Xanəli Kərimli yazır

SÖZƏ SIĞAL ÇƏKƏN QADIN ÜRƏYİ

                                   Təbiət qadını nə qədər fərasətli, nə qədər                                

                                    ağıllı xəlq etmişdir! …Bu ağıl rədd olunma-                            

                                     saydı, öldürülməsəydi, fəaliyyət göstərsəydi

                                     bəşəriyyətin tarixi on dəfə sürətlə gedərdi.

                                                                                   N.Q.Çernışevski.

Böyük rus yazıçısı N.Q. Çernışevskinin məşhur “Nə etməli?” əsərindən bu sitatı məqaləmiz üçün epiqraf seçməyimiz təsadüfi deyil. Düzdür, N.Q.Çernışevskidən əvvəl də Azərbaycanın fəlsəfi düşüncəsində qadına çox böyük qiymət verilmiş, qadın zəkası, qadın düşüncəsi yüksək dəyərləndirilmişdir. (ən azından Nizaminin məşhur “Erkək tinətliyəm, olsam da qadın, Hər işi bəllidir mənə dünyanın. Mən də bir aslanam, düşünsən bir az, Aslanın erkəyi, dişisi olmaz” bəndinə, H.Cavidin məşhur “Qadın” şeirinə nəzər salmaq kifayətdir). Lakin bizim məqsədimiz N.Q. Çernışevskinin “…Bu ağıl rədd olunmasaydı, öldürülməsəydi, fəaliyyət göstərsəydi bəşəriyyətin tarixi on dəfə sürətlə gedərdi” fikrinin həqiqət olmasına şərik çıxmaqdır.         

Lakin zaman-zaman ədəbi prosesimizdə hiss olunan bu boşluq, xüsusilə, müstəqillik qazanıldıqdan sonra yavaş-yavaş dolmaqdadır. Belə bir zəruri ehtiyacın ödənilməsində  Naxçıvan ədəbi mühitinin yetirməsi şair, nasir, publisist, tele-jurnalist və bəzi məqamlarda tənqidçi-tədqiqatçı kimi tanınan Təranə Arifqızının özünəməxsus rolu və imzası var. Təranənin yaradıcılığında, göründüyü kimi, ədəbi prosesin bir neçə janrı bu və digər səviyyədə özünü göstərsə də, şairlik onun yaradıcılığının əsas meyarıdır.

Həqiqətən də, qadın zəkası zaman-zaman əzilməsəydi, öldürülməsəydi,çox da uzağa getməyək, elə bizim ədəbiyyatda qadın yazarların sayı heç də azlıq təşkil etməzdi.

 T.Arifqızı ədəbiyyata, demək olar ki, əsrimizin əvvəllərində gəlmiş və bu çağa qədər də onun “Mən şair olsaydım”,”Nə qədər ki, insan var”, ”Sözün bayatı rəngi”, ”İçimdəki səs”, ” Qarabağda 44 gün”, “Qələbəyə tələsən şəhid” kimi kitabları nəşr olunaraq elmi-ədəbi ictimaiyyətə təqdim edilib. “Payızın zəfər rəngi” kitabı isə şairənin oxucularla yeni görüşüdür.

Təranə Naxçıvan torpağının zaman-zaman yetirdiyi Heyran xanım, Qönçəbəyim, Kəmalə Ağayeva, Elmira Qasımova,Validə Hüseynova, Rahilə Elçin, Mətanət Hüseynxanqızı … kimi qadın şairləri sırasında öz imzası, öz səsi ilə seçilən  şairdir. Onun şeirlərinə də zamanın axarı, ictimai mühitin dəyişkənliyi, şair və dünya kimi bəşəri mövzular aparıcı rol oynayır.  şairlik təkcə şeir yazmaq deyil, şairlik hər şeydən əvvəl Tanrının, yaşadığın dövrün, zamanın və mənsub olduğun Vətənin, xalqın qarşısında cavabdehlikdir, məsuliyyətdir. Buna görə də şair yaşadığı zamanın, ictimai mühitin barometridir, bir az da dəqiq desək, bir yazımda dediyim kimi, qara qutusudur. Necə ki, təyyarənin qəza törətmə səbəbi təyyarəyə yerləşdirilmiş qara qutular oxunandan sonra müəyyənləşdirilir, müəyyən bir zaman kəsiyinin səciyyəvi xüsusiyyətləri də zamanında yaşamış söz adamlarının yaradıcılığı əsasında aşkarlanır, ictimailəşir. Bu nöqteyi-nəzərdən yanaşanda Təranə Arifqızının bir çox şeirləri zamanımızın xarakterik cizgilərini sabah üçün saxlanc edən şeirlərdir. Xüsusilə, onun yuxarıda adını çəkdiyim “Qarabağda 44 gün” şeirlər kitabı yaşadığımız yaxın keçmişimizin-44 günlük Vətən savaşımızın iftixar doğuran qalibiyyət anlarını sözün yaddaşına köçürən uğurlu poetik nümunələr toplusudu.

Təranənin şeirlərində bir qadın səliqə-səhmanı və həm də hər əzaba dözüm inadkarlığı var. O nədən, hansı mövzudan yazırsa yazsın, orada qadın ürəyinin hərarəti, sevinci, fərəhi, bəzən də, təbii olaraq, hıçqırıq və sarsıntıları da duyulmaqdadır. Bu da ondan irəli gəlir ki, hər bir şeir bir ovqatın, bir təbii düşüncə və duyğunun məhsuludur. İnsan təbiəti də həmişə dəyişkən, dyğusal və mütəhərrik olur. O daima yeni-yeni çalarlar, yeni-yeni hiss və duyğularla zənginləşir və bu zənginlik də zamanında  şeirə, rəsmə, musiqiyə … çevrilir, bu sənət əsərləri  də məqamında kiminsə ruhunu təzələyir, ona yeni ovqat, zövq və yaşamaq stimulu verir.“Etiraf” şeirində olduğu kimi:

        Etirafın ən gözəli-

        Yadların yadı olmaqdı.

        Səndə səni tapmayana

        Həsrətin dadı olmaqdı.

Yaxud da:

       Etirafın ən gözəli

        İçimizdə oturubdu.

        Dili yoxdu,amma səsi

        Bu dünyanı götürübdü.

Nümunə gətirdiyimiz bu iki bənddə təkcə bir şair ürəyinin çırpıntıları yox, həm də sevən, amma sevgisi “sevilməyən” bir qadın tənhalığının dilsiz etirafı diqqəti çəkməkdədir. O qadının ki, onun sevgisi və insani duyğusu  pak və müqəddəs ol-duğu kimi, həm də “lal”dı, haray- həşirsizdi. Bəlkə də bu etiraf mövzusu bir qadın şairin yox, deyək ki, bir kişi şairin qələmindən çıxsaydı bu qədər səmimi və duyğusal təsir bağışlamazdı.

“Darıxır” şeirində isə insan tənhalığının acılarından doğan bir intizar və bir az da dəqiq desək bitməyən həsrət var:

Günü bitməyən  günlərim,

Gəlməyən yaşım darıxır.

Arxamca kimlər atacaq?

Köksümdə daşım darıxır.

Bəlkə də bu kimi misralar kimlər üçünsə mücərrəd, anlaşılmaz görünər. Təbiidir. Hər kəsin bir baxış bucağı var. Lakin həsrətin köz kimi yandırdığı duyğusal oxucu üçün bu hisslər çox doğmadır. Ümumiyyətlə, Təranənin bu səpkili şeirlərində, belə demək mümkünsə, işıqlı bir kədər, bənzərsiz bir həsrət var ki, bunların da sonu vüsala qovuşmaqdır…Sonu sonsuzluğa qovuşmaq olsa belə…

Kitabdakı şeirlər mövzu baxımından rəngarəng və müxtəlif çeşidlidirlər.Vətən, zaman, sevgi və bu kimi digər mövzulu şeirlər şairin vətəndaşlıq duyğularının və məsuliyyətinin təzahürü kimi diqqəti çəkir.Yəni şeirlər nə qədər mövzu, hiss və üslub baxımından müxtəlif olsa da, onları bir-birinə küll halında bağlayan vahid bir amal, vahid bir məqsəd var:oxucunu  insan kimi formalaşdırmaq, Vətənə, Millətə layiqli  vətəndaş etmək. Buna görə də Təranə xanımın şeirlərində müqəddəs Ana nəfəsinin və Vətən torpağının hərarəti duyulmaqdadır. Bu duyğular da təbii ki, şairin Anaya,Vətənə qırılmaz tellərlə bağlılığından irəli gələn səbəblərdəndir.

Şairin vətənpərvərlik mövzusunda yazdığı onlarla şeirdən birinin adı “Zəfər payız” adlanır. Şeirdə illərlə yola saldığımız ənənəvi payızlardan fərqli olaraq millətimizə,Vətənimizə zəfər sevinci gətirən və tariximizin yaddaşına tarix kimi yazılan bir payız rəngi öyülərək vəsf edilir:

   Mən sevirəm payız səni…

   Oğlum payız,qızım payız!..

   Möhtəşəmsən,qızıl payız!..

     Poladların qıy səsini,

    düşmənimin məğlub olan

                                            “vay” səsini

                                              qızıl,zərli rənglərində

                                               gətirdin sən…

                                               Şuşa dolu,Laçın dolu

                                               ətirsən sən.

                    Namərdlərin yazdığını poza-poza,

            yeni tarix,yeni era yaza-yaza

gələcəyə tələsirsən…

Elə buna görə də şair bu payızı illərin bütövlük həsrətinə son qoyan “Zəfər payız”ı adlandırır və bu qənaətində də yanılmır. “Payızın zəfər rəngi” dastanını igid oğullarımız al qanlarıyla yazıb. Ona görə o rəng əbədidir, unudulmazdır.

“Nağıl kimi,amma nağıl deyil ki…”,”Sədərəkdən Şuşayacan” kimi şeirlərində də şair yaşadığımız və qəhrəmanlıqlarla dolu olan tariximizin yadda qalan anlarını qələmə almışdır.

Oxuculara təqdim olunacaq “Payızın zəfər rəngi” kitabında şairin ilk baxışda təbiət şeirlərini andıran “Qar ətri”,”Qış nağılı”,”Mən zərif bir çobanyastığı” kimi şeirləri də toplanıb. Ancaq bu tipli şeirlərin özəlliyi ondadır ki, burada təbiət elementləri şair üçün ictimai ağrılarını, sosial qayğılarını oxucularla bölüşmək amalına xidmət edir. Daha doğrusu təbiət təbii obrazdan çox sosial duyğu və düşüncələrin ifadəçisinə çevrilir. Bu da şairin öz fərdi yazı üslubundan və yaradıcılıq manerasından irəli gəlir.“Qar ətri” şeirində bu duyğunu aydın sezmək müm-kündür:

    İlıq dodaqların buz təbəssümün

   asın, budaqların yalın əlindən.

   Dəniz gözlərində qar ətri qalıb,

    söylə, hara gedim sənin əlindən?

…Təbii ki, deyilən, yazılan hər bir söz, hər bir şeir nəbzi döyünən,ürək çırpıntıları hiss olunan İnsan adlanan canlı bir varlığın ruhsal aləminin təzahürüdür. Bu aləm nə qədər əxlaqi, mənəvi baxımdan duyğusaldırsa, zəngindirsə, onun ortaya qoyduğu söz süfrəsi də bir o qədər  duyğusal və zəngin olacaq. M.Füzuli demişkən: ”Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”. Təranə Arifqızı da “öz miqdarında” olan şairdir. Onu bir şair kimi fərqləndirən və sevdirən də elə budur.

Müəllif: Xanəli Kərimli

Filologiya üzrə fəlsəfə doktoru, dosent

    09-10.01.2024.

XANƏLİ KƏRİMLİNİN YAZILARI

TƏRANƏ ARİFQIZININ YAZILARI



>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – BU PAYIZ

PAYIZ

Təbiətin möcüzəsi,
Bizə olan sözdü payız…
Dağ-dərədə deyib-gülən,
Düzdə dolan gözdü payız…

Sarı yarpaq gör nə gözəl,
Kimə güldü, kimə xəzəl,
Həzin-həzin, gözəl-gözəl,
Cıbrıq olan qozdu payız…

Ustac dəyər verər sözə,
Qabda nə var, çıxar üzə,
Aram-aram, məzə-məzə,
Ömrə düşən izdi payız…

YARIM BARDAQ

O yarım buraxdığın
Bardaq, de yadındamı?
Sən gedəndən düz üç gün
Söndürübdü yanğımı…

Dodağın dəyən yerdən
Öpmüşəm, neçə kərə…
Dadsız şüşə o gündən
Dönüb bala, şəkərə…

Sənin tutduğun yerdən
Çalışmışam tutmağa…
İz tapanda izindən
Qanad olmur uçmağa…

Bütə dönüb, bu bardaq
Bəzəyidir evimin…
Üstündə barmaq-barmaq
Bəzəyi var əlinin…

Qalan son damlaları
Qıymadım, içəm özüm…
Qonaq etdim gülləri,
Belə bulundu çözüm…

Dibçəklər Yer kürəsi,
Güllər Mən, Sənsə susan…
Heç nə yox itirəsi,
Tay canıma hopmusan….

BƏLKƏ DƏ…

Bəlkə də payızı biz uydurmuşuq?!
Yarpaqlar yalnızca bizimçün sarı….
Bəlkə də fəsillər durub yerində?!
Qaçan biz, payıza, ya yaza sarı…

Yarpağı tökülüb olsa da sarı,
Payızda yetişir tutların xarı,
Deyirlər, payızda qarşıla yarı,
Nar sulu, alma bol, heyvası sarı…

Ustac ha, indinin deyil adamı,
Sözləri görübdü Nuhi-əyyamı,
Ruhu neçə kərə Ömər Xəyyamı,
Dədəsi Ələsgər, babası Sarı…

BƏNÖVŞƏ

Kimi öyər, bənövşəni,
Kimi qara, qara yaxar…
Bənövşənin od həsrəti,
Qarı da yandırıb, yaxar…

Bulaq başı buz, sırsıra,
Əlin düşə, köz ısıra,
Rəbbim yol verməz qüsura,
İçindən can qalxıb, baxar…

Ustacam, xeyməm laməkan,
Rusqat* verə, qıla imkan,
Tər bənövşəm olar kankan,
Qar içindən çıxıb, qoxar…

AĞÇİÇƏYİM

Qış tüğyan edirdi ömür bağında,
Hamı süst yatırdı ağ otağında,
Qəfil gördüm səni bar budağında,
Xoş gördük, günaydın, ay Ağçiçəyim!

Dümağsan, qar sənin yanında qara,
Tanrım rüsxət verib, baxmayıb qara,
Bu, qarlı qış hara, tər çiçək hara,
Xoş gördük, günaydın, ay Ağçiçəyim!

Əllərim pak deyil oxşayım səni,
Həddim o hədd deyil qoxlayım səni,
Bağbanam, borcumdur yoxlayım səni,
Xoş gördük, günaydın, ay Ağçiçəyim!

ŞEHÇİÇƏYİM

Tacısan dünyamda tüm çiçəklərin,
Köksündən bal süzən, tər Şehçiçəyim…
Sehrinə düşmüşəm, nur ləçəklərin,
Əqli başdan alan, zər Şehçiçəyim…

Cəzbində qalmışam, tamam çar-naçar,
Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb, dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…

Bir kərə, bir anlıq olsa da, vüsal
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim…

NƏ GÖZƏL

Dünyamızı çiçək görən,
Gözlər nə gözəl, nə gözəl…
Ruhumuza şəfa verən,
Sözlər nə gözəl, nə gözəl….

Gül əkənlər, gül dərəcək,
Qəlb deyəni, dil deyəcək,
Düz əyrini, düz görəcək,
Düzlər nə gözəl, nə gözəl….

Ustac olub sözə məftun,
Daim gülən üzə məftun,
Qəlbdə qalan izə məftun,
İzlər nə gözəl, nə gözəl….

YARPAQ VƏ TORPAQ


Can verəni candan alı qoyarıq,
Unudur yarpağa möhtacdır yarpaq…
Torpağa su deyil, zəhər veririk,
Marağa məəttəl qalıbdır torpaq…

Xəzələ aman yox torpağa çata,
Qurumuş canıyla cana can qata,
Əbədi qanunla rahatca yata,
Süprülüb çöplüyə atılır yarpaq…

Torpağa ting deyil, sütun əkirlər,
Arx, kanal yerinə hasar çəkirlər,
Dəmirdən, betondan kəfən biçirlər,
Gözü baxa-baxa gömülür torpaq…

Bizə can verənin canın almayaq,
Bu iki aşiqin yolun burmayaq,
Yarpağı torpağa həsrət qoymayaq,
Yarpaq elə torpaq, torpaqdır yarpaq…

Ay Ustac, haqq deyən Nəsımı öldü,
Haqq bir damladır, batilsə göldü,
Qardaşlar tək gəlmiş Adəmi böldü,
Bizlər unutsaq da, unutmur torpaq…

YAZ  SEVDASI  VAR


Bu payız bir başqa gəlir ömrümə,
Güzün gümanında yaz sevdası var.
Xəzana bürünüb bütün bağ, bağça
Güzün gümanında yaz sevdası var.

Bu xəzan yelimi, ya bahar mehi?
Bivaxt tumurcuqda, tər zəfər zehi,
Qızılı yarpaqda zər qəhər şehi,
Güzün gümanında yaz sevdası var.

Ustac, tac almısan Haqqın özündən,
Gözəllər xoşhaldır şirin sözündən,
Görməz, qəm süzülür qəmgin gözündən,
Güzün gümanında yaz sevdası var.

ŞAHİ-CAHAN

Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz…

Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!

Taclı şair şeir yazdı dodaqsız,
Canın xanı yaranışdan qonaqsız,
Şahi-cahan, yaşar səssiz, soraqsız,
Hərgah coşsa, o çağını yaza yaz!

YARADAN YARATDI
(Dodaqdəyməz)
Tala tala, meşə meşə, dağı dağ,
Yaradan yaratdı yer naxış-naxış.
Sısqa sısqa, dərya dərya, arxı arx,
Yaradan yaratdı yer naxış-naxış.

Aqil alar dərsi iki alandan,
Haqq ayrılar, çıxar yağtək yalandan,
Həyat keçər, əyri-əyri dalandan,
Yaradan yaratdı yer naxış-naxış.

Taclı Şair, taxtın, tacın sirdi sirr,
Sənə çatan baxtın, bacın sirdi sirr,
Qarşı yatan ağrın, acın sirdi sirr,
Yaradan yaratdı yer naxış-naxış.

GƏZDİM

Gəzdim, qarış-qarış Vətən torpağın,
Hər dağda, dərədə izim var mənim!
Hələ keçilməmiş, uca dağların,
Uca zirvəsində gözüm var mənim!

Gəzdim, yorulmadan aranı, dağı,
Seyr etdim, ən ucqar çəməni, bağı,
Heç vaxt qınamadım zamanı, çağı,
Çox bulaq başında üzüm var mənim!

Gəzdim, bu torpağı, mən oymaq-oymaq,
Ən adi daşa da olmuşam qonaq,
Hər otun, çiçəyin halın soraraq,
Sinəmə yığdığım, sözüm var mənim!!!

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Arifqızının poeziyası haqqında

ŞEİR OLMAQ İSTƏYİ

      Sözün də rəngarəng duyğu çalarlarına bələnib öz havasını yaratmaq, bu havanın sirli-sehrli mənzərəsində şeir olmaq istəyinə misra-misra, bənd-bənd qovuşmaq və yaşam vermək qüdrəti var. Sözün çiçək dilli baharından xəzəl güllü payızınacan yaratdığı poetik tablolar elə təbiət hadisələri kimi möcüzələrlə dolu olur.

Havası özündən baslanıb özündə qurtaran yollar kimi sonsuz olan təlatümlü şair ürəyi fikir yükündə dolub-daşan kövrək çırpıntıların duyğu-duyğu şeir düzənini  yaradır. 

Bu düzən kövrək görüşlərin, uzun-uzun ayrılıqların, həzin qəribliyin, ömürdən xəzəl-xəzəl uçub gedən illərin sapsarı xatirələr məcmusudur, ömür pəncərəsini döyəcləyən yağış damlalarının poetik qoxusudur.

Təranə Arifqızının da özünəməxsus poeziya havası var, şair öz içini sözün baharıyla doldura bilir, sonra öz baharından süzülüb gələn havanın poetikasını yaradır. Bu havada nələr yoxdu,- “sözün içində doğulan noyabr günəşi”, “buz tutmuş qaranlıqlar”, “cənub istisində şimal qışı”,  “gedənlərin gəlişinə anaların gözlərindən axıb gedən gülüşlər”, “yaralı daşların sarğıları, dörd divarın harayı”, “ağ olsun deyə gecəni ağartmaq, gündüzün isə üzünə qara çəkmək”, daha nələr, nələr. Bütün bu fikir düzümünün başında şairin şeir olmaq istəyi mövcuddur:

Şeir olmaq istəyirəm,

Ağdam kimi, Şuşa kimi.

Qırx dörd gündə bir körpənin

Böyüdüyü yaşa kimi.

Qürur hissi ilə qeyd edim ki, “Qırx dörd gün” ifadəsi dünyanın döyüş tarixinə qızıl hərflərlə yazılan bir ifadədir və bu ifadəni yazan və yazdıran oğullarımızın qarşısında baş əyirik. Ədəbiyyatımızın da əbədi və ədəbi obrazına çevrilən bu döyüş Təranə Aifqızının yaradıcılığında mühüm yer tutur. Şair bu kitabında yer alan bir çox şeirində Ağdam kimi, Şuşa kimi, Suqovuşan, Xudafərin, İsa bulağı, Cıdır düzü, Xarı bülbül kimi şeir olmaq istəyir.

Vətən mövzusu, Vətənə həsr edilən şeirlərin uğurlu şair ömründən keçən ana xəttdir. Bu xəttin üstündə sətirlənən ana yurdun gözəllikləri, şairin  ruhunu yerindən oynadan gürşad bulaqlar, şaqraq nəğməli şəlalələr, füsunkar yamacların  tül örpəyi, dən-dən sünbüllənən dalğalı zəmilər, xəyalların yel qanadındakı uçuşuna  heyrətamiz baxışlar, xatirələrə sarınan  kövrəklik, xiffətli torpaq duyğuları poeziya işığında daha da böyüyür, öz poetik məcrasını tapır.

Dövrümüzün bu günki Zəfər havasını poeziya aləmində, fikir məkanında daha da rövnəqləndirmək, sözün oxucu bazarında bədii çəkisini qoruyub saxlamaq, şeirsevərləri öz ürək çırpıntılarının daimi qonağı edə bilmək hər şairə nəsib olmur. Ölməz oğullarımızın ölümsüzlük obrazını yarada bilmək üçün gərək bu misrslardan keçə biləsən:

Şəhid olmaq-bu torpağı ürəyində qucaqlamaq,

Düşmənini yox etməyə gözündə qılınc saxlamaq!

Təranə Aifqızının nəzmə çəkilmiş düşüncələri obrazlı şəkildə ifadə edə bilmək, dolğun və bədii çalarlarla zənginləşdirərək misralara düzmək qabiliyyəti  onun uğurlu ədəbi taleyindən xəbər verir. Bu məziyyətlər Təranə Aifqızının şeirlərində bir az da dəyər tapır, genişlənir və Azərbaycan adlı məmləkətin bütün ərazilərindən keçən rəngarəng mənzərəyə çevrilir. Şair bu bədii rəngarəngliyin adını çox düzgün seçib: “Payızın zəfər rəngi”.

Şairin yaratdığı payızın zəfər rəngi çox şaxəlidir, mövzular rəngarəng və düşüncələr səmimidir. Şeirlər oxunaqlı olmaqla bərabər oxucuda təlatümlü ovqat yaradır.

Dağ altından sızır Şapur bulağı,

Su üzündə gülür quzuqulağı,

Ayağıma sığal çəkir alağı,

Möcüzə danışır dilim, a dağlar.

Bu yerlərin bənzərsiz təbiətindən tutmuş zəhmətkeş insanlarınadək bütöv bir Vətəni vəsf edən şairin ilhamı Haçadağın havası kimi saf, Batabatın suyu kimi dumdurudur.

Dolana-dolana qalxdım yaylağa,

Bir dərəyə baxdım, bir də oylağa,

Ətək saldı yanğım buz Zorbulağa,

Göynədi dişlərim, deyim, Batabat.

“İçindəki ağrıyla sükütu yandıran və  tüstüsü gözündən çıxan, eyni zamanda baxışı buza dönən” şairin poetik dilinin rəvanlığı, bu rəvanlığın içindəki şipşirin dialektin dadlı-duzlu tamı oxucunu sehrləyir. Bu sehrin qədim söz eli olan Naxçıvandan qaynaqlanan mənbəyi ər-ərənlərin cəngində, dədə-babaların  sazlı-sözlü dünyasında qərar tutmaqla yanaşı  bənd-bənd, sətir-sətir bütün Azərbaycanı dolaşır, öz poetik izlərini söz-sənət məkanına əbədi həkk etməyə çalışır:

Mən yolu tutub getdim,

Sənsə mənim izimi.

Mən səni qırıb getdim,

Sənsə mənim dizimi.

Günəşi saldıq tora,

Aya kələk gəldik biz.

Gah iblisin özüydük,

Gah da mələk gəldik biz.

Şairin bu şeirini oxuyanda göz önündə “ürəkdən yıxılan” və “daş kimi ovcunda sıxılan” duyğulu anların qərib və pərişan halı canlanır, ”bu isti havanın əlindən tutub sərin sevgiləri yola salmaq” istəyirsən və hər kəsin bu dünyada qərib yolçu olduğunu duyunca yenə də öz könül dünyanla baş-başa qalırsan.

Hər kəs bu dünyada qərib yolçudu,

Doğma ürəklərdə arzular qərib…

Getməyə yer yoxdu, sevməyə insan,

Sevilən də qərib, sevən də qərib…

Sözümün əvvəlinə qayıdıram. Əminliklə deyə bilərəm ki, payızın zəfər rəngini vəsf edənTəranə Arifqızının şeir olmaq istəyi çin çıxıb. “Payızın zəfər rəngi” bir şairin öz halal istedadının qanadlarıyla poeziya kəhkəşanında dövrə vurur, sözü sükutlu, sükutu sözlü olan şeiriyyət tufanından keçib haysız-küysüz, məzmunlu və dupduru sənət peyzajı yaradıb. Şair söz payızından boylanan tablolarındakı təxəyyülünü  kövrək duyğuların saf havasında göyüm-göyüm göyərdə bilib.

Mən Təranə Arifqızının poeziyasındakı payızın zəfər rəngləri ilə  doğmalaşa bildiyim üçün məmnunam, mənə yaşada bildiyi sözün ölməz havasına görə ona minnətdaram.

                                                                    

Müəllif: Ramiz  Qusarçaylı

RAMİZ QUSARÇAYLININ YAZILARI

TƏRANƏ ARİFQIZININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru