
YOLAYRICINDA QALMIŞAM…
Bir vaxtlar qarı düşmən kəsən kimi üstümü,
Zülmət donlu gecədə üzüb keçdim Arazı.
Gor əzabı çəksəm də… sındırmayıb şəstimi,
Hərdən yuxularımda gəzdim çiçəkli yazı.
Sığınmadım heç vədə kiminsə kölgəsinə,
Arxam da, dayağım da öz əlim-başım oldu.
Düşmədim əyri yolla mən qazanc həvəsinə,
Qələm çörək ağacım, söz dost-sirdaşım oldu…
Misra-misra dikəltdim illər boyu qəddimi,
Anladım mənasını hər çatılan qaşın da.
Dönə-dönə tapdadı nanəciblər rəddimi,
Ancaq məyus olmadım heç vaxt söz savaşında…
Zəfər müjdəli günlər duruldanda qanımı,
Çatdı səsim-avazım Diriyə, Ağoğlana.
Eşələyib kül altdan tapanda ünvanımı,
Kövrək xatirələrim təzədən gəldi cana…
Gördüm alın yazımı taleyimin ovcunda,
Heç demə düz otuz il kor bəxtimmiş bələdçim.
Nə gizlədim… qalmışam zülmət yolayrıcında,
Hələ nə şəhərliyəm, nə kəndçi kimi, kəndçi…
14.10.2024.
MÜƏLLİF: İSMAYIL MƏRCANLI İMANZADƏ
Azərbaycan Yazıçılar Birliyi Mingəçevir Bölməsinin sədri, şair-publisist.
İSMAYIL MƏRCANLI İMANZADƏNİN YAZILARI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru