səsi…harda Süleyman…
Qanım elə coşur, çayla yarışır,
Quş dili anlamaq istərəm yaman…

Qırmızı yarpaqda qızıl kəpənək,
Gecikib qatara, payıza qalıb.
Hələ dələyə bax, qoz yığır kənək,
Tüklücə quyruğu beldə ucalıb.

Gözümə-gözümə baxır ki, görəm,
Düymə gözlərinin qor işığını.
Mən necə sevirəm, necə sevirəm,
Meşənin bu payız yaraşığını.

Başında papağı, nəm göbələklər…
Bu meşə kimlərin nə dünyasıdı?
Koğuşda qulağın bir bala şəklər,
Yoxsa ki, bu gələn öz anasıdı?

Mən hansı havaya girirəm görən,
Dəli çılğınlığım qanda oynayır.
Böyürtkən qopardan, çiyələk dərən
Kiçik qız afacan donda oynayır.

Bir anda meşənin sehrinə uydum,
Zaman tunelinin qapısı burda!
O qızın üzünü, səsini duydum,
Ruhumun uşaqlıq yapısı burda!

O kiçik bədəndə ruhum yer alır,
Sevincim, heyrətim onun hissidir.
Sarışın üzündə çillər qaralır,
Bu meşə gözündə yer kürəsidir.

Ağaclar, yarpaqlar, rəngbərəng xəzəl,
Bu qız o ahəngin mərkəzindədir.
Bu dünya bir başqa, bu dünya özəl,
Bu dünya tək onun öz gözündədir…

Soyunub ömrünü bir gödəkçə tək,
Əlli il geriyə dönmək olurmuş…
Sarışın, bir çilli qızla təkbətək,
Zaman maşınına minmək olurmuş…

28.09.2024.

Müəllif: Zeynəb Cəmaləddin

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir