
Şəhid kapitan
Vətənə xidmətdə qüsursuz olan,
Düşməni lərzəyə, qorxuya salan,
İgidlik göstərib tarixdə qalan,
Şirinov Kamildir-şəhid kapitan!
Vətənə məhəbbət qanda dolaşan,
Ruhunda, qəlbində, canda dolaşan,
Axır nəfəsində, anda dolaşan,
Şirinov Kamildir-şəhid kapitan!
Şəhidlik musiqi, şeir, bəstəsi,
Sözləri dilində bəzəyən səsi,
Solmayan şəhidlik istək, həvəsi,
Şirinov Kamildir-şəhid kapitan!
Füzuli uğrunda döyüş zamanı,
Yetişdi cismani ayrılıq anı.
Qazanan bu yolda şərəfi, şanı,
Şirinov Kamildir-şəhid kapitan!
Yetən şəhidliyə igid dizində,
Gözləri gələcək şəhid üzündə,
Camal İsmayılov adı sözündə,
Şirinov Kamildir-şəhid kapitan!
Camalın, sözünə, şöhrət gətirən,
Şeirinə dəyərin, qiymət gətirən,
Fikir nümunəsinə izzət gətirən,
Şirinov Kamildir-şəhid kapitan!
29 Sentyabr 2024
Sevginin gözəlliyi
Olmayır gözləri, qaşları, üzü,
Sevgi, gözəllikdir, sevgi yaraşıq!
Həlimdir sevənin cümləsi, sözü,
Sözlər də sevgiyə olubdur aşiq!
İncitək bəzəsə cümlələr dili,
Sevgi duyulmayan sözlər əbəsdir!
Sevginin olmayır, həftəsi, ili,
Sevgi bir ömürlük olan nəfəsdir!
Sevgi fəsillərdə yamyaşıl ürək,
Sevgi yığışan yanaq, gülən dodaqdır.
Sevgi təmənnasız arzular, dilək,
Könüldən car çəkən səsdir, soraqdır.
Bürüsə sevginin ətri ürəyi,
Yayılar könüldən üzə görünər.
Əsərsə qəlblərdən sevgi küləyi,
Sevgi rəftar ilə gözə görünər.
Camal, ürəyinin həssas telləri,
Sevgi notlarıyla bəstəyə dönsün!
Yayılsın ruhuna sevgi yelləri,
Sevgi yaşamında istəyə dönsün!
30 Sentyabr, 2024
Ürək danışır
Ürək də danışır sanma susubdur…
Danışır ürəklər içdən səsiylə,
Danışır gözlərə yansıyan sözlə,
Baxışlar yol çəkir parlayan gözlə…
Ürək öz hissini ötürür zehnə,
Düşüncə qatında yaranır səhnə…
Axı ürək danışır…
Bəzən küskün halda, bəzən sevincək,
Bəzən xəyallarla, bəzənsə gerçək,
Gətirir hisləri sözə ürəklər…
Yetişir könüldə neçə diləklər…
Sanma ki, ürəklər danışmır susub!
Danışır ürəklər üzlərə qonan,
Şirin təbəssümlə, xoş gülüşlərlə
Səslənir ürəklər bir an içində,
Sevimli kəslərin gəlişləriylə…
Camal, neçə kəsin ürəyinə sən,
Bir şirin sözünlə sevinci payla…
Payla ki, sevinsin ürəklər sənlə,
Barışıq testin et səndən küsənlə.
24 Oktyabr 2024
Şəhid Qoşqar
Məktəbdən cəbhənin yolların seçən,
Müəllim peşəsindən daşınan, keçən,
Şəhidlik şərbətin bal kimi içən,
Şəhid müəllimdir, Ömərov Qoşqar!
Səmimi, mehriban, gülərüz olan,
Qəlblərdə sevgiylə yerini alan,
Tarixdə ən uca isimlə qalan,
Şəhid müəllimdir, Ömərov Qoşqar!
Hər bir şagirdinə yetən qayğısı,
Böyükdən-kiçiyə çatan sayğısı,
Qəlbini bürüyən hissi, duyğusu,
Şəhid müəllimdir, Ömərov Qoşqar!
Füzulidən tutmuş Şuşaya qədər,
Canını düşmənə eyləyən sipər,
İstəyi, hədəfi getməyən hədər,
Şəhid müəllimdir, Ömərov Qoşqar!
Həyatda ömrüylə saxlayan izin,
Şəhadətin nuru parladan üzün,
Camal, milyonlara sevdirən özün,
Şəhid müəllimdir, Ömərov Qoşqar!
5 Noyabr, 2024
Ürək dolu
Vətən üçün xidmət edən dizin-dizin,
Hər daşına, cığırına salan izin,
Torpağına vüsal eşqli qoyan üzün,
Şəhidlərə sevgi dolu salam olsun!
Salam olsun Vətən üçün yumub gözün,
Üstün, uca məqamlara çatanlara.
Salam olsun pak Cənnətə salan özün,
Ruhlarını pak ruhlara qatanlara.
Salam olsun damla-damla tökən qanın,
Axıdaraq şəhadətə yetənlərə.
Ürəkdəki niyyətinə zəvvar olub,
Qumlar üstə tapşıraraq verən canın,
Səmalarda şərafətə yetənlərə!
Dağlarına əli yalın çıxanlara,
Düşmənini üzü üstə yıxanlara,
Zirvələrdən qalib olub baxanlara,
Sevgi dolu, ürək dolu salam olsun!
Camal, dünənində, bu gün, bu anda,
Ümidlə yetişən sabah olanda,
Sevginlə baş-başa qalan zamanda,
Şəhidlərə ürək dolu salam olsun!
Şəhidlərə dilək dolu salam olsun!
8 Noyabr, 2024
Duyğulu xəyal
İfadə eyləmək çətindir, çətin!
Qapının zəng səsi eşidiləndə
Hissini onlarçün dilə gətirmək
Qapı dəstəyindən səslər gələndə.
Kaş! Yenə də o günlər olaydı indi!
Kaş yenə qapıdan cüssəli oğul
Əyilib qapıdan evə girəydi!
Yenə də səsləyib yorğun səsiylə,
Mən gəldim! Deyərək evə gələydi!
Nəyin var, Anacan, Yeməyə mənə?
Şirin-şirin sual edə biləydi.
Yenə! Gələ bilsə o səslər yenə!
Hər axşam evinə gələn oğullar,
Şəhidtək Cənnətə sakin oldular.
Qohuma, qardaşa gülən oğullar,
Yaddaşda, ürəkdə daim qaldılar.
Müqəddəs şəhidlər tərbiyə edən,
Vətənə bu yolla xidmətin edən,
Könül, qəlbinizə məhəbbətimiz
Sevgimiz sizinçün qurban ay Ana!
Saygimiz sizinçün qurban, ay Ata!
Camal, qələmindən gələn mürəkkəb,
Yazsın Şəhidlərin cəsarətindən.
Şəhidlər olacaq hər zaman məktəb,
Danış Şəhidlərin şücaətindən.
13 Noyabr, 2024.
Müəllif: CAMAL CƏFƏR
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru