
Dünənə söykənən adam
Qoca çəliklərinə söykənib yorğun-yorğun yeriyirdi. Daha doğrusu qaranlığı yara-yara, küçəni döyə-döyə, divarlara ilişə -ilişə sürünürdü kölgəsinin arxasınca . Beli əyilmişdi, uzaqdan donqarı adamın gözünə girirdi. Arıq vücudunda bir çimdik ət tapmazdın. Çəlik ayaqları hərdən sözünə baxmırdı. Səndirləyirdi. O vaxt daha çox tutunurdu çomağa. Hiss olunurdu ki, kimsəsizdi. Yıxılıb əzilməkdən qorxurdu. Ayaqqabıları da , əynindəki sırıqlısı da çox köhnəydi. Şalvarının qırışlarından , söküyündən görünürdü ki, əyni çoxdandı təzə paltar görmür. Yeridikcə küçə projektorlarının işığı üzünə vururdu, gözünə düşürdü. Hələ gecədən keçməmişdi deyə adamlar küçədən yığışmamışdı. İki -bir, üç -bir yanından gəlib keçirdilər. Hiss edirdi ki, heç kimin vecinə deyil, heç kim onu görmür , hamı öz aləmindədi. Bunu etinasız və soyuq baxışlardan duya bilirdi. Hərdən yanından tələsik keçən insanların yeli vururdu qocanı. Az qalırdı yıxılsın. Tez çəliyinə tutunurdu. Evinə(buna ev demək olarsa) az qalırdı. Küçənin tinindəki binanın zirzəmisində sığınacaq vermişdilər ona. Rütubətin, kifin iyindən baş çatlayırdı. Onsuz da gücdən düşən ayaqları bir az da burda çürüyüb gedirdi. Başındakı idman papağı da yeni deyildi. Görünür o da kiminsə köhnəsi idi. Çünki başına güclə sığmışdı. Pırtlaşıq ağ saçları papaqdan çölə çıxmışdı. Hərdən kölgəsi özündən qabağa keçirdi, hərdən arxada qalırdı. Hərdən də itib batırdı gecənin qaranlığında. Çox yorulanda divara söykənirdi. Hiss olunurdu ki, özündən utanır. Görkəmindən, paltarından, çəliyindən -hər şeydən. Əti tökülmüş üzündə qırışdan yer yox idi. Küçə itləri, pişikləri də yanından etinasız keçirdilər. Kimə və nəyə lazım idi axı bu qoca? Bəlkə də lazımsız olduğunu bu gecəki qədər hiss etməmişdi. Özünə yazığı da gəlmirdi nədənsə. Duruşundan, üzünün ifadəsindən hiss olunurdu ki, yorulub və bu yorğunluğun içində böyük peşmançılıq da vardı. Nəyin peşmançılığın çəkirdi qoca? Bunu bir özü bilirdi, bir də Tanrısı. Hərdən dodağının altında nəsə pıçıldayırdı. Dua edirdi bəlkə. Tanrıdan tezliklə canını almasını istəyirdi ya da. Hər halda nəsə deyirdi. Heç kim eşitməsə də Tanrı eşidirdi axı. Küçənin bu tinindən o biri ucunacan olan yol o qədər uzun gəlirdi ki, qocaya. Az qalırdı çəliklərini tullayıb bardaş qurub otursun elə səkinin ortasındaca. Özünə gücü çatmırdı. Çəlik güclə sürüyürdü qocanı sanki. Töyşüyürdü. Qınayan olmasaydı elə burdaca uzanıb yatardı. ..
Birdən yanından keçən iki orta yaşlı kişinin dayanıb arxadan ona baxdıqlarını hiss etdi . Durdu. Adını çəkirdilər. Əvvəlcə yanıldığını zənn etdi. Sonra təkrar -təkrar adını eşitdikcə yüz faiz inandı ki, ondan danışırlar.
–Əşrəfdi , vallah Əşrəfdi. Gözlərindən tanıdım.
–Bəlkə sadəcə bənzətmisən. Axı bu adam çox qocadı. Bizim Əşrəfinsə hələ 60 yaşı ancaq olar. Düzdü bir az gec getmişdi məktəbə. Amma uzaqbaşı bizdən 2 yaş böyük olardı. Məktəb yoldaşı olmuşuq axı. Yaxşı bilirəm onun yaşını. Bu kişininsə ən az 80 yaşı olar. Yox e , inanmıram nədənsə.
–Odu, vallah odu. İstəyirsən qayıdım özündən soruşum.
-Yox, ayıbdı.Vallah mən oxşatmadım.
–Odu , odu. Bir vaxtlar narkotik alveriylə məşğul idi. Özü də istifadə edirdi. Neçə dəfə tutub basmışdılar türməyə. Bir az yatandan sonra nə yollasa çıxırdı ordan. Sonra yenə başlayırdı köhnə peşəsinə. Məhlədən daşınandan sonra daha ondan heç bir xəbər olmadı.
–Adam adama bənzəyər də.Mən bənzətmədim.
— Vallah odu. Gözlərindən tanıdım. Yamyaşıl , diri gözləri vardı. Yadında? İndi qıyılıb yazıq. Amma baxışları elə əvvəlkidi.
–Deyirsən qayıdıb dəqiqləşdirək?
–Hə.
Qoca anladı ki, bu adamlar ondan əl çəkməyəcək. Qaçıb canını qurtarmalıydı . Onlarla üz-üzə gəlmək istəmirdi. Çəliyinə bir az da möhkəm söykənib addımlarını yeyinlətdi. Üzləşmək istəmirdi keçmişiylə. Birdən həqiqətən onu tanıyan adamlardı, onda necə olacaq? Utanıb yerə girərdi onda. İndiki halından, çəliyindən utanardı. Bəlkə də ömründə bu qədər həyəcanlanmamışdı. Ürəyi boğazında döyünürdü. İstilik basmışdı onu. Mümkün qədər tez uzaqlaşmaq istəyirdi ordan. Addımlarını( buna addım demək olarsa) bir az da yeyinlətdi. Gözü ayağının altını görmürdü. Bircə burdan, bu adamlardan uzaqlaşmaq istəyirdi , vəssalam. Birdən hiss etdi ki, onlar da arxasınca gəlir. Səsləri lap yaxınlıqda eşidilirdi–
“Niyə əl çəkmirsiz axı məndən. Rədd olub gedin də öz yolunuzla. Axı nə istəyirsiz məndən? Guya sizin Əşrəf olsam nə dəyişəcək axı?. Adı batsın Əşrəfin “
Nə fikirləşdisə qəflətən arxaya döndü və var gücü ilə “Gəlməyin arxamca, uzaq durun məndən”-deyib bağırmağa başladı.
Bağırdıqca qeyri-ixtiyari çəliklərini yerə döyürdü . Sanki bütün dünyanı bu çəliyi ilə qorxutmaq istəyirdi. İndi yeganə dostu və cangüdəni bu çəlik idi axı. Həyatı bu çəlikdən asılmışdı bu dəqiqə. Adamlar kişinin bir addımlığında dayanıb təəccüblə ona baxırdılar. Yaxınlaşmağa cürət etmirdilər. Üzlərindən narahatlıq və peşmanlıq tökülürdü. Nəhayət ki, kişilərdən biri özündə cəsarət tapdı, irəli gəlib qocanın çəliyindən yapışmaq istədi. Qoca çəliyini bərk-bərk yerə döydü. Hiss etdi ki, güclənib. Ayaqları da sözünə baxırdı deyəsən, dirçəlmişdi sanki. Qaməti dikəlmişdi. Heç elə bil bayaqkı yorğun qoca deyildi. Unutmuşdu küçəni . Kimlərinsə onu eşidəcəyindən də qətiyyən çəkinmirdi. Dünya vecinə deyildi bu anlarda. Çəliyi ilə havanı ölçə -ölçə səsinin yoğun yerinə salıb bağırırdı:
–Nə istəyirsiz məndən? Nə vermisiz ala bilmirsiz? Niyə rahat buraxmırsız? Mən sizi tanımıram. Tanımıram mən sizi.
Kişilərdən biri o birinə sarı dönüb az qala pıçıltıyla :
–Gördün? Dedim axı Əşrəfdi-dedi.
–Həə. Narkoman Əşrəf.
Qoca adının qabağına qoşulmuş ayamanı eşidib bir az da hiddətləndi və daha da möhkəm bağırmağa başladı:
Narkoman deyiləm mən. Əşrəfəm, Əşrəf. Sizinlə nə vaxtsa dost oıduğumu da xatırlamıram. Məni heç biriniz yaxın qoymurduz özünüzə. Bilirsiz niyə? Çünki paxıllığımı çəkirdiz. Qızlar sizə yox, mənə baxırdılar deyə. Ona görə ki, çox kifir idiz. Əlinizdən heç nə gəlmirdi. Qorxaqdız. Tək gəzə bilmirdiz. Amma mən yaraşıqlıydım, heç nədən qorxmurdum, güçlüydüm. Ona görə də tənhaydım. Evdə də, çöldə də.. Heç bilirsiz tənhalıq necə hissdi? Bilməzsiz əlbəttə. Siz ki, tənhalığın nə olduğunu heç vaxt hiss etməmisiz. Atanız, ananız, dostlarınız bu hissi yaşatmayıblar sizə. İndi mənim bu halıma baxıb sevinirsiz hə? Nə istəyirsiz məndən? Cəhənnəm olun. Eşidirsiz? Əl çəkin !
Birdən qoca yuxudan ayıldı sanki. Heç kim yox idi qarşısında. Sən demə bayaqdan öz-özünə bağırırmış. Əvvəlcə dəli olduğunu zənn etdi. Gözlərini yumub açdı. Bəlkə yuxu görürdü? Yox,yuxu deyildi axı. O adamlar beş dəqiqə öncə burdaydılar, onun bir addımlığında dayanmışdılar. Adını da çəkmişdilər , adının qabağındakı ayamanı da.. Hövlnak ətrafa baxdı. Heç kim yox idi. Uzaqdan küçə itlərinin səsi gəlirdi. Birdən yanından arıq, çəlimsiz bir pişik keçdi. Ağzı,burnu qanlıydı. Görünür ovuna nəsə düşmüşdü. Qarnı tox idi yəni. Qoca hiss etdi ki, acdı.Səhərdən heç nə yeməmişdi. Ürəyi bulanırdı. Ağzı sarımsaq qoxuyurdu. Amma gözü ətrafda idi. Bayaqkı adamları axtarırdı. “Hara yoxa çıxdılar axı?.Yox , dəli zad olmamışam. İndicə burdaydılar.” Başı fırlanırdı, nəfəsi təngiyirdi. Hiss edirdi ki, ayaqları yerə dəymir. Çəlik qarışıq havada uçurdu. Kimsə adını çəkirdi:
–Əşrəf, Əşrəf…
“Bircə evimə çatsaydım”
Müəllif: Təranə DƏMİR
AYB – nin və AJB -nin üzvü.
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru